Cənab moderator, Lomaks qardaş, xanımlar və cənablar, dostlar və mən bəzi düşmənləri də görürəm: inanmıram ki, burada hər kəs dost ola bilər və heç kimi də kənara qoymaq istəmirəm. Belə başa düşdüm ki, bu axşamın sualı bu cür idi: “Zənci inqilabından sonra nə baş verəcək?” və “Bizi nələr gözləyir?” Mənim təvazökar anlayışıma görə bu  suallar bizi seçki yoxsa mərmi ikilisinə gətirib çıxardır.

Seçki yoxsa mərmi ikilisinin mənasını açıqlamazdan qabaq mən özüm haqqımda bəzi məqamlara aydınlıq gətirmək istəyirəm. Mən hələ də müsəlmanam; mənim dinim İslamdır. Bu mənim şəxsi inancımdır. Necə ki, qaradərili insanlar üçün bərabər haqqların təmin edilməsi üçün siyasi mübarizə aparan Adam Clayton Powel NyuYorkdakı  Həbəş Baptist Kilsəsində din  xadimidir; qaradərili insanların sivil haqqlarının təmini üçün çalışan təşkilatın rəhbəri Dr. Martin Luter Kinq Atlanta, Corciyada xristian din xadimidir; təhsildə ayrıseçkilik yaradan məktəblərin boykotlarının təşkili ilə məşğul olan bəlkə də adını eşitdiyiniz möhtərəm Qalamison başqa bir xristian din xadimidir; mən özüm də din adamıyam, xristian olmasam belə, müsəlman din adamıyam; və mən bütün cəbhələrdə nə cürə olursa olsun, mübarizənin tərəfdarıyam.

Mən müsəlman olsam da, bu gün burada olma səbəbim dinimi müzakirə etmək deyil. Mən sizin dininizi nə yoxlamaq, nə də dəyişmək üçün burada deyiləm. Qarşımda duran insanlar ilə aramızdakı fərqlilikləri müzakirə və mübahisə etmək üçün burada deyiləm çünki artıq bu fərqliliklərin üstünü örtüb ilk növbədə eyni problemin, baptist, metodist, müsəlman və ya millətçi olmanızdan asılı olmayaraq hamınıza zərər vuracaq ortaq problemin varlığını anlamaq üçün ən yaxşı vaxtdır. İstər savadlı olun, istər savadsız, istər bulvarda yaşayın, istər ara küçədə, yenə də mənim qədər zərər görəcəksiniz. Biz hamımız eyni gəmidəyik və biz hamımız bir adamın yaydığı ziyanı çəkmək ərəfəsindəyik. Elə alınıb ki, o insan ağdərilidir. Burda, bu ölkədə hər kəs bu ağdərili adamın zülmünə-siyasi təzyiqlərə, iqtisadi istismara və  ictimai alçalmaya məruz qalıb.

Belə dedim deyə heç kəs bizim ağdərililərə qarşı olduğumuzu düşünməsin. Biz istismara, alçaldılmağa və təzyiqlərə qarşıyıq. Əgər o ağdərili adam ona qarşı olmağımızı istəmirsə, onda bizi alçaltmağı, istismarı və təzyiqi dayandırsın. Xristian, müsəlman, milliyyətçi, aqnostik və ya ateist olmağımızdan asılı olmayaraq hər birimiz aramızdakı fərqliliklərə göz yuma bilməyi bacarmalıyıq. Əgər bir-birimizdən fərqləniriksə, qoy bu fərqlilik evlərimizdə qalsın; ön cəbhəyə gələndə ağdərili adam məğlub olanadək bir-birimizlə mübahisə etməyək. Əgər keçmiş prezident Kennedi ilə Xruşşov qarşılıqlı yemək yeyə bilirsə, bunu biz niyə bacarmayaq?! Ən azından onlardan daha çox ortaq cəhətə sahibik.

Yaxın müddətdə ciddi addımlar atmasaq, bülleten və güllə ikilisindən birini seçməyə məcbur qalacağıq. 1964-də biri və ya digəri olacaq. Zaman isə hər keçən gün azalır və sona çox yaxındır.

Görünən odur ki, 1964 Amerikanın şahid olduğu ən dağıdıcı il olmaqda iddialıdır. Ən dağıdıcı il. Niyə? Çünki seçim ilidir. Bu il ərzində bir çox ağdərili siyasətçilər Zənci icmalarına gələcək, bizi aldatmağa çalışacaqlar. Bu ildə onları tez-tez görəcək, yalan vədlərini eşidəcək, fırıldaq və xəyanət dolu cümlələr ilə bizə ümid vermək istəməklərinə şahid olacağıq. Bu yalanların toplanması isə nəticədə partlayışa səbəb olacaq; bu gün Amerikada gördüyümüz qaradərili obrazının səbr kasası çoxdan daşıb.

Ehtimalların sizə qarşı olduğunu zənn etməyin. Əgər adınız qaralansa, sizi Koreyaya göndərirlər. Orada 800 milyon çinli ilə savaşırsınız. Orada savaşacaq qədər cəsursunuzsa, deməli burada mübarizə aparacaq qədər də cəsursunuz. Bu ehtimal sizing üçün digərindən daha uyğundur. Burada mübarizə aparsanız, ən azından nə üçün savaşdığınızı biləcəksiniz.

Mən siyasətçi deyiləm, hətta siyasət oxuyan tələbə də deyiləm. Ümumiyyətlə hər hansı bir şəkildə tələbə olduğumu  demək olmaz. Mən nə demokratam, nə də respublikaçı və özümü amerikalı olaraq da saymıram. Əgər sən və mən amerikalı olsaydıq, problem olmazdı. Ağdərililər gəmidən düşən kimi amerikalı oldular; polyaklar və italyan qaçqınlar da artıq amerikalıdırlar. Avropadan gələn hər göygöz canlı artıq amerikalıdır. Amma sən və mən hələ də amerikalı deyilik.

Mən özümü aldadan insanlardan deyiləm. Sənin masanda əyləşib, qabağımda boş boşqab sənin yemək yeməyini izləyirəmsə mən buna nahar etdim demirəm. Masada oturmaqla nahar olmur, boşqabdakı yeməkdən yeyə bilmək nahar adlanır. Amerikada olmaq sizi amerikalı eləmir. Amerikada doğulmuş olmaq sizi amerikalı elemir. Əgər Amerikada doğulmaqla amerikalı olunsaydı, qanunvericiliyə ehtiyac qalmaz; Konstitusiyaya düzəliş edilməli olmaz; Vaşinqtonda sivil hüquqların qarşısı parlament tərəfində alınmazdı. Bir polyak amerikalı olmaq üçün bu mərhələlərdən keçmir.

Yox, mən amerikalı deyiləm. Mən, amerikançılığın qurbanı olan 22 milyon qaradərilidən biriyəm. Demokratiyanın, gizli ikiüzlülüyün qurbanı olan 22 milyon qaradərilidən biri. Ona görə də sizin qarşınızda amerikalı, vətənpərvər, bayrağı dalğalandıran və ya o bayrağa salam verən biri olaraq dayanmıram. Amerika sisteminin qurbanı olaraq dayanıram. Amerika xəyalı görmürəm mən; tək gördüyüm Amerika kabusudur.

Bu 22 milyon qurban artıq oyanır. Onların gözləri açılmağa başlayıb. Əvvəl baxdıqlarını indi görməyə başlayıblar. Siyasi yetkinlik mərhələsinə çatırlar. Onlar yeni siyasi cərəyanların var olduğunu anlayırlar. Bu cərəyanları gördükçə, başa düşürlər ki, seçki nəticəsində irqlər arası say fərqi o qədər az olur ki, yenidən saymalı olurlar. Məsələn, Masaçusetsdə kimin hakimiyyətə gələcəyi çox az səs fərqi ilə müəyyən olundu. Eyni vəziyyət Rod Adası, Minnesotada da təkrarlandı. Kennedi və Niksonun hakimiyyətə gəldiyi seçkilərdə də bu hal yaşandı. Fərq o qədər az olurdu ki, təzədən saymağa başlayırdılar. Bu nə mənaya gəlir? Bu o deməkdir ki, ağdərililər bərabər hissələrə ayrılıblarsa, qaradərililərin səsləri kimin Ağ Evdə, kimin isə öz evində oturacağını müəyyən edir.

Vaşinqtondakı prezident administrasiyasını təyin edən siz qaradərililərin səsləridir. Sizin səsləriniz; sizin laqeyd və nadan səsləriniz elə bir administrasiya seçdiniz ki, sizin haqqlarınızı qorumaq son ana qədər ağıllarına gəlməz, gəlsə də, parlament tərəfindən əngəllənər. Bizim liderlərimiz isə yaşananları alqışlayacaq qədər hünərə sahibdirlər və bizi xeyli inkişaf etdiyimizə inandırmaq istəyirlər. Və necə də “yaxşı” prezidentimiz var. Əgər bu lider Texasda yaxşı olmadısa, Vaşinqtonda heç olmayacaq. Çünki Texas linç ştatıdır, eləcə də Missisipi. Aralarındakı tək fərq sizi Texasda Texas ləhcəsiylə, Missisipidə isə Missisipi ləhcəsiylə linç edirlər. Əlavə olaraq bu zənci lidərlər Ağ Evdə texaslı biri ilə görüşdükdən sonra gəlib bizə özlərini tərifləmək cürətinə sahibdirlər. Guya ki, cənubli zənci kimi digər cənublularla necə danışmaq lazım olduğunu çox yaxşı bilirlər. Bu necə məntiqdir? Əgər bu məntiqə qalsa, elə İstlend özü prezident olsun, o da cənubludur, Consondan da daha qabiliyyətlidir bu mövzuda.

Bu prezident administrasiyasında təmsil heyətinin 257 üzvü demokrat, 177 üzvü respublikaçıdır. Demokratlar səslərin üçdə ikisinə nəzarət edirlər. Bəs niyə mənə və sizə lazımlı olan bir qərarın çıxarılmasına nail olmayıblar? Senatın 100 üzvündən 67-si demokrat, sadəcə 33-ü respublikaçıdır. Demokratlar sizin səsləriniz sayənizdə hakimiyyətdə üstünlüyə sahibdirlər, bəs bunun əvəzində sizə nə verirlər? Dörd il ofisdən çölə addım atmadılar, sadəcə indi-indi başlayıblar sivil hüquqlar haqqında qanunu müzakirə etməyə. Sədəcə indi, hər şey sona yaxınlaşmışkən yenidən oyuna başlayacaqlar- özləri bu oyuna parlamentar təxirəsalma deyirlər- bütün yay boyu bizimlə bu oyunu oynayacaqlar. Heç düşünmürsünüzmü ki, onlar bu oyunda eyni tərəfdədirlər? Sivil hüquqlara mane olan şəxs Corciyadan olan Riçard Rasseldir. Conson prezident seçildikdən sonra yanına, Vaşinqtona dəvət etdiyi ilk şəxs də Riçard Rassel idi, yəni, o qədər yaxındır əlaqələri. Onlar yaxın dost, əməkdaş, eyni ssenarinin yazarlarıdır. Biri sənə hüquqlarını qoruyacağı sözünü verir, digəri isə buna qarşı olacağını. Lakin nəticə etibarilə dəyişən bir şey olmur.

1964-cü il oyanış ilidir. Görəndə ki, onlar sizə hiyləgər addımla yaxınlaşırlar, onlara göstərin ki, gözləriniz açıqdır, hər şeyi görürsüz. Ya bülleten olmalıdır, ya da güllə. Ya bülleten, ya da güllə. Bu ifadəni istifadə etməkdən çəkinirsizsə, sizə məsləhətim bu ölkədən çıxmaqdır. Onlar bütün zənci səslərini alırlar, əvəzində isə zəncilər heç nə almır. Vaşinqtona yüksəldikdən sonra tək əməlləri bir nəçə nüfuzlu zənciyə yaxşı işlər vermək oldu. O zəncilərin onsuzda iş yerləri var idi. Bunlar hiylədir, oyundur, gözdən pərdə asmaqdır. Mən demokratların qarşısında, respubilikaçıların tərəfində deyiləm. Onlara da toxunacam bir neçə dəqiqə sonra.Lakin gerçəklər belədir: siz demokratları hər kəsdən dəyərli görürsünüz, onlar isə hər şeyi zəncilərdən vacib görür.

Bütün bunlara olduğu kimi baxın. Demokratlar Konqres və Senatda üstünlük əldə etdikdən bəri bizim haqqlarımızı qorumamaqlarını hansı bəhanə ilə ört basdır etmək istəyirlər? Onlar  diksiekratları günahlandırırlar. Diksiekrat nədir? Bir növ demokrat. Diksiekrat maskalanmış demokrat deməkdir. Demokratların rəhbəri diksiekratların da rəhbəridir, yəni onlar da partiyanın bir parçasıdırlar. Demokratlar heç vaxt diksiekratları partiyadan uzaqlaşdırmayıblar. Başa düşün ki, şimaldakı demokratlar alçaq, irqçi, cənublu demokratlar qarşısında aciz qalıblar. Şimaldakı demokratlar heç vaxt diksiekratları sıxışdırmayıblar. Hər şeyə olduğu kimi baxın. Siyasi bir oyun oynanılır və hər oyunun məğlubu bizik. Çünki oyun bizim üstümüzdə oynanılır. Oyanıb, hər şeyə olduğu kimi baxmaq vaxtıdır; olduğu kimi başa düşmək; ondan sonra nə edəcəyimizi fikirləşə bilərik.

Vaşinqtondakı önəmli komitələrin başına diksiekratlar gətirilir. Bunun isə tək səbəbi diksiekratların bir üstünlüyə sahib olmalarıdır. Bu üstünlük zəncilərin səs verə bilmədiyi ştatlardan seçilmiş olmalarıdır. Bu cür hakimiyyət demokratiyaya tərs düşür. Hazırki hakimiyyət insanları təmsil edən fərdlərdən ibarət deyil. Cənub ştatlarındakı insanların yarısı səs verə bilmir. İstlend özü Vaşinqtonda olmalı deyil. Önəmli mövqelərdəki senatorların və konqresmenlərin yarısının orada olmaqları qanuna və konstitusiyaya tərsdir.

Mən özüm keçən həftə cümə axşamı Vaşinqtonda idim. Mən orada olanda sivil hüquqlar haqqında qanunun müzakirəyə çıxarılıb çıxarılmaması haqqında müşavirə edirdilər. Senatın iclas keçirdiyi arxa otaqda  ABŞ-ın böyük bir xəritəsi asılıb. Xəritədə də zəncilərin yaşadığı bölgələr göstərilir. Bu xəritəyə baxdıqda anlamaq olur ki, zəncilərin çoxluqda olduğu cənub ştatlarının senatları hər cür hiylə və oyunla zəncilərin səsvermə haqqının qarşısını almağa çalışırlar. Bu böyük bir ayıbdır. Bu ayıb bizlərə yox, onlara olur. Çünki tezliklə zəncilər oyanacaq və içində olduğu məngənəni, içində olduğu torbanı,  içində olduğu oyunu görəcək. Bu gerçəkləşdikdə isə zəncilərin yanaşması dəyişəcək.

Bu senator və konqresmenlər müəyyən bir ştat və ya ölkədəki insanların səsvermə hüquqlarının pozulmasına göz yumaraq konstutisional düzəlişləri də pozmuş olurlar. Konstitusiya isə insanların səsvermə hüququnun tapdalandığı ştatın təmsilçisini vəzifəsindən uzaqlaşdırmaq gücünə sahibdir. Yəni, yeni bir qanuna da ehtiyac yoxdur. Bu gün Konqresde olan, səsvermə hüqunun pozulduğu ştatları təmsil edən şəxslər dərhal Konqresdən uzaqlaşdırılmalıdır. Onları uzaqlaşdırmaqla biz bu ölkədə gerçək qanunvericiliyə mane olanların sayını azaltmış olarıq. Hətta onları uzaqlaşdırdıqdan sonra yeni bir qanunvericilik sisteminə ehtiyac qalmayacaq. Çünki onların yerinə, zəncilərin çoxluqda oduğu bölgələrdən zənci təmsilçilər gələcək.

Əgər cənub ştatlarındakı zəncilər səsvermə hüququna sahib olsalar, Vaşinqtondakı əsas diksiekratlar, onların timsalında da demokratlar vəzifələrini itirəcəklər. Demokrat Partiyası güc itirəcək, əvvəlki qədər nüfuza sahib olmayacaq. Diksiekrat qanadını itirdiyi təqdirdə Demokrat Partiyasənın itirəcəyi gücü göz önünə aldıqda vətəndaş müharibəsindən bəri demokratların təsir dairəsində olan bəzi ştatlarda zəncilərin səs verməsinin Demokrat Partiyasının maraqlarına qarşı olduğunu görə bilərsiz. Təhlil etmədən heç bir partiyaya məxsus ola bilməzsiniz.

Yenə də təkrar edirəm, mən anti-demokrat deyiləm, mən anti-respublikaçı da deyiləm. Mən sadəcə bu partiyaların səmimiyyətini, bizə qarşı istifadə etdikləri strategiyaları sorğulayır, tutmayacaqları sözlər verməklərini qınayıram. Biz demokratları iqtidarda saxladıqda diksiekratları da iqtidarda saxlamış oluruq. İnanmıram ki, Lomax Qardaş mənim bu sözümü inkar etsin. Demokratlara verilmiş səs, diksiekratlara da verilmiş səsdir. Ona görə də, artıq 1964-də biz siyasi yetkinliyə sahib olmalı, nəyi seçdiyimizi və niyə seçdiyimiz anlamalıyıq. Əks təqdirdə mərmini seçməli olacıq. Ya bülleten, ya da güllə.

Şimalda isə fərqli yöntəmdən istifadə edirlər. Bu hiylə digərindən daha sistematikdir. Belə ki, zənciləri siyasi mövqələrə gətirir, siyasi gücə sahib olmalarına nail olur,o vəzifə ilə başını qatırlar. Lakin gedişatı dəyişən və idarə edən bir ağdərilidir. Soruşa bilərsiniz ki, “Niyə həmişə ağdərili adamı günahlandırırsan?” Çünki bunları edən ağdərilidir. Mən hələ hər hansı bir zəncini yönverici obrazında görməmişəm. Zəncilərə vacib işlərə yaxınlaşmaq qadağandır. Ağdərilidir əsas obraz. Əksər hallarda ağdərili adam sənə gülümsəyir, səni tərifləyir və sanki onun dostu imişsən kimi davranır. Sənə dostca davrana bilər, amma əmin ol ki, sənin dostun deyil.

Beləliklə, sizə çatdırmaq istədiyim budur; Siz və mən Amerikada ayrıseçkilik hiyləsi ilə üz üzəyik, dövlət ayrımcılığı ilə. Sivil hüquq qanunlarına əngəl törədənlər senatordurlar, yəni hökumət. Bizləri aldadanlar Vaşinqtondadırlar, konqresmendirlər, yəni, hökümət. Bizim yolumuza sədlər qoyub mane olmağa çalışanlar sizlərdən deyillər, dövlətin hər hansı bir hissəsinə bağlıdırlar. Bu o dövlətdir ki, sizlər və mən gedib uğruna döyüşüb ölürük; o dövlət ki, bizim səsvermə hüququmuzu tapdalayır; o dövlət ki, bizi iqtisadi fürsətlərdən, münasib yaşayış şəraitindən və müasir təhsildən məhrum edir. Bu ölkədə zəncilərə edilən zülm, istismar və alçaldılmağın günahı sadəcə işə götürənlərdə deyil, həm də bu dövlətdə, Amerika dövlətindədir. Bu dövlət bunlara cavab verməlidir. Bu dövlət zəncilərlə işdə iflasa uğradı; bu cür sözdə demokratiya zəncilərə münasibətdə uğursuz oldu; və bütün bu ağdərili liberallar da həmçinin.

Bəs indi nə etməliyik? Əvvəlcə, bizim dostlara ehtiyacımız var. Bəzi müttəfiqlər lazımdır. Sivil hüquqlar uğrunda mübarizə bütünlüklə yenidən aydınlaşdırılmalıdır, daha çox işıqlandırılmalıdır. Sivil hüquqlar məsələsinə fərqli bucaqlardan baxmağı bacarmalıyıq, həm içəridən, həm də çöldən. Aramızdan kimlərin ki fəlsəfəsi zənci milliyyətçiliyidir, onlar sivil hüquqlar məsələsinə yeni bir açıqlama verərək kömək edə bilərlər. Əvvəlki açıqlama bizi bütünlüklə əhatə etmirdi. Ona görə də biz bu məsələyə yeni bir açıqlama verəcək, əhatə dairəsini genişləndirəcəyik. Ağdərili heyranı olan zəncilərin bu məsələdə vaxtımızı almasına icazə verməyəcik, haqqımızı alana qədər güzəştə getməyəcəyik.

Sənin olan bir şeyi sənə verdiyi üçün birinə təşəkkür etmək qəribə deyilmi? Bəs sənin olanın bir qismini sənə verdiyi üçün təşəkkür etmək? Sənə verilməkdə olanlar artıq səndə olmalı idi. Bu, irəliləyiş deyil. Lomax Qardaşın “Biz 1954-cü ildəki vəziyyətimizə qayıdırıq” ifadəsini çox bəyəndim. Məncə, biz heç 1954-dəki kimi belə deyilik. Biz 1954-dəkindən geridəyik. Bu gün 1954-dəkindən daha çox ayrıseçkilik var. Bu gün 1954-dəkindən daha çox irqi düşmənlik, irqi nifrət və irqi şiddət var. Belə olduğu halda, hansı irəliləyişdən söhbət gedə bilər?

Hər keçən gün yeni zəncilər yetişirlər. Onlar alçaldılmağa və istismara dözməyəcəklər. Ceksonvilldə gənclər Molotov kokteyli atıblar. Zəncilər əvvəl belə şeylər etmirdilər, bu bir yenilik idi. Yeni düşüncələr, yeni strategiyalar gəlir. Bu ay Molotov kokteyli atarlar, gələn ay əl qumbarası, bir sonraki ay kim bilir nə atacaqlar. Ya bülleten olacaq, ya da güllə. Ya azadlıq olacaq, ya da ölüm. Bu dəfəki ölümün tək fərqi qarşılıqlı olacağıdır. “Qarşılıqlı” nə deməkdir bilirsiniz? Bu, Qardaş Lomaxın sözlərindən biridir, ondan oğurlamışam. Mənim belə böyük sözlər işlətməyə ehtiyacım yoxdur, çünki mənim işim böyük insanlardan keçmir. Mən kiçik insanlarla əhatələnmişəm. Mənə görə, kiçik insanlar sayəsində böyük insanları yerindən etmək olar. Çünki kiçik insanın itirəcəyi heç nə yoxdur və qazanacağı çox şey var. Onlar bir dəqiqədə sizi də öyrədəcəklər: “Tanqo üçün iki nəfər lazımdır, mən başlayanda sən də başla”.

Zənci milliyyətçiləri, yəni, fəlsəfi düşüncəsi zənci milliyyətçiliyi olanlar, sivil hüquqlar məsələsinə tam yeni baxış bucağı, fürsətlər bərabərliyini, gətirirlər. Sivil hüquqlarımızı qorumaq, eləcə də fürsət bərabərliyini tələb etmək təbii haqqımızdır. Əməyimizin bəhrəsini görmək istəyirik. Biz ata və analarımızın əməyi tər və qan olub. Tam 310 il biz bu ölkədə tək bir qəpik almadan işləmişik, tək bir qəpik almadan! Siz ağdərili adamın tez-tez bu ölkənin nə qədər zəngin olduğu haqqında danışmasına icazə vermisiz, lakin hər zaman necə belə tez zəngin ola bildiyini düşünmüsüz. Bu ölkə zəngin oldu çünki onu siz zəngin etdiz.

Gəlin hal-hazırda elə burdakı auditoriyanı göz önünə alaq. Hər kəs kasıbdır. Fərdi olaraq hər birimiz kasıbıq. Bizim həftəlik maaşımız demək olar ki, heç nədir. Lakin burdakı insanların toplam maaşını götürsən, qutularla pul olar. Əgər burdakı insanların maaşlarını il boyu əllərindən alsan varlı olarsan, hətta lap çox varlı. İndi siz sadəcə burdakılar deyil milyonlarla zənci sayəsində varlı olan Sem Dayını başa düşə bilirsiniz. Bizim ata və analarımız, 8 saatlıq iş rejimində yox, gün boyu işləyərək Sem Dayını varlı etdilər, özləri də bir qəpik almadan. Bütün bu zənginlik bizim töhfəmiz, bizim əməyimiz, bizim qanımızdır.

Biz bu ölkə üçün pulsuz tər axıtdığımız qədər qan da axıtmışıq. Nə zaman ki hərbi səfərbərlik oldu, uniformanı ilk geyinən biz olduq. Ağdərili adamın savaşdığı hər bölgədə biz ölmüşük. Bu gün Amerikada olan hər kəsdən daha çox qurban vermişik biz. Daha çox töhfə verib, daha azını geri almışıq. Fəlsəfi görüşü zənci milliyyətçiliyi olanlar üçün sivil hüquqlar “Bizə indi verin, gələn ili gözləməyin. Bizə dünən versəydiniz belə gecikmişdiniz”deməkdir.

Mən bir mövzuya diqqət çəkmək istəyirəm. Sizə aid olanın dalınca getdiyiniz zaman, sizi ondan məhrum eden cinayətkardır. Bunu yaxşı başa düşün. Sizə aid olana iddia etmək sizin qanuni haqqınızdır. Sizin aid olanı əlinizdən almağa çalışan isə qanunu pozur, yəni cinayətkardır. Bu Ali Məhkəmənin qərarıdır. Ali Məhkəməyə görə, ayrıseçkilik qanuna ziddir.

Bu qanuna görə, ayrıseçkilik edən şəxs cinayətkardır. İrqçilər cinayətkardır. Onları başqa heç cürə tərif etmək olmaz. Əgər siz ayrıseçkiliyə qarşı etiraz edirsinizsə, qanun sizin tərəfinizdədir. Ali Məhkəmə sizin tərəfinizdədir.

Qanuni haqqlarınızın qarşısında kim var? Polis idarələri. Polis itləri və dəyənəkləri ilə. Əgər siz ayrıseçkiliyə etiraz edirsinizsə, bu istər ayrıseçkiliklə dolu təhsil olsun, istər ayrıseçkilik olan evlərlə təmin edilmə olsun, hüquq sizin yanınızdadır və sizin qarşınızda olan kim varsa, hüquqa qarşıdır. Əgər qarşınızdakı polis qanunu pozursa, deməli o artıq hüququ təmsil etmir. Siz ayrıseçkiliyə qarşı etiraz etdiyiniz zaman biri gəlib itini sizin üstünüzə salırsa, o iti öldürün. Bəli, öldürün, səmimi sözümdür, öldürün. Sabah məni həbsə atsalar belə, bunu demək mənim borcumdur, o iti öldürün. Bunun qarşısını yalnız belə almaq olar. Gedib mayora deyin ki, əgər o ağdərili polislər itlərinin ölməyini istəmirsə, itlərini geri çəksinlər. Tək etməli olduğunuz budur. Siz etməsəniz, başqası edəcək.

Əgər siz belə bir dirəniş göstərməsəniz, sizin övladlarınız böyüyüb sizə “utanc” yeri kimi baxacaqlar. Sizə mübarizə aparın deməyim zoraki olun demək deyil; amma sizə pis davranana da passiv olmayın. Kim ki sizə yaxşı davranır, ona qarşı yaxşı olun, mənim düşüncəm belədir. Məncə, bütün zəncilər belə olmalıdır. Nə zaman ki qanun çərçivəsindəsən, öz qanuni haqqlarına, mənəvi dəyərlərinə və ədalət hissinə görə lazım gəlsə, ölə bilərsən. Amma tək ölmə, ölümün qarşılıqlı olsun. Bərabərlik dedikdə biz bunu başa düşürük.

Biz bu sahədə işləmək istəyiriksə, yeni dostlara, yeni müttəfiqlərə ehtiyacımız olacaq. Sivil hüquqlar mübarizəsini yeni bir səviyyəyə çıxarmalıyıq- insan hüquqları səviyyəsinə. Sivil hüquqlar mübarizəsində, bilərəkdən və ya bilməyərəkdən biz özümüzü Sem Dayının qanunvericiliyi ilə məhdudlayırıq. Biz sivil hüquqlar uğrunda mübarizə apardığımız müddətcə, xarici ölkələrdən heç biri bizim haqqımızı qoruya bilməyəcək. Sivil hüquqlar ölkənin daxili məsələlərinə aiddir. Afrikalı, asiyalı və latın amerikalı qardaşlarımız bizim hüquqlarımızı qorumaq üçün ağızlarını aça bilmirlər. Nə qədər ki, məsələ sivil hüquqlar olacaq, biz Sem Dayının qanunlarına tabe olmalı olacağıq.

Lakin Birləşmiş Millətlər Təşkilatının( BMT) insan hüquqları nizamnaməsi var;  insan hüquqları ilə məşğul olan komitəsi var. Siz düşünə bilərsiniz ki, niyə Afrikadakı, Macarıstandakı, Asiyadakı və Latın Amerikasındakı bütün vəhşiliklər BMT-də müzakirə olunub amma zənci məsələsi hələ də müzakirə olunmayıb. Bu kirli oyunun bir parçasıdır. O yaşlı, hiyləgər, göygöz liberal-hansı ki sənin və mənim dostum, məsləhətçim kimi,mübarizəmə dəstək verirmiş kimi davranır- heç vaxt bizə insan hüquqları haqqında bir şey deməyib. Onlar istəyir ki, biz sivil hüquqlar məsələsindən xaricə çıxmayaq. Siz və mən isə insan hüquqlarının daha təsirli və güclü olduğunu bilmədən illərlə sivil hüquqlar məsələsində mübarizə apardıq.

Sivil hüquqlar mübarizəsini insan haqqları səviyyəsinə qaldırdıqda, biz qaradərili adamın haqqlarını BMT-dəki millətlərin qarşısında müzakirə edə bilərik. Ümumi Məclis qarşısında müzakirə edə bilərik. Sem Dayını dünya məhkəməsi qarşısına çıxara bilərik. Bunları edə bilmək üçün isə insan hüquqları mübarizəsini aparmalıyıq. Sivil hüquqlar bizi məhdudlaşdırır, təktərəfli qanunvericilikdən asılı edir. Sivil hüquqlar o deməkdir ki, Süm Dayıdan sənə yaxşı davranmasını xahiş edirsən. İnsan hüquqları isə elə bir şeydir ki, hər kəs onunla doğulur, sanki Tanrı tərəfindən verilmiş haqq kimi. İnsan hüquqları bütün millətlər tərəfindən tanınan hüquqlardır. Əgər bu millətlərdən biri insan hüquqlarını pozursa, onu dünya məhkəməsi qarşısına çıxara bilərsən.

Sem Dayının isə əlindən qan axır, ölkəsindəki qaradərili adamın qanı. Sem Dayı dünyanın bir nömrəli ikiüzlüsüdür. O, hətta azad dünyanın lideri kimi şəkil çəkdirməyə də cürət edir. Azad dünya! Sivil hüquqlar məsələsini genişləndirmək, insan hüquqları səviyyəsinə qaldırmaq vaxtıdır. Bu məsələ BMT-də müzakirə olunsa, bizim afrikalı, asiyalı, latın amerikalı qardaşlarımız, 800 milyon çinli qardaşlarımız bizim tərəfimizdə olacaqlar.

Qoy dünya onun əlinin nə qədər qanlı olduğunu bilsin. Qoy dünya bu ölkədə tətbiq edilən ikiüzlü sistemi tanısın. Qoy ya bülleten olsun, ya da güllə. Qoy o bilsin ki, bülleten olmalıdır yoxsa güllə olacaq.

Məsələni Vaşinqtonda qaldırdığınız təqdirdə siz məsuliyyət daşıyan cinayətkardan kömək istəmiş olursunuz; qurddan tülküyə qaçmaq kimi. Vaşinqtondakı Texasdakından fərqlənmir; ikisi də eyni şeydir. Bu siyasi bir oyundur və bu oyun bizi dünyanın gözündə avam biri kimi görünməyimizə səbəb olur. Bu gün Amerikada gəzdiyiniz anda əsgərliyə çağrıla bilər və konservlənmiş əsgər kimi xaricə,savaşa göndərilə bilərsiniz. Orada sizdən nə üçün savaşdığınızı soruşduqlarında isə fikirləşə-fikirləşə qalacaqsınız. Bunun yerinə Sem Dayını məhkəməyə, dünyanın gözü önünə çıxarın.

Bülleten dedikdə mən sadəcə və sadəcə azadlığı nəzərdə tuturam. Bilirsiniz əslində mən bu mövzuda Lomax Qardaşla fikir ayrılığına düşürəm. Mənə görə bülleten dollardan daha vacibdir. İsbat edə bilərəmmi? Hə. Məsələn BMT-i göz önünə alın. BMT-də kasıb millətlər var; lakin bu kasıb millətlər səslərini birləşdirib zəngin millətlərin qarşısını ala bilərlər. Hər bir millətin bir səsi var. Hər millətin səsi bərabərdir. Bizim asiyalı, afrikalı və digər dünyanın qaranlıq bölgələrindəki qardaşlarımız səslərini birləşdirsələr, Sem Dayının ipini yığa bilərlər. Yaxud da Rusiyanın.Yaxud başqa bir bölgənin. Yəni, bülleten daha önəmlidir.

Hal-hazırda bu ölkədə 22 milyon afroamerikalı yaşayır. Bəli, biz afroamerikalıyıq- yəni Amerikada yaşayan afrikalılar. Biz afrikalıyıq. Hətta, qəribəsi odur ki, bu ölkədə özünə afrikalı deyənlər özünə zənci deyənlərdən daha qabağa gedə bilir. Afrikalılar burada zülm çəkmir. Burada zülm çəkən sadəcə sizsiniz. Afrikalılar üçün sivil hüquqlara ehtiyac yoxdur. Afrikalılar istədikləri yerə gedə bilərlər. Bu ölkədə tək problem zənci olmaqdır. Məsələn adınızı dəyişib Hoogagagooba qoyun, fərqi görəcəksiniz. Təkcə fərqi yox, ağdərili adamın nə qədər axmaq olduğunu da görəcəksiniz. Atlanta ştatı irqçiliyə qanuni olaraq son verməmişdən qabaq qaradərili bir dostum başına sarıq bağlayıb ağdərililərin restoranına gedib. Ona normal xidmət edilib. Ona xidmət edən xörəkpaylayandan soruşub ki,”Bəs bu restorana zənci gəlsə necə olardı?”. Xörəkpaylayan da cavab verib ki, “İnanmıram, bir zənci bura gəlməyə cürət eləsin”.

Beləliklə, qarşımızdakı adamın qərəz və ayrıseçkilik duyğuları onun ağlını başından alır. O qorxur.O ətrafına baxır, dünyada olanları izləyir və zamanın bizim yönümüzdə axdığını görür. Zəncilər oyanırlar. Onlar ağdərili adama olan qorxularını itirirlər. Ağdərili adam savaşdığı hər cəbhədə məğlub olur. Savaşdığı hər cəbhədə rəngi bizim rəngimizə bənzər insanlarla savaşır və məğlub olur. Ağdərili adam artıq qələbə qazana bilmir. Koreya savaşında uğursuz oldu, atəşkəs imzalamalı oldu. Ağdərili üçün bu bir məğlubiyyət idi.

Əgər Sem Dayı ağır texnikası, güclü silahları ilə qələbə qazana bilmirsə, düyü yeyənlərlə barış andlaşması imzalayırsa, bu bir məğlubiyyətdir. O atəşkəs imzalamalı oldu. Atəşkəs imzalamaq Amerikanın tərzi deyil, o pis obraz roluna öyrəşib. Lakin o artıq pis ola bilmir. Pis olmaq üçün hidrogen bombası atmalıdır, amma ata bilmir çünki bilir ki, o atsa, Rusiya da atacaq. Rusiya da öz hidrogen bombasını işlədə bilmir, qorxur ki, o işlətsə Sem Dayı da işlədər.Ona görə də hər ikisi hal-hazırda silahsızdır. Savaş sadəcə yerdə davam edir. Ağdərili adam isə yerdə savaşa bilmir. O günlər keçdi. Bunu qara adam da, qəhvəyi adam da, qırmızı adam da, sarı adam da bilir. Onlar partizan tərzində savaşırlar. Bu tərz ağdərili adama uyğun deyil: partizan olmaq üçün ürəkli olmaq lazımdır, ağdərili adamın isə ürəyi yoxdur.

Mən partizan müharibəsi haqqında qısa bir məlumat vermək istəyirəm. Partizan olmaq üçün ürəkli olmaq lazımdır, çünki partizan təkbaşına olur. Normal müharibə vəziyyətində isə sizin tanklarınız, yanınızda digər əsgərlər və başınızın üstündə uçan təyyarələr olur. Partizan isə təkbaşına olur, sadəcə özünə bağlı olur. Partizansınızsa, yanınızda tüfənginiz, bir kəsə düyünüz, bir də bir neçə snikersiniz olur, ən böyük ehtiyacınız isə ürəkdir. Amerika orduları Sakit okeandakı Yapon adalarına gəldiyi vaxtlarda, bir yapon partizanı bir ordunun qarşısını ala bilirdi. Partizan sadəcə günəşin batmağını gözləyirdi, günəş batdıqdan sonra hərkəs bərabər idi.Partizan sadəcə bıçağı ilə koldan kola, bir amerikalıdan digərinə keçərdi. Ağdərili əsgərlər bu vəziyyətə uyğunlaşa bilmədilər. Ona görə də, Sakit okeanda savaşmış amerikan əsgərlərinin əksəriyyəti əsəb xəstəliklərindən əziyyət çəkirlər- onları möhkəm qorxudublar.

Eyni hal Hindiçində fransızların başına gəldi. Tək peşələri düyü əkini olan fermerlər təşkilatlanaraq ağır texnikalı fransız ordusunu bölgədən çıxardılar. Bugünkü şərtlərdə müasir hərbi texnologiyaya ehtiyac yoxdur. Dövr partizanın dövrüdür. Oxşar hal Əlcəzairdə təkrarlandı. Sadəcə bədəvi olan cəzairlilər təpələrə sığındılar. De Qoll və təmtəraqlı ordusu isə onlara məğlub oldu. Hal-hazırda dünyanın heç bir yerində ağdərili adam partizan müharibəsini qazanmır. Onun sürəti yetərli deyil. Bu gün partizan müharibəsi Asiyada, Afrikanın və Latın Amerikasının bəzi bölgələrində yaşanırsa,bir gün zəncilərin oyanıb bu tərzdə mübarizə aparacağını başa düşmürsənsə, ya çox avamsan, ya da zənciləri gözündə çox kiçiltmisən; ya bülleten olacaq ya da güllə.

Mən təzəliklə Nyu-york şəhərində fəaliyyətə başlamış müsəlman məscidi haqqında bir neçə söz demək istəyirəm. Biz müsəlmanıq, bizim dinimiz İslamdır, lakin biz dinimizi siyasətdən, iqtisadiyyatdan və sivil fəaliyyətlərdən ayrı tuturuq. Biz dinimizi məsciddə yaşayırıq. Məsciddə ibadətimiz bitdikdən sonra biz müsəlmanlar olaraq siyasi, iqtisadi və sivil fəaliyyətə başlayırıq. Cəmiyyətimizə mənfi təsir göstərən kim varsa, harada olursa olsun, necə olursa olsun tədbir görməyi özümüzə borc bilirik.

Zənci milliyyətçiliyinin siyasi fəlsəfəsinə görə qaradərili insanlar öz cəmiyyətlərindəki siyasəti və siyasətçiləri özləri təyin etməlidir. Qaradərili cəmiyyətdəki qaradərili adam siyasət haqqında biliklənməli, siyasətin məqsədini və faydasını anlamalıdır. Səsinizi boş yerə heç kəsə verməyin. Verilmiş səs atılmış mərmi kimidir. Hədəfi görmədən mərmini atmaq olmaz, əgər hədəf uzaqdadırsa, mərmini boşa xərcləmək məntiqsizdir, eləcə də namizədi tanımadan səs vermək.

Zənci milliyyətçiliyinin siyasi fəlsəfəsi xristian kilsələrində təbliğ olunur; NAACP(Rəngli Dərisi olan İnsanların İlərləməsi Dərnəyi)-də danışılır; CORE(İrqi Bərabərlik Konqresi)-də öyrədilir; SNCC(Şiddətəqarşı Tələbə Koordinasiya Komitəsi) tərəfindən müzakirə olunur; Müsəlman icmalarında təbliğ edilir. Hətta ateist və aqnostiklərin iclasında belə zənci milliyyətçiliyindən danışılır. Qaradərili insanlara hər yerdə güzəştə getmək və mülayim münasibət haqqında məlumatlar yeridilir. Biz azadlığı indi istəyirik, ona görə “Bir gün Qələbə Qazanacağıq” demək məncə yanlışdır. Biz azad olana qədər mübarizəni dayandırmamalıyıq.

Zənci milliyyətçiliyinin iqtisadi fəlsəfəsi sadə və dəqiqdir: öz cəmiyyətimizin iqtisadiyyatı bizim əlimizdə olmalıdır. Niyə görə bizim cəmiyyətimizdəki bütün mağazalar ağdərililərə aid olmalıdır? Niyə bizim banklarımız ağdərililər tərəfindən idarə olunmalıdır? Niyə zənci cəmiyyətinin iqitisadiyyatını ağdərililər idarə edir? Niyə? Əgər zənci biri ağdərili cəmiyyətdə mağaza aça bilmirsə, niyə ağdərili insan zənci cəmiyyətdə mağaza aça bilsin?Zənci milliyyətçiliyinin fəlsəfəsinə əsasən qaradərili insanlar iqtisadiyyat haqqında yenidən bilikləndirilməlidir. Bizim insanlarımız anlamalıdır ki, əgər pulu başqa cəmiyyətdə xərcləyirsənsə öz cəmiyyətini kasıblaşdırır, digər cəmiyyəti zənginləşdirirsən.

Sonra da düşünməyə başlayırıq ki, niyə hələ də pis şəraitdə yaşayırıq. Biz sadəcə başqa yerdə pul xərclədikdə geri düşmürük, öz cəmiyyətimizdəki bütün mağazalar ağdərili adama aid olduğu üçün öz cəmiyyətimizdəki ticarət də bizi geri salır. Çünki ağdərili adam mağazasını bağlayıb öz cəmiyyətinə gedir və pulu orda xərcləyir. Biz məngənə içindəyik. Ona görə də, zənci milliyyətçiliyinin iqtisadi fəlsəfəsi hər bir kilsədə, hər bir təşkilatlanmada öz insanlarımızın öz cəmiyyətimizin iqtisadi idarəsini əlində saxlamasının önəmini ifadə etmək olmalıdır. Əgər biz mağazaları və işyerlərini öz əlimizdə saxlasaq, öz sənayemizi yaratsaq, elə bir nöqtəyə gələcəyik ki,  özümüz bir sonraki nəsilə iş yeri hazırlaya biləcəyik. Öz cəmiyyətimizin iqtisadiyyatı özümüzə bağlı olduqdan sonra işə girmək üçün piket və ya boykot etməyə ehtiyac olmayacaq, kimdənsə iş dilənməyə ehtiyac qalmayacaqdır.

Zənci milliyyətçiliyinin ictimai fəlsəfəsinə əsasən bizlər birləşməli və öz qüsurlarımızdan- alkoqolizm, narkomaniya və digərlərindən – arınmalı və cəmiyyətimizin mənəvi dəyərlərini yüksəltməliyik. Biz özümüz öz cəmiyyətimizin səviyyəsini, standartlarını qaldırmalı və beləliklə öz çevrəmizdə xoşbəxt olmağı bacarmalıyıq ki, istənmədyimiz ictimai çevrələrə getmək məcburiyyətində qalmayaq. Mən buradan bildirmək istəyirəm ki, zənci milliyyətçiliyi ağdərili adamı dəyərləndirmək üçün yox- onu tanıyırsınız onsuz da- özü-özünü dəyərləndirmək üçündür. Ağdərili adamın fikrini dəyişməyə çalışmaq mənasızdır, onun vicdanı yoxdur. Sem Dayı vicdanını çoxdan itirib.

Onlar mənəviyyat nədir bilmirlər. Onlar yaxşını pisdən ayırmaq üçün vicdanlarını, qanunu və ya mənəvi dəyərlər süzgəcinə ehtiyac duymurlar. Onlar üçün əsas olan baş verənlərin onların varlığına təsiri var ya yoxdur. Yəni, vicdanı olmayan Sem Dayının fikrini dəyişməyə çalışmaqla vaxtınızı boşuna xərcləyirsiniz.  Əgər onun vicdanı olsa idi, heç bir təzyiq olmadan səhvlərini düzəldərdi. Ona görə də, ağdərili adamın fikrini dəyişməyə çalışmağa dəyməz. Biz öz düşüncəmizi dəyişməliyik. Biz bir-birimiz haqqında düşündüklərimizi düzəltməliyik, bir-birimizi bacı, qardaş kimi görməliyik. Öz problemimizi özümüz həll etmək üçün birləşməli və yüksək bir ahəngdarlıqla çalışmalıyıq. Bunu necə edəcəyik? Aramıza qısqanclıq, şübhə və ayrılıq düşməsinin qarşısını necə alacağıq? İndi deyəcəm necə.

Mən diqqət etmişəm ki, Billi Qraham hər dəfə şəhərə gəlir və əslində sadəcə ağdərili milliyətçiliyi olan İsa haqqında xütbələrini oxuyur. Bəli, bu belədir. Billi Qraham ağdərili milliyyətçisidir; mən isə qaradərili milliyyətçisi. Kilsə başçılarının Qraham kimi güclü bir fiquru qısqanmaması, hətta düşmənlik hissi bəsləməməsi qəribədir. Zənn etməyin ki, onlar kilsə başçısıdırlar deyə qısqanclıq və nifrət nədir bilmirlər. Təsadüfi deyil ki, Romada kardinal seçimləri bağlı qapılar arxasında keçirilir. İnanmıram ki, o kilsə başçıları içəridə başverənlərin çöldə bilinməsini istəyələr.

Billy Qraham gələndə İsa haqqında xütbə danışmaq adı ilə gəlir. O, təbliğat işini yaxşı bacarır və insanlar tərəfindən sevilir. Lakin o heç vaxt yeni bir kilsə açmaq iddiasında olmur. Əgər o da kilsə başçısı olmaq istəsəydi, bütün digər kilsələr ona qarşı olardılar. O isə sadəcə kilsələrdə İsa haqqında danışır, insanları İsanı harada hiss edirlərsə, oraya doğru yönləndirir. Ona görə də bütün kilsələr onunla əməkdaşlıq edirlər. İndi biz onun kitabından bir səhifəni götürəcəyik.

Bizim məqsədimiz zənci milliyyətçiliyidir. Biz heç bir təşkilatlanmanı özümüzə düşmən kimi görmürük, sadəcə zənci milliyyətçiliyinin yayılmasını istəyirik. Əgər rastınıza bu düşüncəni tətbiq edən və yayan bir kilsə çıxsa, o kilsəyə gedin. Əgər NAACP zənci milliyyətçiliyində fəaldırsa, NAACP-a qoşulun. Əgər CORE zəncilərin yüksəlməsinə çalışırsa, CORE-a qatılın. Qaradərili insanların yaxşılığını və inkişafını istəyən hansı təşkilat varsa, ona qoşulun. Əgər onlardan hər hansı birində mülayim mübarizədən və ya güzəştə getməkdən danışırlarsa, oradan çıxın: bu zənci milliyyətçiliyi deyil. Biz başqasını taparıq.

Belə olarsa, təşkilatların sayı və keyfiyyəti yüksələr. Avqust ayında isə ölkənin hər yerindən gələn nümayəndələrin iştirakı ilə zənci konvensiyası keçirməyi planlayırıq. Bundan sonra zənci milliyyətçiliyinin siyasi, iqtisadi, ictimai fəlsəfələrinə inanan insanları dəvət edərək bir seminar keçirməyi, fərqli insanlardan fərqli fikirlər eşitməyi, vacib mövzularda müzakirələr apararaq yolumuzu aydınlatmağı hədəfləyirik. Yeni suallar, yeni həll yolları, yeni cavablar eşitməyə  ehtiyacımız var. Əgər bir partiya qurmaq lazım gələrsə, milliyyətçi zənci partiyasını qurarıq. Əgər bir ordu qurmaq lazım gələrsə, milliyyətçi zənci ordusu qurarıq. Ya bülleten, olacaq ya da güllə. Ya azad olacağıq ya da bu yolda öləcəyik.

Öz hüquqlarımızı özümüzün  qorumaq vaxtı gəlib çatıb. Şimal və ya cənublu lovğa ağdərililərin Vaşinqtonda oturub bizim gələcəyimiz və sivil hüquqlarımız haqqında qərar verməsini gözləmək mənasızdır. Heç bir ağdərili mənə hüquqlarımın nə olduğunu öyrədə bilməz. Qardaşlar və bacılar, bilin ki, əgər ağdərili adamın azad olması üçün senatorlara, konqresmenlere və  prezident sərəncamlarına ehtiyac yoxdursa, qaradərili adamın azadlığı üçün də xüsusi qanunvericiliyə, sərəncama və ya Ali Məhkəməyə ehtiyac yoxdur. Qoyun ağdərili adam bilsin ki, bu ölkədə hər kəs azaddırsa, biz də azad olaq, əgər hər kəs azad deyilsə, deməli bu vəziyyəti dəyişmək lazımdır.

Biz bu problemin həlli üçün çalışan, düşmən zorakı olmadığı halda şiddətsiz, düşmən zorakı olduğu təqdirdə şiddətli şəkildə mübarizə aparmağa niyyətli kim varsa, onunla çalışmağa hazırıq. Biz sizinlə səsvermə qanunsuzluqlarında, kirayə qiymətinin artmasına görə tətillərdə, ayrıseçkiliklə dolu məktəblərə görə olan tətillərdə görüşəcəyik. Düşüncələrinizi dəyişmədiyiniz təqdirdə, inandığınız yolda ölməkdən qorxduğunuz təqdirdə heç bir ciddi dəyişiklik olmayacaq. Atdığımız addımlar qətiyyətli olmazsa, Missisipidəki lovğalar kimi Klivlenddəkilər də şiddətlə qarşımıza çıxacaqlar. Amma biz sizinlə məktəb boykotlarında görüşəcəyik çünki biz ayrıseçkiliklə dolu olan təhsil sisteminə qarşıyıq. Ayırseçkilik olan təhsil sisteminin sayəsində məktəb məzunları qüsurlu düşüncə tərzinə sahib olurlar. Hər kəsin qaradərili olduğu məktəb ayrıseçkilik edən məktəb demək deyil. Ayrıseçkilik edən məktəb odur ki, məktəbdəki təhsil səviyyəsi o məktəbi idarə edənlərin zərrə qədər də vecinə deyil.

İcazənizlə mən dediklərimi açıqlamaq istəyirəm. Ayrımçı bölgə və ya cəmiyyət odur ki, oranın siyasi və iqtisadi idarəsi cəmiyyətə mənsub olmayan insanların əlindədir. Ağdərililərin yaşadığı ərazilərə ayrımçı deyildiyinə rast gələ bilməzsiniz. İnsanlarının tamamına yaxını zənci olan bölgələrə ayrımçı bölgə deyilir. Niyə? Çünki ağdərili adam öz məktəbini, öz bankını, öz iqtisadiyyatını, öz siyasətini, yəni bir sözlə öz cəmiyyətini özü idarə edir; lakin sənin cəmiyyətin də onun idarəsi altındadır. Əgər sən başqasının idarəsi altındasansa, onda sənə qarşı ayrımçılıq var deməkdir. Ağdərili insan sənin cəmiyyətində sənə mümkün olanın ən pisini verir. Amma sənə qarşı ayrımçılıq edilməsinin səbəbi bu deyil: səbəb sənə başqasının nəyisə verməsidir. Necə ki, ağdərili adam öz cəmiyyətini özü idarə edir sən də öz cəmiyyətini idarə etməlisən.

Ayrıseçkilik ilə necə mübarizə aparmaq olar? Ağdərili adam ayrılıqdan daha çox qorxur nəinki birləşməkdən. Ayrıseçkilik odur ki, o səni özündən ayırır, amma çox da uzağa getməyini də istəmir. Çünki onun idarəsindən, onun hökmündən çıxmağını istəmir. Ona görə da ağdərili adam səninlə ayrılmaqdansa sənə birləşməyi üstün tutar. Beləliklə, biz sizinlə ayrıseçkilik olan təhsil sisteminə qarşı birlikdə mübarizə aparacağıq. Çünki belə bir sistem bir səhvdir və gələcək nəsillərin məruz qaldığı cinayətdir.

Nitqimin sonuna doğru bir məsələyə də aydınlıq gətirmək istəyirəm. Zəncilərin silah daşıması, daha dəqiq desək tüfəng sahibi olması haqqında bəzi qərəzli fikirlər var. Bu mövzuda demək istədiyim budur ki, əgər dövlət zənciləri qorumalı olduğu vəziyyətlərdə onları qoruya bilmirsə və ya qorumaq istəmirsə, zəncilərin öz özünü qorumaqları ən təməl hüquqlarından biridir. Konstitusiyanın ikinci maddəsi sizə və mənə icazə verir ki, tüfəngə sahib olaq. Lakin bu o demək deyil ki, siz tüfəng almalı sonra könüllü batalyonlar qurub ağdərili ovuna çıxmalısınız. Bəlkə də bunu etmək üçün mənəvi haqqınız var ancaq belə bir əməl qanunsuzdur və bizlər qanunsuz heç bir şey etmirik. Əgər ağdərili adam zəncilərin tüfəng almağını istəmirsə, onda dövlət olaraq onları qorumağı bacarsın.

Bu qədər. Sabah bir ağdərilinin gəlib sizə Malkolmun dedikləri haqqında nə düşündüyünüzü soruşmasına da icazə verməyin. Əgər sizin amin deyəcəyinizi düşünsə idi, heç vaxt bunu soruşmazdı. Xeyr, o sizdən Tom (Uncle Tom) yaratmaqdadır. Təkrarlamaq istəyirəm ki, bu o demək deyil ki, sizlər tüfəng klubları yaratmalı və kimlərəsə zərər verməlisiniz. Amma, artıq 1964-də, o ağdərili adam bəzi şeyləri anlamaladır. Əgər o dövlət olaraq bizdən vergi alıb öz işini, yəni bizi qorumağı və təmin etməyi bacarmayacaqsa, bunun əvəzinə bizim pullarımızda milyardlarla dolları öz müdafiəsinə xərcləyəcəksə, bizi də tək və cüt güllə üçün 12 və 15 dollar xərcləməkdə günahlandırmasın. Heç kəsi güllələmək lazım deyil, bacılar və qardaşlar, əsas da burada oturan Şərəf medalı taxmış, enli kürəkli, əzələli bəylər. Amma qəzetdə bir yerin bombalandığı, soyuqqanlılıqla hələ yetkin olmayan dord kiçik qızın Tanrıya, ağdərililərin dua etməli olduğunu öyrətdiyi Tanrıya, ibadət edərkən vəhşicə qətlə yetirildiyi xəbərini görəndə, sizlər və mən dövlətin acizliyini və günahkarı tapa bilməməsinin şahidi olmuşuq.

Niyə tapa bilmir? Eyxmanı Argentinada tapa bilənlər öz ölkələrindəki cinayətkarı tapa bilmirlər? Cənubi Vyetnamda başqasının işinə burnunu soxan 2-3 əsgərin ölümünə səbəb olurlar, sonra oraya intiqam üçün donanma göndərirlər. Öz ölkəsində azad seçki olmayanlar, Kubada azad seçkini təmin etmək üçün oraya ordu göndərməyə hazır idilər.

Yox, əgər məni həyatınızda bir daha görə bilməsəniz, əgər bilsəm ki, sabah səhər öləcəm, son sözlərim ya bülleten, ya güllə olacaq, ya bülleten, ya güllə.

Əgər bu gün, 1964-də, bir zənci öz sivil hüquqları üçün lovğa bir senatordan asılıdırsa, siz və mən utanmağa layiqik. 1963-də Vaşinqtonda olanları danışanlar bilsinlər ki, bu hələ başlanğıcdır. Ardı 1964-də gələcək.

Bu dəfəki hadisələr keçən ilki kimi olmayacaq. Onlar “Bir gün qələbə qazanacağıq” oxumayacaqlar. Bu dəfə onların yanında ağdərili dostları yoxdur. Əllərində hazır rənglənmiş plakatlar yoxdur bu dəfə. Onlar bu dəfə dönüş bileti almadan gəlirlər. Əgər bu ordunun, bu sivil ordunun qarşısını almaq istəyirlərsə, sivil hüquqların qarşısındakı parlamentar maneələri aradan götürsünlər.

Zənci milliyyətçilərinin gözləmək niyyəti yoxdur. Lindon Conson Demokrat Partiyasının rəhbəridir. Əgər o sivil hüquqların tərəfdaşıdırsa, gələn həftə Senata getsin və tələbini bildirsin. Hal-hazırda getsin və tələb etsin. Dərhal partiyasının cənub şöbəsini qınayan açıqlama versin. Getsin və mənəvi düşüncələrini, tərəfini bəlli etsin. Ona deyin ki, seçki vaxtını gözləməsin. Qardaşlar və bacılar, o əgər biraz daha gözləsə, ölkədəki vəziyyət o yerə çatacaq ki, səpdiyi toxumlar heç birimizin təxmin edə bilməyəcəyi şəkildə sağlam budaqlarla torpaqdan çıxacaq. 1964-də bu ya bülleten, ya da güllə olacaq.

Təşəkkürlər.

3 Aprel 1964

Klivlend, Ohayo

Nəriman Seyidov

Bütün yazıları göstər