Ana səhifə / İqtisadiyyat / Əhməd bəy Ağaoğlunun sosial-iqtisadi düşüncələri

Əhməd bəy Ağaoğlunun sosial-iqtisadi düşüncələri

Əhməd bəy Ağaoğlu milli düşüncələri ilə yanaşı, liberal düşüncələri ilə də tanınır. Buna baxmayaraq yazıda haqqında danışacağımız sosial-iqtisadi düşüncələrindən də görünəcəyi kimi, Əhməd bəyin düşüncələri fərdiyyətçiliyə yox, cəmiyyətçiliyə əsaslanır. Uzun illər aktiv şəkildə yazılar yazan Əhməd bəy həmrəylik, əmək, işsizlik, işsizlik müavinətləri, ümumi sosial-iqtisadi vəziyyət, vergilər, müstəmləkə iqtisadiyyatı kimi iqtisadi məsələlərə əsərlərində geniş yer vermişdir.

Əhməd bəyin iqtisadi düşüncələrinin geniş şəkildə öz əksini tapdığı əsərlərindən biri “Sərbəst insanlar ölkəsində” əsəridir. Bu əsərdə Əhməd bəy görmək istədiyi ideal cəmiyyəti bədii dillə təsvir edir. Bu baxımdan “Sərbəst insanlar ölkəsində” əsərinə Əhməd bəy Ağaoğlunun “Utopiya adası” da demək olar. Əhməd bəyin əsərlərində, xüsusən də “Sərbəst insanlar ölkəsində” toxunduğu məsələlərdən ən əsası həmrəylik iqtisadiyyatıdır. Bu yanaşmalarında Əhməd bəy insanları qarşılıqlı köməkləşməyə, cəmiyyətin xeyrinə işləməyə və eqoizmdən qurtulmağa çağırır. Həmrəyliyə verdiyi önəmi Əhməd bəy Sərbəst insanlar ölkəsinin əsas qanunlarında aşağıdakı kimi göstərmişdir:

“Həmrəylik vəzifədir. Bu vəzifəni icra etməyənlər ölkə vətəndaşlığını itirirlər. (1, s.190)

Daha sonra əsərin davamında bu qanunu diyarı öyrənməyə çalışan şəxslə pirlər arasındakı dialoqda açıqlayır:

– Onuncu maddədə deyilir ki, həmrəylik hamıya borcdur. Bu nə deməkdir?

– Bəli. Sərbəst ölkənin fərdləri arasında həmrəylik əsasdır. Bir azad olmayan yerlərə baxın. Orada fərdlər və ailələr ayrı-ayrı yaşayırlar, aralarında əlaqə və münasibət çox azdır… Burada əsas məsələ ayrılıqdır, eqoizmdir. Vətəndaşlar bir-birinə yaddır; hər kəs başqasına laqeyddir. Belə bir cəmiyyətin fərdlərini əzmək asan olduğu kimi, cəmiyyət özü də cansız, qansız əsgi parçası kimi atılıb tutulur, oyuncağa çevrilir.

 Sərbəst ölkədə isə əsas məsələ birlikdir, fədakarlıqdır. Burada hamının bir-biri ilə maraqlanması, bir-birinin müqəddəratında iştirak etməsi bir adətdir. Burada vətəndaşlıq bir tordur ki, içinə girən insanlar bir-birinə bitişik halqalar kimidirlər. Halqalardan birinə üz verən illət dərhal digərlərinə təsir göstərir, onlara əzab verib rahatlıqlarını pozur və o illət yox olmayınca bu ümumi və müştərək rahatsızlıq davam edir.

Burada hamı bir-birinin haqqı, şərəfi, heysiyyəti üçün cavabdehdir. “Mənə nə?”, “Ləzzət ona uzaqdan baxıb tamaşa etməkdir”, “Ay canım dünyanı nizama salmaq sənəmi qalıb?” kimi eqoist iddialar bu ölkədən qovulmuşdur. (2, s. 201-202)

Göründüyü kimi Əhməd bəy insanları eqoizmdən uzaq durmağa çağırır və onlar arasında qarşılıqlı əlaqələrin olduğuna diqqət yetirir. Əsərin davamında, Cəmiyyət həyatının təməl daşı başlığında Əhməd bəy yenidən dialoq şəklində həmrəyliyə toxunmuşdur:

– Ustad nizamnamədəki təavün nə deməkdir?

– Təavün vətəndaşların bir-birlərinin halına qalmaları və bir-birinə yardım etmələridir. Bu qayda cəmiyyət həyatının əsasıdır, təməl daşıdır. Təavün özü də iki cürdür: mənəvi və maddi. Özünü azad və kamil sayan cəmiyyətdə mənəvi və maddi yoxsulluq və ehtiyaca tutulmuş vətəndaşların olması o cəmiyyət üçün ağır bir ləkədir. Bu hal cəmiyyətin öz vəzifəsinin öhdəsindən gəlmədiyinə bir dəlildir. “Vətəndaş” dediyin adam cahil və ya əxlaqsızdırsa, dilənçi və ya acdırsa, bunun məsuliyyəti cəmiyyətin üstünə düşür. Belə bir cəmiyyət ya vəzifələrini anlamır, ya da bu vəzifələrə əməl eləmir ki, halın nöqsan olduğu aşkardır.

– Fərd xətrinə cəmiyyəti bu vəzifə ilə yükləməyin səbəbi nədir?

– Əvvələn bilməlisən ki, cəmiyyət fərdlərdən, fərdlərin birləşməsindən doğur və ona görə də hər bir cəmiyyət onu yaradan fərdin hal və vəziyyəti ilə istər-istəməz bağlıdır. Sonra: azad və sərbəst ölkədə hər vətəndaş ölkənin müqəddəratında iştirak edir və malik olduğu seçki səlahiyyəti ilə nümayəndələrini seçərək onların vasitəsilə qanun yaradır… (3, s. 246-247)

Yazılan düşüncədən də göründüyü kimi Əhməd bəy qarşılıqlı köməkləşməni cəmiyyət həyatının təməl daşı sayır. O, bu köməkləşməni maddi və mənəvi olmaqla iki yerə ayırır.Məsələnin maddi tərəfi iqtisadi məsələləri əhatə etdiyi halda, mənəvi tərəfi maddi tərəfi ilə dolayı yolla bağlı olan təhsil, əxlaq kimi məsələlər başda olmaqla sosial prosesləri əhatə edir. Əhməd bəy Ağaoğlunun bu düşüncəsində cəmiyyət-fərd, fərd-dövlət arasındakı əlaqə və vəzifə bölgülərinə də toxunur. Cəmiyyət üçün fərd və fərd üçün cəmiyyət yanaşmalarından da eyni zamanda çıxış edərək kollektivizm və fərdiyyətçilik arasında aralıq mövqe tutur. Əhməd bəy qarşılıqlı köməkləşmədən məhrum olan cəmiyyətlərdə dilənçilik, yoxsulluq və əxlaqsızlıq kimi halların geniş yayılacağına işarə edərək, bu kimi insanların öz sosial vəzifələrinin öhdəsindən gələ bilməyəcəyini bildirir. Onun xüsusən vurğuladığı ölkə müqəddəratında iştirak etmək və seçkini buna misal göstərmək olar. Əhməd bəy cəmiyyətdə yaranacaq bu kimi halların “günahını” cəmiyyətin öz üzərindən atması ilə də razılaşmayaraq, özünü bu sosial vəzifələrdə görməyən şəxslərin ya xəstə, ya da bəd niyyətli olduğunu vurğulayır. Fərd, cəmiyyət və dövlət arasında böldüyü vəzifələrdə dövlət sosial təminat müəssisələrinin qurulması ilə vəzifələndirilmişdir. Əhməd bəy “Sərbəst insanlar ölkəsində” əsərində bu sosial təminat müəssisələrinin işləyişindən yazarkən onların dövlət təminatlı olmasını vurğulamışdır. (3, s. 246-247)

Bu dövlət təminatlı sosial müəssisələrdən danışarkən Əhməd bəy məktəb, elmi institutlar, akademiya, səhiyyə, işlə təmin etmə şöbələri, kitabxanalara xüsusi diqqət yetirir. Məktəblərdən danışarkən burada qız və oğlanların birlikdə və bərabər hüquqlarda təhsil ala biləcəyini yazır. Təsvir etdiyi ideal məktəblərdə varlı və kasıb uşaqları eyni hüquqlara sahibdir. Eyni zamanda onların təhsil haqları, qidalanması, kitab və s. məktəb ləvazimatları dövlət təminatlıdır. Bu sosial təminatların dövlət büdcəsinə yük kimi baxılmasına qarşı mövqeyini Əhməd bəy “Sərbəst insanlar ölkəsində” əsərində keçən dialoqla ortaya qoyur:

– Axı, ustad, bu üsullar dövlətə çox baha başa gəlmirmi?

 – Milyardlar bahasına başa gəlir. Amma dövlət heç bir şey itirmir. Çünki məmləkətimiz bilik sayəsində çox varlanmış və dövlət büdcəsi çox kamildir.

– Vergilər yoxsulları əziyyətə salmırmı?

– Bizdə vergilər çox vaxt sərvət üzərinə yüklənir.

– Çox yaxşı. Amma yoxsulların uşaqlarını oxutmaq varlıların öhdəsinə düşürmü?

– Bəli, çünki, əvvələn, yoxsullarla həmvətəndirlər və həmvətənlər bir-birinə təavün yolu ilə bağlıdırlar. Sonra, əslinə qalsa, yoxsul uşaqların oxumaları varlılıarın mənafeyinə uyğundur. Çünki axırı o uşaqlar o varlıların müəssisələrində, fabriklərində, emalatxanalarında usta və fəhlə sifətilə işləyəcəklər. Oxuyub yazmağı bacaran, gözüaçıq fəhlə ilə cahil bir fəhlənin verdiyi xeyir arasında ciddi fərqlər var. Bu sərvətlə varlılar bu xüsusda göstərdikləri fədakarlığın əvəzini artıqlaması ilə alırlar. (4, s. 247-248)

Göründüyü kimi Əhməd bəy iqtisadi rifahın təmin olunmasında biliyin roluna xüsusi önəm verir və onu sərvətin mənbələrindən biri kimi dəyərləndirir. Eyni zamanda bu sosial təminatların qarşılanmasında tətbiq olunan vergi sistemində əsas yükü sərvəti olan təbəqənin üzərinə qoyur. O dövr üçün mütərəqqi vergi sistemi kimi tanınan bu yanaşma, hal hazırda bir sıra ölkələrin vergi sistemində, xüsusən də, Skandinaviya ölkələrində öz əksini tapmışdır. Əhməd bəy bu cür vergi sisteminə “Sərbəst insanlar ölkəsində” əsərinin “Parlamentdə nələr gördüm?” başlığında da toxunmuşdur. (5, s. 230)

Bundan başqa vergilər haqqında danışarkən, vergidən daxil olan gəlirlərin səmərəli xərclənməsi məsələsinin vacibliyinə də toxunmuşdur. Əhməd bəy yazırdı ki, əhali boğazından kəsib vergi verdiyi məbləğin düzgün əllərdə olduğuna və səmərəli sərf olunacağına inanmalıdır. (6, s. 203)

Düşüncəsinin davamında qarşılıqlı köməkləşmə və həmrəylik prinsiplərinə yenidən toxunan Əhməd bəy varlıları kasıblara dəstək olmağa çağırır və onların həm də şəxsi maraqlarına müraciət edərək bu məsələdə stimullaşdırırdı.

Əhməd bəyin insanlar arasında qarşılıqlı köməkləşmə və həmrəylik məsələlərindən bəhs etdiyi əsərlərindən biri də “Könülsüz olmaz” əsəridir. (7, s. 96) Bu əsərində Əhməd bəyin toxunduğu başlıca məsələlərdən biri də kəndlilərin sosial-iqtisadi vəziyyətidir. Bədii üslubda yazılmış bu əsərdə Əhməd bəy kəndlilər və şəhərlilər arasında kəskin sosial-iqtisadi uçurumun doğura biləcəyi fəsadlara xüsusi diqqət yetirmişdir (7, s. 102) Bu əsərində Əhməd bəy millətin bir parçası olan kəndlilərin də yüksək şəkildə inkişaf etməsi üçün dövlət, cəmiyyət və kəndlilər qarşısında müəyyən vəzifələr qoymuşdur. Dövləti kəndlilərin sosial vəziyyətini yüksəltmək, şəraitlərini yaxşılaşdırmaq və kəndlilərin üzərinə imkanlarına uyğun vergi qoymaqla vəzifələndirən Əhməd bəy kəndliləri də dolanışıqlarını yüksəltmək üçün həmrəy olmağa, qıtlıq və bolluqda birgə işləməyə səsləyir. (7, s. 96; 109-110)

Əsərin adında da öz əksini tapan “Könülsüz olmaz” deyiminə tez-tez toxunan Əhməd bəy ixtisaslaşmanın, elmdə və mövqedə yüksəlməyin yetərli olmadığını, işə ağılla yanaşı könülün də qoyulmalı olduğuna diqqət çəkməyə çalışır. (7, s. 115) Bu əsərində də eqoizmi sərt dillə tənqid edən Əhməd bəy insanları “Mənə nə?” və “Palaza bütün, ellə sürün” ruhundan uzaq olmağa çağırır. (7, s. 115-116)

Əhməd bəy yazılarında fərdlərə və fərdi iradəyə xüsusi önəm verirdi. Buna baxmayaraq onun üstün gördüyü yüksək fərdlər eqoizm, mənfəətçi fərdiyyətçilik kimi düşüncələrdən təmizlənməli idilər. Əhməd bəyin nəzərdə tutduğu üstün fərdlərin başlıca məqsələrindən biri də üstün cəmiyyətin hissəsinə çevrilməkdir. Bu baxımdan həmrəylik düşüncələri ilə yaxınlıq təşkil edən mənfəətçi fərdiyyətçilik və eqoizmə qarşı olan düşüncələrini də xüsusi olaraq qeyd etmək olar. Əhməd bəy “Sərbəst insanlar ölkəsində” əsərində çıxış edən natiqin dilindən yazırdı:

… Xarakter fərdin göstərdiyi səbat və mətanətdir. Xarakter həm xeyir, həm də şər qaynağı ola bilər. Eqoizmdən ruhlanan xarakter şər qaynağıdır. Fərdi xarakter xeyir qaynağı olmaq üçün mütləq fədakar olmalıdır. Fədakarlıq, yəni şəxsi mənafeyini başqaları üçün fəda etmək xassəsi insana təbiətdə üstünlük verən hərəkətdir… Fərdlər və cəmiyyətlər arasındakı fərqlər də yenə bu məziyyətin inkişaf dərəcəsi ilə ölçülür. Bir fərd və bir cəmiyyət yüksəldikcə bu məziyyət artır. Əksinə, fərdlər və cəmiyyətlər alçaldıqca bu sifət azalır… Öz fərdləri arasında bu xasiyyətin yayılmasına və qüvvətlənməsinə çalışmaq gələcəyi düşünən bir cəmiyyət üçün borcdur. Fərdləri ümumi mənafe yolunda fədakarlığa hazır olan mühitlərdə həm fərdlərin, həm də camaatın səadəti təmin olunur. Fərdləri başqalarına laqeyd və qayğısız olan mühitlərdə isə həm fərdlərin özü, həm də camaat pərişan olub alçalır… (8, s. 212)

Göründüyü kimi Əhməd bəy eqoizmi tənqid edir və onu şər qaynağı hesab edir. Əhməd bəyin düşündüyü iqtisadi fədakar adam modelində fərdlər cəmiyyətin inkişafı üçün şəxsi mənafeyini cəmiyyətin xeyrinə qurban verməli idilər. Əhməd bəy eqoizm və mənfəətpərəstliyə qarşı mübarizəni cəmiyyətin qarşısına vəzifə kimi qoyur.  Bu meyillərlə mübarizəyə hələ uşaqlıq yaşından başlanılmalı olduğuna diqqəti çəkən Əhməd bəy, uşaqlarda olan mənfəətpərəstlik və eqoizmə qarşı mübarizəni müəllim, ata-ana, ədib və mütəfəkkirlər qarşısında borc kimi qoyur. Bu zaman müəllim və ədiblərin rolunu yüksək qiymətləndirən Əhməd bəy müəllimləri uşaqları düzgün tərbiyələndirməyə, ədibləri isə yazdıqları əsərlərdə müsbət obrazlar yaradaraq uşaqları düzgün istiqamətləndirməyə çağırırdı. (8, s. 212-213)

Eqoizm və özünə qapanmaya “İxtilalmı, inqilabmı” əsərində də qarşı çıxan Əhməd bəy yazırdı:

“Qınına girmiş bir insan ki, o qından başqa bir şey görməz, hiss edə bilməz, bütün narahatlıqları, düşüncələri o dar mühitin içində dolaşar”. (9, s. 46)

Əhməd bəy bu kimi halların qarşısını almaq, sosial və iqtisadi baxımdan yüksəlmək üçün fərdlərin ictimai bağ və quruluşlarda birləşməsini xüsusi vurğulayırdı. (9, s. 45)

Əhməd bəyin fərdi maraqlar və cəmiyyət maraqlarını qarşı-qarşıya qoyduğu əsərlərindən biri də “Mən kiməm?” əsəridir. Bu əsərdə Əhməd bəy öz içində gedən daxili mübarizəni obrazlı şəkildə qələmə alıb. Əsərdə Əhməd bəyin İçim və Çölüm olaraq adlandırdığı iki qarşı təbiətli xarakteri bir-biri ilə mübarizə aparır. İçim obrazı burada cəmiyyətçiliyi, fədakarlığı, həmrəyliyi, Çölüm obrazı isə eqoizmi, fərdiyyətçiliyi və xudbinliyi özündə əks etdirir.Bunu Əhməd bəy əsərdə bu şəkildə açıqlayır:

Fikir verdim, gördüm ki, Çölümlə İçim arasındakı bütün təzadların bircə qaynağı var – Eqoizm! Çölümün ən canlı səciyyəsi özünü istəməkdir, öz nəfsini və faydasını hər şeydən üstün tutmaqdır. Əsl bəla budur, bütün digər təzadlar bundan doğur.

Həqiqətdə mənim İçim çox yüksək, nəcib, əsl insani duyğularla doludur. İnsaniyyət, haqq, Vətən və vətəndaş uğrunda mal və nəfs fədakarlığı onun ən sevdiyi şeylərdir… Heç şübhə yoxdur ki, mənim İçim qüvvətli bir altruizm eşqi daşımaqdadır və yüksək əməllər uğrunda hər cür fədakarlıqlara hazırdır. Lakin nə çarə ki, qarşısında dimdik dayanan Çölüm bunun tam əksinədir… (10, s.51-52)

Bu əsərində başqasını sevməyi (altruizm) başqası üçün öz istəklərini, sövqlərini, iştahalarını, öz mənfəətini, hətta öz nəfsini qurban vermək olaraq qiymətləndirən Əhməd bəy fərdlərində bu meyilləri inkişaf etdirməyə çalışan mühitlərin digərlərindən güclü olduğunu yazırdı (10, s. 56)

Əhməd bəyin fərdiyyətçi və cəmiyyətçi düşüncəni qarşı-qarşıya qoymasına əsərin davamında da rast gəlmək mümkündür:

… İçim deyir ki, “Zənginlik və vəzifə sahibi olmaq arzusu, bəzi şərtlər nəzərə alınırsa, bunlar çox təbii, həm də fərdin özü üçün deyil, camaat üçün də son dərəcə faydalı arzulardır. O cümlədən, məsələn, bir sahədə çalışıb qabağa düşmək, qənaət etmək, nizam-intizam içərisində yaşamaq yolu ilə əldə edilən bir sərvət sahibi üçün deyil, həm də mühit üçün bir xeyir mənbəyidir. Bir sözlə, bilik, zəka və qabiliyyət sahibi birisinin yalnız və yalnız çalışqanlığına əsaslanaraq dayanmadan irəliləmək istəməsi onun özündən daha artıq camaat üçün faydalıdır”…

Lakin Çölüm heç cür bununla razılaşmaz! O, dərhal irəli atılaraq mənə deyir: “Bu həyatdan baş çıxarmayan axmağa baxsan, ac və səfil qalarsan. Dünya görmüş, təcrübələrdən çıxmış sən, mənə qulaq as! Asan bir yol tapıb zənginə, bir zəmanə adamına çevril! Zəhmət çəkmədən, bir kombinasiya qurmaqla zənginləşmək, birdən birə və heç kimin gözləmədiyi bir anda yüksək bir vəzifədə görünmək nə gözəl şeydir – anlayırsanmı?! Səndə, xanımında, uşaqlarında, qohumunda, bir sözlə hamıda dərhal bir dəyişiklik baş verir. Baxışlar, yerişlər dəyişir, boylar ucalır, başlar qalxır və necə deyim, necə anladım, adamı heyran qoyan tablolar ortaya çıxır. Dərhal hamınızda rəqs meydançalarına, ballara və barlara getmək ehtiyacı yaranır. Gəlirsiniz, hər kəsin başı sizə tərəf çevrilir, bəziləri gözləri ilə, bəziləri barmaqları ilə sizə işarə edərək “Bax, odur!” – deyə bir-birlərinə pıçıldayırlar.

Siz də ətrafı ani nəzərdən keçirərək əvvəlcədən hazırlanmış masanın arxasına keçirsiniz və məclis başlayır. Səhərə qədər yeyir, içir, gülürsünüz, haqq-hesab kağızı gətirilərkən sizə həsrətli nəzərlərlə baxanların gözləri önündə xidmətçiyə “çaypulu” kimi bir on lirəlik fırlatmaqdan da ləzzətli bir şey varmı görəsən? Yoxsa, get yığımcılıqla, qənaətlə zəngin olmağa çalış! Ölmə eşşəyim ölmə, yaz gələr yonca bitər! Bu dünyaya iki dəfə gəlmirik. Gəlmişkən yaşamaq, həm də, sözün həqiqi mənasında gözəl yaşamaq lazımdır. Və bunun üçün də asan yol seçilməlidir”.

İçim əsəbiləşir, hiddətlə meydana atılır:

– Divanə! – deyir.

– Sənin göstərdiyin yolla yürüyənlərin yurdlarında bayquşlar ulayır, övladları acından dilənirlər. Nə qədər ailənin ocağı tüstülənməkdə davan edir? Bunlar sənin göstərdiyin yolla gediblər və özlərinə bərabər ictimai sərvətləri də havaya sovurublar!

Çölüm gülərək cavab verir:

– Məndən sonra övladlarım ac qalacaqmış! Mənə nə? Onlar da mənim kimi yolunu tapıb yuvalarını qursunlar. Guya onların yerinə mən yaşayacam! İndilik qoy mən yaşayıram, sonrasını onlar düşünərlər… Sonra bir də ki, mən pulu sərf etmək, xərcləmək üçün sevirəm, saxlamaq, bir-birinin üstünə yığmaq üçün yox! (10, s. 67-68)

Göründüyü kimi qeyd olunan bu düşüncədə Əhməd bəy İçim olaraq adlandırdığı müsbət obrazını “Biz” mövqeyindən, Çölüm olaraq adlandırdığı fərdiyyətçi və mənfəətpərəst obrazını isə “Mən” mövqeyindən çıxış etdirir. Əhməd bəy cəmiyyətin xeyrinə sərf olunan vəzifə və sərvəti müsbət qiymətləndirir. Çölüm tərəfindən deyilən düşüncələri hər nə qədər cəlbedici şəkildə bəzəsə də, bu cür həyat tərzini ictimai tərvəti havaya sovuran həyat tərzi olaraq qələmə almışdır. Əhməd bəy oxşar düşüncələrə “Sərbəst insanlar ölkəsində” əsərində də yer vermişdir. Burada da sərvət və mənsəb sahibi olmanın hər iki yolunu göstərərək, doğruluq, dürüstlük və zəhmətə əsaslanan yola qəti şəkildə üstünlük verir. (11, s. 217)

Əhməd bəy fərdlərə cəmiyyətlə bağlı vəzifələr yükləyərkən, bunun əksinə olaraq dövlət və cəmiyyət qarşısında da fərdlərlə bağlı öhdəliklər qoyur. Əhməd bəy fərdin özünü cəmiyyətinə həsr edə bilməsi üçün onun maddi və mənəvi zövqlərinin təmin olunmasının önəminə də toxunur. Bu təminatlar olmadığı halda fərdlərin istər-istəməz fədakarlığa səy göstərməyəcəyini vurğulayır. Bu haqda Əhməd bəy “Sərbəst insanlar ölkəsində” əsərində yazırdı:

– Ustad! Deməli, bura bir qardaşlıq yurdudur. Hamı bir-birinin və dövlət də onların qayğısını çəkir, bir-birinin imdadına çatır. Heç kəs gözdən uzaq, könüldən iraq qalmır.

– Bəli, bəli. Elə buna görə də biz yurdumuzu bu qədər sevirik, təhlükə baş verəndə bir nəfər kimi hərəkət edir və vətənimizin hər qarşısını düşməndən qorumaq üçün qanımızı əsirgəmirik.

– Deməli, öz milli əzminizi buradan alırsınız?

– Əlbəttə. Vətənpərvərlik heç də mücərrət bir hiss deyildir. Əslində ən ibtidai insan belə doğulduğu və göz açıb böyüdüyü yeri sevər; çünki ona bir çox xatirələrlə, ənənələrlə, duyğularla bağlıdır. Lakin o şəxsi vətən və vətəndaşlar uğrunda fədakarlıqlara yönəltmək üçün bu ibtidai hiss kafi deyildir. İbtidai hissin bu dərəcəyə çatması üçün gərək Vətən o fərdin bir çox mənəvi və maddi zövqlərini təmin etsin. Burada, azadlıq, şərəf, can, mal və vicdan əmniyyəti, bilik və mədəniyyət kimi yüksək mənəvi və maddi rifah və səadət şərtdir. Yoxsa bəhs etdiyimiz hiss ibtidai bir səviyyədə qalar və kiçik bir sədəməyə də tab gətirməz. Görmürsünüz ki, ibtidai qövmlərdə və yaxud istibdada tutulmuş mühitlərdə cəmiyyət bir qum yığını kimi olur? Kiçik bir küləyin sədəməsi ilə bunlar tar-mar olub gedirlər. Çünki fərd onun maddi və mənəvi zövqlərini təmin etməyən və əksinə, onu daim cəbr, cəfa, yoxsulluq və ehtiyac içində saxlayan bir mühit üçün özünü niyə görə fəda etsin? Yaxud, bu zövqləri təmin edən mühitləri götürək: orada fərdlər bir-birinə yekparə qaya kimi bitişikdir və ən şiddətli hücumlara da birlikdə köks gərib dəf edirlər. (12, s 250-251)

 

ƏDƏBİYYAT

  1. Sərbəst insanlar ölkəsinin əsas qanunu. Sərbəst insanlar ölkəsində. Əhməd bəy Ağaoğlunun seçilmiş əsərləri.
  2. Sərbəst ölkənin ilk hüriyyət qəhrəmanı. Sərbəst insanlar ölkəsində. Əhməd bəy Ağaoğlunun seçilmiş əsərləri.
  3. Cəmiyyət həyatının təməl daşı. Sərbəst insanlar ölkəsində. Əhməd bəy Ağaolunun seçilmiş əsərləri.
  4. İbtidai məktəbdə və kitabxanada. Sərbəst insanlar ölkəsində. Əhməd bəy Ağaoğlunun seçilmiş əsərləri.
  5. Parlamentdə nələr gördüm? Sərbəst insanlar ölkəsində. Əhməd bəy Ağaoğlunun seçilmiş əsərləri.
  6. Xalq idarəsində dövlət. Sərbəst insanlar ölkəsində. Əhməd bəy Ağaoğlunun seçilmiş əsərləri.
  7. Könülsüz olmaz. Əhməd bəy Ağaoğlunun seçilmiş əsərləri.
  8. Kinoda görüb eşitdiklərim. Sərbəst insanlar ölkəsində. Əhməd bəy Ağaoğlunun seçilmiş əsərləri.
  9. İxtilalmı, İnqilabmı. Əhməd bəy Ağaoğlu.
  10. Mən kiməm? Əhməd bəy Ağaoğlu.
  11. Həqiqətə hörmət. Sərbəst insanlar ölkəsində. Əhməd bəy Ağaoğlu.
  12. On-on beş günlük möhlət. Sərbəst insanlar ölkəsində. Əhməd bəy Ağaoğlu.

Haqqında Əli Qurbanlı

Əli Qurbanlı

Həmçinin bax

20-20-1386-4-11-16-55-46-888e-1

Əli Şəriəti-Özə qayıdış kitabından hissə

Kültür Avropalı sosioloqlar və düşüncə məktəblərinin sahibləri “kültür” sözünün üzərində çoxca dayandılar. Moris Debrey (Maurice ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *