Məqalə Məhəmməd Əmin Rəsulzadənin müəllifi olduğu və “Çapar” yayınları tərəfindən dərc olunmuş “Azərbaycan Mübarizə Yolunda” kitabının başlığı əsasında hazırlanmışdır.
***
Azərbaycan xalqının qanlı mübarizələr fonunda işğala qarşı necə dirəndiyini sizə təqdim etdik. İşğalın ilk günlərinə təsadüf edən bu üsyanlar yerindəcə boğuldu. Buna baxmayaraq, bir neçə qaçaq dəstəsı dağlarda gizlənərək əlverişli şərait düşən kimi kommunistlərə və bolşevik güclərinə hücum edirdilər. 1924-cü ildə yazdığı raportunda Daxili işlər üzrə komissar olan Bağırov qaçaqlarla 64 toqquşma halının baş verdiyini qeyd etmişdi.
Sistematik siyasi fəaliyyət ilə çiyin-çiyinə davam edən bu silahlı mübarizə bir an belə olsun sistemə rahat fəaliyyət göstərməyə imkan vermirdi.
Azadlıq hərəkatına Müsavat partiyası və onun təşkil etdiyi Azərbaycan Azadlıq Komitəsi başçılıq edirdi. Elanlarından birində Komitə bolşevikləri qəsbkar adlandıraraq xalqı müstəqilliyini yenidən bərpa etməyə səsləyirdi.
Müsavat partiyası və Milli Azadlıq Komitəsi daimi olaraq qeyri-qanuni yollarla elan, broşür və qəzetlər dərc edirdi. Ölkənin milli düşüncədə olan insanları onların ətrafında birləşmişdilər.
Bu kütlənin arasında yaşlı və cavan nəslin nümayəndələri, intellektuallar, kəndlilər, işçilər bir sözlə hər təbəqədən insanlar var idilər.
Müstəqillik carçıları ilə bolşeviklər arasında davam edən bu qanlı mübarizə ölümlə nəticələnirdi. 1922-ci ildən etibarən müsavatçılar ya kütləvi şəkildə həbs olunaraq “Çeka” zirzəmilərinə atıldılar, ya da həbs olunmuş bir şairin “buzlu cəhənnəm” adlandırdığı uzaq şimal ölkələrinə sürgün olundular.
1923-cü ilin avqustunadək 2000 müsavatçı həbs olunmuşdu. Eyni ilin dekabr ayının əvvəllərində bolşeviklər “İstiqlal” qəzetinin gizli fəaliyyət göstərən nəşriyyatını aşkar edərək məhv etdilər.
Kütləvi həbslər 1924, 1925, 1926 və 1927-ci illərdə də davam etdi. Bir çox məhbus güllələndi.Dözülməz işgəncələrə məruz qalan bir çox şəxs ağlını itirdi. Yerdə qalanlar da “buzlu cəhənnəm”ə sürgün olundular.
Son üç ilin də sakit keçdiyini deyə bilmərik. Mövcud vəziyyətlə daha yaxından tanış olmaq üçün 1929-cu il 23 dekabr tarixində Azərbaycan Milli Təşkilatının Prezidentinin BMT-nin İnsan Haqları Liqasına təqdim etdiyi sənədə nəzər salaq:
“Etibarlı mənbələrdən aldığımız məlumata görə, o yazıqlar dəhşətli işgəncələrə məruz qalıblar. Həyata keçirdikləri bir sıra “aclıq aksiyaları’’ ilə diqqət çəkməyə müvəffəq olmadıqlarından, onlar “ölüm aclığı” etməyə məcburdurlar. Hüquqi qurumlar onlara diqqət etməsələr, ölümə məhkumdurlar. Artıq ixtisasca müəllim olan Mir Abdul Qəni həyatını itirib, tanınmış iqtisadiyyatçı Məhəmmədhəsən isə aclığın iyirminci günündə ağlını itrib. Yeganə tələbləri siyasi məhkum kimi tanınmaq və ana dillərində məktub yaza bilmək olan digər 45 məhkum haqqında isə, çox təəssüf ki, heç bir xəbər ala bilmirik. Bu insanların çarəsizliyi rejimin həmvətənlərimizə tətbiq etdiyi zülm haqqında açıq təsəvvür yaradır. Nəzərə almalıyıq ki, bu haqsızlığa yalnız azadlıq carçıları deyil, həmçinin vicdanını heç bir halda satmağa razı olmayan minlərlə insan məruz qalmışdır. Demək olar ki, hər gün intellektual kəsimdən kimsə qətlə yetirilir, həbs və ya sürgün olunur.
Şərq və müsəlman dünyasında ilk respublikanı yaradan, Qərb dəyərlərini qeyd-şərtsiz mənimsəmək istəyən bir xalqa qarşı qeyri-insani formada təzyiq göstərən, fərdi hüquqlarımızı tapdalayan, mənəvi irsimizi dağıtmağa çalışan bu demokratiya və sivilizasiya düşməni rejimə qarşı bütün dünyanın önündə etiraz edirik”.
Bütün bu təqiblərə baxmayaraq, Azərbaycanda milli ruh kommunizm üzərində üstünlük qazanır. Tam milli azadlıq ideyası geniş kütləni əhatə etməklə yanaşı qapalı kommunist çevrələrinə daxil olur. Azərbaycan Sovet hökumətinin başçısı Nərimanovdan tutmuş Azərbaycan Kommunist Partiyasının katibi Xanbudaqova qədər bir çox “uklonistin”[1] arasında bu düşüncə sürətlə yayılmaqda idi. Onlar Mərkəzin Azərbaycanın daxili işlərinə qarışmamasını tələb edirdilər. Lakin bu tələb Moskva tərəfindən “kiçik burjuaziyanın itaətsizliyi” kimi qiymətləndirildi və partiyanın bu üzvlərdən təmizlənməsi ilə nəticələndi. Hətta gənc kommunistlər təşkilatı olan Komsomol da Moskvaya tabe olmaq istəmirdi. 1923-cü ildə yazdığı hesabatda Bakı Kommunist Partiyasının katibi Mirzoyan təşkilatın 40% komsomoldan təmizləndiyini qeyd edirdi. O həmçinin məktəblərdə təşkilatçıları komsomollar olan Müsavat icmalarının olduğunu vurğulayırdı.
Bakı Sovetinin 16-cı iclasında çıxışı zamanı Daxili İşlər üzrə komissar Bağırov bir çox Sovet qurumunda müsavatçıların olduğunu qeyd edirdi. Daha sonra hakimiyyət orqanları Müsavat Partiyası Mərkəzi Komitəsinin məktəb müəllimləri üçün hazırladıqları gizli təlimatı tapdılar. Təlimatda müəllimlərə şagirdlərə milli azadlıq ruhunu və rus bolşevizminə nifrəti aşılamağın yolları izah olunurdu.
1928-ciildə tanınmış kommunist Ruhullanın məktəbləri kommunist olmayan elementlərdən təmizləmək cəhdi uğursuz oldu. Səbəb isə sadə idi. Kommunist müəllim yox idi.
Ədəbiyyat sahəsidə də vəziyyət oxşar idi. On il davam edən sovetləşdirmədən sonra Azərbaycan ədəbiyyatına “peterburqistlər” hakim kəsilmişdi. Lakin qarşılaşdığı çətin şəraitə baxmayaraq, milli poeziya proletar poeziyasından daha çox maraq doğururdu. Gənc kommunist şairlərin hamısı əsərləri bütün dünyada məşhur olan milli şairlərin təsirinə məruz qalmışdı. Gənc yazarlar rəy almaq üçün əsərlərini milli yazarımız Cavada təqdim edirdilər. (“Kommunist” qəzeti, 2756/24.X.1929)
Bolşeviklər bu faktlarla mübarizə aparmaq üçün “mənəvi terror” yolunu seçdilər. Bu məqsədlə onlar Sovet hakimiyyətinə qarşı olan yazıçıları hədəfə alan qətnamələrin qəbul edildiyi “məktub yazıçıları” konfransları təşkil edirdilər.
Əyalətlərdə oxuyan tələbələr ali məktəblərin milliləşdirilməsi üçün tez-tez nümayişlər təşkil edirdilər. Müxaliflərin əsas tələbləri Azərbaycanda fəaliyyət göstərən Sovet qurumlarında dilin və kadr siyasətinin milliləşməsi idi.
İqtisadi sahədə də bolşevik hakimiyyəti ciddi maneələrlə qarşılaşır. Kəndlilər hökumət torpaqlarında işləməkdən imtina edirlər, əldə etdikləri məhsulu dövlət tərəfindən təyin olunmuş qiymətə satmaq istəmirlər, sovet korporativlərini boykot edir, Sovet hökumətinə məxsus taxıl anbarlarını və sənaye obyektlərini dağıdırlar.Məsələn,bir kəndli qrupu Qarasaqqa kanalının üzərində yerləşən bəndi dağıdaraq “kollektivə” və koloniyaçılara məxsus yem ehtiyatını məhv etmişdi.
1928 və 1929-cu illərdə türmələr vergi vermək istəməyən, antibolşevik təbliğatı aparmaqda şübhəli bilinən, antikommunist tədbirlərdə iştirak edən kəndlilər ilə dolu idi.
Bir çox intellektuallar sabotaj şübhəsi ilə təqib olunurdu.
Kiçik bir broşürdə Azərbaycan xalqının bütün
insanlıq tarixində mövcud olmuş ən vəhşi və qorxulu tiranlığa qarşı şanlı
mübarizəsini təqdim etmək, təəssüf ki, mümkün deyil. Bu başlığı bitirərkən qeyd
etməliyik ki, hazırda Azərbaycan daxilindəki milli qüvvələr və dünyanın hər tərəfinə
səpələnmiş mühacirlər şiddətli mübarizə aparırlar. İstanbulda çap olunan “Odlu Yurd” qəzeti[2] bu
azadlıq ideyasını və sarsılmaz mübarizəni işıqlandıran mətbu orqandır.
[1] Uklonistlər – Kommunist partiyası mərkəzinin yürütdüyü siyasətə qarşı çıxan partiya üzvləri
[2] Qəzetin təsisçisi və redaktoru M.Ə.Rəsulzadədir