1990-cı il yanvar ayının 19-da Ali Sovet Rəyasət Heyəti Mixail Qorbaçov tərəfindən imzalanmış “Bakıda Fövqəladə vəziyyətin elanı” ilə bağlı fərmanı təsdiqlədiyini açıqladı. Fərmanda bildirilirdi ki, “Bakıdakı sosial gərginliyi azaltmaq, cinayətkar ekstremist güclərin hakim dövlət orqanlarının qanuniliyini aradan qaldırma cəhdləri, vətəndaşların mühafizə və təhlükəsizliyini təhdid edən kütləvi iğtişaşları yatırmaq məqsədilə SSRİ Konstitusiyası 119-cu maddəsinin 14-cü bəndinə əsasən 20 yanvar 1990-cı il tarixindən Bakı şəhərində fövqəladə vəziyyət elan edilsin” [1].

Qərarın qəbul edilməsinə zəmin yaradan etnik və siyasi məsələlərdən ilki 1987-ci ilin sonlarında yaşanmışdı. Belə ki, erməni qonşularıyla aralarındakı gərginliyin nəticəsində azərbaycanlılar Ermənistanın Qafan və Meğri rayonunun kəndlərində evlərini tərk etmək məcburiyyətində qaldı və bu tarixdən etibarən etnik ziddiyətlər durmadan artmağa başladı. Ardından baş vermiş Sumqayıt hadisələri və Quqark qırğını hər iki tərəf ilə bağlı oxşar rəylər formalaşdırsa da, 1990-cu il 9 yanvar tarixində Ermənistan SSR Ali Rəyasət Heyətinin Dağlıq Qarabağı öz büdcəsinə daxil etmək üçün səs verməsi Azərbaycan rəsmiləri tərəfindən birmənalı qarşılanmadı və bu addım Bakıdakı sosial gərginliyi daha da artırdı [2]. Üstəlik 1989-cu il 31 dekabr tarixində İranda yaşayan etnik azərbaycanlılar ilə birlikdə Naxçıvanda baş tutmuş sərhəd hərəkatı hadisələrə təkan verən səbəblərdən biri idi.

001a

Bu yazıda 20 Yanvar hadisəsinin doğurduğu səbəb və nəticələrindən yox, məsələnin Dünya mətbuatında necə əks-səda oyandırdığını göstərmək istərdim. Belə ki həmin tarixə mənsub Türk, Rus, İran və Qərb media qurumlarının, müxtəlif qəzet və jurnalların başlıqları, məqalələri fərqli toplumların bu hadisəyə necə reaksiya verdiyini göstərməkdədirlər.

19 yanvar saat 19:30-da televiziya stansiyasının enerji bloku partladıldığından televiziya yayımı kəsilmiş və bu səbəbdən Bakı sakinləri fövqəladə vəziyyət ilə bağlı xəbər öyrənə bilməmişdilər [3]. Məşhur fotoqraf Rza Degati bildirir ki, şəhər sakinləri yalnız Mirzə Xəzər və komandasının sayəsində xəbərləri Azadlıq Radiosundan dinləyə bilmişdilər. O qeyd edir ki, xəbər blokadasına rəğmən Moskvada yaşayan yüzlərlə azərbaycanlı Bakıda baş verənlərdən agah olmaq üçün qısadalğalı radioların köməyilə Amerikanın səsi və BBC dinləyirdi [4]. Bundan əlavə, həmin dövrdə Azərbaycan KP MK-nın orqanı olan “Kommunist” qəzetinin əvvəlki nömrəsi 18 yanvar 1990-cı ildə çıxdığı halda, ondan sonrakı nömrəsi yalnız 27 yanvar 1990-cı il tarixində nəşr edildi [5] . Bu müddət ərzində 20 Yanvar hadisəsi ilə bağlı xalqa heç bir rəsmi məlumat verilməmişdi.

Dövrün türk siyasiləri və mətbuat orqanlarının mövqeyi isə dəyişkən idi. Belə ki, Türkiyə Cümhuriyyətinin 8-ci prezidenti Turqut Özal 20 Yanvar hadisələrini nəzərdə tutaraq “Azərbaycanlılar Anadoludakı türk xalqlarından daha çox İrandakı azərilərə yaxındırlar. Onlar şiə, biz Sünniyik” deyirdi. Daha çox mərkəz sol düşüncəyə sahib “Hürriyet” Xəbər Agentliyi 21 yanvar 1990-cı ildə Ərzurum Bürosundan teleks vasitəsilə bunları bildirirdi: “Biz sekulyar millətik. Dinçi deyilik, din ayrı, millət ayrıdır. Şiə olduq; amma biz türkük. Bizim Türkiyədən gözləntimiz, ermənilər qarşısında verdiyimiz haqlı mübarizənin dəstəklənməsidir”. Milliyətçi-mühafizəkar görüşə malik Günaydın qəzeti 25 Yanvar 1990-cı il tarixli sayının ilk səhifəsində “Ankarada Azeri Sancısı” başlıqlı xəbər paylaşmışdı. “Haber Türk” xarici siyasətində müsbət bir dəyişikliyin olmayacağı, Bakı müstəqillik elan etsə belə, Türkiyənin Sovetlər Birliyində müsbət bir yanaşma olmadığı təqdirdə Azərbaycanın müstəqilliyini tanıma mövzusunda bitərəf qalacağını bildirirdi.

002a

Qeyri-hökümət təşkilatlarından gələn açıqlamalar da Türkiyə Xarici İşlər Nazirliyinin marağının əks elətdirilməsi baxımından açıqlayıcı idi. “Cümhuriyyet” qəzeti 21 Yanvar 1990-cı il tarixli yayınında qeyd edirdi ki, Ankaradakı Azərbaycan Kültür Dərnəyi başçısı Fevzi Aküzüm, onlara bildirilən xəbərləri Xarici İşlər Nazirliyinə çatdırmaqda çətinlik çəkdiklərini, 20 yanvar gecə yarısından bəri səlahiyyətli bir şəxs tapa bilmədiklərini söyləmişdi. Digər tərəfdən Milliyyətçi Çalışma Partiyası (daha sonralar Milliyətçi Hərəkat Partiyası adlanacaq) lideri Alparslan Türkeş Kırşehirdə baş tutan partiyanın müşavirə toplantısında “Azəri problemi, Türkiyənin problemidir. Türkiyə mövqeyni açıq şəkildə ortaya qoymalıdır” ifadələrini işlətmişdir. Demokratik Sol Partiyası (DSP) prezidenti Bülent Ecevit də dəstəyini İstanbuldakı Azərbaycan Türkləri Dostluq və Dayanışma Dərnəyinə zəng edərək göstərmişdi. Bundan əlavə, 10 min nəfərə yaxın qrup İstanbuldakı Taksim meydanından Galatasaraya yeriyərək Bakıdakı fövqəladə vəziyyətə etirazını bildirmişdi. Daha çox sol-liberal siyasi görüşü ilə bilinən Doğan qrupa aid “Milliyet” qəzeti 21 yanvar 1990-cı il buraxılışının 1-ci səhifəsində “Azeriye Yakınız” başlığını atırdı. Xəbərdə bildirilirdi ki, dönəmin baş naziri Yıldırım Akbulut “Azərbaycandakı hadisələri görməzdən gələ bilmərik” açıqlamasını etmişdir.

21 Yanvar 1990-cı il tarixində İran Prezidenti Əli Əkbər Haşimi Rəfsəncani İranın Nazirlər Kabineti ilə keçirdiyi müşavirədə Sovet Azərbaycanında istifadə olunan silahlı şiddəti “təəssüf hissi” ilə qarşıladığını bildirmişdir [6]. O eyni zamanda Yanvarın 27-də İranın Milli Təhlükəsizlik Şurası ilə görüşərək Sovet Azərbaycanındakı mövcud vəziyyət ilə bağlı danışıqlar aparmışdır. İran Xarici İşlər Nazirliyi yanvarın 21-də baş vermiş hadisələrdən dərin hüzn duyduqlarını və Sovet hakimiyyəti tərəfindən Azərbaycan xalqına qarşı istifadə olunan yanlış tədbirləri dayandırmasını bildirmişdir. [6] “The Tehran Times” xəbər agentliyi qeyd edir ki, İran parlamentinin bir çox üzvü Qorbaçovun Azərbaycana silahlı təcavüzünü pisləmişdir.

Qərb mətbuatından məsələ ilə bağlı ən geniş araşdırmanı isə 29 yanvar 1990-cı il tarixində “ŞƏRQDƏKİ DƏYİŞİMLƏR: SOVET İTTİFAQI; Şiddət – son sığınacaq. Silahlı Qüvvələr Moskvanın üzdəki hakimiyyətini xilas etməkdə” başlığı ilə “The New York Times” qəzetindən Bill Keller yayınlamışdır [7]. B. Keller bildirirdi ki, son dövrlərdə Şərqi Avropadakı milli hökümətlərin xalq üsyanları nəticəsində dağılması və Sovet ordusunun 20 yanvar tarixində Bakıdakı fəaliyyəti də oxşar şəkildə Azərbaycandakı kommunist rejimi qorumaq məqsədi güdürdü. Yazıda qeyd olunur ki, Azərbaycanın Yaxın Şərqdəki mövqeyi və Ermənistan ilə son dönəmlərdə davam edən milli qarşıdurmalar Kremlin Azərbaycana olan mövqe və maraqlarını digər dövlətlərdən fərqli şəkildə formalaşdırır. Yazıçı eyni zamanda hadisələrin başlama nöqtəsi olaraq Qorbaçovun 1988-ci ilin fevralında vermiş olduğu böyük siyasi lisenziya sözünü görürdü. Məhz bu hadisə Dağlıq Qarabağ regionundakı erməni milliyətçilərinin tarixi şikayətlərinin canlanmasına səbəb olmuşdur.

“The Washington Post” qəzeti 1990-cı il 21 yanvar tarixli yayınında Azərbaycandakı hadisələrin Qorbaçovun hakimiyyəti ələ aldığı 1985-ci il mart tarixindən bu tərəfə “ən ağır böhran” olduğunu xəbər edirdi. Yanvarın 23-də isə “The Washington Times” bildirirdi ki, bəzi Sovet ekspertləri Azərbaycanın Moskva üçün növbəti Əfqanıstan olacağına inansa da, Amerikan ekspertləri ölkəni Kremlin Şimali İrlandiyası ola biləcəyini müdafiə edirdi.

003a

Doyl Makmanus 1990-cı ilin 18 yanvarında “Los Angeles Times” qəzetindəki yazısında qeyd edir ki, prezident Buş rəhbərliyindəki mərkəzi Vaşinqton Azərbaycandakı müstəqillik hərəkatını dəstəkləmir, eyni zamanda Qorbaçovun məsələnin həlli ilə bağlı qəbul etdiyi “fövqəladə vəziyyət” qərarını Azərbaycandakı mövcud vəziyyəti yatırmaq üçün “təqdirəlayiq addım” kimi dəyərləndirir [8].  Əlavə olaraq, dönəmin Böyük Britaniya baş naziri Marqaret Tetçer dağılmaqda olan milləti ayaqda tutduğu üçün Qorbaçova “böyük simpatiyasının” olduğunu Böyük Britaniya İcmalar Palatasına bildirmişdi [9].

Britaniyada mərkəz-sağ siyasi mövqeyinə sahib gündəlik “The Times” qəzetinin 1990-cı il 29 yanvarda dərc olunan sayında qeyd edilmişdi ki, “Azərbaycandakı hərbi əməliyyatdan 10 gün sonra Sovet rəhbərliyi arasında ciddi ixtilafın olduğu üzə çıxdı, bu isə Sovet quruluşunun təməl sütunlarının silkələnməsi deməkdir” [10]. Qəzet eyni zamanda bildirirdi ki, 20 Yanvar hadisələri ilə bağlı Sovet İttifaqının Xarici İşlər və Müdafiə nazirlikləri arasında ciddi fikir ayrılıqları mövcuddur. 1990-cı il yanvarın 29-da “Financial Times” qəzeti qeyd edirdi ki, Azərbaycandakı hadisələrdən sonra Qorbaçovu hətta Rusiya milliyyətçiləri də tənqid edirdilər. Qəzet yazır ki, millətçi və anti-semit “Pamyat” təşkilatının lideri Dmitri Vasilyev millətlərarası toqquşmalara görə kommunist rəhbərliyini günahlandırır və qoşunların Azərbaycandan çıxarılmasını tələb ediblər. “Azərbaycan Kommunist Partiyası MK-nın üzvü Əfran Daşdəmirov ilk dəfə olaraq etiraf edib ki, hazırda respublika əhalisinin əksəriyyəti Xalq Cəbhəsini dəstəkləyir” – bu fikri Liberal görüşə sahib “The Independent” qəzeti də 2 fevral 1990-cı il nömrəsində xəbər verirdi.

004a

Dönəmin Sovet rəsmiləri məsələ ilə bağlı mətbuata açıq şəkildə ifadələr bildirməsələr də, hadisədən bir neçə il sonra siyasi cavabdehlik daşımadıqları üçün bəzi məsələlərə aydınlıq gətirmişdilər. Bakıya daxil olan Sovet ordusunun komandanı, dönəmin müdafiə naziri Dmitri Yazov Azərbaycan mətbuatına verdiyi ilk müsahibədə bildirir ki, 1988-ci il Ermənistanın Spitak şəhərində baş vermiş zəlzələ ilə bağlı iclasda yazıçı Silva Kaputikyan Qarabağdan söz salanda Qorbaçov özünə məxsus tərzdə “Siz Artsaxı deyirsiniz?” ifadəsini işlətdi [11]. Qorbaçovu tarix bilməməkdə ittiham edən Yazov deyirdi ki, Mərkəzi Komitənin Siyasi Şurasının üzvləri Nikolay Rıjkov, D. Yazov və Belorusiyadan Slunkov bir-birilərinə baxıb anlayırdılar ki, Qorbaçov məsələni doğru yönləndirmir. Müdafiə naziri olduğu dövrdə 172.000 azərbaycanlının öz yurdlarından qovulduğunu bildiyini deyən Yazov düşünür ki, o verilən göstərişi icra edib, lakin göstərişi verən şəxs hazırda ittihamları rədd edir.

Türkiyənin “Milliyet” qəzeti 1995-ci il 27 Aprel tarixli yazısına “Gorbi’ye GO HOME” başlığını atırdı. Xəbərdə bildirildi ki, Orta Doğu Teknik Universitetinə (ODTÜ) mühazirə məqsədli səfər etmiş Qorbaçov əllərində Lenin və Stalin posterli bir sıra tələbə tərəfindən daş və yumurta hücumuna məruz qalmışdır. Qorbaçovun tələbələrlə görüş zamanı Bakıdakı Yanvar hadisələrinə görə üzr istədiyi və Bakıda fövqəladə vəziyyətin elanını aktiv siyasi həyatının ən böyük dönüm nöqtələrindən biri kimi dəyərləndirdiyi qeyd edilir.

005a

Özəlliklə Qərb mediasında böyük əks-səda oyadan 20 Yanvar hadisəsi, Sovet Azərbaycanında məsələnin baş verdiyi tarixə qədər dünya mətbuatında ən çox səs gətirən hadisə olmuşdur. Lakin son 3 ildə Qarabağ və ətrafı rayonlarda baş vermiş bir sıra etnik köçürmələrdə bəzi media qurumları tam tərsinə üç meymunu oynayırdılar: görmür, eşitmir, danışmırdılar. Moskvadakı mərkəzi hökümətin məsələyə qarışmasının altını qalın hərflərlə qaralayan mətbuat, ölkədəki etnik milli məsələlərə isə eyni reaksiyanı göstərmirdi. 20 Yanvar hərbi, siyasi, milli məsələdən daha çox “fövqəladə” məsələ olmuşdu.

 

 

İstifadə edilmiş qaynaqlar

[1] М. Горбачев (19 января 1990 г) Указ Президиума Верховного Совета СССР от 19 января 1990 г. N 1092-I “О введении чрезвычайного положения в городе Баку [Online].Available: http://base.garant.ru/6323893/

[2] – Michael P., Croissant (1998). The Armenia-Azerbaijan Conflict: causes and implications. United States of America: Praeger Publishers. pp. 36, 37. ISBN 0-275-96241-5.

[3] Shamkhal Abilov (9 January 2010) 20 January 1990: Black Face of the Red Terror in Azerbaijan [Online].Available: http://www.turkishweekly.net/op-ed/2460/20-january-1990-black-face-of-the-red-terror-in-azerbaijan.html

[4] Reza Deghati (Spring 1998) Behind the Scenes – A Photojournalist’s Perspective (pages 33-37)[Online].Available:http://azer.com/aiweb/categories/magazine/61_folder/61_articles/61_blackjanuary.html

[5] АЗЕРНЕШР (1990) ЧЕРНЫЙ ЯНВАРЬ – ДОКУМЕНТЫ И МАТЕРИАЛЫ [Online]. Available: https://erevangala500.com/upload//pdf/1334649999.pdf

[6] UPI Achieves (22 January 1990) Soviets seal off Iranian-Azerbaijan border [Online].  Available: https://www.upi.com/Archives/1990/01/22/Soviets-seal-off-Iranian-Azerbaijan-border/4046632984400/

[7] Bill Keller (29 January 1990) UPHEAVAL IN THE EAST: SOVIET UNION [Online].  Available: http://www.nytimes.com/1990/01/29/world/upheaval-east-soviet-union-force-last-resort-armed-power-salvages-moscow-s.html?pagewanted=1

[8] Doyle McManus (18 January 1990) Washington Says It Does Not Back Azerbaijani Call for Independence [Online].  Available: http://articles.latimes.com/1990-01-18/news/mn-331_1_bush-administration

[9] Craig R. Whitney (6 April 1989) Thatcher and Gorbachev, Far Apart on Issues, Rekindle Their Cordial Ties [Online].  Available: http://www.nytimes.com/1989/04/06/world/thatcher-and-gorbachev-far-apart-on-issues-rekindle-their-cordial-ties.html

[10] BBC (20 Yanvar 2010) Qara Yanvar: O vaxt Britaniya qəzetləri nə yazırdılar? [Online].  Available: http://www.bbc.com/azeri/news/story/2010/01/100120_1990_review.shtml

[11] (19 января 2015 г) Дмитрий Язов: “Я выполнял приказ, но сейчас человек, который отдавал приказы, от всего отказывается” [Online]. Available:  http://vestikavkaza.ru/articles/Dmitriy-YAzov-YA-vypolnyal-prikaz-no-seychas-chelovek-kotoryy-otdaval-prikazy-ot-vsego-otkazyvaetsya.html

Cahanşir Əfəndiyev

Bütün yazıları göstər