1918-ci ilin may ayının 28-də Azərbaycan Xalq Cümhuriyətinin yaradılması  Tiflis şəhərində elan edildi.  Yeni yaradılmış cümhuriyyətin Bakı olmadan yaşaya bilməsi isə  şübhə altında idi. Bundan bir müddət əvvəl Bakıda Xalq Komissarları Soveti hakimiyyəti ələ keçirmişdi (1918, 25 aprel). Mart soyqırımı vasitəsilə Bakıda özünə qarşı müxalifəti fiziki olaraq məhv edən bolşeviklər və daşnaklar  Bakı ətrafı bölgələrin də işğalına hazırlaşırdı.

AXC-in elan edilməsindən təxminən 2 ay əvvəl – mart ayının 3-də Almaniya və müttəfiqi olduğu dövlətlər (Osmanlı imperiyası, Avstriya-Macarıstan imperiyası və Bolqarıstan krallığı) inqilab ilə çarı devirərək hakimiyyətə gəlmiş bolşevik Rusiyası ilə sülh müqaviləsi imzaladı. Tələt paşanın (o dövrdə Osmanlı imperiyasının baş vəziri) təkidi ilə Rusiya-Osmanlı sərhəd xətti yenidən müəyyən edildi. Rusiya 1877-1878-ci illər müharibəsinə qədərki sərhəd xəttini bərpa etməyi öhtəsinə götürdü. Qars, Ərdahan və Batum Osmanlı imperiyasına verilirdi.  Müqavilənin III fəsilinin IV maddəsi bu məsələyə aid idi:

“Ərdahan, Qars və Batum bölgələri ilə də belə olacaq və rus qoşunları gecikmədən buradan təmizlənəcəkdir. Rusiya bu rayonlardakı milli və beynəlxalq əlaqələrin yenidən qurulmasına mane olmayacaqdır”.

Brest-Litovsk müqaviləsinin Qafqaza aid olan maddələrinə əsasən Osmanlı imperiyasına bəzi ərazilər verilsə də, müqaviləyə əsasən Cənubi Qafqaz hələ də Rusiyanı nüfuz dairəsi kimi qəbul edilirdi və Osmanlının Cənubi Qafqaza daxil olmağa hüququ yox idi.

Brest-Litovsk müqaviləsi əsasında Osmanlı imperiyasına verilmiş olan torpaqların böyük bir qismi o zaman faktiki olaraq müstəqil olan və bolşevik Rusiyasına tabe olmadığını bildirən Zaqafqaziya  Seyminin hakimiyyəti altında idi. Seym bu torpaqları Osmanlı imperiyasına verməkdən imtina etdi və müqavilənin Qafqaza dair maddələrini tanımadıqlarını bildirdilər. Osmanlı isə əgər müqaviləni tanımayacaqları halda öz müstəqilliklərini elan etmələrinin gərəkdiyini bildirdi. Bütün bu problemləri həll etmək üçün 1918-ci il mart ayının 14-də Trabzonda konfrans toplandı. Bu konfranda Cənubi Qafqaz Seyminin nümayəndə heyətinin rəhbəri olan Akaki Çxenkeli Osmanlı nümayəndələrinə təmsil etdiyi qurumun “demək olar ki, müstəqil” olduğunu bildirdi (Cənubi Qafqaz Seymi qorxurdu ki, o öz müstəqilliyini elan edəcəyi təqdirdə Osmanlı imperiyası ona hücum edəcək, hal-hazırki vəziyyətdə isə o, Osmanlı imperiyasının Brest-Litovsk sülh müqaviləsini pozmayacağına ən azından ümid edirdi). Firudin Kazımzadəyə görə “beynəlxalq münasibətlər sistemində “demək olarki müstəqil” ifadəsi belə yoxdur”. Nəhayət 13 apreldə konfrans öz işini nəticəsiz şəkildə bitirdi. Osmanlı qoşunları hərbi əməliyyatlara başladı. Məğlub olan Seym 22 apreldə atəşkəs sazişi imzaladı və Zaqafqaziya Demokratik Federativ Respublikasının yaradıldığı elan edildi. Seym isə yeni yaradılmış bu dövlətin ali qanunverici orqanı oldu. Amma hələ də bir çox mübahisəli məsələlər öz həllini gözləyirdi. Bu problemlərin həll edilməsi üçün 11 may tarixində Batumda konfrans çağırıldı.

Bir sıra ciddi səbəb və amillər Batum konfransında, daha sonra isə Zaqafqaziya Seymində  siyasi qarşıdurmanı sürətləndirdi: Cənubi Qafqaz nümayəndəliyinin təklifləri Osmanlı sülh heyəti tərəfindən rədd edildi. Xəlil bəy alman vasitəçiliyindən imtina etdi və Almaniya nümayəndəliyi (fon Lossov) Batumdan çıxdı; müsəlman fraksiyası Zaqafqaziya hökumətinin bolşeviklərin Bakıdan çıxarılması üçün tədbirlər görməyəcəyi halda, seymi tərk edəcəyi barədə bəyanat verdi;  Osmanlı tərəfi mayın 26-da konfransa memorandum (ultimatum) təqdim etdi. Nəticədə Zaqafqaziya Seymi süqut etdi və onun yerində 3 respublika yarandı.

Yeni yaranmış Cənubi Qafqaz cümhuriyyətləri Batum danışıqlarının davam etdirilməsi ilə razılaşdılar. Danışıqlar 1918-ci il iyunun 4-də Osmanlı dövləti ilə Cənubi Qafqaz respublikaları arasında ayrı-ayrılıqda müqavilələr bağlanması ilə yekunlaşdı. 4 iyun Batum müqaviləsinə əsasən Osmanlı imperiyası lazım gələcəyi təqdirdə AXC-yə yardım göstərəcəyini öz öhtəsinə götürürdü.

AXC-in yaranması Bakı Xalq Komissarları Sovetini narahat edirdi. Çünki Cümhuriyyətin axır-əvvəl Bakını işğaldan azad etməyə ən azından cəhd edəcəyi şübhəsiz idi. Buna görədə Bakı XKS Gəncə üzərinə hücum hazırlıqlarına başladı. Buna cavab olaraq isə AXC-i rəhbərliyi Batum müqaviləsinə əsaslanaraq Osmanlı imperiyasından  hərbi yardım istədilər. Osmanlı hərbi naziri Ənvər paşanın əmri ilə, onun qardaşı Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu (1918-ci ilin mart-avqust aylarında formalaşdırılmışdır) köməyə göndərildi.

AXC höküməti 1918-ci il iyun ayının 16-da Tiflisdən Gəncəyə köçdü və Nuru paşa ilə görüşdü. 1918-ci il iyunun 26-da Hökumətin qərarı ilə Müsəlman korpusu Əlahiddə Azərbaycan korpusu adlandırıldı və onun ştat cədvəlində qismən dəyişiklik edildi. General-leytenant Əliağa Şıxlınski korpusun komandiri kimi vəzifəsini yenə də davam etdirdi. Azərbaycan Hökumətinin 1918-ci il 3 iyul tarixli qərarı ilə 19 yaşı tamam olmuş vətəndaşlar hərbi çağırışın yerinə yetirilməsinə cəlb olunurdular.

Bakıdan Gəncəyə doğru yürüşə çıxmış bolşevik-daşnak ordusuna (30 tabordan ibarət ordunun 60 faizi ermənilərdən ibarət idi) qarşı döyüşmək üçün hazırlıqlara başlanıldı (1918, 6 iyun). Orduya ümumi komandanlıq müsəlman əhalisinə qarşı mübarizədə ad çıxarmış polkovnik Z.Avetisovun və S.Qazarovun, habelə Azərbaycan əhalisinə qarşı partizan hərəkatının “qəhrəmanı” Hamazaspın əlində idi. Sonuncunun fikrincə, “hər bir müsəlman düşməndir, yalnız ona görə ki, o, müsəlmandır” [1].

Osmanlı imperiyasının Qafqazda fəallaşması və ardınca öz qoşununu regiona yeritməsi Rusiyanı xeyli narahat edirdi. Rus ağ qvardiyaçı generalı A.Denikin obrazlı formada yazırdı ki, Bakı nefti Avropa və Asiya siyasətçilərinin ağıllarını və qəlblərini möhkəmcə fəth etmişdi. 1918-ci ilin yazından başlayaraq Bakıya tez çatmaq uğrunda yürüş başlamışdı. İngilislər Ənzəli, Nuru paşa Azərbaycan, Almaniya isə Gürcüstan vasitəsi ilə son məqsəd olan Bakıya can atırdılar [2].  Yaxın Şərqdə işləyən Britaniya xüsusi xidmət orqanlarının əməkdaşı P.Hopkirk Bakı hadisələri haqqında belə yazır: “Ötən əsrin sonlarında Bakı dünyanın ən zəngin şəhərlərindən birinə çevrilmişdi. Rusiya imperiyasının ucqarında yerləşən bu diyarda neft ehtiyatlarının aşkar edilməsi müxtəlif xalqların bura axışmasının başlıca səbəbinə çevrilmişdi. Маcəra axtaranlar və bütün təbəqələrdən olan avantüristlər bura сan atırdılar. Mütəxəssislər belə hesab edirdilər ki, Bakı bütün yer kürəsini işıqlandırmaq və isindirmək iqtidarındadır. Neft Bakının bütün ətrafını dövrəyə almışdı. Bir kibrit yetərli idi ki, bir dəqiqə ərzində Xəzər dənizini alov bürüsün. Qısa zaman ərzində Bakı bir anın içərisində kazinoda varlanan xoşbəxtləri xatırladırdı. Az savadlı olan bu adamlar dəniz sahilində təmtəraqlı saraylar tikmişdilər. Bir vaxtlar Bakı ABŞ-ın bütövlükdə istehsal etdiyindən daha çox neft verirdi [3].

Qafqaz İslam Ordusu Azərbaycan ərazisinə daxil olan andan Rusiyanın Almaniyaya etirazları başladı. Onların etirazlarına əsas səbəb kimi isə Brest-Litovsk sülh müqaviləsini göstərirdilər. Çünki bu müqaviləyə əsasən Cənubi Qafqaz Rusiyanın nüfuz dairəsi idi. Əslində isə Osmanlı bu müqaviləni 4 iyun 1918-ci ildə Cənubi Qafqaz respublikaları ilə müqavilə imzalamaqla pozmuşdu. Almaniya Osmanlı ilə bir ittifaqda olmasına baxmayaraq Osmanlı qoşunlarının Bakı daxil olmasına tərəddüdlə yanaşırdı. Bunun səbəblərindən biri Batumun Osmanlı ordusu tərəfindən tutulması zamanı orada olan neft anbarlarına alman zabitlərinin buraxılmaması olsa da (halbuki müharibə edən Almaniyanın bu dövrdə demək olar ki, əlində yanacaq ehtiyyatı qalmamışdı), digər bir səbəb alman dövlət xadimlərinin Bakının azad ediləcəyi təqdirdə bolşeviklərin neft mədənlərini yandıracağına görə neft əldə etməyin həddindən çox çətinləşəcəyini düşünməsi  idi.  1918-ci ilin iyul ayının əvvəllərində Almaniyanın İstanbuldakı konsulluğunun hazırladığı hesabatda göstərilirdi:

 “Əgər biz bolşeviklərlə sazişə gələ bilsək, onda Bakının neft mədənləri və neft ehtiyatları bütövlükdə əlimizə salamat keçəcək. Əgər bunun əksinə olaraq, bolşeviklər şəhəri tərk etməyə məcbur olsalar mədənləri yandıracaqlar, bu halda nə biz, nə də türklər neft ehtiyatlarından istifadə edə biləcəyik. Neftsiz isə Qafqaz dəmir yolunun hərəkəti tezliklə dayanacaqdır” [4].

Bu fikri M.Ə.Rəsulzadə ilə görüşündə İstanbuldakı Almaniya səfiri Bernsdorf da dilə gətirmişdi. О qeyd etmişdi ki, Qafqaz İslam Ordusu tərəfindən Bakıya hücum edildiyi təqdirdə, bolşeviklər şəhəri dağıdıb neft mədənlərini məhv edə bilərlər [5]. Əlbəttə, öz hərəkətlərini siyasi avantüra üzərində quran bolşeviklərdən belə bir təhlükə gözlənilirdi və bu istiqamətdə mərkəzi bolşevik hökumətindən belə bir direktiv alınmışdı. Ona görə də 1918-ci ilin iyunun 23-də S.Şaumyan V.Leninə yazırdı:

“Hərgah Bakını qoruyub saxlamaq mümkün olmazsa… onda biz sizin resepti həyata keçirərik” [6].

“Bakı məsələsi” haqqında diplomatik mübarizənin kəskinləşdiyini M.Ə.Rəsulzadə İstanbuldan Azərbaycanın xarici işlər naziri M.H.Hacınskiyə məktubunda belə şərh edirdi:

“Almanların Bakıya hücum əleyhinə olmalarının dəlili bu imiş ki, Bakıya hərbi yolla gedilərsə, bolşeviklər neft mədənlərini və neft ehtiyatlarını yandırarlar. Halbuki, neft müharibə edən müttəfiqlərə su kimi lazımdır. Buna görə də almanlar Bakı məsələsini başqa formada, sülh yolu ilə həll etmək istəyirlər… Şəxsi kanallarla bizdə məlumat var ki, neftə dair almanlarla bolşeviklər arasında xüsusi müqavilə mövcuddur. Məlumunuz olsun ki, neft məsələsi Azərbaycan-Almaniya məsələsindən daha çox Türkiyə-Almaniya məsələsidir. Batum müqaviləsinə görə, neftin artıq qalan hissəsi Türkiyənindir. Görünür, türklər neft amili zəminində almanlardan istifadə etmək istəyirlər” [5].

Sovet Rusiyasından effektli hərbi yardım ala bilməyən Bakı XKS cəbhədə vəziyyət ağırlaşdıqda Moskvanın diplomatik yardımına və İranda olan kazak hərbi dəstələrindən birinin başçısı L.Biçeraxovun köməyinə ümid bəsləyirdi. Sovet Rusiyasının Almaniya vasitəsi ilə işə qarışması Azərbaycan hökumətinin Bakıya daxil olmasını bir qədər yubandırdı. Kommuna qüvvələri vasitəsi ilə Azərbaycan-türk hücumunun qarşısını ala bilməyəcəyini nəzərə alan Sovet Rusiyası 1918-ci ilin iyununda Almaniya ilə danışıqlara girib diplomatik yolla Bakını əldə saxlamaq istəyirdi. Əvvəllər qeyd olunduğu kimi, Qərb cəbhəsində və ümumilikdə müharibənin gedişindəki vəziyyət Almaniyanın Bakıya marağını kifayət qədər artırmışdı. İyun ayında İstanbul konfransına gəlmiş nümayəndələrlə danışıqlar əsnasında Almaniya Rusiya vasitəsi ilə Bakı neftinə nail olmağı müəyyənləşdirmişdi. Öz müttəfiqi Türkiyənin və Azərbaycan hökumətinin ona neft verəcəyinə ümidini itirən Almaniya əlverişli vəziyyətdən istifadə etmək qərarına gəldi. Hələ Rusiya ilə danışıqlar başlamazdan əvvəl iyun ayının ortalarında Tiflisdə olan Almaniya nümayəndələri Bakıya hücum edən türk-Azərbaycan hərbi hissələri içərisinə kiçik alman hərbi dəstəsinin daxil edilməsini təklif etmişdi, lakin “Azərbaycan hökuməti almanların bu tələbinə qəti surətdə etiraz etdi” [7]. Bu cavab Almaniyanın Rusiya ilə danışıqlara başlamaq fikrini daha da reallaşdırdı və onun Bakı uğrunda fəal diplomatik mübarizəsi Sovet Rusiyasının Berlindəki səfiri A.İoffenin bu məsələyə qarışması ilə başlandı. Azərbaycan qüvvələri Bakı istiqamətində hərəkətə başladıqda, A.İoffe Brest-Litovsk müqaviləsinin şərtlərini pozduqlarına görə, almanlara etiraz notası verdi və tələb etdi ki, onlar Osmanlı ordusunu dayandırmaq üçün işə müdaxilə etsinlər [8]. Almaniya Azərbaycanda cərəyan edən hadisələrin ona dəxli olmadığını bildirdisə də, edilən təklifdən faydalanmaq qərarına gəldi və Sovet Rusiyasının Almaniyaya neft verəcəyi təqdirdə, Türkiyənin hücumunu dayandırmaq üçün işə qarışacağını bildirdi. İyunun axırlarında başlanan alman-sovet danışıqlarında ilkin razılıq əldə edildi. Bunu V.İ.Leninin iyunun 30-da İ.Stalinə vurduğu teleqram da təsdiq edir. Teleqramda göstərilirdi:

“Bu gün, iyunun 30-da Berlindən – İoffedən xəbər gəlmişdir ki, Külman İoffe ilə ilkin danışıq aparmışdır. Bu danışıqdan bəlli olduğuna görə, almanlar razıdırlar ki, türkləri Brest müqaviləsində göstərilən sərhəddə hərbi əməliyyatı dayandırmağa məcbur etsinlər, bizim üçün dürüst demarkasiya xətti müəyyənləşdirsinlər. Söz verirlər ki, türkləri Bakıya qoymasınlar, özləri də neft istəyirlər. İoffe cavab vermişdir ki, biz Brest sülhünə ciddi əməl edəcəyik, lakin almaq xatirinə vermək prinsipinə tamamilə razıyıq. Bu xəbərə ciddi diqqət yetirin və çalışıb onu Şaumyana tez çatdırın, zira Bakını əldə saxlamaq üçün indi ən ciddi imkanlar vardır. Neftin bir qismini, əlbəttə, verərik” [9].

Almanların ciddi təzyiqi ilə, general Lüdendorfun bilavasitə işə qarışması ilə türklərin fəal hərbi əməliyyatları müvəqqəti dayandırıldı. Ənvər paşanın bütün yazışmaları türk ordusunda xidmət edən alman müşavirlərinin nəzarətində olduğu üçün o, özünün rəsmi əmrlərində Bakı üzərinə hücumun dayandırılmasını tələb edirdi  [10].  Göyçay döyüşünün qələbə ilə başa çatdığı gün, iyul ayının 1-də yeni kömək göndərilməsini tələb edən İslam Ordusu komandanlığına göndərdiyi teleqramda Ənvər paşa yazırdı ki, sizə qüvvə göndərmək lazım deyildir. Vəzifəmiz Bakı üzərinə getmək olmayıb, birliklərimizi toplayaraq bolşeviklərin Gəncə üzərinə hücumunun qarşısını almaq olduğunu bir daha təkrar edirəm [10]. Eyni ilə bu məzmunda bir əmri Ənvər paşa Şərq Ordu Qrupu komandanına da göndərmişdi. Orada deyilirdi:

“İcazəm olmadan Nuru paşaya heç bir qüvvə göndərməmənizi, Nuru paşa üçün yola çıxarılan birlikləri geri almanızı rica edirəm. Əvvəlcə bildirildiyi üzrə Nuru paşa qüvvələrini toplu halında hazırlayaraq yalnız bolşeviklərin irəliləməsinə mane olmağa çalışmalıdır [10].

Bu vəziyyət Rusiyanı təmin edirdi və iyulun 8-də Bakı barəsində hazırlanan alman-rus sövdələşməsi haqqında S.Şaumyana göndərilən məktubda qeyd edilirdi ki, bizim burada ümumi siyasətimiz Cənubi Qafqaz məsələsinin Rusiyanın daxili işi olduğunu almanlara qəbul etdirməkdir. Almanların diplomatik yardımına böyük ümid bəsləyən Sovet Rusiyası belə güman edirdi ki, onların təzyiqi ilə Osmanlı-Azərbaycan qoşunları geri çəkilməli olacaqdır. Ona görə İ.Stalin S.Şaumyana yazdığı məktubda məsləhət görürdü ki, almanlarla qarşılaşmamaq üçün Yelizavetpoldan о tərəfə keçməyin, istiqlaliyyəti Almaniya tərəfindən tanınmış Gürcüstana daxil olmayın. О yazırdı:

Ola bilsin ki, biz gürcü məsələsində almanlara güzəştə gedək, lakin biz bu güzəşti, ancaq о şərtlə edə bilərik ki, almanlar erməni və Azərbaycan probleminə müdaxilə etməyəcəklərinə təminat versinlər.” [11].

Bir rəsmi əmrində Bakı istiqamətində hücumu dayandırmağı tələb edən Ənvər paşa gizli qeydiyyatla göndərilən digər əmrində Qafqaz İslam Ordusu üçün zəruri olan əsgər, silah və hərbi sursatın dərhal göndərilməsini, Bakıya doğru dərhal hücuma keçib şəhərin, almanların müdaxiləsinə yol vermədən, azad edilməsini tələb edirdi. O, hətta Bakıya doğru hərəkətə mane ola biləcək alman hərbi dəstələri ilə döyüşə girilə biləcəyini də bildirirdi [12].

İyulun axırlarında hərbi əməliyyatların yenidən fəallaşması, İslam Ordusunun Bakı ətrafına gəlib çıxması alman-rus sövdələşməsini daha da reallaşdırdı. Türk qoşunlarının Azərbaycandakı uğurlu hərbi əməliyyatlarından qorxuya düşən Almaniya Baş qərargahı avqustun əvvəllərində məsələyə açıq müdaxilə etməyə başladı. Avqustun 4-də general Lüdendorf Ənvər paşaya bildirdi ki, Azərbaycanda hərbi əməliyyatlar dayandırılmasa, Osmanlı baş komandanlığında olan alman zabitləri geri çağırılacaqdır. О yazırdı:

“Mən dözə bilmərəm ki, Türkiyə hakimiyyət dairələrinin sülh müqaviləsi şərtlərinə zidd hərəkətləri Rusiya ilə yeni müharibə təhlükəsi törətsin” [13].  

Almaniya ilə yanaşı, Rusiya müxtəlif diplomatik yollarla Türkiyəyə də çəkindirici təsir göstərməyə çalışırdı. Bu məqsədlə avqust ayının 8-də G.Çiçerin Moskvadakı türk səfiri Qalib Kamalla görüşdü və Bakıya türk hücumunun dayandırılmasını tələb etdi, Osmanlı imperatorluğunu Brest sülhünün şərtlərini pozmaqda günahlandırdı. Türk səfiri bununla razılaşmadı və türk ordusunun Azərbaycandakı fəaliyyətini müsəlman əhalisinə divan tutan silahlı erməni dəstələrinin törətdiyi vəhşiliklərlə əlaqələndirdi. Səfir izah etdi ki, Brest müqaviləsinə görə, erməni quldur dəstələrini Rusiya tərksilah etməli idi. Qalib Kamalın fikrincə, Rusiya öz müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün Türkiyə Azərbaycan əhalisini və türk təbəələrini bu quldur dəstələrindən qorumaq məcburiyyətindədir [14]. 

Rusiyadan gözlədiyi maddi köməyi görə bilməyən Bakı XKS və daşnaklar İranda qalan kazakların komandanı polkovnik Lazar Biçeraxov ilə danışıqlara başladılar. Qırmızı inqilabın qatı düşməni olan Lazar Biçeraxov, Azərbaycan qüvvələrinə görə Bakının müdafiəsində iştirak etməyi qəbul etdi. Bakı XKS rəhbərliyinin L.Biçeraxovla əməkdaşlığını B.Şeboldayev L.Trotskiyə göndərdiyi 23 iyun tarixli məktubunda təsdiq edir. О yazır:

“Ənzəlidən Biçeraxovun dəstəsi hərəkətə başladı. Onlar Ələt stansiyasına gəlib köhnə intizamı saxlamış, texniki cəhətdən təchiz olunmuş 1500 nəfərlik süngü ilə birbaşa cəbhəyə yollanacaqlar. Onların 4 aeroplanı, 3 zirehli maşını ingilis xidmətçiləri tərəfindən idarə olunur. Onların alınması məsələsi açıq qalır, belə ki, biz ingilislərin bizim ərazilərimizə buraxılmasının prinsipial olaraq mümkünsüzlüyünü bildirmişik. Biçeraxov fəaliyyətdə olan ordunun komandanı təyin edilir, lakin faktiki olaraq bu formal xarakter daşıyacaq və onun niyyəti dəstəsinin sayını yeni üzvlər hesabına artırıb, Şamaxı və Siqnaxdan keçən köhnə yol ilə Tiflisə doğru hərəkət etməkdir [15]. 

Bununla da I Dünya müharibəsi zamanı heç rast gəlinməyən, dünya tarixi üçün isə çox nadir olan bir hal baş verir. Belə ki, Azərbaycan qüvvələrinə qarşı, qatı anti-bolşevik olan Lazar Biçeraxov bolşeviklərlə birləşmiş (Biçeraxovun Bakı XKS-in sağ qanadının komandanlığını qəbul etdiyi vaxt qardaşı Terek hövzəsində anti-sovet üsyana rəhbərlik edirdi), həmçinin həmin dövrdə bolşevik Rusiyası ilə düşmən olan ingilis hərbi qüvvələrinin bir sıra zabitləri bolşeviklərlə birləşərək Qafqaz İslam Ordusu və Əlahiddə Azərbaycan Korpusuna qarşı döyüşmüşdür (ingilislər Biçeraxova verdikləri 4 aeroplan və 3 zirehli maşını, ali bolşevik komandanlığı altında  ingilis zabitlərinin idarə etməsinə icazə vermişdi).

1918-ci ilin iyul ayında türk ordusunun qarşısında geri çəkilən və keçdiyi yerlərdə, xüsusilə müvəqqəti olaraq bir hissəsini ələ keçirdiyi Naxçıvanda qanlı cinayətlər törədən Andronik S.Şaumyana yazırdı:

“Qeyd-şərtsiz Brest-Litovsk müqaviləsinin şərtlərinə tabe oluram. Hazırkı vaxtda öz dəstəmlə birlikdə olduğum Naxçıvan qəzasını Rusiya Respublikasının ayrılmaz hissəsi elan edirəm. Xahiş edirəm, kimə lazımsa, deyin ki, mən bu gündən etibarən öz dəstəmlə birlikdə Mərkəzi Rusiya hökumətinin sərəncamındayam. Türk ordusunun Naxçıvan qəzasının hüdudlarına daxil olmasına mane olmağa çalışacağıq. Cavabınızı və sərəncamınızı gözləyirəm” [16].     

S.Şaumyan təcili olaraq Culfaya onun adına cavab teleqramı göndərdi. O yazırdı:

“Sizin teleqramınızı aldım. Tam mətnini Moskvaya, Mərkəzi hökumətə çatdıracağam. Öz tərəfimdən sizin simanızda xalq qəhrəmanını salamlayıram. Əgər cənab Kaçaznuni və digərləri sizə oxşasaydılar, erməni kəndliləri indiki faciələri yaşamazdılar. Sizin bayrağınız altında döyüşən bütün qəhrəman döyüşçülərə, türk süngüsündən və satqın rəhbərlərdən ikiqat əziyyət çəkən zəhmətkeş əhaliyə bizim salamımızı yetirin. Hər hansı çətinliyə baxmayaraq, sizi inqilab bayrağını endirməməyə çağırıram” [17].      

İyulun 24-də Bakıda keçirilən qeyri-müsəlman fəhlələrin kütləvi mitinqlərində eser-menşevik-daşnak liderləri İslam Ordusunun hücumundan müdafiə məqsədi ilə ingilislərin Bakıya dəvət olunmasına tərəfdar çıxdılar. İyul ayının 25-də Bakı Sovetinin təcili iclası çağırıldı, S.Şaumyan siyasi və hərbi vəziyyət haqqında məruzə etdi. O, ingilis qoşunlarının çağırılması təklifinə etiraz etdi və bu barədə Mərkəzi Sovet hökumətindən alınmış teleqramın V Ümumrusiya Sovetlər qurultayı tərəfindən təsdiq edilmiş mətnini oxudu. İ.Stalinin imzaladığı həmin teleqramda deyilirdi:

“Ümumrusiya MİK və Xalq Komissarlar Soveti adından mən bütün Bakı Sovetindən, ordu və donanmadan bütün Rusiya fəhlə və kəndlilərinin iradəsinə tamamilə tabe olmağı tələb edirəm. V Sovetlər qurultayının qərarına əsasən, mən Bakı Xalq Komissarları Sovetindən hökmən müstəqil beynəlxalq siyasət yeritməyi və yadelli kapital agentlərinə qarşı qəti mübarizə aparmağı, hətta müvafiq komissiyalarının üzvlərini həbs etməkdən çəkinməməyi tələb edirəm” [18].     

Azərbaycan-türk qoşunlarının Bakının astanasında dayanması mart hadisələrini törətmiş Bakı Sovetini dəhşətli vahiməyə salmışdı. Sovetin iclasında çıxış edənlər Sovet Rusiyasının Bakıya heç bir yardım göstərmək iqtidarında olmadığını qeyd edərək, ingilisləri dəvət etməyi zəruri hesab edirdilər. Nəticədə gərgin mübahisələrdən sonra 236 səsə qarşı 259 səslə ingilisləri Bakıya dəvət etmək və koalision hökumət yaratmaq barədə qətnamə qəbul edildi.

Lenin cavab teleqramında yazırdı:

“V Sovetlər qurultayının qərarına və Mərkəzi Sovet hakimiyyətinə qarşı daşnakların hər cür hərəkətləri üsyan və xəyanət hesab ediləcəkdir” [19].       

Bakıya göndərilən belə hədələyici teleqramla yanaşı, Sovet Rusiyası Almaniya və Türkiyəyə münasibətdə diplomatik fəallığını da artırdı. Almanlarla bu məsələdə danışıqlar aparan A.İoffe G.Çiçerinə təcili teleqram göndərmişdi. Orada deyilirdi:

 “Almaniya vasitəsi ilə İstanbula təsir göstərilmişdir ki, türklər öz ordularını geri çəksinlər” [20].     

G.Çiçerinin bu teleqramında və avqustun ortalarında Almaniyanın baş konsulu Hauşildə təqdim edilən sovet notasında söhbət artıq türk hücumundan gedirdi. Notada qeyd olunurdu ki, türk ordusu iyulun 22-də Ələtə, iyulun 28-də Biləcəri stansiyasına gəlib çatıb. İyulun 31-də türklər Şıx yüksəkliklərini və Bibi-Heybəti ələ keçiriblər. G.Çiçerinin iyulun 29-da A.İoffeyə göndərdiyi digər bir teleqramda qeyd edilirdi ki, Bakıda Sovet hakimiyyətinin xilas edilməsinin yeganə yolu oradakı türk ordularının geri çəkilməsidir. Almanlar rusları inandırmağa çalışırdılar ki, türklərin Bakıya hücumu ilə bağlı məlumatlar doğru deyildir. Almaniya Xarici İşlər Nazirliyinin nümayəndəsi cənab Buşe A.İoffe ilə görüş zamanı ona dedi ki, həm İstanbuldan, həm də Tiflisdən alınan məlumatlar türklərin irəli hərəkət etməyəcəyindən və Bakını tutmayacağından xəbər verir. Almaniya Xarici İşlər Nazirliyinin rəsmisinin sözlərinə görə, əgər Sovet Rusiyasının məlumatları doğru çıxardısa, türklərin verdikləri sözə əməl etmədikləri bəlli olardısa, onda almanlar onları vədlərinə əməl etməyə məcbur edəcəkdilər [16]. Berlindəki sovet səfiri A.İoffe avqust ayının 1-də Moskvaya göndərdiyi məlumatda yazırdı: “Az əvvəl alman qərargahından dönmüş Almaniyanın Xarici İşlər Nazirliyinin şöbə müdiri İstanbuldakı alman səfiri Kont Bernsdorfun 30 iyul tarixli teleqramını mənə göndərmişdir. Bu teleqramda “səfirin Bakı haqqında əldə etdiyi məlumatlarla bağlı Ənvər paşa və sədr-əzəm Tələt paşadan xarici işlər naziri Nəsim bəylə də görüşdüyünü” və onların hər üçünün Nuru paşaya Bakı üzərinə hücumu dayandırmaq haqqında qəti bir əmr göndərdiyi təsdiq edilirdi. İstanbuldakı Almaniya səfirliyinin məlumatına görə, Bakı üzərinə türk ordusunun hücumu haqqında xəbərlər əsassız idi, əgər belə bir hücum var idisə, bu, Nuru paşanın özbaşınalığı və onun Azərbaycan könüllüləri ilə həyata keçirmək istədiyi bir təşəbbüs ola bilərdi. [16]. Azərbaycan hökuməti Bakını sülh yolu ilə, danışıqlar yolu ilə azad etməyə cəhd göstərirdi. İyul ayının 24-də xarici işlər naziri M.H.Hacınski İstanbula, M.Ə.Rəsulzadəyə yazırdı ki, şəhəri təslim etmək barədə bolşeviklərlə danışıqlar aparmaq üçün Bakı cəbhəsinə yollanır. M.H.Hacınski məlumat verirdi:

“Bakı cəbhəsində işlər bizim xeyrimizədir. Doğrudur, dəmir yolu xətti ilə bizimkilər çox olmasa da, Kərrar stansiyasına qədər irəliləyə biliblər. Lakin aldığımız məlumatlara görə, bolşeviklərin əhval-ruhiyyəsi ölmüşdür. Biz Kürdəmir və Salyanda 18 iyul tarixli Bakı qəzetlərini aldıq. Bolşeviklərlə digər partiyalar arasında (eyni zamanda sağ daşnaklar arasında, hərçənd mən buna inanmıram) fikir ayrılığı var. Faktiki olaraq bu fikir ayrılığı milli zəminə keçib. Ələ keçirdikləri yerlərdə erməni bolşevikləri özlərini vəhşi kimi aparırlar, ruslar buna etiraz edirlər. Kürdəmir cəbhəsində yayılan şayiələrə görə, 800 nəfər rus, erməni vəhşiliklərinə etiraz olaraq (müsəlmanları məscidə toplayıb yandırıblar, uşaqları və qadınları kütləvi şəkildə qırıblar, bu fəlakətləri təsvir etməyə imkan yoxdur) silahlarını atıb gediblər. Onlar Bakıda həbs olunublar və indi Nargin adasında saxlanılırlar. Sonra ermənilər Bakıda ümumi səfərbərlik elan ediblər. Ruslar buna etiraz ediblər və vuruşmaq istəmirlər. Müsəlmanlar da bu məsələdə ruslarla həmrəydirlər. Şamaxıdan Çəngiyə qədər Şamaxı-Bakı yolu bizim tərəfimizdən alınıb. Erməni dəstələri vahimə içində Bakıya doğru qaçırlar. Bakı yaxınlığında döyüş gözlənilir” [21].      

İyulun 31-də isə baş nazir F.X.Xoyski M.Ə.Rəsulzadəyə yazırdı:

“İki gün əvvəl Məmməd Həsən cəbhəyə gedib, bu axşam mən də yola düşürəm. Bizim ordu Bakıya çatıb, Qobu, Xırdalan və Sumqayıtı tutub, dəmir yolu boyunca isə Hacıqabulla Ələt arasındadır, ümid edirəm ki, əgər fövqəladə bir hadisə baş verməzsə, Bakı bizim tərəfimizdən götürüləcək” [21].

İyulun 30-da “Kommuna” ordusunun rəhbərlərindən biri Avetisov Bakı Sovetinə məlumat verdi ki, müqavimətin davam etdirilməsi əhəmiyyətsizdir. Еlə həmin gün XKS-nə gələn Erməni Milli Şurasının rəhbərləri bolşeviklərdən hakimiyyəti təhvil verməyi tələb etdilər. İyulun 31-də Bakı XKS-i öz səlahiyyətinin qurtardığını bildirdi və komissarlar “Ərdəhan” gəmisində Həştərxana yola düşdülər. Lakin onlar hələ şəhərdən uzaqlaşmamış, əsasən, erməni Milli Şurasının və daşnakların əlində olan eser-daşnak-menşevik ittifaqı zəminində “Sentrokaspi və Sovetin Müvəqqəti İcraiyyə Komitəsinin Rəyasət Heyətinin diktaturası” deyilən yeni oyuncaq bir hökumət təşkil edildi. Avqustun 1-də təşkil olunmuş Sentrokaspi hökumətinə Xəzər donanmasının zabitlərindən Peçenkin, Tyuşkov, Buşev, Lemleyn, Yermakov, eserlərdən L.Umanski, A.Veluns, menşeviklərdən Q.Ayolla, M.Sadovski, daşnaklardan A.Arakelyan və Məlik Yolçuyan daxil edilmişdi. Göründüyü kimi, özündən əvvəlki hökumət kimi Sentrokaspi hökumətinin də Azərbaycana heç bir bağlılığı yox idi və bütövlükdə yadellilərdən təşkil olunmuşdu. Hökumət qurulan kimi Bakının xristian əhalisinə müraciət edildi. Orada deyilirdi:

“Türklərə qarşı mübarizədə siz yalqız deyilsiniz. Yaxın günlərdə müttəfiqlərdən ciddi kömək alınacaq” [22].

Bakı Xalq Komissarları Sovetinin devrilməsi Azərbaycan hökuməti tərəfindən mühüm hadisə kimi qarşılandı. Bu hadisə Almaniya və Avstriyanın Cənubi Qafqazda olan nümayəndələrinin Bakı məsələsində geri çəkilməsi ilə nəticələndi. Bu barədə Fətəli xan Xoyski M.Ə.Rəsulzadəyə yazırdı:

“Məlumat üçün bildirirəm ki, Bakıda bolşevik hakimiyyəti devrilmişdir. Rusiya bolşeviklərinin nümayəndələri həbs edilmişdir. Mədənlərin bir hissəsi və bütün Abşeron yarımadası bizim əlimizdədir. Biz əminik ki, yaxın günlərdə şəhər təslim olacaq”.

Avqust ayında Sentrokaspi diktaturasının dəvəti ilə Ənzəlidəki ingilis qoşunları şəhərə daxil oldular.  Əslində müttəfiqlər bu işə 1918-ci ilin əvvəllərindən başlamışdılar. Bağdadda olan ingilis Baş Qərargahının qarşısında duran ən mühüm vəzifələrdən biri almanları və türkləri Qafqaza buraxmamaq idi. Hələ 1917-ci ilin dekabr ayının 23-də İngiltərə və Fransa Rusiyanın cənubunu nüfuz dairəsinə bölmək haqqında saziş imzalamışdılar. Fransızlar tərəfindən Klemanso, Pişon və Foşun, ingilislər tərəfindən lord Milnerin, lord Robert Sesilin və digər ingilis hərbi dairələri nümayəndələrinin hazırladığı sazişin 3-cü maddəsinə əsasən, fransızlar Bessarabiya, Ukrayna və Krımı, ingilislər isə Qafqazı tutmalı idilər. Bu planın həyata keçirilməsi üçün ingilislər ilk növbədə Bakını və “Bakı-Batum dəmir yolunu” ələ keçirmək istəyirdilər [23]. Devid Lloyd Corc öz xatirələrində qeyd edir ki, 1918-ci ilin yazında hələ müharibənin taleyi məlum deyildi. Ona görə müttəfiqlər Xəzər sahillərində olan Bakı neft yataqlarından Mərkəz dövlətlərinin hər hansı formada istifadə etməsinin qarşısını almalı idilər. Вu məqsədlə 1918-ci ilin yanvarında Mesopotamiyada xüsusi ekspedisiya yaradıldı ki, ona da general mayor L.Denstervil başçılıq edirdi. Rəsmi şəkildə bu ordu “Densterfors” adlandırılmağa başlandı. “Londonda elan edilmişdi ki, “Densterfors”un əsas məqsədi Əfqanıstan və Hindistana doğru alman-türk qoşunlarının hərəkətinə mane olmaqdır” [24]. Bu ekspedisiya Mesopotamiya-İran sərhədini keçib, Kermanşah, Həmədan, Qəzvin yolu ilə Ənzəli limanına gəlməli və oradan da Tiflisə hərəkət etməli idi. 1918-ci ilin əvvəllərində ingilislər bu fikirdə idilər ki, Cənubi Qafqaz millətlərinin ordusunu yaradıb türk-alman müdaxiləsinə qarşı müqavimət göstərmək olar. Ona görə də ingilislər sürətlə hərəkət edərək fevral ayının 17-də Xəzər dənizinin cənub sahillərinə çıxa bildilər [25].  1918-ci ilin avqust ayının əvvəllərində gözlənilən əlverişli şərait yarandı, beş diktatordan – üç donanma zabitindən və iki matrosdan ibarət olan Sentrokaspi hökuməti bolşevikləri və şəhərdə olan kiçik sayda almanları həbs edib yardım üçün Britaniya qüvvələrinə müraciət etdilər [24]. Yaxın Şərqdə Britaniya gizli xidmətinin xüsusi nümayəndəsi P.Hopkirk bununla bağlı yazır:

“Nəhayət, Denstervilin uzun müddət gözlədiyi məqam yetişdi. O, rəsmən Bakıya dəvət edildi. Onun zabitləri tələsik ekspedisiya üçün yararlı gəmiləri gözdən keçirdilər. Makdonell Sentrokaspi diktaturasına xəbər verdi ki, yardım artıq yoldadır. Ənvər paşanı Bakıya buraxmamaq və neft mədənlərində ağalığına yol verməmək məqsədilə yarış başladı [26].

Beləliklə, AXC qüvvələrinin, demək olar ki, mühasirəyə aldığı Bakı şəhərində hakimiyyət bolşeviklərdən  ingilis dəstəkli menşeviklər və daşnaklara keçdi. 45 gün hakimiyyətdə qalacaq Sentrokaspi diktaturası quruldu.

Lakin Bakı barəsində alman-rus danışıqları yekun mərhələdə intensivləşdiyindən Berlinin Azərbaycana münasibətdə loyal diplomatik mövqeyi elə də uzun sürmədi. Avqust ayının ortalarında İstanbuldakı nümayəndəlikdən Xarici İşlər Nazirliyinə göndərilən məlumatdan aydın olur ki, almanlar yenidən türklərin Bakıya doğru irəliləmələrinə mane olmağa cəhd göstərirlər. M.Ə.Rəsulzadə yazırdı: “Ayın 17-də Ənvər paşanın və xarici işlər nazirinin yanında oldum. Bir gün əvvəl Tələt paşa ilə şəxsən görüşmüşdüm. Məsələ bundadır ki, almanlar türk ordusunun Qafqazın içərisinə doğru irəliləməsinə etiraz edir, xüsusilə Bakı üzərinə yürüşün dayandırılmasını tələb edirlər. Onlar ehtiyat edirlər ki, geri çəkilərkən bolşeviklər ingilislərin Rumıniyada etdikləri kimi buruqları dağıtsınlar, neft ehtiyatlarını məhv etsinlər. Ona görə almanlar məsələnin sülh yolu ilə həll edilməsinə üstünlük verirlər. Hətta bir vaxtlar onlar Bakını, Şamaxı və Salyan da daxil olmaqla, onun ətrafı ilə birlikdə müstəqil tanımağa tərəfdar olublar. Bu niyyətlər türklər tərəfindən qəti etirazla qarşılanıb və nəhayət, Ənvər və Tələt paşaların sözlərinə görə, razılıq əldə olunub”. Buna bənzər məlumatı avqust ayının 10-da Ənvər paşa da Nuru paşaya yazırdı. О bildirirdi ki, Almaniya ilə aparılan danışıqlar ciddi bir nəticə vermədi, onlar Brest sülhünə əməl edilməsində və ruslarla sülhün pozulmamasında israrlıdırlar. Ənvər paşa yazırdı:

“Almanlar Bakı şəhərini azərbaycanlılara buraxmaq təəhəddüdü altına girmək istəməzlərsə də, təşəkkül edəcək Azərbaycan hökumətinin Bakısız yaşaya bilməyəcəyini iddia və bu nöqtədə israr edirik” [27]. 

Baş Nazir Fətəli xan da öz növbəsində M.Ə.Rəsulzadədən xahiş edirdi ki, Bakının azad edilməsi üçün İstanbuldakı diplomatik səylərini artırsınlar. О yazırdı:

“Əsas məsələ olan Bakı məsələsi hələ həll olunmayıb və bilmirik ki, yaxında həll olacaqmı? Bütün gücünüzdən istifadə etmək lazımdır ki, İstanbulda bu məsələnin tez həllinə nail olasınız, əks təqdirdə sonra mümkünsüz olacaq. Bakıda artıq bütün texniki vasitələrlə təchiz olunmuş iki mindən artıq əsgərdən ibarət ingilislər görünməyə başlayıblar. Vəziyyət hər gün ağırlaşır. Qarabağ istiqamətindən Zəngəzur qəzasının bir hissəsini işğal edib, Şuşa qəzasını bizdən ayıran Andronikin ordusu hərəkət edir. Bakı məsələsi həll olunmamış heç nə edə bilmərik”.

Avqust ayının 31-də M.Ə.Rəsulzadəyə digər bir məktubunda Fətəli xan Bakı uğrunda döyüşlərdə türk ordusunun həlledici rolunu yüksək qiymətləndirməklə yanaşı, türk komandanlığının Azərbaycan hökumətinin işinə müdaxiləsindən və bu müdaxilənin mənfi nəticələr verə biləcəyindən də şikayətlənirdi. О yazırdı:

“Ən başlıcası, bizim Türkiyə ilə münasibətlərimizi qəti şəkildə aydınlaşdırmaq lazımdır. Əks təqdirdə ikihakimiyyətlilik və çoxhakimiyyətlilik hər şeyi məhv edir. Mən hesab edirəm ki, bütün idarəçilik Azərbaycan hökumətinin əlində olmalıdır, indi baş verdiyi kimi, idarəçilik işlərinə bilavasitə müdaxilə etmək yolu ilə deyil, türk hərbi hissələri bütün arzu və istəkləri barədə hökumətə müraciət etməlidirlər və onun vasitəsi ilə həyata keçirməlidirlər [28]. 

Bu ərəfələrdə isə digər bir maraqlı hadisə baş verdi. Osmanlı imperiyası qüvvələrinin Bakıya girəcəyi halda belə neft payını alacağına böyük şübhəsi olan Almaniya ilə Rusiya 3 aylıq danışıqlardan sonra 27 avqustda razılığa gələ bildilər. Brest-Litovsk sülh müqaviləsinə əlavə imzalanan bu gizli sazişə daha çox Bakı məsələsi ilə bağlı olduğuna görə Bakı sazişi də deyilir.  8 fəsil və 17 maddədən ibarət  Almaniya-Rusiya məxfi sazişini Berlindəki rus səfiri A.İoffe və Almaniya Xarici İşlər Nazirliyinin məsul şəxsləri, gizli müşavirləri – xarici işlər idarəsinin katibi, istefada olan kontr-admiral Pavel fon Hintse və xarici işlər idarəsinin direktoru İohannes Krüge imzalamışlar. Sazişdə Ukrayna, Krım, Qara dəniz sahili, Qafqazla bağlı məsələlər və bir sıra digər məsələlər də əksini tapmışdır. Sazişin altıncı fəslinə görə, Rusiya Sovet Federativ Sosialist Respublikası Gürcüstanın müstəqil dövlət kimi Almaniya tərəfindən tanınmasına öz razılığını bildirirdi. XIV maddədə deyilirdi ki, Almaniya Gürcüstan  sərhədlərindən kənarda hər hansı III dövlətə hərbi əməliyyatlarda heç bir yardım göstərməyəcəkdir. Almaniya, həmçinin, III bir dövlətin silahlı qüvvələrinin Kür çayının mənsəbindən Petropavlosk kəndinə qədər, Şamaxı  qəzasının sərhədləri boyunca Əyrioba kəndinədək, düz xətlə Bakı, Şamaxı, Quba qəzalarının kəsişdiyi nöqtəyə qədər, sonra Bakı qəzasının şimalından dənizə olan ərazilərə keçməyəcəyini öhdəsinə götürürdü. III dövlət dedikdə, bu zaman artıq Azərbaycan ərazisində fəal əməliyyatlar aparan Osmanlı nəzərdə tutulurdu. Rusiya da, öz növbəsində, Bakını tutandan sonra burada neft hasilatı artırmağı, hər ay çıxarılan neftin dörddə bir hissəsini Donetsk hövzəsindən aparılan daş kömürün əvəzində Almaniyaya verməyi öhdəsinə götürürüdü. Lakin sazişdə Almaniyaya veriləcək neftin miqdarı müəyyənləşdirilməmişdi [29].

Almaniyanın Osmanlıdan gizli imzaladığı saziş, bütövlükdə, müttəfiqi Osmanlıya, habelə Azərbaycana  qarşı yönəlmişdi. Bu isə həm osmanlının, həm də Azərbaycan ictimaiyyəti və rəsmi dairələrinin narazılığına səbəb oldu. Sentyabrın 1-də saziş haqqında İstanbuldan Azərbaycan hökümətinə məlumat verən Məhəmməd Əmin Rəsulzadə yazırdı:

Necə olursa-olsun, Bakını almaq, almaq və almaq lazımdır.

İstanbuldakı Azərbaycan  nümayəndələri sentyabrın 6-da sərdəzəm (baş nazir) Tələt paşa  ilə görüşüb, Bakının tezliklə azad edilməsinin zəruriliyini müzakirə etdilər. Bundan az sonra Berlinə gedən Tələt paşa 27 avqust sazişinin təcili surətdə ləğv olunmasını Almaniya hökümətindən tələb etdi. Azərbaycan nümayəndələri sentyabrın 12-də İstanbulda Azərbaycan  hökumətinin etiraz notasını Almaniyanın Osmanlı  dövlətindəki səfirliyinə təqdim etdilər. Notanın surəti Osmanlı  Xarici İşlər Nazirliyinə, Avstriya-Macarıstan  səfirliyinə, habelə diplomatik nümayəndəliklərə də verildi. M.Ə.Rəsulzadənin imzası ilə Azərbaycan hökuməti adından Almaniyanın səlahiyyətli nümayəndəsi qraf Valdburqa təqdim edilən notada deyilirdi:

“Almaniya ilə Sovet Rusiyası arasında sazişin Bakıya aid maddəsindən həddindən artıq təsirlənən və heyrətdə olan hökumətimizdən aldığım təlimata müvafiq surətdə aşağıdakıları Sizin nəzərinizə çatdırmağı özümə şərəf Azərbaycan əhalisi rus hökuməti tərəfindən elan olunan və Brest-Litovskda onlar tərəfindən təkidlə bir daha təsdiq edilən “hər millətin öz müqəddəratını təyin etməsi hüququ” haqqındakı şüarına istinad edərək əsrlərdən bəri altında əzildiyi rus boyunduruğunu üzərindən ataraq elanı istiqlal etmişdisə də, bağlanan müahidələr Azərbaycanın təbii paytaxtı, elm və mədəniyyət mərkəzi, iqtisadi və siyasi mərkəzi olan Bakı şəhərinin yenidən rus hakimiyyəti altına alınmasına təminat vermişdir”.

Cəbhələrdə vəziyyətin tezliklə kəskin surətdə Almaniyanın  zərərinə dəyişməsi onun 27 avqust sazişindən imtina etməsinə səbəb oldu. Almaniya höküməti, hətta Bakını azad etmək üçün Osmanlıya öz hərbi yardımını təklif etdi. 1918-ci il, sentyabrın 15-də Bakının azad edilməsi Tələt paşanın Berlində apardığı danışıqlara ciddi təsir göstərdi. Danışıqlar zamanı Tələt paşa  qoşunlarının Azərbaycanda çox qalmayacağını bildirdi.

Osmanlı hökümətinin bu vədi 1918-ci il sentyabrın 23-də imzalanmış Almaniya-Osmanlı protokolunda təsbit olundu. Almaniya höküməti 27 avqust sazişindən rəsmi şəkildə imtina etdiyini açıqladı və Azərbaycanı müstəqil bir dövlət kimi tanıyacağını, ilk addım kimi, tezliklə Bakıda konsulluq açacağını bildirdi. Almaniya Azərbaycanın müstəqilliyinin Sovet Rusiyası tərəfindən də tanınacağını vəd etdi [30]. 27 avqust Almaniya – Rusiya məxfi sazişi ləğv edilsə də, Almaniya hökümətinin bu addımı təsirsiz ötüşmədi. Almaniyanın  bu addımına cavab olaraq, Azərbaycan hökuməti alman koloniyaları barədə imzalamaq ərəfəsində olan Azərbaycan -Almaniya müqaviləsindən imtina etdi.

Azərbaycan qüvvələri Bakını mühasirəyə aldığı zaman şəhərdə onlara qarşı daşnaklar, ingilislər və bir qrup bolşevik döyüşürdü (Petrovun rəhbərliyi altında). Sentyabr ayının əvvəllərindən etibarən artıq Bakıya yekun hücumlara hazırlıqlar başlamışdı.

Nuru paşanın 13 sentyabr tarixli diviziya komandirlərinə göndərdiyi əmrdə bölmələrə 14 sentyabr 2:00-da hücuma keçmək  əmr edilirdi. 15 sentyabrda şəhər təslim edildi və 16 sentyabrda Qafqaz İslam Ordusu şəhər daxil oldu.

Yazının bu hissəsində əsasən Bakının işğaldan azad edilməsi üçün diplomatik sahədə olan mübarizədən bəhs edilib. Məqaləni Fətəli xan Xoyskinin Bakının azad edilməsi ilə bağlı yazdığı yazının bu hissəsi ilə bitirmək istəyirəm:

Bizim də həyatda azad yaşamağa hüququmuz vardır. Heç bir zirehli maşın, hidroplan, aeroplan, kanonerka, məftilli çəpər, mina və sairə texniki qurğu, heç bir ingilis, heç bir qüvvə və onların havadarları tarixin təbii axarına mane ola bilmədilər. Bakının 50 minlik qoşun və texnika ilə birlikdə kiçik bir qüvvənin həmləsi qarşısında süqutu başqasının fəlakəti üzərində öz xoşbəxtliyini qurmaq istəyənlərə ibrət dərsi olmalıdır” [31].

 

Ədəbiyyat siyahısı

  1. Kazemzadeh. The Struggle for Transcaucasia, p. 131
  2. И.Дeникин. Очерки русской смуты. Москва, 1991, с.35
  3. Peter Hopkirk. On secret service East of Constantinople. The Plot to Bring Down the British Empire. John Murray, London, 1994, p.331-332
  4. Г.Папия. Политика Германии в Закавказье в 1918 г. Тбилиси, 1971, с.58-59
  5. İstanbuldakı Azərbaycan nümayəndəliyinin rəhbəri M.Ə.Rəsulzadənin xarici işlər naziri M.H.Hacınskiyə məktubu. 19.07.1918//ARDA, f.894, s.10, i.31, v.2
  6. İbrahimov. V.İ.Lenin və Azərbaycanda sosialist inqilabının qələbəsi. Bakı, 1970, s.255
  7. Ə.M.Topçubaşov. Azərbaycan təşəkkülü, s.133
  8. Документы по истории гражданской войны в СССР. М., 1940, т.1, с.381
  9. İ.Lenin. Azərbaycan haqqında, s.131
  10. Süleymanov. Qafqaz İslam Ordusu və Azərbaycan, s.215
  11. Документы по истории гражданской войны в СССР, с.289-290
  12. Yüceer. Birinci Dünya Savaşında Osmanlı Ordusunun Azerbaycan ve Dağıstan Hareketi. Ankara, 1996, s.65
  13. Swietochowski. Russian Azerbaijan, p.134
  14. N.Kurat. Türkiye ve Rusiya, s.547
  15. Şeboldaev-L.Trotskiyə. 23.06.1918. //ARPİİ SPİHDA, surət fondu, sənəd № 371, v.3
  16. Avetisyan, S.Ağayan – Sov.İKP MK-ya. 1965. f.5, s.33, i.221, v.43
  17. Бакинский рабочий, 1918, 20 июля.
  18. Şaumyan. Seçilmiş əsərləri, s.412-413
  19. İ.Lenin Azərbaycan haqqında, s.138
  20. С.Шаумян. Бакинская Коммуна. Баку, 1927, с.38-39
  21. Xarici işlər naziri M.H.Hacınskinin İstanbulda Azərbaycan nümayəndələrinin başçısı M.Ə.Rəsulzadəyə məlumatı. 24.07.1918. f.277, s.2, i.7, v.41-42
  22. Бюллетень Центрокаспия, 1918, 3 августа.
  23. В.Черчилль. Мировой кризис. М., 1932, с. 105
  24. S.Fatemi. Diplomatic history of Russia. 1917-1923. New York, 1952, p.143
  25. Д.Ллойд Джордж. Военные мемуары. Том VI, с.98
  26. Hopkirk. On Secret Service East of Constantinople, p.330
  27. Hikmet Yusuf Bayur. Türk İnkilabı Tarihi, cilt III, s.225
  28. Nazirlər Şurasının sədri F.X.Xoyskinin İstanbuldakı Azərbaycan nümayəndəliyinin rəhbəri M.Ə.Rəsulzadəyə məktubu. 31.08.1918. f.277, s.2, i.7, v.23
  29. Nəsibzadə, Azərbaycanın xarici siyasəti (1918-1920)
  30. Qasımlı, Birinci dünya müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasəti (1914-1918) 3 hissədə, II hissə (1917-ci il noyabr – 1918-ci il, noyabr), Bakı, 2001.
  31. Азербайджан, 1918, 19 сентября

Qulamhüseyn Məmmədov

Bütün yazıları göstər