Giriş
Azərbaycan mühacirətinin tarixi çox qədim olsa da, siyasi mühacirətə səbəb olan hadisə 1920-ci ildə Azərbaycan Cümhuriyyətinin bolşeviklər tərəfindən işğalı ilə başlayan siyasi təzyiq siyasətidir. Digər dövrlərdəki mühacirətdən fərqli olaraq Azərbaycan Cümhuriyyətinin süqutundan sonra formalaşan və zaman keçdikcə inkişaf edən mühacirət ilk dəfə geniş və mütəşəkkil fəaliyyət göstərmiş, müxtəlif ölkələrdə öz siyasi təşkilatlarına, mətbuata və ideoloji mübarizə vasitələrinə malik olmuşdur.
Bolşevik işğalından sonra ölkəni tərk edən azərbaycanlılar bir çox ölkədə siyasi-diplomatik mübarizəyə başladılar. Azərbaycanın istiqlaliyyəti uğrunda fərqli yollarla fəaliyyətlərini davam etdirən mühacirlər müxtəlif dillərdə jurnal, qəzet və kitablar yayımlayaraq mübarizənin ideoloji cəbhəsini formalaşdırdılar. Onlar bu səyləri ilə Azərbaycan xalqının müstəqillik mübarizəsini, tarixini, mədəniyyətini və xüsusilə Sovet senzurasının əngəllədiyi faktları dünyaya çatdırmağa çalışdılar. Mühacirlər bolşevik işğalı altında olan digər ölkələrin nümayəndələri ilə birlikdə antikommunist cəbhələr yaratmaq yolu ilə mübarizə meydanını genişləndirərək dünya dövlətlərinin diqqətini Azərbaycan məsələsinə çəkməyi bacardılar. Mühacirlər beynəlxalq konfranslarda Azərbaycanın mənafeyini qorumaq və daxilindəki istiqlal mübarizəsini idarə etmək kimi fəaliyyətləri ilə milli müstəqillik hərəkatında çox mühim rol oynadılar.
Müstəqillikdən sonra Sovet dövründə milli məsələlərdən uzaq tutulan xalq üçün milli mübarizənin xarakteri, onun hansı əsaslar üzərində davam etdirilməsi və həyata keçirilən fəaliyyətlərin öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Müstəqillikdən sonrakı otuz iki il ərzində bu mövzuda tədqiqatlar aparılsa da, daha çox ayrı-ayrı fərdlər və ya müəyyən ölkələrdəki fəaliyyətlərlə məhdudlaşdırılmışdır. Bu araşdırmada digərlərindən fərqli olaraq Azərbaycan siyasi mühacirətinin fəaliyyətləri Azərbaycan daxilindəki milli mübarizə ilə birlikdə milli müstəqillik hərəkatının tərkib hissəsi kimi ələ alınmışdır.
Tədqiqatın əsas məqsədi Azərbaycan siyasi mühacirətinin ən aktiv fəaliyyət göstərdikləri 1920-1950-ci illər arasında milli müstəqillik hərəkatında nə kimi rol oynadığını və onların fəaliyyətlərinin nəticələrini araşdırmaqdır.
1.Azərbaycan Xalqının Sovet İşğalına qarşı Mübarizəsi
1920-ci il 28 aprel tarixində Azərbaycan Cümhuriyyəti bolşeviklər tərəfindən işğal edildi. Sovet hökuməti Azərbaycanda öz maraqlarını təmin etmək üçün xalqın taleyinə və əmlakına nəzarət etmək hüququ Moskvanın təyin etdiyi və ona sadiq bir qrup bolşevik liderin əlində olan siyasi sistem yaratmağa çalışırdı. Ən mühüm məqsədlərdən biri də Moskva Kommunist Partiyası vasitəsilə siyasi sistemin bütün dairələrində öz hegemonluğunu bərqərar edəcək, xalqın və onun ictimai institutlarının dövlət idarəçiliyindən uzaq qalacağı bir sistem yaratmaq idi. Əvvəllər qanunvericilik və icra hakimiyyətləri bu prinsiplə yaradılmış Azərbaycan İnqilab Komitəsində toplanmış, Azərbaycan Xalq Komissarları Soveti də bu prinsiplər əsasında yaradılmışdı (Vəliyev, 2009: 261).
Sovet Azərbaycanında həyata keçirilən siyasətlər qarşısında səssiz qalmayan Azərbaycan xalqı müxtəlif üsullarla rejimə qarşı çıxdı. Sovet rejiminə qarşı narazılığın başlıca göstəricisi xalq üsyanları idi. 1920-ci ilin ilk həftəsində başlayan üsyanlar 1923-cü ilə qədər davam etdi və bu müddət ərzində rejimə qarşı əlli üç böyük üsyan və mindən çox kiçik nümayiş baş tutdu. İlk böyük üsyan 1920-ci il mayın 21-də Azərbaycan milli ordusunun keçmiş üzvlərinin iştirakı ilə daha geniş miqyas almış Tərtər üsyanı idi. Bu qarşıdurmalarda xalqın dəstəyi ilə uğur qazanan milli qoşunlar rusları Bərdəyə doğru geri çəkilməyə məcbur etdilər və Tərtəri ruslardan təmizlədilər (Gasımov, 2006: 96).
Üsyanlar arasında həm say, həm də güc baxımından ən böyük miqyaslısı mayın 25-26-da başlayan Gəncə üsyanı idi. Gəncə hadisələri müsavatçılarla bolşeviklər arasında siyasi qarşıdurma xarakteri almışdı. Azərbaycanın keçmiş ordu generallarının başçılıq etdiyi bu üsyan şəhər əhalisi və ətraf kəndlərdən gələn iştirakçılarla sayını 10.000-ə çatdırmışdı. Bu üsyanın sonunda Qızıl Ordu 808 itki verdi və ümumi ölənlərin sayı 1000-ə çatdı (Özdemir, 2023). Bu üsyanların ardınca Qarabağ, Zaqatala, Şəki, Ağdaş, Quba, Şamxor, Salyan, Hacıqabul, Kürdəmir, Tovuz, Qazax, Naxçıvan, Bakı və Astarada da xalq üsyanları baş verdi. Xalqın silah-sursatının kifayət qədər olmaması, bölgədə yaşayan erməni və rusların xəyanəti, rus ordusuna davamlı əlavə dəstək göndərilməsi, üsyanların vahid mərkəzdən idarə edilməməsi və nizamsız olması, üsyançıların kənardan lazımi dəstək ala bilməməsi kimi səbəblər bu üsyanların iflasa uğraması ilə nəticələndi (Gasımov, 2006: 141).
Azərbaycan xalqının sovetlərə qarşı mübarizəsinin daha bir nümunəsi gizli təşkilatlar idi. Bolşevik işğalından sonra Azərbaycan siyasi mühitində baş verən dəyişikliklər buradakı partiyaların və digər siyasi təşkilatların fəaliyyətlərinə mane olmaqda idi. 1920-ci il aprelin 29-da Müsavat Partiyasının qurultayı keçirildi və bu qurultayda bir qrup partiya üzvü partiyanın ləğv edilərək bolşeviklərə qatılmasını təklif etsə də, əksəriyyət bu fikirlə razılaşmayaraq, istiqlal mübarizəsini davam etdirmək yolunu seçdilər (Mehmetzade, 1991: 147). İşğalın ilk günü Mirzə Bala Məmmədzadə və Abdulvahab Məmmədzadə M.Ə.Rəsulzadənin razılığını aldıqdan sonra Müsavat Partiyası Qərargahını yaratdılar. Rəsulzadənin təklifi ilə M.B.Məmmədzadə partiyanın sədri təyin edildi. Lakin qısa zamanda mövcud siyasi şəraitdə legal fəaliyyətin mümkün olmayacağını anladıqdan sonra mühacirətdə olan Rəsulzadənin təklifi ilə gizli fəaliyyətə keçildi. Onlar üç nəfərdən ibarət qruplar halında təşkilatlanaraq həm beynəlxalq, həm də Sovet dövləti daxilində maddi, hərbi, siyasi və ideoloji cəhətdən hazırlanmış qruplar yaradaraq silahlanmağa başladılar. Partiyanın siyasi və kəşfiyyat şöbələri yaradıldı. Partiyanın təbliğat-təşviqat qolu Sovet siyasətinin iç üzünü xalqa çatdırmağa çalışırdı. Təbliğatçıların hazırlığı üçün gizli siyasi qurumlar və məktəblər açılmışdı. İşğaldan sonrakı ilk dövrlərdə Sovet idarəsi kadr çatışmazlığı səbəbindən milliyətçi kadrları işə götürmək məcburiyyətində qaldığı üçün kitabxana, mətbuat və nəşriyyat işçilərinin əksəriyyəti müsavatçılardan təşkil olunmuşdu. Partiya bu vəziyyətdən təbliğat üçün istifadə edirdi. Müsavat Partiyası 1921-ci ilin sonlarından etibarən silahlı üsyan olmadan öz məqsədlərinə çata bilməyəcəklərini anladıqları üçün, tarixi təcrübəyə əsaslanaraq, Partiyanın Hərbi Şöbəsini və silahlı təşkilatını yaradaraq çevriliş planı hazırlamaqda idi (Gasımov, 2006: 157-159).
Gizli Müsavat Partiyası fəaliyyətləri üçün xaricdən heç bir maliyyə dəstəyi almırdı. Maddi ehtiyaclar partiya üzvləri və xalqın dəstəyi ilə qarşılanırdı. Xalqdan və partiya üzvləri tərəfindən gətirilən əşyalar partiyanın maliyyə məmuru Məmməd Həsən Baharlı tərəfindən bazarda satılaraq partiya xərclərinin ödənilməsinə xərclənirdi. Bu vəsaitlər M.E.Rəsulzadənin Moskvadan Finlandiyaya qaçırılması zamanı da istifadə olunmuşdu (Gasımov, 2006: 161).
Partiyanın Mərkəzi Komitəsi Türkiyənin Bakıdakı konsulluğunun rəhbəri Memduh Şevket bəydən kömək gözləsə də, oradan çox az maddi və rabitə dəstəyi ala bilmişdi. İstintaq materiallarına görə, türk kəşfiyyatı M.Ə.Rəsulzadənin İstanbula gəlməsinə dəstək vermişdir (Əlizadə, 2021). Gizli Müsavatın mətbuat orqanı da fəalliyət göstərirdi. Burada təbliğat məqsədi ilə vərəqələr hazırlanırdı. Eyni zamanda 1923-cü ilə qədər komitənin “İstiqlal” qəzeti də fəaliyyət göstərmişdir. İstintaq məlumatlarına görə, bu ildə “İstiqlal” qəzetinin on səkkiz nömrəsi çap olunmuş, qəzetdə partiyanın proqramı, bəyannamələri və Azərbaycanda baş verən hadisələrə münasibəti bildirilmişdi (Gasımov, 2006: 162).
1923-cü ildən başlayaraq Gizli Müsavat Partiyasının rəhbərləri və üzvləri həbs edilmiş, bəziləri inqilabi hərəkatdan uzaq duracaqları vədi ilə azadlığa buraxılmışdı. “İstiqlal” qəzetinin mətbəəsi aşkar edilərək bağlanmış, Partiyanın rəhbəri M.B.Məmmədzadə İrana qaçmışdı (Alizade, 2021).
1925-ci ildə Gizli Müsavat təşkilatı yenidən quruldu. İkinci Gizli Təşkilatın fəaliyyətinin əsas məqsədi xalqı maarifləndirmək, vətənpərvərlik ruhunu aşılamaq idi. Bu məqsədə uyğun olaraq dövlətin təhsil strukturlarına sızaraq, ölkənin bolşeviklər tərəfindən işğal edildiyini öyrətmək, türk kimliyinə sevgi aşılamaq, türk tarixi və ədəbiyyatını öyrətmək, ruslaşmaya qarşı müqaviməti gücləndirmək nəzərdə tutulurdu. Müəllimlər bu planı Sovet təhsil programı çərçivəsində ehiyatla həyata keçirirdilər. Sovet hökuməti tərəfindən milliyətçi ədəbiyyat qadağan edildiyi üçün Rəsulzadənin mühacirətdə yayımladığı kitabları, xüsusilə 1923-cü ildən Türkiyədə nəşr olunan “Yeni Kafkasya” jurnalının nömrələri gizli şəkildə ölkəyə gətirilir və xalq arasında yayılırdı. Bu fəaliyyətlər ölkədə milliyətçilik ruhunun yüksəldilməsində çox böyük rol oynamışdır (Alizade, 2021). Lakin 1926-cı ildə bu təşkilat da aşkarlanaraq dağıdıldı.
Fəaliyyətinin yenidən bərpa edildiyi 1926-1931-ci illəri əhatə edən üçüncü mərhələ gizli Müsavat Partiyasının ən coşqun dövrlərdən biri olmuşdur. Partiya bu dövrdə gənclər arasında təbliğat-təşviqat işini gücləndirmiş, ictimaiyyət arasında bəyannamələr yayaraq ruslaşdırmaya qarşı çıxmışdır. Azərbaycan Dövlət Siyasi İdarəsi tərəfindən Müsavatın 1925-1931-ci illərdəki fəaliyyətləri nəticəsində yaradılmış 12 təşkilat, qrup və dərnək müəyyən edilmişdir. Bunların arasında Gənc Azər, Gənc Türkçülər Birliyi, Türkçülər qrupu kimi birliklər var idi. Gənc Azər təşkilatı öz təbliğat işlərində mühacirətdəki “Yeni Kafkasya” və “Gənc Azər” jurnallarından istifadə edirdi (Yaqublu, 2012: 135-137). 1931-ci ildə üçüncü gizli Müsavat təşkilatı aşkar edilərək dağıdılmış, lakin eyni ildə yenidən qurulmuşdu. Gizli Müsavat təşkilatının dördüncü mərhələsi isə 1931-1937-ci illəri əhatə etmiş və Stalin repressiyaları ilə başa çatmışdır (Yaqublu, 2012: 150). Sovet Azərbaycanındakı milli mübarizənin gücü Sovet hökumətinin ağır təzyiqləri və terroru ilə zəiflədikdən sonra bu zamana qədər birlikdə yürüdülən Azərbaycan milli müstəqillik hərəkatı mühacirətdəki Azərbaycan Milli Mərkəzi və Müsavat Xarici Bürosunun fəaliyyətləri ilə davam etdirilmişdir.
2. Sovet Hökumətinin Siyasi Təzyiq və Terror Təşəbbüsləri. Siyasi Mühacirətin Yaranması
İşğaldan sonra bolşeviklərin ilk hədəfi Azərbaycanın siyasi və intellektual elitasını yox edərək bolşeviklərə qarşı başlamış xalq hərəkatını başsız qoymaq idi. Ümumi olaraq 1920-ci ilin aprelindən 1921-ci ilə qədər keçən qısa zaman ərzində Azərbaycanda çoxu ziyalı olan 48000 nəfər bolşevik terrorunun qurbanı oldu (Balayev, 2012: 211).
İşğal zamanı ölkədə olan hökumət üzvləri, xüsusən də Azərbaycan Cümhuriyyətinin qurucuları güclü təqib, təzyiq və terror aktlarına məruz qaldılar. Bunun nəticəsində onların bir qismi hələ sovetləşməmiş Gürcüstana və qonşu ölkələrə getməyə məcbur olsalar da bolşevik təqibləri burada da davam etmiş, bu yolda Daşnaksütyun Partiyasının terror şəbəkəsindən geniş istifadə edilmişdir. Belə ki, işğaldan sonra xaricdə mübarizəni davam etdirən Fətəli Xan Xoyski və Həsən bəy Ağayev Tiflisdə (Yaqublu, 2018: 112), Behdud bəy Cavanşir isə İstanbulda bu yolla öldürülmüşdü (Gasımov, 2006: 182). Azərbaycan Cümhuriyyətinin qurucularından Nəsib bəy Yusifbəyli də işğaldan sonra digər yoldaşları kimi Bakını tərk edib, çox güman ki, Gürcüstana qaçmaq istəyərkən yolda öldürülmüş, lakin kim tərəfindən öldürüldüyü və məzarının harada olduğu günümüzə qədər təyin olunmamışdır (Yaqublu, 2018: 97).
İşğaldan sonra ölkədə qalan Konstantin Lizqar, İsmayıl xan Ziyadxanlı, Xudadat Rəfibəyli kimi hökumət üzvləri isə dərhal güllələndilər. Bəzi hökumət mənsubları bir müddət bolşeviklərlə birlikdə çalışıb müəyyən vəzifələr icra etsələr də zaman içərisində sürgünlərə, həpslərə məruz qaldılar. Onların bəziləri həpsxana həyatının çətinliklərinə dözməyərək öldü, bəziləri isə fərqli zamanlarda bolşevik terrorunun qurbanı oldular. Məmməd Həsən Hacınski Əlimərdan bəy Topçubaşovla əlaqələrinin olması, mühacirətdəki Azərbaycan Milli Mərkəzinin ölkədəki rəhbəri olmaqda günahlandırılaraq həps edildi və 1931-ci ildə çox güman ki, sorğudakı işgəncələrə dözməyərək həpsxanada özünü asdı.(Yaqublu, 2018: 126).
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1919-cu ildə təhsil almaq üçün xaricə göndərdiyi tələbələr aprel işğalından sonra aldıqları təqaüddən məhrum olmuş, Nəriman Nərimanov bir müddət yardım göstərsə də, sonradan bu yardım bolşevik ayrı-seçkiliyi ilə bitmə nöqtəsinə gəlmişdi. Bu vəziyyətdə təhsil xərclərini ödəyə bilməyənlər ağır şərtlərdə işləmək məcburiyətində qalmış, bəziləri təhsilini yarımçıq qoymuş, bəziləri həpsxanaya düşmüş və ya intihar etmişdi. Təhsilini bir şəkildə bitirib geri dönənlər isə Avropa təhsilli olduqları üçün milliyətçi qrupun üzvü olmaqda günahlandırılaraq qırmızı terrorun qurbanı oldular. Geri dönməyənlərin çoxu isə həyatları boyunca Azərbaycanın istiqlalı üçün xaricdə mübarizə apardılar (Qurban, 2018: 13).
1920-ci ildən 1950-ci ilə qədər davam edən bu terror Azərbaycan tarixinin ən böyük faciələrindən birinə çevrildi. Sovet hökuməti 20-ci illərdə ölkə içərisindəki milli mübarizəni bu kimi yollarla zəiflətməyi bacarmışdı. Lakin 30-cu illərdə siyasi təzyiqlər daha da genişlənərək toplumun hər təpəqəsini əhatə etdi. 1936-1938-ci illər arasında “1937 repressiyası” adlanan tarixi mərhələ isə daha da qanlı keçdi və bu tarixdən 1950-ci illərin başına qədər olan müddətdə Azərbaycanda 29000-i ziyalı olmaqla 80000-dən çox insan siyasi təzyiq və repressiyaya məruz qaldı (Balayev, 2012: 211).
Ölkə daxilində Bolşevik repressiyaları gücləndikcə Azərbaycan mühacirlərinin sayı bolşevik özbaşınalığına boyun əymək istəməyən sahibkarlar, ziyalılar, siyasi elita nümayəndələri və sadə vətəndaşlar hesabına artmağa davam etdi.
3. Mühacirətdə İlk Diplomatik Fəaliyyətlər
Azərbaycan siyasi mühacirətinin fəaliyyətləri 1923-cü ilə qədər dağınıq şəkildə davam etmiş, onlar Gürcüstan, İran, Türkiyə və Avropanın bir çok ölkələrində demək olar ki bir-birlərindən xəbərsiz şəkildə istiqlal mübarizəsi üçün yollar axtarmışdır. Bu niyət üçün ilk başlarda ən uyğun ölkə Gürcüstan olduğundan ilk mühacir axınların istiqaməti buraya olmuşdur. Hələ işğaldan öncə Qafqaz dövlətlərinin əməkdaşlığı məsələsi üçün buraya gələn Azərbaycan təmsilçiləri işğaldan sonra geri dönməmiş, sonrasında xalq üsyanları, xüsusilə Gəncə üsyanı yatırıldıqdan sonra da may-iyun aylarında antibolşevik dirənişin təmsilçiləri Tiflisə gələrək burada 1921-ci ilin fevral ayına qədər Azərbaycan hökumətini təmsil etdilər. Onların arasında Fətəli xan Xoyski, Həsən bəy Ağayev, Mustafa Vəkilov, Xəlil bəy Xasməmmədov, Fariz Vəkilov, Şəfi bət Rüstəmbəyli də var idi (Abutalıbov & Mamulia, 2017: 21-22).
Gürcüstandakı mühacirlər bolşeviklərin xalqın iradəsi ilə qurulan Azərbaycan Cümhuriyyətini hərbi yolla devirdiyini dünya ictimaiyyətinə çatdırmaq üçün bir etiraz bəyannaməsi hazırladılar. Bu bəyannamədə dünya dövlətlərindən rus ordusunun tezliklə ölkə sərhədlərini tərk etməsi ilə bağlı Sovet hökumətinə müraciət edilməsi tələb edilirdi (İbrahimli, 2012: 90). Bu etiraz bəyannaməsinin dərc edilməsindən çox keçmədən F.Xoyski və H.Ağayev Tiflisdə bolşevik terrorunun qurbanı oldular.
1920-ci ilin mayında San-Remo Konfransından Parisə qayıdan Azərbaycan diplomatik heyətinin nümayəndələri Azərbaycan Cümuriyyətinin bolşeviklər tərəfindən işğal edildiyini öyrəndikləri andan etibarən diplomatik sahədə fəaliyyətə başladılar. Onlardan ən fəalları nümayəndə heyətinin sədri Ə.Topçubaşov, Mir Yaqub Mehdiyev, Ceyhun Hacıbəyli, Məmməd Məhərrəmov, Əkbərağa Şeyxülislamov, Abbas bəy Atamalıbəyov idi. Onlar Tiflisdəki üsyan rəhbərləri və ziyalılar ilə əlaqə saxlamaqla Azərbaycandakı vəziyyət haqqında məlumat əldə edirdi (Abutalıbov & Mamulia, 2017: 58). Topçubaşov Azərbaycanın işğalından sonra Avropadakı Müttəfiq Dövlətlərin Ali Şurasına, Parisdəki Müttəfiq Dövlətlərin nümayəndələrinə, yeni yaradılmış Millətlər Cəmiyyətinə və bir çox beynəlxalq təşkilata müraciətlər etdi və notalar verdi. Göndərilən nota və müraciətlərdə Sovetlərə qarşı mübarizədə Qafqaz birliyi, Azərbaycanın deyure tanınması, müstəqillik uğrunda mübarizə və xalq üsyanları üçün Antanta dövlətlərindən yardım alınması kimi məsələlərə toxunulmuşdu.
Azərbaycan Diplomatik heyəti silah yardımından yararlanmaq üçün 1921-ci il 20 yanvarda Müttəfiq Dövlətləri Ali Şurasına göndərdiyi notada belə bir hissə yer alırdı: “ Qafqaz xalqları arasında siyasi-iqtisadi birlik düşüncəsi heç bir zaman bu qədər olmamışdır. Parisdəki heyəti və Bakı-Gəncə hökumətləri ilə Azərbaycan bu düşüncənin atəşli bir tərəfdarıdır.” (Abutalıbov & Mamulia, 2017: 82). Buradan azadlıq hərəkatının başlıca qüvvələri olan üsyançılar, Paris diplomatik heyəti, Bakı və Gəncədəki gizli təşkilatlar arasında əlaqələrin mövcud olduğu və birlikdə fəaliyyət göstərdikləri qənəatinə gəlmək mümkündür.
Diplomatik heyətin bütün səylərinin nəticəsində 1921-ci il fevralın 22-də Gürcüstana yola düşmək üçün doqquz yüz min güllə və iyirmi pulemyotdan ibarət ilk silah yardımı Marselə yola çıxdı. Lakin fevralın 24-də bolşeviklərin Tiflisi mühasirəyə alması ilə gürcü qoşunları Tiflisi tərk etdi. Silahların bolşeviklərin əlinə keçməsindən qorxan Antanta dövlətləri təslimatın dayandırılmasını əmr etdi (Abutalıbov və Mamulia, 2017: 85). Beləliklə, Gürcüstanın sovetləşməsindən sonra Azərbaycanın müstəqillik mübarizəsinin Tiflis dövrü başa çatdı.
Azərbaycan xalqının Sovet rejiminə qarşı başlatdığı üsyanlara və yaradılmış gizli təşkilatlara silah yardımı göstərmək, Azərbaycanın müstəqilliyini tanıtmaq məqsədi ilə aparılan diplomatik danışıqlar nəticəsiz qaldıqdan sonra mühacirlər beynəlxalq konfranslarda öz səslərini dünya dövlətlərinə çatdırmaq üçün tədbirlər görməyə başladılar.
Azərbaycan diplomatik heyəti Kann, Genuya və Lozanna konfranslarında diplomatik mübarizəni davam etdirdilər. 1922-ci il 10 aprel tarixində keçirilən Genuya konfransında Sovet hökuməti hər biri 200-dən 1000 desyatinə qədər olmaqla 3000 hektar neft ərazisini böyük dövlətlərə güzəştə getməyə hazır olduqlarını bildirdi. Bu zaman Azərbaycan nümayəndə heyəti Bakı neftinin ruslara məxsus olmadığını, neft ərazisinin yerli xarakter daşıyaraq, xalqa və ora kapital qoyan xarici dövlətlərə məxsus olduğunu əsaslandırırdı. Eyni zamanda Londonda Azərbaycan İnformasiya Bürosu rəsmi bülletenlər dərc etməyə başladı. Bu bülletenlərdə Azərbaycan milliyətçilərinin bolşeviklərə etiraz olaraq Bakı ətrafındakı neft mədənlərini və emalatxanalarını yandırdıqları haqqında məlumat yer alırdı (Mehdiyev, 1994: 20).
Azərbaycan mühacir birliklərinin Genuya, sonra isə Haaqa konfranslarında, xüsusilə Bakı nefti məsələsindəki səyləri Qərb dövlətlərinin Sovet Rusiyası ilə razılıq əldə etməsinə mane ola bildi. Azərbaycan siyasi mühacirləri xaricdə ilkin fəaliyyətlərini daha çox diplomatik sahədə Azərbaycanın haqsız işğalına qarşı dəstək axtararaq davam etdirdilər. Sovetlərə qarşı Avropa dövlətləri ilə ortaq maraqlara uyğun yollar axtaran mühacirlər mübarizənin bu dövründə bir çox mühüm nəticələr əldə etsələr də, əsas məqsədləri olan Azərbaycanın müstəqilliyinin tanınmasına nail ola bilmədilər.
4. Tək Mərkəzdə Birləşmə və Siyasi Təşkilatlar
İşğaldan sonra Stalin Rəsulzadəni həpsdən çıxararaq Moskvaya gəlməsinə kömək etmişdi. Onun əsas məqsədi Azərbaycan Cümhuriyyətinin qurucu liderini öz tərəfinə çəkərək içəridəki milli mübarizəni zəiflətmək idi. Rəsulzadə Moskvada olduğu zamanlarda Gizli Müsavat təşkilatı ilə təmasda idi. Onun Moskvadan qaçışı haqqında dedikləri də bu fikri təsdiqləməkdədir:“Tam bu günlərdə Bakıdan yoldaşlar gələrək təşkilatın vəziyyətinin yaxşıya getdiyini, gizli Müsavat hərəkatının yenidən canlandığını bildirdilər. Təşkilat xaricə getməyimi və orada milli hərəkatı təmsil etməyimin yararlı olacağı görüşünü dilə gətirdi.” (Resulzade, 2018: 53)
Rəsulzadə 1922-ci ilin sonlarına doğru Finlandiyaya qaçaraq, oradan Berlinə, sonrasında isə Paris üzərindən İstanbula getdi (Şimşir, 2013: 25). Gizli Müsavat təşkilatı ilə Sovet Azərbaycanındakı antibolşevik hərəkatı bir mərkəz ətrafında birləşdirmək istəyən Rəsulzadə İstanbula gəldikdən sonra dünyanın müxtəlif ölkələrində mübarizəni davam etdirən mühacirləri vahid mərkəzdə birləşdirmək üçün fəaliyyətə başladı. Lakin bu iş olduqca çətin idi, çünki İstanbulda yaşayan mühacirlər arasında belə fikir ayrılığı mövcud idi və bu, İstanbuldakı Bakı konsulluğunun bağlanmasına səbəb olmuşdu (Yaqublu, 2001: 47).
Rəsulzadə ilk olaraq milli müstəqillik hərəkatını istiqamətləndirmək və sovetlərə qarşı təbliğatı gücləndirmək məqsədi ilə Müsavat Partiyasi Xarici Bürosunu yaratdı. Təşkilatın rəhbəri Rəsulzadə, baş katibi Mirzə Bala Məmmədzadə təyin edildi. Xarici Büro qurulduğu gündən Gizli Müsavat təşkilatı birbaşa Xarici Büronun göstərişi əsasında fəaliyyət göstərmişdir. Rəhbərlərdən başqa digər üzvlər Gizli Müsavat haqqında bilgi sahibi deyildi və üstəlik təhlükəsizliyin təmin edilməsi üçün Gizli Müsavat haqqında sual vermək belə qadağan edilmişdi (İbrahimli, 2012: 95).
1920-ci illərdə Xarici Büronun Gizli Müsavat rəhbərlərinə göndərdiyi göstərişdə Azərbaycandaki hadisələrdən büronun xəbərdar edilməsi, müstəqillik ümidini diri tutmaq üçün daim fərqli siniflər arasında təbliğat aparılması, yerli kommunistlərdən Moskvanın əleyhinə yararlanmaq, ölkədə getdikcə güclənən quldur hərəkatını milli mübarizəyə yönəltmək kimi maddələr yer almaqda idi (İbrahimli & Zeynalov, 1993).
Müsavat Xarici Bürosunun İranda da mərkəzləri yaradılmışdı. İran Sovet Azərbaycanı ilə həmsərhəd olması, bir çox mühacirin burada yerləşməsi və Cənubi Azərbaycanda vətənpərvər Azərbaycan türklərinin göstərdiyi yardımlar baxımından çox önəmli idi. 1923-cü ildə Gizli Müsavat təşkilatının içəridəki rəhbərləri sovetlər tərəfindən müəyyən edildikdən sonra İrana qaçan M.B.Məmmədzadə bolşeviklərin sərt təqibinə baxmayaraq, burada milli düşüncəli azərbaycanlıları bir araya toplamağı bacarmışdı (Veliyev, 2006: 97).
Müsavat Xarici Bürosu zaman içərisində dünyanın fərqli ölkələrindəki müsavatçıların tək mərkəzdə birləşdiyi bir sistem qurmağı bacardı. Azərbaycandan məlumat almaq üçün güclü bir kəşfiyyat sistemi də qurulmuşdu. Burada ən önəmli rol Güney Azərbaycan üzərinə düşürdü. Sovet hökuməti ilə İran arasındaki ticarət əlaqələrindən məsul şəxslər, sərhəd zabitləri və s. arasında öz adamlarını yerləşdirə bilmiş müsavatçılar Sovet Azərbaycanı haqqındakı məlumatları mühacirlərə çatdırırdı. Kuryerin türk olması və müsavatçılar tərəfindən tanınması halında İran diplomatik poçtundan da istifadə edilirdi. Bu halda məktublar Rəsulzadə və ya M.B.Məmmədzadənin ünvanına göndərilirdi (Gasımov, 2006: 315). Bir digər rabitə yolu isə Türkiyənin Bakıdakı səfiri Memduh Şevket bey vasitəsilə qurulmuşdu. Rəsulzadə Türkiyəyə yeni gəldiyi zamanlarda Gizli Müsavata göndərdiyi məktubunu məhz onun vasitəsilə Azərbaycana çatdıra bilmişdi (Gasımov, 2006: 166).
Siyasi mühacirlərin bu aktivliyi Sovet hökumətini qorxutmağı bacarmışdı. Konfrans və qəzetlərdə xalqa əsl düşmənin Müsavat Partiyası olduğuna inandırmağa çalışırdılar (Zeyneloğlu, 1991: 111).
Rəsulzadə təkcə müxtəlif ölkələrdə olan müsavatçıları deyil, bütün azərbaycanlı mühacirləri vahid mərkəzdə birləşmək üçün 1924-cü ildə Azərbaycan Milli Mərkəzini (AMM) yaratdı (Karaca, 1991: 68). Beləliklə, Azərbaycan türk milliyətçiləri və istiqlal mübarizəsini davam etdirən bütün mühacirlər qısa zamanda Milli Mərkəz çətiri altında bir araya toplaşdılar. Milli Mərkəzin idarə heyətinə Müsavat Partiyasından M.Ə.Rəsulzadə, X.Xasməmmədov, M.Vəkilov, bitərəf Əbduləli bəy Əmircanov, azərbaycanlı mühacirlərdən olan xalqçı-sosialist Ə.Şeyxülislamov kimi mühim isimlər daxil idi (Yaqublu, 2012: 167).
AMM öz ideologiyasını bu şəkildə ifadə etmişdi: “AMM özünü Quzey və Güney Azərbaycandaki milli cərəyanlar və xalq hərəkatları mübarizələrinin davamı, ayrılmaz bir parçası və 1918-1920 tarixləri arasındaki milli müstəqilliyin davamı olaraq qəbul edir, onlara maddi və mədəni dəstək olur, taktika və strategiya tətbiqlərinə istiqamət verir, onlarla qüvvətli rabitəni dayandığı təməl ünsürlərdən ən önəmlisi sayır.” (Şimşir, 2013: 32).
AMM fəaliyyət hədəflərini Azərbaycan Cümhuriyyətinin müstəqilliyinə nail olmaq üçün mübarizə aparmaq, eyni geosiyasi şərtlər daxilində olan, eyni taleyə və eyni düşmənə malik Qafqaz xalqları ilə yaxından əlaqələr qurmaq, rus məhkumu bütün millətlərlə birlikdə mübarizə aparmaq, dil və mədəniyyət birliyi ilə bağlı olan türk elləri ilə mövcud qardaşlıq əlaqələrini daha da gücləndirmək, mühacirətdəki hökumət olaraq Azərbaycan Cümhuriyyətini beynəlxalq aləmdə təmsil etmək, Azərbaycan müstəqil olduqdan sonra səlahiyyətlərini demokratik ölkəyə təhvil vermək olaraq açıqlamışdı (Yaqublu, 2014: 9). Bu açıqlama Azərbaycan siyasi mühacir fəaliyyətlərinin digər bütün fəaliyyətlərlə birlikdə müstəqillik hərəkatının bir parçası, hətta istiqamətverici qüvvəsi olduğunu deməyə əsas verir.
AMM Berlində Avropadakı ilk siyasi mühacir təşkilatı olan Azərbaycan İstiqlal Komitəsini qurmuş, komitənin tərkibindəki Azərbaycan Cümhuriyyətinin mövcudluğu dönəmində xaricə oxumaq üçün göndərilən tələbələrdən ibarət qruplar müstəqillik mübarizəsini davam etdirməkdə idi. Komitənin rəhbəri yenə o tələbələrdən biri olan Hilal Münşi idi (Münşi, 2014: 21).
Ümumiyyətlə, 1924-1931-ci illər arasında AMM ətrafında toplaşan mühacirlərin fəaliyyət mərkəzi Türkiyə olmuşdur. Onlar burada Rus əsiri türklərin, mühacirətdə çıxardıqları ilk jurnal olan “Yeni Kafkasya” (1923-1927), “Azəri Türk” (1928-1930), “Odlu Yurt” (1929-1931) kimi dövrün məşhur jurnallarını və “Bildiriş” (1930-1931) qəzetini təsis edib, Sovet siyasətinə qarşı ideoloji cəbhədə mübarizə apardılar. Azərbaycandan aldığı məlumatlar əsasında jurnal və qəzetlər nəşr edir, bolşevik siyasətini tənqid edir, Azərbaycandakı üsyanları, milli mübarizə prosesini, millətin problemlərini dilə gətirirdi. Azərbaycanda Gizli Müsavatın mətbuat fəaliyyəti sovetlər tərəfindən dayandırıldığı üçün gizli yolla ölkəyə gətirilən mühacirətdə çap olunan jurnal və kitablar, xüsusən də “Yeni Kafkasya”nın nömrələri içəridə mübarizə ruhunun diri tutulması və xalqın müstəqillik inancının artırılmasında böyük rol oynamışdır. Bu yazıların müstəqil Azərbaycanın liderləri, ziyalıları tərəfindən yazılması bu kontekstdə böyük dəyərə malik idi.
Bu dövrdə Türk Ocaqları Mərkəzi Komitəsinin sədri və Maarif Naziri Həmdullah Süphi Tanrıövər azərbaycanlı mühacirlərin bütün fəaliyyətlərinə, xüsusilə nəşr etdikləri jurnallara maddi dəstək verirdi. Bu dəstəkdə Rəsulzadənin hələ 1911-ci ildə Türkiyəyə ilk gəlişində qurduğu şəxsi əlaqələrin böyük rolu var idi (Muradov, 2018: 66).
Türkiyənin SSRİ ilə münasibətlərini yaxşılaşdırma cəhdləri zamanla Azərbaycan mühacirlərinin buradakı vəziyyətini daha da sərtləşdirdi. SSRİ hökuməti Türkiyəyə mühacirlərin antibolşevik hərəkərlərinə əngəl olması üçün təzyiqlər göstərirdi. 1925-ci il 17 dekabr tarixində Türkiyə ilə SSRİ arasında imzalanan dostluq və tərəfsizlik müqaviləsindən sonra Türkiyə hökuməti Sovet siyasətini tənqid edən jurnallara qarşı münasibəti sərtləşdi. 1930-cu ildən etibarən Türkiyədə yaşayan mühacirlərin vəziyyəti daha da pisləşdi və onların bir çoxu bu təzyiqlərə görə Türkiyəni tərk etdi. Onların arasında M.Ə.Rəsulzadə də var idi. Arxiv sənədlərinə görə, Türkiyəni tərk edərkən pasportunda “Azərbaycanlı mültəci olaraq Türkiyənin himayəsindən yararlana bilməz” qeydi yazılmışdır (TDA, 571/36010-142333–1, 1930-03-14) və Rəsulzadənin 2 ay sonra Türkiyəyə qayıtmaq üçün Paris səfirliyinə viza tələbi müraciətinin rədd edilməsi bu yerdəyişmənin İstanbul hökumətinin təzyiqi ilə bağlı olduğunu söyləməyə əsas verir (TDA, 571/36010-142333–9, 1930-03-28). Eyni zamanda Rəsulzadənin 20 noyabr 1929-cu ildə İstanbuldan Tanrıöverə göndərdiyi məktubda “Bu vəziyyətdə biz hələ də burada istintaq altındayıq” demiş, 1930-cu ilin martında Parisdən göndərdiyi məktubda “Eyni zamanda mənim də bir manevr ilə Türkiyədən kənarda buraxılmağım xoş birşey olmayacaqdır. Bu dərdi göz görə görə götürmək çətindir, bəy!” və “Türkiyə himayəsindən məhrumiyətin bizim üçün acı bir faciə olduğu məlumdur” kimi yazıları da bu qənaəti doğrulamaqdadır (Hacaloğlu, 1997: 211). Rəsulzadə 1930 yanvar ayında Polşaya getdi. Türkiyəni tərk etmədən 3 ay öncə vətəndaşlıq üçün müraciət etmiş və “Polşa və sair kimi əcnəbi dövlətlərlə əlaqəsini kəsməsi”şərti ilə müsbət bir cavab almışdı (TDA, 571/34477–135759-10, 1929-10-06). Çünki dönəmin şərtləri sovetlərə qarşı mübarizədə Avropa dövlətlərinin dəstəyini almaq və birlikdə hərəkət etməyi vacib qıldığı üçün çox güman ki, bu şərtə görə o hüququ prosesi başlatmamışdı.
1931-ci il 17 avqust tarixində Türkiyə hökuməti tərəfindən “Əcnəbi siyasətinə alət olaraq qonşu və dost hökumətlər əleyhinə nəşr fəaliyyəti” səbəbi ilə “Yeni Kafkasya”, “Odlu Yurt”, “Bildiriş”, “Azeri Türk” jurnalları bağlandı (BCA, 30-18-1-2/22-59–13, 17.08.1931). Bu kimi siyasətlər nəticəsində azərbaycanlıların Türkiyədəki ilk fəaliyyət dövrü başa çatdı. Rəsulzadə Polşaya gələrək burada müstəqillik mübarizəsinə davam etsə də, 1934-cü ilə qədər AMM-nin rəsmi mərkəzi İstanbul olaraq qalmışdı. 1934-cü ildə Varşavada toplanan konqresdə AMM yenidənqurma işlərinə başladı (Abutalıbov & Mamulia, 2017: 317).
Qafqazdakı millətlərin ortaq taleyə məhkum olduğu və bu coğrafiyada müstəqillik və sülhün bərqərar olmasının ən önəmli şərtinin birlik olduğunu bilən, lakin 1918-1920-ci illərdə bu yolda fəaliyyətə fürsət tapmadan işğala uğrayan cümhuriyyətlərin təmsilçiləri mühacirətdə bu birliyə nail olmaq üçün fəaliyyətə başladılar. 1926-cı ildə Azərbaycan, Gürcüstan və Quzey Qafqaz təmsilçilərindən ibarət Qafqaz İstiqlal Komitəsi quruldu və komitənin “Müstəqil Qafqaz”jurnalı çıxmağa başladı (Abutalıbov & Mamulia, 2017: 208-210). Komitənin fəaliyyətləri nəticəsində 1934-cü ildə Qafqaz Konfederasiya Paktı imzalandı. Ermənistan təmsilçiləri torpaq iddiaları səbəbi ilə bu pakta qoşulmaqdan imtina etsə də, danışıqlar davam etməkdə və paktda onların yeri qorunmaqda idi (Kafkasya Konfederasyon Misakı, 1934).
Qafqaz İstiqlal Komitəsi zamanla SSRİ-yə qarşı mübarizə aparan digər Sovet əsiri millətlərin təmsilçilərini də ətrafına toplayaraq ilk və ən böyük antibolşevik cəbhə olan Prometey hərəkatının qurulmasına vəsilə oldu. Bu hərəkatda Azərbaycan AMM tərəfindən təmsil olunmaqda idi. Hərəkatın fransızca “Promethee” adlı jurnalı da çıxarılmaqda idi. Bu jurnalda Azərbaycandan başda M.Ə.Rəsulzadə olmaqla bir çox mühacirin Azərbaycan məsələsi haqqında yazıları yayımlanırdı. Prometey hərəkatı Polşa dövləti tərəfindən maddi və mənəvi dəstəklənirdi (Mühlen, 1984: 20). Prometey hərəkatı kommunizmin yayılmasının qarşısının alınmasında və Sovet İttifaqının dünya ölkələri tərəfindən tanınmasının gecikdirilməsində mühüm rol oynadı.
AMM də bu dönəmdə fəaliyyətlərini Polşanın maddi və mənəvi dəstəyi ilə yürüdürdü. Bu dönəmdə mühacirlər eyni zamanda Almaniya, Polşa və Fransada mübarizələrini davam etdirirdi. Almaniyada çıxarılan “İstiqlal” (1932-1934) qəzeti, “Qurtuluş” (1934-1939) jurnalı Türkiyədə vaxtilə çıxarılan antibolşevik jurnalların yerini tutmağı bacarmışdı. Bu dönəmdə Sovet əleyhinə fəaliyyət mətbuat orqanları və konfranslar vasitəsilə davam etdirilirdi. Başda Rəsulzadə olmaqla Cahangir Zeynaloğlu, M.B.Məmmədzadə, Mir Yaqub kimi mühacirlər bu dönəmdə Azərbaycanla əlaqədar bir çox kitab yazaraq ölkənin tarixi, nefti və azadlıq mübarizəsi haqqında dünya dövlətlərinə bilgilər vermiş oldular.
Almaniyada nasional-sosialistlərin hakimiyyətə gəlməsi, 1934-cü ildə SSRİ-nin Millətlər Cəmiyyətinə daxil olması, Fransa-Sovet yaxınlaşması kimi hadisələr Müsavat Partiyasının yenidən qurulması, partiyanın nizamnaməsi və proqramının yenilənməsi, müstəqillik mübarizəsində çəkilmiş yeni yolların rəsmiləşdirilməsi üçün 1936-cı ilin avqustunda Polşanın paytaxtı Varşavada partiya sədri M.Ə.Rəsulzadənin rəhbərliyi ilə Müsavat Partiyasının Konfransının keçirilməsinə səbəbiyət verdi (Mehmetzade, 1991: 200). Qəbul edilən yeni programda müsavatçılıq “böyük türk kültürünə bağlı, milli, mədəni və insani dəyərləri mənimsəyən hürriyyət, cümhuriyyət və istiqlal idealına sadiq Azərbaycan vətənpərvərliyidir.” deyə ifadə olunurdu (Yaqublu, 2012: 199).
Azərbaycan mühacirləri Avropada da Türkiədəki kimi təzyiqlərə məruz qalırdı. Sovet hökuməti Parisdəki ajanları vasitəsilə Rəsulzadəni Fransız hakimiyyət orqanlarının gözündə etibarsızlaşdırmaq fəaliyyəti başlatmışdı. Onlar Fransa Daxili İşlər Nazirliyinə 12 dekabr 1933-cü ildə “Azərbaycanın separatçı hərəkətinə Hitler dəstəyi” adlı hesabat göndərilmişdi. Fəqət Rəsulzadənin davamlı olaraq Fransaya gedib-gəlməsi Rəsulzadınin Hitler Almaniyası ilə olan əlaqələri haqqındaki yalan məlumatlara Fransa hakimiyət orqanlarının inanmadığını göstərməkdədir.
Azərbaycan Milli Mərkəzi tərkibindəki Azərbaycan mühacirləri fəaliyyət göstərdikləri ölkələrin mövcud ideologiyalarını mənimsəmir, Azərbaycan məsələsi üçün onların antibolşeik tutumundan yararlanmağa çalışırdılar. Rəsulzadə 1938-ci ilin aprel ayında Prometey grupunun toplantısında müttəfiqlik anlayışını“Biz Rusyanın yıxılmasında tarixi maraqları olan, onun dağılmadığı təqdirdə ölkələrinin üzərində duran Damokl qılıncının fərqində olan beynəlxalq gücləri də müttəfiqimiz sayırıq” kimi izah edirdi (Abutalıbov & Mamulia, 2017: 342).
1939-cu ildə Almaniyanın Poşaya hücumu ilə maddi dəstəkdən məhrum olan Prometey grupu dağıldı və 1940-ci ildə Parisin işğalı ilə “Promethee” jurnalının çapı dayandırıldı. Beləliklə Azərbaycan mühacirləri də maddi dəstəkdən məhrum oldular.
5. Mühacirətdə İxtilaflar
Mühacir həyatının ağır şərtləri, maddi imkansızlıq, yaşamaq üçün uyğun ölkənin tapılması və xarici ölkə sərhədləri daxilində siyasi mübarizəni davam etdirmək kimi çətin proseslərlə yanaşı, azərbaycan mühacirlərinin bir digər problemi mühacirlər arasındakı münaqişələr idi. Bu fikir ayrılıqlarının səbəbləri həmişə eyni olmasa da, daha çox şəxsi səbəblərdən və fikir fərqliliyindən qaynaqlanmaqda idi. Rəsulzadənin İstanbula gələrək mühacirləri bir mərkəzdə toplaması bu gərginliyə bir müddət fasilə versə də, 1928-1934-cü illər mühacirlər arasında qarşıdurmalarla keçmişdir.
Bu dönəmdə rəhbəri M.Ə.Rəsulzadə olan AMM-yə tabe olmaq istəməyən Parisdəki diplomatik heyətin rəhbəri Topçubaşov, çox güman ki, öz şəxsi nüfuzuna xələl gəlməməsi üçün Qafqaz İstiqlal Komitəsi qurulduğunda Azərbaycanın AMM tərəfindən təmsil edilməsinə qarşı çıxmışdı. Polşa hökuməti Paris grupuna aylıq maaş təyin etdikdən sonra QİK-ə qoşulmağı qəbul etsələr də, sonradan AMM-ni tanımadıqlarını, Azərbaycanı təmsil etmə səlahiyyətinin yalnız Paris diplomatik heyətinə aid olduğunu müdafiə etməyə davam etdilər. Polşa hökuməti Prometey hərəkatı çərçivəsində hər iki tərəflə danışıqlar apararaq seçimini AMM-dən yana etmişdi. Rəsulzadə problemin həlli üçün AMM-də Müsavat və Paris heyətinin eyni sayda təmsil olunacağı bir sistem yaratdı (Abutalıbov & Mamulia, 2017: 258). İki qrup arasındakı bu anlaşmazlıq Prometey hərəkatında Azərbaycanın zəif təmsil olunmasına səbəbiyət verirdi.
Rəsulzadənin Paris heyətinin digər üzvü Ceyhun Hacıbəyli ilə məktublaşmaları da iki tərəf arasındaki gərginliyi göstərməkdədir. Lakin bütün məktublarda Rəsulzadənin orta yolu tapmağa çalışdığı, onları Azərbaycanın müstəqilliyi üçün ortaq fəaliyyətə cəlb etmə cəhdləri görülməkdədir. Bütün bu cəhdlərin nəticəsində 1928-ci ildə Rəsulzadə Parisə gələrək Topçubaşov, Hacıbəyli və Şeyxülislamovla görüşmüş və onlara tək mərkəzdən idarə prinsipini qəbul etdirməyi bacarmışdı (Yaqublu, 2012: 169).
Buna baxmayaraq Rəsulzadə və Hacıbəylinin məktublarına nəzər saldıqda Topçubaşovun AMM-yə qarşı münasibətinin sonuna qədər müsbət olmadığını görmək mümkündür. Topçubaşov 30-cu illərdə xəstəliyi səbəbi ilə aktiv siyasi fəaliyyət göstərə bilməmiş, Rəsulzadə ilə birlikdə 1934-cü ildə Qafqaz Konfederasya Paktını imzalayaraq siyasi səhnədəki son missiyasını yerinə yetirərək eyni ildə vəfat etmişdir. Topçubaşovun ölümü ilə əlaqədar Rəsulzadə “Qurtuluş” jurnalında “Bir millətin siyasi həyatında mühim və davamlı yer alan insan üçün öldü desələr inanmayın. Əli Mərdan bəy ölməmişdir.” cümlələri ilə bitən yazı yayımlamışdır (Resulzade, 1934: 40).
Paris qrupu ilə AMM arasındaki anlaşmazlıq qısa zamanda həll edilə biləcəyi halda mühacirlərdən Şəfi bət Rüstəmbəyli, Xəlil bət Xasməmmədov, Məmməd Sadiq Aran, Nağı Şeyxzamanlı kimi şəxsiyyətlər bu anlaşmazlığı bəsləməkdə idi. Mühacirətdə müxalifət artıq o vəziyyət almışdı ki, adı keçən üzvlər M.Ə.Rəsulzadəni İrana göndəriləcək pulları mənimsəməkdə günahlandırmış, Rəsulzadə pulların göndərilməsi ilə bağlı sənədləri göstərdikdən sonra məsələ həll olmuşdu (Yaqublu, 2012: 172).
Mühacirətdəki müxalifətin zərərlərinə bir digər örnək Odlu Yurd jurnalının idarəsində axtarış aparılması və milli məsələ ilə bağlı bir çox sənədin Türkiyə hökuməti tərəfindən müsadirə edilməsi idi. Bu hadisəni təşkilat içərisindən birinin planladığı məlum olsa da, kim olduğu təyin edilə bilməmişdi (İbrahimli, 2012: 114).
Ş.Rüstəmbəyli öz mövqeyini yalnız müxalif fəaliyyətlərlə deyil, 1934-cü ilə yazdığı “Yıxılan Bütlər”, 1935-ci ildə yazdığı “M.Ə.Rəsulzadənin faciəvi süqutu” adlı kitabları ilə göstərməkdə idi. Rəsulzadə isə 1934-cü ildə “Şəfibəyçilik” kitabını yazaraq günahlandırıldığı məsələlərə açıqlıq gətirmiş, onların əsl məqsədləri haqqında fikir bildirmişdir. Rəsulzadə burada Şəfi bəyi bir şəxsdən ziyadə çətin mühacirət şərtlərinin yaratdığı müəyyən bir tip olaraq dəyərləndirmişdi.
Rəsulzadə kitablarında davamlı olaraq mühacirətdə birliyin önəmini vurğulayır, Azərbaycan mühacirlərinin bölünməsinə səbəb olacaq bütün fəaliyyətləri düşmən tələsi olaraq görürdü: “Yetər ki biz bir-birimizə düşmən olmayaq. Mühacirət üzvləri arasında söz sahibi olan vətəndaşların ən böyük vəzifəsi fitnəni görmək, qafilləri oyandırmaq və onlara düşmənin tələsini göstərməkdir” (Resulzade, 2017: 130).
Bu dönəmədki müxalifətə fərqli qruplaşmalar da daxil idi. Radikal milliyətçilik, Pantürkizm, Panislamizmin müdafiəçisi sağçılar Lideri Quzey Qafqaz Cümhuriyyətinin köhnə naziri Heydər Bammat olan Kavkaz grubunu yaratmış, Azərbaycandan Ş.Rüstəmbəyli, X.Xasməmmədov, N.Şeyxzamanlı, Fuad Əmircan da gurpun üzvlərindən olmuşdur. Onlar AMM və Müsavatın Avropadan dəstək almasını pisləyir, yanlız Türkiyədən yardım almağı uyğun görürdülər (Bammat, 1937). Eyni zamanda onlar 20. əsrin əvvəllərinə çarizmə qarşı bolşeviklərlə birlikdə apardığı mübarizəni xatırladaraq Rəsulzadəni bolşevik olmaqda günahlandırırdılar (Münşi, 1936: 527). Bu kimi fəaliyyətlər qarşısında AMM üzvləri və Rəsulzadə çıxardıqları jurnal və kitablarda özlərini və ideologiyalarını öz içlərində də müdafiə etmək məcburiyətində qalır, bunlar milli mübarizənin gedişatını zəiflədirdi.
1936-cı ildə Müsavatın Varşavadakı kongresində edilən yeniliklər və qəbul edilən Yeni program Azərbaycan mühacirlərini ideoloji və siyasi cəhətdən yenidən silahlandıraraq Müsavatın birliyini qüvvətləndirmişdi. Bu tarixdən sonra mühacirət 1928-1934 krizinə bənzər bir krizlə qarşılaşmadı və mühacirətdə birlik tam olaraq təmin edildi.
6. II Dünya Müharibəsində Mühacirlərin Almanya ilə Əlaqələri
SSRİ-nin II Dünya müharibəsinə daxil olması ilə 1941-1945-ci illərdə Azərbaycan xalqı bir yandan SSRİ-nin yanında Böyük Vətən müharibəsi adı altında həm hərbi birliklər, həm də partizan hərəkatı çərçivəsində Almaniyaya qarşı savaşmaqda, digər yandan müstəqillik düşüncəsi, müharibənin çətin şərtləri, SSRİ-nin təzyiqləri və terror aktları səbəbi ilə məqsədli şəkildə və ya Alman hərbi qüvvələri tərəfindən əsir alınaraq Almaniya tərəfində SSRİ-yə qarşı mübarizə aparmaqda idi. Müharibə zamanı Azərbaycandan on bir mini qadın olmaqla yeddi yüz min nəfər hərbi xidmətə cəlb edilmişdi (Edi, 2019: 1398). İkinci dünya savaşının başlaması və dəyişən siyasi toplumsal şərtlər Azərbaycan mühacirlərinin milli müstəqillik hərəkatında yeni mübarizə yolları axtarmasına səbəbiyət verdi. Bu mərhələdə Rəsulzadə Fransa, İsveçrə, İngiltərə, sonradan isə xırda aralıqlar istisna olmaqla müharibə bitənə qədər yaşayacağı Rumıniyanın paytaxtı Buxarestə getdi.
H.S.Tanrıöverin Türkiyə Cümhuriyyəti Xarici İşlər Nazirliyinə göndərdiyi 17.07.1941 tarixli məktubundakı məlumatlardan Rəsulzadənin savaş müddətində ilk dəfə bu tarixlərdə danışıqlar üçün Berlinə getdiyini söyləmək mümkündür. O, bu haqda Tanrıövər vasitəsilə Türkiyə hökumətinə məlumat verərək onlardan dəstək istəmiş, bu barədə müzakirələr üçün Türkiyəyə gəlmək izni istəmişdir. Lakin “bu işə qarışmayacağıq və buraya gəlməsi uyğun deyildir” cavabını almışdır (TDA, 571/35357-138979-3, 1941-07-16).
Almaniyanın Türkiyədəki səfiri Franz fon Papen Almaniya Xarici İşlər Nazirliyinə göndərdiyi “PanTuran hərəkatı haqqında” adlı sənəddə onları Rəsulzadə mövzusunda diqqətli olmağa çağıraraq onunla müttəfiqliyin uyğun olmadığını qeyd etmişdi (Alman Dış İşleri Dairesi Belgeleri Türkiyedeki Alman Politikası (1941-1943), 1977: 29). Alman təmsilçiləri Rəsulzadənin fikir və fəaliyyətlərindən yola çıxaraq planladıqları yeni Azərbaycan- Almaniyadan asılı Azərbaycan fikrinə sadiq bir müttəfiq olmayacağının fərqində idilər. Lakin Sovet əsiri millətlər üçün dünya siyasətinin yaratdığı çətin vəziyyətdən faydalanaraq SSRİ-yə qarşı savaşlarına beynəlxalq don geyindirmək üçün mühacir qruplarının ən önəmli liderləri ilə müttəfiqlik fikri üzərində durmağa davam etdilər.
1942-ci ilin aprel ayında İtalya, Balkan coğrafyası, Fransa, İsveçrə və Türkiyədə yaşayan mühacirlər danışıqlar üçün Berlindəki Adlon otelinə dəvət edildi. Fərqli görüşdə mühacirlərin iştirak etdiyi bu toplantıda Rəsuzadə və Səid Şamil kimi liderlər danışıqlar üçün ilk şərt olaraq ölkələrinin müstəqilliyinin tanınması məsələsini ortaya qoyduqlarından toplantı heç bir nəticə vermədi (Andican, 2020: 521). Alman hökumətinin bununla razılaşmamasının səbəbləri arasında Hitlerin savaşın sonuna qədər SSRİ millətləri ilə əlaqəli heçbir siyasi təmsilçiliyin olmaması əmri idi. Alman tərəfi mühacirlərdən yalnız legionlarla hökumət arasında əlaqə qurmaq üçün istifadə etmək niyyətində idi.
Qısa zaman sonra Şərq Nazirliyinin Qafqaz Şöbəsinin naziri olan Mendenin səyləri ilə milli komitələr üçün icazə alındı və Azərbaycan Milli Komitəsi quruldu. Mende daha öncədən şəxsən tanıdığı Rəsulzadəni Azərbaycan Milli Komitəsinin başına keçmək üçün razı sala bildi. Komitənin tərkibində M.Y.Mehdiyev, M.Vəkilov, və H.Sultanov da var idi (Abutalıbov & Mamulia, 2017: 403-404).
Komitənin Almaniyada yaşayan yeganə üzvü Rəsulzadə olduğundan işin bütün ağırlığı onun üzərində idi. O komitədə çalışdığı müddətdə Almaniya tərəfindən müstəqilliyin tanınması üçün çalışırdı. Lakin cəbhədə Almaniyanın qələbələri davam etdiyi müddətdə Milli Komitənin işi hər cəhətdən məhdudlaşdırılırdı. Alman hakimiyyət orqanları komitədən yalnız təbliğat məqsədilə istifadə edirdi. Rəsulzadənin dəfələrlə tələb etməsinə baxmayaraq, ona və komitə üzvlərinə azərbaycanlı əsirlərlə görüşməyə və o zaman yaradılmış Azərbaycan legionunu ziyarət etməyə icazə verilmədi. Legionerlərin çap olunan nəşrləri üzərində də komitənin nəzarət haqqı yox idi. Lakin Almaniyanın cəbhədə məğlubiyyətlərinin başlaması və müdafiə müharibəsinə keçməsi ilə Azərbaycan Milli Komitəsinə daha çox səlahiyyət və sərbəstlik verilməyə başlandı. Bunu Almaniyanın Qafqaz probleminə marağının azalması ilə izah etmək olar. Legionerlərdən Fərman Məmmədov öz xatirələrində 1942-ci ildə Rəsulzadə, Nuru Paşa və mühacirətdəki Müsavat Partiyası üzvlərinin tez-tez onları ziyarət etdiyi və tövsiyələr verdiyini yazırdı (Abdullayev, 2000: 57).
Rəsulzadənin 1943-cü ildə Azərbaycan legionerləri önündəki çıxışı Alman təmsilçiləri ilə əlaqələrinin kəsilməsinə yol açdı. O burada legionerlərə öz müstəqilliyi üçün savaşan xalqlara silah qaldırmamağı tövsiyə edərək açıqca “onlar hür və müstəqil bir dövlət həyatı sürərkən müstəqilliklərini əlindən alan Almaniya, kommunist işğalı altındakı Azərbaycana əsla müstəqillik verməyəcəkdir” deyərək daha çox təcrübəsiz gənclərdən ibarət olan legionerlərə öz siyasi təcrübəsindən yola çıxaraq tövsiyə vermişdi (Balayev, 2012: 257-258).
Rəsulzadə 1943-cü il avqustun 5-də Şərq Nazirliyinə göndərdiyi məktubda Berlinin Azərbaycanın siyasi gələcəyi ilə bağlı dəqiq təminat vermədiyi və qeyri-müəyyənliklərin davam etdiyi bir şəraitdə komitənin fəaliyyətinin mümkün olmayacağını qeyd edərək istefa ərizəsini təqdim etdi və Buxarestə qayıtdı (Abutalıbov & Mamulia, 2017: 408).
Rəsulzadə Azərbaycan Milli Komitəsinin bağlanması və öz istefası haqqında bunları yazmaqdadır: “Milli Azərbaycan Komitəsi Almaniya hökumətinə məram izah edə bilmədi. Hitler “keine komitee” heç bir komitə istəmirəm demiş, təşkil olunan milli legionlarla ordu qərargahı arasında rabitə vəzifəsini icra edən məhdud və müəyyən işlərdən məsul Rabitə Heyətlərinin qurulmasını əmr etmişdi. İş bu şəkil aldıqda Mayor Fətəlibəyliyə müvəffəqiyyətlər təmənni edərək fəaliyyət sahəsindən uzaqlaşmış və milli əsaslarımıza sadiq qaldığı müddətcə onu mənəvi olaraq dəstəkləyəcəyimizi vəd etmişdik.” (Resulzade, 1954: 12)
Azərbaycan Rabitə Heyəti üçün Alman hökuməti birinci nəsil mühacirlərdən olan AMM-nin əksinə, daha çok praktiki işlərdə istifadə edə biləcəkləri gənc mühacirləri seçməli oldu. Düdənginski 1943-cü ilin noyabrında Azərbaycan legionlarına rəhbərlik etməyə razılıq verdi.
1943-cü ilin oktyabrında yaradılmış Azərbaycan Rabitə Komitəsi Ə.Fətəlibəyli-Düdənginski, A.Atamalıbəyov, F.Əmircan, İ.İsrafilov, gənc mühacirlər C.Məmmədov və M.Tuqaydan ibarət idi. Bu nümayəndə heyətinin üzvlərinin fəaliyyətinin əsas məqsədlərindən biri Azərbaycanın müstəqilliyinin Almaniya tərəfindən rəsmi şəkildə tanınmasını təmin etmək idi. Nümayəndə heyətinin üzvləri hər hansı bir fövqəladə vəziyyət üçün ehtiyat tədbiri kimi Azərbaycan Milli Birlik Komitəsini yaratmışdı (Abutalıbov & Mamulia, 2017: 422).
Almaniya milli legionlardan yalnız öz maraqları üçün istifadə etsə də, Azərbaycan legionları üçün bu, müstəqillik uğrunda mübarizədən başqa bir şey deyildi. Bunu hər fürsətdə Almaniyadan Azərbaycanın müstəqilliyini tanımasını tələb etməklə nümayiş etdirdilər. Sovet hökumətinin tamamilə əks siyasətinə baxmayaraq, əksəriyyəti gənclərdən ibarət olan legionerlərin milliyətçi düşüncələri və müstəqillik istəyi 1920-ci ildən bəri aparılan milli hərəkatın uğurlu nəticələrindən biri idi. Təkcə keçmiş milli hökumət üzvlərinin deyil, Sovet Azərbaycanında yetişmiş, kommunist ideologiyasının təsirinə məruz qalmış gənclərin də mühacirətdə antikommunist fəaliyyətlə məşğul olması, bu fəaliyyətlərin Sovet İttifaqının iddia etdiyi kimi Müsavat Partiyasının hakimiyyəti ələ keçirmək cəhdi deyil, Azərbaycan xalqının milli istiqlal hərəkatı olduğunu göstərən bir digər əsasdır.
M.E.Rəsulzadə Buxarestdə olarkən ona H.S.Tanrıövər kömək edirdi. Lakin o Sovet qoşunlarının Rumıniya sərhədlərinə yaxınlaşması ilə əlaqədar Buxaresti tərk etməli oldu. Bundan sonra Rəsulzadə Qərb müttəfiqlərinin nəzarəti altında olan Almaniyanın cənubuna doğru hərəkət edərək Münhendə Azərbaycan Demokrat Birliyi adlı yeni təşkilatın yaradılmasına öncülük etdi. Bu təşkilatın əsas məqsədi Almaniyadakı Azərbaycan hərbi əsirlərin SSRİ-yə qayıtmasının qarşısını almaq idi (Balayev, 2012: 259).
7. Müharibədən Sonra Azərbaycan Siyasi Mühacirəti
1945-ci ilin may ayında Almaniyanın təslim olmasından sonra milli legionlarda savaşan iyirmi səkkiz min azərbaycanlı Müttəfiq Dövlətlərin əlinə keçdi. Azərbaycanlı savaş əsirlərinin sayı isə on beş mindən çox idi. Onların bir çoxu savaşın bitməsinə sevinir və vətənlərinə dönməyi ümid edirdilər. Lakin M.Ə.Rəsulzadə Stalin və onun siyasətinə bələd olduğu üçün savaş əsirlərini məmləkətlərində gözləyən acı və işkəncələri təxmin edərək 1946-cı ildə onlara bir çağırış etdi. Bu çağırışda savaş əsirlərini Qərb ölkələrində qalmağa və mühacirlərin 28 ildir davam etdirdiyi milli müstəqillik hərəkatına qoşulmağa səsləyirdi (Balayev, 2012: 259).
Lakin Yaltada əldə edilən razılığa görə savaşdan sonra hər dövlət öz vətəndaşını geri alma haqqına sahib idi. Bu səbəblə dünya ölkələrindəki SSRİ vətəndaşları toplu şəkildə Rus ordusuna təhvil verilirdi. Onların bir çoxu Sovet hökuməti tərəfindən güllələnmiş, bəziləri isə 20-25 illik sürgünlərə göndərilmişdi. Bir şəkildə təhvil prosesindən qaçıb fərqli ölkələrdə məskunlaşanlar da Amerika, İngiltərə, Fransa və Rus əsgərləri tərəfindən təyin edilərək Rus ordusuna verilirdi. Bu zaman bəzi şərq ölkələrinin vətəndaşları, xüsusilə türkdilli xalqlar özlərini Türkiyə vətəndaşı kimi qələmə verərək qurtulmağa çalışırdılar (Mühlen, 1984: 231). Cabbar Ertürk şahid olduğu bu vəziyyət haqqında məlumat verərkən Azərbaycanlı ziyalıların heç Türkiyəni görməmiş, ondan çox uzaqda böyümüş bu insanlara “İstiqlal marşı”, Ziya Gökalp, türk şair və məşhur şəxsiyyətlərini öyrədək qurtulmalarına kömək etdikləri haqqında məlumat verir(Ertürk, 2005: 357).
Bütün çətinliklərə rəğmən Rəsulzadə və mübarizə yoldaşları Azərbaycan əsirlərinin bir qismini qurtararaq Avropanın fərqli ölkələrində yerləşdirməyi bacardılar. Onları səyləri nəticəsində mindən çox Azərbaycanlı savaş əsiri Avropa ölkələrinə sığına bildi. Mehmet Kəngərliyə görə, Rəsulzadə o dönəmdə Almaniyanı ziyarət edən Misir kralı I Faruqdan bu mövzuda yardım istəmiş və o altı yüzə qədər Azərbaycanlını Misirə aparmağı qəbul etmişdi (Balayev, 2012: 360).
1947-ci ilin qışında Almaniyanın Mitterwald əsir düşərgəsindəki 101 Azərbaycan türkü SSRİ-yə göndəriləcəyi sırada Kəngərlinin Amerikalılarla danışıqları buna əngəl olmuşdu. Bu hadisə dönəmin Alman medyasında “Yüz birlər edamdan döndü” şəklində böyük əks-səda doğurmuşdu (Şimşir, 2018: 39).
Moskvanın Ankaraya artan hərbi və plomatik təzyiqi Türkiyə hökumətinin azərbaycanlı mühacirlərlə bağlı siyasətini dəyişdirməsinə səbəb oldu və mühacirlərin Türkiyəyə qayıtmasına şərait yaratdı. 1947-ci ilin sonunda M.Ə.Rəsulzadə də 16 illik fasilədən sonra Türkiyəyə qayıtdı (Balayev, 2012: 261).
Savaşdan sonra Avropanın müxtəlif ölkələrində məskunlaşan azərbaycanlıların bir qisminin milli müstəqillik hərəkatına qatılması mühacirətdə köhnə və yeni mühacir anlayışlarını yaratdı. Müharibənin Avropaya yaydığı Sovet Azərbaycanı vətəndaşları öz dünyagörüşü, düşüncə tərzi və davranışlarına görə köhnə mühacirlərdən xeyli fərqlənirdilər. Yeni mühacirlər zaman-zaman 1918-1920-ci illərdəki fəaliyyətlərinə görə köhnə mühacirləri tənqid etməkdən çəkinmir, hətta onları vətənlərini bolşeviklərə satmaqda ittiham edirdilər.
Beləliklə İkinci dünya savaşından sonra Azərbaycanın müstəqilliyi üçün mübarizə aparan 2 təşkilat var idi. Bunlardan ilki 1924-cü ildən bəri aktiv fəaliyyət göstərən Azərbaycan Milli Mərkəzi, digəri isə 1943-cü ildə yaradılan və rəhbəri Ə.F.Düdəngisnki olan Azərbaycan Milli Birlik Məclisi (AMBM) idi. AMBM-nin rəhbərliyində C.Hacıbəyli və Ə.Şeyxülislamov kimi şəxsiyyətlər də var idi.
Türkiyə hökuməti siyasi mühacirlərin ölkəyə girişinə icazə versə də, onların siyasi fəaliyyətlərinə əngəl olurdu. Bu səbəbdən Rəsulzadə 1949-cu ilin 1 fevral tarixində dövrün şərtlərinə uyğun olaraq mədəniyyət sahəsində təbliğat aparmaq üçün Azərbaycan Kültür Dərnəyini qurdu (Balayev, 2012: 262). 1952-ci ildən etibarən bolşevik siyasətinin nəticələrini dünyaya çatdırmaq üçün “Azərbaycan” adlı jurnal da yayımlanmağa başladı. Bu dönəmdə Rəsulzadə “Azərbaycan Kültür Gələnəkləri”, “Çağdaş Azərbaycan Ədəbiyatı”, “Çağdaş Azərbaycan Tarixi” adlı konfranslar təşkil etmiş, “Ulus” qəzetində Azərbaycan mədəniyyəti ilə əlaqəli yazılar yazmışdır.
AMM dünyanın bir çok ölkəsində bu kimi fəaliyyətlərə davam edərkən Düdənginski rəhbərliyindəki AMBM hələ təşkilatlanma mərhələsində idi. Onlar 1950-ci ildən aktiv siyasi fəaliyyətə başladılar.
1950-ci illərdə mühacirlərin fəaliyyəti Sovet dövlətini ciddi şəkildə narahat edirdi. Bu səbəbdən SSRİ o dövrdə kommunist ideologiyasına qarşı mübarizə aparanları zərərsizləşdirməyə çalışırdı. 1954-cü il noyabrın 20-də Azərbaycan Milli Birlik Mərkəzinin rəhbəri və “Azadlıq” radiosunun Azərbaycan redaksiyasının rəhbəri Ə.F.Düdənginski Münhendə öldürüldü. Bu hadisədən sonra AMBM də fəaliyyətini dayandırdı (Yaqublu, 2005: 169).
Rəsulzadənin Türkiyədəki mübarizəsinin ikinci dövrü böyük maddi sıxıntılarla keçdi. Bununla yanaşı, 30 ildir davam edən şəkər xəstəliyi bu dövrdə daha da irəlilədi və 6 mart 1955-ci ildə Ankarada vəfat etdi. Rəsulzadənin ölümündən sonra Müsavat Partiyasının rəhbəri M.B.Məmmədzadə seçildi.
Sovet hökumətinin Türkiyəyə təzyiqləri nəticəsində Müsavat Partiyası və Azərbaycan Milli Mərkəzi Azərbaycan Kültür Dərnəyinin tərkibində, M.Ə.Rəsulzadənin Müsavat Partiyasının ideologiyası əsasında qurduğu milli mübarizə yolunda mövcudluğunu davam etdirdi. Rəsulzadənin vəfatı ilə Azərbaycan Kültür Dərnəyi ilk dövrdə müxalifətin artması səbəbindən birliyə nail olmaqda çətinlik çəksə də, zamanla bu kimi məsələlər öz həllini tapdı. Azərbaycan milli müstəqillik hərəkatı 1950-ci illərdən sonra Azərbaycan Kültür Dərnəyinin fəaliyyəti ilə yanaşı müxtəlif dərnək və cəmiyyətlər vasitəsilə davam etdirilsə də, 1955-ci ildən sonra siyasi səhnədə əvvəlki qədər təsirli ola bilmədi və mübarizə mədəni fəaliyyətlər çərçivəsində davam etdi.
Nəticə
1920-ci ildə siyasi mühacirətin təşviqi ilə Sovet işğalına qarşı başlayan milli müstəqillik hərəkatı həm ölkə daxilində, həm də mühacirətdəki fəaliyyətlərlə bir-birini tamamlayaraq irəliləmişdir. Mühacirlərin bu fəaliyyətlərinin Rəsulzadə, Topçubaşov kimi cümhuriyyət qurucuları tərəfindən həyata keçirilməsi, Azərbaycan xalqının bu mübarizəyə inanması və milli müqavimətini itirmədən davam etdirməsi baxımından böyük əhəmiyyət kəsb etmişdir.
Sovet Azərbaycanında xalqın vəziyyətini, istiqlal arzusunu dünyaya bəyan edən xaricdəki bu mübarizə içəridə də milli ruhun diri tutulmasına xidmət etmişdir. Müstəqil Azərbaycan Cümhuriyyəti mövcud olduğu 23 ay ərzində Azərbaycan tarixinin, ədəbiyyatının, mədəniyyətinin tədqiqi, öyrənilməsi və dünyaya tanıdılması istiqamətində işlərə başlasa da, Sovet işğalı bu işlərin tamamlanmasına əngəl olmuşdu. Mühacirlərin bu mövzularda fərqli dillərdə nəşr etdirdikləri əsərlər, jurnallar və qəzetlər bu boşluğu doldurmağa xidmət etmişdir. Dünya kitabxanalarında Azərbaycanın ən yaxın tarixi, ədəbiyyatı və mədəniyyəti haqqında ilk əsərlər siyasi mühacirlərin qələmindən çıxmışdır. Bu əsərlər eyni zamanda işğaldan sonra bu kimi mövzularda Sovet ideologiyası ilə yazılmış əsərlərə alternativ perspektiv təqdim edir. Siyasi mühacirlər maddi sıxıntılar, yaşadıqları ölkələrin siyasi maraqlarına uyğun fəaliyyət göstərmə məcburiyyəti, öz aralarında fikir ayrılıqları kimi çətinliklərlə üzləşdilər. Bütün bunlara baxmayaraq, siyasi mühacirlərin ən böyük nailiyyətlərindən biri, digər siyasi məsələlərə qarışmadan yalnız Azərbaycanın müstəqilliyi üçün çalışmaq və heç bir şərt altında bu məsələdə güzəştə getməmək olmuşdur. 1937-ci ildə Stalin terroru ilə Azərbaycanda hər sahədə milli düşüncəli ziyalıların yox edilməsi, II Dünya müharibəsi və davamında Sovet İttifaqının güclənməsi ilə ölkə daxilində milli mübarizə durğunluq dövrünə girdi. Bu dövrdən etibarən müstəqillik hərəkatı siyasi mühacirlərin fəaliyyətləri ilə davam etdirildi. Mühacir fəaliyyətləri Sovet İttifaqı zəifləyənə və müstəqillik hərəkatının bərpası üçün münasib şərait yaranana qədər mübarizə dinamikasını qoruyub saxlaya bildi. 1988-ci ildə Sovet İttifaqının zəifləməsi nəticəsində yenidən güclənən Azərbaycan müstəqillik hərəkatı 1920-1950-ci illərdəki mücadilə nəticəsində milli kimlik və müstəqil dövlət məsələlərində əldə olunan tərəqqiyə əsaslanır. Bu dövrdəki səylər, 1988-ci ildə yenidən başlayan istiqlal hərəkatının infrastrukturunu formalaşdırmış və Azərbaycanın müstəqilliyinin bərpası yolunda mühüm rol oynamışdır.
Azərbaycan milli müstəqillik hərəkatı 1920-1991-ci illəri əhatə edən bir bütün olaraq dəyərləndirilməlidir. Hərəkatın təməl fikri, 1920-1950-ci illər arasında siyasi mühacirlər tərəfindən hazırlanmış və həm bu dövrdə, həm də 1991-ci ildə Azərbaycan yenidən müstəqil olana qədər bu prinsiplər əsasında davam etdirilmişdir.
İstifadə edilən ədəbiyyat
Arxiv materialları
Dışişleri Bakanlığı Türk Diplomatik Arşivi (TDA),571/34477–135759-10, 1929-10-06)
TDA, 571/36010-142333–1,1930-03-14)
TDA, 571/36010-142333–9,1930- 03-28
Cumhurbaşkanlığı Devlet Arşivleri Başkanlığı Cumhuriyet Arşivi (BCA), 30-18-1-2/22-59–13,17.08.1931)
TDA, 571/35357 -138979- 3, 1941-07-16)
Kitab və məqalələr
Abdullayev, Ç. (2000). Almaniya- Azərbaycan Əlaqələri. Bakı: Azərbaycan Milli Ensiklopediyası.
Abutalıbov, R., & Mamulia, G. (2017). Ateş Ülkesi Özgürlük ve Bağımsızlık Savaşında. İstanbul: TEAS Press.
Alizade, A. (2021). Azerbaycan’ın Bağımsızlığına Kavuşması İçin Gizli Müsavat’ın Verdiği Mücadele Üzerine Bir Araştırma (1920-1926). İstanbul Aydın Üniversitesi Sosyal Bilimler Dergisi, 663-678.
Alman Dış İşleri Dairesi Belgeleri Türkiyedeki Alman Politikası (1941-1943). (1977). (L. Konyar, Çev.) İstanbul: HAVASS.
Andican, A. (2020). Cedidizmden Bağımsızlığa Hariçte Türkistan Mücadelesi. İstanbul: Ötüken Neşriyatı.
Balayev, A. (2012). Məmməd Əmin Rəsulzadə. Bakı: Çıraq.
Bammat, H. (1937). Yolumuz. Kafkas Almanağı, II, 6-11.
Edi, A. (2019, Ağustos). İkinci Dünya Savaşında Sovyet Rus ve Alman Ordularında Savaşan Azeri Askerler. History Studies, 11(4), 1393-1404
Ertürk, C. (2005). Kızılordudan Kafkas Milli Lejyonuna Bir Türkün II Dünya Harbi Hatıraları . İstanbul: Türk Kültür Vakfı
Hacaloğlu, Y. (1997). Resulzade’den Tanrıöver’e Mektuplar. Türk Dünyası Araştırmaları(109), 209-216.
İbrahimli, X. (2012). Azərbaycan Mühacirəti Tarixi. Bakı: ADPU
İbrahimli, X., & Zeynalov, R. (1993). Müsavat Partiyasının 1920-ci il Aprel İstilasından Sonrakı Fəaliyyəti Tarixindən. Müsavat(1), 5
Kafkasya Konfederasyon Misakı. (1934). Şimali Kafkasya, 7-8
Karaca, A. (1991). Azerbaycan Milli Kurtuluş Hareketinin Muhaceret Hayatındaki Doruk Noktaları. Azerbaycan Türk Kültür Dergisi(282), 67-69.
Mehdiyev, M. (1994). Beynəlmiləl Siyasətdə Petrol. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı
Mehmetzade, M. B. (1991). Milli Azerbaycan Hareketi. Ankara: Azerbaycan Kültür Derneği.
Mühlen, P. V. (1984). Gamalıhaç ile Kızılyıldız Arasında: İkinci Dünya Savaşında Sovyet Doğu Halklarının Milliyetçiliği. Ankara: Mavi yayınları.
Münşi, H. (1936). “Kavkaz”ın Yeni Sahtekarlığı. Kurtuluş(18), 527-530.
Münşi, H. (2014). Azərbaycan Cümhuriyyəti Tarixi Siyasi Təsviri. Bakı: Elm və Təhsil.
Muradov, N. (2018). Türk Ocakları, Türk Yurdu ve Azerbaycan. Türk Yurdu, 38(368), 63- 67.
Özdemir, B. (2023). Azerbaycan’da Sovyet Rejiminin Kuruluşu Ve Sovyet Karşıtı Ayaklanmalar. DTCF dergisi, 26-45.
Gasımov, M. (2006). Azerbaycan Türklerinin Milli Mücadele Tarihi (1920-1945). İstanbul: Kaknüs Yayınları
Qurban, T. (2018). Yüz Tələbə, Yüz Tale. Bakı: Şur.
Resulzade, M. E. (1954). Fethalibeylinin katli münasibetiyle M. Emin Resulzadenin nutku. Azerbaycan(9 (33)), 11-13.
Resulzade, M. E. (2017). Məktublar. Şəfibəyçilik. (A. BALAYEV, Dü.) Baku: KitabKlubu.org.
Resulzade, M. E. (2018). Bir Türk Milliyetçisinin Stalinle İhtilal Hatıraları. İstanbul: Şenyıldız Matbaacılık.
Şimşir, S. (2011). Türk Ocaklarının Azerbaycan Türklerine Desteği (1922-1931). Türk Yurdu, 31(284), 187-190
Şimşir, S. (2013). Azerbaycan’ın İstiklal Mücadelesi. İstanbul: İQ Kültür Yayınları.
Şimşir, S. (2018, Nisan). Azerbaycan İstiklal Mücadelesi’nin Muhaceretteki Hafızası Mehmet Kengerli (Karabağ 1914 – Ankara 2006). Türk Yurdu(368), 38-40.
Veliyev, A. (2006). Azerbaycan Siyasi Düşünce Tarihi ve Mirza Bala Mehmetzade. İstanbul: Doğu Kütüphanesi.
Vəliyev, T. (Dü.). (2009). XX. Əsr Azərbaycan Tarixi (Cilt II). Bakı: Təhsil
Yaqublu, N. (2001). Azərbaycan Milli İstiqlal Mübarizəsi ve Məmməd Əmin Rəsulzadə. Bakı: TS.
Yaqublu, N. (2005). Azərbaycan Legionerləri. Bakı: Çıraq
Yaqublu, N. (2012). Müsavat Partiyasının Tarixi. Bakı: Adiloğlu.
Yaqublu, N. (2014). Azərbaycan Mühacirət Mətbuatı. Bakı: Elm və Təhsil.
Yaqublu, N. (2018). Cümhuriyyət Qurucuları. Bakı: NURLAR Nəşriyyat- Poligrafiya Mərkəzi.
Zeyneloğlu, R. (1991). Sovyet Basınında ve Komünist Başçılarına Göre Müsavat. Azerbaycan Türk Kültür Dergisi, 110-112