Tərcüməçi: Alparslan Öztürk

“Neprikosnovennıy zapas” dərgisinin, 5-ci sayı, 2004.

Semen Çarnıy

İndi tez-tez bu anlaşılmaz sualı oxuyab eşidə bilərsiniz: ” Hitlerə qalib gəlmiş ölkənin küçələrində onun pərəstişkarları necə açıq-aşkar gəzə bilirlər?”. Bu sualı verənlər, görünür, düşünürlər ki, nasizm tərəfdarlarının hərəkatı 1980-ci illərin sonu – 1990-cı illərin əvvəlində heç nədən peyda olub. Əslində isə müasir Rusiya neonasistlərinin SSRİ-də sələfləri olub. Təbii ki, Hitlerin müasir pərəstişkarlarından fərqli olaraq, onlar öz baxışlarını gizlədirdilər, digər millətçi qruplardan fərqli olaraq, onların arasından bir “salnaməçi” çıxmadı və buna görə də bizə onların fəaliyyətləri haqda çox da məlumat çatmayıb. Bununla belə, Rusiya dövlət sosial-siyasi tarix arxivinin gənclərə aid şöbəsi, Rusiya dövlət ən yeni tarix arxivi, “Memorial”ın arxivi, “SSRİ-dən xəbərlər”in 1979-1991-ci illərdə çıxan bülletenləri, “58-10.Antisovet təşviqat və təbliğatı işləri üzrə SSRİ Prokurorluğunun nəzarət icraları. 1953-1991” kitabında və bəzi digər qaynaqlarda olan məlumatlar Hitlerin rusiyalı tərəfdarlarının fəaliyyətinin əsas istiqamətlərini izləmək üçün yetərlidir.

“Stilyaqalar” [1] və “siyasətçilər”

SSRİ-də nasist qruplar (1) haqqında ilk məlumatlar 1950-ci illərin ikinci yarısına təsadüf edir. Həmin vaxtdan başlayaraq 1980-ci illərin sonunadək müxtəlif yaş və sosial vəziyyətli insanların açıq şəkildə (mümkün ola biləcək qədər) özlərini nasizmin tərəfdarı elan etməklərinə dair onlarla hadisəni qeyd etmək olar. Onları şərti olaraq iki qrupa bölə bilərik: “stilyaqalar” və “siyasətçilər”. Əsasən məktəbli və gənclərdən ibarət olan “stilyaqalar”ı (ki “nasiklər” (2) arasında belələri çox idi) nasizmin estetikasına xas olan paradlar, gözəl bədən kultu və neoklassik memarlıq cəlb edirdi.

“Oyun” bizə məlum olan elə ilk nasist təşkilatdır. Kiyevli bir qrup məktəbli, Y.P.Yurçenkonun (1939-cu il d.) rəhbərliyi ilə əvvəlcə faşist obrazında sadəcə əylənirdilər. Sonra onlar SSRİ-də milli kommunizmi qurmaq və bütün dünyada zor gücü ilə sosializmi bərqərar etmək məqsədilə “SS Vikinq” nasist (formal olaraq faşist, çünki o zaman SSRİ-də faşizm ilə nasizmi çox az adam fərqləndirə bilirdi) gənclər təşkilatını yaratmaq qərarını verirlər. Qrupun iştirakçıları Hitleri dahi şəxsiyyət sayırdılar. “Vikinq”in iştirakçılarının oyundan daha dərinə getmədikləri sübut olunduğuna görə 1957-ci ildə onlara qarşı açılan cinayət işinə xitam verildi (3).

Daha bir nasistyönlü qrup 1960-cı ilin aprel ayında Bakıda aşkar edilmişdi. Onun heyətinə iki yerli məktəbin 9-cu sinif şagirdləri daxil idilər. Onlar öz yığıncaqlarında nasizmin “üstünlüklərini” və onun liderlərinin “mütərəqqi ideyalarını”, habelə Almaniyanın, onların qənaətincə, “təsadüfi” olan məğlubiyyətini müzakirə edirdilər. Valideynləri arasında yüksək vəzifə sahibi olan (yerli sənaye naziri, DİN-in mərkəzi aparatının əməkdaşı) şagirdlər Hitlerin bioqrafiyası ilə maraqlanır, 1930-cu illərin nasist şəkillərini toplayır, svastikalı bayraq düzəldirdilər. Bununla belə, bu onlar üçün böyük dərəcədə oyun olaraq qalırdı və buna görə də  qrup üzvlərinin etdikləri ən böyük iş 9 may paradına pencəkləri altından nasist sarıqlarla gəlmək oldu.(4).

Bu cərəyan 1970-1980-ci illərdə şagirdilərin “faşist təşkilatları” şəklində daha da qızğın formada inkişaf etməyə başladı. Bu prosesin katalizatoru olaraq “Baharın on yeddi anı” filmi xidmət edirdi. Film sovet kinematoqrafiyasında nasizmin “estetikasını” nümayiş edən və eyni zamanda onu “insanlaşdıran” ilk filmlərdən idi. Hakimiyyət bu meylin nisbi ziyansızlığını yetərincə tez anladı və ona görə də partiya-komsomol rəhbərliyi tərəfindən aşkar edilən “stilyaqaların” cəzaları KQB və partiyanın raykom/obkomlarında profilaktik söhbətlərlə məhdudlaşırdı. Ehtimal ki, sonuncu belə “stilyaqa” 1985-ci ildə Krasnodarda həbs edilən S.L. Şerbayev olub. Ağır roka qulaq asan və “qulların mehriban ittifaqı” olaraq gördüyü sovet quruluşunun əksinə faşizmi “düşmən azad insanların ittifaqı” olaraq hesab görürdü (5).

“Stilyaqalar”dan fərqli olaraq, “siyasətçilər”i nasist estetikası yox, Hitlerin kimliyi cəzb edirdi. Onlar bəzən hansısa dissident qrupların heyətində olan əsasən yetərincə yetkin insanlar idi. Hərçənd, nasional-sosialistlərin proqramı haqqında dumanlı təsəvvürə malik bu adamlar tez-tez yalnız bir müddəanı rəhbər tuturdular – yəhudiləri məhv etmə. Məsələn, Vyaçeslav Solenev Viktor Polenovun “Rusiyanın Xalq Demokratik Partiyası” qrupundan ayrılıb və 1957-ci ildə “Rus milli partiyası”nın proqramını yazarkən məhz bunu rəhbər tuturdu. Bununla belə, Polenovun sözlərinə görə, gələcəkdə Solenovun baxışları nisbətən yumşaldı və 1980-ci illərin sonuna doğru o, zərərli və xeyirli yəhudiləri fərqləndirməyə çağırırdı (6).

Nasizmin pərəstişkarlarına Aleksey Dobrovolskinin (1939-cu il d.) 1950-ci illərin ikinci yarısında Moskvada fəaliyyət göstərən “Rus nasional-sosialist partiyası” qrupunu da aid etmək olar. Hərçənd ki o 1990-cı illərin əvvəlində verdiyi müsahibədə Hitlerə olan ehtiramını inkar edirdi. Ancaq bir az keçdikdən sonra o, “nasistlərin partiya jestlər və ritualları, alman dəqiqliyi”nin ona dərin təəssürat bağışladığını, dostlarının isə “döyüşkənlik, sərt ifadələr, intizam, tabelik, simvolika, qolu qaldıraraq salamlama jestləri” xoşuna gəldiyini ağzından qaçırmışdı (7). Ataları və böyük qardaşlarının həlak olduğu nasizmlə müharibənin hələ təzəcə sona çatması “partiya” üzvlərini qətiyyən narahat etmirdi. Dobrovolskinin xatirələrinə görə, onun tərəfdarları (və, təbii ki, onun elə özü də) ölənlərin günahını Hitler və ya Stalində deyil, üçüncü tərəfdə axtarırdılar (yəni söhbət sürətlə yayılan, müharibənin ABŞ-a xeyir etdiyini iddia edən və ya “beynəlxalq yəhudilik” adlanan konsepsiyadan gedirdi).

Bütün bunlar Hitler şəxsiyyətinə meyl ilə müşahidə edilməyə bilməzdi. Doğrudan da, 1958-1961-ci illərdə Mordoviyada özünün düşərgədəki ilk həbs müddəti və onu Holokostun inkarı konsepsiyası ilə tanış edən rus esesçiləri ilə münasibətləri haqqında bəhs edən Dobrovolski təəssüf hissi ilə Hitlerin “böyük liberal olduğunu” söyləmişdi. Polenovun dediyinə görə, Dobrovolski hətta düşərgədə olarkən yəhudilərin Hitler modelinə uyğun yox edilməsinə çağırırdı (9).

Bununla belə, Dobrovolskidə nasizmin həm də “estetikası”na maraq var idi. Onun düşərgədə nasist formasında şəkil çəkdirməsi təsadüfi deyil.

Daha bir Hitlerin pərəstişkarları qrupu, görünür, savaşmağa hazırlaşırdı. 1963-cü ildə Voronejdə bundan 1 il öncə yaranmış özlərini “nasional-sosializmin (oasçıları”?) adlandıran 3 nəfərlik 17-19 yaşlı gənclərdən ibarət qrup ifşa edilmişdi (10). Onlar təkcə Hitlerin ad gününü qeyd etmək ilə döyüş meydanlarında tapılmış nasist ordenlərini taxmaqla yetinmirdilər. Onlar həmçinin müharibənin başlayacağı təqdirdə sovet hakimiyyəti ilə savaşmaq üçün silah toplayırdılar. Axtarış zamanı onlardan bir avtomatdan düzəlmə lüləsi kəsik tüfəng müsadirə edilib (11). Təəssüf ki, sənədlərin çatışmazlığı bu qrupun həbs sonrası aqibətini izləməyə imkan vermir.

Bənzər dərnəklər daha sonralar da mövcud olublar. Misal üçün, 1970-ci ilin dekabrında Nikolayevskdə Lentarev adlı bir fəhlə siyasi vərəqələr yapışdırırmış. Orda yazılanlar bu sözlərlə bitirdi: “Bizim idealımız Adolf Hitlerdir! Heil Hitler!” (12). 1973-cü ildə məhbus V.M.Krasnov Almaniya Federativ Respublikasının Moskvadakı səfirliyinə “Nasist partiyasının proqramının tezisləri”ni göndərmişdi. Növbəti, 1974-cü ildə digər məhbus Y.E.Bakunin “Nasional-sosialist partiyasının proqramı”nı hazırlamışdı. Bunun səmimi meyl, yoxsa “siyasiləşərək” politzonaya köçürülmək niyyətinin olması yaxşı anlaşılmır (13). 1990-cı illərdə qalmaqalları ilə məşhurlaşan Aleksey Vedenkin 1981-ci ildə Moskva yaxınlığında olan Kaliniqrad [2] şəhərində “Rusiyanın yeni millətçi fəhlə partiyası”nı yaratmışdı. Bundan başqa, 1969-cu ildə həbs edilmiş Nikolay Braunun da (1938-ci il d.) adını qeyd etmək olar. Ona qarşı irəli sürülmüş ittihamlar arasında Hitlerin ad gününü qeyd etmə də mövcud idi (14). Braunun yoldaşlarından biri Anatoli Bergerin xatirələrinə görə, bir tərəfdən, Braun ciddi olaraq Hitlerlə maraqlanırdı, dar çevrələrdə “fürer” deyə adlanmasından xoşu gəlirdi. Digər tərəfdən, Bergerin sözlərinə görə, Hitlerin ad gününü qeyd etmək onun üçün uçurumun kənarında gəzmək kimi bir şey idi, ki Braun bunu çox sevirdi (15). Nikolay Braun 2000-ci illərin əvvəlində Braunun özü əyləndiyini iddia edərək Hitlerin ad gününü “öz antibolşevik fəaliyyətinə diqqət çəkmək üçün” qeyd etdiyini bildimişdi. Məhkəmədə isə ona qarşı daha fantastik ittiham irəli sürülmüşdü – Lenin mavzoleyini partlatmağa cəhd (16).

Oktyabr inqilabının 67-ci il dönümündə Kalininqrad

Eyzenhauerin variantı olaraq Hitler

Bütün bu cinayət işləri və xatirələri gözdən keçirərkən istər-istəməz sual yaranır: niyə ölkənin müxtəlif bucaqlarında, Üçüncü Reyxlə müharibənin yeni bitməsinə baxmayaraq, onlarla (bəlkə də, yüzlərlə) insan özünə kumir olaraq füreri seçirdi?

Zənnimcə, bu seçim “ziddinə getmək” üçün idi. Bütün rəqiblərini qaralayan, Hitler, Trumen, Tito, 1956-cı il macar üsyançıları və digərlərini eyni sırayan qoyan sovet təbliğatına inanmayan “sıravi antisovetçilərin” güvəndiyi Eyzenhaueri Hitler kimi kommunist hakimiyyət tərəfindən böhtan atılmış birisi kimi görürdülər. Bəzi “nasiklərin” cinayət işlərindən bu fərziyyə təsdiq olunur. Misal üçün, 1957-ci ilin mart ayında Cərcoda [3] həbs edilən M.F.Jıroxov həbs ediləndəvə daha sonra isə polis bölməsində “Yaşasın Hitler! Yaşasın faşizm! Yaşasın Amerika” deyə qışqırırdı (17). İyul 1958-ci ildə həbs edilən bir başqa təqsirli bilinən isə “Yaşasın Eyzeynhauer, yaşasın Hitler!” deyə bağırırdı (18).

Aydın antinasist təbliğatının yoxluğu isə onların əksəriyyətini 1959-cu ildə həbs edilmiş Babuşkinli bir ocaqçının dediyi kimi “Hitler ağıllı adam idi, rus xalqını köləlikdən qurtarmaq istəyirdi” deyə düşünməyə sövq edirdi (19). Nəticədə nasizm (daha doğrusu – faşizm, çünki o zaman belə fərqləndirmə yox idi) Sov.İKP üzvlərini məhv etməyə hazır, kommunizmlə sərt mübarizəni ehtiva edir, marksizm ideologiyasının alternativi olaraq ortaya çıxırdı. Bu cür eyniləşdirməni moskvalı B.S. Blinovun örnəyində görə bilərik. 1957-ci ilin yanvar ayında o, Macarıstan hadisələrini müzakirə edərkən dedi: “Bax bizdə sovet-faşist partiyası olsaydı, ona ilk üzv olan mən olardım və kommunistləri döyməyə başlayardım” (20).

Faşizmin hakimiyyətə müxalif olan bir qism gənclərin gözündə nə dərəcədə müsbət göründüyünü 3 tbilisili məktəbliyə (milliyyətcə erməni, gürcü və rus) qarşı 1967- ci ildə açılmış iş göstərir. Onlar Gürcüstanı sovet işğalından azad etməyə qərar verərək özlərini “Qeyri-leqal faşist təşkilatı” adlandırmışdılar (21).

Bununla belə, qeyd edək ki, Hitlerin gerçək ideyaları haqqında onun pərəstişkarları, xüsusilə “stilyaqalar” qarışıq fikirlərə malik idilər. Misal üçün, çətin ki, qatı nasistlər öz sıralarına – 1960-cı ildə aşkar edilən, əhəmiyyətli dərəcədə erməni və azərbaycanlılardan ibarət – Bakı qrupunu qatardılar (22). 1963-cü ilin fevral ayında mühakimə edilən milliyyətcə yəhudi mühəndis Qoroxovun Hitlerin SSRİ-ni fəth etməməsinə üzüldüyü bəyan etməsi isə daha tragikomik görsənirdi (23).

Milliliyin özəllikləri…

Baltikyanı ölkələrdə nasistyönlü qruplar bütün ölkədən ayrıca inkişaf edirdi. Burada Hitlerə pərəstişkarlıq öz milli xüsusiyyətlərinə malik idi. Bu milli xüsusiyyətlər özündə yerli milliyyətçilik və SS ilə politsaybatalyonların [4] hissələrində xidmət edən “müharibə qəhrəmanlarını” müdafiə etməyi ehtiva edirdi. Misal üçün, 1962-ci ilin yanvar ayında bir qrup estoniyalı gənc Tartuda mühakimə edilmiş kollaborasionistlərin [5] müdafiəsinə səsləyən siyasi vərəqələr paylayıblar (24). 1966-cı ildə Latviya milli hərəkatının iştirakçısı Latviya Dövlət Universitetinin auditoriyasında svastika şəklini çəkmişdi, 1967-ci ildə isə Liyepayada iki litvalı gənc paraşüt qülləsindən svastikalı bayraq asmışdılar (25). Bu qrupların əhvalını ən dəqiq ifadə edən 1986-cı ildə antisovet təbliğatına görə həbs edilən R.Silaraupsdur. O, Almaniyanın müharibədə qalib gəlməməsinə təəssüflənir, çünki Baltikyanı ölkələrin millətçi radikalları öz ölkələrinin mümkün ola biləcək müstəqilliyini bu qələbəyə bağlayırdılar (26).

Məhz Baltikyanı ölkələrdə nasist yönlü əhvallar daha tez üzə çıxırdı. 11 aprel 1969-cu ildə Tallinin “Peoleo” ansamblı kolxozların birində olan konsertdə estoniyalı SS legionerlərinin əsgər marşını ifa etmişdilər (27). 22 sentyabr 1980-ci ildə isə Tallin şəhərinin nasistlərdən azad olunmasının ildönümünə həsr edilmiş konsertdən sonra kütlədə “Hayl Hitler!” qışqıran svastika sarıqlı 20-30 nəfərdən ibarət gənc ortaya çıxmışdı (28).

Həmçinin buraya Almaniyanın müharibədə məğlubiyyətinə heyfslənən azsaylı sovet almanları və kollaborasionistlərin işlərini də aid etmək olar (29).

Meydana çıxmaq…

Əgər 1950-1970-ci illərdə nasistlər gizlin fəaliyyət göstərməyə üstünlük verirdilərsə, 1980-ci illərin əvvəlində onların “davamçılarını” aşkara çıxmaq cəlb etdi. İndiyədək bizə Moskva neonasistlərinin sadəcə iki publik aksiyası dəqiq məlumdur.

1980-ci ilin aprel ayında 10-cu sinif şagirdi 17 yaşlı Viktor Yakuşev dostları ilə birgə Moskva sinaqoqunun qarşısında piketə bənzər bir şey etmişdilər. Piketçilərdə nasist atributlarından yalnız çəkmələr və tünd köynəklər var idi.

Açığı, Yakuşev bildirirdi ki, o və onun 10-12 nəfərdən ibarət dostları  “sadəcə baxırdılar” və bu, ümumiyyətlə rusların “yəhudiliyə olan marağı idi” (30). Bununla belə, aksiya həmin vaxt diqqəti cəlb etməmişdi.

Bunun əvəzində iki il sonra Puşkin meydanında baş tutan neonasistlərin aksiyası mətbuatda geniş işıqlandırıldı. Bu haqda ilkin məlumat dissident Kronid Lyubarski tərəfindən Münxendə dərc edilən “SSRİ-dən xəbərlər” bülletenində çıxmışdı.

Məlumata görə, svastikalı qara köynək geyinmiş 10-15 nəfərdən ibarət yuxarı sinif şagirdləri meydana iki dəfə – 17.00 və 19.00-da çıxmışdılar. Nümayişin iki iştirakçısı (digər məlumata görə – altı) milis tərəfindən saxlanılmışdı (31). Sonrakı məlumatlara görə, “Rusiya” kinoteatrındakı aksiya zamanı neofaşist siyasi vərəqələri paylanırdı, bunu edənlərin rəhbərləri isə Qorki küçəsinin qarşı tərəfində yerləşən “Lira” kafesində oturmuşdular. Onlar tamaşaçılarla davaya girişən

tərəfdarlarını elə oradanca yönləndirirdilər (32). Parisdə dərc edilən “Rus düşüncəsi” qəzeti isə nümayişi bu cür təsvir edirdi: “20 aprel Hitlerin ad günündə Moskvada gənclərdən ibarət bir qrup “faşist” nümayişi keçirtməyə cəhd etmişdi. Həmin axşam Puşkin meydanına xeyli sayda gənc toplanmışdı: bir tərəfdən qısa saç düzümlü “faşistlər”, bəzilərində svastika nişanı da var idi; digər tərəfdən isə müxtəlif xokkey və futbol komandalarının “azarkeşləri”. Nəzərdə tutulan “faşist” nümayişinin baş tutacağı əvvəlcədən məlum idi (Moskva məktəblərində müəllimlər şagirdlərinə xəbərdarlıq edərək 20 apreldə Puşkin meydanına çıxmamağı tövsiyə edirdilər; bu, təbii ki, hakimiyyətin də düşündüyü kimi əks effekt verdi). Şahidlərin dediyinə görə, “nümayiş” başlamamış artıq “faşist” və “azarkeşlər” arasında kənardakıların diqqətini cəlb edən dava qızışmışdı (33). Milis baş verənlərə qarışmayaraq baş verənləri kənardan izləyirdi. Nəhayət ki, milis həm “faşistlər”, həm də “azarkeşlərdən” bir neçə nəfəri saxladı.

SSRİ-də azsaylı gənclərdən ibarət faşist qrupların mövcudluğu haqda məlumat var. Onlar təbii ki, müharibənin dərin yaralar buraxdığı ölkədə populyar deyillər. Bu qruplar əsasən yüksək vəzifəli partiya məmurlarının övladlarından ibarətdir. Bu “qızıl gənclik” Hitlerə simpatiya duymaqdan daha çox ölkədə güclü həkimiyyətli və sərt intizamlı əsl öndərin olmamasına təəssüflənirdi.

Buna baxmayaraq, bu “çıxış”dan təxribat qoxusu gəlir və bunun nəticələri ağır ola bilər. Bu nümayiş geniş şəkildə məlum idi və hakimiyyət elə onlar tərəfindən “faşistlərin” mövcudluğu haqda yayılan məlumatı hüquq müdafiəçiləri hərəkatını gözdən salmaq üçün istifadə edə bilərdi” (34).

Bununla belə, rusiyalı sağ radikalların tədqiqatçısı Vladimir Pribılovski eyni hadisəni daha sadə formada təsvir edirdi: “[…] hüquq müdafiəçilərin sevdiyi Puşkin meydanında 15 nəfərdən çox olmayan yuxarı sinif şagirdləri “nümayiş” ediblər. Uşaqlar bir neçə dəfə əllərini yuxarı qaldıraraq eyni anda “Roma salamı”nı verərək “Hayl Hitler!” deyə qışqırıblar (demək olar ki, pıçıltı ilə). Sonradan Yakuşev özünü öyərək bildirmişdi ki, həmin şanlı gündə Puşkada olmasa da, bütün nümayişçilər onun tələbələri və davamçıları idi” (35).

Hər üç təsviri cəmləsək, görərik ki, hadisələr başlayan kimi müxtəlif gənc qruplar arasında davaya çevrilən və yalnız ağır yaralılar ortaya çıxandan sonra milis tərəfindən sona çatdırılan neonasistlərin nümayişi kifayət qədər acınacaqlı olub. Bu hadisəyə görə bir neçə nəfər həbs edilmişdi, lakin onların mühakimə edilib edilməməsi haqqında bir məlumat yoxdur.

Ancaq bütün bunlara baxmayaraq, bu cür nümayişin olması həm paytaxt ziyalıları, həm də qərb KİV-ini xeyli təəccübləndirmişdi. O saat Yakuşevin 1980-ci ildəki piketi yenidən gündəmə gəldi. Eyni zamanda “SSRİ-dən xəbərlər”də 18 iştirakçıdan ibarət neonasist təşkilatın 1980-ci ildə Mojayskdakı məhkəmə prosesinə dair xəbərlər yayılmağa başladı (36). 1 noyabr 1981-ci ildə Kurqan şəhərində üzərində svastikanın rəsmi, “Faşizm Rusiyanı qurtaracaq!” şüarlı sarıqlı köynəklər geyinmiş 100 nəfərdən çox yuxarı sinif şagirdilərinin təşkil etdiyi faşist nümayiş yada salındı, habelə Yujnouralsk, Sverdlovsk, Leninqrad (Kazan kilsəsinin yanında) şəhərlərində və “başqa yerlərdəki” neofaşist aksiyalar xatırlandı (37). Xəbərlərin bir qismi, Kronid Lyubarskinin də qeyd etdiyi kimi, yoxlanılmamış məlumata, yəni şayiələrə əsaslansa da, qərbin “səsi” [6] nəticəsində nümayiş və məhkəmələr haqqında məlumatlar bütün SSRİ boyu artıq etibarlı xəbər olaraq yayılırdı və bu, artıq qüvvətli hərbiləşdirilmiş faşist təşkilat rəyini yaradırdı. Artıq 1983-cü ilin yanvar ayında insanlar “Bilik” cəmiyyətinin mühazirəçilərindən Nijniy Tagil, Sverdlovsk və niyəsə Kiyevdə gənclərin həqiqətən də “nasist şüarlarla” aksiya edib-etmədiklərini soruşurdular (38). Baxmayaraq ki, elə Yakuşev özü də bildirirdi ki, “nə təşkilat, nə ad, nə struktur, heç bir şey yox idi. Sadəcə Almaniya, müasir neofaşizm haqqında kitablar oxuyurduq” (39). Gələcəkdə bu şayiələr Puşkin meydanın baş tutan hadisənin şahidlərinin yaddaşında tamamilə təhrif edilmiş obraz yaratdı. Misal üçün, Aleksandr Rekemçukun xatirələrində nümayiş “Hitlerin ad gününə həsr edilmiş, bütün atributların – “Hayl Hitler” salamlaması, svastikalı qol sarıqlar – olduğu kütləvi mitinqə” çevrildi (40). Bu isə daha çox 1990-cı illərin hadisələrinə uyğun gəlir.

Digər tərəfdən, Vladimir Pribılovskinin söylədiyinə görə, 1983-1986-cı illərdə Moskva universitetinin tələbə yataqxanalarında hər aprelin 20-sindən öncə “Puşkada faşistlərin nümayişinin olacağı” haqqında şayiələr gəzirdi və ən aktiv birinci kurs tələbələri “nasikləri vur” [7] şairinin heykəli önündə toplaşırdılar, ancaq orada, milisioner və komsomolçu dəstədən başqa, adətən heç kəs olmurdu. Bəzən olurdu ki, tələbələri saxlayıb bölməyə göndərirdilər, orada isə belə dialoq baş tuturdu:

+ Sən nə üçün burdasan, yoxsa Hitlerin ad gününü qeyd edirsən?

– Yox, mən, əksinə, faşistlərlə mübarizə aparmaq üçün gəlmişəm.

+ Axmaq! SSRİ-də faşistlər yoxdur. Amma əgər onlarla mübarizə aparmaq istəyirsənsə, oxuduğun yer üzrə komsomol dəstələrinə yazıl (41).

Faşistlərə qarşı ayıq mübarizə aparanların əlinə 1982-ci ildə yenicə çıxış etməyə başlayan ska [8] tərzi musiqini ifa edən “Qəribə oyunlar” qrupu keçə bilərdi. İctimaiyyəti əsasən onların geyim tərzi ürkütmüşdü, çünki nasistlərin nazik qalstuk taxdıqları və gicgah zonasını qırxdıqları haqda şayiə dolaşırdı. Nəticədə “Qəribə oyunlar” nasizm şübhələrini gücləndirməmək üçün repertuardan bir müddətlik marş mahnılarını çıxartmışdı (42).

Sual yaranır: 1982-ci ilin bu cür nümayişlər üçün heç də uyğun il olmamasına baxmayaraq, Hitlerin sovet pərəstişkarlarını meydana çıxmağa nə vadar edirdi və bunlar niyə gələcəkdə də təkrarlanmırdı? Qərb sovetoloqları bu nümayişi sovet sisteminin faşistləşmə prosesinin başlanğıcı olduğunu elan etdi. Onların fikrincə, yeniyetmələrin arxasında partaparatın (partiya aparatı) güclü qruplaşmaları və KQB durur. Ancaq sonrakı hadisələr bu görüşün tutarsız olduğunu göstərdi, çünki, araşdırmaçıların səylərinə baxmayaraq, belə qruplaşma aşkar olunmadı. Üstəlik, o zamankı hökümət adamlarının memuarlarında da bu kimi hadisələrin adı çəkilmir.

Amma neonasistlərin qəsdən aşkar şəkildə nümayiş etməkləri və güc strukturlarının qəribə passivliyini nəzərə alarsaq, bu aksiyada KQB-nin həqiqətən də əli olduğunu güman edə bilərik. Üstəgəl, daxili işlər orqanları ilə təması olan insanlardan alınmış şifahi məlumata görə, dövlət təhlükəsizliyinin əməkdaşları hələ 1970-ci illərin axırında DİN-ə mövcud olan faşist qruplara qarşı tədbir görməsinə imkan vermirdi. Ancaq bu nümayişin məqsədi başqa idi – nasistləri pisləşən həyat şəraitinə narazılıq edən əhaliyə qarşı qorxuluq olaraq istifadə edirdilər.

Maraqlıdır ki, hakimiyyət var gücü ilə neonasistlərin nümayişini gizlətməyə çalışırdı. Misal üçün, 26 aprel 1982-ci il tarixində Moskva poliqrafik institutunun hazırlıq şöbəsində politinformasiya [9] vaxtı P.Maslov adlı dinləyici neofaşist nümayiş və onların – özünün də iştirak etdiyi – dağıdılmasından danışdı. Sov.İKP tarixi müəllimi gecikmədən KQB əməkdaşı Qraçevi çağırdı. O öz növbəsində Maslov və onun yoldaşlarına “faşistləri döymək tələbələrin işi deyil, bunun üçün səlahiyyətli orqanların” olduğunu bildirdi. Bu iş az qala Maslovun institutdan qovulması ilə sonlanacaqdı (43). Eyni zamanda rəsmi qaynaqlardan məlumatların sızdırılmasına yol verilirdi. Bu rusdilli xarici mətbuatda məlumatların dərc edilməsi üçün əsas yaradırdı. Təbii ki, nasistlərin vəhşiliklərini yaxşı bilən yaşlı nəsil bütün “çətinlikləri” unudaraq bu məsələdə hakimiyyətin yanında olmağı üstün tutdu.

Bu versiyanın gerçək olduğunu perestroyka sonrası dövrün  hadisələri də sübut edir. “Rusiyada nasizm” kitabının müəllifi Vyaçeslav Lixaçevə görə, oxşar kombinasiya “Rus milli birliyi”nə (RMB) qarşı edildi: Xüsusi xidmət orqanları onu gərəkli anlarda (məsələn, 1993-cü ilin oktyabrında) qorxuluq rolunu yerinə yetirən güclü təşkilat vəziyyətinə gətirdi. Onun rəhbəri Aleksandr Barşakov sərbəstlik göstərən kimi isə RMB sürətlə marginallaşdı (44). Nümayişin qorxuluq rolunu oynamasından əlavə, nasistlərin aksiyaları qeyri- dövlət gənclər təşkilatları üzərindən ümumi nəzarəti daha da gücləndirilməsi üçün bəhanə oldu. Bu, ilk öncə idmanda “nizam yaratmağa” imkan verdi, daha dəqiq desək, şərq döyüş növlərində. Maraqlıdır, “SSRİ-dən xəbərlər”in məlumatına görə, hələ nümayişdən öncə məktəblərdə valideyn iclaslarında valideynləri nasistyönlü qrupların müxtəlif idman klublarının adı altında yaradılması haqda xəbərdar edirdilər (45). 1984-cü ildə karate məşqinin qadağası haqda əmr verildi (46). Və idman klublarının faşistlərin “yuvası” olduğu haqda yayılan şayiələr güclü arqumentə çevrildi. Sonra partiya ideoloqları və xüsusi xidmət orqanlarının hücumları musiqiyə yönləndirildi. O zaman bir sıra qrup faşist elan edilmişdi.

Üzə çıxmadan öncə

1980-ci illərin ortalarına doğru nasistlər Moskva və Leninqrad mifologiyasının dəyişməz hissəsinə çevrildilər. Hətta qəddar faşistlər haqqında uşaq qorxu hekayələri də var idi. 1980-ci illərin birinci yarısındakı leninqradlı neonasistlər haqqında, təəssüf ki, sadəcə bir sənədli məlumat mövcuddur. Həmin ifadədə 1982-ci ilin iyun ayında Yay baxçasında bir çox heykələ ziyan vuran svastikalı kurtkada olan bir qrup xuliqandan bəhs edilir (47). Buna baxmayaraq, perestroykanın başlanğıcı ilə məlum oldu ki, Neva çayının sahilində nasistlər heç də mif deyilmiş. 1980-ci illərin sonunda “Krokodil” jurnalının onların fəaliyyətini ətraflı işıqlandıran məqalələr dərc etməsi yadımdadır. Ancaq bu, artıq tamam fərqli zaman idi. Qlasnost siyasəti siyasi həyatın bütün istiqamətlərini oyandırmışdı. Və azsaylı “nasiklər” “abidələr”, “venedlər” [10] , “RMBçilər” və digərlərinin ümumi kütləsində qarışdılar. Şəhər mifologiyasında isə faşistləri “lüberlər” [11] əvəzlədi. 1987-ci ildə isə “nasiklər” özləri üzə çıxdılar. 20 aprel 1987-ci il tarixində – Hitlerin ad günündə – qoluna svastika sarığı taxmış, əyninə qara köynək geyinmiş 17-22 yaşlı iki dəstə gənc Nevski prospekti boyu və “Ploşad vosstaniya” metrosu çevrəsində yürüş etdilər. Həmin gündə eyni aksiya Peterqofda keçdi. Neonasistlər “üzə çıxmaqlarını” qəbiristanlıqlardakı yəhudi məzarlarını murdarlamaqla qeyd etdilər. 17 və 20 apreldə 140 başdaşı dağıdılıb və ya ləkələnmişdi. 25 aprel 1987-ci il tarixində isə bir qrup yeniyetmə “Cuhudları vur, Rusiyanı qurtar!” şüarları ilə Leninqrad sinaqoqunu darmadağın etməyə cəhd etmişdi. Bu aksiyaların iştirakçıları arasında TPM-də [12] oxuyanlar üstünlük təşkil edirdilər. Leninqrad “nasiklərinə” isə Roman Boytsov adında birisi rəhbərlik edirdi (48). Bir il qabaq Leninqrad milisionerləri yerli nasistlərin nümayişləri, qəbiristanlığı ləkələmələri və qırğın cəhdlərini əngəl olmadan izləyirdilər (49). Eyni zamanda onların təqiblərinə də son qoyuldu. Nasizmin təbliğatı ilə bağlı 1988-ci ildə Tallində “Estoniya nasional- faşist partiyası”nın təşkili üstündə həbs edilmiş S. Joldinə qarşı açılmış son işə “dəyişmiş vəziyyət ilə əlaqədar” xitam verildi (50).

Lüğət:

[1] – Стиляги (“stilyagi” – hərf. tərc. “modabazlar”) – 1940-cı illərdən başlayaraq SSRİ-nin böyük şəhərlərində gənclər arasında ortaya çıxan submədəniyyət. Bu submədəniyyət özündə əsasən Qərb həyat tərzini ehtiva edirdi (mətnaltı izah və qeydlər tərcüməçinindir)

[2] – Moskva oblastında yerləşən bu şəhərin adı 1996-cı ildə “Korolyov”a dəyişdirilib. Mərkəzi Avropada yerləşən Rusiya Federasiyasına aid Kaliniqrad oblastı ilə səhv salına bilər.

[3] – Türkmənistanın Özbəkistanla sərhəd bölgədə yerləşən indiki Türkmənabad şəhəri.

[4] – Polizeibataillon (“politsaybataillon” – tərc. polis batalyonu) – asayiş polisi olan Ordunqpolitsayın (“ordungpolizei”) hərbiləşmiş hissəsi.

[5] – Kollaborasionizm – şüurlu, könüllü və məqsədli şəkildə öz dövlətinin maraqlarına zidd olaraq düşmənlə əməkdaşlıq (Tarix terminləri lüğəti, tərt. A.Balayev, Bakı, “Altun kitab”, 2017).

[6] – Radio stansiyalar nəzərdə tutulub.

[7] – Puşkin meydanında öncəki nasist nümayişindən dolayı müəllifin etdiyi alleqoriyadır

[8] – Yamaykada ortaya çıxan musiqi tərzidir.

[9] – Sosialist düşərgədə müxtəlif iş kollektivlərində keçirilən 1 saatlıq ideoloji mühazirələr

[10] – “Ari” irqiçiləri nəzərdə tutulur

[11] – Sağlam həyat tərzinə çağırış edən hərəkat. Gənclər arasında qismən militarist hərəkat rolunu oynayıb

[12] – Texniki peşə məktəbi

Qeydlər:

(1) – Yenə də deyirəm, söhbət məhz nasizm və Hitlerin tərəfdarlarından gedir, radikal-nasionalistlərdən deyil.

(2) – Bu slenq ləqəbi Hitlerin sovet pərəstişkarlarına 1980-ci ildən gec olmayaraq verilmişdi.

(3) – 58-10. Надзорные производства Прокуратуры СССР по делам об антисоветской агитации и пропаганде. Март 1953-1991. Аннотированный каталог. М.: Международный фонд «Демократия», 1999. С. 401.

(4) РГАСПИ-М. Ф. 1. Оп. 32. Д. 1028. Л. 11-13.

(5) 58-10… С. 817.

(6) – Архив «Мемориала». Ф. 156. Дело Виктора Поленова; Митрохин Н. Интервью с Виктором Поленовым. С. 8-10.

(7) – Архив «Мемориала». Ф. 156. Дело Алексея Добровольского; Митрохин Н. Интервью с Алексеем Добровольским. С. 6-7.

(8) – “Düşərgədə nasizmi mənfi rolda göstərmək məqsədilə amerikalıların qaz kameralarını tikdiyini görən adamlarla qalırdım”. (Митрохин Н. Интервью с Алексеем Добровольским. С. 11, 14).

(9) – Митрохин Н. Интервью с Виктором Поленовым. С. 21.

(10) – OAS = Organisation armée secrète, həri tərcümədə — gizli silahlı təşkilat – Fransada general de Qollun aşırı sağçı rəqibləri. Sovet mətbuatında onların adı “hərbi faşist qruplaşması” keçirdi. Bax: http://encycl.yandex.ru/cgi- bin/art.pl?art=bse/00053/89900.htm&encpage=bse.

(11) – РГАСПИ-М. Ф. 1. Оп. 32. Д. 1139. Л. 15-17.

(12) – 58-10… С. 725.

(13) – 58-10… С. 755, 764.

(14) – 58-10… С. 706.

(15) – Архив «Мемориала». Ф. 156. Дело Анатолия Бергера. Интервью. С. 22, 28.

(16) – Письмо Николая Брауна в «Мемориал» от 22.12.2001. С. 1 // Архив

(17) – «Мемориала». Ф. 101. Дело Николая Брауна. [17] 58-10… С. 307.

(18) – 58-10… С. 471.

(19) – 58-10… С. 531.

(20) – 58-10… С. 292.

(21) – 58-10… С. 678.

(22) – РГАСПИ-М. Ф. 1. Оп. 32. Д. 1028. Л. 11-13.

(23) – 58-10… С. 626.

(24) – 58-10… С. 622.

(25) – 58-10… С. 672, 677.

(26) – 58-10… С. 823.

(27) – 58-10… С. 697.

(28) – Вести из СССР. 1982. № 8-23. [29] 58-10… С. 425, 488.

(30) – Прибыловский В. Ликург, Чингис-Хан и Гитлер // Панорама. 1991. Июль. № 1(28). (www.panorama.ru/gazeta/1-30/p28.html).

(31) – Вести из СССР. 1982. № 8-23.

(32) – Вести из СССР. 1982. № 11-24. 18-3.

(33) – “SSRİ-dən xəbərlər”in sonradan dəqiqləşdirdiyi məlumata görə, dava nəticəsində yaxınlıqda yerləşən 24 nömrəli xəstəxanaya ağır vəziyyətdə təqribən 10 nəfər çatdırılıb (Вести из СССР. 1982. № 18-3).

(34) – Попытка фашистской демонстрации в Москве // Русская мысль. 1982. 6 мая.

(35) – Прибыловский В. Хайль birthday // www.ej.ru/015/life/04skinheads.

(36) – Вести из СССР. 1982. № 12-16.

(37) – Вести из СССР. 1982. № 19-39.

(38) – РГАНИ. Ф. 5. Оп. 89. Д. 104. Л. 5.

(39) – Прибыловский В. Ликург…

(40) – Свастика всходит над Россией? [интервью с Александром Рекемчуком] // www.sem40.ru/anti/dgihad/1367.

(41) – Прибыловский В. Хайль birthday.

(42) – Странные игры. Смотри в оба! // Positive. Б.д. [весна 2001 г.] № 4(www.punk.ru/articles/scene/ska2506.shtml).

(43) – Вести из СССР. 1982. № 18-3.

(44) – Лихачев В. Нацизм в России. М.: РОО «Центр „Панорама“», 2002. С. 49-50.

(45) – Вести из СССР. 1982. № 8-23.

(46) – Karatenin qadağan edilməsi haqqında CM-nin ilk maddəsi (219-1) artıq 1981-ci ildə ortaya çıxmışdı. Ancaq o, sadəcə “qeyri-qanuni məşqləri” nəzərdə tuturdu. Bu idman sənətinə bütöv qadağa isə 1984-cü ildə idman komitəsinin 404 nömrəli “İdman cəmiyyətlərində karate məşqlərinin qadağası haqqında” əmrindən sonra qoyuldu.

(47) – Вести из СССР. 1982. № 18-3.

(48) – Вести из СССР. 1987. № 11/12-19, № 21-26.

(49) – Вести из СССР. 1987. № 21-26.

(50) – 58-10… С. 828.

Alparslan Öztürk

Bütün yazıları göstər