Yazının məqsədi Çarlz Tillinin “Müharibə yaratma və dövlət yaratma mütəşəkkil cinayətkarlıq kimi”* məqaləsinin əsas məqamlarını təhlil etmək və sonda müəllifin yanaşmasını Cənubi Qafqaz regionundakı dövlət formalaşmasının tarixi ilə əlaqələndirməkdir. Məqalənin əsas mövzusuna keçməzdən öncə qısaca olaraq müəllifi tanımaq daha yaxşı olar. Çarlz Tilli “21-ci əsr sosiologiyasının qurucusu” kimi də tanınan amerikalı sosioloq, politoloq və tarixçi idi. Onun əsas əsərləri demokratikləşmə, dövlət formalaşmasından tutmuş inqilablara və ictimai hərəkatlara kimi qədər olan mövzuları əhatə edir. Çarlz Tilli, xüsusilə, təhlil olunacaq məqalənin də əsas arqumentinə aid olan “müharibə dövləti, dövlət də müharibəni yaratdı” aforizmi ilə məşhurdur. Bu ifadə Tillinin müharibə ilə Avropada müasir dövlət formalaşma tarixi arasındakı məşhur əlaqələndirməsini təmsil edir. Qeyd etdiyimiz kimi, 1985-ci ildə nəşr olunan “Müharibə yaratma və dövlət yaratma mütəşəkkil cinayətkarlıq kimi” məqaləsi sözügedən mövzu ilə əlaqəli yazılardan biridir. Burada müəllif iddia edir ki, milli dövlətlər və onların təşkilati qabiliyyəti müharibələrə daxil olmaq və reket kimi davranmağın nəticəsində yaranmışdır. O, dövlət yaratma ilə mütəşəkkil cinayətkarlıq arasındakı bənzərliyi və bunun müasir dövlətlərin yaranmasındakı rolunu vurğulayır. Tillinin fikrincə, müasir dövlətlərdə olan bürokratiya, polis, hərbi qüvvə kimi əsas güc strukturları Avropada olduğu kimi dövlətin formalaşması prosesində müharibənin mövcudluğunun nəticəsidir. Əks təqdirdə, yəni prosesdə müharibə olmadıqda, güclü institutlara sahib olmaq ehtimalı, dekolonizasiyadan sonra meydana gələn dövlətlərdə müşahidə edildiyi kimi çox azdır. Yazının əsas hissəsində müvafiq məqalənin başlıca arqumentləri və izahları ümumiləşdiriləcək, sonda bəzi şərhlər və bu yanaşmanın Cənubi Qafqazda mövcud olmuş dövlətlərə mümkün tətbiqi barəsində qısa şəkildə dəyərləndirmə aparılacaqdır. Burada, Cənubi Qafqaz regionunun dövlət formalaşma tarixinə dair gələcək araşdırma üçün iki vacib sual təqdim ediləcək.

Dəqiq və tam anlayışı təmin etmək üçün terminoloji aydınlaşdırma etmək yaxşı olardı. Ümumiyyətlə, dövlət formalaşması** nəzəriyyəsi və ona bağlı müxtəlif mülahizələr şəxsi idarəetməyə söykənən ənənənin formal hakimiyyət strukturları tərəfindən necə əvəzləndiyini izah etməkdədir (Spruyt, 2002). Müasir dövlətlərin meydana gəlməsini təsvir etməyə çalışan bu fenomenlə bağlı bir neçə yanaşma mövcuddur. Məsələn, Çarlz Tillinin də əsas nümayəndələrindən biri olduğu bellisist yanaşmaya görə, dövlət formalaşmasının əsas hərəkətverici amili yüksək səviyyəli müharibələr idi ki, bu da daha mərkəzləşdirilmiş və yüksək tutumlu dövlətlərin yaranmasına səbəb olmuşdur. Belə ki, müharibələr dövlət hakimiyyətini mərkəzləşdirmək və institusional potensialı inkişaf etdirmək üçün başlıca impuls idi. Bellisist yanaşmadan əlavə, inkişaf yolunu izah etməyə çalışan iqtisadi-ticari, mədəni, coğrafi yanaşmalar da vardır. Bununla belə, Çarlz Tilli tez-tez bildirmişdir ki, irəli sürdüyü “dövlət formalaşması” termini onun nəzərdə tutmadığı formada istifadə olunmuşdur. Tillinin izahatları teleoloji məna əks etdirən “formalaşma” prosesini deyil, tarixi və təkamüli yolu təsvir edən “dövlət transformasiyasını” ifadə edirdi (Tilli, 2006). Buna baxmayaraq, bu yazı müəllifin əsl niyyətini nəzərə almaqla orijinal terminə – dövlət formalaşmasına sadiq qalacaqdır.

Çarlz Tillinin izahat verməyə çalışdığı başqa termin isə “dövlət”in özüdür. Məqalədə qeyd olunur: “Bu yazı milli dövlətlər adlandırdığımız bu xüsusi idarəetmə formalarının inkişafı və dəyişməsindəki mütəşəkkil zorakılıq vasitələrinin yeri ilə bağlıdır: vəzifəli şəxslərin uğurlu və ya daha az uğurlu şəkildə böyük, vahid ərazidə yaşayan bir əhalinin içərisində cəmləşdirilmiş zorakılıq vasitələrinə nəzarətə iddia etdiyi, nisbətən mərkəzləşdirilmiş, fərqlənmiş təşkilatlar.” Milli dövlətlərə istinad edərkən onların millət-dövlətdən fərqi qeyd edilməlidir. Çarlz Tilli “Zorakılıq, Kapital və Avropa Dövlətləri, 990 – 1992” adlı kitabında “Təəssüf ki, milli dövlət, əslində, əhalisinin güclü linqvistik, dini və simvolik kimliyi bölüşdüyü millət-dövlətlə eyni mənaya gəlmir” deyərək onları fərqləndirir (Tilli, 1990: s. 2-3). O, həmin kitabda tarix boyu yayılmış dövlətlərin üç növünü fərqləndirdi: xərac alan imperiyalar, şəhər dövlətləri və ya urban federasiyaları və milli dövlətlər. Birincisi, böyük bir hərbi və hasilat (ekstraktiv) mexanizminə sahib idi, yerli idarəetmə isə regional lordlara verilirdi. Dövlətlərin ikinci forması müharibə və hasilat dövründə koalisiyalara və məşvərət aparatlarına arxalanırdı, lakin bunlar dövlət sisteminin möhkəmliyi baxımından uzunmüddətli deyildi. Ancaq üçüncüsü, milli dövlətlər hərbi, hasilat və inzibati quruluşu bir mərkəzi orqandan idarə etmək üçün onları birləşdirə bildilər (Tilli, 1990: s. 21). Bu fərqləndirməyə əsasən demək olar ki, müəllifin əsas niyyəti əvvəlki iki dövlət formasının milli dövlətlərə çevrilmə prosesini izah etmək idi.

Çarlz Tilli hökumətlərin fəaliyyət göstərməsi ilə mühafizə reketinin*** fəaliyyəti arasındakı oxşarlığın təsviri ilə başlayır. Mühafizə reketi yerli, güclü bir şəxsin rəhbərliyi ilə mütəşəkkil cinayətkarlığın bir növü kimi “tacirləri, əslində, elə həmin güclü şəxsin yaratdığı zərərdən və ya təhdiddən yaxa qurtarmaq üçün” xərac ödəməyə məcbur edir. Bundan əlavə, eyni güclü şəxs bu tacirləri digər təhlükələrdən qorumaq üçün öhdəlik götürür və münasibətlər formalaşır. Tilli iddia edir ki, nisbətən aşağı qiymətlə digər yerli reketlərdən ən yaxşı və etibarlı müdafiəni təşkil edən şəxs “ən yaxşı təklifi” edir. Bu baxımdan hökumətlərin iş təcrübəsi reketlərin təcrübəsinə çox bənzəyir. Nəzəriyyədən göründüyü kimi, hökumətlər daxili və xarici zorakılıqdan qorunma təklif edirlər. Bunun müqabilində bəzi haqlar, məsələn, vergilər şəklində tələb olunur və bu nizama qarşı çıxanlara “anarxist”, “təxribatçı” kimi damğalar vurulur. Tilli hökümətlərin təbəələri qorumaq üçün boyunlarına götürdükləri təhlükənin xəyali və ya öz fəaliyyətlərinin nəticələri olduğunu irəli sürür: vətəndaşlar üçün faktiki təhdid olan müharibələrin və ekstraktiv hərəkətlərin əsas istehsalçıları və hərəkətə keçirənləri kimi hökumətlər reketlərlə eyni qaydada fəaliyyət göstərirlər.

Bununla belə, bir fərq var: reketlər öz işlərini hökumətlərdə olan “müqəddəslik” olmadan idarə edirlər. Bu zaman isə hökumətlərin reketlərə nəzərən niyə bu üstünlüyə sahib olması ilə bağlı sual yaranır. Başqa bir sual, legitimlik məsələsi hərəkətə keçir. Legitim və ya qeyri-legitim gücdən istifadəni nə müəyyənləşdirir?  Əslində, müəllif bu məsələyə az əhəmiyyət verir. Onun fikrincə, kontraktual izahlardan fərqli olaraq, zorakılığın istifadəsinə istər idarə olunanların razılığı, istərsə də hansısa mücərrəd prinsiplə haqq qazandırılsın, bu şərtlər sadəcə olaraq dövlətin zorakılığı monopoliyasına almaq meylini izah edir və ya ona bəraət qazandırır. Tilli iddia edir ki, zorakılığı monopoliyalaşdırmağa və təşkil etməyə meylli olduğu üçün dövlət digər təşkilatlardan fərqlənir. Bu məqamda Veberin dövlətə “fiziki gücün legitim istifadəsi üzərində monopoliya” kimi verdiyi tərif Tillinin təsvirinə tam uyğundur (Veber, 2015). Buna baxmayaraq, Maks Veber iddia edir ki, monopoliyanın bu cür forması legitimləşmə prosesi ilə birlikdə meydana gəlməlidir. Əslində, müəyyən çərçivə daxilində zorakılığın yeganə təchizatçısı olmaq hökumətlərə legitim olmayan həmkarlarından daha inandırıcı təkliflər etməyə şərait yaradır. Bu, zəif və ya uğursuz dövlətlər (failed state) keysi ilə sınaqdan keçirilə bilər. “İddia olunan ərazi üzərində suverenlik itiriləndə və ya ümumiyyətlə, effektiv şəkildə qurulmayanda uğursuz dövlət meydana çıxır” (Samuels, 2013: s. 29). Bu o deməkdir ki, dövlət zorakılıq üzərində monopoliyasını və legitimliyini itirir, ictimai xidmətləri təmin edə və vergilər qaldıra bilmir, beynəlxalq arenada söz haqqı olmur, ərazidə başqa qüvvələr, terrorçu qruplar, cinayət təşkilatları, hərbi qruplaşmalar və s. kimi təşkilatlar meydana çıxır.  Bu meylin bariz nümunələrindən bəziləri Suriya, Kolumbiya, Əfqanıstanda və s. müşahidə edilə bilər.

Daha sonra Çarlz Tilli dövlətlərin və digər təşkilatların zorakılıqdan istifadəsi arasındakı bu fərqin necə meydana gəldiyini sorğulayır. Dövlətlər hansı yolla zorakılığın legitim istifadəsinin monopoliyasını qazandılar? Tillinin fikrincə, dövlətin formalaşmasının ilkin mərhələlərində legitim və qeyri-legitim olan arasındakı fərq anlaşılmaz idi. Krallar, quldurlar, piratlar, regional güc sahibləri, peşəkar əsgərlər və s. kimi bir çox tərəf zor tətbiq etmək imkanına – hüququna sahib idi. Bundan əlavə, müharibə dövründə dövlətlərin idarəçiləri öz məqsədləri naminə bəzən piratları, quldurları onların güclərindən istifadə etmək üçün muzdla işə götürür və ya səfərbər edirdilər. Ancaq müharibə başa çatdıqda bu qüvvələr kralın royal himayəsi olmadan əvvəlki mövqelərinə geri qayıdırdılar. Legitim ilə qeyri-legitim arasındakı kəskin fərq uzun müddətli seleksiya prosesinin nəticəsi olaraq meydana gəldi. Hərbi sahədə inqilab və dövlətlərin daimi və vahid bir ordu qurmağa meylliliyi də bu prosesə təkan verdi. Bu prosesin məntiqi davamı olaraq hökmdarlar ərazi daxilindəki hər kəsi tərksilah etməyə çalışdılar. Bu şəkildə zorakılığın qanuni istifadəsi üzərində öz inhisarlarını möhkəmləndirdilər. Tilli bu proses haqqında 1620-ci illərdə Rişelyenin böyük tərksilah siyasətini tətbiq etdiyi zamankı Fransa tarixindən bir nümunə gətirir. Duelləri qadağan etmək, üsyançı lordların qalalarını dağıtmaq, özəl hərbi qüvvələrin saxlanmasını qadağan etmək prosesin bəzi nümunələridir. Əks təqdirdə, hakimiyyətin mərkəzləşdirilməsi mümkün olmayacaqdı. Belə ki, başlıca hökmdarlar və ya kralların əli ərazidəki hər bir fərdə çatmadığına və böyük ordunu yalnız öz güclərilə səfərbər edə bilmədiklərinə görə sözügedən yerli lordların, maqnatların, hərbi subyektlərin bütün ərazini idarə edilməsindəki rolu çox vacib idi. Buna görə də, onlar dolayı idarəetmə vasitəsilə bu güclü təbəqələrə etibar etməli idilər. Yerli güc sahibləri daxili işlərdə hökmdarlara potensial rəqib idi. Onlar rəsmi domenləri olmadan da hökumət məsələlərinə çıxışları var idi. Buna görə də, güc üzərində monopoliya əldə etmək üçün hökmdarlar bu rəqiblərdən olan asılılığı azaltmalı və birbaşa idarəetmə sistemi yaratmalı idilər. Bu zərurətə görə, dövlətlər öz rəsmi domenlərini yerli ərazilərə qədər yayan, yerli güc sahiblərindən deyil, hökumətdən asılı olan polis qüvvələri yaratdılar. Fransa tarixindən 17-ci əsrdən sonra dövlət gücünün artması və hakimiyyətin mərkəzləşdirilməsi ilə nəticələnən hadisələrlə davam edə bilərik. XIV Lüdoviqin təşəbbüsləri nəticəsində böyük zadəganlar öz regional güclərini itirməyə başladılar. XIV Lüdoviq onları mərkəzə tabe olan regional idarəçilərlə əvəz etdi və yerli güc sahibləri ilə müqayisədə onları yeniləri ilə əvəz etmək ehtimalı daha asan oldu (Tilly, 2007: s. 18). Hökmdar bu lordlara, maqnatlara hökümətdə rəsmi vəzifə verdi, vergidən azad etdi və beləcə, bu təbəqənin iqtisadi təhlükəsizliyini mərkəzi dövlət quruluşundan asılı vəziyyətə gətirildi. Və ya krallar rəqiblərini başqa formada ortadan qaldırmaq üçün qəddar vasitələrdən istifadə etməyi seçdilər. Sonda, uzun müddət davam edən proses nəticəsində milli dövlətlər müəyyən bir ərazidə zorakılıq üzərində monopoliyaya çata bildilər. 

Bu, hekayənin bir tərəfi idi. Çarlz Tillinin fikrincə, dövlətlər monopoliyanı əldə etməkdə bir-birindən asılı olan dörd istiqamətdə zorakılıqdan istifadə edirlər:

  • Müharibə yaratma: güc sahibi kimi aydın və davamlı üstünlüyü olduğu ərazilərdən kənarda olan rəqiblərini aradan qaldırmaq və ya zərərsizləşdirmək;
  • Dövlət yaratma: öz ərazi daxilindəki rəqiblərini aradan qaldırmaq və ya zərərsizləşdirmək;
  • Mühafizə: müştərilərinin düşmənlərini aradan qaldırmaq və ya zərərsizləşdirmək;
  • Ekstraksiya: İlk üç fəaliyyətin – müharibə etməyin, dövlət qurmağın və mühafizənin həyata keçirilməsi üçün vasitələr əldə etmək (resursların toplanması, vergilər və s.)

Tilli deyir ki, bu dörd proses bir-birilərinə təsir etməklə qarşılıqlı asılı məntiqlə işləyir və nəticədə Avropada müxtəlif tipli dövlət struktruları meydana gətirmişdir. Bu müxtəlifliyin səbəbi dövlətin daxili rəqiblərini məğlub etməsindəki uğur dərəcəsi və bununla da daha çox gəlir əldə etmək üçün fürsətlər qazanması, müharibə başlatması və öz müştərilərini qorumasından asılıdır. O dövrdə dövlətin müştəriləri müasir mənada bütün vətəndaşlar deyil, əsasən yerli lordlar, hərbi xadimlər və kilsə nümayəndələri idi. Çarlz Tilli bunu belə izah edir: qüdrətli bir lord müəyyən bir ərazidə hökmranlıq qazanmaq üçün rəqibi ilə müharibəyə başlayır, müharibə etmək yüksək gəlir, güclü orduya sahib olmaq və digər ehtiyaclar tələb edirdi. Bu yolla müharibəyə hazırlaşmaq qısa zamanda davamlı ekstraktiv əməliyyatlara gətirib çıxardısa da, uzun müddətdə fiskal və maliyyə strukturlarının yaranmasının əsasını təşkil etdi. Müəyyən bir ərazidə uğur qazanan ekstraktorlar rəqiblərini məğlub etmək, aradan qaldırmaq və ya kooptasiya etmək üçün güc əldə etdilər. Digər istiqamətdə dövlətin mühafizə siyasətinin həyata keçirilməsi məhkəmələrin yaranmasına səbəb oldu. Xülasə etsək, müharibə etmək, dövlət qurmaq, mühafizə və ekstraksiya haqqında danışarkən, bunların hamısı müxtəlif dövlət strukturlarının yaranması ilə nəticələndi: müharibə ordunun inkişafına səbəb oldu, dövlətin böyüməsi polis qüvvələrinin yaradılmasına və icra edilməsinə təkan verdi, mühafizə məhkəmələrlə, ekstraksiya isə milli maliyyə quruluşlarının formalaşması ilə əlaqələndirildi. Bir məqamı qeyd etmək lazımdır ki, bunların heç biri milli dövləti yaratmaq niyyəti ilə aparılmamışdı və buna teleoloji izahatlar verilməməlidir. Yəni bu proseslər gedərkən mərkəzi hakimiyyətin ağlında xüsusi bir dövlət forması – milli dövlət – yaratmaq yox idi.

Bu, Avropadakı dövlət formalaşma prosesinin ümumi təsviri idi. Bununla yanaşı, göründüyü kimi, hər bir Avropa dövlətində dövlət idarəetmə quruluşu və rejimləri fərqlidir. Avropanın milli dövlətləri eyni transformasiya prosesini keçirdiyi, oxşar modellərə sahib olduqları halda niyə sonda fərqli formalarda qaldılar? Tilli buna təsir edən iki əsas amili təklif edir. Birinci amil, adi insanlardan gələn müxalifətin dərəcəsi idi. İnsanlar dövlət siyasətinə nə qədər çox qarşı çıxdılarsa, mərkəzi hökumət də bir o qədər çox güzəşt etdi və bu güzəştlər dövlət formalaşmasının xarakterini müəyyənləşdirdi. Belə nəticə çıxarmaq olar ki, yüksək dərəcəli güzəştlər bu gün demokratik adlandırdığımız hökumət növlərinə gətirib çıxardı, daha az dərəcəli güzəştlər isə daha avtoritar dövlət quruluşları ilə nəticələndi. Tillinin təklif etdiyi ikinci amil dörd zorakılıq yönümlü fəaliyyət arasındakı tarazlıq ilə əlaqədardır – müharibə yaratma, dövlət yaratma, mühafizə və ekstraksiya. O iddia edir ki, əgər bunlardan birinin həcmi digər üçündən nisbətən çox daha yüksək olursa, həmin seqmentin oynadığı rol milli siyasətdə daha geniş olacaqdır. Tilli müharibə yaratma rolunun digərlərindən daha yüksək olduğu İspaniyanı misal gətirir. Buna nəticəsində, İspaniyada hərbi elita milli siyasi məsələlərdə əsas amil olmuşdur. Dövlət formalaşması izahatları baxımından Avropa kateqoriyasına daxil edilməməsinə baxmayaraq, bu yanaşma dövlətin formalaşması prosesində daxili və xarici rəqibləri məğlub etməkdə hərbi gücün rolunun yüksək olduğu Türkiyəyə tətbiq edilə bilər. Belə ki, dövlət formalaşmasının bu xüsusiyyəti bir neçə hərbi çevriliş kimi, 20-ci əsrdə Türkiyədə baş vermiş müvafiq siyasi qarışıqlıqları izah etməyə kömək edir.

Bu yanaşma dövlətlərin formalaşma tarixinin aydınlaşdırılması baxımından faydalı olsa da, bəzi qaranlıq qalan məqamları da vurğulamaq lazımdır. Birincisi, məqalədə dövlət formalaşmasının erkən dövrlərindəki legitimlik məsələsinə yetəri qədər diqqət ayrılmamışdır. Əslində isə o dövrdə kralların zorakılıqdan istifadə üçün ilahi və xanədanlıqdan gələn haqları var idi ki, bu da onları adi insanların gözündə qanuni hala gətirirdi (Spruyt, 2017). Bu onu göstərir ki, müasir dövrümüzdən əlavə, erkən dövrlərdə də hökmdarlar zorakı hərəkətlərində xüsusi müqəddəsliyə sahib olmaqla reketlərdən fərqlənirdilər. İkinci məqam dövlət strukturlarının xarakteri ilə bağlıdır. Tillinin izahatları o mənaya gəlir ki, hər şey müharibədən və müharibənin nəticələrindən başladı və buna verilən reaksiyalar da gələcək hakimiyyət formalarının taleyini müəyyən etdi. Fikrimcə, burada əvvəlcədən mövcud olan sosial və institusional quruluşun təsirinə lazımi diqqət yetirilməyib. Erkən təsisatlar və sosial normaların xarakteristikası da sonra formalaşacaq inzibati və siyasi quruluşlara, demokratiyaya meyl dərəcəsinə və s. təsir etmişdir (öncəki institutların gələcək inkişafdakı təsirləri barəsində bax, Why Nations Fail, Daron Acemoglu and James Robinson; və yaxud “path dependency” və institutisonal yaddaş barədə yanaşmalar)

Diqqətə çatdırılması lazım olan digər bir məqam isə bu yanaşmanın Cənubi Qafqazda mövcud olmuş dövlətlərə tətbiq olunması ətrafındadır. Tillinin qeyd etdiyi kimi, Avropadakı dövlət formalaşması təcrübəsinin Üçüncü Dünya ölkələrindən tamamilə fərqli olmasına baxmayaraq, bu metoddan nəzərə alınacaq dövlətlərin zəif  tərəflərini və gələcəyini təhlil etmək üçün istifadə edilə bilər. Əlbəttə ki, bu, geniş empirik araşdırma və tarixi təhlil tələb edir, ancaq başlanğıc nöqtəsi kimi bu kontekstdə iki sual fərqləndirilə bilər. Birinci sual odur ki, 1918-ci ilə qədər Cənubi Qafqaz regionunda milli dövlətlərin mövcud olmamasının əsas faktorları və yarandıqdan qısa müddət sonra süqut etmə səbəbləri nələrdir? Aydındır ki, 20-ci əsrə qədər müasir Azərbaycan, Gürcüstan və Ermənistan ərazilərini ya padşahlıqlar, ya imperiyalar, bəzən də xanlıqlar idarə ediblər və ilk milli dövlətlər isə yaranandan sonra cəmi iki il həyatda qala bildi. Bellisist yanaşma bu iki hadisəni necə izah edə bilər? Burada “müharibə” fenomeninin mövqeyi necədir? İkinci sual regionun yaxın tarixinə aiddir. SSRİ dağılandan sonra müstəqil milli dövlətlərin yenidən meydana çıxması burada beynəlxalq aktorlar arasındakı münasibətlərin formasını dəyişdirdi. Həmin milli dövlətlər arasındakı və daxilindəki konfliktlər qlobal kontekstdə ərazinin ən gözəçarpan xüsusiyyətlərindən biri oldu. O vaxtdan bəri Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ ərazisi üzərində uzunsürən münaqişə, Rusiyanın iştirakı ilə Gürcüstan-Osetiya, Gürcüstan-Abxaziya münaqişələri hər bir hökumətin gündəlik dövlət siyasətində üstünlük təşkil edir. Bəs bellisist yanaşmanın köməyi ilə bu üç ölkənin dövlət formalaşması prosesi verilən münaqişələr kontekstində araşdırıla bilərmi? Münaqişələrin yaşanması yuxarıda adı çəkilən ölkələrin dövlət strukturlarına nə dərəcədə təsir etmişdir? Bu ölkələrdə potensial müharibə ssenarisinə hazırlıqdan doğan ehtiyaclar bürokratiya, maliyyə, vergi tətbiq etmə təcrübələrinə təsir edibmi? Daha əvvəl qeyd edildiyi kimi, bütün bu sualların cavabları üçün daha geniş çərçivəli araşdırmaya ehtiyac vardır.

Qeydlər:

  • Müzakirə olunan məqalə: Tilly, C. (1985). War Making and State Making as Organized Crime. In P. Evans, D. Rueschemeyer, & T. Skocpol (Eds.), Bringing the State Back In (pp. 169-191). Cambridge: Cambridge University Press
  • “Dövlət formalaşması” State formation terminin qarşılığı kimi istifadə olunmuşdur.
  •  İngiliscədə – Protection racket.

İstinadlar:

Samuels D. J. (2013). Comparative Politics. Pearson Education

Spruyt, H. (2002). The Origins, Development, And Possible Decline Of The Modern State. Annual Review of Political Science, 5(1), 127–149

Spruyt, H. (2017) War and State Formation: Amending the Bellicist Theory of State Making. Does War Make States? Investigations of Charles Tilly’s Historical Sociology edited by Lars Bo Kaspersen and Jeppe Strandsbjerg. Cambridge University Press p. 73-97

Tilly, C. (1990). Coercion, Capital and European States, AD 990–1990. Cambridge: Basil Blackwell

Tilly, C. (2007) Democracy. Cambridge University Press

Tilly, C. (2006) Why and How History Matters, The Oxford Handbook of Contextual Political Analysis edited by Robert E. Goodin and Charles Tilly, p. 417-437

Weber M. (2015). Weber’s Rationalism and Modern Society translated and edited by Tony Waters and Dagmar Waters. New York: Palgrave Books p. 129-198

Charles Tilly Interview: concepts and state formation