Beynəlxalq şəkildə Azərbaycanın ərazisi kimi tanınmış Dağlıq Qarabağ regionu uğrunda Ermənistan və Azərbaycan respublikaları arasında konflikt 27 sentyabrda yenidən alovlandı. Münaqişənin təsir dairəsi yalnız Cənubi Qafqaz ilə məhdud deyil. Müharibə Azərbaycan türklərinin 84 milyonluq nüfuzunun 1/3-ni təşkil etdiyi İranın daxilində müxalifətçilərin etirazlarını da alovlandırdı. İranın şimal-qərb əyalətindəki müxtəlif şəhərlər və paytaxt Tehran belə etirazlara şahidlik etdi. 27 sentyabrda toqquşmaların başlanmasından sonra Rusiyanın Ermənistana hərbi yardımına dinc şəkildə etiraz edən 200-dən çox İran azərbaycanlısı hakim orqanlar tərəfindən həbs olunub. Həbs olunanların bir qisminə həm polis, həm də kəşfiyyat işçiləri tərəfindən işgəncə olunduğu və döyüldüyü bildirilir.

Müharibə etnik qüvvələri birləşdirir: İran-İraq müharibəsi

Tarixən müharibələr milli kimliyin formalaşmasında önəmli rol oynayıblar. İranın tarixi göstərir ki, müharibə etnik münasibətlərə ciddi ölçüdə təsir göstərmişdir. 1980-1988-ci illərdə davam edən 8 illik İran-İraq müharibəsinin çətinliklərinə baxmayaraq, etnik münasibətlərin və milli İran kimliyinin inkişafı baxımından bilməyərəkdən müsbət nəticələr doğurmuşdu. Xarici təhlükələrə cavab olaraq İranda milli həmrəylik səviyyəsi artdı. Bu, zərər çəkmiş azlıq icmaların olduğu digər çoxmillətli ölkələrdə də baş verdi. İran istisna deyildir. Müharibə zamanı ayrı-seçkiliyə məruz qalan etnik mənşəli saysız-hesabsız şəxs İranı müdafiə etmək üçün cəbhədə həyatlarını qurban verdi. Etnik azlıqların İran əhalisinin əksəriyyətini təşkil etdiyini və hər qrupun müxtəlif ayrı-seçkilik formalarına məruz qaldığını nəzərə alsaq, müharibə özlüyündə etniklərarası həmrəyliyin yaranmasında vacib rol oynadı.

Şiəlik 1979-cu il İran İslam İnqilabının nəticəsi olaraq meydana gəlmiş yeni İslam Respublikasının nəzarətində insanların riayət etməsi gözlənilən kollektiv, çətir kimliyi olaraq təbliğ edildi. Bundan əlavə, İran rejimi davamlı olaraq “İslam həmrəyliyi”ni özünün prinsipial xarici siyasət yanaşması kimi elan etdi. Görkəmli dini kimliyin etnik kimliyin sərhədlərini aşmasına və bu səbəbdən etnik narazılıqları əngəlləməsinə imkan verdiyi üçün belə bir siyasət açar rol oynayırdı. Əslində İran əsasən Şiə dövləti olduğu üçün (90-95/100 faiz nisbətində) şiə İslam inancının gücü və populyarlığı İranın milli kimliyi anlayışına təsirsiz ötüşməmiş və beləliklə, İrana aidlik hissini gücləndirmişdir. İranın təmsilli statistikaları göstərir ki, dini qurumlarda çalışan şəxslər digər işlərdə çalışan şəxslərlə müqayisədə xalq tərəfindən daha hörmətlə qarşılanır.

Kimlik siyasətinin uğursuzluğu: Dağlıq Qarabağ savaşı

İranın kimlik siyasəti başqa bir müharibənin obyektivi ilə ortaya çıxır: Ermənistan və Azərbaycan arasında 1988-1994-cü illər arasında baş tutan Dağlıq Qarabağ müharibəsi. İranın Dağlıq Qarabağ siyasəti Azərbaycan türklərinin Ermənistana yardım edən İrana qarşı etiraz dalğalarının başlanması ilə nəticələndi. Bu yaxınlarda isə etirazçılar Ermənistanla sərhədin bağlanmasını tələb etdilər. İranın rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünə nəzərən neytral tutumunun əksinə son üç onillik ərzində İran Ermənistanla yaxşı münasibət saxladı və Rusiya hərbi yardımının İran ərazisindən tranzit keçidini təmin etməklə onu dəstəklədi. Hələ 1992-ci ildə Təbriz, Urmiya və paytaxt Tehran kimi şəhərlərdə İran rejiminin Qarabağ siyasətinə qarşı nümayişlər keçirilmişdi. İran geosiyasi və Azərbaycanın müstəqilliyinin İran etnikləri üzərində mümkün domino effekti narahatlığına görə ilkin olaraq Ermənistanı dəstəklədi. Belə narahatlıqlar heç də yeni deyil. Tarixi sənədlər göstərir ki, eyni narahatlıqlar 1918-ci ildə qurulmuş azömürlü Azərbaycan Demokratik Respublikası dönəmində də özünü göstərmişdi. Müstəqil Azərbaycan hər zaman İranın milli təhlükəsizliyinə potensial təhdid kimi nəzərdən keçirilirdi. İran rejimi Azərbaycanı sağlam və cəlbedici ölkə kimi yox, müharibə bataqlığına batmış bir ölkə kimi görməyi daha üstün tutmuşdur. Bu siyasət İranda zərər çəkmiş azərbaycanlıların müstəqillik effektindən təsirlənməməyi üçün aparılır.

İranın daxili həmrəylik gözləntiləri çox da uğurlu olmamışdır. Tehranın gözləntilərinin əksinə İranın xarici siyasət yanaşması azərbaycanlılar arasında İranın milli kimliyinə bağlılıq hissini zəiflədib. Bu, ilk olaraq, ona görə baş verdi ki, İranın Dağlıq Qarabağ siyasəti təbliğ etdiyi “İslam həmrəyliyi” prinsipinə zidd idi. İran əksər hallarda Azərbaycana İslam həmrəyliyini ifadə etməkdən yayınmışdır. Nəticədə, İranda yaşayan etnik azərbaycanlılarda İranın hakim qüvvələrinin Azərbaycana qarşı xəyanət etdiyi hissi yarandı. Belə bir yanaşma yalnız İranın azərbaycanlı vətəndaşları arasında İran İslam diskursunun rezonansını zəiflətmədi, həm də ümumi dini kollektiv kimliyi zədələdi. Statistikalar İranda dindarlığın zəiflədiyini açıq şəkildə nümayiş etdirir. İranlıların 66%-i inanır ki, ölkədəki insanlar 5 il əvvələ nisbətən daha az dindardırlar və növbəti 5 ildə bu dərəcə daha da azalacaq.  İranda yaşayan azərbaycanlıların dindarlıq səviyyəsində azalma faizi İranın milli ortalamasından (70% ətrafında) daha çoxdur. İranın milli kimlik siyasətinin uğursuzluğa düçar olmasının İran üçün önəmli təsirləri var, çünki bu, alternativ kimlik hüdudlarının yüksəlişi üçün yol açır.

Dağlıq Qarabağ müharibəsi İran üçün xaricdən gələn bir şok oldu, çünki bu, indiyə qədər İran rejimin kollektiv şiə kimliyi altında gizlətdiyi müstəsna millətçi təbiətini gün üzünə çıxardı. Bu, etnik ayrıseçkiliyə diqqəti daha da artırdı. Təmsilli sorğu statistikasına görə, İranda yaşayan azərbaycanlıların yalnız 39%-i dövlətin etnik azlıqlara qarşı ayrıseçkiliyə yol vermədiyini söyləyir. Bir zamanlar İranın ən sadiq etnik azlıqlarından biri olan Azərbaycan türkləri getdikcə xəyal qırıqlığına məruz qalırlar. Azalan dindarlıq kontekstində etnik qeyri-bərabərlik və ayrıseçkilik şüuru İran azərbaycanlıları arasında etnik ayrılmanı sürətləndirir. Son baş verən hadisələr göstərir ki, gözə çarpan azərbaycanlı kimliyi hərəkətə keçməyə başlayır. Dövlətin həyata keçirdiyi repressiyalara baxmayaraq, İrandakı azərbaycanlıların Azərbaycan Respublikası ilə həmrəyliyini dilə gətirməsi indiyə qədər görülməmiş bir haldır.

Çoxmillətli bir ölkədə inkluziv millət quruculuğunun uğursuzluğu yalnız etnik münasibətləri pisləşdirmir, eyni zamanda demokratiyaya keçid potensialını da çətinləşdirir. İraq belə bir keçiddə həddindən artıq maneələrlə qarşılaşan gözəçarpan bir nümunədir. Tədqiqatlar göstərir ki, etnik və ya dini qruplar ayrı-seçkilik və hakimiyyətdən kənarlaşdırılma səbəbi ilə siyasiləşdikdə, avtoritarizmdən demokratiyaya keçid problemli olacaqdır. İranın siyasiləşmiş etnik kimliklərini nəzərə almadıqca və dövlət səviyyəsində farsların hakim olduğu güc quruluşundan çoxmillətli güc quruluşuna keçid perspektivi olmadıqca İran üçün istənilən demokratikləşmə layihəsi fəlakətli nəticələrə səbəb ola bilər.

Ramin Cabbarlı

Bütün yazıları göstər