Tarixçə
Azərbaycanın müstəqillik uğrunda mübarizəsi, bu müstəqilliyi yenidən əldə etməsi və daha sonra baş verən Birinci Qarabağ müharibəsi daima güneyli soydaşlarımız tərəfindən diqqətlə izlənilib. Onlar bu hadisələri izləməklə və dəstək verməklə yanaşı həm də bu hadisələrdə yaxından iştirak ediblər. Bu şəxslərə Meydan hərəkatında aktiv iştirak edən Məhəmməd Hatəmi Tantəkini,[1] İsfəndiyar Coşqunu,[2] Sirus Təbrizlini,[3] ölkənin ən faciəli anlarında burada olan və baş vermis hadisələrin fotolarını çəkərək dünyada ictimailəşdirən Rza Diqqətini[4] o cümlədən Ruhulla Dadaşnejad, Cəlal Musapur kimi Qarabağda döyüşmüş onlarla güneyli soydaşımızı misal göstərə bilərik.
Bundan başqa müstəqil Azərbaycanda müxtəlif vaxtlarda baş verən hadisələr güney azərbaycanlılar tərəfindən dəstəklənib. Çox vaxt bu dəstək aksiyaları dağıdılıb, orada iştirak edənlər isə ya həbs olunub işgəncələrə məruz qalıblar ya da təqib olunublar. Məsələn Birinci Qarabağ müharibəsi dövründə baş vermiş bu aksiya Tehranda baş tutub. Tehran Universitetinin türk tələbələri Ermənistana qarşı etiraz yürüşü keçiriblər. Tələbələr əvvəlcə universitetin həyətində toplaşıblar. Daha sonra isə universiteti tərk edib küçəyə çıxmaq istəyiblər. Universitet rəhbərliyi isə onları buraxmamaq üçün qapıları bağlatdırıb. Nəticədə tələbələr universitetin qapılarını qıraraq İnqilab küçəsi boyunca yürüş keçiriblər. Onlar üzərində “Azərbaycan tək deyilsən, biz də varıq” və “Canım gözüm Qarabağ, şirin sözüm Qarabağ” yazılmış plakatlar qaldırıblar. Daha sonra Ermənistan səfirliyinin qarşısına çatıb, burada onların işğalçı addımlarını pisləyib, etiraz ediblər. Sonrakı illərdə də Güney Azərbaycanda və İranda türklərin yaşadıqları bölgələrdə daima Qarabağ mövzusu gündəmdə saxlanılıb.
2004-cü ilin iyun ayında Ermənistanın dövlət nümayəndələri iqtisadi əməkdaşlıq mәqsәdilə Ərdəbilə gəliblər. Ermənistandan gələn heyətin tərkibində Qondarma Dağlıq Qarabağ Respublikasından da nümayəndələrin olması aşkar edildikdən sonra yerli əhali buna etiraz edib. Bu nəticə vermədikdə isə onlar Ərdəbilin Sərçeşmə məscidində bəstə oturublar.[5] Məscidə hücum edən təhlükəsizlik qüvvələri bəstə oturan insanları döyərək həbs ediblər. Milli mədəni fəal Abbas Lisanini döyüb, huşunu itirənə qədər ağzını adyalla örtüblər.[6] Bu döyülmə nəticəsində onun bir neçə qabırğası və burnu sınıb, ağ ciyəri və böyrəyi zədələnib. Daha sonra 2 gün naməlum yerdə tək nəfərlik kamerada saxlanılıb. Ərdəbil İnqilab Məhkəməsinin 7-ci şöbəsinə aparıldıqdan sonra daha 1 ay saxlanılması haqqında qərar verilib. Bundan sonra Lisani Ərdəbil həbsxanasında tək nəfərlik kamerada saxlanılıb. Burada dəfələrlə tibbi yardım üçün müraciət etsə də, bunun üçün aclıq aksiyası keçirsə də onun istəyi təmin edilməyib. 2004-cü il iyulun 22-də 200 milyon rial girov qoyulması müqabilində məhkəməyə qədər azadlığa buraxılıb. Sonradan 800 min rial dəyərində cərimə olunub və ictimai asayişi pozmaqda ittiham edilərək 15 şallaq cəzasına məhkum edilib.[7]
Həm Təbrizin “Traxtur“ futbol klubunun həm də digər Azərbaycan şəhərlərinin futbol, futzal və voleybol komandalarının azarkeşləri dəfələrlə Azərbaycan və Qarabağla bağlı şüarlar deyib, Azərbaycan bayrağı və müxtəlif banerlər açıblar. Bir çox hallarda bu banerlər onların əllərindən alınıb, özləri isə saxlanılıblar.
2019-cu il fevralın 27-də Ermənistanın baş naziri Nikol Paşinyan Tehranda “Ararat” idman kompleksində erməni icması ilə görüşüb. Bu görüşündə o, üstündə “Qarabağ Ermənistandır və son” şüarı yazılmış banerlə və iştirakçılarla selfi çəkdirib.[8] Banerdəki yazıda ərazi iddiasının olması, eləcə də görüşün Xocalı soyqırımından bir gün sonra olması bütün dünya azərbaycanlıları tərəfindən etirazla qarşılandı. 2019-cu il martın 1-də güney azərbaycanlı fəallar tərəfindən Tehranda yerləşən həmin kompleksin divarına “Qarabağ Azərbaycanın ayrılmaz parçasıdır” şüarı yazılıb.[9]
2019-cu ilin martın 1-də “Traxtur” və “Sepahan” futbol klubları arasında Təbrizdə keçiriləcək qarşılaşmanı izləmək üçün gələn Ehsan İsmayıldoxt, Mehdi Həmzei və Babək Siyami adlı 3 Sulduz sakini həbs olunublar. Buna səbəb onların Azərbaycana dəstək məqsədilə üzlərinə “Qarabağ” yazmaqları olub.[10] 1 ay 10 günlük həbsdən sonra azadlığa çıxan Ehsan İsmayıldoxt ölkəni tərk edib və daha sonra belindəki işgəncə izlərinin şəklini çəkərək paylaşıb.[11] Qarşılaşma davam etdiyi müddətdə stadionda olan azarkeşlər “Qarabağ bizimdir, bizim olacaq!” şüarını səsləndiriblər.[12] Bundan başqa üzərində ingiliscə “Qarabağ Azərbaycan torpağıdır”, “Qarabağ bizimdir, bizim olacaq!” yazılmış 2 baner[13] və Azərbaycan bayrağı qaldırıblar.[14][15] Oyun bitdikdən sonra isə banerləri və bayrağı qaldırmaqda təqsirləndirilən 29 nəfər güney azərbaycanlı stadiondan çıxarkən həbs olunub.[16]
2019-cu il martın 2-də Ermənistanın Tehrandakı konsulluğunun binasının divarlarına güney azərbaycanlı fəallar tərəfindən üstündə “Qarabağ Azərbaycanın ayrılmaz parçasıdır” yazılmış vərəqlər yapışdırılıb.[17]
Daha sonra 2019-cü il martın 9-da Urmiyanın “90” futbol klubu ilə Buşehrin “Şahin” futbol klubları arasında baş tutmuş qarşılaşmada[18] eləcə də 2019-cu il martın 14-də və aprelin 5-də Təbrizdə baş tutmuş “Traxtur” futbol klubunun oyunlarında azarkeşlər qadağalara və təqiblərə baxmayaraq “Qarabağ bizimdir, bizim olacaq!” şüarlarından istifadə ediblər.[19]
2020-ci il sentyabrın 3-də Tehranda İran kubokunun final oyunu keçirilib. Təbrizin “Traxtur” futbol klubu Tehranın “İstiqlal” futbol klubunu məğlub etdikdən sonra qələbəni qeyd edən azarkeşlər Tehran küçələrində “Qarabağ bizimdir, bizim olacaq” şüarını səsləndiriblər.[20]
2020-ci ilin aprel ayında Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal altında olan Xankəndidə çəkilmiş video kadrlar[21] Azərbaycanın hər iki tayında etirazlara səbəb oldu. Bu görüntülərdə erməni fəallar İrana aid yanacaq daşıyan avtomobilləri videoya çəkərək onların Xankəndinə gəlməsinə etiraz ediblər.[22] Onlar bildiriblər ki, qondarma rejim İrandan ucuz və keyfiyyətsiz yanacaq alır. Bundan sonra Azərbaycan İrandan rəsmi araşdırma tələb edib, İran isə bu iddiaları rədd edib.
2020-ci ilin iyun ayında müsahibə verən Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov Rusiyanın Ermənistana verdiyi silahların İran vasitəsilə çatdırıldığını qeyd edib.[23]
Tovuz döyüşləri
2020-ci il 12 iyul tarixində Azərbaycan – Ermənistan sərhəd xəttində başlamış Tovuz döyüşlərindən sonra güney azərbaycanlılar Təbriz, Urmiya, Ərdəbil, Zəncan, Sulduz və Tehran şəhərlərində Azərbaycana dəstək aksiyaları keçirilməsi haqqında çağırış ediblər.[24] Mitinqlər başlamamış İran təhlükəsizlik orqanlarının əməkdaşları müxtəlif şəhərlərdə yaşayan milli fəallara zəng edərək onlara xəbərdarlıq edib, aksiyada iştirak edəcəkləri təqdirdə həbs etməklə hədələyiblər. Baş tutacaq bir çox aksiyanın qarşısı polis tərəfindən alıb. Bütün şəhərlərdə aksiya günü şəhərin əsas küçə və meydanları təhlükəsizlik orqanları tərəfindən nəzarətə götürülüb. Əraziyə müxtəlif qüvvələr yerləşdirilib. Aksiyalarda iştirak üçün əvvəlcədən müəyyən edilmiş yerlərə toplaşan insanlar ərazidən uzaqlaşdırılıblar. Bir çoxu isə döyülərək həbs ediliblər. Buna baxmayaraq bəzi şəhərlərdə aksiya baş tutub.
16 iyulda Təbrizdəki Azərbaycan konsulluğunun qarşısında yerli əhali tərəfindən Azərbaycana dəstək aksiyası keçirilib. Aksiya iştirakçıları Ermənistanın hücumunu qınayaraq, “Azərbaycan var olsun, istəməyən kor olsun!”, “Qarabağ bizimdir, bizim olacaq!” şüarları səsləndiriblər. Daha sonra aksiya dağıdılıb və bir neçə nəfər həbs edilib.[25] Aksiyada saxlanılmış Həkimə Əhmədi, Yasəmən Zəfəri, Sədullah Sasaniyan, Rəhim Sasaniyan və Mehdi Purəli 2021-ci ilin yanvar ayında Təbriz İkinci cəza Məhkəməsinin 112 saylı şöbəsi tərəfindən “ictimai asayişi pozmaq”, “qanunsuz tədbirlərdə iştirak edərək ictimai asayişi pozmaq” və ” zabitlərə qarşı üsyan etmək” ittihamı ilə hər biri 1 il həbs və 60 şallaq cəzasına məhkum olunublar.[26]
16 iyulda Urmiyada Fərid Xorşidi polis idarəsinə çağırılıb. İlk gün buraxılsa da, bir gün sonra təhlükəsizlik qüvvələri tərəfindən yenidən saxlanılaraq Urmiya Mərkəzi Həbsxanasına aparılıb. Salar Tahir Əfşar isə polis idarəsinin təhlükəsizlik hissəsi tərəfindən saxlanılaraq həbs olunub. 21 iyul tarixində onların hər biri 50 milyon tümənlik zəmanət qarşılığında məhkəmə olan günə qədər müvəqqəti olaraq azad olunublar. Hər iki milli fəal “İran İslam Respublikasına qarşı təbliğat aparmaq” və “milli təhlükəsizliyi və ictimai asayişi pozmaq” ittihamları ilə təqsirləndiriliblər. Avqust ayında milli fəal Fərid Xorşidi ona qarşı olan iddiaların sübuta yetirilməməsinə görə bəraət alıb.[27]
16 iyulda Ermənistanın Tehrandakı səfirliyinin qarşısında keçirilmiş Azərbaycana dəstək aksiyasında Həmid Cabbarlı, Hüseyn Şəhidi, Hadi Əlişi və Yaqub Məcidi həbs olunaraq Evin həbsxanasına aparılıblar. İyulun 20-ə qədər onların harada saxlanılmaları haqqında yaxınlarına bir söz deyilməyib.[28] Hüseyn Şəhidi, Hadi Əlişi, Yaqub Məcidi iyulun 20-də zəmanət qarşılığında buraxılsalar da Həmid Cabbarlını buraxmayıblar. Həmid Cabbarlı həmin gün ailəsinə zəng edərək, Evin həbsxanasında olduğunu deyib. Azərbaycan dilində danışdığı üçün həbsxana gözətçiləri ona farsca danışmalı olduğu qışqırıblar daha sonra isə zəng kəsilib.[29] Daha sonra isə onu iki İŞİD üzvü ilə eyni kamerada saxlayıblar. 7 gün saxlanıldıqdan sonra iyulun 27-də zəmanət qarşılığında məhkəmə olan günə qədər müvəqqəti azadlığa buraxılıb.
II Qarabağ Müharibəsi
2020-ci il sentyabrın 27-də II Qarabağ Müharibəsi başladıqdan sonra bir qrup güney azərbaycanlı Təbrizdəki Azərbaycan konsulluğuna Azərbaycan tərəfindən könüllü olaraq döyüşmək üçün müraciət ediblər. Konsul Əliyənnağı Hüseynov isə onlara dəstəkləri üçün təşəkkür edib.[30]
Bir neçə gün sonra sosial şəbəkələrdə güney azərbaycanlılar tərəfindən çəkilmiş video kadrlar və şəkillər yayılıb. Bu kadrlarda Rusiyadan alınmış hərbi yüklərin İran ərazisində yerləşən Nordüz sərhəd keçid məntəqəsi vasitəsilə Ermənistana daşındığını göstərilib.[31] Bu isə güney azərbaycanlıların etirazlarına səbəb olub. 29 sentyabrda İran Xarici İşlər Nazirliyi bu iddiaları rədd edib. Daha sonra Azərbaycanda fəaliyyət göstərən KİV-lər hərbi texnikanın İran ərazisindən Ermənistana aparıldığını göstərən videogörüntüləri paylaşıblar. Sonra isə azərbaycanlı millət vəkili Sabir Rüstəmxanlı da İranın müxtəlif ölkələrdən Ermənistana silah daşınması ilə məşğul olduğunu bildirib. İran Prezidentinin İşlər İdarəsinin rəisi Mahmud Vaezi, Azərbaycan baş nazirinin müavini Şahin Mustafayevlə telefon danışığında bu iddiaları rədd edib. O əlavə edib ki, bu şayiələrin iki ölkə arasındakı münasibətləri pozmağa yönəlib.[32] Oktyabrın 5-də isə İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xatibzadə Tehranda keçirilən mətbuat konfransında İranın öz sərhəddindən Ermənistana silah və hərbi maşınların keçirilməsinə yol vermədiyini qeyd edib. Ancaq sonra İran dövlətinə bağlı KİV-lər bu məsələ ilə bağlı ayrıca reportajlar hazırlayaraq kadrlarda əks olunan yük maşınlarının Ermənistan hökumətinin əvvəllər Rusiyadan aldığı Kamaz markalı yük maşınları olduğunu qeyd ediblər.[33] Halbuki kadrlarda göstərilən Kamaz markalı maşınların mülki yox hərbi təyinatlı maşın olduğu də göstərilib. Reportajlarda həmin yük maşınlarının 670 ədəd olduğu qeyd olunub. 2024-cü il mart ayında “Baku Tv”yə müsahibə verən İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi isə bu kamazların Rusiyanın Ermənistandakı bazasına aid olduğunu bildirib.[34]
Bu hadisələrdən sonra güney azərbaycanlılar müxtəlif tarixlərdə bir neçə şəhərdə o cümlədən də paytaxt Tehranda Azərbaycana dəstək, İrana və Ermənistana qarşı isə etiraz aksiyaları keçiriblər.[35] Təbriz və Tehranda Azərbaycan bayrağı qaldırılıb. Aksiya iştirakçıları “Qarabağ bizimdir, bizim olacaq!”, “Erməniyə himayət cinayətdir, cinayət” şüarlarını səsləndiriblər. Bundan başqa aksiya iştirakçıları Rusiyanın Ermənistana göndərdiyi hərbi yüklərin İran vasitəsilə Ermənistana çatdırılmasına qarşı çıxaraq, Nordüz sərhəd keçid məntəqəsinin bağlanmasını tələb ediblər.[36] Ərdəbil, Təbriz, Urmiya, Zəncan, Culfa, Ələmdar, Xiyav, Kəleybər, Makı, Marağa, Mərənd, Sulduz, Parsabad və Tehran şəhərlərində yüzlərlə güney azərbaycanlı aksiya iştirakçısı həbs edilib, döyülüb və işgəncələrə məruz qalıblar. Polis və təhlükəsizlik qüvvələri aksiyaya sərt müdaxilə ediblər, gözyaşardıcı qazdan, rezin güllələrdən və dəyənəkdən istifadə ediblər. Saxlanılanların hamısı aksiyalarda tutulmayıblar. Onlarla türk milli mədəni fəal ya aksiyalardan əvvəl ya da aksiyalardan sonra evlərində və ya iş yerlərində həbs olunublar.
Ərdəbil
2020-ci il sentyabrın 29-da Ərdəbil şəhərinin Ciral parkında fəallar Azərbaycan Ordusuna dəstək və İranın Ermənistana yardımlarına etiraz olaraq aksiya keçiriblər. Onlar üzərində “Sizin zəfəriniz bizim zəfərimizdir, Azərbaycan əsgəri” yazılmış plakat qaldırıblar. Aksiya iştirakçıları İran rejiminin təhlükəsizlik qüvvələri tərəfindən döyülərək həbs ediliblər.[37] Həbs olunanları bir otağa yığdıqdan sonra içəri bibər qazı vurublar. Qazın təsirində həbs olunanların bəzilərinin üzünün dərisi soyulub. Onlardan biri gözdən əlil olan Səccad Colani döyülüb və burnu qırılıb.[38]
2020-ci il sentyabrın 30-da Ərdəbildə bir neçə milli fəal Şeyx Səfi türbəsinin qarşısında üzərində latın əlifbası ilə “Bir millət sizin arxanızdadır, Azərbaycan ordusu” yazılı plakatla şəkil çəkdiriblər.[39] Bundan sonra 2020-ci il oktyabrın 1-də Meysəm Colani və Əli Xeyrcunun evinə polis və təhlükəsizlik qüvvələri tərəfindən basqın edilib və onlar həbs ediliblər. Təhlükəsizlik qüvvələri Əli Xeyrcunun həyətin divarından aşaraq evinə basqın ediblər. Daha sonra onu, ailə üzvlərini və onların həbsinə mane olmaq istəyən qonşularını döyərək təhqir ediblər.[40] Baş verən hadisə videoya çəkilib və bu görüntülər insanlar arasında etirazlara səbəb olub. Daha sonra Əli Xeyrcunun həyat yoldaşı Əfsanə Əkbərzadə yoldaşının vəziyyətini öyrənmək üçün Ərdəbil prokurorluğunun 10-cu şöbəsinə müraciət edib. O, burada hakim tərəfindən təhqir olunub və həbs edilib. Bir gün nəzarətdə saxlanıldıqdan sonra isə azadlığa buraxılıb.[41] 2020-ci il dekabr ayında Ərdəbil İkinci Cinayət Məhkəməsinin 110 saylı şöbəsi, Meysəm Colani və Əli Xeyrcunu “qarışıqlıq yaratmaqla ictimai asayişi pozmaqda iştirak etmək” ittihamı ilə hər birini 4 ay həbs və 20 şallaq cəzasına məhkum edib.[42]
Ərdəbil təhlükəsizlik qüvvələri həmin gecə Mohsen İsmaili Əqdəm və Səməd Nəzminin evlərinə də basqın edərək onları həbs etməyə cəhd ediblər. Amma fəalların qonşuları təhlükəsizlik qüvvələrinə müqavimət göstərdikləri üçün onları həbs etmək mümkün olmayıb.[43]
Ərdəbildə baş tutmuş aksiyada həbs edilən 74 yaşlı Pərviz Siyabi oktyabr ayının 5-də girov müqabilində müvəqqəti olaraq azadlığa buraxılıb. Azadlığa çıxdıqdan sonra o, döyüldüyünü göstərmək üçün bədəninin şəkillərini paylaşıb. Şəkillərdə onun kürək və qollarındakı göyərən yerlər ağır şəkildə döyüldüyünü göstərir.[44]
Müharibə başlayandan sonra böyük kütləyə xitab edən azərbaycanlı milli mədəni fəal və həmin dövrdə Ərdəbildə həbsdə olan vicdan məhbusu Abbas Lisaniyə yaxınları ilə görüşmək və telefonla danışmaq qadağan edilib.[45] Daha sonra bir müddət buna icazə versələr də noyabr ayının 13-də bu qadağa yenidən qoyulub. Noyabrın 20-də Abbas Lisani ona qoyulmuş qadağalara etiraz olaraq, həbsxana zabitinin ofisində 5 saatlıq oturaq etiraz aksiyası keçirib. Aksiyadan sonra qohumlarının onun ziyarətinə gəlməsinə icazə versələr də telefon danışıqlarına olan qadağanı aradan qaldırmayıblar.[46]
2021-ci il oktyabrın 9-da Ərdəbil şəhər məhkəməsi tərəfindən bir neçə milli mədəni fəala hökm oxunub. Hüseyn Balaxani, Əsgər Əkbərzadə, Mustafa Pərvin, Murtəza Pərvin, Möctəba Pərvin, Həmid Heydəri, Məhəmməd Colani, Sübhan Bəxşi, Mehdi Hüşmənd, Bəhmən Xeyircu və Səccad Colani İran İslam Respublikası Cinayət Məcəlləsinin 607-ci maddəsinə əsasən təqsirli bilinərək hər biri 7 ay 16 gün həbs və 74 qamçı cəzasına məhkum ediliblər.[47]
Təbriz
Oktyabrın 1-də Azərbaycan Ordusuna dəstək və İranın Ermənistana yardımlarına etiraz olaraq Təbriz əhalisi də aksiya keçirib. Burada baş tutan aksiya ən böyük aksiya olduğu üçün həbs olunanların da ən çoxu Təbriz şəhərində olub. Aksiya iştirakçıları “Yaşasın Azərbaycan”, “Qarabağ bizimdir, bizim olacaq”, “Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq” şüarları səsləndiriblər.[48] Aksiyaya təhlükəsizlik qüvvələri müdaxilə edib onu dağıdıblar.[49] Təxminən 40 nəfər həbs olunub, bir çox iştirakçı isə döyülüb. Rastaküçə küçəsində isə bir qrup vətəndaş saxlanılan bəzi mitinq iştirakçılarını çevik polis qüvvələrinin əlindən almağı bacarıblar.
Sonrakı günlərdə Təbrizdə bir neçə kiçik aksiyalar olsa da “Qarabağa dəstək” adlı ikinci böyük aksiya oktyabr ayının 18-ə təyin olunub. Milli fəalların bu çağırışından sonra İranın Kəşfiyyat Nazirliyinin əməkdaşları bir çox fəala zəng edərək, onları həbs etməklə hədələyib, bir neçəsini isə ETTELAAT (İran İnformasiya, Kəşfiyyat və Təhlükəsizlik Nazirliyi) idarəsinə çağırıblar. Oktyabr ayının 17-də aksiya baş tutmamışdan qabaq Rəsul Rəzəvi, Hüseyn Əmir-Hicri və Hüseyn Məhəmmədiya kimi fəallar həbs olunublar. Daha sonra onlar həbslərinin qanunsuz olduğunu qeyd edərək aclıq aksiyasına başlayıblar.[50]
Hədələrə, təhdidlərə və həbslərə baxmayaraq oktyabr ayının 18-də Təbrizdə “Qarabağa dəstək” aksiyası baş tutub. Polis sərt müdaxilə etsə də aksiya gecə saatlarına qədər fasilələrlə davam edib. Aksiya işitakçıları “Gəl qardaşım meydana, silah gedir İrəvana”, “Qarabağ bizimdir, bizim olacaq”,[51] “Ermənistana himayət, cinayətdir, cinayət”, Təbriz, Bakı, Ankara, Salam olsun Turana!” kimi şüarlar səsləndiriblər. Onlar həm də İran və Ermənistan arasındakı Nordüz sərhəd-keçid məntəqəsinin bağlanmasını tələb edərək “Nordüz gərək bağlana” şüarından istifadə ediblər. Aksiyada kişilərlə yanaşı bir neçə qadın da həbs olunub. Hətta onların bəziləri öz övladları ilə birlikdə saxlanılıblar.[52] Şima Əlmasi, Həbibə Bərqi, Mina Vəlipur, Sara Turi o cümlədən də Fatimə İbrahimzadə qızı Kövsər Neməti ilə, Məhtab Əsgərinejad isə qızı Aylin Şirzadi ilə birlikdə həbs olunublar.[53]
Tutulanlardan biri olan Siyamək Kuşi müvəqqəti azadlığa buraxıldıqdan sonra saxlanıldığı ETTELAAT bölməsinin təcridxanasında müstəntiqlərin məhbusları döyüb ailələrini təhqir etdiklərini, saxlanıldığı 2 gün ərzində onlara içməyə su verilmədiyini, yemək istəyənlərin isə otaqdan çıxarılaraq döyüldüyünü deyib. Bundan başqa o, təcridxanada həbs olunanlar arasında 30-dan çox kişi və 10-dan çox qadın gördüyünü də əlavə edib.[54]
Zəncan
Sentyabrın 30-da Zəncanda bir qrup azərbaycanlı gənc Olcaytu Xudabəndə türbəsinin qarşısında üzərində “Vətən xəritələrdəki sərhədlərin irəlisindədir” yazılmış plakat açıblar.[55]
Oktyabrın 1-də Zəncan əhalisi Azərbaycana dəstək vermək məqsədilə şəhərin əsas meydanına toplaşıblar. Lakin aksiya başlamamışdan əvvəl həmin meydana təhlükəsizlik orqanlarının əməkdaşları gəliblər. Qarabağı dəstəkləyən plakat və pankartları qaldıran insanlar mülki geyimli polislər tərəfindən zorakılığa məruz qalıb döyülüblər. Təhlükəsizlik orqanları tərəfindən həbs olunan bir neçə aksiyaçı digər aksiya iştirakçıların köməyi ilə azad olunublar. Aksiya dağıdıldıqdan 1 saat sonra təkrar başlayıb. İştirakçılar “Qarabağ bizimdir bizim olacaq” şüarı səsləndiriblər. Lakin aksiya təhlükəsizlik qüvvələrinin müdaxiləsi ilə təkrar dağıdılıb və bir neçə nəfər o cümlədən Əkbər Qarabaği və Məcid Kərimi saxlanılıblar.[56]
Urmiya
Oktyabrın 1-də Urmiyanın İmam və Atayi küçələrində mitinqlər təşkil edilib. Mitinqlərə təhlükəsizlik orqanlarının əməkdaşları müdaxilə ediblər. Nəticədə Huşəng Nağızadə, Əmir Gövhəri, Səhənd Behnəmun, Rza Xəlili, Cavad Rzayi, Əşkan Səadətmehr, Əbulfəzl Əsgəri həbs ediliblər. Sonradan onların bir qismi müvəqqəti azadlığa buraxılıblar. Noyabrın 22-də Yunus Şirzad Cavan, Ramin Xuda Bəxş, Salar Tahir Əfşar, Səhənd Behnamun, Hüsniyə İntixabi Hənsənluyi, Ramin Dehqan, İrfan Mehdi Xanlı Saatlu, Əmir İzzəti Heydərlu, Fərhad Məhəmmədi, Cavad Rizayi və digər fəallar Urmiya Ümumi və İnqilab Prokurorluğunun 8-ci şöbəsinə çağırılıblar.
Xudafərin
2020-ci il oktyabrın 18-də Xudafərin qəsəbəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalından azad olunub. Daha sonra sosial şəbəkələrdə Xudafərin şəhristanında yaşayan güney azərbaycanlılarının Azərbaycan əsgərlərini alqışladıqlarını göstərən videolar yayılıb. Ora toplaşan insanlar əsgərləri alqışlayıb “Azərbaycan bir olsun istəməyən kor olsun”, “Yaşasın Azərbaycan” kimi şüarlar səsləndiriblər. Əsgərlər də insanların şüarlarına dəstək veriblər.[57] Sonrakı günlərdə isə polis və təhlükəsizlik qüvvələri tərəfindən insanlara çayın qırağına getmək qadağan olunub.
Daha sonra Xudafərin şəhristanına “İmam Zaman” mexaniki briqadası yerləşdirilib.[58] 24 oktyabrda bölgəni ziyarət edən İslam İnqilabı Keşikçiləri Korpusunun quru qoşunlarının komandanı Məhəmməd Pakpur birqadanın burada Xudafərin şəhristanının sakinlərini və sərhədləri qorumaq üçün yerləşdirildiyini bildirib.[59] Lakin ordunun müharibə dövründə Azərbaycanla sərhəddə təlimlər keçməsi və buraya yerləşdirilməsi yerli sakinlər tərəfindən etirazla qarşılanıb.[60]
Qaradağda yaşayan milli fəal Vüqar Nemət Azadlıq Radiosunun Azərbaycan xidmətinə müsahibə verdikdən sonra oktyabrın 30-da Kəleybər şəhərinin ETTELAAT qüvvələri tərəfindən həbs edilib. Bu müsahibəsində o, güney azərbaycanlıların sevinclə döyüşləri və Azərbaycan ordusunun irəliləyişini izlədiyini deyib.[61]
Digər bölgələr
Oktyabrın 1-də Tehranda İmam Hüseyn meydanı və 17 Şəhrivər küçəsində Azərbaycana dəstək aksiyası başlayıb.[62] Aksiya iştirakçıları Azərbaycan bayrağı qaldırıb, “Ermənistana dəstək cinayətdir”, “Norduz bağlanmalıdır”, “Yaşasın Azərbaycan”, “Qarabağ can Qarabağ mən sənə qurban Qarabağ” və “Qarabağ bizimdir, bizim olacaq”, şüarları səsləndiriblər.[63]
Xiyav və Muğan bölgələrində keçirilmiş dəstək aksiyalarında Vəhid Xavəndi, Siyamək Seyfi, Kazım Səfabəxş, Mehdi İbadullahi, Şəhruz Himmətoğlu və Peyman Ağayi saxlanılıblar. Sulduzda insanlar Azərbaycana dəstək aksiyası keçirmək üçün bələdiyyəyə müraciət etsələr belə yox cavabı alıblar. Aksiyanın təyin olunduğu gündən bir gün qabaq isə bir neçə milli fəal saxlanılıblar.
Oktyabrın 4-də Culfa şəhərində Səid Sultani və Babək Kiyumərsi həbs olunublar. Onlar 2 aydan çox Təbrizdə ETTELAAT təcridxanasında daha sonra isə Təbriz həbsxanasında saxlanılıblar. Hər ikisi 2021-ci ilin dekabr ayında Təbriz İnqilab Məhkəməsinin 3-cü şöbəsi tərəfindən İran Cinayət Məcəlləsinin 499-cu maddəsinə görə, “ölkənin təhlükəsizliyini pozmaq məqsədilə qeyri-qanuni qruplara üzv olmaq” ittihamı ilə 2 il həbs cəzasına məhkum olunublar.
Oktyabr ayında Nadarlı qəsəbəsində Aydın Hilali öz dükanının üzərinə “Qarabağ bizimdir, bizim olacaq!” şüarı yazılmış plakat asıb. Bundan sonra onun dükanı İran polisinin ümumi məkanlara nəzarət bölməsi tərəfindən bağlanıb. Murtuz Nurməhəmmədi və Hüseyn Əmani isə həmin plakatla əlaqədar İran polisinin kəşfiyyat şöbəsinə çağırılıblar.[64]
Bir neçə gün əvvəl oktyabrın 18-də baş tutacaq “Erməni terrorçularına dəstəyi dayandırın!” adlı aksiyaya çağırış verilib. Bu çağırışda aksiyanın baş tutacağı yerlər və saatlar qeyd olunub. Təşkilatçılar yaydıqları posterdə tələb kimi Nordüz sərhəd keçid məntəqəsinin bağlanmasını və İranın Ermənistana dəstəyini dayandırmasını qeyd ediblər.[65]
Oktyabrın 18-də Rəşt şəhərində Gilan əyalətinin İslami Mədəniyyəti və İrşad İdarəsinin qarşısında şəhərin azərbaycanlı əhalisi tərəfindən Azərbaycan ordusuna dəstək aksiyası keçirilib. Aksiya iştirakçıları üzərində “Biz Azərbaycanın tərəfdarı deyilik, biz azərbaycanlıyıq” yazılmış plakat qaldırıblar.[66] Bundan sonra Vədud Əsədi, Məhəmməd Eyni, İbrahim Gənci həbs olunublar. Məhəmməd Eyni “sistemə qarşı təbliğat aparmaq”, “milli təhlükəsizliyə qarşı fəaliyyət göstərmək” ittihamları ilə mühakimə edilərək, ümumilikdə 2 il 7 ay həbs cəzasına məhkum olunub.
Azərbaycana dəstək bəyanatları
Sentyabrın 27-də Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Azərbaycan ordusunun işğal olunmuş ərazilərini antiterror əməliyyatı ilə azad etməsini düzgün və beynəlxalq hüququn normalarına uyğun addım kimi dəstəklədiklərini və bu işdə Azərbaycan dövlətinin və Azərbaycan ordusunun yanında olduqlarını bəyan ediblər.[67]
Oktyabrın 1-də İranda yaşayan 100 azərbaycanlı kinematoqrafçı Ermənistanın Azərbaycana qarşı olan hərbi təcavüzünü pisləməklə Qarabağın Azərbaycan ordusu tərəfindən azad olunmasını dəstəklədiklərini bildirən bəyanat yayıblar.[68]
Azərbaycanı dəstəklədikləri üçün həbs olunan insanlar güc strukturları tərəfindən Azərbaycan xeyrinə casusluqda və Azərbaycan tərəfdaşı olmaqda ittiham olunduqları üçün insanlar buna etiraz məqsədilə oktyabrın 1-də Azərbaycan Respublikası və ordusuna dəstək, eləcə də İran hökumətinə etiraz məqsədilə “Biz Azərbaycanın özüyük!” adlı aksiyaya start veriblər. Aksiyaya qatılanlar üzərində “Biz Azərbaycanının yandaşı deyilik, biz Azərbaycanın özüyük” cümləsi yazılmış plakatları əllərində tutaraq öz fotolarını çəkib, sosial şəbəkələrdə paylaşıblar.[69] Aksiyaya minlərlə vətəndaş qoşulub.[70]
Oktyabrın 1-də qaşqay türklərinin milli-mədəni, siyasi və ictimai fəalları Ermənistanın Azərbaycana hərbi təcavüzünü pisləməklə yanaşı, işğalda olan rayonlarını Ermənistan işğalından azad etmək üçün hərbi əməliyyatlara başlayan Azərbaycan Ordusuna dəstək verən birgə bəyanat yayıblar. Onlar bu bəyanatda Azərbaycan torpağının işğaldan azad olunması uğrunda döyüşməyə hazır olduqlarını da bildiriblər.[71]
Oktyabrın 3-də “Amnesty International” təşkilatı aksiyaların ilk günündə Ərdəbildə tutulan 20 türk fəal, o cümlədən Əsgər Əkbərzadə, Murtaza Pərvin, Mustafa Pərvin, Məhəmməd Colani, Meysəm Colani və Əli Xeyrcunun vəziyyəti ilə bağlı narahat olduğunu bildirib.[72]
Oktyabrın 3-də Güney Azərbaycan Şairlər və Yazıçılar Birliyinin təşkilatçılığı ilə İranda yaşayan 669 türk şair, yazıçı və alimlər Azərbaycanı dəstəkləyən bəyanat veriblər. Onlar öz bəyanatlarında Qarabağın qeyd şərtsiz Ermənistan işğalından azad olunmasını istəyiblər.[73]
Oktyabr ayında bir qrup güney azərbaycanlı feminist Qarabağ münaqişəsi ilə bağlı bəyanat yayıblar. Onlar bu bəyanatda müharibəni qınadıqlarını və sülhün təmin edilməsi üçün BMT qərarlarının həyata keçirilməsi ilə bərabər işğala son verilməsini tələb etdiklərini ifadə ediblər.[74]
Oktyabr ayının 6-da Güney Azərbaycanda fəaliyyət göstərən Azərbaycan Tələbə Hərəkatı Azərbaycana dəstək bəyanatı yayıb. Tələbə Hərəkatının bəyanatını Təbriz, Həmədan, Urmiya, Gilan, Zəncan, Ərdəbil və Tehran kimi şəhərlərdə yerləşən universitetlərdə fəaliyyət göstərən müxtəlif tələbə təşkilatları, jurnalları və dərnəkləri imzalayıblar.[75]
Həbs olunanlara dəstək
2020-ci ilin avqust ayında ABŞ-dəki azərbaycanlı diaspora üzvləri Vaşinqtonda İran İslam Respublikasının maraqlarını təmsil edən ofis binasının qarşısında etiraz aksiyası keçiriblər. Onlar bəyanat yayaraq İranda hökumət tərəfindən azərbaycanlıların hüququnu müdafiə edən milli fəallara qarşı artan təzyiqləri pisləyiblər. Bundan başqa milli fəallar Dr. Lətif Həsənli, Abbas Lisani, Əlirza Fərşi, Behnam Şeyxi, Həmid Mənafi Nadarlının və 2020-ci ilin iyul ayında Azərbaycan Respublikasına dəstək üçün müxtəlif şəhərlərdə baş tutmuş mitinqlərdə iştirak edib tutulan Yasəmən Zəfəri, Həkimə Əhmədi, Sədullah və Rəhim Sasaniyan, Həmid Cabbarlı, Məqsud Fəzli və digərlərinin sərbəst buraxılmasını tələb ediblər.[76]
Qarabağa dəstək mitinqlərində insanların həbs olunmalarına qarşı bir neçə bölgədə divarlara şüarlar yazılıb. Ərdəbildə divarlara “Azərbaycanlı sənətçiləri və siyasi fəalları azad buraxın”, “Qarabağa dəstək olan fəalları azad buraxın” kimi şüarlar yazılıb.[77]
2021-ci il oktyabr ayının 14-də Azərbaycan Respublikasında yaşayan hüquq müdafiəçiləri güney azərbaycanlı fəalların həbsi ilə bağlı BMT-nin İnsan Hüquqları Komitəsinə, “Amnesty İnternational” təşkilatına və İrana müraciət ünvanlayıblar. Onlar fəallara qarşı təhlükəsizlik qüvvələri tərəfindən fiziki zor və işgəncələrin tətbiq edilməsini, onlara qarşı qeyri-insani tərzdə davranmalarını, onların həbs edilmələrinin insan hüquqlarının pozulması kimi qəti pisləyərək ciddi narazılıqlarını bildirib, dərhal azadlığa buraxılarını tələb ediblər.[78]
Müharibə bitdikdən sonra
Müharibə bitdikdən sonra güney azərbaycanlılar müxtəlif şəhərlərdə Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi münasibətilə qələbə yürüşləri keçirib, şirniyyatlar paylayıb, qurbanlar kəsiblər. Bu tədbirlərin bəziləri musiqi və rəqslərlə müşayiət olunub. Lakin İran təhlükəsizlik qüvvələri insanların bu tədbirlərinə mane olub, bəzilərini həbs edib, bəzilərini isə həbs etməklə təhdid ediblər. Təbriz, Ərdəbil, Urmiya kimi şəhərlərin mərkəzi meydanlarına giriş məhdudlaşdırıblar. Şəhər mərkəzlərinə xüsusi təyinatlı polislər cəmləşdiriliblər.[79]
Şuşanın azad olunması xəbərindən sonra Urmiyanın mərkəzi küçələri olan Xəyyam və İmam küçələrində insanlara şirniyyat paylanıb. Dükanların qarşısında üzərində şirniyyatlar və içkilər olan masalar qoyulub. Axşam saatlarında Urmiyada yerləşən “Parke-cəngəli” parkında, Qoşaçayda, Təbrizdə və bir neçə bölgədə qələbə münasibətilə fişənglər atılıb.[80]
Makı şəhərində qələbəni qeyd edən azərbaycanlılar Azərbaycan bayraqları və müxtəlif şüarlarla şəhərin küçələrində avtoyürüş keçiriblər.[81] Makı sakini Əli Hüseynnəjad Əsli yaşadığı şəhərdə Şuşanın azad olunması münasibətilə insanlara şirniyyat payladığı üçün növbəti gün noyabrın 12-də ETTELAAT məmurları onun geyim satışı mağazasına hücum edərək onu həbs ediblər.[82] Sərab şəhərində Qarabağın azad olunmasını qeyd etmək üçün qurban kəsdiklərinə görə Firuz Əqili və Babək Delxuni həbs olunublar.[83]
2020-ci ilin noyabr ayında Abbas Lisaninin oğlu Oqtay Lisani Şuşanın işğaldan azad edilməsi münasibətilə şirniyyat payladığı üçün Ərdəbil İctimai İaşə Obyektlərinə Nəzarət İdarəsi tərəfindən “ictimai fikri narahat etməkdə” ittiham edilib. Onun Ərdəbil bazarındakı dükanı bağlanıb və burada işini davam etməsi qadağan olunub.[84]
Tikantəpə şəhərində vətəndaşların bayram tədbirinə İctimai İaşə Obyektlərinə Nəzarət İdarəsinin nəzarətçiləri tərəfindən hücum edilib. 16 yaşlı Əmir Rza Muradi Pəhləvan, 16 yaşlı Hüseyin Sədri və 15 yaşlı Əli Sədri adlı 3 yeniyetmə həbs olunublar. Daha sonra təhlükəsizlik qüvvələri tədbirdə iştirak edən Məcid Zahedpur, Saeb Nəhavəndi Tikantəpə və Abdullah Qulami adlı üç milli mədəni fəalı da həbs ediblər. Buna səbəb onların Azərbaycanın müharibədə qələbə qazanması ilə bağlı fişəng atıb, milli şüarlar səsləndirdikləri videonun yayılması olub. Həbs olunanlar bir neçə saat dindirildikdən sonra sərbəst buraxılıblar. Onları Qarabağın azadlığını qeyd etmələri ilə bağlı çəkdikləri videoçarxı yenidən paylaşacaqları təqdirdə, həbs olunacaqları ilə bağlı hədələyiblər.[85]
Son
Həbs xəbərlərini izləməklə təxmini hesablamaq olur ki, 2020-ci il ərzində Azərbaycana dəstək, İrana və Ermənistana etiraz məqsədilə İranda baş tutmuş aksiyalarda 300-ə yaxın azərbaycanlı həbs edilib. Həbs olunanlar arasında təkcə aksiya iştirakçıları olmayıb. Rejim tərəfindən Azərbaycanın qələbəsi münasibətilə qurban kəsən, şirniyyat paylayan və ya fişəng atan insanlar da saxlanılıblar. Onların arasında qadınlar, qocalar, yeniyetmələr və əlil də olub. Bir neçə qadın hətta öz övladları ilə birgə saxlanılıblar. Məsələn Təbrizdə saxlanılmış Fatma İbrahimzadə 13 yaşlı qızı Kövsər Nemətinin gözləri qarşısında dindirilib və işgəncəyə məruz qalıb.[86] Həbs olunanlar saxlanılarkən, eləcə də saxlanıldıqdan sonra həbsxanalarda döyülüb təzyiqlərə məruz qalıblar. Bundan başqa nəzərə almaq lazımdır ki, bəzi hallarda həbs olunanlar ya təhlükəsizlik qüvvələrinin təzyiqi ilə ya da gələcəkdə də ölkədə yaşamağı düşündükləri üçün və ya öz işlərini itirməmək üçün öz adlarının hər hansısa saytda və ya hesabatda qeyd olunmasını istəmirlər. Məhz buna görə də onların ailələri həbs olunanlar haqqında heç bir məlumat vermirlər.
Güney azərbaycanlıların təzyiqi ilə İran ərazisindən Ermənistana aparılan Kamaz markalı hərbi təyinatlı yük maşınları müəyyən müddətdən sonra sərhəddə saxlanılıb və müharibə bitənə qədər onlar Ermənistana buraxılmayıblar. Amma bu məsələ işıqlandırılmayana qədər bir neçə gün ərzində Ermənistana hərbi yüklər çatdırılıb. Bu yüklərin içərisində dəqiq nələr olub bilinmir. Amma hər bir halda İran rəsmilərinin təsdiqlədikləri yük maşınları belə hərbi təyinatlı olublar. Və bu dövr ərzində Ermənistan ərazisinə neçə hərbi yükün keçməsi ilə bağlı heç bir məlumat yoxdur.
2021-ci ilin mart ayında jurnalist Pərviz Yari verdiyi müsahibədə qeyd edib ki aksiyalar dövründə və ondan sonra da ümumilikdə 2020-ci il ərzində 242 türk fəal həbs olunub. Həbs olunanlar arasında onlarla qadın da olub. Aksiya iştirakçılarının bəzilərinə şallaq cəzası da verilib. Hüquq müdafiəçiləri Jalə Təbrizli və Şahin Xiyavlıya görə məhkəmələrin bu cəzanı verməkdə məqsədləri milli fəalların şərəfini alçaltmaq olub.[87]
Məqaləni yazmaqda məqsədim soydaşlarımızın o çətin günlərdə bizim yanımızda olmaqlarını göstərməkdir. Bəzən Güney Azərbaycanla bağlı olan xəbərləri hər gün izləyən mən belə o dövrdə olan hadisələri unuduram. Ümidvaram, bu məqalə məsələdən xəbəri olanlarla yanaşı xəbəri olmayanlar üçün də bir yaddaş kitabçası rolunu oynayacaq. Soydaşlarımızın əziyyətini unutmayaq və bilək ki, bir gün onların da bizim dəstəyimizə ehtiyacları olacaq. O gün uzaqda deyil.
[1] Məhəmməd Hatəmi Tantəkin –Təbrizdə qurulmuş Azərbaycan Milli Hökuməti dövründə ADF-nin gənclər təşkilatının üzvü olub. Milli hökumət dağıdıldıqdan sonra ailəsi ilə birlikdə sonra Azərbaycanın quzeyinə köçüb. XX əsrin sonlarında Azərbaycanda baş vermiş Milli Azadlıq Hərəkatının əsas aparıcı qüvvələrindən biri olan Çənlibel təşkilatının qurub. Qanlı Yanvar hadisələrindən sonra Xəlil Rza Ulutürklə birlikdə Sovet hökuməti tərəfindən həbs olunaraq Moskvadakı Lefortovo həbsxanasına aparılan 6 nəfərdən biri olub. 9 aylıq həbsdən sonra geri qayıdıb və Qurtuluş batalyonunun tərkibində I Qarabağ Müharibəsində iştirak edib.
[2] İsfəndiyar Coşqun – Təbrizdə qurulmuş Azərbaycan Milli Hökuməti dövründə fədailər dəstəsinin üzvü olub. Milli hökumət dağıdıldıqdan sonra ailəsi ilə birlikdə Azərbaycanın quzeyinə köçüb. 1948-ci ildə İsmayıl Tarıqpeyman ilə birlikdə əsas məqsədi gənclər arasında siyasi təbliğat aparmaq və bütöv Azərbaycanı qurmaq olan “Gənc qvardiyaçılar” adlı gizli təşkilat qurub. Daha sonra təşkilat dağıdılıb və üzvləri Sibirə sürgün olunublar. Sovet hakimiyyətinə qarşı dissident kimi tanınıb. “Çənlibel” və “Birlik“ təşkilatlarının qurulmasında iştirak edib. 1989-cu ildə baş tutmuş aksiyaların birində 31 nəfərlə birlikdə həbs olunur. Həm həbs olunarkən döyülməsi həm də saxlandığı kameraya qaz buraxılması onun səhhətinə mənfi təsir edib. Həbsdən çıxdıqdan sonra dünyasını dəyişib.
[3] Sirus Təbrizli – Təbrizdə doğulub, Milli Azadlıq Hərəkatının əsas simalarından eləcə də Yeni Azərbaycan Partiyasının qurucu üzvlərindən biri olub. Azərbaycan Milli Məclisinin I və II çağırış millət vəkili həm də 1997-2000-ci illərdə Azərbaycanın mətbuat və informasiya naziri olub. 2007-ci ildə çıxışlarının birində partiya üzvlərini və eləcə də hakimiyyətdəki bəzi vəzifəliləri tənqid etdiyinə görə partiyadan uzaqlaşdırılıb.
[4] Rza Diqqəti – Təbrizdə doğulub fotoqraf və fotojurnalistdir. 1981-ci ildən Fransada yaşayır. Milli Coğrafiya Cəmiyyətinin fotoqrafıdır. Qanlı Yanvar faciəsindən sonra ölkəyə gəlib. Burada baş verənləri gizli şəkildə lentə alıb daha sonra isə fotoları xarici ölkələrdə yayımlayıb. I Qarabağ Müharibəsi dövründə də Azərbaycana gəlib. Burada bir çox vacib tarixi anları çəkərək xaricdə ictimailəşdirib
[5] Təbrizdə Ermənistanın konsulluğu açılır / Azadlıq Radiosu
[6] Abbas Lisani- Prisoner of Conscience / Amnesty International
[7] UA 163/06. Incommunicado detention/Fear of torture/Medical concern / Amnesty International
[8] Սելֆի Իրանի հայ համայնքի հետ՝ «Արարատ» ակումբում:) / Nikol Paşinyanın rəsmi feysbuk hesabı
[9] Güney Azərbaycandan ermənilərə cavab: Araratın divarında “Qarabağ Azərbaycanın ayrılmaz parçasıdır” şüarı yazıldı-Şəkil / GADTB
[10] بازداشت سه تن از هواداران تیم تراختور در ورزشگاه سهند / araznews.org
[11] СМИ: В Иране к азербайджанцам, задержанным за протесты против провокационного селфи Пашиняна, применяются пытки – ФОТО – ВИДЕО / 1news.az
[12] Qarabağ bizimdi bizim olacaq şüarı Təbrizdə / GADTB
[13] Qarabağ bizimdir bizim olacaq baneri Təbrizdə / GADTB
[14] Təbrizdə Azərbaycan bayrağı / YouTube | Kamran Ədalət
[15] South Azerbaijanis Stand Up For Karabakh: ” Karabakh is Ours, Will Remain As Such!” / southazerbaijan.com
[16] 29 azərbaycanlı fəala fiziki zorakılıq – İran həbsxanasında / teleqraf.com
[17] Tehranda erməni konsulluğuna vərəqələr yapışdırıldı / axar.az
[18] Urmiyada da Qarabağ şüarı… – VİDEO / aznews.az
[19] Rejimin stadionu mühasirəyə almasına baxmayaraq Təbrizdə Qarabağ şüarı səsləndi – Video / GADTB
[20] “Traktor” azərkeşlərindən Azərbaycana dəstək şüarları: “Qarabağ bizimdir, bizim olacaq!” – VİDEO / press.az
[21] İran maşınları Qarabağa yük daşıyır / YouTube | Vüsal Məmmədzadə
[22] Iranian trucks in Karabakh spark protest in Azerbaijan / eurasianet.org | Joshua Kucera
[23] Iran Denies Facilitating Transfer of Russian Arms to Armenia / caspiannews.com | Orkhan Jalilov
[24] Qarabağdakı müharibə; İrandakı Türk vətəndaşların üçüncü həbs dalğasının başlanğıcı / iranwire.com
[25] İran Azərbaycanında Qarabağa dəstək mitinqi sərt şəkildə dağıdılıb / Amerikanın Səsi | Hamid Məlioğlu
[26] Beş Təbrizli vətəndaş cəmi beş il həbs və 300 şallaq cəzasına məhkum edildilər / iranwire.com
[27] İran Azərbaycanında iki milli fəala bəraət qazandırılıb / Amerikanın Səsi | Hamid Məlioğlu
[28] İranda 18 türk fəalın saxlandığı deyilir / Azadlıq Radiosu
[29] The condition of Azerbaijani activists arrested in recent days / aznews.tv
[30] مراجعه جوانان در تبریز برای ثبت نام جهت آزادسازی قره باغ به کنسولگری آزربایجان شمالی / araznews.org
[31] Iran denies allowing passage of weapons into Armenia after video emerges on social media / intellinews.com
[32] Tehran Denies Sending Russian Arms To Armenia Via Iran / Radio Farda
[33] انتقال کامیونهای روسی از خاک ایران! / iribnews.ir
[34] İran səfirindən gözlənilməz açıqlamalar – RƏSMİLƏR / Baku TV – 13:49
[35] Protests Erupt In Iran Backing Azerbaijan In Nagorno-Karabakh Conflict / Radio Free Europe/Radio Liberty
[36] Təbrizdə Azərbaycan ordusuna dəstək aksiyası / Meydan TV
[37] İran polisi Ərdəbildə Qarabağa dəstək mitinqini sərt şəkildə dağıdıb / Amerikanın Səsi
[38] تشدید نگرانیها در پانزدهمین روز بیخبری از وضعیت بازداشتشدگان پارک جیرال اردبیل / iranwire.com
[39] Ərdəbildə Azərbaycan Ordusuna dəstək aksiyası: 50 nəfərədək soydaşımız saxlanılıb / ayna.az
[40] Güneyli fəal Əli Xeyrcu Ərdəbil Kəşfiyyat İdarəsinə çağırılıb / Amerikanın Səsi
[41] Qarabağ muharibəsində Azərbaycanı dəstəkləyən İki Ərdabili mədəni fəal şallaq və həbs cəzasına məhkum edildi / iranwire.com
[42] “Ərdəbildə Azərbaycana dəstək aksiyası ilə bağlı iki fəalın hökmü qüvvədə saxlanılıb” / azadliq.info
[43] İranın on şəhərində keçirilən etiraz mitinqlərindən sonra ən az altmış nəfər saxlanılıb / iranwire.com
[44] “Ərdəbilli fəal işgəncələrə məruz qalıb” / Amerikanın Səsi
[45] “Iranda həbsdə olan Abbas Lisaninin ziyarət və telefon əlaqələrinə qadağa qoyulub” / Amerikanın Səsi
[46] “Abbas Lisani ona qoyulmuş qadağalara etiraz olaraq oturaq aksiya keçirib” / Amerikanın Səsi
[47] “Ərdəbildə Qarabağa dəstək aksiyası ilə əlaqədar 12 vətəndaşa ümumilikdə 15 il həbs və 888 şallaq cəzası kəsilib” / Amerikanın Səsi | Hamid Məlioğlu
[48] Təbriz 2020/10/01 – Qarbağ üçün Azərbaycan ordusuna dəstək / Oğuz TV
[49] حمله پلیس به تجمع تبریز در حمایت از جمهوری آذربایجان در جنگ قره باغ / VOA Farsi
[50] “Əkbər Mühaciri Təbrizin mərkəzi həbsxanasına köçürülüb” / Amerikanın Səsi | Hamid Məlioğlu
[51] Təbrizdə daha bir Qarabağ aksiyası / YouTube – Açıq Azərbaycan
[52] “گزارشی تازه از بازداشت شدگان اعتراضات آذربایجان به ادامه فعالیت گمرک نوردوز” / aznews.tv
[53] “Qarabağa dəstək” aksiyalarında saxlanılan qadınların adları açıqlanıb” / Amerikanın Səsi | Hamid Məlioğlu
[54] “Siyamək Kuşi: İki günə yaxın bizi döydülər, ac və susuz saxladılar” / Amerikanın Səsi | Hamid Məlioğlu
[55] Mehdili, Məhsa. 44 günlük Qarabağ savaşında Güney Azərbaycan (az.). Bakı: Azərbaycan Yüksəliş Partiyası kitabxanası. 2022. 116. ISBN 9789952377880.
[56] “İranın on şəhərində keçirilən etiraz mitinqlərindən sonra ən az altmış nəfər saxlanılıb”. / iranwire.com
[57] Tarixi Xudafərin körpüsü üzərində Azərbaycan bayrağı ucaldı / DSX Media
[58] “ایران در مرز جمهوری آذربایجان نیرو و سلاح سنگین مستقر کرد – DW – ۱۳۹۹/۸/۴” / dw.com
[59] “فرمانده نیروی زمینی سپاه از شهرستان خداآفرین بازدید کرد” / irna.ir
[60] “Nəcəf Neməti: İranın Azərbaycanla sərhəddə hərbi texnika yerləşdirməsi yerli əhalinin narazılığına səbəb olub” / Amerikanın Səsi
[61] “Arazın o tayında da Əliyevin tvitini gözləyənlər var: ‘Burda hamı Qarabağdan danışır'” / Azadlıq Radiosu
[62] “تجمع در تهران و تبریز در حمایت از جمهوری آذربایجان”. / independentpersian.com
[63] تظاهرات در تهران و تبریز در حمایت از جمهوری آذربایجان / al-ain.com
[64] “İran Azərbaycanında ‘Qarabağ bizimdir’ plakatını nümayiş etdirən vətəndaşın mağazası möhürlənib” / Amerikanın Səsi
[65] Güney Azərbaycanda İrandan Ermənistana silah-sursatın daşınmasına etirazlar bazar günü keçiriləcək / GADTB
[66] “Vədud Əsədi Rəşt həbsxanasına köçürülüb” / iranwire.com
[67] “GADTB başqanı Əjdər Tağızadənin Azərbaycan ordusunun Ermənistanın cəbhədə təxribatına layiqli cavabı ilə bağlı bildirişi” / GADTB
[68] “بیانیه جمعی از سینماگران آذربایجانی ایران در حمایت از آزادی قرهباغ؛ به اشغال قرهباغ خاتمه دهید” / aznews.tv
[69] Güneydə “Biz Azərbaycanın ÖZÜYÜK, qardaşı DEYİLİK” adlı KAMPANİYAYA MİNLƏRLƏ HƏMVƏTƏNİMİZ QOŞULDU / Kanal 13
[70] “”We are Azerbaijan” campaign is gaining popularity • Aznews TV” / aznews.tv
[71] “Qaşqay türkləri bəyanat yaymaqla Ermənistanın Azərbaycana hərbi təcavüzünü pislədilər” / GADTB
[72] Urgent action / Amnesty International
[73] بیانیه جمعی از شاعران و نویسندگان آذری ایران در حمایت از آزادسازی قره باغ / qafqaz.ir
[74] “Bir qrup güneyli feminist Qarabağ münaqişəsi ilə bağlı bəyanat yayıb” / Amerikanın Səsi | Əlirza Quluncu
[75] “Azərbaycan Tələbə Hərəkatının son Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəyanatı” / GADTB
[76] “Azərbaycanlılar Vaşinqtonda etiraz aksiyası keçirib” / Amerikanın Səsi | Hamid Məlioğlu
[77] “İranda Qarabağa dəstək mitinqlərində həbslərə etiraz olaraq Ərdəbil divarlarında şüarlar yazılıb” / Amerikanın Səsi
[78] “Azərbaycanlı hüquq müdafiəçiləri fəalların həbsi ilə bağlı İrana müraciət ünvanlayıb” / Amerikanın Səsi | Türkan Bəşir
[79] “Şuşanın azad edilməsi İran rejimini qorxuya saldı-Şəkil” / GADTB
[80] “Güney Azərbaycan şəhərlər Şuşanın azad edilməsini bayram etdi-Video” / GADTB
[81] “Güney Azərbaycan şəhərlər Şuşanın azad edilməsini bayram etdi-Video” / GADTB
[82] “Ermənipərəst İran rejimi Şuşanın azad edilməsinə sevindiyinə görə Əli Hüseynnəjad Əsli həbs edib” / GADTB
[83] “İran Azərbaycanında Qarabağ şənliklərində iştirak edənlər həbs edilir” / Amerikanın Səsi | Hamid Məlioğlu
[84] “Qarabağ müharibəsi bitdikdən sonra ən az 13 nəfər qoyun qurban kəsdikləri üçün tutuldular” / iranwire.com
[85] “Qarabağ müharibəsi bitdikdən sonra ən az 13 nəfər qoyun qurban kəsdikləri üçün tutuldular” / iranwire.com
[86] “Pərviz Yari: İran Azərbaycanında mədəni fəallar çətin bir il yaşadılar” / Amerikanın Səsi | Əlirza Quluncu
[87] “Jalə Təbrizli: Artıq BMT-də İran Azərbaycanının problemlərini daha çox səsləndirməyə imkanımız var” / Amerikanın Səsi | Əlirza Quluncu