Türkiyə prezidentinin “Arazı ayırdılar” şeirini oxumasından sonra Tehran rəhbərləri əsəbləşərək diplomatik səhvlərlə Cənubi Azərbaycan məsələsini qloballaşdırdılar. Beləliklə, Tehranın cənubi Azərbaycan kimliyinə qarşı inkar etmə siyasəti yarımçıq və nəticəsiz qaldı. Mütləq demək olar ki, Ərdoğanın bu şeiri oxumaqdakı niyyətləri haqqında, ən açıq, şübhəsiz və sənədləşdirilmiş izah Millətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı tərəfindən ifadə edildi. Bağçalı Ərdoğanın işarə etdiyi Arazın cənubundakı coğrafiyaları açıqlayıb başqa bir şeirdə Arazın adını xatırlatmaqla yanaşı, tarixi Marağa şəhərindən də bəhs edərək deyir: “Məlumatlı olanlar Marağanın coğrafi mövqeyindən tam xəbərlidirlər, buna görə də bu şeirin oxunmasına reaksiya göstərə bilərlər.

Coğrafiyalarımızı çaylar ayıra bilər, dağlar ayıra bilər, zülm ayıra bilər, işğalçılar ayıra bilər, yollar ayıra bilər; ancaq biz eyni təndə eynı canıq, bir tərəfimiz Türkiyə, digəri Azərbaycandır. Hər ayrılıq qovuşmağın və hər parçalanmaq bir başqa qucaqlaşmanın xəbərçisidir.

Hörmətli prezidentimiz oxuduğu bir şeir, xüsusilə İranda böyük bir rahatsızlığa səbəb olmuşdur. Bu ölkənin Xarici İşlər naziri əsassız təpki göstərmiş, İran Məclisində 225 millət vəkili də hazırlanan qınama məktubuna birgə imza atmışlar.

Günəşi palçıqla sıvamaq ağıl ilə uyğundurmu? 1828 Türkmənçay müqaviləsindən bəri həyata keçirilmiş məcburi status-kvonu qəbul etmək türklüyün vicdanında qarşılıq tapacaqmı? Arazı ayırmadılarmı? Ümidləri ayırmadılarmı? Bu qədər rahatsızlıq duyulmasının izah və ifadəsi necə yozulmalıdır?

Bir daha da mən səslənirəm: “Arazı ayırdılar, mil ilə doyurdular, mən səndən ayrılmazdım, zor ilə ayırdılar. Ay Laçın, can Laçın, mən sənə qurban Laçın”. Bu şeirin harası yalnışdır? Ermənistana açıq şəkildə dəstək verənlər bizə nə anladırlar? Arazı ayırdılar, hətta qopartdılar.

Rəhmətlik şairimiz Arif Nihat Asya baxın nə deyirdi:

Ağlayın,

Barmaqları nur sularından xınalı qızlarım;

Ağlasın,

Marağa göylərindən

Marağaya baxan ulduzlarım,

Bu yaxın suların

Qolu nədən bükülməz,

Fərat nə üçün,

Dəclə nə üçün,

Araz nə üçün

Məndən doğar, mənə tökülməz?

Buyursunlar, bu şeirə də etiraz etsinlər. Marağanın harda olduğunu bilənlər bilir, bilməyənlər də sürətlə inşallah öyrənməkdədirlər. Türkün sünnisi, şiəsi olmaz, çünki türk türkdür, başqa təsvirə və təfsirə sığmaz. Türklüyə sərhəd qoyula bilməz, divar çəkilməz.

Bilinsin ki, Ötükənin strateji ağlının təsiri azaldıla bilməz, müqəddəs hədəflərinin üstünə xətt çəkilə bilməz.

Keçmişdə demişdim, yenə də deyirəm: Yavuz nə qədər türkdürsə Şah İsmayıl da o qədər türkdür. İkisi də böyük türk sultanıdır. Cəm də bizim, səmah da… Cami də bizim, cəmevi də… Ankara və Bakı nədirsə, Xorasan, Ərdəbil, İsfahan bizim gözümüzdə odur. Türk, türkə düşmən edilə bilməz”.

Yuxarıdakı sözlər Ərdoğanın Bakıda etdiyi çıxış haqqında Dövlət Bağçalının söylədiyi sözlərin bir hissəsidir.  Bu, birinci dəfə deyil ki, Bağçalı sözlərində Tehranı hədəf alır. 2018-ci ildə də Güney Azərbaycan xalqına olan dəstəyini açıqca bildirib belə demişdir: “Biz təhqir edilmiş Güney Azərbaycan millətinin yanında duraraq onları bağrımıza basırıq”.

Millətçi Hərəkat Partiyasının düşüncəsi hamıya aydın və şübhəsizdir. Ancaq sual budur ki, Bağçalının sözləri nə qədər önəmlidir? O sözlərini sadəcə partiyalar səviyyəsində və iç siyasətə əsasənmi söyləmişdir, yoxsa onun sözləri Türkiyənin ümumi siyasətindən xəbər verir?  Bağçalının sözləri Türkiyənin Güney Azərbaycan haqqında 18 illik səssizlik siyasətinin sona çatmasından xəbər verirmi? Bu qısa yazıda bu mövzu haqqında danışılacaq.

Türkiyədəki Millətçi Hərəkat Partiyası (MHP) ilə Ədalət və İnkişaf Partiyası (AKP) arasındakı münasibətlərdə dönüş nöqtəsi 2016-cı ilin uğursuz çevriliş cəhdidir. Bundan əvvəl Millətçi Hərəkat Partiyası Rəcəb Tayyib Ərdoğanın ciddi rəqibi sayılırdı. MHP rəhbərliyi ümumilikdə Ərdoğanın bütün daxili və xarici siyasətlərini həmişə sərt şəkildə tənqid edirdi. O ildə Türkiyənin siyasi quruluşunda köklü dəyişikliklər baş verdi. Çiçəklənmə dövrünü itirən AKP 2018-ci il seçkilərində Millətçi Hərəkat Partiyası ilə ittifaqa güvənərək seçkiləri qazandı. Onlar uzun illər şiddətli və tənqidi rəqib olmalarına baxmayaraq uğursuz bir çevriliş cəhdi nəticəsində bir-birinə yaxınlaşıbTürkiyə siyasi sisteminin iki fikir qanadları oldular.

Ərdoğanın prezident seçilməsində Dövlət Bağçalının partiyasının etkisi danılmazdır. Bu birlik ittifaqı gerçəkləşdikdən sonra hər iki partiyanın siyası elitaları, ortaq bir fikir otağı qurub Türkiyənin daxili və xarici siyasətlərini ortaq şəkildə bu günə qədər formalaşdırmağa davam etdirmişlər. Ərdoğanın Güney Azərbaycanla bağlı səssizlik siyasətini keçmiş 18 ildə istər baş nazir olduğu, istər prezident olduğu zaman gözdən keçirsək, Bağçalının etkisini daha da aydın görə bilərik. Ancaq bu xeyirli ittifaqdan sonra MHP-nin siyasi fikirləri Türkiyənin ümumi siyasətini dərin etkilədi. Bu ittifaqdan sonra hər iki rəhbər rəqib kimi deyil, bir-bilərinin sözlərini təkmilləşdirmək etmək üçün çıxış etdilər. Siyasi səbəblərdən asılı olaraq Ərdoğan pərdə arxasında bəyan etdiyi hədəfləri bir saat sonra Bağçalı çıxış edib açıq-aydın izah edir. İki lider arasındakı söz və işbirliyi səviyyəsini ölçmək üçün 44 günlük Qarabağ müharibəsi dövründəki çıxışlarına baxış bu iddianı təsdiqləyir. Beləliklə, Bağçalının sözlərini yalnız partiya səviyyəsində dəyərləndirmək səhv və sadəlövhlik sayıla bilər. Yaranan ittifaqdan sonra onun sözlərini Türkiyənin ümumi siyasəti səviyyəsində dəyərləndirmək lazımdır.

Ancaq bütün başverənlərin digər tərəfində Tehran siyasətçiləri Türkiyənin Güney Azərbaycan türkləri ilə bağlı ciddi siyasətini gördükdən sonra Türkiyə ilə yaranan gərginliyin siyasi və iqtisadi ziyanlarının qarşısını almaq ümidi ilə çarəsizcə bir addım geriyə çəkildilər. İlk öncə, əsəbləşərək sərt və əsassız təpki göstərən İranın Xarici İşlər naziri ABŞ tərəfindən Türkiyəyə qarşı qoyulan sanksiyanı qınayaraq Türkiyənin yanında olduğunu elan etdi. İki ay Qarabağın azadlığından keçdikdən sonra ilk dəfə olaraq İran prezidenti erməniləri işğalçı adlandıraraq Qarabağın azadlığını alqışlayıb yeni bir iqtisadi fürsət kimi qiymətləndirdi. Bundan əlavə, Tehran və Məşhəd şəhərlərində yaşayan türklərlə Azərbaycan şəhərlərində yaşayan türklərin arasındakı birlik ruhunu etkiləmək üçün Tehran və Məşhəd şəhərlərinin ümumi yerlərində türklər haqqında elanlar uyğulandı. İlk dəfə olaraq İran rəsmi mediyası Azərbaycanın Traxtor komandasının Asiya Futbol Konfederasiyası tərəfindən Asiyanın ən çox azarkeşli olan komanda kimi seçilmək xəbərini yayımladı.  Bunların hamısı göstərir ki, Tehran Ərdoğan-Bağçalı ittifaqı ilə gərginli əlaqələrdənsə, Türkiyə siyasəçiləri ilə yola getmək siyasətini seçdilər. Onlar Bağçalının Güney Azərbaycan ilə bağlı fikirlərindən tam xəbərlidirlər və bilirlər ki, ən azı 2023 prezident seçkilərinə qədər bu ittifaq daha da güclü davam edəcəkdir. Dövlət Bağçalı İran türkləri arasında milli ruhun dirçəlməsini bilərək tarixdə yaşanan Səfəvi-Osmanlı iki qardaş müharibəsinə işarə edib deyir ki, şiəlik və sünnilik türklük qarşısında ən önəmsiz məsələdir. Beləliklə, Türkiyədə yaranan və davam edən ittifaq danılmış Güney Azərbaycanı qəbul etmək üçün Tehran hakimiyyətini məcbur buraxacaqdır və gələcəkdə Güney Azərbaycan coğrafiyası və milləti təsirli bir gerçəklik kimi Ankara və Bakı ilə Tehranın arasında olan əlaqələrə iz buraxacaqdır. Bu səbəbdən uzaq illərdə olduğu kimi Orta Şərqin ürəyi bir daha Təbrizdə döyünəcəkdir və İran türkləri bölgə və bölgəüstü siyasətlərdə etkili rol oynayacaqlar.

Behzad Ciddi  – Siyasi və İqtisadi təhlilçi