1917-ci ildə Rusiyada baş vermiş Oktyabr çevrilişi Cənubi Qafqazın siyasi həyatında da dəyişikliklərə səbəb oldu. Belə ki, bölgənin 3 əsas xalqı – türklər, gürcülər və ermənilər özlərini hələ ki “Vahid Rusiya”nın tərkibində gördüyü, lakin Rusiyada hakimiyyətə gələn bolşevikləri qəbul etmədiyi üçün Cənubi Qafqazda yeni idarəçilik forması kimi Zaqafqaziya Komissarlığını yaratdılar. Bu addım Osmanlı dövlətini əslində məmnun edirdi, çünki Qafqazın artıq Rusiyanın tərkibindən çıxmaqda olduğu, dolayısı yolla da Osmanlı və Rusiya üçün Qafqaz cəbhəsinin dağıldığı demək idi. Ona görə də Osmanlı rəhbərliyi vaxt itirmədən 1917-ci il dekabrın 5-də Rusiyanın iştirakı olmadan Cənubi Qafqaz Komissarlığı ilə Ərzincan barışığını imzaladı. Bununla, Qafqazda və Qara dənizdə hərbi əməliyyatlar bitir, sülh müqaviləsi bağlanana qədər barışıq qüvvədə qalırdı. Ərzincan barışığı Sovet Rusiyasını məcbur etdi ki, öz qoşunlarını Qafqazdan geri çəksin və “Dördlər İttifaqı” ilə tezliklə sülh müqaviləsi bağlasın. Bu barışıq həm də Zaqafqaziya Komissarlığının ilk müstəqil diplomatik uğuru da sayıla bilər, çünki Osmanlı hələ müstəqilliyi elan olunmamış bu “dövlət”i tanımış oldu.
Hadisələrin inkişafı ona gətirib çıxardı ki, 1918-ci ilin yanvarın 23-də Osmanlı, Almaniya, Avstriya-Macarıstan və Bolqarıstan ilə Sovet Rusiyası arasında Brest-Litovsk sülh danışıqları başladı və Osmanlı rəsmi şəkildə Cənubi Qafqaz Komissarlığını da danışıqlarda iştiraka dəvət etdi, lakin Komissarlıq Sovet Rusiyasını tanımadığı üçün danışıqlara qatılmaqdan imtina etdi. Əslində isə özünü artıq mövcud olmayan keçmiş Rusiya imperiyasının tərkibi kimi gördüyündən və Rusiya ilə münasibətləri korlamamaq istədiyindən bu məntiqsiz qərarı verdi. Danışıqlar zamanı Osmanlı dövləti ilə Sovet Rusiyası arasında 1877-1878-ci il rus-türk müharibəsi nəticəsində təzminat əvəzi Rusiyaya verilmiş Qars, Ərdəhan və Batumun geri qaytarılması barədə artıq razılıq əldə olunurdu. Fəqət fevralın 23-də yaradılmış Cənubi Qafqaz Seyminin erməni nümayəndələri Qars və Ərdəhanı, gürcü və dolayı yolla azərbaycanlı nümayəndələri isə (Bakı neftinin Qara dənizinə çıxışını əldə etmək üçün) Batumu geri qaytarmaq niyyətində deyildilər. Bu zaman kəsiyində Qafqaz cəbhəsindən geri dönən erməni və bəzi rus hərbi hissələrinin Bakıda yerləşməsi Azərbaycan Milli fraksiyasını narahat etdiyi üçün onlar bu məsələdə Osmanlı hərbi dəstələrindən kömək almaq niyyətində idilər. Bütün bunlar son nəticədə Osmanlı dövlətinin 1918-ci il fevralın 23-də Cənubi Qafqaz Seyminə müraciət edərək sülh danışıqlarına başlamaq təklifini irəli sürməsinə səbəb oldu. Danışıqların keçirilməsi üçün Tiflis, Batum, İstanbul kimi şəhərlər təklif olunsa da, son nəticədə Trabzonun üzərində dayanıldı [6, s.23]. Seymin martın 1-də keçirilmiş iclasında yalnız bu şərtlərlə sülh bağlanması qərara alındı:
1.Seym sülh bağlamaq üçün səlahiyyətlidir.
2.Osmanlı dövləti ilə sülh müqaviləsinin bağlanmasını Seym əsas vəzifəsi hesab edir.
3. Osmanlı ilə sülh müqaviləsi 1914-cü il sərhədlərinin bərpasına əsaslanmalıdır.
4. Cənubi Qafqaz nümayəndələri Şərqi Anadolunun təyini müqəddəratına və Osmanlı daxilində Türkiyə Ermənistanına muxtariyyət verilməsinə çalışacaqlar (bu maddəyə Azərbaycan nümayəndələri Seymdə ümumi razılıq əldə olunsun deyə etiraz etməmişdi) [2, s.83-84].
Seymin nümayəndələri hələ Trabzona yola düşməmiş xəbər gəldi ki, 1918-ci ilin martın 3-də Sovet Rusiyası Brest-Litovsk müqaviləsini imzalayaraq Qars, Ərdəhan və Batumun yerli əhalinin iştirakı ilə referendum keçirmək şərtiylə Osmanlıya geri qaytarılmasına razılıq verir. Seymin nümayəndələri dərhal hərəkətə keçərək dünyanın aparıcı dövlətlərinin paytaxtlarına teleqram vurur və qeyd edir ki, Cənubi Qafqaz hökumətinin icazəsi olmadan onun sərhədləri daxilində heç bir ərazi müqavilə ilə verilə bilməz [3, s.47]. Əslində, xüsusən Qars və Ərdəhanın geri alınmasına digər bir səbəb də Qafqazda olan erməni hərbi hissələrinin bu bölgədə yaşayan türk-müsəlman əhaliyə qarşı törədiyi qırğınlar idi. Çar Rusiyasının əsrin əvvəllərindən bəri yaratdığı bu vəziyyət bolşevik inqilabından sonra da ermənilərin xeyrinə olsa da, Brest-Litovsk sülh müqaviləsi vəziyyəti əksinə döndərir [7, s.387].
Konfransda Cənubi Qafqaz Seyminin nümayəndə heyətinə Akaki Çxenkelinin başçılıq etdiyi 43 nəfər daxil idi ki, bunlar sırasında Xəlil bəy Xasməmmədov, Mir Yaqub Mirmehdiyev, Əkbər ağa Şeyxülislamov, Məhəmməd Həsən Hacınski, İbrahim bəy Heydərov, Heydər bəy Abaşidze, Georgi Qvazava, Georgi Lasxişvili, Ovanes Ruben Kaçaznuni, Aleksandr Xatisovun adlarını çəkə bilərik. Bundan başqa, Məhəmməd Əmin Rəsulzadə müşavir və türkcə tərcüməçi kimi, Mixail Tumanov birinci katib kimi, Georgi Naneyşvili və Rusudan Mikoladze ikinci katib kimi, Əhməd bəy Pepinov, Saso Pirşalava və Georgi Veşapeli katib kimi nümayəndə heyətində təmsil olunmuşdular [4, s.93-107].
Hüseyn Rauf bəyin başçılıq etdiyi Osmanlı nümayəndə heyəti həm də Trabzon konfransına sədrlik edirdi. Martın 14-də konfransın ilk iclasını giriş nitqiylə açan Rauf bəy Osmanlı dövlətinin məqsədinin Cənubi Qafqazla uzunmüddətli sülh müqaviləsi bağlayaraq mehriban qonşuluq münasibətlərinin yaranması deyə qeyd etdi. Həmçinin müzakirələrdə əsas mövzuların Cənubi Qafqazın gələcək idarəçilik forması, sərhədləri, dövlət dini və dili, üstəlik Osmanlı dövlətinə qarşı necə münasibət bəsləyəciyinin müəyyən edilməsini vurğuladı [3, s.49]. İlk iclas Akaki Çxenkelinin xahişi ilə “Cənubi Qafqazın müstəqil yoxsa Rusiyadan asılı bir dövlət” olduğu sualına növbəti gün cavab vermək üçün bitdikdən sonra A. Çxenkelin Seym nümayəndələri ilə ayrılıqda gizli görüşlər keçirdi. Bu onu göstərirdi ki, Seymdəki birlik formal xarakter daşıyır, gürcülər, ermənilər və türklər hər biri öz xalqlarının taleyi uğrunda mübarizə aparırlar. Ona görə də A.Çxenkeli demişdi ki, irəli sürülən fikirlər bir xalq tərəfindən bəyənilib, digəri tərəfindən bəyənilmədiyi üçün Trabzon konfransında qalmağın bir faydası yoxdur.
Azərbaycan nümayəndələri ilə I iclasdan bir gün əvvəl keçirilmiş gizli görüşdə Şimali Qafqaz nümayəndələri də iştirak edirdilər və onlar Hüseyn Rauf bəyə Qafqazda müsəlmanlara qarşı təhlükə yarandığı üçün türk ordusunun Qafqaza girməsinin vacibliyini vurğulayırdılar. Gürcü nümayəndələrlə Osmanlı nümayəndələrinin gizli görüşündə isə A.Çxenkeli qeyd etdi ki, ermənilərin Qafqazda anarxiya yaratmaqlarından ehtiyat etdikləri üçün Osmanlı erməniləri ilə bağlı tələb təqdim etmişlər, amma bu tələbin üzərində möhkəm dayanmayacaqlar [4, s.93-107]. Martın 16-da konfransın 3-cü iclasında A.Çxenkeli absurd bir ifadə işlətdi ki, “Cənubi Qafqaz demək olar ki, müstəqil bir dövlətdir” və onlar Brest-Litovsk müqaviləsinin Qafqaza aid hissələrini qəbul etməyəcəklər. Seym nümayəndələri, xüsusən Batumun üzərində möhkəm dayanmışdılar, hətta Seymin 11 mart tarixli iclasında Noy Jordaniya obrazlı şəkildə demişdi: “Petroqrad (Sankt-Peterburq) Rusiya üçün, İzmir Türkiyə üçün nədirsə, Batum da Zaqafqaziya üçün eynidir” [2, s.94-95]. B.Sereteli, N.Jordaniya və N.Ramişvilinin nümayəndə heyətinə göndərdiyi şifrəli teleqramda isə Batumun güzəştə gedilməsinin həm milli, həm də partiya nöqteyi-nəzərindən özünə sui-qəsdə bərabər olduğu yazılırdı [8, s.6, 36-38].
Osmanlı isə martın 21-də keçirilən 5-ci iclasda bir daha qeyd etdi ki, Seym bu cür məsələləri müzakirə etmək istəyirsə ilk növbədə “Beynəlxalq hüquq subyekti” olmalıdır, yəni öz müstəqilliyini elan etməlidir. Hər iki nümayəndə heyəti məsələləri öz dövlətləri ilə müzakirə etmək üçün konfransa fasilə vermək haqqında razılığa gəldilər. Seym konfrasın gedişini 25 mart tarixli iclasında müzakirə etdi və fraksiyalar arasında fikir ayrılıqları bir daha meydana gəldi. Belə ki, müzakirələr zamanı Mir Yaqub Mehdiyev müsəlman fraksiyası adından bildirdi ki, Cənubi Qafqazın müstəqilliyi elan olunmazsa, fraksiya sülh danışıqlarının davam etdirilməsinə razı olmayacaq. Xəlil bəy Xasməmmədov isə qeyd edirdi ki, əgər türklərin tələblərini qəbul etməsəniz müharibə qaçınılmazdır, biz (müsəlman fraksiyası nəzərdə tutulur) isə türklərlə olan bu müharibədə iştirak edə bilmərik [3, s.51-53]. Son nəticədə konfransla bağlı yekdil bir qərar qəbul olunmasa da, A.Çxenkeliyə konfransda nümayəndə heyətinin sədri kimi fövqəladə səlahiyyətlər verilməsi haqqında növbəti məntiqsiz qərar qəbul edildi. Tiflis və Trabzonda fikir ayrılıqlarını görən Osmanlı dövləti isə Brest-Litovsk müqaviləsinə əsasən əməli addımlar ataraq martın 19-da Ərdəhanı ermənilərdən təmizlədi.
1918-ci il martın 31-də isə S.Şaumyanın başçılığı ilə bolşeviklər və erməni daşnakları Bakı quberniyasında amansız soyqırımlar törətməyə başladı. Bu xəbər ildırım sürəti ilə Tiflisə, oradan da Trabzona çatdı. Aprelin 2-də Seymdə Bakı hadisələri müzakirə olunarkən N.Ramişvili bu soyqırımları Tiflisə və ümumən Cənubi Qafqaza bolşevik hücumlarının başlanğıcı kimi adlandırdı [3, s.55]. Azərbaycan nümayəndələri isə əgər Bakıda bolşeviklərə qarşı hərəkətə keçilməzsə, Seymi boykot edəcəklərini bildirmişdilər. Bakı ilə eyni vaxtda Şərqi Anadoluda da bu cür qırğınlar həyata keçirildiyi üçün Osmanlı Seymə olan tələbləri üzərində daha da sərtləşdi və bu da konfransın işini çətinləşdirdi. Azərbaycan nümayəndələri Hüseyn Rauf bəylə görüşündə Osmanlı ordusunun bir-iki həftə ərzində Qafqaza daxil olmasını xahiş edir, “Batum üçün müsəlmanlıq və Bakını fəda etməməli olduğunu” bildirirdi [4, s.93-107]. Belə bir vaxtda erməni nümayəndələr də mövqe dəyişdirərək Anadoluda ermənilərə muxtariyyət verilməsi müqabilində Qars, Ərdəhan və Batumdan imtina etdiklərini bildirir, hətta A.Xatisov Cənubi Qafqaz dövlətlərinin ayrı-ayrılıqda Osmanlıya qatılmasının mümkünlüyünü qeyd edirdi [6, s.24].
Belə bir zamanda Osmanlı hakimiyyətinin səbri daşaraq aprelin 6-da Cənubi Qafqaz nümayəndə heyətinə ultimatum verərək Osmanlı dövlətinin tələblərini qəbul edib-etməmək haqqında rəsmi qərar verməsini tələb etdi. Başqa çıxış yolu qalmayan A.Çxenkeli Cənubi Qafqaz nümayəndə heyəti adından bildirdi ki, Brest-Litovsk müqaviləsini tanıyır və sonrakı danışıqları bunun əsasında aparır [2, s.160]. Lakin bu zaman Tiflisdə başqa havalar əsirdi. Ultimatum xəbəri çatan kimi Seymin iclasında Y.Semyonov, İ.Sereteli, X.Karçikyan, E.Gegeçkori və digərləri Osmanlıya qarşı silahlı müqavimət göstərməyi tələb etdilər. Uzun müzakirələrdən sonra isə Azərbaycan fraksiyası Seymi öz fikrindən döndərə bilmədi və gürcü və erməni fraksiyaları 13 apreldə Osmanlıya qarşı müharibə elan etdilər. Müharibəyə rəhbərlik etmək üçün Seymin hərbi naziri E.Gegeçkori, daxili işlər naziri N.Ramişvili və maliyyə naziri X.Karçikyanın daxil olduğu “Ali Müdafiə Şurası” yaradıldı, Seymin fəaliyyəti 2 həftəlik donduruldu və “əldə silah hər kəsdən vətəni müdafiə etmək” tələb olundu. İ.Sereteli isə müsəlman fraksiyasına söz ataraq deyirdi: “Əgər arxadan xəyanət olmazsa, Zaqafqaziya ordusu Osmanlılara uğurla müqavimət göstərə bilər” [2, s.174].
E.Gegeçkori teleqram vuraraq A.Çxenkelidən Trabzondan geri qayıtmasını tələb etdi. A.Çxenkeli Trabzonu tərk edərkən nümayəndə heyətinin üzvlərindən M.H.Hacınski, Ə.Pepinov və R.Veşopelinin Trabzonda qalmasıyla razılaşdı. Həmçinin, Şimali Qafqazdan gəlmiş T.Çermoyev, Q.Dibirov və H.Bammatov da burada qaldılar [8, s.9, 46-47]. Lakin nümayəndə heyətinin üzvləri bir daha Trabzon konfransında toplaşmadılar və bununla da 6 ümumi iclası və 2 xüsusi müzakirəsi olmuş konfrans faktiki öz fəaliyyətini dayandırmış oldu.
Bu konfrans əslində öz məqsədinə nail olmadı, sadəcə gürcü və ermənilərin əvvəldən tərəfdar olduğu Osmanlı ilə müharibə aparmaq fikrini bir qədər ləngitdi. Ona görə də Trabzon konfransını keçirilmə məqsədinə görə tarixin daha bir “mənasız və nəticəsiz sülh danışıqları” adlandıra bilərik. Məntiqsiz davrananlar isə A.Çxenkeli başda olmaqla Cənubi Qafqaz nümayəndə heyətinin bəzi üzvləri idi. Belə ki, Osmanlının dəfələrlə tələb etməsinə baxmayaraq öz müstəqilliklərini elan etmir, amma özlərini müstəqil dövlət kimi apararaq ərazilərin geri qaytarılmasına maneçilik törədirdilər. Azərbaycan nümayəndələri isə haqlı olaraq Cənubi Qafqazın Rusiyadan ayrı olmasını tələb edir, Osmanlı ilə müharibələrin yalnız özlərinə ziyan gətirəcəyini vurğulayırdı. Əbəs yerə sonralar Hüseyn Rauf bəy Əlimərdan bəy Topçubaşovla görüşündə deməmişdi: “Mövqeyinizi və Azərbaycanın maraqlarına olan sədaqətinizi siz Trabzon və Batumda nümayiş etdirmisiniz” [5, s.213]. Osmanlı ilə müharibə isə yalnız 8 gün davam etmiş, gürcü və ermənilərin “hazırlıqsız əsgərlər”inin məğlubiyyəti ilə bitmişdi. Osmanlı isə artıq qalib kimi Cənubi Qafqaz nümayəndələrindən istiqlalını elan edərək “Dövlətlərarası status” almasını tələb etdi və bu tələb üzərinə 22 (9) aprel 1918-ci ildə Cənubi Qafqaz Seymi özünün Rusiyadan müstəqil federativ dövlət olduğuna dair qərar verdi [1, s.253]. Lakin Osmanlının bölgədə güclənməsi müttəfiqi Almaniyanı narahat etməyə bilməzdi, ona görə də aprelin 27-də Osmanlı dövləti məcburən gizli bir saziş imzaladı. Sazişə görə Azərbaycan Osmanlının, Gürcüstan və Ermənistan isə Almaniyanın təsir dairəsinə düşməli idi.
Bir çox qüsurlarına baxmayaraq Trabzon konfransının Azərbaycan üçün müsbət cəhətləri də var idi. İlk növbədə Azərbaycan siyasi xadimləri ilk dəfə bu cür diplomatik müzakirələrdə iştirak edirdilər, bununla da onlar diplomatik cəhətdən püxtələşirdilər. Digər bir yandan Osmanlı dövləti ilə gizli danışıqlar apararaq onları Azərbaycanın siyasi vəziyyətindən xəbərdar edir, bununla da əslində gələcəkdə Osmanlı qoşunlarının Azərbaycan və Qafqaz müsəlmanlarına yardım üçün gəlməsini qətiləşdirirdi. Həmçinin Azərbaycan bununla özünə güclü bir müttəfiq qazanmış olurdu. Trabzon konfransını biz Azərbaycanın qatıldığı ilk regional konfras hesab edə bilərik, məhz bu səbəbdən Azərbaycan müstəqillik qazandıqdan sonrakı 2 il ərzində dünyanın nüfuzlu beynəlxalq konfranslarında bacarıqlı diplomatları ilə iştirak edə bilmişdir.
Ədəbiyyat:
1.Baykara Hüseyn. Azerbaycan istiklal mücadelesi tarihi. İstanbul, Gençlik basımevi, 1975, 343 s.
2. Документы и материалы по внешней политике Закавказья и Грузии. Тифлис, 1919
3. Həsənli Cəmil. Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasəti (1918-1920). Bakı, “GARISMA” MMC, 2009. 576 səh.
4. Qafarov Vasif. Trabzon konfransı və Osmanlı-Azərbaycan müzakirələri. Milli Azərbaycan Tarixi Muzeyi – 2022. səh. 93-107
5. Qasımlı Musa. Birinci Dünya Müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasəti (1914-1918-ci illər). 3 hissədə. III hissə (sənədlər, materiallar, xəritələr, şəkillər) Bakı: “Adiloğlu” nəşriyyatı, 2004. 532 s.
6. Musa İsmayıl. Azərbaycan beynəlxalq münasibətlər sistemində (mart 1917 – aprel 1920-ci illər). Dərslik. Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2011. 312 səh.
7. Sertçelik Seyit. Rus və erməni mənbələri işığında Erməni problemi. 1915-1923. Müstəmləkə müharibəsi. Ankara, SRT yayınları, 2017. 572 səh.
8. Zaqafqaziya Seyminin müsəlman fraksiyası və Azərbaycan Milli Şurası iclaslarının protokolları 1918-ci il. Bakı, “Adiloğlu” nəşriyyatı, 2006, 216 səh.
Şərh yaz