Hal-hazırda dünyanı bürümüş Covid-19 virusu ilə bağlı yaranmış böhran siyasətdə təbiət mövhumunu yenidən canlandırmışdır. Bir çox ölkələrdə eko-aktivistlər mövcud vəziyyətlə bağlı fərqli baxışlar sərgiləməkdədirlər. Lakin, onları birləşdirən əsas mövhum bu növ böhranların başlıca səbəbinin insanın təbiətə həddindən artıq müdaxiləsidir. Bəs bu növ düşüncə nə vaxtdan siyasətdə aktiv rol oynamağa başlamışdır? Siyasətə ekoloji baxış ümumiyyətlə nə deməkdir? Bu ideologiya daşıyıcılarının insana, dünyaya və gələcəyə baxışı nədən ibarətdir? Mövcud böhran vəziyyətində bu sualların oxucularımız üçün də maraqlı olacağını düşünərək siyasətdə ekoloji düşüncə haqqında yazmağa qərar verdim. Mövzu çox geniş olduğundan yazıda əsasən tarixi gedişat və əsas prinsiplər əhatələnəcək.

“Ekologiya” anlayışı ilk dəfə 1866-cı ildə alman zooloq Ernst Hekkel tərəfindən  işlədilmişdir. O, bu terminin qaynağı olaraq yunanca bir bitki və ya heyvanın təbii şəraiti mənasını verən “oikos” sözünü göstərmişdir. Lakin, özü “ekologiya” terminini “heyvanın həm orqanik həm də inorqanik mühiti ilə münasibətinin araşdırılması” mənasında işlətmişdir. XX əsrin əvvəllərindən etibarən ekologiya yaşayan orqanizmlər və ətraf mühit arasındakı münasibəti öyrənən biologiyanın bir qolu olaraq görülmüşdür. Lakin, xüsusilə 1960-cı illərdən bəri Yaşıl hərəkatın istifadəsi səbəbilə siyasi bir anlayışa çevrilmişdir. Bu qədər zaman keçməsinə baxmayaraq hələ də bu ideologiyanın mahiyyəti barədə ciddi fikir ayrılıqları vardır.

Siyasətdə “Yaşıl” anlayışı ətraf mühit məsələlərinə və bu sahədə reallaşan layihələrə rəğbət göstərmək mənasında 1950-ci ildən istifadə edilməyə başlanmışdır. 1970-ci illərin sonunda ilk Alman Yaşılları “Die Grünen” olmaqla, bir çox digər siyasi partiyalar tərəfindən bu düşüncə mənimsənmişdir. Lakin, Yaşıl partiyaların meydana çıxması bu anlayışın ekoloji hərəkatların əsas prinsipi olmasından daha çox bu növ partiyaların apardığı siyasətlə əlaqələndirilmişdir. 1950-ci illərdən istifadə edilən “ekoloji düşüncə” anlayışı isə insan həyatının ancaq təbiətlə harmoniyada izah edilə biləcəyi fikri ilə qavranılmış və istifadə edilmişdir. Siyasi ekoloji düşüncənin dezavantajı isə bəzən təbii dünya haqqında ənənəvi fikirlər toplusunu təhlil etmədən ekoloji böhranlar ilə bağlı həm mülayim həm də reformist yanaşmalarda mənbə olaraq istifadə edilməsidir. Bu düşüncənin avantajı isə ekologiyanın əhəmiyyətini əsas tutaraq ənənəvi yanaşmalardan fərqli bir baxış ortaya qoymasıdır. İctimai və siyasi mühitdə radikal dəyişiklik və insan ilə təbiət arasındakı əlaqəni kökündən yeniləməyi meydana çıxararaq ekoloji düşüncə daxilində bir ideologiyaya çevrilmişdir.

Müasir ekoloji və Yaşıl düşüncələr 1960-cı illərdə meydana çıxmış olsa da bu fikirlər daha qədim tarixə malikdir. Müasir ekoloji düşüncənin öz prinsiplərini “ana torpaq” fikrini vurğulayan köhnə Paqan, hinduizm, buddizm və taoizm kimi dinlərdən götürdüyünü bir çox şəxs iddia etmişdir. Lakin, böyük miqyasda ekoloji düşüncə sənayeləşmə prosesinə bir reaksiya olub və belə də davam edəcək.

XX əsrin sonlarından etibarən ekoloji düşüncə sənayeləşmə və şəhərləşmənin daha sürətlə inkişafına paralel olaraq yayılmış, iqtisadi böyümənin həm insan nəslinin həm də üstündə yaşadığımız planetin davamlılığına təhlükə törətməsi qorxusu ilə daha şiddətli hal almışdır. Bu cür narahatlıqlar gün keçdikcə ədəbiyyatda daha çox yer almaqdadır. Həşərat əleyhinə dərmanlar və sənayedə istifadə olunan kimyəvi maddələrin vəhşi təbiət və insan həyatına olan zərərinə qarşı tənqidi bir yazı olan Reyçel Karson “The Silent Spring”  (Səssiz Bahar, 1962) əsəri artan ekoloji böhrana diqqət çəkən ilk kitab hesab olunur. Bu mövzuda digər mühüm araşdırmalara misal olaraq Erliş və Harrimanın “How to be a survivor” (Necə sağ qalmalı, 1971), Qoldsmitin “Blueprint for Survival” (Sağ qalmağın planı, 1972) və Roma Klubunun “The Limits to Growth” (Böyümənin Sərhədləri, 1972) əsərlərini göstərə bilərik. Eyni zamanda nüvə enerjisi, ətraf-mühitin çirklənməsi və təbii sərvətlərin ifrat istifadəsindən yaranan təhlükələri vurğulayan yeni nəsil aktivist qrupları da qeyd etmək lazımdır. “Greenpeace”, “Friends of the Earth”, “Worldwide Fund for Nature” kimi qrupların sayəsində ekoloji hərəkat dünya səviyyəsində tanınmışdır.

Dərin ekoloji düşüncənin tərəfdarları bütün ənənəvi siyasi düşüncələrin təbiət əleyhinə və insan məzrkəziyyətçiliyin fərqli növləri olduğunu bildirirlər. Bir çoxu insan mərkəziyyətçi olduğundan “ideologiya” anlayışını rədd etsələr də ətraf mühitin mühafizəsinə xidmət edən düşüncənin və onun radikal tədbiqinin vəhdətindən yeni bir ideoloji paradiqma yaratdıqlarını iddia edirlər. Onlarla birlikdə bir çox digər ekoloji mütəfəkkirlər isə ənənəvi ideologiyalardan ilham alıblar. Bu baxışlar əsasən ekoloji böhranın niyə meydana çıxdığını və buna qarşı necə mübarizə aparılmalı olduğunu izah edən dəyər və doktrinalardan ibarətdir. Bu mənada ekoloji düşüncə feminizm və ya millətçilik kimi hər kəsə xitab edən bir ideologiya kimi görülə bilər. Fərqli zamanlarda mühafizəkarlar, faşistlər, sosialistlər, anarxistlər, feministlər və liberallar ekologiya mövzusuna rəğbət bəslədiklərini iddia ediblər. Lakin, onlar adətən bu fikirləri fərqli siyasi hədəfləri dəstəkləmək üçün istifadə edirdilər. Ekoloji düşüncənin özünün içindəki əsas cərəyanlar isə bunlardır:

  • Sağ qanad ekoloji düşüncə
  • Eko-sosializm
  • Eko-anarxizm
  • Eko-feminizm

Sağ qanad ekoloji düşüncə

Müasir Yaşıl siyasət əsasən sol qanad olaraq görülməsinə əsas səbəb birbaşa fəaliyyət, iyerarxiya və materializmə qarşı müxalif duruşu olsa da siyasi ekologiyanın təməllərində sağ qanad meylləri görsənmişdir (Bremuel, 1989). Bu ən çox Nasist Almaniyası dövründə bir növ faşist ekoloji düşüncənin meydana çıxması ilə özünü göstərmişdir. Bu düşüncənin əsas müdafiəçisi isə Hitlerin hakimiyyətində kənd təsərrüfatı naziri olmuş (1933-1942) və Nasist Kəndli Hərəkatının lideri olmuş Valter Darre idi. XX əsrin sonlarına doğru Almaniyada sürətli sənayeləşmə xüsusilə gənclər arasında “kəndə dönüş” hərəkatını yaratmışdı. Daha sonra isə şəhər həyatınıın yadlaşdırmasından dağlara, meşələrə qaçan alman tələbələrdən ibarət “Wandervogel’’ hərəkatından Alman Gənclik Hərəkatı meydana çıxdı. Darrenin fikirləri irqçilik ilə kəndli həyatının ideallaşdırılmasının qarışığı idi. Əsasını sosial millətçilik və “qan və torpaq” fəlsəfəsi təşkil edirdi. Vəzifə olaraq isə Darre təsərrüftların irsi keçməsini ləğv etməkdən və kənd təsərrüfatı məhsullarının qiymətini qaldıraraq Milli Qida Əmlakını yaratmaqdan cavabdeh idi.

Nasistlərlə əlaqəsinə baxmayaraq Darrenin fikirlərinin müasir Yaşıl fikirlərlə ortaq yönü çoxdur. İlk olaraq o, təbiətə və torpağa yaxın bir həyatın həqiqətən kifayət olduğuna inanırdı və həqiqətən kəndli Almaniyasını yenidən formalaşdırmağı arzu edirdi. Bu növ fikirlər Edvard Qoldsmit (1988) kimi müasir ekoloji mütəfəkkirlər tərəfindən də təkrarlanmışdır. Bundan əlavə Darre təsərrüfatda orqanik gübrələrdən istifadə edilməsinin aktiv tərəfdarı idi. O, heyvan-torpaq-qida-insan orqanik döngəsinə inanırdı. Fəaliyyəti dövründə Darrenin düşüncələri nasistlərin kəndlərdə böyük dəstək almasına kömək olmuşdu. Elmi cəhətdən qati bir irqçi olmasına baxmayaraq Darre heç vaxt “Führerprinzip”ə yəni liderlik prinsipinə və imperial düşüncələrə dəstək olmamışdır. Əslində Nasist rejimi Darrenin güclü kəndli Almaniyası xəyalını reallaşdırmaq üçün çox bir iş görməmişdi. Hitler “Qan və torpaq” prinsipinə bağlı olsa da hərbi genişlənmə hədəfləri Almaniyada sənayeləşmə prosesini gücləndirdi və kəndli kəsimə kasıblıq gətirdi.

Zaman keçdikcə “yumşaq” sağda mühafizəkarlar da ətraf-mühit məsələlərinə rəğbət göstərməyə başladılar. Eko-mühafizəkarlıq qəsəbə və şəhərlərin böyüməsindən təhlükəyə məruz qalan kənd həyatına romantik və nostaljik bağlılığı tərənnüm edir. Bu fikir qəti olaraq sənayeləşmə və “inkişafa” qarşıdır. Bu növ mühafizəkarlar hərəkatlar memarlıq abidələrindən daha çox meşə əraziləri və s. tipli təbii mirasların qorunmasına daha həssas olurlar. Beləliklə də onlar təbiətin mühafizəsinin ənənəvi dəyər və qurumların mühafizəsi ilə sıx bağlı olduğuna inanırlar. Eko-mühafizəkarların baxışına görə ekologiya kiçik bir azlığa aid ərazinin olduğu və yuxarıdan aşağı idarəetmə sisteminin mövcud olduğu feodal keçmişə dönüşü simvolizə edir. Məsələn, ingilis ekoloji düçüncənin atası sayılan Edvard Qoldsmit ekoloji toplumun ailə və cəmiyyət içiindəki ənənəvi qaydaları, həmçinin güclü avtoritar höküməti yenidən canlandıracağını iddia edir.

Eko-sosializm

Yaşıl hərəkatın içində aşkar formada sosialist meyillənmə vardır. Bu hal xüsusilə liderlərinin çoxunun qatı sol düşüncəli olan Alman Yaşılları arasında hiss olunur. Eko-sosializm əsasən marksist analizə mürəciət edir və digər ekoloji hərəkatlardan fərqli olaraq dini mülahizələrdən uzaq durmağa çalışır. Məsələn məşhur alman eko-sosialist Rudolf Bahro ətraf-mühit problemlərinin əsas səbəbkarı kimi kapitalizmi görür. Təbii dünya sənayeləşmədən zərər görmüşdür. Bunun səbəbkarı isə kapitalizmin mənfəət axtarışıdır. Beləliklə, kapitalizm sinifləri münaqişəyə sövq etməklə yanaşı ətraf-mühitin balansını da korlayır. İnsan əməyi ilə yanaşı təbii dünya da istismar olunur. Ətraf mühiti inkişaf etdirmək məqsədi ilə atılan hər bir addım sosial dəyişikliklərdən, bəlkə də sosial inqlabdan asılıdır. Ancaq, Marksın təbii dünya məsləsi ilə bağlı mövqeyində bəzi təzadlar vardır. Marksın istehsal güclərinin inkişafına dair fikirlərini bəzi kəsimlər klasik sənayeləşmənin ifadəsi olaraq anlasa da, digərləri onun ilk yazılarında insanın “təbiiləşdirilməsi” və təbiətin “insanlaşdırılması” fikrinin ekoloji əməyi təsvir etdiyini bildirirlər.

Yuxarida da qeyd edildiyi kimi, eko-sosializmin əsas prinsipi kapitalizmin düşməni, sosializmin isə təbiət dostu olduğu fikridir. Lakin, sosial feminizmdə olduğu kimi bu düşüncənin də daxilində iki ünsür arasında münaqişə yaranır. Bu münaqişə “qırmızı” yoxsa “yaşıl”-ın daha çox prioritet məsələ olması bəhsində orataya çıxır. Ətraf-mühit problemləri kapitalizmin məhsuludursa, bu problemlərlə ən yaxşı mübarizə kapitalizmi ləğv etmək və ya məhdudlaşdırmaqdır. Nəticə olaraq ekoloji aktivistlərin ayrıca Yaşıl partiyalar qurmalarına və kiçik qruplar halında formalaşmalarına ehtiyac yoxdur. Əksinə, sosialist hərəkat daxilində fəaliyyət göstərməli və diqqəti əsas məsələ olan yeni iqtisadi sistemə yönləndirməlidirlər. Digər tərəfdən sosializmin bir siyasi ideologiya kimi istehsala münasibəti yanlışdır. Kapitalizmdən fərqi, planetimizin təbii sərvətlərini kapitalist sinif üçün yox bütün insanlar üçün istismarın tərəfdarıdır. Bir çox sosialist partiyalar “boz” partiyalar kimi, seçkilər səbəbi ilə ətraf mühit proseslərinə qismən biganə qalaraq üstünlüyü “iqtisadi böyümə” tezislərinə veriblər. Nəticə olaraq fundamentalist ekoloji aktivist qrupları “yaşıl”-ın “qırmızı”-nın təsiri altında qalmasına qarşı çıxır və alman Yaşılları kimi özlərini “nə sağ, nə də sol” olaraq qələmə verirlər.

Eko-sosialistlər sosializmin təbii olaraq ekoloji olduğunu iddia edirlər. Sosial rifah ümumi olsa da, hər kəsin mənfəəti üçün istifadə ediləcək və zamanla bütün insanlığın mənfəəti qarşılanacaq. Lakin, yalnız sosial rifahın təmin olunması ilə ekoloji problemlərin həlli mümkün deyil. SSRİ və Şərqi Avropadakı dövlət sosializmi buna açıq nümunədir. Bu ölkələrdə dünyanın ən qarşısıalınmaz ekoloji problemləri yaranmışdır. Məsələn 1960-cı illərdə SSRİ hökuməti tərəfindən pambıq və düyü tarlalarını suvarmaq üçün Xəzər dənizinə tökülən iki əsas çayın yönü dəyişdirilmişdir. Nəticədə dünyanın 4-cü böyük gölü olan Xəzər dənizinin ölçüləri yarıya qədər azalmış, bəzi bölgələrdə isə duzlu və kirlənmiş çölləri qoyaraq 100 km-ə qədər geri çəkilmişdir. Şərqi Avropadakı ən məşhur ekoloji fəlakət isə 1986-cı ildə Ukraynada Çernobl nüvə stansiyasının partlamağı olmuşdur. Bu səbəblərdən Kommunizm sonrası dövrdə İttifaqın parçalanmasından yaranan dövlətlərdə ekoloji aktivist hərəkatlar geniş formada meydana çıxmışdır. Lakin, qərbdəki Yaşıl hərəkatlardan fərqli olaraq daha çox mühafizəkar olduqlarını qeyd etmək lazımdır.

Eko-anarxizm

Ekologiya məsələsinə ən həssas yanaşan ideologiya yəqin ki, anarxizmdir. Reyçel Karsonun “The silent Spring” (Səssiz Bahar) əsəri çap olunmamışdan bir neçə ay əvvəl Murray Bukçin “Our Synthetic Environment” (Bizim Süni Ətrafımız, 1975) kitabı çap olunmuşdur. Yaşıl hərəkatdakı bir çox insan XIX əsr anarxo-kommunistlərə, xüsusilə Pyotr Kropotkinə çox şey borclu olduqlarını qəbul edirlər. Bukçin anarxizm və ekologiya prinsipləri arasında ciddi bir bağlılıq olduğunu qeyd etmişdir. Bu da ekoloji tarazlığın sosial iqtidar üçün ən etibarlı əsas olduğu fikridir. Anarxistlər insanlar arasında qarşılıqlı hörmət və sosial həmrəyliyin hakim olduğu dövlətsiz cəmiyyətə inanırlar. Belə bir cəmiyyətin sərvəti onun daxili rəngarəngliyi və fərqliliyidir. Ekoloji aktivistlər də balans və harmoniyanın öz-özünə ekosistemlər kimi təbiət içində təkamül etdiyinə və bunların anarxist toplumlarda olduğu kimi  idarəetməyə ehtiyacı olmadığına inanırlar. Anarxistlərin  insan cəmiyyəti içində hökuməti rədd etməsi ilə, eko-aktivistlərin təbiətdə insani qaydaların tətbiqini rədd etməsi paralellik təşkil edir. Beləliklə, Bukçin anarxist cəmiyyəti ekosistemə oxşadır.

Anarxistlər ayrı icmalar kəndlərin toplumundan ibarət mərkəzləşdirilməmiş cəmiyyətlərin qurulmasının tərəfdarıdırlar. Bu növ cəmiyyətlərdə həyat təbiətə yaxın olur. Daxildəki hər bir toplum mümkün olduğu qədər özünü təmin etməyə çalışacaq. Bu növ toplumlar iqtisadi cəhətdən də fərqlidirlər. Çox növdə yeyinti və xidmət məhsulları istehsal edərək təsərrüfatda və sənətkarlıqda kiçik sənayelər yaradırlar. Özünü təmin edən bu toplum ətraf-mühitinə bağlı qalır və nəticə olaraq təbii münasibətlər və ekologiya anlayışı yaşayır. Bukçin düşünür ki, mərkəzləşdirilməmiş cəmiyyətlərin fərdləri daha ağıllı və ətrafına qarşı daha həssas olacaqlar. İnsanlar arasında təbii olaraq inkişaf edən rəğbət ilə tənzimlənən bir toplum insan və təbiət arasındakı ekoloji tarazlığı bərpa edəcək.

Şübhəsiz ki, bir çox eko-aktivistin post-sənaye dövründəki insan toplumları barəsindəki düşüncəsi Kropotkin və Vilyam Morrisin yazılarından təsirlənmişdir. Həmçinin Yaşıl hərəkat mərkəzləşdirilməmiş toplum və anarxist hərəkatdan ilham almış birbaşa fəaliyyət düşüncəsini mənimsəyib. Lakin, anarxizm ekoloji cəhətdən sağlam bir gələcək kimi görünsə də, oraya çatmaq üçün vasitə olaraq görülmür. Anarxistlər inkişafın ancaq hökümət və ya hər hansı siyasi idarəetməni ləğv edilməsində görürlər. Əksinə isə Yaşıl hərəkatdakı bir çox insan hökuməti kollektiv hərəkatı təşkil edə biləcək, iqtisadi böhranı aradan qaldıra biləcək müvəqqəti də olsa ən əsas vasitə olaraq görürlər. Hökumətin parçalanması və zəiflədilməsi nəticəsində sənayeləşməni yaradan və ətraf-mühiti korlayan güclərin başıboş qalacağından qorxurlar.

Eko-feminizm

Feminizmin Yaşıl məsələlərə fərqli və dəyərli yanaşma təqdim edəcəyi fikri o qədər böyümüşdür ki, eko-feminizm ekoloji düşüncənin əsas məktəblərindən birinə çevrilmişdir. Bu məktəbin əsas mövzusu ekoloji zərərlərin kökündə patriarxlığın olduğudur. Təbiət insanın yox kişi cinsinin və onun idarəetməsinin təhlükəsi altındadır. Çoxcinsiyyətli və ya cinsiyyətsiz bir insan təbiəti görüşünü mənimsəyən feministlər patriarxlığın kişiləri qidalanma, ev qurma və şəxsi münasibətlər dünyasından ayıraraq onların instinkt və hisslərinə zərər vurduğunu iddia edirlər. Beləliklə işlə əlaqədar cinsiyyət ayrılığı kişilərin özlərini qadınların və təbiətin ağası olaraq görməsinə səbəb olduğundan hər iki mövhuma zərər vurur. Bu nöqteyi nəzərdən eko-feminizm müəyyən bir sosial ekoloji sinif olaraq qəbul edilir. Bir çox eko-feminist qadın və kişi cinsi arasında əsaslı fərqlər olduğunu qəbul edərək fərdiyyətçi düşüncəyə üstünlük verir. Bu baxışa nümunə olaraq Gyn/Ecology (Cin/Ekologiya, 1979) əsərinin müəllifi Meri Delini göstərə bilərik. Deli qadınların “qadın təbiəti”-ni mənimsəyərək patriarxal mədəniyyətdən qurtulacağını iddia edir. Qadın və təbiətin arasında təbii əlaqənin olduğu yeni bir fikir deyil. Bütpərəst dinlərin bir çoxunda təbiət güclərini təmsil edən tanrılar qadın cinsindədir. Eko-feministlər isə qadınların təbiətə yaxınlığının bioloji əsasını uşaq dünyaya gətirmək və əmizdirmək xüsusiyyəti ilə bağlayırlar. Qadınların təbii dövrlər və ritmlər ilə bağlı olan həyatı onların sosial və siyasi baxışlarına da təsir edir. Ənənəvi “qadın” dəyərləri qarşılıqlı münasibəti və əməkdaşlığı özündə ehtiva edərək daha “yumşaq” ekoloji xüsusiyyətlərə malikdir.  Onlar təbiətdən istifadə etmək və ya onu idarə etməkdənsə, təbiətlə qarşılıqla harmoniya şəraitində yaşamağı daha üstün tuturlar. Beləliklə, patriarxizmin aradan qaldırılması insan cəmiyyəti və təbiət arasında yebi bir münasibət dövrünü başladacaqdır.

Qadın və təbiət arasında lazımlı və təbii bir əlaqə var. Kişilər və təbiət arasındakı münasibət isə tamailə fərqlidir. Qadınlar təbiət məxluqları olduğu halda, kişilər məxluqlarıdır. Onların dünyası süni və təbii yaradıcılıqdan uzaq bir insan məhsuludur. Belə bir halda kişi dünyasında ağıl hisslərdən daha üstündür, materializm mənəviyyatdan əvvəl gəlir və mexaniki işlər vaciblik təşkil edir. Ekoloji problemlər və cinsi qeyri-bərabərlik “mədəni” kişinin, “təbii” qadını idarəetməsinin bir parçasıdır.

XXI əsrdə ekoloji düşüncə

Əsrimizdə ekologiya anlayışı dünyanı əhatə etmiş təbii böhran və lokal ekoloji problemlər fonunla anlaşılır. Təbiətimizin korlandığının sübutları artdıqca (məs. qlobal istiləşmənin yaratdığı hava dəyişkənliyi, heyvan və bitki növlərinin yox olması, kirlənmənin səbəb olaraq göstərildiyi kişi cinsinə mənsub sonsuzluq problemi və s.) böyüməyə məhkum sənayeləşməyə alternativlərin axtarışını da artıracaqdır. Yaşıl partiyaların və lokal ekoloji hərəkatların enişli-yoxuşlu siyasi taleləri hal-hazırda mövcud olan ümumi ekoloji fikir və dəyərlərə etibarı azaldır. Yaşıl partiyaların üzləşdiyi əsas problemlərdən biri bir zamanlar yalnız onlara məxsus olan “təbiət dostu” görünüşlərinin artıq onların rəqibləri tərəfindən də mənimsənilməsidir. Oxşar formada lokal ekoloji hərəkatlarıın fəaliyyətləri də yaşadıqları cəmiyyətlərdə qoyduqları hədəflərə çatmağa kifayət etmir. Maraqlı bir fakt da odur ki, bu gün həmin qruplar qloballaşma əleyhinə olan cərəyanların içində yer almaqdadırlar. Görsənən odur ki XXI əsrdə bəşəriyyətin təbii dünyanı yox olma təhlükəsi ilə qarşı-qarşıya qoyan siyasi fəaliyyətləri rədd etməsindən başqa seçimi olmayacaq.

Lakin, ekoloji nəzəriyyəni bir çox problemlər gözləyir. İlk olaraq ekologiyanın hansı formada dünyəvi bir ideologiyaya çevriləcəyini anlamaq çətindir. Görülən odur ki, ekoloji tənqidçilər Qərb ölkələrində göstərdikləri həssaslığı, inkişafda olan ölkələrə tədbiq etmir. Böyük ölçülü sənayeləşmə ilə inkişaf etmiş, məhdud təbii resursları sui-istifadə edən və təbii dünyanı çirkləndirmə həvəsində olan Qərb ölkələrində tədbiq olunan üsullar, inkişafda olan ölkələrdə rast gəlinmir. Lakin, sənayeləşmiş Qərb də inkişafda olan ölkələr qədər ekoloji prioritetləri tamamilə mənimsəməyə maraqlı deyil. Çünki, bununla Qərb əsas enerji və resurs istehlakçısı olaraq əldə etdiyi sərvətdən imtina etməli olacaq. İkinci məsələ sənayeləşmə və onu altdan dəstəkləyən rəqabətçi fərdiyyətçilik və istehlakçılıq kimi dəyərlər qloballaşmanın nəticəsində daha lokal forma  almışdır. Bu nöqteyi-nəzərdən qloballaşma bir növ hiper-sənayeləşmə kimi görsənir. Başqa bir ifadə ilə desək, ekologiya və qolballaşma əleyhinə hərəkat arasındakı bağlılıq təsadüfi deyil. Üçüncüsü, ekoloji hərəkatın qloballaşma əleyhinə olması bəzi təzadlı çətinliklər yaranır. Bramvellin “The Fading of the Greens” (Yaşılların Səsinin Qısılması, 1994) əsərində qeyd etdiyi kimi, bu məsləni seçicilərə izah etmək olduqca çətindir. Çünki, təbii böhran yalnız inkişaf etmiş və maddi cəhətdən varlı toplumlar tərəfindən həll edilə bilər. Qloballaşma əleyhinə olan bir partiyanın bu toplumda səs toplaması da, biraz çətin məsələdir. Dördüncüsü, Yaşıl hərəkat bir çox çevrədə artıq kəndə qarşı yaranmış keçici bir həvəs, ya post sənayeləşmə dövrünə aid romantizm kimi qəbul edilir. Bu hal ideologiyanın gənclər və varlılar arasında məhdudlaşmasına gətirə bilər.

Ekologiyanın qarşılaşdığı ən böyük çətinlik isə dəyişmək istədiyi mövhumların böyüklüyüdür. Dərin mənada ekoloji düşüncə sosializm, faşizm, feminizm və bu növ ideologiyalardan daha radikaldır. Sadəcə siyasi və iqtisadi sistem içindəki güc dəyişikliyi ilə kifayətlənməyən bu ideologiya yeni bir mövcudolma düşüncəsini özündə saxlayır. Başqa bir sözlə ekologiyanın nəzəriyyəsi, dəyərləri və həssaslığı sənayə toplumlarına hakim olan ənənəvi düşüncələrdən fərqlidir. Bəlkə də, bu elə onun cəlbedici tərəfidir.





Qaynaqlar:

  • Andrew Heywood – Political Ideologies, 3rd ed.
  • Baxter B. – Ecologism,1999
  • Bramwell A. – Ecology in the 20th Century,1989
  • Eckersley R. – Environmentalism and Political Theory, 1992

Tural Mehbalıyev

Bütün yazıları göstər