Ötən günlərdə tvitterdə məzmunu təxminən bu şəkildə olan bir post var idi: “Hökumət gərək koronavirusa qarşı tədbir kimi vətəndaşların küçəyə çıxmasını qadağan etsin, çünki heç kəs öz xoşu ilə bunu edəsi deyil”. Bu baxış tərzi bu və ya digər formalarda insanların tələblərində özünü göstərir və bunu sadəcə olaraq bir tvit və ya standart vətəndaş istəyi kimi şərh etmək mümkün olsa da, alternativ baxış bucağı daha maraqlı olar. Bu tələb fərdi azadlıqların (burada, başlıca olaraq, hərəkət azadlığı) məhdudlaşdırılması kontekstində yenidən fərdi azadlıq və kollektiv təhlükəsizlik dilemmasının müzakirəsini aktuallaşdırır və bunun indidən etibarən təkcə Azərbaycan çərçivəsində deyil, qlobal çərçivədə siyasətə və siyasi nəzəriyyənin yenidən gözdən keçirilməsinə, müasir olmayan, son dövrlərdə əhəmiyyətini itirən perspektivlərin canlanmasına təsiri qaçılmaz olacaqdır. Yuxarıda qeyd olunan mövzuyla birgə 2020-ci ildəki maliyyə krizisi, ekoloji problemlər, gündəmdəki davam edən siyasi məsələlər vəziyyəti daha da mürəkkəbləşdirir və həll yolu tapmağı çətinləşdirir. Bu səbəblə də, bu yazıda qısa şəkildə epidemiyanın kontekstində bir sıra nəzəri konseptlərin köməyi ilə demokratiya, fövqəladə vəziyyət və təhlükəsizlik kimi bəzi mövzulara toxunulacaq.

Fərdi azadlıq və kollektiv təhlükəsizlik mövzusu və bu iki elementin balansı məsələsi dövlətlərin mövcudluğu və ideoloji baxışların fərqliliyi səbəbilə çox zaman mübahisə mövzusu olmuşdur. Hansı tərəfə üstünlüyün verilməsi, fərdi azadlığın, yoxsa dövlətin məhdudlaşdırılması ideoloji spektrumun iki ayrı ucunu özündə ehtiva edir. Bertran Rasselin ictimai birliyə və polisə sədaqətə önəm verən, fərdi azadlığı əsas prioritet saymayan Sparta xalqı ilə dövlətə münasibətdə geniş azadlıqlara sahib olan Afina xalqı arasındakı müqayisəsi də məsələnin qədimliyindən xəbər verir. Son dövrlərdə baş verən hadisələr isə həm ideoloji səpkidə, həm də siyasi proseslərin gedişatı baxımından uzun müddətli təsir göstərəcəyi şübhəsizdir. Soyuq Müharibənin sona çatmasından sonra tarixin sonunu qeyd edərkən bir müddət sonra demokratiyaların krizisinə şahid olmaq, qloballaşmanın yararlarından bəhs edilərkən elə onun özünün sual altına qoyulması yeni bir mərhələyə keçidin, paradiqma dəyişikliyinin mesajını verir. Lakin bu paradiqmanın nə ilə əvəzlənəcəyi, yeni təhdidlərin necə qarşılanacağına, dövlətin institut olaraq gələcəkdə yox olacağı sualına cavablar qeyri-müəyyəndir, lakin keçmişdə təklif edilən yollarla bunları müzakirə etmək olar.

Leviafan bizə nə deyir?

Bəhs olunan dilemma siyasi nəzəriyyədə öz yerini tutmuş ictimai müqavilə anlayışına yenidən, əsasən də, Leviafana çağırışı yada salır. Tomas Hobbs öz ictimai müqavilə konsepsiyasını əsaslandırdığı “Leviafan” əsərini 1642-1651-ci illərdə İngiltərədə baş verən vətəndaş müharibəsi dövründə yazmış və həmin vəziyyəti ictimai müqaviləsindəki təbiət vəziyyəti ilə eyniləşdirmişdi. Elə buna görə də, o, çarəni insanların öz fərdi azadlıqlarından keçib mütləq avtoritetə tabe olaraq stabilliyə nail olmaqda görmüşdü. Yəni, insanlar həmin anarxiya halında təhlükədə olan fundamental yaşamaq azadlığının təmini üçün digər azadlıqları qurban verməyi seçməli idilər. Bu, həm də Maslounun piramidasındakı ehtiyacların ən aşağı pilləyə gəlib çatması idi və bunun qarşılanması dövlətin legitim olması üçün yetərli şərt idi. Bu mövzunu hal hazırdakı durumla da eyniləşdirmək mümkündür. COVİD-19-un qlobal səviyyədə yayılması hökumətləri fövqəladə və istisnai tədbirlər görməyə məcbur etməklə birgə təhlükə hiss edən vətəndaşların da bu istiqamətdə tələblər irəli sürməsi tendensiyasını oyatmışdır. İnsanlar yuxarıdakı tvitdəki kimi öz sağlamlıqları və ümumi təhlükəsizlik ehtiyacları səbəbilə digər insanların hərəkət azadlığını məhdudlaşdırmaq dərəcəsində tələblərlə çıxış edirlər. Bu da xüsusi qərar qəbuletmə prosedurlarına keçməyə, bəzi hallarda konstitusion normalara əks qərarlara səbəb olmuşdur. Fövqəladə və istisnai məsələlərdə qərar vermə məsələsinə ayrıca toxunmazdan öncə ictimai müqavilənin digər bir formasına, Con Lokkun konsepsiyasına dair suallar doğa bilər.

Lokkun ictimai müqaviləsini digərindən fərqləndirən əsas məqamlar dövlətin minimallaşdırılması, hakimiyyət bölgüsünün təmini və mülkiyyətə verilən əhəmiyyət idi. Bu gün qarşılaşdığımız krizis icraedici aparata əlavə səlahiyyətin verilməsini, müdaxilə edilən sahələrin genişləndirilməsini özündə ehtiva edir. Bu tendensiyanın ən məhşur örnəklərindən biri kimi 11 Sentyabr hadisəsindən sonra ABŞ-da terrorizmə qarşı müharibədə icraedici hakimiyyətə əlavə gücün verilməsini göstərmək olar ki, keys olaraq demokratik institutların və konstitusionalizmin zərər görməsi mövzusu ətrafında bir sıra müzakirələrə gətirib çıxarmışdı. İndiki vəziyyətdə də bu dövlətin uzun müddətdə böyüməsi, hakimiyyət bölgüsünün zəifləməsi ehtimalını özündə saxlayır. Digər tərəfdən də xüsusi mülkiyyət aspektindən yanaşdıqda da, maraqlı hadisələri müşahidə edirik. Buna nümunə kimi İspaniyada bütün özəl xəstəxanaların milliləşdirilməsini qeyd etmək olar. Bütün bu meyllər minimal dövlət ideyasından daha çox Hobbsun Leviafanını işarə edir və onsuz da son dövrlərdə təhlükə altına düşən liberal demokratiyanın gələcək inkişafı ilə bağlı suallar yaradır.

Fövqəladə vəziyyət və demokratiya

Yuxarıda qeyd etdiyimiz kimi fövqəladə və ya müstəsna hallarda gözlənilməyən təhdidlərə qarşı qərar qəbuletmə mövzusunda alman siyasi və hüquq nəzəriyyəçisi Karl Şmitin müstəsna/fövqəladə vəziyyət (state of exception) anlayışını xatırlamaq uyğun olardı. Veymar dövrünün tənqidçilərindən olan Şmit liberal və parlamentar quruluşun fövqəladə hallarda qərar vericilik baxımından çatışmazlığına və çevik olmamasına diqqət çəkirdi. Ona görə belə vəziyyətlərdə normal siyasəti və hüquqi quruluşu kənara ataraq həlledici qərar  verən suverenə ehtiyac duyulur, parlamentar sistem isə buna imkan vermir və bu məsələyə konkret həll yolu yoxdur. Bu səbəbdən icraedici qolda həmişə fövqəladə hallarda məsuliyyəti üzərinə götürəcək qüvvəyə ehtiyac vardır. Bu günkü vəziyyətdə də qlobal pandemiya kimi təhdidlərə reaksiya vermək çərçivəsində demokratik dövlətlərin effektivliyi mübahisə olunan məsələlərdən biridir. Avtoritar quruluşlarda Şmitin bəhs etdiyi suverenin mövcudluğu tədbirlərin tətbiqinin effektivliyini artırır ki, Çin Kommunist Partiyasının suveren rolunda fəaliyyəti və onun son günlərdə verdiyi nəticə göz qabağındadır. Demokratik sistemlərdə isə yuxarıda bəhs edildiyi kimi hər hansısa şəxsə və yaxud quruma müstəsna səlahiyyətlərin verilməsi uzun müddətdə institutların transformasiyasına səbəb ola bilər. Buna baxmayaraq təhdidin xarakteri qeyri-demokratik tədbirlər görülməsini zəruri edir və bu siyasətləri legitimləşdirərək normallaşdırır.

Əlavə olaraq hazırki vəziyyətdən istifadə edərək hökumət və medianın mövzunu şişirdərək panika yaratması və sərt tədbirlərə zəmin hazırlaması kimi iddialar da mövcuddur. Buna baxmayaraq istər ixtiyari, istərsə də qeyri-ixtiyari olsun, davam edən proseslər fövqəladə vəziyyətin tətbiqini tələb edir və bu da, öz növbəsində institutlarda və sistemdə öz effektini buraxır.

Təhlükəsizlik?

Digər bir məsələ isə COVİD-19-un Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya və dövlətlər tərəfindən təhlükə olaraq qavranılması ilə birgə digər təhlükəsizlik mövzularının beynəlxalq sistemdə nisbətən kənara çəkilməsi ilə bağlıdır. Bu baxımdan bu mövzuya qısa şəkildə təhlükəsizlik sahəsində olan sekuritizasiya (securitization) yanaşması və bunun normal siyasətə təsiri ilə bağlı fikirlərlə toxunmaq olardı. Sekuritizasiya beynəlxalq münasibətlər nəzəriyyəsində konstruktivist məktəbin daxilində yaranıb beynəlxalq sistemdə hər hansı bir aktor tərəfindən öz məqsədlərinə uyğun olaraq müəyyən bir məsələnin, obyektin təhlükə kimi təqdim edilməsi prosesini nəzərdə tutur. Burada bəhs olunan obyekt hərbi-siyasi təhlükədən əlavə olaraq, digər sahələrə də – ekoloji, iqtisadi, sosial, mədəni və s. – təhdid ola bilər. Sekuritizasiyanın reallaşdırılması Şmitin konsepsiyasına oxşar olaraq normal siyasətin dayandırılmasını və hər kəsin bir təhdidə qarşı birləşməsini, digər mövzuları təxirə salmasını özündə ehtiva edir. Şmitdən fərqli olaraq, burada aktor təkcə dövlət hesab olunmur, məsələn Avropada sağ radikal partiyaların immiqrasiyanı, və yaxud Qreta Tanberqin mövcud iqtisadi sistemi təhlükə olaraq göstərməsi də fərqli səviyyələrdə sekuritizasiya addımlarıdır.

COVİD-19 qlobal səviyyədə hər bir dövlət baxımından təhlükə yaratdığından bu mövzunun sekuritizasiya edilməsi və digər məsələlərin müzakirədən müvəqqəti olaraq çıxarılması da zəruri olmuşdur. Hal hazırda elə bir şərait yaranmışdır ki, sekuritizasiyanı hərəkətə keçirənlər fərqli dövlətlər olsa da, onun obyekti eyni olmaqla birgə, həm də dövlət deyil. Təbii ki, bu vəziyyətin fərqli ölkələrə müxtəlif formalarda təsirləri olacaq və bəlkə də, bəziləri üçün trayektoriyanı indikindən fərqli şəkildə dəyişəcək. Bu kontekstdə bir sıra keysləri qısaca nəzərdən keçirmək olar.

Yaxın regiondan başlasaq, 2020-ci ildə Rusiya ilə münasibətlərin gərginləşməsi və Suriyada hərbi qarşıdurma həddinə çatması Türkiyə üçün xarakterik olmuşdur. İqtisadi çətinliklərlə birgə xarici siyasi münasibətlərin qeyri-müəyyənliyi AKP-nin gələcəyini təhlükə altına qoymuşdur. Rusiya qarşısındakı son təsirlər və çox sayda hərbçinin itirilməsi partiyanın legitimliyini bir növ təhdid altına alıb və onsuz da son illərdə aşağı düşən populyarlıqla birgə sonrakı seçkilərdəki qələbəni daha da çətin vəziyyətə gətirib. Pandemiyanın əsas təhlükə kimi elan edilməsi və digər münasibətlərin və geriləmələrin qısa müddətdə yaddan çıxarılması sekuritizasiya baxımından iqtidarın ölkəni nisbətən konsolidasiya etməsi üçün fürsət yaradıb. Xalq qarşısında legitimlik testi verən hazırki iqtidarın qarşıdakı seçkilərdəki nəticəsi müəyyən qədər qeyd olunan virusun qarşısının alınmasındakı uğurdan asılı olacaq.

Başqa bir nümunə kimi ABŞ-dakı mövcud mənzərəni qeyd etmək olar. Prezident Donald Tramp pandemiyanı ənənəvi düşmən kateqoriyasında təqdim edərək hər kəsi birləşməyə, təhlükə qarşısında vahid hərəkət etməyə çağırır. Yaxınlaşan prezident seçkilərinə hazırlığın bu epidemiya ilə üst-üstə düşməsi də tərəflər üçün yeni fürsətlər yaradıb. Demokrat senator tərəfdən virus səbəbilə zərər görənlərə 500 dollaradək dövlət yardımı verilməsi təklifi, Respublikaçı senator Mitt Romney tərəfindən 1000 dollar təklif ilə qarşılandı. İdeoloji baxışları nəzərə aldıqda məsələnin daxili siyasətdə oynadığı rol heç də ənənəvi görünmür. Bundan başqa, alınan tədbirlərin effektivliyindən nitq və yazılarında tez-tez bəs edən Donald Tramp və ümumilikdə, qərb mediası Çinin imicinə zərbə vurmaq məqsədilə COVİD-19-u xüsusilə Çinlə assosiyasiya etməkdə davam edirlər. Bunu virusdan əlavə həm də Çinin sekuritizasiya edilməsi kimi şərh etmək mümkündür. Bununla birlikdə, pandemiyaya reaksiya baxımından Çinin qlobal liderliyi ələ alaraq öz nüfuzunu və imicini bərpa etməsi cəhdlərini də qeyd etmək olar. Belə ki, daxildəki problemi həll etməklə birgə, Çin hökuməti digər dövlətlərə də həm maddi dəstək, həm də hökumətlərin təşkilatanması üçün yardımlar göstərir.

Növbəti örnək kimi İrandakı vəziyyəti göstərmək olar. İranın bu il içərisində Qasım Süleymani kimi başlıca fiqurlarından birini itirməsi və davamında gələn etiraz dalğası virusun yayılmasıyla mürəkkəb vəziyyət yaradıb. Türkiyə ilə analogiya qurmaq mümkün olsa da, ölüm sayları və davam edən təhlükəyə effektiv reaksiya verməkdə gecikilməsi bu məsələni fərqləndirir. Bundan əlavə İran 1979-cu ildən bu yana ilk dəfə Beynəlxalq Valyuta Fondundan virusla mübarizə üçün 5 milyard dollar dəyərində yardım istəməsi şəraitin çətinliyindən xəbər verir. Bu təhlükənin gələcək etirazlara və zəifləməkdə olan rejimin taleyinə təsirini indidən təxmin etmək çətindir, lakin həm xarici maliyyə yardımlara ehtiyac baxımından, həm də daxildəki münasibətlərə görə İranda 2020-ci ildən sonra fərqli bir mənzərə görmək mümkündür.

Ənənəvi dəyərlər və nəticə

Koronavirusun təsir etdiyi digər məsələ isə insanların gündəlik həyatları, dəyərləri və inancları ilə bağlıdır. Yoluxucu xəstəliklərin yayılmasının sürətinin azaldılması üçün istifadə olunan ictimai məsafə (social distancing) insanların sosial fəaliyyətlərinə mane olmaqla birgə dini inancların və onların rituallarının da sual altında qalmasına səbəb olmuşdur. İnsanların bir çox hallarda həyatlarına yön verən dinlər artıq bir çox hallarda öz funksiyasında zəifləmələr göstərir; insanlar nəinki bir yerə toplaşıb rituallarının yerinə yetirə bilmir, həmçinin yayılmanın qarşısının alınması üçün bu cür toplaşmalar qadağan olunur. Dinin institut olaraq öz yerini qoruyacağı şübhəsizdir, lakin pandemiya kimi fövqəladə hallarda görülən tədbirlərin gündəlik həyat tərzinə və bunu təşkil edən fəaliyyətlərə təsiri qaçılmaz olur. Qısaca qeyd etsək, bu formada insanlar arasında interaksiyanın azalması və əvvəlki həyat tərzinin dayandırılması da öz növbəsində müəyyən qədər düşüncədə dəyişikliklərə səbəb ola, din daxil olmaqla digər bir çox məsələlərə baxış tərzinin dəyişməsinə gətirib çıxara bilər. Bununla birgə, onu demək lazımdır ki, bu problemin aşılmasında dini qurumlarla hökumətlərin qarşılıqlı uyğun şəkildə işləməsi də vacibdir. Belə ki, nüfuz sahibi olduğu yerlərdə belə dini qurumlar insanlara virusa qarşı lazımi tədbirlərin görülməsində maarifləndirici və təsiredici rol oynaya bilərlər.

Nəticə olaraq qeyd etmək olar ki, 2020-ci ildə baş verən hadisələr və onların oynayacağı rolun araşdırılması vacibdir. Belə ki bunların həm real siyasətə, həm də siyasət elminə təsiri əvvəlkilərdən fərqli olacaq kimi görsənir. Yeni bir mərhələ və düşüncədə dəyişikliklər ümumi mənzərəyə təsir edəcək və sahələrdə zəruri transformasiyalara səbəb olacaqdır. Hələlik isə Leviafanı və digər köhnə fenomenləri yenidən yada salmaq düşünmək üçün faydalı olardı.