Rus sülhməramlı əsgəri və azərbaycanlı fərdi özündə əks etdirən karikatura 2022-ci ilin dekabrında Laçın yolunda azərbaycanlı aktivistlərlə rus sülhməramlıları arasında qarşıdurma zamanı sosial şəbəkədə ortaya çıxdı. Bu etirazları və siyasi qarşıdurmanı bir kənara qoysaq, bu karikatura azərbaycanlıların Rusiya tərəfindən necə qəbul edildiyini və qavranıldığını maraqlı şəkildə təsvir edir. Qara dərili, saqqallı, ənənəvi geyimli əsəbi şəxs, sakit və vəziyyətə hakim kimi təsvir edilən və hətta oturarkən də qeyri-mütənasib şəkildə daha böyük görünən rus sülhməramlısına meydan oxumağa çalışır.
Bu, doğrudan da, Rusiya siyasətində Qafqazı və xüsusən də, müsəlman xalqlarını “qara” xalq şəklində irqiləşdirmək (racilaization) trendinə uyğun gəlir. Bu da həmin xalqları “slavyan” görünüşü olan ruslardan fərqləndirir. Bu dünyagörüşü rusları sivil və daha yüksək mədəniyyətə malik bir millət kimi görməyi, Rusiyanın onları gerilikdən və xaosdan xilas etdiyinə görə “kiçik qardaş”, qeyri-rusların itaət etməyə borclu olduqları ideyasını özündə ehtiva edir. Bu ideyaya itaətsizlik həmin “geridə qalmış” xalqları ancaq sovetdən və Rusiyadan əvvəlki barbar və “qaranlıq” mövcudluğa apara bilər.
Bu cür qavrama təkcə irqçiliyə əsaslanan zorakılıq, ayrıseçkilik siyasəti və sair ilə bağlı daxili siyasətə deyil, beynəlxalq münasibətlərə də təsir edir. Burada beynəlxalq əlaqələrdə imiclərin və qavramanın roluna dair ədəbiyyat səhnəyə gəlir. Xülasə olaraq, bu ədəbiyyat müəyyən baxış tərzi və əvvəlcədən mövcud olan, hətta bəzən siyasi olmayan inancların digər aktyorların davranış və hərəkətlərinin necə qiymətləndirilməsinə və bu çağırışlara cavab vermək üçün hansı tədbirlərin ideal ola biləcəyinə təsir etdiyini əhatə edir. Buna əsaslanaraq, Rusiyanın xarici siyasəti və onun postsovet coğrafiyasında sülhməramlı missiyaları və ya açıq-aşkar hərbi təcavüz kimi qarşımıza çıxan konkret tədbirlərin izahı rus olmayan millətlərin müstəqilliyə və ya Rusiyanın razılığından asılı olmayan trayektoriyaya layiq olmadığı fikri ola bilər.
Bununla belə, Gürcüstan və ya Ukrayna kimi bir sıra hallarda Rusiya öz vizyonunun həyata keçirildiyinə əmin olmaq üçün hərbi təcavüz və işğal yolunu tutdu. Həmin hadisələrin izahı kimi, gürcü və ukraynalıların rus imicinin onların öz imicləri və gözləntiləri ilə toqquşması kimi danışmaq olar. Yəni Rusiyanın özünü hər mənada üstün, hörmətə və itaətə layiq bir xalq kimi görməsi gürcülərin və ukraynalıların paylaşdığı imic və vizyon deyildi. Məsələn gürcü elitası Rusiyanın baxışını həm real vəziyyət, həm də ambisiyalar baxımından Gürcüstanın baxışı ilə “tamamilə uyğun gəlmədiyini” hesab edirdi. Bundan əlavə, Rusiya prezidenti Vladimir Putinin Ukrayna dövlətçiliyini və millətinin ayrıca varlığını rədd etməsi Ukraynanın milli dövlət quruculuğu prosesi və Rusiyanın başqalaşdırılması ilə ziddiyyət təşkil edir. Qavramaların bu cür qarşılıqlı təsiri o dövrdə beynəlxalq münasibətlərin strukturu ilə birləşərək 2008, 2014 və nəhayət, 2022-ci illərdə zorakılığa və müharibələrə çevrildi.
Bəs Azərbaycan?
Beləliklə, əgər Rusiyanın davranışı və onun “yaxın xaricdəki” davranışının bir izahı bütün tərəflərin (öz) imiclərində və qavramalarındadırsa, Azərbaycanla bağlı nə deyə bilərik? Azərbaycan-Rusiya münasibətlərində müxtəlif struktur şəraiti mövcud olsa da, Rusiyanın Azərbaycanın xarici siyasətini Rusiyanın baxışına uyğun formalaşdırmaq, onu təsir dairəsində saxlamaq istəkləri postsovet coğrafiyasının ümumi tendensiyasına uyğundur. Buradakı sual Azərbaycandakı “rus məsələsi”, yəni mövcud vəziyyəti izah etmək və bəlkə də gələcəyi proqnozlaşdırmaq üçün Rusiya haqqında Azərbaycanı qavrama strukturunu, təsəvvürlərini və imiclərini bilməkdir.
Bu məqsədlə mən Azərbaycanda Rusiya sülhməramlılarına qarşı olan münasibət və təəsüratlarla bağlı apardığım araşdırmanın nəticələrini Azərbaycanın “Aqora Analitik Kollektiv” analitik mərkəzinin keçirdiyi sorğunun nəticələri ilə sintez etməyə çalışacağam.
Sorğuda Azərbaycan gənclərinin xarici siyasətə baxışları, təhlükə qavrayışları və sülhə münasibətləri öyrənilir.
Sorğu göstərir ki, respondentlərin yarıdan çoxu Türkiyə, Pakistan və İsraili Azərbaycanın əsas müttəfiqləri hesab edir. Üstəlik, həmin ölkələrin ardınca, hər dörd nəfərdən biri Gürcüstan və Ukraynanı müttəfiq ölkələr kimi görür. “Rus məsələsi”nə də qismən aydınlıq gətirən bu mənzərəni iki əsas faktorla izah etmək olar.
Birincisi, son müharibənin xarici siyasət qavrayışlarına təsiridir. Robert Cervisin göstərdiyi kimi, bir millətin yaşadığı son müharibə özünü və başqalarını necə qavramasına, beynəlxalq məsələlərdə ittifaqlar və rəqabət haqqında təsəvvürlərə təsir göstərir. Belə olan halda, 2020-ci ildə Azərbaycan və Ermənistan arasında baş verən 44 günlük müharibənin diplomatik və hərbi sahədə azərbaycanlıların təsəvvürlərinə təsir etdiyini əminliklə güman etmək olar. Bildiyimiz kimi, Türkiyə, Pakistan və İsrail Azərbaycana dəstək göstərən ölkələr kimi ön plana çıxırdı. Diplomatik dəstək baxımından Türkiyə və Pakistan öndə gedən ölkələr arasında idi. Həmçinin, hərbi yardım və silah təchizatı formasında İsrail və Türkiyə Azərbaycan üçün açar rolu oynayan dövlətlər arasında idi. Hərbi və diplomatik dəstəkdən əlavə, Türkiyənin bir müttəfiq kimi qəbul edilməsi həm də kimlik və mədəni yaxınlıq kontekstində dəyərləndirilə bilər. Nəticə etibarı ilə 44 günlük müharibənin bu şəkildə olan diplomatik və hərbi konfiqurasiyası azərbaycanlıların şüurunda iz buraxıb və onları qeyd edilən ölkələri Azərbaycanın əsas müttəfiqi kimi görməyə gətirib çıxarıb.
Ukrayna və Gürcüstanın müttəfiq kimi qəbul edilməsini izah edə biləcək ikinci amil azərbaycanlıların özləri barədə tarixi imici və bu imicin həmin iki ölkə ilə qavranılan oxşarlığı ilə bağlıdır. Bu perspektiv bizi “rus məsələsi”nə də gətirir. Nəzərə alınmalı iki məsələ var: qavranılan ortaq Rusiya təhlükəsi və Azərbaycanın, Gürcüstanın, Ukraynanın separatizm və yaxud işğaldan əziyyət çəkməsi barədə təsəvvür. Həmin iki məsələ azərbaycanlılar üçün nöqtələri birləşdirir, Gürcüstan və Ukraynanı Azərbaycanla eyni qutuya qoyur.
Qavranılan təhdidlərlə bağlı sorğunun nəticələrinə nəzər salsaq, Rusiya hətta Ermənistanı da qabaqlayaraq Azərbaycanın təhlükəsizliyinə ən böyük təhdid kimi seçilir. Bu, indiki geosiyasi mühitlə (məsələn, Qarabağdakı Rusiya sülhməramlıları və Rusiyanın Ukraynaya hərbi təcavüzü) bir yana, Azərbaycan milli şüurunda daha dərin köklərə malikdir. Belə mənzərə Rusiyanın imperiya yaxud müstəmləkəçi kimi qəbul edilməsindən və Azərbaycan dövlətçiliyinin mövcudluğuna tarixi təhlükə kimi qavranılmasından irəli gəlir. Bu, həm də azərbaycanlıların “tarixdən necə öyrənmələri” ilə bağlı apardığım araşdırmanın nəticələrindən biri ilə üst-üstə düşür. Belə ki, 20 Yanvar (Qara Yanvar kimi də adlandırılır) və Xocalı qətliamının xatirələri Rusiya ilə bağlı təsəvvürlərin formalaşmasında böyük rol oynayır.
1990-cı il yanvarın 20-də Moskvanın Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə etiraz edən azərbaycanlılara qarşı sovet qətliamı və repressiyası olan Qara Yanvar hadisəsi Azərbaycanda “rus məsələsi” ilə bağlı bir çox təsəvvürlərin formalaşmasında rol oynayır. Bunlar Rusiyaya olan ümumi təsəvvürlərdən tutmuş Rusiyanın Azərbaycanda sülhməramlılar şəklində mövcudluğu haqqında düşüncə və təəssüratlara qədər mövzuları əhatə edir. Bundan başqa, 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən həyata keçirilən və azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilməsi, 600-dən çox mülki şəxsin ölümü ilə nəticələnənən Xocalı qətliamı da (Azərbaycan xalqı bu hadisəni soyqırım kimi qiymətləndirir) azərbaycanlıları Rusiya barədə təəssüratlarının formalaşmasında mühüm rol oynayır. Bu qətliama keçmiş sovet hərbi hissələrinin 366-cı motoatıcı alayının cəlb edilməsi, eləcə də Azərbaycanda Rusiyaya qarşı dərin inamsızlıq nəticəsində Xocalı qətliamı çox vaxt Ermənistandan əlavə Rusiya ilə də əlaqələndirilir. Bu qırğınların azərbaycanlılar üzərində qoyduğu iz dərhal mənfi rəylər yaradır və Rusiyanın Azərbaycanın təhlükəsizliyinə əsas təhdid kimi qavranılmasına yol açır.
Rusiyaya münasibəti formalaşdıran digər əsas diqqət çəkən məsələ Rusiya-Ermənistan münasibətlərinin necə qavranılması ilə bağlıdır. Sadə azərbaycanlılarla apardığım müsahibələr zamanı 44 günlük müharibə ərzində Rusiyanın Ermənistana verdiyi dəstək, onun Ermənistan dövlətinin yaradılmasına və ya ermənilərin Qafqazda məskunlaşmasına göstərdiyi töhfə Rusiyanın pis niyyətlərini və yaxud Rusiyanın sülhməramlı missiyasının Azərbaycanın maraqlarına vurduğu ziyanı vurğulayan əsas müzakirə mövzuları idi. Respondentlər çox vaxt Dağlıq Qarabağ münaqişəsini Rusiyanın Azərbaycanın inkişafını əngəlləmək və bölgəyə ruslara nəzarət etmək imkanı verən imperiya layihəsi kimi qiymətləndirirdilər.
Azərbaycanlıların tarixdən aldıqları “dərslər” baxımından Rusiyanın digər ölkələrdəki fəaliyyətinin təsirini də görə bilərik. Məsələn, Rusiyanın Gürcüstana və ya Ukraynaya hərbi təcavüzü Rusiyanın Azərbaycana qarşı davranışını ölçmək üçün işarələr kimi qəbul edilir. Odur ki, Rusiyanın həm tarixdən, həm də indiki hadisələrdən çıxarılan imperial niyyətli bir güc imici azərbaycanlılarda kəskin təhlükə qavrayışlarının formalaşmasına səbəb olur.
Rusiyanın özü və Azərbaycan haqqında paylaşdığı imicləri azərbaycanlılar bölüşürmü?
Bəs Rusiyanın sahib olduğu vizyon azərbaycanlıların baxışına uyğundurmu, yoxsa Gürcüstan və Ukraynadakı kimi toqquşur? Yəni azərbaycanlılar Rusiyanı və rusları onların arzuladığı kimi üstün görürlər, yoxsa uyğunsuzluq və nəticədə münaqişə üçün ehtimal var? Mədəniyyətdən başlayaraq apardığım araşdırmam göstərdi ki, respondentlər rusları azərbaycanlılardan daha çox mədəni hesab etmirlər. Hətta əksinə, rusların barbar və şovinist imicinin mövcud olduğunu qeyd edirlər. Rus mədəniyyətinin ailə dəyərləri, kollektivist mentalitet və altruistik əxlaq kimi elementlərə malik olmaması ilə bağlı təsəvvür də Rusiyaya aşağı baxışda mühüm rol oynayır. Bu görüş rusların, xüsusilə, müharibə kontekstində, mülki şəxslərə və hərbi əsirlərə münasibətdə qəddar, kobud, ehtiyatsız və barbar insanlar kimi qəbul edilməsi ilə tamamlanır. Nəticə etibarı ilə bu inanc və baxış tərzi azərbaycanlıları mədəni inkişaf baxımından Rusiyadan üstün tutur. Bu, Rusiyanın digər postsovet ölkələrinə, o cümlədən Azərbaycana münasibəti ilə o qədər də uyğun gəlməyən mənzərədir.
Əgər Rusiyanın mədəni nöqteyi-nəzərdən “böyük qardaş” kimi legitimliyi yoxdursa, o zaman növbəti, hərbi aspekt ortaya çıxır. Doğrudan da, Rusiya yumşaq güc vasitəsilə Gürcüstan və Rusiya üzərində öz iradəsini və legitimliyini tətbiq edə bilmədikdə hərbi vasitələr masaya gəldi. İndiyə qədər apardığımız müzakirələrə əsasən, Rusiyanın Azərbaycanda sadə insanlar arasında yumşaq gücü ən yaxşı halda, məhduddur və ən pis halda tarixin və cari hadisələrin oxunması səbəbindən rədd edilir.
Araşdırmalarım zamanı apardığım müşahidələrə görə, Rusiyanın Ukraynadakı hərbi uğursuzluğunun mənfi təsirlərinə baxmayaraq, Rusiyanı hərbi baxımdan Azərbaycandan üstün güc kimi qəbul edən baxış tərzi hakimdir. Azərbaycanla Rusiya arasında nüvə silahına malik olmaq və əhalinin sayının asimmetriyası sonuncunun hərbi sahədə daha güclü aktor kimi qiymətləndirilməsinə gətirib çıxarır. Buna görə də, başqa yolların hələ də izlənilə biləcəyi halda, Rusiyaya qarşı mübarizə vasitəsi kimi hərbi gücdən istifadə etməkdən çəkinmə meyli azərbaycanlılar arasında daha üstünlük təşkil edir.
Bununla belə, bəzi respondentlər üçün Rusiyanın “kağız üstündə pələng” (paper tiger) imici yaranıb. Əsas səbəb isə Rusiya ordusunun Ukraynada olan uğursuz performansıdır. Bundan əlavə, Azərbaycanın 44 günlük müharibədə uğurlu hərbi performansı Azərbaycan ordusuna olan inamı artıraraq, Rusiya ordusu ilə yaranan boşluqların bir hissəsini aradan qaldırıb. Güman edə bilərik ki, Rusiya ordusu Ukraynada nə qədər çox qalarsa və uğursuzluğa düçar olarsa, bir o qədər azərbaycanlılar Rusiyanı daha çox “kağız üstündə pələng” kimi düşünəcəklər. Bu da öz növbəsində Rusiya ilə hər hansı ciddi qarşıdurma və ya məsələn Rusiyanın Qarabağda sülhməramlı kontingenti ilə bağlı münaqişədə hərbi gücdən istifadəyə meyli artıracaq.
Bununla belə, indiyədək ortaq fikir Rusiya ilə münasibətlərdə hərbi vasitələrdən çəkinmə yönündədir. Bu fikri Azərbaycan elitasının da fikri hesab etsək, bu, Azərbaycanla Rusiya arasında mövcud vəziyyəti və passiv aqressiv münasibətləri izah edə bilərik. Təbii ki, burada göstərilən perspektiv bütöv mənzərənin yalnız bir hissəsidir və sıravi əhalidən aparılan müşahidələr Azərbaycan elitasını tam şəkildə əhatə etməyə bilər. Ona görə də bu cür təhlillər də, yalnız maddi və realist rakurslardan götürülən təhlillər kimi ehtiyatla nəzərdən keçirilməlidir.