Məqalənin birinci hissəsini buradan oxuya bilərsiniz
ABŞ-də İran ilə əlaqəsi olduğu iddia edilən çevrələr təkcə bu məqalənin birinci hissəsində bəhs edilənlərlə məhdudlaşmır. 2023-cü ilin son aylarında üzə çıxarılan sənədlərdən/e-maillərdən sonra bəlli oldu ki, ABŞ-nin yüksək əhəmiyyətli yerlərində çalışmaqda olan və ABŞ-nin Orta Şərq siyasətinin müəyyənləşdirilməsində iştirak edən bir sıra İran əsilli şəxslər Tehran ilə elan edilməmiş əlaqə içində imişlər.
Giriş
2010-cu illərin əvəllərindən İrana həyata keçirməkdə olduğu nüvə proqramına görə ciddi beynəlxalq təzyiq mövcud idi. Nəticədə bir müddət sonra İran BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləri, əlavə olaraq da Almaniyanın daxil olduğu və P5+1 adlandırılan ölkələrlə danışıqlara daxil oldu. Təxminən 20 aylıq müddətdə davam edən danışıqlar sonda 14 iyul 2015 tarixində Birgə Kompleks Fəaliyyət Planı (ingiliscə:Joint Comprehensive Plan of Action, farsca:برنامه راهبردی جامع اقدام مشترک) imzalanması ilə nəticələndi. Razılaşmanın mahiyyəti qısa şəkildə desək, İranın əsas nüvə obyektlərinə məhdudiyyətlər qoyulmasına əsaslanmaqda idi (Joyner, 2016; De Young və Carol Morello, 15 iyul 2015).
Məqalədə bəhs ediləcək hadisələr də məhz bu danışıqlar gedən zaman gerçəkləşməyə başlamışdı. Danışıqlarda yumşaq güc əldə etmək istəyən İran Qərbdə yaşayan, mühüm düşüncə mərkəzlərində və universitetlərdə çalışan ikinci nəsil mühacirlərdən yararlanmaq qərarına gəlmiş və cəlb edə bildiyi şəxsləri İran Ekspertlər Təşəbbüsü (İET) deyə şəbəkəyə cəmləmişdi. Üzə çıxmış emaillərdən anlaşıldığı qədərilə bu şəbəkəyə daxil olan şəxslər müsahibələri, akademik yazıları, rəyləri və ya siyasilərə məsləhətləri zamanı İranın lehinə çalışmalı və “vətənləri qarşısındakı vəzifələrini” yerinə yetirməli idilər. Emaillərdən onların buna görə hər hansısa maliyyə əldə etdikləri görülmür, buna görə də onların İran lehinə təhlükəli fəaliyyətlərini gümanki millətçi hissləri və ya “itə ataram, yada satmaram” ifadəsi ilə əlaqələndirmək olar. Beləliklə, yazımızın ikinci hissəsində birinci hissəsində bəhs edildiyi nümunədən, yəni ikinci nəsil mühacirlərin toplaşıb QHT kimi İran lehinə elan edilməmiş agentlik etməsindən daha fərqli məcrada cərəyan edən hadisələri nəzərdən keçirilməkdədir.
2023-cü ilin sentyabr ayında “Iran International” (Sharafedin, sentyabr 2023) və” Semafor” (Solomon, 20 sentyabr 2023) tərəfindən Co Baydenin İran üzrə xüsusi nümayəndəsi olan Robert Malleyin 3 köməkçisinin (onlardan biri Dövlət Departamentində, biri həm Malley vəzifədə olarkən ona qeyri-rəsmi məsləhətçi, həm də “International Crisis Group” da araşdırmaçı, sonuncusu isə yalnız “International Crisis Group”da işləmişdir.) İran rejimi ilə əlaqəsi olduğu iddia edilən sənədlər nəşr edildi.
Köməkçilərdən əlavə olaraq, Robert Malley özü də artıq buna qədər vəzifəsindən uzaqlaşdırılmışdı. Belə ki, onun 2023-cü ilin mayında gizli sənədlərlə “səhv rəftar etməsi ilə bağlı” araşdırma başladılmış, bir müddət sonra isə bu iş Federal Təhqiqatlar Bürosuna həvalə edilmişdi. Bu proses əsnasında isə onun “təhlükəsizlik sənədi” [ing:Security clearance][1] ləğv edilərək ödənişsiz məzuniyyətə göndərilmiş, onun yerinə başqası İran üzrə xüsusi nümayəndə təyin edilmişdi (Swan və Toosi, 12 iyul 2023).
Robertin işdən uzaqlaşdırılmasının əsl səbəbi hələ də bilinməməkdədir. Lakin Tehran mətbuatında yayılan məlumata görə bunun səbəbi onun “şəxsi davranışı”, “qorunan məlumatlarla işləməsi” və “informasiya texnologiyalarından istifadə” ilə bağlı “ciddi təhlükəsizlik narahatlıqları” ilə bağlı olmuşdur. Bu mətbu orqan ABŞ-nin bu dəyişiklik ilə bağlı İranı məlumatlandırması zamanı bunları əsas gətirdiyini iddia etmişdi.
“Iran International” (IE) tərəfindən üzə çıxarılan emaillər İranın Qərb dövlətləri ilə münasibətlərini anlamaq baxımdan xüsusi əhəmiyyətə malik olsa da, Qərbdəki iranlı ekspertlərin ən azından bir hissəsinin məsələlərə nə qədər tərəfsiz yanaşa bilməsini şübhə altına salmaqdadır. IE-nin üzə çıxardığına görə İran özünün qlobal səviyyədə nüfuzunu artıra bilmək üçün 2014-cü ildən dünyanın müxtəlif yerlərində çalışmaqda olan akademiya insanlarının və araşdırmaçıların şəbəkəsini formalaşdırmağa başlamışdır. İranlı diplomatlar tərəfindən “gənclik şəbəkəsi”, əsasən isə “İran Ekspertlər Təşəbbüsü” (İET, ing:Iran Experts Initiative) adlandırılan bu qrup IE-nin hesabatına görə, “Tehran tərəfindən formalaşdırılan və rəhbər tutulan təsir şəbəkəsindən” ibarət idi (Sharafedin, sentyabr 2023).
Malley 2021-ci ildə İran üzrə xüsusi nümayəndə təyin edildikdən sonra o zaman “Alman Marşal Fond”unda Orta Şərq üzrə araşdırmaçı kimi fəaliyyət göstərən Arianna Tabatabaini də öz komandandasına cəlb etdi. Malley Arianna kimi bir digər İran əsilli araşdırmaçı və “Crisis Group”da İran Layihəsi direktoru Əli Vaezi də öz qrupuna cəlb eləməyə çalışsa da, bəzi şəxslərin iddia etdiyinə görə Vaezinin “təmizlik sənədi” ala bilməməsinə görə bu təyinat mümkün olmadı. Buna baxmayaraq, Malley vəziyyət ilə tanış olan şəxslərin bildirdiyinə görə Vaezi ilə bu məsələlərdə əməkdaşlıq etməyə davam etmişdir. Bu adı keçən iki şəxsdən başqa Malley ilə birlikdə “International Crisis Group”da çalışmış Dina İsfəndiyarinin də İET ilə əlaqələri olduğu üzə çıxan sənədlərdən bəlli olmaqdadır.
Bütün bu şəbəkəyə daxil olan şəxslər barədə materiallar 2003-2021-ci illərə aid emaillər əsasında ortaya çıxdı. Bu emaillər İran Xarici İşlər Nazirliyinın Strateji Məsələlər üzrə keçmiş baş direktoru, XİN Cavad Zərifin müşaviri Mustada Zahraniyə aid idi. Emaillər sırasına müxtəlif ödəmə çekləri, akademik məqalələr, universitet əməkdaşları və tələbələrlə yazışmalar, təyyarə biletləri, viza müraciətləri və s. kimi şeylər daxil idi (Sharafedin, sentyabr 2023).
İran Ekspertlər Təşəbbüsünün formalaşdırılması və əsas üzvləri
Bu qrupun formalaşdırılması ilk dəfə İranlı diplomat Səid Xətibzadə tərəfindən 2014-cü ildə edilmişdi. O, Avropa və Amerikanın düşüncə mərkəzlərində fəaliyyət göstərən iranlı analitiklərin şəbəkəsinin formalaşdırılması ilə İslam Respublikasının öz mövqeyini dünyada təbliğ edə biləcəyini bildirirdi. Xətibzadə 2014-cü ilin 5 martında İranın aparıcı diplomatlarından Məcid Təxti-Rəvançıya və Mustafa Zahraniyə yazdığı emaildə bu qrupun nüvəsinin Avropa və ABŞ-də yerləşən aparıcı düşüncə mərkəzləri və akademik inistitutlarla əlaqəsi olan ikinci nəsil iranlılardan ibarət olduğunu bildirmişdi.
Qrupun ilk toplantısı 14 may 2014-cü ildə Vyananın Palais Coburg sarayında reallaşdı. Eyni zamanda burada keçirilən görüşmələrə İranın o dövrki XİN rəhbəri olan, həmin zaman Vyanada nüvə danışıqlarında iştirak edən Cavad Zərif də qatılmışdı. Təsis görüşməsinə Avropa və ABŞ-də fəaliyyət göstərən 8 iranlı araşdırmaçı, eyni zamanda da İrandan gələn diplomatlar qatılmışdı. İlkin şübhələrə baxmayaraq, Zərif İET-nin formalaşmasını qəbul etdi və xarici siyasət məqsədlərinə çatmaq üçün şəbəkəni fərqli bir quruma çevirməyə başladı. Zərif görüşlərdən birində İranın nüvə danışıqlarında çatışmayan cəhətinin ölkənin “maraqlarını” təmsil etmək üçün cəlbedici hekayələr hazırlaya bilən bacarıqlı fərdlərin olmaması olduğunu bildirmiş, bundan 5 gün sonra mövzu barədə Adnan Tabatabayidən belə məzmunda email almışdı:
“Siz çox haqlı idiniz ki, İranın öz Bob [Robert] Eynhornunun[2] – hansıki onun ABŞ və ya P5+1 üçün etdiyi kimi İranın işinə diqqəti cəlb edə biləcək birinin olmaması utancvericidir.”
Qrupun əsas üzvləri sırasına mühüm universitetlərdə və düşüncə mərkəzlərində çalışmış, 2021-2022-ci illərdə isə Malleyin köməkçilərindən olmuş Ariane Tabatabayi daxil idi. 2014-cü ilin 11 martında Xətibzadədən Zahraniyə göndərilən emaildə onun həm Tabatabayi, həm də Dina İsfəndiyari ilə İET-in nüvəsini formalaşdırmaq barədə razılığa gəldiyi bildirilirdi. Bir digər əsas şəxs isə Əli Vaez idi. O, 2012-ci ildə Malley tərəfindən ICG-ə cəlb edilmiş, eyni zamanda da Malleyin ABŞ hökumətində vəzifəyə təyinatından sonra ona yaxından işlərində köməkçilik etmişdi. Bundan başqa İET Avropa Şurasının Xarici Əlaqələr bölməsində Orta Şərq və Şimali Afrika proqramının müdir müavini Ellie Geranmayeh, İsveç Beynəlxalq Əlaqələr İnistitutunun Orta Şərq və Şimali Afrika proqramının rəhbəri Ruzbeh Parsi[3], Şərqlə Tərəfdaşlıqda Tətbiqi Tədqiqatlar Mərkəzinin (CARPO) həmtəsisçisi və baş direktoru Adnan Tabatabayi[4] kimi şəxslər də daxil idi (Sharafedin, sentyabr 2023).[5]
Fəaliyyət
Zərifin ikinci nəsil iranlı analitiklərin millətçi hisslərinə xitab etməsi ilə onların İranın nüvə proqramının sülhpərvər və dinc niyyətlər üçün nəzərdə tutulduğu iddialarına daha müsbət yanaşmağa başladığı görülməkdədir. Vyana görüşündən dərhal sonra analitiklərin Tehran ilə olan əlaqələri getdikcə sıxlaşmağa başlayır və onlar Qərb düşüncə mərkəzlərində yazdıqları yazıları belə dərc edilmədən öncə Tehranın rəsmi şəxsləri ilə paylaşıb, tövsiyyələr alırlar. Məsələn, Vyana görüşündən təxminən bir ay sonra Vaez İranın nüvə proqramının həll edilməsi barədə olan yazılarından birini nəzərdən keçirilməsi üçün Zahraniyə göndərmişdi. Zahrani də həmin yazını eyni gündə Zərifə göndərmiş, 12 gün sonra isə yazı kiçik dəyişikliklərlə “False Dilemmas in the Iran Talks” adı altında “National Interest” saytında dərc edilmişdir.[6] Vaez bu yazsının sonunda İranın nüvəni zənginləşdirməsi reallığının qəbul edilməsinə çağırış edirdi:
“Bu çətin sövdələşməni əldə etməyin yeganə yolu hər iki tərəfin digərinin öz rıçaqlarını toplamaq üçün ödədiyi qiyməti etiraf etməsidir. P5+1 İranın zənginləşdirmə proqramını əhəmiyyətsiz hala gətirə bilməyəcəyi ilə barışmalıdır. Eynilə, İran da anlamalıdır ki, sanksiyalar bir gecədə dağılmayacaq. Əks halda, fürsət kimi görünən şey ilğıma çevriləcək.”
Qeyd edilməlidir ki, bu zaman Vaez ICG-nin İran üzrə əsas mütəxəsisi hesab edilirdi. Həmçinin o da bildirilməlidir ki, bir çox düşüncə mərkəzinin yazının dərc edilməsindən öncə onun başqa qurumlarla paylaşılmasına qarşı ciddi siyasətləri olur.
Vaezin etdiyinə bənzər bir şəkildə Adnan Tabatabayi də Vyana görüşündən bir həftə sonra Zərifə email göndərmiş və keçmiş iranlı rəsmilərin adından məqalələr çap etdirməyi təklif etmişdi:
“Sizinlə Vyanada görüşməkdən böyük məmnunluq duyuram…Bizim təklifimiz o ola bilər ki, biz qrup olaraq davam edən danışıqlarla bağlı esse (2000 söz) üzərində işləyək…Biz [sonra] onun qaralama versiyasını sizə göndərərik – o tamamilə “dər extiyar-e şoma [sizin ixtiyarınızda] olacaq” – ; o, məsələn keçmiş məmurun adından CSR və ya IPIS vasitəsiylə – əlbətdəki siz və sizin komandanıızn nəzərdən keçirməsindən sonra – çap edilə bilər.”
Zərif buna dörd gün cavab verərək təklifi qəbul etmiş və belə yazıların iranlı və ya qeyri-iranlı müəlliflərin adı ilə xaricdə çap edilməsi gərəkdiyini bildirmişdir.
İET-in ən fəal üzvlərindən olan Ariane və Dina Vyana görüşündən 3 həftə sonra İranın nüvə siyasəti barədə “Bulletin of the Atomic Scientists” jurnalı üçün bir yazı hazırladılar. Məqalə dərc edildikdən sonra Ariane onun linkini Zahraniyə göndərmiş və bu sözləri yazmışdı:
“Keçən həftə bəhs etdiyim kimi Dina və mənim Buşehrin [nüvə stansiyası] nüvə yanacağı barədə Bulletin üçün yazdığımız yazı bu gün dərc edildi. Bizim hədəfimiz Qərbdə bildirildiyi kimi, yəni İranın 1500 sentrifuqadan çoxuna ehtiyac duymadığı kimi fikirlərin yanlış olduğunu və İranın sentrifuqalarının sayını azaltmasını gözləmək lazım olmadığını göstərmək idi ”
Təxminən bir ay sonra, iyulun 10-da Ariane Tabatabai Zahrani ilə “Boston Globe”da “İranın nüvə proqramı ilə bağlı beş mif” adlı məqaləsinin linkini paylaşdı. Məqalə İranın ali dini lideri Əli Xameneinin nüvə silahının istehsalını və istifadəsini qadağan edən fətvasını izah etmək və əsaslandırmaq məqsədi daşıyırdı. Halbuki bir çox mütəxəsis Xameneinin bu fətvasını həm İran rejiminə qarşı hakim olan etimadsızlığa və dini fətvaların yozumlarının qeyri-dəqiqliyinə görə ciddi qəbul etmirlər.
Bütün bunlar baş tutarkən İranın o dövr siyasi gündəminin əsas hissəsini təşkil edən nüvə danışıqları sürətlə davam etməkdə idi. 2 aprel 2015-ci ildə İran və P5+1 dövlətləri ilkin razılaşma çərçivəsində (Lozanna çərçivə razılaşması) ortaq fikrə gəldilər. Lakin bu hələ də son razılaşmanın əldə edilməsi demək deyildi və hər iki tərəf son şərtləri öz lehinə razılaşdırmağa çalışırdı. Məhz bu mərhələdə İET özünün bütün resurslarından istifadə edərək İran üçün ən uyğun maddələrin qəbul edilməsinə çalışırdılar. 14 aprel 2015-ci ildə, yəni ilkin çərçivə razılaşmasından 12 gün sonra Xətibzadənin Zahraniyə göndərdiyi emaildə İET qrupu üzvlərinin verdiyi müsahibələr, yazdıqları yazılar yerləşdirilmişdi. Ayrılıqda 10 fayldan ibarət olan emaldə müəllif kimi Əli Vaezin, Ariane Tabatabayinin, Adnan Tabatabayinin, Dina İsfəndiyarinin, Ellie Geranmayehin və Ruzbeh Parsinin adları var idi:
“Lozanna çərçivə razılaşması əldə edildikdən sonra bir həftə ərzində bəzi dostlarımızın nəşr etdiyi ən əhəmiyyətli əsərlərdən yalnız bir neçəsini nəzərdən keçirmək üçün buraya əlavə etdim. Daim əlaqə saxlayırdıq və gecə-gündüz gərgin işləyirdik. Bəzi dostlar təkbaşına bir media orqanı kimi bacarıqlı çıxış etdilər. Bunlar internetdəki yüzlərlə tvitlərə, yazılara əlavə olaraq, unikal və öz-özlüyündə trend müəyyən edənlərdir. Qeyd edək ki, bu əsərlər təkcə ingilis dilində deyil, bir neçə başqa beynəlxalq dildə də nəşr olunub.”
İranın nüvə məsələsində mövqeyini müdafiə etmək üçün ən çox fəaliyyət göstərən şəxslərdən biri də Əli Vaez idi. Xətibzadə onun gördüyü işləri göstərmək üçün ayrıca siyahı hazırlamışdı. Bu siyahıda “Reuters”, “CBS”, “Bloomberg”, “The Atlantic” və “Financial Times” kimi 20-yə yaxın nəşrdən İranın mövqeyini və onun əsas səbəbini əsaslandıran sitatlar və müsahibələr var. Zahraninin 22 avqust 2015-ci ildə Zərifə yazdığı emaildə Vaezin onu xüsusilə yaxşı mənada təəccübləndirdiyindən bəhs edilmişdi. Belə ki, Zahrani Praqada keçirilən konfransda Vaezin ərəb, israilli və amerikalı mütəxəsislərlə tək başına debata girdiyini və “məntiqli, cəsarətli, … texniki, peşəkar və yüksək millətçi” yanaşması ilə atmosferi dəyişdirdiyini bildirirdi. Zahrani əlavə edirdi:
“Özümə ayıb olsun dedim, bir neçə saat əvvəl bu adam ölkəsinə [yəni İrana] dönə bilmək üçün mənə yalvarırdı, amma mən onun istəyini yerinə yetirməkdən qorxdum.”
Hər bir halda, Vaezin bu cür İrana millətçi yanaşmasının olduğu Zərifin bilmədiyi bir şey deyildi. Belə ki, 2 oktyabr 2014-cü ildə Vaez ICG-in İran ilə bağlı yayımladığı hesabatdan narazı qaldığı üçün Zərifə aydınlıq gətirmək və vəziyyəti izah etmək üçün yazdığı emaildə bildirmişdi:
“Mən bir iranlı olaraq öz milli və vətənpərvərlik borcuma əsaslanaraq, sizə heç bir şəkildə kömək etməkdən çəkinməmişəm; Zati-alilərinə [nüvə] breakoutu anlayışına qarşı ictimai kampaniya təklif etməkdən tutmuş İranın praktik ehtiyacları haqqında hesabatların hazırlanmasında komandanıza kömək etməyə qədər.”
Yuxarıdakıları yazdıqdan sonra Vaez antiiran hesab etdiyi ICG hesabatı barədə onun, yəni sözügedən hesabatın komanda işi olduğunu və özünün söz sahibi olmadığını əlavə edirdi.
Vaeznin paylaşdığına bənzər millətçi hisslər Adnan Tabatabayi tərəfindən də paylaşılmaqda idi. Vyana görüşündən bir qədər sonra, 19 may 2014-cü ildə o, Zərifə bunları yazmışdı: (Sharafedin, sentyabr 2023
“Sizə də məlum olduğu kimi, biz hamımız öz imkanlarımızı və resurslarımızı İranın xarici əlaqələrinin yaxşılaşdırılması üzərində birgə işləməyə sərf etməyə çox istəkliyik. İran bizim ölkədir, ona görə də biz də öz payımıza töhfə vermək ehtiyyacı və məsuliyyəti hiss edirik. Mən “biz” deyəndə tanış olduğunuz qrupu nəzərdə tuturam.”
Lakin İET içərisində ən aktiv və məhsuldar şəxsin Ariane Tabatabayi olduğu iddia edilə bilər. Xətibzadənin tərtib etdiyi siyahıdan bəlli olur ki, təkcə Ariane “Foreign Policy” kimi mərkəzlər üçün 4 məqalə hazırlamış, müsahibələr vermişdir. “National Interest”də dərc edilmiş yazıda Ariane və Dina İranın “cilovlamaq” siyasəti üçün çox güclü olduğunu və “Tehranın güclənmək və regionda möhkəmlənmək üçün razılaşmaya ehtiyacı” olmadığı iddiasını irəli sürürdülər. Həmçinin müəlliflər Əfqanıstanda Talibana və İraqda İŞİD-ə qarşı münasibətlərdə İran ilə ABŞ-nin ortaq maraqlar paylaşdığını da vurğulayırdılar. Maraqlıdır ki, müəlliflər kontekstən kənara çıxaraq hələ şah dövründən İranın regional rəqiblərindən olan Səudiyyə Ərəbistanının Talibanı rəsmi hakimiyyət kimi tanıdığını da vurğulama ehtiyyacı hiss edirdilər (Esfandiary və Tabatabai, 11 aprel 2015).
Ariane Tabatabayinin İranın Qərbdəki mövqeyinin möhkəmlənməsinə necə töhfə verdiyini göstərmək üçün Xətibzadənin tərtib etdiyi siyahıda onun “NPR”, “BBC”, “France 24” və “Al Jazeera” da daxil olmaqla nəşrlərə verdiyi təxminən onlarla müsahibəyə keçidlər var. Xətibzadə Corctaun Universitetində və Institut Prospective et Sécurité en Europe (IPSE) panellərdə iştirak etdiyini də xatırladırdı.
Qərbin oturuşmuş universitetləri və düşüncə mərkəzləri özlərinin bu tipdəki gənc mütəxəsisləri hesabına İranın hakim dairələri ilə yeni kommunikasiya kanalı əldə etmişdilər. Bu kanal vasitəsilə Tehranda və Qərbin bəzi paytaxtlarında görüşlər, panellər və Zahrani, Zərif kimi önəmli şəxslərin mühazirələri təşkil edilirdi. Lakin burada əsas təşkilatçı kimi çıxış edən ikinci nəsil iranlı analitiklərin ən azından bəziləri vasitəçi kimi çıxış etməkdən çox, İslam Respublikasının mövqeyini müdafiə etməklə məşğul idilər. Bundan əlavə, İET-in əsas üzvləri digər fəaliyyətlərində də Tehrandakı rəsmilərlə məsləhətləşməkdən çəkinmirdilər. 27 iyun 2014-cü ildə yazılmış emaildə Ariane Zahraniyə Türkiyədə Səudiyyənin keçmiş ABŞ səfiri və şahzadə Türki əl-Faysal ilə görüşdüyünü və Ərəbistana dəvət edildiyini bildirib, ondan bu məsələdə fikrini öyrənməyə çalışmışdı. O, eyni zamanda İsraildə Ben-Gurion Universitetinin onu panelə dəvət etdiyini bildirir, bu dəvəti qəbul edib-etməmək üçün Zahraninin fikrini soruşurdu. Zahrani cavabında səudiyyə Ərəbistana gedilməsinin yerinə düşəcəyini, lakin İsrailə getmək fikrinin yaxşı olmadığını bildirmiş, Ariane isə cavabında məsləhət üçün təşəkkür etməklə birlikdə, Ərəbistana gedəcəyini və baş verənlərlə bağlı ona məlumat verəcəyini bildirmişdi.
İki həftə sonra 10 iyul 2014-cü ildə Ariane Harvard Universiteti Konqresdə Xarici Əlaqələr, Silahlı Qüvvələr və Kəşfiyyat Komitələrinin üzvləri üçün İranla bağlı iki Harvard alimi – Qari Samore və Uilyam Tobey ilə birlikdə İranın nüvə sazişi ilə bağlı brifinqdə iştiraka dəvət edildi. Ariane bu barədə də dərhal Zahraniyə məlumat vermiş və Uilyam ilə Qarinin İrana müsbət yanaşmadıqlarına görə bu görüşün çətin keçəcəyini bildirmişdi. Çox maraqlıdır ki, İran ilə bu cür münasibətləri olan Ariane 2022-ci ildən ABŞ Müdafiə Nazirliyində siyasi məsləhətçi kimi çalışmaqdadır. Halbuki bu cür yerdə çalışmaq üçün “təhlükəsizlik sənədi” olmalıdır. “Iran International”a danışan keçmiş yüksək rütbəli ABŞ rəsmisi deyib ki, Ariane Tabatabai ilə xarici hökumət, xüsusən də İran arasında bu cür münasibət onun belə bir təhlükəsizlik icazəsi almasına mane olmalı idi.
Amerikada təhsil almış diplomat və İraq müharibəsi veteranı olan Zahrani eyni zamanda İnqilab Keçikçiləri Korpusunun da üzvü olmuşdur. Çox maraqlıdır ki, İET qrupu üzvlərinin bəziləri rəsmi şəkildə ABŞ tərəfindən terror təşkilatı kimi tanınan Korpusun üzvü ilə birbaşa elan edilməmiş əlaqədə olub, ABŞ-a İran siyasətinin formalaşmasında da iştirak etməyi bacarmışdılar. Bəziləri, məsələn Ariane nümunəsində hələ də bunu davam etdirməkdədirlər. Maraqlıdır ki, məqalənin birinci hissəsində ətraflı bəhs etdiyimiz Trita Parsinin də Zahrani ilə əlaqəsi var idi. 2021-ci ilin 1 iyulunda Zahrani məqalələrindən birini Tritaya göndərmiş və ondan məsləhət istəmişdi:
“Əlavə edilmiş məqalə mənim tərəfimdən əgər ISI reytinqinə sahib bir jurnalda çap edilərsə tam professor olmağıma yardım etmək üçün yazılmışdır. Bununla bağlı hər hansl bir məsləhətiniz varmı ? Mənim vaxtım da azdır.”
Bu şəbəkəyə aid emaillərin hamısı ictimaiyyət ilə hələ paylaşılmamışdır. Bizim görə bildiklərimiz yalnız “Semafor” və “Iran International”ın əllərindəki emaillərdən paylaşmağı vacib hesab etdikləri əsasında yazdıqlarıdır. Görünən odur ki, bu iki mərkəz də yalnız daha məşhur və ya daha həlledici olan şəxslər barədə yazmağı üstün tutmuşdur. Buna görə də, şəbəkədə daha başqa şəxslərin olduğu iddia edilə bilər.
Nəticə
Üzə çıxan emaillərdən başa düşüldüyü qədərilə Qərbdə fəaliyyət göstərən İran əsilli analitiklərin Tehran ilə əməkdaşlığa cəlb edilməsində əsas amil onların millətçi hissləri olmuşdur. Bu analitiklər arasında olan millətçi hisslər İslam Respublikası rəsmiləri tərəfindən hal-hazırki rejimin dəstəklənməsi istiqamətində istifadə edilmişdir. Məqalənin birinci hissəsində də bəhs edildiyi və Trita Parsi ilə Siamək Namazinin yazdığı kimi əsasən ikinci nəsil iranlı mühacirlər özlərindən əvvəlki nəsil qədər Tehran rejiminə düşmən kimi baxmırlar. Onlar məsələn nüvə danışıqlarında İrana yardım etməklə tarixi vətənlərinin milyardlarla dollar xərcinin boş yerə getməklə sonlanmamasına çalışırlar. Belə bir vəziyyəti Rusiya Vətəndaş müharibəsi zamanı Admiral Kolçakın əlində olan qızılları onu dəstəkləyən dövlətlərdənsə Rusiyanın daxilində qalmasını, yəni bolşeviklərə qismət olmasını üstün tutmasına bənzətmək mümkündür.
Beləliklə, məqalənin birinci hissəsində ABŞ-dəkı ən böyük iranlı təşkilatlarından birinin Tehran üçün elan edilməmiş lobbiçilik fəaliyyəti həyata keçirdiyi iddialarından bəhs etmişdik. Eyni zamanda həmin fəaliyyətin də Zərifin İran XİN rəhbərliyi dövrünə təsadüf etdiyi də xüsusən qeyd edilməlidir. Məqalənin bu hissəsində isə bir sıra böyük düşüncə mərkəzləri və dövlət üçün çalışan məşhur analitiklərin də Zərifin şəbəkəsinə daxil edildiyindən, İranın mənfəəti üçün çalışdığından bəhs edildi. Son olaraq, qısa şəkildə iddia edilə bilər ki, İran Qərb ilə münasibətlərdə özünə daha uyğun şərtlərlə razılaşma əldə edə bilmək üçün iki səviyyəli yumşaq güc siyasəti tətbiq etmiş, başda ABŞ olmaqla qarşı tərəfdəki dövlətlərə həm daxildən, həm də xaricdən əlindəki alətlərlə təsir edərək özünə qarşı yürüdülən siyasəti formalaşdırmağa və ya yumşaltmağa çalışmışdır. Hadisələrin sonrakı gedişatına, yəni 2015-ci ildə əldə edilmiş nüvə razılaşmasının 2018-ci ildə ABŞ tərəfindən qüsurlu və İran lehinə olmasını əsas gətirilərək tərk edilməsi, habelə İranın özünün uran ehtiyyatlarını zənginləşdirməyə davam etməsi onu göstərir ki, rəsmi Tehranın yürütdüyü siyasət ən azından müəyyən qədər uğurlu olmuşdur.
Qaynaqlar
- Sharafedin, Bozorgmehr. Sentyabr 2023. Inside Tehran’s Soft War: How Iran Gained Influence In US Policy Centers. Iran International. Link: https://content.iranintl.com/en/investigates/inside-tehran-softwar/index.html?_gl=1*13x0zq5*_ga*MTU4Mjc3MDU0OC4xNjg5ODg0NTQ5
- Daniel, Joyner (2016). Iran’s nuclear program and international law : from confrontation to accord. New York . ISBN 9780190635718.
- De Young, Karen və Morello, Carol. The path to a final Iran nuclear deal: Long days and short tempers. The Washington Post. Link: – https://www.washingtonpost.com/world/national-security/long-days-and-short-tempers-the-path-to-a-final-nuclear-deal/2015/07/15/bb90235c-2b1d-11e5-bd33-395c05608059_story.html
- Vaez, Ali. 16 iyun 2014. False Dilemmas in the Iran Talks. National Interest. Link: https://nationalinterest.org/feature/false-dilemmas-the-iran-talks-10674
- Solomon, Jay. 20 sentyabr 2023. Inside Iran’s influence operation. Semafor. Link: https://www.semafor.com/article/09/25/2023/inside-irans-influence-operation
- Məmmədov, Qulamhüseyn. Fevral 2024. İranlılar ABŞ-dı: I hissə. Milli İranlı Amerikalı Şurası və Trita Parsinin fəaliyyəti barədə qeydlər. Milliyyət Araşdırmalar Mərkəzi. https://milliyyet.info/siyaset/iranlilar-abs-d%C9%99/
- Betsy Woodruff Swan və Nahal Toosi. 12 iyul 2023. ‘It’s not good’: GOP angry over Biden team’s handling of Iran envoy probe. Politico. Link: https://www.politico.com/news/2023/07/12/gop-angry-over-biden-team-handling-iran-envoy-probe-00106023
- Brookings, 2024. Robert Einhorn. Link: https://www.brookings.edu/people/robert-einhorn/
- Esfandiary, D. və Tabatabai, A. 11 aprel 2015. Mission Impossible: Iran Is Too Powerful to Contain. The National Interest. Link:https://nationalinterest.org/feature/mission-impossible-iran-too-powerful-contain-12606
[1] Təhlükəsizlik sənədi hərtərəfli məlumat yoxlanışı başa çatdıqdan sonra şəxslərə məxfi məlumatlara (dövlət və ya təşkilat sirlərinə) və ya məhdud ərazilərə daxil olmaq imkanı verən statusdur.
[2] Amerikalı silahsızlanma və silahlara nəzarət üzrə araşdırmaçı, mütəxəsis. O, həm sanksiyalar, həm də İran və P5+1 ölkələri arasında İranın nüvə proqramı ilə bağlı aparılan danışıqlarla bağlı ABŞ siyasətinin formalaşmasında və həyata keçirilməsində aparıcı rol oynayıb. Daha çox məlumat üçün baxın: (Brookings, 2024 ) /
[3] Məqalənin birinci hissəsində ətraflı bəhs edilən Trita Parsinin qardaşı.
[4] Ariane Tabatabayi ilə heç bir qohumluq əlaqəsi yoxdur.
[5] Avropa Şurası Xarici Əlaqələr bölməsi və “Crisis Group” “Iran International” a ayrı-ayrılıqda İET şəbəkəsinin mövcudluğunu təstiqləsələr də, onun İran ilə əlaqəli olduğunu mübahisələndirmiş və qəbul etməmişdilər. Eyni zamanda qeyd etmək lazımdır ki, bütün bu məsələlərin ortaya çıxdığı emaillərin həqiqiliyi yalnız Adnan Tabatabayi tərəfindən rədd edilmişdir.
[6] Maraqlıdır ki, Əli Vaez də eynilə Trita Parsinin söylədiyi kimi iki tərəf arasındakı ziddiyyətlərin əsas səbəbi kimi geostrateji rəqabəti göstərir (Məmmədov, 2024; Vaez. 16 iyun 2014). Anlaşıldığı qədərilə bu iddia İranın messianik iddialarını pərdələmək üçün ortaya atılmışdır.