I hissə. Milli İranlı Amerikalı Şurası və Trita Parsinin fəaliyyəti barədə qeydlər

İran kollektiv Qərb ilə ən gərgin münasibətə sahib olan ölkələrdən biri olmaqla bərabər, başda ABŞ olmaqla bir çox ölkədə  iranlıların güclü lobbi təşkilatları mövcuddur.  Bu təşkilatların hamısının qeyri-hökumət təşkilatı kimi qeydiyyatdan keçməsinə və məqsədlərinin ölkələrdəki icmalarının hüquqlarının qorunması, bir-birləri ilə yardımlaşma kimi məsələlərgöstərilməsinə baxmayaraq, adları tez-tez siyasi məsələlərdə hallanır.  İndividual olaraq ABŞ-də yaşayan iranlılar əsasın müxalif olsalar da (və ya görünsələr də), müxtəlif qalmaqallı hadisələrdə ya bütün icma təşkilatının, ya da ayrı-ayrı çox güclü ekspertlərin/siyasətçilərin əslində İrandakı islami rejimə xidmət etdiyi iddia edilmişdir. Bu araşdırma belə qurumların fəaliyyətini, onların rəsmi Tehran ilə nə kimi gizli əlaqələr içində olması barədə mətbuatda gedən yazıların icmalını və Azərbaycan Respublikasının  Ermənistan ilə münaqişə zamanı onların hansı mövqe sərgilədiklərini incələməyə çalışılacaqdır.

Bu araşdırma zamanı ABŞ-dəki ən böyük iranlı icma təşkilatı barədə iddiaları əks etdirib son günlərdə üzə çıxarılmış “email”lər əsasında formalaşan qalmaqaldan bəhs etməklə birlikdə ABŞ-də iranlı icmasının formalaşmasından da qısa bir şəkildə bəhs edəcəyik. Araşdırmamızın nəticəsi olaraq sübut etməyə çalışacağıq ki, bu təşkilatlar və şəxslər Tehran rejiminə qarşı hər nə qədər müxalif olsalar və ya görünsələr də, onların bir qisminin Tehran ilə qaranlıq münasibətləri mövcuddur. Həmçinin bəzən İran ətrafında baş verən hadisələrə onların reaksiyası ilə Tehranın reaksiyası eyni olmaqdadır. Buna misal kimi Tehran və Milli İranlı Amerikalı Şurasının İkinci Qarabağ müharibəsinə göstərmiş olduqları reaksiyaları, İsrailə yanaşmaları müqayisəli təhlil ediləcək və göstərilməyə çalışılacaq ki, bu təşkilatlar hər nə qədər müxalif olduqlarını iddia etsələr də, strateji məqamlarda açıq şəkildə Tehran ilə eyni mövqe sərgiləyə bilirlər və ya mövqeləri eynidir.

Araşdırma iki mərhələli olacaqdır. Birinci hissədə yuxarıda dediklərimiz əsasən ABŞ-dəki iranlı icma təşkilatı və onun həmqurucusu, əsas siması olan Trita Parsinin yazdıqları hesabına həyata keçiriləcəkdir. Trita Parsinin bu məqsəd üçün seçilməsi təsadüfi eyildir. O, Qərb standartlarında mükəmməl təhsil almış, ən güclü diaspora təşkilatının ideyasını formalaşdıran, onu quran və fəaliyyətini tənzimləyən əsas şəxslərdən biri olmuşdur. Parsin qeyd edilən təşkilatın rəhbərliyindən ayrılsa da, araşdırmada onun bu ayrılıq sonrası fikirlərinə də yer veriləcəkdir.

İkinci mərhələdə son aylarda ABŞ-də üzə çıxan qalmaqalın icmalı veriləcək, bu qalmaqal sayəsində ABŞ siyasətində İran lobbistlərinin nə qədər güclü olmasının göstərilməsinə çalışılacaqdır. Həmçinin hər iki hissənin doğan nəticə sonda, yəni ikinci hissənin sonunda təqdim olunacaqdır.

  1. Giriş.

İranlıların ən çox yaşadıqları ölkələrdən biri də ABŞ-dir. Xüsusən İkinci Dünya müharibəsindən sonra iki ölkə arasında “Azərbaycan böhranı”[1] nəticəsində güclü siyasi yaxınlaşma baş verdi. Daha sonrakı dövrlərdə də, İranın xüsusən varlı təbəqəsindən olmaqla on minlərlə şəxs ABŞ-ə oxumağa getdi.  Bu tələbələr Məhəmməd Rza şah Pəhləvi dövründə ABŞ ilə İran arasında siyasi problemlərə səbəb olmaqla birlikdə tələbəlik illəri boyunca əsasən solçuluğa (Iran International Newsroom, 12.11.2021) meyillənir, ABŞ-ni İrandakı mütləq monarxiyanı dəstəkləməkdə ittiham edir, ölkədəki insan hüquqlarının vəziyyətinə laqeyd yanaşmaqda günahlandırırdı. Pəhləvi sülaləsi dövründə ABŞ-dəki tələbələr şahın səfərləri zamanı onun “əsəblərinin pozulmasına” yol açsalar da, ciddi bir nəticəyə nail ola bilməmişdilər (Offlier, 2015, ss. 73-80). ABŞ Pəhləvi monarxiyasını özünün Orta Şərq siyasətinin əsas sütunu hesab etmiş, hətta 1972-ci ildən sonra prezident Riçard Nikson İrana silah satışı məsələsində bütün məhdudiyyətləri ortadan qaldırmışdı (Offlier, 2015: 6). 1979-cu il inqilabı olduğu zaman İrandakı köhnə elitanın böyük bir hissəsi başda ABŞ olmaqla Qərb ölkələrinə mühacirət etdilər (Bayor, 2011, s. 1076.). Bu proseslə də biz Qərbdəki İran diasporasının “siyasi rənginin” dəyişməsinə şahidlik edirik – ABŞ-də monarxiyaya qarşı olan iranlı diaspora artıq güclü şahçı, köhnə rejimi bərpa etmək tendensiyaları sərgiləməyə başlayır.

Pəhləvi ilə gedən mühacirlərin əskəriyyəti İran ilə ABŞ-nin münasibətlərində “molla rejiminin” devrilməsi istəklərini dəfələrlə dilə gətirsələr, hətta bəzi iddialara görə, bunun üçün lobbiçilik etsələr də, son dönəmlərdə ortaya çıxan iddialarla bu düşüncə artıq sorğulanmalıdır. Həqiqətən də xüsusən ikinci nəsil mühacirlər İrandakı rejimə birinci nəsil mühacirlər kimi düşmən münasibəti bəsləyirlərmi? Yoxsa ən azından ikinci nəsil mühacirlər (yəni, əsasən onlar arasından çıxan ekspertlər nəzərdə tutulur) rejimin yaxın bir zamanda yıxılmayacağını (və ya Qərbin onu yıxmasındən sonra formalaşacaq konfiqurasiyanın ölkə olaraq İrana baha başa gələcəyini) düşünərək onu ən azından bəzi məqamlarda qorumağı daha məqsədəuyğun hesab edirlər ?

  1. “NIAC” və ya Milli İranlı Amerikalı Şurası[2] (MİAŞ)
    1. İdeoloji əsaslarının dəyərləndirilməsi və hazırlanması

ABŞ-dəki ən böyük iranlı icma təşkilatı hesab edilən “NIAC” və ya Milli İranlı Amerikalı Şurası (MİAŞ) 2002-ci ildə Trita Parsi, Babək Talebi və Fərzin İlliç tərəfindən ABŞ-İran əlaqələrini genişləndirmək üçün yaradılmışdır. Bu təşkilatın yaradılmasından bir neçə il əvvəl, 1999-cu ildə Parsi Siamak Namazi ilə birlikdə konfrans üçün yazdığı məqalədə ABŞ-dəki iranlı miqrantlardan və onların vəziyyətindən bəhs etmişdir.

Onlar 1979-cu il inqilabının ardınca İrandan ABŞ-yə yönələn əsas köç zamanı gələnlərin artıq vətəndaş olduqlarını, ikinci nəsil iranlıların valideynlərindən fərqli olaraq, tam bir amerikalı kimi yetişdiklərini qeyd edirlər. Həmçinin 1979-cu ildə gələnlərin keçən 20 ildən sonra artıq ABŞ-də müvəqqəti olmadıqlarını anladıqlarını, artan kommunikasiya vasitələrinin də yardımı ilə bütün ABŞ boyunca səpələnmiş iranlıların ünsiyyət qurmağa başladıqlarını yazaraq, ABŞ siyasətinə təsir edə biləcəkləri bildirirlər (Namazi və Parsi, 1999:1-4).  Həmçinin müəlliflər inqilabdan sonra kəskin siyasi diskursun artıq öz keçərliliyini itirdiyini, xüsusən də İraq müharibəsindən sonrakı dövrdə İranın yenidənqurma mərhələsinə qədəm qoyması ilə yumşalmanın daha da gücləndiyini yazırlar və nümunə kimi Prezident Rəfsəncanı və Hatəmi dönəmində atılan addımları, Ali Dini Lider Əli Xamneyinin sözlərini istinad göstərirlər. Xamneyi Avropada xidmət edən səfirlərlə görüş zamanı bunları demişdi: (Namazi və Parsi, 1999: 4-5)

Siz xaricdəki iranlılara lazimi həssaslığı göstərməlisiniz. Siz buna uyğun düşünməli və plan qurmalısınız. Siz özünüzü şəxsin inqilabi olub-olmaması barədə narahat etməyin, [onların arasında] fərq qoymayın, o, iranlıdır. Öz iş sahənizdə nə vaxt ki bir iranlının problemi olduğunu görsəniz, əlinizdən gələni edin ki, onun problemini həll edəsiniz.”

İran hakimiyyətinin müsbət addımlarını qeyd etdikdən sonra müəlliflər ABŞ-dəki iranlıların yaxşı təşkilatlanmamasına görə, bəzən Xalq Mücahidləri Təşkilatının rəsmilər tərəfindən onların təmsilçisi kimi qəbul edildiyindən gileylənir və yaxşı təşkilatlanmaqla Xalq Mücahidlərini meydandan çıxarmağın mümkünlüyünü vurğulayır.

Həmçinin müəlliflər ABŞ-nin o dövrdə İrana qarşı siyasətin yumşaltması təklifinin bəziləri tərəfindən müzakirə edilməsini müsbət addım kimi qələbə verir və bəzi rəsmi şəxslərin ABŞ vətəndaşı iranlıların ABŞ-nin İrana yönəlik keçmiş siyasətindən narazılıq duyduğundan xəbərdar olduqlarını bildirirlər (Namazi və Parsi, 1999: 6).

ABŞ rəsmilərinin İrana qarşı bəzən sərt siyasət izlədiyini qeyd edən müəlliflər sanksiyalardan mənfi obrazda bəhs edirlər (Namazi və Parsi, 1999: 7) və buradan anladığımız qədərilə İrana sanksiya tədbiq edilməsini istəmirlər.

Müəlliflər ABŞ-dəki iranlıların lobbi təşkilatı və ya icma qurmaqla iki millət arasında körpü rolu oynaya biləcəklərini, həm ABŞ-yə təsir edə bilib İrana qarşı münasibəti yaxşılaşdıra, eyni zamanda da, İranı demokratikləşməsi üçün oradakı hökumətə təzyiq edə biləcəklərini yazsalar da (Namazi və Parsi, 1999: 10), böyük iqtisadi təzyiqlər və sanksiyalarla demokratikləşməyə getməyə razı olmayan rejimi bu yolla necə demokratikləşməyə razı salacaqlarını qeyd etmirlər.

          Qısa şəkildə bildirsək, özünün yazıda qeyd etdiyi kimi müəllifin ikinci nəsil mühacirlərə aid olduğu yazının ruhundan hiss edilir.  Belə ki, o, özündən əvvəlki nəsildən fərqli olaraq artıq İrandakı rejimə onu vətənindən getməyə məcbur edən qəsbkar kimi baxmır, onun İrana yanaşması Qərb sosial elmlərində də çox təriflənən “tamaddon-e bozorg”lüyün nostalgiyasına və romantikasına əsaslanır.  Onlar özü-özlüyündə rejimlə barışmış, ona qarşı alovlu intiqamçı hisslər bəsləməyən bir nəsli təmsil edirlər və Xamaneyinin sözünə istinad edərək, Rəfsəncani-Hatəmi dövründə atılan addımları nümunə göstərərək bu “sevgilərinin” təktərəfli olmadığını sübut etməyə çalışırlar.

1.2 MİAŞ-a qarşı iddialar

Belə düşüncələr ətrafında MİAŞ yaradılmış və özünü iki millət arasında münasibətləri yaxşılaşdırmaq, ABŞ-dəki iranlılrın problemini həll etmək və s. kimi məsələlərlə məşğul olan qeyri-kommersiya orqanı kimi təqdim etmişdir. Fəaliyyəti dövründə ABŞ-dəki qədim dövr İran tarixinə aid tarixi nümunələrin müsadirə edilməsinə qarşı çıxmış (NIAC, 24 iyun 2009; Parsi, 6 mart 2009), iranlı tələbələrin viza şərtlərinin asanlaşdırılması üçün lobbi fəaliyyəti icra etmiş və uğurlu olmuş, (McMurtri, 20 may 2011)  illik siyasət kofnransları təşkil edib məşhur siyasətçiləri dəvət edərək AŞ iranlılarının siyasi gedişatları dəyişmək üçün güc qazanmağın yolları barədə məsələlərin müzakirələr aparmaqla məşğul olmuşdurlar. Lakin görünür, MİAŞ ABŞ-də bir çox millətin nümayəndələrinin məşğul olduğu bu işlərlə öz fəaliyyətini məhdudlaşdırmamışdır. Belə ki, bu qurumun Tehran rejimi ilə əlaqəli çalışdığı və onun xeyrinə lobbiçilik etdiyi də zaman-zaman fərqli qaynaqlar tərəfindən iddia edilmişdir.

2007-ci ildə Arizonada yaşayan İran əsilli blogger Həsən Dayoleslam açıq şəkildə MİAŞ-ın Tehran rejimi lehinə lobibçilik etdiyini bildirdi.[3] O, qeyd edirdi:

Mən güclü bir şəkildə inanıram ki, Trita Parsi İran şəbəkəsinin ən zəif hissəsidir, çünki o, Siamak Namazi[4] və Bob Ney[5] ilə əlaqəlidir…Mən inanıram ki, onun darmadağın edilməsi bütün şəbəkəyə hücumun başlanğıcı olacaq…”

MİAŞ buna cavab olaraq Dayoleslamı böhtan atmağa görə məhkəməyə verdi. Uzun illər davam edən məhkəminin sonunda hakimlərin qərarı ilə MİAŞ Dayoleslamın məhkəmə prosesinə çəkdiyi xərci (183.000 dollar)  qarşılamalı olduğu qərarına gəldi, lakin məhkəmənin gedişatı boyunca da, MİAŞ-ın məhkəməyə müraciət edən tərəf olmasına baxmayaraq, bəzi sənədləri məhkəmədən gizlədən gecikmələrə yol verməsi şübhələrə səbəb olmuşdu (Rosen, 5 mart 2015). Lakin məhkəmə prosesində Dayoleslam MİAŞ-ın Tehranın lobbi təşkilatı olması [1]iddiasından geri çəkildiyini bildirdi. Belə olduğu halda, ABŞ hüquq sisteminə görə Dayoleslam avtomatik şəkildə böhtan atan tərəf olmur, çünki onun böhtan atan tərəf olaraq məhkəmə tərəfindən təqsirkar elan edilməsi üçün MİAŞ Dayoleslamın yalan danışdığının fərqində ola-ola bu akta yol verməsini də sübut etməlidir (Rosenberg, 7 may 2013).[6]

Məhkəmədə qaranlıq məqamlar isə MİAŞ-ın özünün başlatdığı məhkəmədə istənilən sənədlərin hamısını təqdim etməməsi və ya gecikdirməsi oldu. Dayoleslamın bildirdiyinə görə, istənilən sənədlərin yalnız 10 faizi məhkəməyə təqdim edilmişdir. Eyni zamanda MİAŞ-ın işçilərinin Tehran rejimi ilə əlaqədə olmamasının sübut edilməsi üçün ondan işçilərinin “Outlook” təqvim qeydləri istənilmiş, buna 10 ay sonra cavab verilmiş, bu zaman da qeydlər yarımcıq olmuşdur. Təqdim edilən qeydlərin 78-i isə qısa müddət əvvələ sirayət etmiş, Parsinin təqviminin isə 2/3 hissəsi dəyişdirilmişdi. Bunları nəzərə alan hakim qeydlərin böyük bir hissəsinin təqdim edilməsindən qısa müddət əvvəl dəyişdirildiyini də yazmışdır. Həmçinin məhkəmənin gedişatı zamanı MİAŞ-ın dörd komputerini məhkəmədən gizlətdiyi də bəlli olmuşdur. MİAŞ-ın bu komputerlərin təcrübəçilərin komputeri olmasını deməsinin də bir müddət sonra yalan olması üzə çıxmışdır. Bundan başqa, MİAŞ minlərlə “e-mail”in də məhkəmənin tələblərinə baxmayaraq, təqdimini gecikdirməyi bacarmış, daha sonra isə məhkəmənin müəyyən edə bilmədiyi səbəblərə əsaslanaraq minlərlə “e-mail”i özündə saxlamışdır. Dayoleslam xüsusən həmtəsisçilərdən olan Babək Talebinin “e-mail”lərinin üzə çıxarılması ilə qrupun əslində nə işlə məşğul olduğunun bəlli olacağını demişdi. Hadisələrin bura qədərki məntiqinə uyğun olaraq, MİAŞ məhkəməyə təqdim etdiyi üzv siyahısı və maliyyə transaksiyaları məsələsində də yuxarıda qeyd edilənlərə uyğun davranmış və bir çox mətləb qaranlıq qalmışdı (Rosen, 5 mart 2015).

Beləliklə, məhkəmə nəticəsində MİAŞ-ın hüquqi olaraq Tehran rejimi üçün lobibçilik fəaliyyəti göstərdiyi sübut edilməsə də, onun proses zamanı mühüm sənədləri təhrif etməsi, tam olaraq verməməsi və ya gecikdirməsi bir çox şəxsdə sualların meydana çıxmasına yol açdı. Həmçinin memarandumda belə yazılmışdı: (United States District Court For The District Of Columbia, 2013: 12)

Parsinin vaxtaşırı balanslı, paylaşılan ittiham yanaşmasını əks etdirən bəyanatlar verməsi onun ilk növbədə rejimin [İran İslam Respublikası nəzərdə tutulur] müdafiəçisi olması fikri ilə ziddiyyət təşkil etmir. Müttəhimin fikirlərini dəstəkləmək üçün toplanmış digər sübutları nəzərə alaraq, məhkəmə müttəhimin təsadüfi əks bəyanatlara məhəl qoymamaq və onların əsasən Parsi və MİAŞ-ın Birləşmiş Ştatlarda imicini ləkələmək üçün edildiyini güman etmək qərarında heç bir “faktiki bədxahlıq” görmür. Nəhayət, İran rejiminin hər hansı orta zəkalı agenti, rejimin ABŞ-dəki reputasiyasını nəzərə alsaq, fasiləsiz rejim tərəfdarı kimi görünmək istəməz[7].”

Beləliklə, yuxarıda Con D. Batesin memorandumundan götürülmüş bir hissədən də göründüyü kimi Parsi və ümumiyyətlə MİAŞ böyük bir şübhə altına alınmışdır.

2015-ci ilin martında Eli Leyk Bloomberg üçün yazdığı və Orta Şərqdə İranın ABŞ maraqlarına qarşı apardığı vəkalət müharibələrinə[8] baxmayaraq, ABŞ-nin İran ilə nüvə razılaşmasına gəlməsindən bəhs edən yazısında 2007-ci ilə qədər İranın BMT-dəki səfiri, sonra da XİN rəhbəri olan Cavad Zərifin şəxsi keyfiyyətlənin bu razılaşmada həlledici olduğunu bildirirdi. O, məqalədə Cavad Zərifin digər iranlı doplomatlardan fərqli olaraq ABŞ siyasiləri, jurnalistləri, ekspertləri və s. ilə isti münasibət saxladığını, onlarla müzakirələrə açıq olduğunu və özünün cəzbediciliyi ilə onlara xoş təsir etdiyini qeyd edərək Zərifin MİAŞ-ın həmqurucusu və əsas siması Trita Parsi ilə də yaxşı münasibətlərinin olduğunu qeyd edirdi. Müəllif üzə çıxan “e-mail”lərdən Zərif ilə Parsinin, eyni zamanda da MİAŞ-ın yaxın münasibətləri olduğu qənaətinə gəlir. Məsələn, 2006-cı ildə Zərif ilə Parsi jurnalistlərin İranın Buş administrasiyasına sülh təklifi barədə yazmalarına çalışırdı (Lake, 31 mart 2015). Bunda başqa, hələ 2009-cu ildə “Washington Times” qəzetində yazılmış yazıda da Parsi ilə Zərif arasındakı “e-mail”lərin təşkilatının ABŞ qanunlarını[9] pozduğunun, elan edilməmiş şəkildə başqa bir dövlət üçün lobbiçilik fəaliyyəti güddüyünün sübutu hesab edilə biləcəyini yazılmışdı (Lake, 13 noyabr 2009).

Beləliklə, iddia edə bilər ki, bəlkə də MİAŞ-ın və ya Trita Parsinin İran lehinə Qərb dairələrində elan edilməmiş lobbiçilik etməsini hüququ baxımdan məhkəmədə sübut etmək hələlik mümkün olmasa da, ortalığa çıxmış faktlar Parsinin İran rejiminin ən azından bəzi şəxsləri ilə müsbət münasibətlərinin olduğunu təsdiqləyir və bu faktlar əsasında ağla gələn ehtimallar onun İran lehinə fəaliyyət göstərdiyi ehtimalının həqiqiliyini mümkün edir.

1.3. MİAŞ və İranın regional münaqişələri

 İsrail ilə münasibətlər

MİAŞ-ın əsas siması olan Trita Parsinin İran-Azərbaycan arasındakı münasibətlərdə, Qarabağ və İran-İsrail münasibətlərində də tutduğu münasibət diqqəti özünə cəlb edir. İlk öncə İranın regional baxımdan əsas münaqişədə olduğu ölkə olan İsraillə münasibətlərə yanaşmasına qısa göz şəkildə göz ataq.

Qeyd edək ki, Parsinin doktorantura mövzusu elə İran-İsrail münasibətlərinə həsr olunmuşdur. 2011-ci ildə Harvard Hüquq Məktəbinin Qlobal Hüquq və Siyasət İnistitutunun təşkil etmiş olduğu toplantıda çıxış edən Parsi İsrail ilə İran arasındakı münaqişənin ideoloji yox, strateji olduğunu vurğulamışdı (Wong, 22 fevral 2011). 2013-cü ildə çıxış etdiyi TedX çıxışında o, yəhudilərlə farslar arasında tarixi əlaqənin yaxşı olduğunu vurğulamış, şah dövrünün İsraillə yaxın əməkdaşlıq erasını xatırlatmış,  İslam inqilabının baş verməsi ilə bu əməkdaşlığın bitmədiyini, şah dövründə İranı İsraillə (və ya əksinə) yaxınlaşmağa məcbur edən faktorlardan biri olan İraqın İranı işğal etmə təhlükəsi qarşısında İsrailin İrana silah satdığını,[10] İsrailin Vaşinqtonda İran lehinə lobbiçilik fəaliyyəti həyata keçirdiyini, onun İrana qarşı silah embarqosunu ləğv etməyə çalışdığını bildirir. Parsi əlavə edir ki, 1991-ci ildə Soyuq Müharibənin bitməsi ilə hər iki dövlətə qarşı Sovet İttifaqı təhlükəsi qalxır, eyni zamanda İraqın işğalı ilə bu təhlükə də yox olmuş olur və bu amillər iki dövlət arasındakı “Soyuq Sülh”ün də bitməsinə yol açır. Beləliklə, Parsi hər iki dövlət arasındakı bu düşmənliyin səbəbini tam və ya ən azından əsasən regional dəyişikliklərlə əlaqələndirməyə çalışır. O, İranın 1991-ci ildə ABŞ-nin İraqı məğlub edərkən İranın dolayı yolla ona yardım etdiyini, eynisinin Əfqanıstan işğalı zamanı da yaşandığını, lakin bu addımların ABŞ-nin ona qarşı pozitiv yönəlməsi ilə nəticələnmədiyini bildirir. Parsiyə görə, İran əslində özünün anti-israil mövqeyini sadəcə ABŞ-yə qarşı müsbət addımları cavabsız qaldıqdan sonra 1993-1994-cü illərdə real sahədə təbiq etməyə başlamışdır, çünki artıq görmüşdür ki, nə etsə də, ABŞ ona müsbət yanaşmayacaqdır. Çünki İsrail ABŞ-nin İrana yaxınlaşmasının onun təhlükəsizliyi hesabına olacağını düşünür və buna görə də Vaşinqtonda antiiran lobbiçiliyinə başlamışdı. O, İranın regionda anti-ABŞ mövqesini guya ABŞ-ı onunla daha konstruktiv davranmağa məcbur etmə cəhdləri kimi təqdim edir. Bunun nümunəsi kimi də Fələstin islamçı təşkilatlarını dəstəkləməyə başlamasını göstərir. Parsi İranın ideoloji diskurslarının strateji diskurslardan üstün olmadığını, strateji maraqları lazım biləcəyi halda ideoloji diskursunu kənara ata biləcəyini bildirir,sonda isə İrana qarşı müharibənin əlehinə çıxır və məsələlərin ideoloji yox, strateji olduğu üçün diplomatik yollarla həll edilə biləcəyini dilə gətirir (Parsi, 2010).

Göründüyü kimi Parsinın mövqeyi yaxşı strukturlaşdırılmış məntiqə əsaslanmaqdadır, lakin tarixi olaraq məsələyə yaxınlaşdıqda tutuşmazlıqların olduğu görünməkdədir. İlkin olaraq, Parsi ideoloji-stateji müqayisəsi apararaq yanlışa yol verir, çünki əgər biz İsrailin İslami rejim tərəfindən ideoloji düşmən olduğunu qəbul ediriksə, deməli İran İsrailə qarşı strateji səbəblərə görə bu düşmənliyini daha geri plana ata və ya daha ön plana çıxara biləcəyini, amma tamamilə gündəlikdən çıxarmayacağını  nəzəri olaraq qəbul edirik. İsrailin İrana silah satması ilə bağlı məsələ sadəcə istisna təşkil etməkdədir, inqilabdan keçən onilliklər boyunca görünən odur ki, İran İsrailə qarşı olan düşmən ritorikasını dəyişmək fikrində deyil, bu həm də totalitar rejim olaraq ona xarici düşmən fiquru kimi, həm də Orta Şərq bölgəsinə daxil olma aləti kimi lazımdır. Həmçinin Parsinin 1980-ci illəri sadəcə bir hadisə ilə ümumiləşdirməsi də məntiqi baxımdan düzgün görsənmir. Əgər hadisələrlə bol bir onilliyin – hansıki bu onillik boyunca İran İsrailə qarşı sərt siyasət izləmiş, fələstinli silahlıların bir hissəsinə təlim keçmiş və İrandakı inqilabın birbaşa təsiri ilə həm HAMAS qurulmuş, həm də Türkiyədə Fələstin məsələsi geniş bir şəkildə gündəmə gəlmişdir – İsrailin İrana silah satması faktı ilə ümumiləşdirə bilməyəcəyini prinsip olaraq qəbul etsək, Parsinin arqumentləri əsassız görünməkdədir. Çünki 1980-ci illər boyunca SSRİ və Saddam Hüseyn İraqı mövcud olmuş, amma bu yenə də İrandakı İslam rejiminin ABŞ-də başqa olmaqla, İsrailə meydan oxumasına əngəl olmamışdır. Hətta İran ABŞ və İsrailə qarşı daha geniş sahəyə malik olmaq üçün, Sovet İttifaqı ilə nisbətən daha yumşaq (Parsi, 8 avqust 2012) davranmışdır. Həmçinin Parsi İranın 1993-1994-cü illərdə ABŞ-yə qarşı real addımlar atmağa  keçdiyini bildirsə də, nədənsə 1980-ci illər boyunca İranın özünün də İraqla yorucu müharibədə olmasına baxmayaraq, paraleldə anti-İsrail və anti-ABŞ təşkilatlara aktiv yardım etdiyi faktını (National Commission on Terrorist Attacks Upon the United States, 9 iyul 2003) görməzdən gəlir.

Beləliklə, Parsinin çıxışının məğzindən aydın olur ki, o, “akademik dolanbaçlara” girərək İranın “appeseament”, heç olmasa regional konfiqurasiya qurularkən fikrinin soruşulacağı halda, İsraillə normal münasibətlər quracağını, İrana qarşı sərt siyasətin, embarqo və sanksiyaların İranı daha da radikallaşdıracağını və İsrail üçün təhlükə törədəcəyini deməyə çalışır. Bundan bir il əvvəl Parsinin “Salon”a müsahibəsində İsraili  “ABŞ və Aİ-ni İrana qarşı iqtisadi sanksiyaların tətbiqinə sövq etmək üçün müharibə təhdidindən istifadə etməkdə” günahlandırıb və bu sanksiyaları “kor” və “ayrı-seçkilik” adlandırmasını (Parsi, 8 avqust 2012)  da xatırlasaq, Parsinin əsl məqsədinin minimum səviyyədə İrana qarşı iqtisadi təzyiqlərin azaldılması, maksimum səviyyədə isə İrana qarşı sərt siyasət tərəfdarlarının zəiflədilməsi, ABŞ-ni İranla daha yaxşı şərtlər altında danışıqlar aparmağa sövq etmək daxil olduğunu iddia edə bilərik.

  • Azərbaycana münasibəti və Qarabağ münaqişəsi

Azərbaycanın 2020-ci ildə işğal olunmuş torpaqlarını azad etmək üçün başlatdığı müharibə sonrasında İran ilə münasibətləri gərginləşdi. Məsələyə ideolojik olaraq yaxınlaşdıqda rəsmi kimliyini şiəliyə əsaslandıran teokratik dövlət olan İranın dünyada azsaylı şiə əksəriyyətə sahib olan, eyni zamanda da uzun ortaq tarixi keçmişi paylaşdığı Azərbaycanı dəstəkləməsini gözləmək olardı. Lakin müharibəyə qədərki dövrdə və müharibədə İranın Ermənistanı gizli və ya açıq bir şəkildə dəstəkləməsinə əlavə olaraq, müharibənin ilk günlərində İran açıq şəkildə anti-azərbaycan çıxışlara yol verdi, eyni zamanda da öz ərazisindən Ermənistana silah daşınmasına şərait yaratdı (Ahmadzada, 16 fevral 2023). İran daxilindəki azərbaycanlıların etirazlarından və artıq Azərbaycanın müharibənin taleyini həll etdikdən sonra İran ardıcıl bəyanatlarla Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirdi (Jalilov, 4 mart 2021). İranın strateji olaraq Ermənistanı dəstəkləmə siyasətində realpolitik davrandığını iddia edə bilərik, çünki Qarabağ münaqişəsindən qurtulmuş Azərbaycanın Arazın digər sahilindəki azərbaycanlılara ilham olacağı, İranda etnik azlıq olan azərbaycanlıların iranlı üst kimliyindən deinteqrasiya prosesinin sürətlənəcəyindən çəkinməkdə idi (Mammadov, 2023; Cabbarl, 31 oktyabr 2020).  Maraqlısı odur ki, 2020-ci il müharibəsi və növbəti illərdə baş vermiş bütün toqquşmalarda MİAŞ da Ermənistanı dəstəkləmiş, narrativ etibarilə ABŞ-dəki erməni diasporasından elə də fərqlənməyən bəyanatlar vermişdirlər.

Məsələn, Parsi həmqurucusu və icracı vitse-prezident olduğu “Quincy Institute for Responsible Statecraft” saytında 2021-ci ilin iyul ayında yayımlanmış və Metyu Petti ilə birlikdə yazmış olduğu yazısında eynən müharibə zamanı İranın iddialarını  (Karimi, 7 oktyabr 2020)  təkrarlayaraq guya Türkiyənin Suriyadan döyüşçüləri gətirib Qarabağda döyüşdürdüyünü yazmışdır (Petti və Parsi, 19 iyul 2021).  Həmçinin MİAŞ 2022-ci ilin sentyabr döyüşləri zamanı ABŞ-dəki erməni lobbi təşkilatı olan “ANCA”ın “X” platformasındakı bəyanatını paylaşaraq bunları yazmışdı:[11]

Azərbaycanın Ermənistana qarşı son hücumları müdafiə olunmaz və qanunsuzdur. İranlı amerikalılar müharibənin baha başa gəldiyini və ən çox əziyyət çəkənlərin sadə mülki insanlar olduğunu çox yaxşı bilirlər. ABŞ təcavüzkara yardım etməməli və atəşkəs və daha geniş sülh üçün səy göstərməlidir.”

Bundan başqa, MİAŞ 2023-cü ilin sentyabr ayının 19-da yenə “X” platformasında bunları yazmışdır:[12]

Azərbaycanın Dağlıq Qarabağa hərbi hücumu bizi dərindən narahat edir və bu, erməni əhalisinin qaçılmaz etnik təmizlənməsi qorxusunu daha da artırır. Bayden bu təcavüzü dayandırmaq, silah satışını dayandırmaq və davamlı sülhə doğru irəliləmək üçün hərəkətə keçməlidir.”

Azərbaycanın Qarabağı tam olaraq azad etməsindən sonra Qərbdəki ermənilərin etnik təmizləmə edilməsi barədə apardığı propaqanda görünür MİAŞ-a da təsir etmişdir. Onların 2023-cü ilin oktyabr ayının 4-də yayımladıqları bəyanatda qeyd edilirdi:[13]

Beynəlxalq ictimaiyyət bu çətin zamanda erməni xalqına yardım etmək üçün humanitar səyləri artırmalıdır.

Artsaxın etnik təmizləməsi fəlakətli olmuş, 100,000-dən çox yerli erməni Azərbaycan tərəfindən aylarla davam edən aclıq və dinc insanlara qarşı amansız hücumlar nəticəsində öz ata-baba yurdlarından didərgin salınmışdır.”

Göründüyü kimi bəyanatda birtərəfli qaydada hazırlanmış, Azərbaycan Respublikasının bütün erməni kökənli vətəndaşlarına dinc şəraitdə Qarabağda qala biləcəkləri ilə bağlı verdiyi bəyanatlara yer verilməmişdir. Parsi bu toqquşma zamanı artıq MİAŞ-ın rəhbərlərindən biri olmasa da, o da “X” platformasında buna bənzər bəyanat vermişdi:[14]

Qlobal Cənub Rusiyanın Ukraynanı işğalına qarşı çıxmanın beynəlxalq nizama əsaslanan qaydaları saxlamaq üçün əhəmiyyətli olması arqumentini qəbul etmədi, çünki onlar Qərbin bundan necə özbaşına istifadə edəcəyini bilirdilər.

Ermənistanı silahlandırmağı [belə] unudun. Qərb Azərbaycanın etnik təmizləməsinə belə etiraz etmədi.”

Göründüyü kimi ABŞ-dəki iranlılar arasında siyasətlə məşğul olanların ən aktivlərindən olan Parsi bir paylaşımı ilə həm İranın (Qlobal Cənub adı ilə) Rusiyanın Ukraynanı işğal etməsinə yardım etməsinə haqq qazandırmağa çalışmış, İranın regiondakı əsas müttəfiqlərindən olan Ermənistann silahlandırılmasına söz vurmuş və yaxın aylara qədər İran ilə münasibətləri çox pis olan Azərbaycanı etnik təmizləmə ittiham etmişdir.[15]

MİAŞ-ın tapa bildiyimiz Azərbaycan barədə ilk çıxışı 2002-ci ilə aiddir. Həmin ildə Tehran rejiminə müxalif olduğu və etnik haqların verilməsini müdafiə etdiyi üçün bir neçə dəfə həbs edilən, seçilmə hüququ əlindən alınan Mahmudəli Çöhrəqanlı ABŞ-də “The Central Asia-Caucuses Institute” tərəfindən dinlənilmişdi. ABŞ rəsmilərinin də iştirak etdiyi bu görüşdə Çöhrəqanlı separatizmi yox, İrandakı bütün millətlərin haqlarının verildiyi demokratik federativ dövlətdə yaşamaq istədiklərini bildirmişdi. Çöhrəqanlının İrandan tamamilə ayrılma istəyi iddiasını rədd etsə də,[16] MİAŞ bu görüşdən sonra bəyanat yayaraq görüşü qətiyyətlə pislədiyini bildirmişdir. Yayımlanmış bəyanatda tənqid edilənlərdən biri də Azərbaycan Republikasının keçmiş İrandakı səfiri və tarixçi Nəsib Nəsibli idi (Breakstone, 20 aprel, 2003; Chehregani, 8 avqust 2002). Əsl məqsədinin İranın demokratikləşməsi olduğunu iddia edən icma təşkilatının belə bir görüşə niyə qarşı çıxdığı məntiqi baxımdan anlaşılmazdır. Məntiqi olaraq iddia edə bilərik ki, milyonlarla insanın etnik hüquqları görməzdən gəlinirsə, demokratikləşmənin ilkin tələblərindən biri də bu haqların təmin edilməsini tələb etməkdir. Lakin həm bu təşkilatın pres-relizlərini araşdırarkən, həm də onun əsas simalarından biri olmuş şəxslərin yazılarını incələyərkən belə bir iddiaya rast gəlmək mümkün olmadı. Buna əsaslanaraq, iddia edə bilərik ki, sırf İrandakı etnik azlıqların hüquqları baxımından bu təşkilatın təklif və ya etiraz etdiyi bir şey yoxdur və status-kvo tərəfdarıdır.

Göründüyü kimi Trita Parsi və onun kimi düşünən insanlar, MİAŞ və İranın mövqeyində[17] Azərbaycan və keçmiş Qarabağ münaqişəsinə yanaşmada prinsipial fərqlər yoxdur, əksinə xeyli oxşarlıqlar, hətta eyniliklər vardır. Xankəndinin də azad edilməsi ilə bağlı son əməliyyatlar zamanı dövlətin tam nəzarətində olan İran mətbuatında Azərbaycanı ittiham edən yazılar yayımlanmış, hadisələrin “1915-1917-ci il hadisələrinə” bənzər hadisələrə yol aça biləcəyi iddia edilmiş, hətta “Sazendeg”i qəzetində gedən yazılarda İsrail ilə Türkiyənin Azərbaycanı münaqişə boyunca dəstəkləməsinə baxmayaraq, İranın mövqeyinin Fransa və ABŞ-nin yanaşmasına bənzədiyi qeyd edilmişdir (The Middle East Eye, 15 sentyabr, 2023). Yuxarıdakı iqtibaslardan göründüyü kimi, MİAŞ və Parsinin də bu  məsələyə yanaşmasında İranın münasibətindənfərqlənən elə bir şey yoxdur. Həmçinin hər iki tərəfin İsrailə yanaşması da bənzərdir. İran necə İsraili regionda özünün əsas düşməni olaraq görürsə, MİAŞ və Parsi də ABŞ-İran gərginliyində əsas olaraq İsraili günahkar görmüşdürlər. Parsinin yazdığı bir çox məqalədə ana xəttdə İranla danışmağın nə qədər faydalı olduğu, hərbi aktın isə nə qədər təhlükəli olduğu iddialarından ibarətdir.[18] Bütün bu danışıqlar boyunca İranın öz nüvə proqramını inkişaf etdirdiyini də nəzərə alsaq, Parsinin fayda dedikdə tam olaraq nəyi nəzərdə tutduğu o qədər də anlaşılan deyil.

Görünür MİAŞ-ın, indi rəhbərlikdə olmasa da onun qurucusu olan Trita Parsi və s. kimi şəxslərin İran lehinə gizli lobbiçilik etməsi çoxlarını narahat edir. Belə ki, 2020-ci ilin yanvarında, üç respublikaçı senator – Mayk Braun, Ted Kruz və Tom Kotton ABŞ Ədliyyə Departamentini MİAŞ-ı araşdırmağa çağırmış, onun “İslam Respublikasının xarici agenti kimi davrandığına inandıqlarını” bildirmişdirlər. Senatorlar iddialarını səsləndirərkən keçmiş “F.B.I.”ın direktor müavini Oliver Revellin sözlərinə istinad etmişdilər. Oliver  yuxarıda ətraflı bəhs etdiyimiz məhkəmə prosesi danışarkən “konqres üzvləri ilə İranın BMT-dəki səfiri arasında görüşlərin təşkili, fikrimcə, həmin şəxs və ya qurumun xarici dövlətin agenti kimi qeydiyyatdan keçməsini tələb edər”  demiş və MİAŞ-ın gizli lobbiçiliklə məşğul olduğuna eyham vurmuşdu (Radio Farda, 15 yanvar 2020). Sözügedən dairələrin İranla müəmmalı əlaqələri Qərbdəki iranlı müxaliflərin də etirazlarına səbəb olmuşdur. Belə ki, MİAŞ İranla daha sərt davranılmasını müdafiə edən və İslam inqilabının məşhur şəxslərindən olan Məsud Racəvi ilə Əbülhəsən Bənisədr tərəfindən yaradılmış İran Müqavimətinin Milli Şurası tərəfindən də Tehran rejimi lehinə çalışan qrup kimi qınanmışdır (National Council of Resistance of Iran, 17 yanvar 2020). MİAŞ-ın araşdırılması üçün senatorların çağırış etməsindən sonra onlara MİAŞ-ı müdafiə edən cavab məktubu hazırlandı. Məktubda xeyli sayda tanınmış insanın imzası yer almışdı. Maraqlıdır ki, məqaləmizin ikinci hissəsində haqqında bəhs edəcəyimiz Robert Malley də bu cavab məktubunu imzalayanlar arasında idi (NIAC, 17 yanvar 2020). İranlı bir digər qrupun araşdırmasında da ciddi ittihamlar irəli sürülməkdədir. Araşdırmada Parsinin Həsən Ruhaninin qardaşı ilə, İranın nüvə danışıqlarındakı nümayəndəsi Məcid Taxt Rəvançı[19] ilə görüşməsini, Cavad Zərifin ona 2003-cü ilə aid sənədlər verməsi və bu sənədlərdən istifadə edən Parsinin mediada guya ABŞ-İran gərginliyində İranın əslində sülh istəyən, ABŞ-nin sərtlik tərəfdarı kimi göstərən materiallar yerləşdirməsini, MİAŞ-ın İnqilab Keşikçiləri Korpusunun terror təşkilatı kimi tanınmasına qarşı çıxmasını, 2008-ci ildə iki İran kəşfiyyatçısı Məsud Xodabəndə və həyat yoldaşı Ann Sinqltonun ABŞ-yə gəlməsi üçün aviabiletin MİAŞ tərəfindən təmin edilməsini, həmçinin Bağdaddakı ABŞ səfirliyinə hücumu İranın yox, Trump ABŞ-sinin günahı kimi təqdim etməsini, İran hakimiyyətindən olan şəxsin MİAŞ-ın Cavad Zərif tərəfindən lobbi qrupu kimi qurulmasını bildirməsini, həmçinin çoxşaxəli rejimə yaxın insanlarla şübhəli əlaqələri və s. əsas gətirərək MİAŞ-ın Tehran üçün çalışmasına şübhə yeri buraxmamağa çalışır. Həmçinin MİAŞ-ın son illərdə ABŞ-dəki seçkilərə də aktiv müdaxilə etdiyi iddia edilir. Senator Mark Kirk 2016-cı ildə, həmçinin 2018-ci ildə MİAŞ tərəfindən İrana qarşı sərt siyasət tərəfdarı olmaqda ittiham edilən bir neçə başqa konqres üzvlərinin seçkiləri uduzmasında MİAŞ-ın rol olduğu düşünülür (IFMAT, 2020).

Göründüyü kimi MİAŞ-ın və onun həmqurucusu, bir zamanlar da əsas siması olmuş Trita Parsinin əslində İran İslam Respublikası ilə gizli əlaqələrə sahib olduğu dəfələrlə iddia edilmiş və bu istiqamətdə müxtəlif dərəcəli dəlillər göstərilmişdir. Bu kontekstdə baş tutmuş məhkəmədə də Parsi və onun təmsil etdiyi təşkilat bunun əksini sübut edə bilməmişdir.

Lakin MİAŞ və Trita Parsi, onların təmsil etdikləri maraq qrupu, ən azından, əsasən ABŞ dövlətində çalışmadıqlarına, daha çox QHT sektorunda fəaliyyət göstərdiklərinə görə 2023-cü ilin son aylarında üzə çıxan bir başqa qrupdan fəaliyyət metodologiyası olaraq fərqlənməkdədirlər. Bu qrup və onların Tehran rejimi ilə qaranlıq əlaqələrindən məqalənin ikinci hissəsində bəhs ediləcəkdir.

Davamı ikinci hissədə…

Mənbə:


Qeydlər:


[1] 1945-1946-cı illərdə Cənubi Azərbaycanda mövcud olan Azərbaycan Milli Hökumətinin varlığının formalaşdırdığı beynəlxalq böhran nəzərdə tutulur. Böhranda Sovet İttifaqı AMH-Ni dəstəkləsə də, ABŞ İranı dəstəkləmiş və hadisələrin gedişatı Soyuq Müharibənin ilk toqquşmalarından biri kimi qeyd edilmişdir.

[2] Orijinal adı “National Iranian American Council”

[3] ABŞ-DƏ niyyətini açıq-aşkar bəlli etmədən və buna müvafiq qeydiyyatdan keçmədən hansısa xarici dövlət üçün lobbiçilik etmək – hələ bu dövlət ABŞ-nin əsas düşmənidirsə – böyük hüquqi məsuliyyətlər doğurmaqdadır.

[4] İran əsilli amerikalı iş adamıdır. 2015-ci ildə İranda həbs edilmiş, 2023-cü ildə ABŞ-İran razılaşmasının bir hissəsi olaraq həbsdən azad edilmişdir. Namazinin atası şah zamanı neft zəngini Xuzistanın hakimi olmuş və ailə 1983-cü ildə ABŞ-yə köçmüşdür. Siamak İran daxili klanlarla qaranlıq münasibətlərə sahib olmaqla birlikdə, 1990-cı illərdə orada xarici şirkətlərlə əməkdaşlıq edən şirkət açmışdır. Əsasən o dövrki İran prezidenti Rəfsəncani biznes klanına aid olduğu iddia edilən Siamakin xarici şirkətlər üçün rejim daxilində havadar tapmaqla pul qazandığı iddia edilir. Rəfsancaninin prezidentlikdən getməsi və o, onun oğlu Mehdi ətrafında rüşvət qalmaqallarının üzə çıxmasından sonra Siamakın da işləri pozulmuşdur. İddia edilir ki, MİAŞ-ın və onnu ideoloji qurucularından olan Namazi ailəsinin əsas hədəfi ABŞ ilə İranın uzlaşması, formalaşan ticarətdən ailələrinin yüksək pullar qazanmasıdır. 1990-cı illərin nisbətən yumşaq modus vivdendi tapdığı dönəmdə də bu ailə böyük pullar qazanmağı bacarmışdı, görünür MİAŞ-ın ABŞ-İran konsolidasiyası ilə əldə edəcəyi şeylərdən biri də budur. Daha ətraflı məlumat üçün baxın: (Shirazi, 14 aprel 2017)

[5] Bir zamanlar İranda yaşamış amerikalı keçmiş respublikaçı senator. Trita Parsi bir zamanlar onun yanında çalışsa da, bunu öz tərcümeyi-halına daxil etmir. 2006-cı ildə gün üzünə çıxdı ki,  Nigel Vinfild adlı şəxs İrana ABŞ istehsalı döyüş təyyarələrinin ehtiyyat hissələrini satmaq istəyir, lakin ağır sanksiyalar olduğu üçün bunu edə bilmir. Ney bu məsələni həll etmək üçün o dövrki dövlət katibi Colin Powellə təsir etməyə çalışmışdır (Hosenball, 17 yanvar 2006). İran ordusunun adından əməliyyatın idarə edilməsinə cavabdeh olan suriyalı iş adamı Fuad əl-Zayətin də lobbiçilik səyləri üçün Neyə rüşvət verdiyi müəyyən edilib (Barnett, 4 mart 2007).

[6]https://www.aljazeera.com/opinions/2013/5/7/epic-fail-the-neocon-attempt-to-destroy-the-anti-iran-war-movement/

[7] İfadəyə qara rəng bilərəkdən müəllif tərəfindən verilmişdir.

[8] Yəməndə ABŞ meyilli qüvvələrin devrilməsi və Səudiyə Ərəbistanın devrilənlər lehinə hava müharibəsinə başlaması, Suriyada İranın Bəşər Əsədi müdafiəsinin onun hakimiyyəti üçün həlledici olması və s. nəzərdə tutulur.

[9] Əsasən “Lobbying Disclosure Act” və “Foreign Agents Registration Act” nəzərdə tutulur. Həmçinin vergi qanunvericiliyinin pozulması ehtimalı da dilə gətirilmişdir.

[10] İran-Contra skandalı nəzərdə tutulur.

[11] NİAC-ın 13 iyul 2022 tarixinə aid  X paylaşımı

[12] NİAC-ın 19 iyul 2023 tarixinə aid  X paylaşımı 

[13]NİAC-ın 2 oktyabr 2023 tarixinə aid  X paylaşımı  

[14] Trita Parsinin  2 oktyabr 2023 tarixinə aid  X paylaşımı    0

[15] Trita Parsinin bir çox açıq olan qaynaqlardakı çıxışları, sosial şəbəkələrdəki hesabları araşdırılsa da, tərəfimizdən Qarabağdakı erməni işğalı barədə nə bir qeyd, nə də təxminən sayı milyon nəfərə çatan məcburi köçkünlər barədə bir paylaşım görə bilmədik.

[16] Lakin eyni zamanda Çöhrəqanlı bir çox başqa yerlərdə İranın parçalanması və Cənubi Azərbaycanın azad olmasının əsas məqsədləri olduğunu da dəfələrlə bildirmişdir.

[17] Məsələn nümunə olaraq baxın, (Iran International, 24 mart 2023;  9 sentyabr 2023; 24 sentyabr 2023).

[18] Məsələn, baxın, (Parsi, Ernst və Gay, 2014: 331-338; Parsi, 2007: 11-17) 

[19] Bu adı yadda saxlamaq lazımdır. Yazının ikinci hissəsində Qərbdə İranın əsas gizli lobbist qrupunun yaradıcılarından biri kimi ondan ətraflı bəhs ediləcək.

Qulamhüseyn Məmmədov

Bütün yazıları göstər