Giriş

İranda keçirilən son seçkilərdən sonra reformist siyasətçi kimi tanınan Məsud Pezeşkian prezident seçildi. Etnik olaraq Azərbaycanlı türk olan və buna tez-tez vurğu edən Pezeşkianın prezident seçilməsi yaxın zamanda ölkənin daxili və xarici siyasətində əhəmiyyətli dəyişikliklərin olacağı gözləntilərinin ortaya çıxmasına yol açdı. Etnik azlıq hüquqlarını dilə gətirməsi ilə tanınan Pezeşkian azlıqların hüquqlarının tanınmasının ölkədəki separatizm meyilliyini zəiflədəcəyini bildirir (Radia Farda, 25 aprel 2018).  Bu səpkidə çıxışları ilə tez-tez gündəmə gələn, İrandakı son etirazlara sərt müdaxilə edildiyini tənqid edib qadın hüquqlarından bəhs edən (Khabaronline.ir, 14 iyun 2024) Pezeşkianın prezident seçilməsi daxili siyasətdə, xüsusən də mərkəz-çevrə, etnik azlıqlar kimi məsələlərdə müəyyən dəyişikliklərə səbəb ola biləcəyi ehtimal edilə bilər. Lakin xarici siyasətdə hansısa dəyişiklik gözlənilirmi ? Xarici siyasətdə dəyişikliklərin və kompromislərin ediləcəyi gümanları səsləndirilərkən həm də onun reformist qanada malik olmasına istinad edilməkdədir. Bu məqalədə Pezeşkianın xarici siyasətlə bağlı vədləri, onun prezidentliyi dövründə İranın xarici siyasətində hansısa dəyişikliyin baş verib-verməyəcəyi analiz edilməyə çalışılacaq və ümumiyyətlə reformistlər ilə mühafizəkar arasında reallıqda xarici siyasətdə hansısa fərqliliyə malik olub-olmaması müqayisəli şəkildə müzakirə ediləcəkdir.

İslahatçılar (اصلاح‌طلبان) və Mühafizəkarlar (اصول‌گرایان): Xarici siyasətdə fərq varmı ?

İranda 1987-ci ildən etibarən rəsmi şəkildə partiya fəaliyyəti qadağan edilsə də, əsasən iki siyasi fraksiya və ya güruh fəaliyyət göstərməkdədir. Kobud şəkildə reformistlər və mühafizəkarlar şəklində qruplaşdırılan bu siyasi çevrələr bir siyasi qrup olmaqdan çox, sərhədləri tam olaraq bilinməyən ideyalar ətrafında siyasi çevrələrin qeyri-sıx qruplaşmasından ibarətdir. İslam İnqilabından etibarən İran əsasən qeyri-reformist çevrələr tərəfindən idarə edilsə də, 1997-2005-ci illərdəki Məhəmməd Hatəminin prezidentliyi dövrü reformistlərin ilk hökumətdə olma dövrü olaraq qeyd edilir.

Hatəmi də 1997-ci ildə böyük gözləntilər ilə prezidentlik vəzifəsini icra etməyə başlamışdı. Əsasən Samuel P. Huntingtonun “sivilizasiyaların toqquşması” tezisinə qarşı “sivilizasiyalar arasında dialoq” ideyasını irəli sürən Hatəmi (Iranian Diplomacy, 2 oktyabr 2010) dövründə xarici siyasətdə baş vermiş bir digər əlamətdar hadisə ABŞ ilə münasibətlərdə “yol layihəsinin” müəyyənləşdirilməsinə cəhd edilməsi idi. İlkin mərhələdə gizli, aşağı rütbəli diplomatlar tərəfindən aparılmaqda olan proses zamanı o dövrki prezident Hatəmi və XİN rəhbəri “Roadmap”in maddələri ilə razı olsa da, Ali Dini Rəhbər, yəni Xamenei 85-90 faizi ilə razı olduğunu bildirmişdi. İddialara görə Lider danışıqların aparılmasından tərəf idi, amma bu danışıqlar real nəticə əldə edilənə qədər tamamilə gizli aparılmalı idi. Göründüyü qədərilə İran  danışıqların uğursuzluqla nəticələnəcəyi halda ABŞ ilə “yaxınlaşmaya” gedən tərəf kimi görünməmək istəyində idi. Layihədə Fələstin, İraq, Türkiyənin İraqın şimalına müdaxiləsi, sanksiyalar, maliyyə embarqoları, nüvə məsələsi kimi məsələlərin həll edilməsi nəzarətə tutulmuşdu.[1] Eyni zamanda ABŞ İrandakı daxili rejimi devirmə cəhdlərindən də imtina etməli idi (Washington Post, 4 may 2003). Aydın olduğu qədərilə Hatəmi özünün prezidentliyinin ikinci mərhələsində ABŞ ilə tam fəaliyyət planının müəyyənləşdirilməsinə, dolayısı ilə də razılaşmaya gəlinmə tərəfdarı idi. Maraqlısı odur ki, Xameneyinin özünün də bu şərtlərin 85-90 faizi ilə razı olduğu iddia edilirdi.[2] Hər bir halda, belə bir “Roadmap” in qəbul edilməsi mümkün olmadı.

ABŞ ilə münasibətlərdə əhəmiyyətli bir şey əldə etmək mümkün olmasa da, Hatəminin prezidentliyinin ikinci dövründə nüvə məsələsi istiqamətində Britaniya, Fransa və Almaniya danışıqlar aparılmış, 2003-cü ilin oktyabrında Səadabad Razılaşması, 2004-cü ilin noyabrında isə Paris Razılaşması imzalanmışdı. Bu iki müqavilə ilə İran, nüvə obyektlərini Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) açmış və BAEA ilə imzalanmış Təhlükəsizlik Tədbirləri Sazişinin Əlavə Protokol müddəalarının könüllü şəkildə tətbiq edilməsinə öhdəlik götürmüşdür (İran bu tətbiqi yanvar 2006-da dayandırmışdır.) Bu razılaşmalar zamanı İranın əsas təmsilçisi olan Dr. Həsən Fereydun Rovhani 2012-ci ildə verdiyi müsahibədə 2004-cü ilin martında Mohamed ElBaradeinin [o zamankı BAEA direktoru] vasitəsiylə ABŞ-nin İran ilə təkcə nüvə deyil, digər məsələləri ümumilikdə həll etmə təklifi ilə çıxış etdiyini, amma Tehranın ABŞ ilə danışıqlar aparmaqdan imtina etdiyini bildirmişdir (Sahimi, M., 12 may 2012).

Hər iki nümunədə də tam olaraq danışıqlarda nələrin müzakirə edildiyi, danışıqların kim tərəfindən təklif edildiyi və ya danışıqlardan imtina edən tərəfin kim olduğu barədə ziddiyyətli məlumatlar vardır.  Hər bir halda, dəqiq olan odur ki, Hatəmi nümunəsində reformist hökumətin ABŞ ilə ətraflı bir modus vivendi tapmaq üçün gücü və ya imkanı olmamış, istənilən addım da Rəhbərin razılığına ehtiyyac duymuşdur.

Beləliklə, reformist prezidentliyi dövründə kiçik hadisələr xaricində nəticə əldə edilə bilən proses olmamış, nüvə ilə bağlı Britaniya, Fransa və Almaniya ilə imzalanmış razılaşmalar əsasında formalaşan Əlavə Protokol da daxil olmaqla BAEA ilə olan bütün digər könüllü və məcburi olmayan əməkdaşlıq dayandırılmışdır. Ümumilik də İranda reformistlərin nominal hakimiyyət olduğu 8 il ərzində xarici siyasətdə yumşalma yönündə bir neçə simvolik addımlardan başqa real bir nəticə əldə etmək mümkün olmadı. Maraqlıdır ki, real nəticə İranda mühafizəkarların hakimiyyətdə olduqları dövrdə, yəni Vyanadakı nüvə danışıqları zamanı əldə edildi.

İranın nüvə məsələsi ilə bağlı daha əhatəli müzakirələri mühafizəkar və ya hard-liner adlandırılan çevrənin prezidentliyi dövründə baş verdi. 2013-cü ildə Mahmud Əhmədinejadın prezidentliyi dövründə  P5+1 (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü—Çin, Fransa, Rusiya, Birləşmiş Krallıq, Birləşmiş Ştatlar—üstəgəl Almaniya) ilə başlanan müzakirələr  2015-ci ilin iyul ayında razılıqla nəticələndi. Əsas JCPOA məqamları aşağıdakılardır (U.S. Department of State; BBC News. 23 noyabr 2021):

1. Uranın Zənginləşdirilməsinin Məhdudlaşdırılması: İran zənginləşdirilmiş uran ehtiyatını azaltmağa və zənginləşdirmə səviyyəsini 3,67%-ə qədər məhdudlaşdırmağa razı oldu, bu isə silah dərəcəsindən çox aşağıdır.

2. Sentrifuqaların Azaldılması: İran sentrifuqalarının sayını azaltmağa və müəyyən bir müddət ərzində yalnız köhnə, az səmərəli modellərdən istifadə etməyə razı oldu.

3. Reaktorun Dəyişdirilməsi: İran, Arakda ağır su reaktorunu yenidən dizayn edib qurmağa razı oldu. Bununla da silah dərəcəli plutonium istehsal edilməyəcəkdi.

4. İnspeksiya və Monitorinq: Saziş, Beynəlxalq Atom Enerjisi Agentliyinə (BAEA) İranın nüvə obyektlərinə genişləndirilmiş giriş imkanı verərək, müqavilənin şərtlərinə riayət etməsini izləməyi təmin etdi.

5. Sanksiyaların Götürülməsi: İranın müqaviləyə əməl etməsinə qarşılıq olaraq, BMT, Aİ və ABŞ nüvə ilə bağlı iqtisadi sanksiyaları götürməyi qəbul etdilər ki, bu da İranın iqtisadiyyatına ciddi təsir etmişdi.

Bu razılaşma 2018-ci ilə qədər, yəni ABŞ-nin birtərəfli olaraq razılaşmanı tərk etməsinə qədər tam olaraq fəaliyyət göstərdi. 2021-ci ildən etibarən razılaşma barədə yenidən müzakirələr aparılsa da, 2023-cü ilin son aylarından etibarən dalan dirənmiş görünməkdədir (Ravid, B. 16 sentyabr 2023).

Yuxarıda bəhs edilən iki diplomattik prosesin gedişatı və nəticəsindən də aydın olduğu kimi ölkədə prezident və hökumətin reformist və ya mühafizəkar olmağı xarici siyasətin müəyyən edilməsində ciddi rol oynamır. Belə ki Məhəmməd Hatəmi nümunəsində bəhs edildiyi kimi reformistlərin hakimiyyətdə olduğu zaman edilən diplomatik müzakirələrin nəticəsiz qalmasına baxmayaraq, qatı mühafizəkar hesab edilən Mahmud Əhmədinejadın prezidentliyi dövründə JCPOA kimi mühüm əhəmiyyətli razılaşmanın əldə edilməsi mümkün olmuşdur. Qısası, Pezeşkianın reformist qanaddan gələn siyasətçi olması hələ onun xarici siyasətdə dəyişiklik etmək istəyəcəyi, edə biləcəyi və ya etməyə cəhd edəcəyi anlamına gəlməməkdədir.

Pezeşkian: Xarici Siyasətdə Nələr Vəd edir ?

Məsud Pezeşkian ehtimal edilən xarici siyasəti ilə nisbətən ətraflı mesajları Tehran Times qəzetində gedən  “My message to the new world” başlıqlı yazısında vermişdir. Əsas başlıqlar belə ümumiləşdirilə bilər (Pezeşkian, 12 iyul 2024):

* Pezeşkian 2015-ci il nüvə sazişini canlandırmaq üçün böyük dövlətlərlə duraqlayan danışıqları canlandırmağa çalışacaq,

* Pezeşkian bütün dövlətlərlə, ölkənin maraqlarına uyğun “balans yaradaraq imkanlara əsaslanan siyasət həyata keçirəcək…gərginliyi azaltmaq üçün səmimi səyləri alqışlayacaq və xoş niyyətə xoş niyyətlə cavab verəcək“,

* Regional rəqabət əvəzinə, əməkdaşlığın hakim olmasına çalışacaq,

* İsrailə qarşı olan münasibət və Fələstinə dəstək ən azından olduğu kimi davam etdiriləcək,

* Rusiya və Çin İranın xarici siyasətində mühüm yer tutmağa davam edəcək,

* Avropanın 2018-ci ildən sonra – yəni ABŞ-nin JCPOA-ı tərk edib, sanksiyalar tətbiq etməsindən sonrası nəzərdə tutulur – ölkə iqtisadiyyatına təsirini azaltmaq üçün götürdükləri, lakin sonradan imtina etdikləri öhdəlikləri yerinə yetirməsi halında əməkdaşlıq və İranın JCPOA çərçivəsində üzərinə düşənləri yerinə yetirməsinin müzakirəsi mümkündür,

* ABŞ İranın təzyiq yolu ilə təslim olmayacağını qəbullanmalıdır.

Pezeşkianın bu çıxışında bir digər maraqlı məqam onun xarici siyasətin təkcə icra edilməsində deyil, eyni zamanda formalaşmasında da iştirak edəcəyinə dair mesajlar verməsidir. Beləki o, xarici siyasətin formalaşmasının və icrasının prezident və hökumətin üzərinə düşdüyünü qeyd edərək, hədəflərinin reallaşması üçün “ofisinə verilən bütün səlahiyyətlərdən istifadə etmək niyyətində” olduğunu bildirmişdi. Onun belə bir cümlə işlətməsi maraqlı məqamdır, çünki hüquqi olaraq İranın xarici siyasətinin müəyyən edilməsində Ali Dini Lider və onun formalaşdırdığı qurumlar əsas rol oynamaqdadır (Divsallar, 2023).

Həmçinin açıq məktubdan anlaşıldığı qədərilə yeni prezident Avropa dövlətləri ilə ən azından iqtisadi sahədə əməkdaşlıq etməyə isti yanaşmaqdadır.[3] Xüsusən 2018-ci ildən sonra ölkənin iqtisadi çətinliklərinin daha da artması seçicilərinə rifah sözü verən Pezeşkianı buna vadar etməkdədir.

ABŞ barədə isə xüsusi vurğu sanksiyalar və bunun İran xalqına səbəb olduğu bəlalara edilməkdədir. Eyni zamanda ABŞ-nin İranı təzyiq vasitəsiylə ram edə bilməyəcəyini qəbullanmalı olduğunu bildirilməklə birlikdə,  ABŞ-nin JCPOA-ı “qeyri-qanuni” şəkildə tərk etməsinə xüsusi vurğu edilir. Eyni zamanda İranın bu razılaşma çərçivəsində bütün öhdəliklərini yerinə yetirdiyini,  ölkənin nüvə proqramının sülhsevər olduğunu vurğulamaqla  ABŞ-ni və onun Qərbli müttəfiqlərini ittiham edir. ABŞ-nin dəstəyilə İsrailin Qəzzada apardığı geniş ölçülü hərbi müdaxiləyə baxmadan Pezeşkianın ABŞ ilə danışıqlar ehtimallarını rədd etməməsi İranın əsas şərtlərinin qarşılanacağı halda Pezeşkianın ən azından gərginliyin bir qədər azaldılmasında tərəf ola biləcəyi təəssüratını ortaya çıxarır. Bəlkə də Pezeşkian post-Qəzza münaqişəsi dövrü üçün ABŞ və təbiiki Avropa dövlətləri ilə 2015-2018-ci illərdəkinə bənzər münasibətlərin formalaşdırılmasını, bununla da günü-gündən pisləşən iqtisadiyyatın bir qədər dirçəlməsini planlamaqdadır.

Aydındır ki, onun prezident seçilməsində ölkədəki mövcud şəraitdən narazı kəsimin səsləri həlledici rol oynamışdır. Ali Dini Rəhbərin razılığı və ya səssiz razılığı ilə atıla biləcək addımlarla daxildəki siyasi mühitin bir qədər yumşaldılması mümkün olsa da, aydındır ki, Qərb ilə gərginliyin azaldılması nəticəsində sanksiyaların müəyyən qədər yumşaldılmadığı bir şəraitdə Pezeşkianın iqtisadiyyat barədə verdiyi sözləri yerinə yetirməsi qeyri-mümkündür. 

Bundan əlavə diqqət edilməli məqamlardan biri də Pezeşkianın həm kompaniyası, həm də seçildikdən sonrakı bəyanatı zamanı bölgədə İrana bu və ya digər dərəcədə bağlı olan qruplarla (geniş şəkildə Müqavimət Oxu, farsca: محور مقاومت) əməkdaşlığını azaldacağı ilə bağlı heç bir mesaj verməməsi, əksinə Hizbullahın rəhbəri Həsən Nəsrullaha onlara verilən dəstəyin siyasətlərinin mərkəzində duracağını (İsna.ir., 9 iyul 2024), bütün Qüdsün azad ediləcəyi vaxta qədər İranın fələstinlilərə dəstək verməyə davam edəcəyini bildirməsi (Tehran Times, 12 iyul 2024), Husilərə Fələstin məsələsinə dəstək üçün təşəkkür etməsi (Iranwire, 15 iyul 2024) diqqətə alınmalıdır.

İsrailin Qəzzadakı hərbi əməliyyatlarının davam etdirildiyi və bu əməliyyatların ABŞ tərəfindən dəstəkləndiyi mövcud siyasi abu-havada nə Pezeşkianın bu ikili uzlaşma/gərginliyin azaldılması kimi addımların atılmasına getməyəcəyi [eyni zamanda belə bir təklifin qarşı tərəfdən də gəlməyəcəyi] demək olar ki, dəqiqdir. Bunun üzərinə İsmayıl Həniyənin Tehranda qətlə yetirilməsi faktı da gəldikdən sonra bu ehtimal tamamilə mümkünsüzə çevrildi. Lakin İsrailin Qəzza müharibəsinin bitməsi və hərbi əməliyyatlardan əvvəlki status-quonun bərpa edildiyi siyasi şərtlər altında yuxarıda bəhs edilən ssenarilərin işə düşməsi mümkün ehtimallardan biridir.

Nəticə

Beləliklə, Pezeşkianın reformist olmasına əsaslanaraq İranın xarici siyasətində dəyişikliyin olacağını iddia etmək əsassızdır. Bunun ən birinci səbəbi xarici siyasət məsələsinə qərar vermə səlahiyyətinin de-yure və de-fakto Ali Dini Rəhbərdə olmasındadır. Xarici siyasətdə baş verən yönəlmələr hansısa prezident dəyişikliyindən çox o dövrün daxili və xarici şərtlərindən və Ali Dini Rəhbərin ətraf rəyləri də öyrənərək bu dəyişikliyə necə reaksiya göstərmək barədə verdiyi qərardan asılıdır. Pezeşkian prezident seçildikdən sonrakı bəyanatında xarici siyasətin müəyyən edilməsindəki rolu barədə müəyyən iddialı cümlələr işlətsə də, hələ namizədliyi zamanı rəqibi Cəlili elə olan debatı  zamanı son qərarın Xameneyidə olacağını bildirmişdi (Independent Persian, 4 iyul 2024). Eyni zamanda ölkənin iqtisadi vəziyyətini və Pezeşkianın da etiraf etdiyi kimi bunda Qərb ölkələri ilə olan pis əlaqələrin əhəmiyyətli rol oynadığını nəzərə aldıqda müəyyən yumşalmalara (təbiiki yalnız Qəzzada İsrail işğalının durmasından sonrası nəzərdə tutulur) gedilə biləcəyi ehtimalı da yüksəkdir. Hər bir halda,  baş verə biləcək bu dəyişikliklər Pezeşkianın tədbiq etmək istədiyi hansısa xarici siyasət kursundan yox, daxili və xarici vəziyyətə Xameneinin rəhbərliyi ilə verilən reaksiyadan qaynaqlanacaqdır.  Ən yaxşı halda, Ali Milli Təhlükəsizlik Şurası vasitəsilə, prezident və bəzi kabinet üzvləri xarici siyasət qərar qəbul etmə prosesinin müəyyən aspektlərinə təsir göstərə bilərlər. Lakin İran qanunları, bu zaman qədər baş vermiş hadisələrdən göründüyü kimi bütün digər məsələlər kimi xarici siyasət məsələsində də son söz Xameneiyə məxsusdur. Pezeşkianın reformist qanada sahib olan kimliyi, dünya ilə xoş münasibətlər qurmaq istəməsi ilə bağlı verdiyi mesajlar yumşalmaya getməyə qərar vermiş İranın bu prosesdə işini bir qədər rahatlaşdıra bilər, bəlkə də elə bu “üstünlüyünə” görə onun seçkilərdə namizəd və nəticədə qalib olmasına göz yumulmuşdur, lakin bu keyfiyyətlər ona İranın xarici siyasətinin istiqaməti və prioritetlərini diktə etmək səlahiyyətini/imkanını/gücünü verməyəcəkdir.

Hər bir halda, İranın Pezeşkian dövründə onun istəyi və ya mühafizəkarlıq kimliyinin yardımı ilə xarici siyasətdə hansısa yumşalmaya getmə ehtimalı yalnız Qəzzada hal-hazırda davam etməkdə olan aktiv münaqişədən sonra baş verə bilər.

Qaynaqlar

  • Khabaronline.ir, 14 iyun 2024.  آن‌هایی که باید کتک بخورند، ما هستیم، ما مقصر هستیم نه دختران ما [Döyülməli olan bizik, müqəssir olan bizik, qızlarımız yox!]. Link: https://l24.im/nelhpkm
  • Radia Farda. 25 aprel 2018. پزشکیان: اصل ۱۵ قانون اساسی برای همه اجرا شود [Pezeşkian:Konstitusiyanın 15-ci maddəsi hamı üçün həyata keçirilməlidir]. Link:https://www.radiofarda.com/a/iran-majlis-deputy-speaker-on-mother-tongue-education/29191703.html
  • Iranian Diplomacy. 2 oktyabr 2010. Khatami Speaks of Dialogue among Civilizations. Link:http://www.irdiplomacy.ir/en/news/8798/khatami-speaks-of-dialogue-among-civilizations
  • Washington Post. 4 may 2003. US-Iran Roadmap. Link: https://www.washingtonpost.com/wp-srv/world/documents/us_iran_1roadmap.pdf
  • Sahimi, M. (translator). 12 may 2012. Former Iran Nuclear Negotiator: Bush Negotiation Bid Was Rebuffed. Link: Tehran Bureau https://www.pbs.org/wgbh/pages/frontline/tehranbureau/2012/05/qa-former-iran-nuclear-negotiator-bush-negotiation-bid-was-rebuffed.html#ixzz2nC7S9Dr0
  • U.S. Department of State. Joint Comprehensive Plan of Action (JCPOA). Link:https://2009-2017.state.gov/p/nea/rt/jcpoa/index.htm
  • BBC News. 23 noyabr 2021. Iran nuclear deal: What it all means. Link:https://www.bbc.com/news/world-middle-east-33521655
  • Ravid, B. 16 sentyabr 2023. IAEA: Iran expels several inspectors in “unprecedented” move. Link:https://www.axios.com/2023/09/16/iran-iaea-nuclear-inspectors-grossi
  • Divsallar, A. 2023. “Iran’s Foreign Policy Institutions,” in The Sacred Republic: Power and Institutions in Iran, ed. Mehran Kamrava, Oxford University Press
  • Pezeşkian, M. 12 iyul 2024. My message to the new world. Tehran Times. Link:https://tehrantimes.com/news/501077/My-message-to-the-new-world
  • İsna.ir. 9 iyul 2024. Pezeshkian to Sayyed Nasrallah: Support for Resistance is Iran’s core policy. Link:https://en.isna.ir/news/1403041913270/Pezeshkian-to-Sayyed-Nasrallah-Support-for-Resistance-is-Iran-s
  • Tehran Times. 12 iyul 2024. Pezeshkian:Iran’s support for Palestine to continue until ‘liberation of Al-Quds’. Link:https://www.tehrantimes.com/news/501076/Iran-s-support-for-Palestine-to-continue-until-liberation-of
  • Iranwire. 15 iyul 2024. Iran’s New President Thanks Houthi Rebels. Link:https://iranwire.com/en/news/131785-irans-new-president-thanks-houthi-rebels/
  • Independent Persian. 4 iyul 2024. پزشکیان: تصمیم نهایی را رهبر می‌گیرد؛ اگر خامنه‌ای خوشش نیاید اجازه انجام کاری را نمی‌دهد [Pezeşkian: Son qərarı Rəhbər verir, əgər Xamanei bəyənməsə ona nəsə etməyə icazə verməyəcək]. Link:https://l24.im/1q63t
  • Kristof, N. 28 aprel 2007.  Iran’s Proposal for a ‘Grand Bargain’. New York Times. Link:https://archive.nytimes.com/kristof.blogs.nytimes.com/2007/04/28/irans-proposal-for-a-grand-bargain/
  • Rubin, M. 22 oktyabr 2007. The Guldimann Memorandum. The Iranian “roadmap” wasn’t a roadmap and wasn’t Iranian. Middle East Forum. Link:https://www.nationalreview.com/corner/about-2003-iran-grand-bargain-michael-rubin/
  • Rubin, M. 18 fevral 2010. About that 2003 Iran ‘Grand Bargain’. National Review. Link:https://www.nationalreview.com/corner/about-2003-iran-grand-bargain-michael-rubin/
  • Kessler, G. 9 dekabr 2013. Kerry’s claim that Iran offered Bush a nuclear deal in 2003. Link:https://www.washingtonpost.com/news/fact-checker/wp/2013/12/09/kerrys-claim-that-iran-offered-bush-a-nuclear-deal-in-2003/
  • Tehran Times, 13 avqust 2023. Abbas Araqchi’s vision for Iranian foreign policy. Link:https://www.tehrantimes.com/news/502430/Abbas-Araqchi-s-vision-for-Iranian-foreign-policy

[1] Bu yalnız danışıqlara başlamaq üçün müəyyən edilmiş layihə idi, danışıqların özü və ya nəticəsi yox.

[2] Qeyd edilməlidir ki, ümumiyyətlə belə bir Böyük Sövdələşmənin (Grand Bargain) olub olmaması tam olaraq bəlli deyil. The New York Times yazarı Nicholas Kristof  kimi şəxslər bu iddianı əsas gətirərək sonrakı münaqişələrdə Bush administrasiyasındakı sərt siyasət tərəfdarlarını qinasalar da (Kristof, 28 aprel 2007),  Michael Rubin kimi şəxslər ümumiyyətlə bu iddianın saxta olduğunu iddia etmişdirlər (Rubin, 18 fevral 2010; 22 oktyabr 2007). John Kerry də 2013-cü ildəki müsahibəsi zamanı belə bir təklifin olduğunu, lakin Bush administrasiyası tərəfindən rədd edildiyini bildirmişdi. Lakin Kerrynin iddiası hansısa faktı üzə çıxarmaqdan çox, İran ilə o zaman gedən nüvə danışıqlarına haqq qazandırmağa hesablanmış da ola bilər (Kessler, 9 dekabr 2013).

[3] Pezeşkianın xarici işlər naziri vəzifəsinə namizəd kimi irəli sürdüyü Abbas Araqçı da  Rusiya və Çinə xüsusi vurğu etmiş, eyni zaman da Pezeshkian kimi Avropa ilə yaxşı münasibətlər qurmaqda maraqlı olduqlarını üstüörtülü bildirmişdir (Tehran Times, 13 avqust 2024).

Qulamhüseyn Məmmədov

Bütün yazıları göstər