“Siyasi, sosial, iqtisadi ideologiyalar heç bir şəkildə futbola qarışmır, qarışmamalıdır” [1]. Bu fikri günümüz futbolunda bir çox analitiklər tez-tez səsləndirirlər. Artıq vəziyyət o yerə çatmışdır ki, bu fikrə qarşı etiraz irqçilik və ya qeyri-humanizm ilə bərabər tutulur. Lakin məsələ deyildiyi qədər bəsit və ya səthidir mi? Mən düşünürəm ki, deyil. Futbol özlüyündə elə ideologiyanın bir parçasıdır.
Ukraynalı karikatur rəssamı Vladimir Kazanevskinin gözündən “Futbol və Siyasət”
Yuqoslaviya SFR-a Boban yumruğu!
İstərdim sizləri ölkəmizin də içində olduğu yaxın tarixi bir prosesə aparım. Məsələn, 1990-cı il may ayının 13-ü, Xorvatiyanın müstəqillik taleyini həll edəcək məşhur referendumdan düz 1 il öncə. Həmin gecə Yuqoslaviya tarixinin ən odlu-alovlu derbisi baş tutdu; Xorvatiyanın Dinamo Zaqreb klubu Serbiyanın Qızıl Ulduzuna (Srvena Zvezda FK) qarşı. Qızıl Ulduz klubu adından da göründüyü kimi, 2-ci dünya müharibəsindən sonra dönəmin kommunist nazirlərindən olan Mitra Mitrović tərəfindən qurulmuş və sosialist keçmişi olan futbol klubu idi. Digər tərəfdən isə, 2-ci dünya müharibəsindən dərhal sonra bütün Zaqreb mərkəzli futbol klublarının (HAŠK, Građanski, Concordia, və s.) fəaliyyətinə qadağa gətirilmişdir. Yuqoslaviya torpaqları uğrunda artıq başlayan qızğın döyüşlər məsələləri daha da alovlandırırdı. Bu qarşılaşmanı Todman – Milosevic, Millətçilik – Kommunizm, Xorvatiya – Serbiya matçı kimi görən insanlar olsa da, meydanda 2 futbol klubu mübarizə aparırdı. Yüksək təzyiq və artan şiddət səbəbindən Zaqrebin Maksimir stadionundakı oyun dayandı. Qızıl Ulduz komandası futbolçuları meydanı tərk etməyə başladılar. Həmin anlarda futbol meydançasında heç vaxt görülməyən bir hadisə baş verdi. Daha sonradan Milana transfer ediləcək əfsanəvi futbolçu, kapitan Zvonimir Boban Dinamo azarkeşini döyən polisə təpik vurdu.
Bir çox Xorvat millətçisi bugünə qədər düşünür ki, bu təpik illərdir davam edən kommunizm zülmünə, günahsız şəkildə insanları qətlə yetirən sistemə qarşı vurulan ən göstərişli zərbə idi. Bu hadisə 1 il sonra keçiriləcək olan Xorvatiyanın müstəqillik referendumuna artıq öz töhfəsini vermişdi. Seçicilərin 93% səs çoxluğu ilə müstəqillik qazanacaqları an Zvonimir Boban hərşeyin fərqində olaraq belə bildirirdi:
“Orada mən öz həyatımı, karyeramı, mənə gələcəkdə məşhurluq qazandıracaq hərşeyi riskə atdım. İctimai fiqur olaraq bunları etməli idim və bütün bunlar sadəcə bir məsələ, bir ideya üçün edildi – Tam müstəqil Xorvatiya.” [2]
Meydana daxil olan polis əməkdaşı və Zvonirim Boban
Yuxarıda qeyd etdiyim fikirlə razılaşmağa başladınızsa, sizə yaxşı xəbərim var. Hələ təzə başlayırıq. Mövzu çox geniş sahəli olduğundan bu yazımda sizlərlə tarixi gedişatı yox, önəmli ideolojik cərəyanları və mühüm dönüş nöqtələri olan hadisələri bölüşəcəyəm.
“Bir klubdan daha artıq” olanların hekayəsi…
Fərqli tarixi keçmiş səbəbindən qarışıq etnik tərkibə sahib olan İspaniya, futbolda ideologiyaların ən bariz göründüyü ölkədir. Hətta, mərkəzi oyunlar şəhər adlarını deyil, ümumi coğrafi regionu bildirir; Əndəlüs, Katalon, Bask derbisi və s. Barselona FK mərkəzi İspan hakimiyyətinə qarşı ən böyük mübarizə aparan klublar siyahısında ilk sırada gəlir. Klub hər zaman Katalon müstəqilliyinin və Kastillian zülmünə qarşı mübarizənin ən böyük simvolu olmuşdur. Hələ 1926-cı ildə klub fanatları oyun öncəsində İspaniya Dövlət Himnini oxumaqdan imtina etmişdir. 1936-cı ildə baş vermiş İspaniya vətəndaş müharibəsi dönəmində bir çox futbolçu hərbi mübarizəyə qoşulmuşdur [3]. Dönəmin Barselona prezidenti, Assio Katalan və Kataloniya Sosialist Respublikasının üzvü Josep Sunyol qatı Madrid sempatizanı olan Fransisko Franko qoşunları tərəfindən öldürülmüşdür. Dönəmin diktatoru Fransisko Franko həmçinin 1943-cü ildə baş verən və futbol tarixinin ən qara ləkələrindən olan 11-1-lik Real Madrid – Barselona oyununun baş memarıdır. Ölüm riskləri, açıq təhdidlər isə Katalon klubunu qorxutmur, əksinə daha çox mübarizəyə səsləyirdi.
Barselona – Sevilya matçında Kamp Nou Stadionunda açılan banner – “Sadəcə diktatorluqlar sülhsevər siyasi liderləri həbs edir”
Espanyol – Barselona matçı bəziləri tərəfindən katalon derbisi adlandırılsa da, oyun elə Barselona (şəhər) derbisidir. Çünki, Espanyol adından da göründüyü kimi ispan millətçiləri tərəfindən Barselona şəhərində qurulmuş kataloniya müstəqilliynə qarşı olan ideologiyaya sahib klubdur. 2017-ci ilin 1 oktyabr tarixində baş tutmuş Kataloniya Müstəqillik Referendumu zamanı bir çox futbolçu seçkilərdə ictimai şəkildə ayrılma lehinə “Hə” deyəcəyini açıqlamışdı. Həmin gün Nou Camp stadionunda keçirilən və 3-0 Barselonanın qələbəsi ilə bitən Las Palmas matçı isə bağlı qapılar arxasında oynanılmışdır. Komandanın kapitanı və Kataloniyanın hər zaman ayrılması tərəfdarı olan Gerrard Pique səsvermə sonrasında gözyaşlarına hakim ola bilməmişdir [4]. Pique eyni zamanda bildirmişdir ki, hər hansı jurnalist və ya mexanik siyasi düşüncəsini açıq şəkildə göstərə bilirsə, niyə futbolçular göstərməsin?[5]. Referendum sonrasında döyülən və həbs edilən katalon vətəndaşları səbəbindən Pique İspaniya millisindəki karyerasını bitirə biləcəyini açıqlamışdır[6]. Bir sıra futbol mütəxəssisi düşünür ki, İspaniyanın bölünməməsində və vahid şəkildə qalmasında El Klassikonun rolu inanılmaz dərəcədə böyükdür [7]. Barselona klubunun məşhur sloqanında deyildiyi kimi “MES QUE UN CLUB”, yəni “Bir klubdan daha artıq!”
Kamp Nou Stadioununda açılan banner – “Kataloniya İspaniya deyil”
İspaniya futbolunda bir digər maraqlı idarəetmə sistemi ilə fərqlənən klub Atletik Bilbaodur. Belə ki, Atletik Bilbao klubunda oynaya bilmək üçün sadəcə 1 qayda keçərlidir – siz mütləq şəkildə Bask millətinə aid olmalısınız. Klubun bütün əsas, ehtiyat və cavanlardan ibarət heyəti sadəcə Bask oyunçulardan ibarətdir. Əgər oyunçu Bask olmadığı halda 18 yaşına qədər bu etnik kimliyi qəbul edərsə, yalnız o zaman klubda çıxış etmə şansı qazanır. Belə limitli oyunçu seçiminə rəğmən Atletik Bilbao La Liga tarixində heç vaxt əsas liqadan 2-ci diviziyaya düşməyən 3 klubdan biridir. Bəs digər 2 klub? Bəli, doğru təxmin edirsiniz – Real Madrid və Barselona. Bəzən milli prinsipiallıq transferə milyonlar xərcləyən klublar ilə başabaş mübarizə aparmağı mümkün edir.
Basklar ölkəsində divar yazısı
Britaniyada futbol dinin özüdür!
Futbol, ideologiya və azarkeşlər dedikdə Britaniya futbolundan danışmamaq qəbahət olar. Sənaye inqilabının baş verdiyi dövrdə bütün əsas fabrik və zavodlar Britaniya adasının şimalında qurulmuşdu. Həmçinin irland və şotlandların yaşadığı böyük işçi şəhərləri də elə məhz şimalda yerləşirdi. Bu coğrafiyada anadan olan hər bir kişinin sadəcə 3 fərqli seçim şansı var – sənaye, musiqi və ya futbol. John Lennon və ya Bono kimi əfsanəvi musiqi istedadınız yoxdursa belə, Wayne Rooney və ya Harry Kane kimi böyük futbolçu ola bilərsiniz. Bayaq da qeyd etdiyim kimi, işçinin, əməkçinin olduğu hər yerdə sosializm vardır. Liverpul şəhəri hər zaman “qırmızı bayraq” dirəyinin bərkidildiyi ən böyük qala olmuşdur. 1892-ci ildə Mersey çayının kənarındakı klub din faktoru səbəbindən ayrıldı. Şəhərin protestant çoxluğu Liverpul, katolik irlandlardan ibarət idarəçiləri isə Everton klubunu qurdu. Bu tarixdən etibarən oynanılan Merseyside derbiləri həm də dini qarşıdurmanı futbol meydançasına daşıyırdı. Digər tərəfdən Everton klubu idarə heyətinin üzvlərinin bir çoxu Liberallar, Liverpul klubunda isə İşçi Partiyası üzvləri idi. Everton azarkeşlərinin də məşhur bəstələrində dedikləri kimi:
“Liverpul; Belfastın bacısı, çətin, böyük ürəkli, protestant və Birlikçi, Liverpul” [8].
Anfield və Goodison Park stadionları arasındakı məsafə
Şotlandiyanın Celtic futbol klubu isə modern futbolda ən böyük siyasi mübarizə aparan klublardan biridir. Tarixi İrland köklərinə sahib olan klub Roman Katolikliyi və İrland Respublikaçılığının ən böyük dəstəkçilərindəndir. Celtic klubunun ən böyük rəqibi isə qatı protestant və vahid Britaniya ideyasına inanan Glasgow Rangers komandasıdır. Celtic futbol klubuna qarşı sərt və tələbkar vergi siyasətinə rəğmən, Şotlandiya dövləti Glasgow Rangers klubunun küllü miqdarda vergi borclarını silmiş və uzun illər heç nə tələb etməmişdir. 2011-ci ildə 2-ci dəfə hakimiyyətə gələn Şotlandiya Milli Partiyasının təqibləri və tələbləri nəticəsində klubun 30 milyon funt bank borcu və hələ ödənilməmiş 2.8 milyon funt vergi borcu olduğu aşkar edildi. Nəticədə, 2012-ci ildə Rangers klubu ölkənin ən aşağı, 4-cü diviziyasına endirilməklə cəzalandırıldı. Celtic azarkeşləri isə verilən bu cəzadan sonra hisslərini bu şəkildə bildirirdilər – “Bu hələ başlanğıc deyil. Bu sonun özüdür” [9].
Celtic azarkeşlərinin açdıqları banner – “Müharibə bitdi. Üsyançılar qalibdir”
Adının etimologiyasındakı “Kelt” sözündən də göründüyü kimi, Celtic klubu İrland milliyətçiliyinin Şotlandiyadakı ən böyük simvolu idi. Klub azarkeşləri bir çox oyunda kral I Edvarın dövründə İngiltərəyə qarşı aparılan mübarizədə xalqa öndərlik edən şotland cəngavəri William Wallace şəkilləri olan bannerlər açmış və bu səbəbdən bir çox Britaniya mətbuatı tərəfindən tənqid edilmişdir. Bundan əlavə, İrland Respublikaçı Ordusu və özəlliklə, Bobbi Sendsin terrorist kimi yox, xalqı və milləti üçün mübarizə aparan bir qəhrəman kimi qələmə alınmasını tələb etmişlər. Onlar həmçinin dəfələrlə Fələstinə dəstəklərini göstərmiş, Qüdsün ayrılmaz Fələstin torpaqları olduğunu bildirmişlər. Klub azarkeşlərinin ən diqqət çəkən bəstə və xoreoqrafiyalarına bunlar daxildir – “Müqəddəs Pasxa günü kim danışmaqdan qorxur?”, “Müharibə bitdi. Üsyançılar qalibdir”, “Sizin nəvələriniz Celtic azarkeşi olacaqlar”.
“Terrorçu, yoxsa xəyalpərəst? Vəhşi, yoxsa cəsur? Kimin səsini yaxalamağa çalışdığından asılıdır. Və ya kimin simasını xilas etməyə çalışdığından ”
Mussolini və Futbol
Siyasət və idmanın birbirindən ayrı tutulması ideyası İtaliyada ən yumşaq dildə desək, gülünc hesab olunur. Müasir italiyan futboluna ən dərin izlər qoymuş şəxslərdən biri və birincisi heç şübhəsiz, İtaliya Faşist partiyasının lideri Benito Mussolinidir. Bill Murray bildirir ki, Mussolini idmanın istifadəsini hakimiyyətin ən önəmli siyasətlərindən biri kimi görən ilk siyasi lider idi [10]. Stalin və SSRİ yay olimpiyada uğurlarından təbliğat maşını olaraq istifadə etdiyi kimi, Mussolini və sahibi olduğu media qurumları İtaliyanın futbol üzrə Dünya Çempionatındakı uğurlardan populyarlıq qazanırdı. İtaliya tarixində ən çox futbol stadionu da elə məhz Mussolini dönəmində inşa edilmişdir. Genoa, İnter və Milan kimi klubların ən tez zamanda “italyanlaşmasını” tələb edən Mussolini, həmçinin şəxsi göstərişi ilə 1927-cı ildə Roma futbol klubunu yaratmışdır. Əsas məqsədlərdən biri də mərkəzi Roma şəhərindəki ən qədim klub olan Latsionu nüfuzdan salmaq və şəhərin yeni futbol lideri olmaq idi. Roma Latsio matçlarının bu qədər hərarətli keçməsinə və Romanın İtaliyadakı ən çox nifrət edilən klub olması reallığına təəccüb etməmək gərək.
Benito Mussolini italyan futboçulara 1934-cü il Dünya Çempionatının kubokunu təqdim edir
1934-cü ildə baş vermiş Dünya Çempionatı isə birçox şəxsdə ciddi sual işarələri doğurmuşdur. 1/4 final zamanı İspaniya ilə oyunda italiyanlar 3 ispan futbolçusunu zədələsə də, hakim tərəfindən cəzalandırılmadılar. Yarım finaldakı Avstriya matçından 1 gecə öncə isə oyunun baş hakimi İvan Eklind ilə Mussolinin birlikdə nahar etdikləri təsadüf deyildi [11]. Giuseppe Meazza, Luis Monti və Raimundo Orsi kimi əfsanəvi futbolçuların heyətində olmasına rəğmən, Azzurinin tarixindəki ilk çempionluğuna artıq kölgə düşürülmüşdü. Bolonya futbol klubu tarixindəki 6 çempionluğun 4-ü Mussolininin hakimiyyətdə olduğu dövrdə qazanmışdır. Bəli. Mussolinin hansı klub azarkeşi olduğunu isə doğru təxmin etmək çətin olmamalıdır.
1938-ci il Dünya Çempionatı matçından öncə italyan futbolçuların verdikləri “nasist salamı”
“Haray haray mən Türkəm”
“Yel yatar, tufan yatar, yatmaz Tirəxtur bayrağı”. Araz çayının o tayında qəlbi daim istiqlaliyyət ruhu ilə çırpınan futbol klubunun hekayəsi. 1970-ci ildə mərkəzi Təbriz şəhərində yerləşən İran Traktorqayırma Şirkətinin dəstəyi ilə Traktor Sazi Futbol Klubu fəaliyyətə başlamışdır. 85 min azarkeş tutumu olan mərkəzi İmam Yadigar Stadionuna gələn minlərlə türk futbol sevər yalnızca komandalarını dəstəkləmək üçün deyil, həm də vahid rejimə və sistemə qarşı olan düşüncələrini ictimai şəkildə bildirmək üçün orada toplaşırlar. Güney Azərbaycandakı Traktor oyunları Cümə namazı qədər önəmli sosial bir məsuliyyətdir.
Traktor Sazi azarkeşlərinin açdığı banner – “Türk dilində mədrəsə olmalıdır hərkəsə”
Klub həmçinin, İranda stadiona buraxılmayan qadın haqları üçün ciddi mübarizə və dirəniş göstərmişdir. Qadın azarkeşlər isə stadion ətrafındakı təpələrin üzərinə çıxaraq oyunu tamaşa edirlər [12]. Qol vurulduğu zaman futbolçunun adını təkrarlayan “Qırmızı Qurdlar”, qol buraxılan zaman isə tək ağızdan “Eybi yox!” qışqırırlar. “Yaşasın Azərbaycan!”, “Azərbaycan var olsun, İstəməyən xar olsun!”, “Azərbaycan yurdumuz, Tirəxtur bozqurdumuz!”, “Türk dilində mədrəsə, Olmalıdır hər kəsə!” və s. kimi şüarlar səsləndirdiyi üçün bir neçə azarkeş polis tərəfindən həbs edilib, klub isə oyunlarını tamaşaçısız stadionda keçirməli olub. Azarkeşlər Azərbaycanda baş verən hadisələrə də biganə qalmamış, dəfələrlə Xocalı, Qarabağ, Türk dili kimi məsələlərdə oyunlara bannerlər gətirmiş və şüarlar səsləndirmişdirlər.
Traktor Sazi azarkeşlərinin Xocalı soyqırımı ilə əlaqədar açdıqları banner
Hələ də, “o nə oyundur sən Allah? 22 kişi də bir topun arxasıyca qaçar?” və ya “Futbol izləyən kişiləri ciddiyə almıram” kimi fikirlərin gündəmdə olduğu dövrdə məsələlərə biraz “qutudan çölə” baxmağınızı istədim. Steaua Bucureşti klubunun rəsmi sahibi Ruminiya Müdafiə Nazirliyidir. Yunanıstanın PAOK və AEK klubları İstanbulda qurulmuş, lakin müharibə nəticəsində Selanik və Afinaya köçməyə məcbur qalmış qaçqın klublarıdır. İrlandiyanın Derry City azarkeşlərinin etirazları səbəbindən şəhərin adı dəyişdirilərək Londonderry qoyulmuşdur. Yox, doğrudur, futbol insanlar üçün ölüm-qalım məsələsi deyil. Futbol hər iki məsələdən daha vacib bir məsələdir.
Varşava qiyamının 73-cü il dönümündə Legiya Varşava klubu azarkeşlərinin hazırladıqları xareoqrafiya; “Varşava qiyamı zamanı almanlar 160.000 nəfəri qətlə yetirmişdir. Onlar 1000-i uşaqlar idi”
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT
[1] The Daily Star (2018). Don’t mix politics and football: Petkovic. Available:https://www.thedailystar.net/fifa-world-cup-2018/dont-mix-politics-and-football-petkovic-1594132
[2] Matt Gault (2015). ZVONIMIR BOBAN AND THE KICK THAT STARTED A WAR. Available:https://thesefootballtimes.co/2015/09/28/zvonimir-boban-and-the-kick-that-started-a-war/
[3] Ashay Kapse (2018). Don’t mix politics and football: Petkovic. Available:https://www.footballparadise.com/football-politics/
[4] The Daily Star (2016). Ideologies At War: Deconstructing The Essence Of The Football Club. Available: [5] Sid Lowe (2017).The Guardian. Available: [6] Barcelona Press Association (2017). The Guardian. Available:https://www.theguardian.com/football/2017/oct/01/barcelona-gerard-pique-catalan-independence
[7] – Rookwood, Dan. “The bitterest rivalry in world football.” The Guardian. 28 August 2002. Online. [8] Dan Jackson (2017). ‘Friends of the Union’: Liverpool,Ulster, and Home Rule, 1910 – 1914. Available:
https://www.hslc.org.uk/wp-content/uploads/2017/10/152-7-Jackson.pdf
[9] Graham Spiers (2015). How the mighty Glasgow Rangers have fallen. Available:https://www.theguardian.com/football/2015/jan/18/how-the-mighty-glasgow-rangers-have-fallen
[10] – Bill Murray, The World’s Game: A History of Soccer (Chicago: University of Illinois Press, 1996), 65. [11] Greg Lea (2015). THE RELATIONSHIP BETWEEN MUSSOLINI AND CALCIO. Available:
https://thesefootballtimes.co/2015/07/20/the-relationship-between-mussolini-and-calcio/
[12] – زنان و کودکان تماشاگران ویژه تراکتورسازی و پرسپولیس تاریخ : 27 فروردین 1389 ، خبر آنلاین