Azadlığın İki Konsepsiyası

Siyasi nəzəriyyənin ümumi məqsədi siyasətdə istifadə olunan terminləri və praktiki siyasətdə baş verən hadisələri əxlaqi cəhətdən dəyərləndirməkdir. Bu səbəbdən azadlıq mövzusu da siyasi fəlsəfənin ən önəmli müzakirə obyektlərindən biridir. Azadlıq mövzusu ilə bağlı müasir siyasi fəlsəfədə Con Lokk, Con Stüart Mil və İmmanuel Kant kimi böyük filosofların yazıları mövcuddur. Daha çağdaş dövrə gəldikdə isə biz İsaya Berlinin “Azadlığın iki konsepsiyası” adlı məşhur yazısı ilə qarşılaşırıq.

Berlin azadlığı neqativ və pozitiv (burada pis və ya yaxşı mənasında işlədilmir) olaraq iki yerə bölürdü. Neqativ azadlıq daha fərdi, pozitiv azadlıq daha kollektiv xarakter daşıyırdı. Neqativ azadlıq fərdlərin həyatında heç bir xarici əngəl olmadan öz yaşamlarına dair qərar vermələri ilə bağlıdır. Pozitiv azadlıq isə fərdlərin həyatında heç bir daxili əngəl olmadan öz yaşamlarına dair qərar verməsi ilə bağlıdır. Berlin də daxil olmaqla bir çox liberal filosof pozitiv azadlığın avtoritarizmə apara biləcəyinə inanır. Onlar düşünürlər ki, əgər biz dövlətə insanları “azad olmağa məcbur etmək” (bax: Jan Jak Russo – forced to be free) gücünü və hüququnu versək, onda siyasi hökümətlər fərdlərin öz daxillərindən yaranan əngəlləri aradan qaldırmaq iddiası ilə bir sui-istifadə vəziyyəti yaradacaq və onların azadlığına xaricdə, yəni sosial həyatda əngəllər yaradacaq və beləcə də, onları neqativ mənada azadlıqdan məhrum edəcək.

Hələ Berlinin vaxtından mövcud olan bu yanaşma bütün Qərb demokratik sistemlərində oturuşdu. Hazırda Qərbdə olan demokratik sistemlər əksərən liberal demokratik sistemlər hesab olunurlar. Liberal olaraq onlar da neqativ azadlığın tərəfdarıdırlar və fərdlərin kənardan heç bir sosial və ya siyasi əngəllə qarşılaşmadan maksimum şəkildə öz azadlıqlarını yaşamalı olduqlarını müdafiə edirlər.

Liberalizm, siyasi düzgünlük və populizm

Əslində elə Berlinin məşhur konsepsiyasının yaranmasından bir müddət sonra Qərbdə yeni bir dalğa da yaranmışdı – Siyasi düzgünlük (Political correctness). Bunun üzə çıxmasındakı əsas məqsəd heç bir fərdi və qrupu incitməyəcək, cəmiyyətdəki həssas məsələləri qabartmayacaq bir siyasi diskursun, danışıq tərzinin yaranması idi. Nəzəri olaraq öz içində bir çox ziddiyyətlər barındıran bu yanaşma siyasi spektrumun hər yerində olan partiyalar tərəfindən də ilk dövrlərdə çox tənqid olunmuşdu.

Liberal demokratiyanın siyasi liberalizmin sərhədləri daxilində yaratdığı bu siyasi düzgünlük sonradan praktikada yayğınlaşmağa başladı. Qərb demokratiyalarındakı bütün meynstrim (başlıca, əsas) siyasi partiyalar getdikcə mərkəzə meyl etdi, liberallaşdı və siyasi düzgünlüyün içinə girdilər. Artıq heç kim “icazə verilməyən” məsələlərdən danışa bilmirdi. Danışdıqda siyasi rəqibləri tərəfindən tənqid edilirdi, hətta qınaq obyektinə çevrilirdi. Yaradılmış bu ehtiyatlılıq içərisində bütün meynstrim siyasi partiyalar daha da çox bir-birinə oxşamağa başladı. Artıq Qərbdə sol və sağ yox idi, sol mərkəz, sağ mərkəz və mərkəz var idi. Artıq sol mərkəz, sağ mərkəz və mərkəzdəkilər demək olar ki seçkidən qabaqkı dövrdə eyni şeyləri təklif edirdilər.

Liberal demokratiyanın Qərb ölkələrinin daxilində qazandığı bu qələbə sonradan beynəlxalq siyasətdə də öz əksini tapdı. Yaponiya əsilli məşhur amerikan filosof Frensis Fukuyama özünün “Tarixin sonu və sonuncu insan” adlı kitabında SSRİ-nin dağılmasını tarixin sonu adlandırdı və iddia etdi ki, liberal demokratiya artıq dünyadakı digər bütün ideologiyalar üzərində qələbə qazandı. Bütün dünya artıq liberal demokratiyanı qəbul edəcək. Bu iddianın uğursuz olduğunu biz sonradan baş verən hadisələrdə gördük (bax: 11 sentyabr hadisələri, regional konfliktlər və s.), ancaq mən indi bu məsələlərə toxunmayacağam.

Mənim əsas çatdırmaq istədiyim odur ki, liberal demokratiyanın yaratdığı dəyər olan siyasi düzgünlük əslində liberalizmin özü ilə nəzəri olaraq uyğunlaşmırdı. Neqativ azadlığı dəstəkləyən, bunu təbliğ edən bir siyasi ideologiya birdən-birə özü pozitiv azadlıqçı oldu və insanlara “siz düzgün olanı bilmirsiz, düzgün olan budur, bu barədə danışın, başqa məsələlərdən danışmayın” deyərək onların “içindəki qeyri-liberalı” öldürdü, yəni pozitiv azadlığı tətbiq etdi və xaricdə minlərlə əngəl yaradaraq neqativ azadlığın üstündən xətt çəkdi. Əslində, Berlinin də əvvəlcədən iddia etdiyi kimi avtoritarlaşdı.

Bunun ən mühüm nəticələrindən biri Qərbdə yenidən populist siyasi hərəkatların və partiyaların üzə çıxması oldu. Siyasi düzgünlük cərəyanının yarandığı 1970-ci illərdən bir qədər sonra artıq 80-ci illərdə bir çox Avropa ölkəsində populist siyasi partiyalar aktivləşməyə başlamışdı. Onlar siyasi düzgünlüyün qadağa etdiyi hər məsələdən danışmağa başladılar. Susdurulmağa çalışılan insanlar siyasi partiya qurdular və irqçi, diskriminativ, faşist sloqanlarla xalqdan dəstək almağa başladılar. Əslində, bu tip qruplaşmalar hər zaman var idi və faktiki olaraq, siyasi düzgünlük də bunları ümumiyyətlə məhv etməyə çalışırdı. Bəs necə oldu ki, bu partiyalar xalqdan da bu qədər dəstək ala bildilər? Həqiqətən, Avropada vətəndaşlarının özü də bu siyasi partiyaların liderləri kimi irqçi, diskriminativ və faşistdir? Çünki xalq sıxışmış siyasi sistemdən bezmişdi. Buradakı əsas məsələ meynstrim siyasi partiyaların xalqa zorla qəbul etdirməyə çalışdığı dəyərlər idi. Buradakı əsas məsələ meynstrim partiyaların bir-birinin eynisi olması idi. Xalqın bir hissəsi (bəzi ölkələrdə hətta 25-35 faizi) alternativ olan radikal belə olsa, onu dəstəkləməyə başladı.

Populist partiyaların yaxın tarixdəki ilk uğuru Avstriya Azadlıq Partiyasının 1999-cu il parlament seçkilərində 27 faiz səs toplayaraq ölkədəki ikinci ən böyük siyasi partiya kimi koalisiya hökümətində yer almağı oldu. Bu hadisədən sonra Avropadakı meynstrim siyasi partiyalar populizmə daha çox diqqət ayırmağa başladılar. Ancaq yenə də populist partiyalar uğurlarına davam etdi. Belə ki qloballaşmaya, Avropa Birliyinə qarşı olan bu siyasi partiyalar Avropa Parlamenti seçkilərində də ciddi uğurlar əldə etdi. Bu da onu göstərirdi ki, kobudca desək, avropalılar Avropa Birliyindən razı olmadıqları üçün anti-Avropa Birliyi mövqeyində olan siyasi partiyaları Avropa Parlamentinə göndərirdi. Bundan sonra meynstrim partiyalar nəinki populist partiyalarla mübarizə apardılar, hətta onlar kimi davranmağa belə başladılar. Fransada 2012-ci il prezident seçkiləri zamanı sağ mərkəz siyasi partiyanın namizədi Sarkozinin immiqrasiya ilə bağlı fikirləri və populist radikal sağ partiyanın namizədi Le Penin dedikləri arasında çox cüzi fərqlər var idi. Sarkozi sağ mərkəzdən daha sağa meyl edən seçiciləri populizmə meyl edərək geri qazanmağa çalışırdı.

Sarkozinin etdiklərinə bənzər nümunələri çoxaltmaq olar, ancaq, yəqin ki, bu məsələ Avropada Breksit ərəfələrində olduğu qədər heç vaxt müzakirə olunmamışdı. Avropalılar buna hazır idilər, çünki artıq uzun illərdir populist partiyalar və hərəkatlar güclənmişdi və uğur əldə edirdilər. Bəs amerikalılar necə? Amerikada da kifayət qədər populist hərəkatlar mövcuddur. Hətta bunlardan biri dünyaca məşhur Alternativ Sağ (Alternative Right  – Alt Right da deyirlər) hərəkatıdır. Bu hərəkat eyni Avropadakı populist siyasi partiyalar kimi müxtəlif irqçi, disktriminativ, faşist fikirlərə sahibdir. Yəni, amerikalılar da populizmin fərqində idilər. Ancaq bir fərqlə – onlar populizmi ciddiyə almırdlar. Avropanın populizmlə bağlı acı təcrübələri olduğu üçün onlar hər zaman populizmi ciddiyə alıblar, ancaq Amerikanın bu məsələdə ciddi bir acı təcrübəsi yox idi. Ancaq artıq var – Donald Tramp.

Sosial Şəbəkələr Ali Məhkəmədən güclüdür?

Trampın prezident seçiləcəyinə kobudca desək, heç kim inanmırdı. Dünyanın ən güclü, demokratik dəyərlərin ali daşıyıcısı, bütün dünyaya azadlıq və insan haqları təbliğ etmək iddiası olan bir dövlətin başçısı necə ola bilərdi ki irqçi çıxışlar edən, siyasətin dərinliklərini bilməyən, liberal demokratik dəyərlərdən tamamilə uzaq biri olsun? Trampın prezident seçilməsi ABŞ-ı, eləcə də bütün dünyanı şoka saldı.

Bir çoxları düşünürdü ki, Tramp prezident seçildikdən sonra dəyişəcək. Çünki ABŞ elə bir dövlətdir ki, orada bu şəkildə, bu diskursla prezidentlik etmək mümkün deyil. Hətta bir çoxları əgər Tram dəyişməsə, onun prezidentlik dövrünün sona qədər davam etməyəcəyini düşünürdü. Əslində, buna cəhd də edildi. Trampı impiçment vasitəsilə prezidentlikdən kənarlaşdırmağa çalışdılar, lakin baş tutmadı.

Tramp prezident olduğu dövrdə heç dəyişmədi. Hətta daha da cahil, daha da irqçi, seksist, faşist oldu. Bəs Amerikanın Ali Məhkəməsi nə iş görürdü? Axı ABŞ-da güclü məhkəmə baxışı (strong judicial review) var. Bu o deməkdir ki, ali məhkəmə konstitusiyanın qoruyucusu olur və hər hansı bir anti-konstitusion aktı ləğv edir. Problem isə oradan qaynaqlanır ki, həmin məhkəmənin hakimlərini prezident təyin edir. Doğrudur, Senatın üzvlərinin prezidentin təyinatlarını qəbul etməmək kimi hüququ var, ancaq Senatdakı çoxluq məsələsi bir çox halda bu hüququ formal hala salır. Bəs belə olanda prezident konstitusiyaya zidd hərəkət etsə, nə baş verəcək?

Göründüyü kimi demək olar ki, heç bir şey baş vermədi. Əslində, indiyə qədər Donald Tramp etdikləri və danışıqları ilə konstitusiyanı dəfələrlə pozdu, ancaq hakimiyyətdə qaldı. ABŞ, eləcə də digər Qərb demokratiyaları siyasi düzgünlük kimi içində şiddət barındıran yararsız dəyərlər yaratmaq əvəzinə, həqiqətən sahib olduqları dəyərlərin, yəni hesabatlılıq, demokratik institutlaşma və s. sistematik işləyişini inkişaf etdirsəydilər, Tramp nəinki prezident, heç namizəd belə ola bilməzdi, buna ya Ali Məhkəmə, ya da başqa bir dövlət institutu mane ola bilərdi.

Ancaq biz bu gün görürük ki, Trampa Ali Məhkəmə yox, Twitter, Facebook, Youtube kimi sosial şəbəkələr mane olurlar. Son seçkilərdən sonra ABŞ-da baş verən hadisələr, vətəndaşların Konqres binasına girməsinin arxasınca bu saydığım sosial şəbəkələr Trampın hesablarını dondurdu. İddia isə bundan ibarət idi ki, Tramp insanları şiddətə çağırır, ölkə daxilində çaxnaşma yaradır. Sosial şəbəkələrin belə bir məhdudiyyət qoymasında əslində heç bir problem yoxdur. Ancaq sosial şəbəkələrin daxili qaydaları da dövlətlərin, eləcə də beynəlxalq normların üzərində formalaşır. Yəni, həqiqətən Twitterin daxili qanunları ABŞ-ın qanunlarından daha güclüdür? Ya da Facebook ABŞ dövlətindən daha yaxşı demokratiya qoruyucusudur? Məncə, bu suallar dijital dövrün, eləcə də beynəlxalq şirkətlərin, xüsusilə əlində data olan şirkətlərin nə qədər əhəmiyyət daşıdığının göstəricisidir.

Əlavə olaraq, fikir azadlığı məsələsinin də yenidən müzakirə olunmasının vacibliyi bir daha üzə çıxır. Sosial şəbəkələrdə yaranan bu tip məhdudiyyətlərdən sonra bir çox amerikalı bunu kifayət qədər demokratik hesab etdi və bu məhdudiyyətlərin fikir azadlığına qarşı olmadığını iddia etdi. Onda gəlin qəbul edək ki, artıq Qərb demokratiyaları liberal demokratiya nümunəsi deyil, çünki pozitiv azadlığı dəstəkləyir. Çünki artıq fikir azadlığına kənardan bir əngəl var – bunun adının konstitusiya, milli dəyərlər (məs: demokratiya) olmasının artıq bir əhəmiyyəti yoxdur. Biz iddia edə bilərik ki, pozitiv mənada Trampın və onun tərəfdarlarının azadlığı pozulmadı, ancaq neqativ mənada pozuldu.

(Burada bir əlavə qeyd kimi onu da yazmaq istəyirəm ki, bir çox amerikan mediasının həmin gün Türkiyə XİN tərəfindən edilən açıqlamaya bu qədər sərt reaksiya verməsi də məni çox düşündürdü. Türkiyə XİN hadisələrdən narahat olduğunu və hər iki tərəfi sakitliyə çağırdığını qeyd etdiyi bir bəyanat paylaşmışdı. Bu bəyanatın məzmunu Türkiyədə 15 iyul hadisələrində FETÖ qruplaşmasının çevriliş cəhdinə məhz ABŞ-ın verdiyi reaksiya ilə eyni xarakteri daşıyırdı. ABŞ da həmin gün tərəfləri sakitliyə çağırmışdı. Qəribədir, ABŞ sakitlik istəyəndə problem yoxdur, amma Türkiyə ABŞ-da sakitlik istəyəndə problem var. Görünür, Türkiyə kiçik bir diplomatik oyunla ali dəyərlərin daşıyıcısının xətrinə dəyib).

Fikir azadlığı perspektivindən mənə maraqlı olan iki məsələ var: Birincisi, məsələ sırf dəyərlər üzərindən, yəni əslində mütləq həqiqət olub-olmadığı müəyyən olmayan məsələlər üzərindən məhdudiyyət yaratmaqdırsa, onda keçmişdə SSRİ-də və ya indiki İranda olan məhdudiyyətlərə də bəraət qazandırmaq olarmı? Və ya ABŞ-ın həm öz daxilində, həm də xaricində zorla (!) demokratiya qəbul etdirməyə çalışmasına bəraət qazandırdığımız kimi, Rusiyanın da həm öz daxilində, həm də keçmiş post-sovet ölkələrində zorla avtoritarizm yaymasına bəraət qazandırmaq olarmı? Və ya son müharibə dövründə biz “nowar”çulara niyə fikir azadlığı verilməli olduğunu müdafiə etdik? Niyə bəraət qazandırmadıq ki, bizim davamız elə beynəlxalq hüquq davasıdır, demokratik dəyərlərlə üst-üstə düşür və sonra onlara qarşı repressiya etmədik? ABŞ-da baş verənlərə nə qədər bəraət qazandırmaq mümkündürsə, bunlara da mümkündür. Nəticədə, siyasət elə dəyər yaratmaqdan, bunları insanlara sırımaqdan və ya zorla qəbul etdirməkdən ibarətdirsə, ABŞ, Rusiya və ya İran arasında bir fərq yoxdur. Ya hamısı alidir, ya da hamısı pis. Əgər onlar alidirsə, bizdə də “nowar”çular beynəlxalq hüququ dəstəkləmədiklərinə görə (!), yəni bu bəraətlə həbs olunsaydı, düz etmiş olacaqdıq.

İkinci maraqlı gələn məsələ isə elə birinci ilə əlaqəlidir. Yuxarıda sadaladığım suallara bir çoxu bu şəkildə cavab verə bilər ki, ABŞ-da insanlar daha azad, demokratik cəmiyyətdə yaşayır, ancaq saydığım digər ölkələrdə yox. Ancaq bu səfsətədən başqa bir şey deyil. Birinci növbədə, daha rahat yaşamaq ədalətli yaşamaq mənasına gəlmir. ABŞ-da da kifayət qədər iqtisadi, sosial ədalətsizliklər var və artıq bunu Fukuyama (son kitabını incələmək kifayətdir) belə qəbul edir. Məsələn, Rusiyada 30 milyon insan ədalətsizliyə məruz qalırsa, ABŞ-da 10 milyon insan ədalətsizliyə məruz qalır. 30 milyon rus insandır, ancaq 10 milyon amerikalı yox? 30 milyon rusa görə Rusiyanı tənqid edənlər, 10 milyon amerikalının dərdini niyə çəkmirlər? Əlavə olaraq, əgər məsələ, həqiqətən, ali dəyərlərdirsə, onda bayaq saydığım sosial şəbəkələrin də fəaliyyətini gözdən keçirmək lazımdır. Bəli, ABŞ-da yaxın zamanda baş verən hadisələr tarixi xarakter daşıyırdı və çox önəmli idi. Amma biz də yaxın vaxtda bir müharibə yaşadıq və bu da ən az onun qədər tarixi önəm daşıyırdı. Bəs onda niyə sosial şəbəkələr fakt yoxla (fact check) etmirdilər? Erməni rəsmiləri dini propaqanda edərək faktiki bütün liberal demokratik dəyərlərin üstündən xətt çəkəndə niyə məhdudiyyət qoyulmurdu?

Bir gün biz də çox güclü olsaq, bir dəyər yaradıb, həm daxildə, həm xaricdə hər kəsi bu dəyərə dəvət edib, qəbul etməyənlərə məhdudiyyətlər qoyub, hətta yeri gəlsə həbs edib, öldürüb, sonra da car çəkəcəyik ki,  yaşasın filan dəyər! Onda yəqin ki, heç kim bizdən inciməyəcək, bizi tənqid etməyəcək, çünki güclünü incitmək və tənqid etmək mümkün deyil və ya əhəmiyyətsizdir. Güclünün haqlı olduğu dünyadan qurtulmaq barədə düşünmək əvəzinə güclənib öz haqlılığımızı yaratmaq barədə düşündüyüm üçün isə həm öz adıma, həm də bütün dünya adına çox təəssüflənirəm.