Tarixşünaslığımızda 1905-1907-ci illər dövrü ermənilərin azərbaycanlılara qarşı soyqrımları ilə səciyyələndirildiyi üçün, müəyyən tədqiqata cəlb edilir. Ölkənin silahsız, dinc əhalisinə qarşı aparılan üsyanlara Çar Rusiyası səssiz qalır, hətta erməniləri silahlandırırdılar. İlk olaraq Tiflis sülh konfransı təşkil edilmişdi, lakin “Qələmi sülh gətirməyən” Əhməd bəy daha sonra “Difai”nin yaradılmasına baş vurmuşdur. Tarixşünaslıqda “Difai”nin yaranma səbəbləri ilə bağlı müxtəlif fikirlər mövcuddur. Hüseyn Baykara “Difai”nin quruluş səbəbi kimi Rusiyanın bölgədəki hökmranlığına son qoymaq məsələsini irəli sürmüşdür. [3, s.132]. «Difai» partiyası Azərbaycan türklərinin erməni təcavüzündən xilas edilməsi məqsədilə yaradılsa da, bu ixtilafın səbəblərinin Rusiya imperiyası olduğu aşkarlandıqca imperiyaya qarşı çevrilirdi. T. Sünbülün yazdığı kimi, «erməni-azəri savaşının bir məhsulu olan «Difai» öncəliklə Rusiyaya qarşı tövr alaraq Şeyx Şamilin zamanından bəri hər hansı bir davamlı dirəniş göstərməyən bölgədəki uzun sürən çarlıq idarəsinə qarşı susqunluğu yıxmışdır» [9, s.127].  Aydın Balayev “Difai”nin Qafqaz xalqları arasında sülhü bərqərar etməyi üstün tutduğunu yazırdı. [2, s.196].  Bunu Sabir Rüstəmxanlının “Difai”ni Qarabağdan-Dağıstana geniş şöhrət qazanan bir təşkilat kimi əks etdirməsi də sübut edir. [10, s.6].  Bizim fikrimizə görə, 1906-cı ilin payızında ermənilərin terroruna cavab olaraq yaradılmış “Difai” partiyası Əhməd bəyin Tiflis sülh konfransından əldə edə bilmədiyi nəticənin “məhsulu” idi. [Fuad Xəlilov və Mərziyə Xudiyeva; daha ətraflı bax: 7, s. 91-107]. Bu partiyanın quruluş səbəblərindən biri də xalqı maarifləndirərək, onu düşməninə qarşı gücləndirmək idi. [2, s.197]. Əhməd bəy ağıllı siyasət yürüdərək İrşad qəzetinin Azərbaycan türkcəsində olan proqramında rus məmurlarına qarşı ittiham irəli sürmədiyi halda, rus dilindəki proqramında nəinki ittiham, hətta onları kəskin tənqid etmişdir. [1, s.107].  “Difai”, erməni-azərbaycanlı münaqişəsini alovlandıran çar məmurlarını cəzalandırmağı planlaşdırır və erməni silahlı birləşmələrinə, əsasən də ermənilərin “Daşnaksütyun” (1890, Tiflis) və “Hnçak” (1887, İsveçrə) kimi terrorist partiyalarına qarşı mübarizə məqsədi güdürdü. [1, s.111]. “Difai” işini böyük bir diqqətlə görürdü, hədəfini müəyyən etdikdən sonra ona xalqdan üzr istəmək üçün 3 gün vaxt verilirdi, [5, s.133] bu fürsəti dəyərləndirməyənlərin “Kağızı damğalanardı”, yəni bunu canları bahasına ödəyərdilər. Çünki ölüm xəbəri kağızlara “Difai” möhürü ilə yazılır və hər dəfə kimsə tərəfindən böyük diqqətlə qoyulurdu. Bununla da polis əməkdaşları onları müəyyənləşdirə bilmirdilər. [12].  Ermənilərə köməklik edən Naxçıvan qəza rəisi A. Enkeli öldürmüş,  Şuşa generalqubernatoru isə V.N.Qoloşapovu yaralanmışdır. [1, s.111]. Bu әmәliyyatlardan sonra “Difai” bir neçә qәzet redaksiyasına özünün möhürü ilә proklamasiyalar göndәrmiş vә N. Şeyxzamanlının qeyd etdiyi kimi bu iki qәtl hadisәsi Rusiya hökumәtini sarsıtmış vә “onu daha ağıllı olmağa mәcbur etmişdi”. Çarəsiz qalan Çar Rusiyası ən sonda “Difai” partiyasının üzvlәrindәn heç olmasa bir nәfәrini hökumәtә tәslim edәcәk şәxsә 50000 manat qızıl pul mәblәğindә mükafat veriləcəyini bildirməsinə rəğmən onun bu səyi də cavabsız qalmışdı, [11, s.17] çünki “Difai”nin üzvlәri arasında çar hakimiyyәti orqanlarında işlәyәnlәr dә vardı. “Difai”nin həyata keçirdiyi “Bəyaz terror” siyasətindən sonra xalqımıza qarşı qırğın vә talanlar xeyli azalmışdı. 1908-­ci ilә qәdәr “Difai”nin fәaliyyәti o qәdәr geniş miqyas almışdı ki, Azәrbaycan qәzalarında çar hakimiyyәti orqanlarının mövcudluğuna tәhlükә yaranmışdı. “Difai-daşnak münaqişəsi” şəklində adlandırdığımız bu məsələdə Əhməd bəy və silahdaşları çoxlu təzyiqlərə məruz qalmışdır. [Mərziyə Xudiyeva; daha ətraflı bax: 8, s. 188-191].  Partiya üzvlәrinә qarşı repressiyalar başlanmışdı, Ağaoğlu isə tәqiblәrdәn güclә qurtularaq Türkiyәyә mühacirәt etdi. Əhməd bəy “Difai”nin yaradıcısı və rəhbəri idi. Maraqlıdır ki, o, nə özünün tərcümeyi-halında, nə də sonrakı xatirələrində bu barədə heç nə yazmamışdı. 1907-ci il iyunun 9-da Əhməd bəyin mənzilində axtarış apanlmış, lakin hər hansı şübhəli fakt aşkar olunmamışdır. Dilqəm Əhmədin “Əhməd bəy Ağaoğlu Cümhuriyyət qəzetində” əsərində yazdığına görə, Ə.Ağayev 1939-cu ildə Türkiyədəki “Cümhuriyyət” qəzetində öz tərcümeyi halını verərkən 1906-cı ildə “Difai” partiyasının qurucularından biri olduğunu da yazmışdır. [4, s.303]. Əhməd bəy ağıllı siyasət yürüdərək İrşad qəzetinin Azərbaycan türkcəsində olan proqramında rus məmurlarına qarşı ittiham irəli sürmədiyi halda, rus dilindəki proqramında nəinki ittiham, hətta onları kəskin tənqid etmişdir. [1, s.107]. Qafqaz canişini özünün 1908­-ci il 4 mart tarixli fәrmanı ilә “Difai” partiyasının lәğv edilməsi barədə tapşırıq vermişdiş Yelizavetpol general-qubernatoru Q.Kovalyov cavab məktubunda yazmışdı ki, cari ilin mart ayında bu partiya tamami ilə ləğv ediləcəkdir. Belәliklә “Difai”nin fәaliyyәtinә xitam verilmәsinin dәqiq tarixi barәdә tarixşünaslıqda vahid fikir olmasa da M.B.Mәmmәdzadә vә H.Baykara qeyd edirlәr ki, “Difai” partiyası öz mövcudluğuna 1908­-ci ildә xitam vermişdir. [5, s.145]. F. Cabbarov isə partiyanın 1909-cu ildə fəaliyyətini dayandırdığını qeyd edir. 1911-ci ildə Məhəmməd Əli Rəsulzadə, Abbasqulu Kazımzadə və Tağı Nağıoğlu tərəfindən yaradılan “Müsavat” partiyası “Difai” ideyalarını da mənimsəyərək, tədricən Azərbaycanın ən böyük siyasi partiyasına çevrildi. Partiyanın bütöv adı «Qafqaz ümummüsəlman ittifaqı» olsa da, o, qısaca olaraq «Difai» kimi tanınmışdır. Arxiv sənədləri M.Ə.Rəsulzadənin də «Difai» sıralarında olduğunu göstərir [9, s.145]. 1917-ci ildə bir çox “Difai”çi tərəfindən Gəncədə yaradılmış “Türk Ədəmi-Mərkəziyyət partiyası”nın “Müsavat”la birləşməsindən sonra artıq “Difai” üzvlərinin böyük əksəriyyəti öz bilik və bacarıqlarını məhz bu partiyaya sərf etdilər. Tarixçilərin fikrincə, tәşkilat hәlә 1917-­ci ilә qәdәr qeyri-leqal şəkildə fәaliyyәtini sürdürmüşdür. Tәşkilatın qarşıya qoyduğu missiyanın әsas uğurlarından biri də 1918­-ci ildә Azәrbaycan Xalq Cümhuriyyәtinin sələfi olmasıdır.

 Azərbaycan Xalq Cümhuriyyəti və onun parlamenti çox çətin və mürəkkəb bir tarixi dövrdə meydana gəlmişdi. Zaqafqaziya Seymində və hökumətində fəaliyyət göstərən hər üç millətin nümayəndələrindən hər biri öz millətinin mənafeni ümumzaqafqaz mənafeyindən üstün tuturdu, çünki vahid bir hədəf yox idi və bir sözlə yenidən parçalanma məsələsi labüd idi. Uzun müzakirələrdən sonra 1918-ci ilin 22 aprelində Tiflisdə Cənubi Qafqaz Federativ Respublikası yaradıldı və bu münasibətlə iclasda çıxış edən Məhəmməd Əmin Rəsulzadə “Müstəqilliyi vicdanın hökmü ilə qəbul etdiyimiz zaman Cənubi Qafqaz xalqları daha sıx şəkildə bir-birinə bağlanacaqdır” deyə çıxış etmişdi. Rəsulzadə Cənubi Qafqazda yaşayan yeni nəslin yalnız bir bayraq altında toplanmalı olduğunu qeyd edirdi. Nəhayət 1918-ci il may ayının 25-də Zaqafqaziya Seyminin son iclası keçirilir. Gürcüstan Zaqafqaziya Seymindən çıxaraq may ayının 26–da öz istiqlaliyyətini elan edir. Zaqafqaziya Seymi dağıldıqdan bir gün sonra, mayın 27-də Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk Azərbaycan hökuməti yaratmaq üçün Seymin 44 nəfər müsəlman nümayəndəsi Tiflisdə toplanır və Rəsulzadə Azərbaycan Milli Şurasının sədri seçilir. 1918-ci il may ayının 28-də Azərbaycan Milli Şurasının sədr müavini, “Difai”nin Gəncədəki fəal üzvlərindən olan Həsən bəy Ağayev idi və onun sədirliyi ilə Azərbaycanın istiqlaliyyəti haqqında bəyannamə qəbul edilir. Beləliklə, artıq Azərbaycan da M.Ə.Rəsulzadənin “Qafqaz evin”dən çıxaraq müstəqil dövlətə çevrilir. Azərbaycan cümhuriyyəti (1918-1920) illərində yaranmış Milli Ordunun özəyini məhz «Difai» partiyasının üzvləri təşkil etmişdi. Həmin illərdə Milli Ordunun qısa bir müddət ərzində Zəngəzur və Qarabağı işğalçı erməni-daşnak birləşmələrindən təmizlədiyi məlum həqiqətdir [1, s.136]. Artıq müstəqil olan dövləmizin ziyalıları “Difai” mirasını öz fəaliyyətləri ilə yaşadırdılar. Onlardan “Difai” təşkilatçısının qurucusu olan Əhməd bəy 26 dekabr 1918-ci ildə Zəngəzur qəzasından bitərəf nümayəndə olaraq Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilir, faktiki olaraq bir ay deputat kimi fəaliyyət göstərməsinə baxmayaraq olduqca kəskin və mənalı çıxışları olmuşdur.  Ağaoğlu Cümhuriyyətin Paris Sülh Konfrasında iştirak etmək üçün göndərdiyi nümayəndə heyətinin də tərkibində idi. Cümhuriyyətin ilk ədliyyə naziri Xəlil bəy Xasməmmədovun 2-ci və 3-cü Dövlət Dumalarında deputat olaraq fəaliyyət göstərməsi, “Difai”nin rəhbərlərindən olmasından savayı AXC dövründə birinci hökumət kabinetində ədliyyə naziri, ikinci kabinetdə əvvəlcə portfelsiz nazir, 1918-ci il 6 oktyabr kabinetdaxili dəyişikliklərdən sonra ədliyyə naziri, üçüncü kabinetdə daxili işlər naziri, beşinci kabinetdə ədliyyə naziri vəzifələrində çalışmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin digər “Difai”çi naziri isə 1-ci Dövlət Dumasının deputatı İsmayıl xan Ziyadxanlı olmuşdur. O, ikinci hökumətin tərkibində hərbi işlər üzrə müvəkkil olub, daha sonra Xarici İşlər Nazirinin birinci müavini təyin edilib. Adil xan Ziyadxanlı da qardaşı kimi fəaliyyətləri ilə fərqlənmişdir. Xarici işlər nazirinin müavini və Qacarlar dövlətində AXC-nin ilk səfiri olduğundan Təbrizdə AXC baş konsulluğunun açılmasında da xüsusi rolu olmuşdur. Adil xanın bu vəzifəyə təyin edilməsi isə təsadüfi deyildi, çünki Ziyadxanlı qardaşları Gəncəli Cavad xanın nəticəsi, Abbas Mirzə Qacarın isə nəvələri idi. Buzdağının görünən üzü kimi görünməyən üzü də var idi, bir dövləti ayaqda tutmaq üçün onun kəşfiyyatı da güclü olmalıdır. Təbii ki, bu işi “Difai” kimi kəşfiyyat xarakterli bir təşkilatdan təcrübəsi olan şəxs icra etməli idi, yəni Nağı bəy Şeyxzamanlı. AXC kəşfiyyat orqanı olan “Əksinqilabla Mübarizə Təşkilatı”na 1919-cu ilin avqustunda Nağı bəy Şeyxzamanlı rəhbər təyin edilmiş və 1920-ci ildə təşkilat ləğv edilənədək onun sədri vəzifəsini daşımışdır. Rəhbərlik etdiyi dövrdə Denikinçilərə (1918-1922-ci illərdə Rusiya Vətəndaş Müharibəsi zamanı Anton Denikinin  rəhbərliyi ilə Sovet hakimiyyətinə qarşı qurulmuş “Ağ Qvardiya”nın mənsubları və dəstəkçiləri), bolşeviklərə və milli düşüncəyə düşmən şəxslərə qarşı ciddi mübarizə aparılmışdır. Hətta  Qafqaz İslam Ordusunun baş komandanı olmuş Nuru paşanın Batumidə ingilis əsirliyindən qaçırılmasında da xüsusi seçilmişdir. Hər kəs kimi xeyriyyəçilər də öz yardımlarından geri qalmırdılar. Xeyriyyəçi olan İsa bəy Aşurbəyli 1918-ci ildə mart soyqırımı zamanı şəxsi əlaqələrindən istifadə edərək türk qoşunlarının Bakıya daxil olmasına fəal kömək göstərmişdi və Azərbaycan Xalq Cümhuriyyəti dövründə Xalq Maarifi Nazirliyinin nəzdindəki nəşriyyata rəhbərlik etmişdir. Xeyriyyəçi fəaliyyəti ilə yanaşı həkim və vəkil kimi də xidmət göstərən Qara bəy Qarabəyov ermənilərə qarşı xalqımızı müdafiə etmişdir.  

AXC çətinliklə qurulduğu kimi müstəqiliyini də çətinliklə elan etdi. Çünki Ənvər paşa Azərbaycanın da Türkiyənin tərkibinə daxil olmağını və Avstriya-Macarıstan kimi konstitusiyalı duolist bir monarxiya yaratmağı tövsiyə edirdi [1, s.317]. 1918-ci ilin iyunun 16-da Tiflisdən Gəncəyə köçən AXC hökümətinə qarşı Nuru paşa və onun ətrafındakılar da cümhuriyyətə soyuq münasibət bəsləyirdi. M.Ə.Rəsulzadə, Fətəli xan Xoyski və M.H.Hacınskidən ibarət nümayəndə heyəti Nuru paşa ilə görüşə getmişdi. Nuru paşa isə, siyasi məsələlər üçün onları Əhməd bəyə yönəldərək özünün hərbçi olduğunu dilə gətirmişdi. Əhməd bəy düşünürdü ki, yaradılacaq Azərbaycan dövləti güclü qoşunların əlində oyuncağa çevriləcək, məhz bu səbəbdən Azərbaycan türklərinin Osmanlının tərkibinə inteqrasiyası fikrini dəstəkləyirdi [1, s.330]. Ağaoğlu nümayəndə heyətini sərt etirazı ilə qarşılaşdı, onun fikrincə, əhali arasında üsyan təhlükəsi yaranmışdı. Sətiraltı şəkildə Nuru paşanın hökümətin demokratik islahatlarından narazı olduğunu və beləliklə, Milli Şura ilə hökümətin buraxılaraq Nuru paşanın istədiyi adamlardan bir hökümət qurulmasını tələb etmişdi. M.Ə.Rəsulzadə başda olmaqla, Azərbaycan nümayəndə heyəti bu tələbə sərt şəkildə etiraz edərək, Azərbaycanın Osmanlı dövləti tərkibinə heç bir halda qatılmayacağını bəyan etmişdi [6, s.82-89]. Sonda gəlinən razılığa əsasən, Ə.Ağaoğlu öz fikirlərindən daşınmış, əvəzində Milli Şuranın bütün səlahiyyətlərinin F.X.Xoyskinin rəhbərlik etdiyi II hökümət kabinetinə verilməsinə razılaşmışdı. “Difai rüzgarı” buradan da yan keçmir. Əhməd bəy Ağaoğlunun təsis etdiyi “Difai” partiyasının qurulmasında iştirak edən, gizli toplantıları Azad Qaraqoyunlu kəndindəki evində təşkil edən Behbud xan Cavanşir AXC üçün də fəaliyyətini layiqi ilə icra etmişdir. O, 1918-ci il iyunun 17-də Fətəli xan Xoyskinin yaratdığı II Hökumət kabinetində daxili işlər naziri vəzifəsini tutur. Nazirliyə rəhbərlik etdiyi dövrdə o, ölkədə anarxiyaya son qoymaq, qanunvericiliyi və vətəndaş təhlükəsizliyini təmin etmək məqsədilə mühim addımlar atmışdı.

 M.Ə.Rəsulzadə Ə.Ağaoğlunun iyun hadisələri zamanı tutduğu mövqeni heç cür bağışlaya bilmirdi, o Ağaoğlunu nəzərdə tutaraq: “Yaşanan problemlər səbəbindən mövqeyini 180 dərəcə dəyişənlər oldu. Millətpərvərliklərinə şübhə edilməyən həmin bəzi şəxslər istiqlaldan imtina etdilər.” [1, s.336]  deyə fikrini bildirmişdi. 1918-ci il 26 dekabr tarixində F.Xoyskinin yeni hökümət kabinet proqramının müzakirə olunduğu iclasda Ə.Ağaoğlu Rəsulzadə ilə polemikaya girmişdi. “Rəfiqim çox həssasdır, amma onunla mənim bir fərq var ki, onun atəşi çoxdur mənim atəşim, amma sönmüşdür, o, gəncdir, mən isə ixtiyaram. O, həyatı hislərinə qapılıb xəyal kimi görür, amma mən həyatı yaşımın da bilincində olaraq daha soyuqqanlı və realist yanaşıram” demişdir. [1, s.340]. Amma Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa qadir xalqdır. Milli Azadlıq Hərəkatımızın “Əkinçi” ilə başlayan yolu “Difai” ilə davam etdi və burada yeni ideologiyalar, milli düşüncələr və mübarizə əzmi gücləndirildi. “Difai” öz missiyasını tam bitirə bilməsə də 1911-də yaradılan “Müsavat” partiyasının simasında özünün yeni, daha mübariz və əzmli davamçısını tapdı. Bütün bu görülən işlər isə son nəticədə mütərəqqi dəyərlərə malik milli dövlətin qurulmasına gətirib çıxardı. Məhz bu səbəbdən AXC-yə gedən yol “Difai”dən keçir. Çünki hər iki ideologiyanın qurucularından savayı, məqsədləri də ortaq idi. Necə deyillər: “Azadlığı olmayan ölkədə ölüm və süqut var. Bütün tərəqqinin və qurtuluşun anası azadlıqdır”. Bu günkü məğlub edilməz Azərbaycanla birlikdə bütün ziyalılarımızın ruhları şad olmuş, vəsiyyətləri isə həyata keçmişdir…

Ədəbiyyat:

1.         Ağaoğlu Əhməd. Qafqazda milli məsələ. Məqalələr və sənədlər toplusu (tərtib edən, ön söz, qeyd və şərhlərin müəllifi F.R.Cabbarov). Bakı, Mütərcim, 2019, 278 səh.

2.         Balayev Aydın. Əhməd bəy Ağaoğlu: dahi mütəfəkkir, qorxmaz fədai və yorulmaz millət qurucusu (1869-1939).  Bakı, JekoPrint Çap Evi, 2021, 508 səh.

3.         Baykara Hüseyin. 3. Azerbaycan istiklal mücadelesi tarihi. İstanbul, Gençlik Basımevi, 1975, 343 s

4.         Əhməd Dilqəm. Əhməd bəy Ağaoğlunun irsi və siyasi fəaliyyəti Türkiyənin “Cümhuriyyət” qəzeti səhifələrində (1929-1939-cu illər). Əhməd bəy Ağaoğlunun  anadan olmasının 150 illiyinə həsr edilmiş Beynəlxalq Simpoziumun materialları. Bakı, 2-3 oktyabr 2019-cu il. Səh. 293-323

5.         Əzizov Eldar. “Difai”: XX əsrin əvvəllərində erməni-azərbaycanlı münaqişəsinin ilkin tarixi şərtləri və səbəbləri. Bakı, 2009, 360 s

6.         Hətəmov Rövşən. – “17 iyun böhranını doğuran səbəblər haqqında”. “Tarix və onun problemləri” jurnalı, № 2, B. 2002.

7.         Xəlilov Fuad. və Xudiyeva Mərziyə. – “Ermənilərin azərbaycanlılara qarşı qırğınlarına son qoymaq üçün, keçirilmiş 1906-cı il Tiflis sülh konfransı tarixi tədqiqatlarda”. “Gənc Tədqiqatçılar” jurnalı, № 7, B.2023.

8.         Xudiyeva Mərziyə “1894-1921-ci illərdə Əhməd bəy Ağaoğlunun ictimai-siyasi fəaliyyəti haqqında”.  “Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 105-ci ildönümünə həsr olunmuş “Müsəlman Şərqinin ilk Cümhuriyyəti mövzusunda” 25-26 may 2023-cü il Respublika Elmi konfranaının materialları” (s. 188-191)

9.         Məmmədov Xəqani. Azərbaycan xalqının milli istiqlal mübarizəsi (XIX yüzilliyin sonları-XX yüzilliyin əvvəlləri). Bakı, Elm, 2005. 249 səh.

10.  Rüstəmxanlı Sabir. Difai fədailəri. Bakı, “Qanun” nəşriyyatı, 2012, səh.432

11.  Şeyxzamanlı Nağı. Xatirələri və İstiqlaliyyət fədailəri. Bakı, Təknur, 2007. Səh. 148

12.  Difai: azərbaycanlıların erkən siyasi təşkilatı – Hüseyn Əlili https://www.politicon.co/en/essays/3/difai-an-early-political-organization-of-the-azerbaijanis

Mərziyə Xudiyeva

Bütün yazıları göstər

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir