Referat
Azərbaycan və Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsi təxminən 25 ildir ki, həll olunmamışdır. Bu münaqişənin həllində müxtəlif dövlətlərin maraqları var və bu da status-kvonun davam etməsinin əsas səbəblərindən biridir. Münaqişə bu ölçüdə akademik ədəbiyyatda müzakirə olunsa da, alimlər bunun sülh yolu ilə qurulması prosesində özəl sektorun roluna əhəmiyyətli dərəcədə laqeydliklə yanaşırlar. Bu araşdırma isə münaqişə ilə bağlı olan akademik ədəbiyyatdakı həmin boşluğu doldurmaq məqsədi daşıyır. Bu məqsədlə tədqiqat özəl sektora homogen yanaşmadan və ümumi elmi ədəbiyyatın sülh quruculuğuna təsirinə ikili yanaşmadan çəkinir. Beləliklə, bu tədqiqat yeni bir yanaşma tətbiq edir: biznesləri ölçüsünə, daxil olduğu sektora və yerləşdiyi yerə görə dörd kateqoriyaya ayırır və hər bir kateqoriyanın sülh quruculuğuna təsir səviyyəsini və istiqamətini ayrıca tədqiq edir. Əldə olunan nəticələr göstərir ki, hər kateqoriya mənfi və ya müsbət istiqamətdə fərqli bir təsir səviyyəsinə sahibdir və ya ümumiyyətlə, heç bir təsir gücünə sahib deyildir. Özəl sektorun Dağlıq Qarabağ münaqişəsinin sülh quruculuğu prosesinə təsirinin ən yüksək səviyyəsi mənfi istiqamətdədir.
Giriş
Arxa plan
Dağlıq Qarabağ Azərbaycanın qərb hissəsindəki bir ərazidir və bu ərazi üzərində ermənilərlə azərbaycanlılar arasında 1988-ci ildən bəri münaqişə davam etməkdədir. (Mareska, 1996) 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan Respublikasından ayrılaraq müstəqilliyini elan etdi. Bu, Dağlıq Qarabağın sərhədləri boyunca hərbi qarşıdurmalara səbəb oldu və SSRİ-nin dağılmasından sonra müstəqillik qazanmış cəmiyyətlərin üzvləri olan ermənilər və azərbaycanlılar arasında müharibənin başlaması ilə nəticələndi. (Mareska, 1996) Azərbaycan, Ermənistan, Türkiyə, Rusiya, erməni diasporası kimi maraqlı tərəfləri və neft-qaz sənayesini cəlb etməklə “Qarabağ münaqişəsinin özünəməxsus xüsusiyyəti onun çox tərəfli asimmetriyasıdır”. (Mareska, 1996, s. 476) Bu ərazidə yaşayan ermənilər öz müqəddəratlarını təyinetmə hüququndan istifadə etdiklərini iddia edərkən Azərbaycan tərəfi onları silahlı üsyançı qrup kimi və Ermənistanı isə münaqişənin digər tərəfi kimi qəbul edir, çünki Ermənistan Dağlıq Qarabağ ermənilərini dəstəkləyir. (Mareska, 1996) 1994-cü ildə Ermənistan və Azərbaycan tərəfləri atəşkəs razılaşmasını imzaladılar, lakin o vaxtdan bəri münaqişənin həlli təxirə salınmaqdadır. (Özkan, 2008) Bu münaqişə “dövlətlərarası müharibəyə səbəb olan çox güclü beynəlxalq əhatə dairəsinə malikdir” və “ATƏT məkanında həll olunmamış əsas hüquqi problemdir”. (Panossian, 2001, s. 143)
Dağlıq Qarabağ münaqişəsi nə sülh, nə də müharibə vəziyyəti olmayan dərin kök salmış bir qarşıdurmadır. (Kemp, 2004) Münaqişənin status-kvosu davam etdikcə bu mövzu ətrafında akademik ədəbiyyat daha çox ortaya çıxmaqdadır. Əsasən, Özkan (2008) və Panossian (2001) kimi alimlər bu münaqişənin həllinin niyə çıxılmaz vəziyyətə düşdüyünü və eyni zamanda fərdi, dövlət və beynəlxalq səviyyədə fərqli tərəflərin iştirakını analiz edərək status-kvonun davamında kimin hansı maraqlara sahib olduğu məsələlərinə toxunublar. Ancaq alimlər sülh quruculuğu prosesində özəl sektorun roluna çox laqeydliklə yanaşıblar. Dağlıq Qarabağ münaqişəsinin dövlət səviyyəsində bir sıra müəyyən maraqları olan tərəfləri əhatə etdiyini nəzərə alsaq, qeyri-dövlət iştirakçılarının sülh quruculuğu prosesinə təsiri əhəmiyyətsiz kimi qəbul edilmiş ola bilər. Və ya alimlər qeyri-dövlət iştirakçılarını bu prosesdə yalnız təsir göstərən “oyunçu”lar hesab edərkən, əsasən BMT və ATƏT kimi beynəlxalq təşkilatlara və ya qeyri-hökumət təşkilatlarına istinad etmişdirlər.
Hətta müəyən bir vaxtda hökumətlər barışıq razılığı əldə edə bilsələr də, illərdir davam edən və qarşılıqlı inamsızlığı və düşmənçiliyi irəli sürən edən təbliğatlar nəticəsində ermənilərlə azərbaycanlılar arasında münasibətin pozulması davam edəcəkdir (Ayunts və digərləri, 2016). Bu mövcud vəziyyəti uzunmüddətli dinc münasibətə çevirmək üçün böyük səylərə və investisiyalara ehtiyac vardır (Ayunts və digərləri, 2016). Sülhün açarı rəsmi imzalar deyildir, “fərdi və qrup daxilindəki münasibətləri və davranışları” dəyişdirə bilən qeyri-dövlət oyunçularının “mərkəzdən kənara və aşağıdan yuxarıya fəaliyyətlər”idir, əks təqdirdə “müharibəsizlik-barışıqsızlıq” vəziyyəti davam edəcəkdir. (Ayunts və digərləri, 2016, s. 554) Bu baxımdan, ticarət sektoru “bəlkə də, sülh quruculuğu prosesinin ən vacib hissəsidir”. (Ayunts və digərləri, 2016, s. 552) “Silahlı qarşıdurmanın iqtisadi ölçüləri bir çox hallarda nəzərə alınmır, lakin bu, heç vaxt diqqətdən kənar saxlanılmamalıdır. Ticarətin rolu yaxşı və pis cəhətdən, xüsusilə həlledici ola bilər”. (Annan, 2004) Buna görə də qeyri-dövlət oyunçuları qrupunun bu münaqişənin sülhməramlı prosesinə təsiri daha dərindən təhlil edilməlidir. Bu məsələ ilə əlaqədar olaraq Dağlıq Qarabağ münaqişəsi özəl sektorun ticarət təcrübələri ilə sülh quruculuğu prosesi arasındakı əlaqələrin müxtəlif səviyyələrdə müşahidə oluna biləcəyi xüsusi bir vəziyyət araşdırması təqdim edir.
Araşdırmanın verdiyi töhfə
Özəl sektorun sülh quruculuğundakı rolu ilə əlaqədar olan ümumi elmi ədəbiyyatdakı boşluq ədəbiyyatın özəl sektora, əsasən, vahid çətir altında və ya “qara qutu” şəklində nəzər salmasıdır; sanki özəl sektor homogendir, lakin bu, həqiqətə uyğun deyildir. Bundan əlavə, ədəbiyyatda özəl sektorun ya sülh üçün müsbət, ya da mənfi bir qüvvə olduğunu iddia edən ikili bir yanaşma mövcuddur. Bu yanaşma ilə ədəbiyyat reallığın vacib bir ölçüsünü əldən verir, yəni bizneslərin fərqli-fərqli kateqoriyaları sülh quruculuğu prosesinə eyni zamanda ya müsbət, ya da mənfi istiqamətdə müxtəlif səviyyələrdə təsir göstərə və ya heç bir təsir göstərməyə bilər. Bu araşdırma özəl sektorun geniş çətiri altında bütün kateqoriyalara nəzərə almaq əvəzinə, biznesləri fərqli kateqoriyalara ayıraraq hər bir kateqoriyanın sülh quruculuğu prosesinə təsirini təhlil edərək sülh quruculuğu prosesi ilə bağlı olan ümumi ədəbiyyata töhfə verir. Bu yanaşma özəl sektoru ‘biznes-münaqişə’ dinamikasını daha yaxşı izah etməyə kömək edən heterogen bir qavram kimi nəzərə alır. Beləliklə, bu araşdırma mövzunun öyrənilməsi məsələsinə yeni bir yanaşma təklif edir. Bu araşdırmanın Dağlıq Qarabağ münaqişəsi ilə əlaqəli konkret töhfəsinə gəldikdə isə tədqiqat özəl sektorun bu münaqişənin sülh quruculuğu prosesinə necə təsir göstərdiyini tapmaq məqsədi daşıyır.
Bu məqamda sülh quruculuğu prosesinə müxtəlif səviyyələrdə təsir göstərə biləcək fərqli biznes növləri arasında fərqi müəyyən etmək faydalıdır. Bu təsnifat bizneslərin ölçüsünə əsasən bir tərəfdən böyük bizneslər, digər tərəfdən kiçik və orta sahibkarlıqlar (KOS) kimi tətbiq oluna bilər. Eynilə bizneslərin fəaliyyət göstərdiyi sektorlar da kateqoriyalar üçün başqa bir əsas amil ola bilər. Bu araşdırmanın kontekstində “sektor” termini sənayenin sinonimi kimi istifadə edilmir, daha dəqiq desək, bu termin rəsmi və qeyri-rəsmi iş fəaliyyətləri arasındakı fərqi nəzərdə tutur. Rəsmi sektor ümumilikdə telekomunikasiya xidmətləri və mədənçilik kimi qanuni sayılan biznesləri, qeyri-rəsmi sektor isə narkotik maddələrin və ya digər ticarət mallarının qaçaqmalçılığı, silah ticarəti və insan alveri kimi qeyri-qanuni fəaliyyətlərini əhatə edir. Üstəlik, bu tədqiqat xüsusi olaraq Dağlıq Qarabağ nümunəsinin araşdırılmasına yönəldildiyi üçün bu ərazidə və xaricində fəaliyyət göstərən müəssisələr arasında fərq qoyula bilər. Bir biznes Dağlıq Qarabağdan kənarda fəaliyyət göstərən qeyri-rəsmi sektora aid olan KOS (kiçik və orta sahibkarlıq) olmaqla eyni zamanda hər bir kateqoriyaya aid ola bilər, məsələn, daha sonra bu araşdırmada müzakirə ediləcək Sadaxlı bazarı nümunəsində olduğu kimi. Beləliklə, mən bu araşdırmada münaqişənin sülh quruculuğu prosesinə təsirinin təhlil ediləcəyi dörd fərqli biznes kateqoriyası müəyyən etdim. Bu kateqoriyalar aşağıdakılardır:
- Dağlıq Qarabağ xaricində olan rəsmi sektordakı bizneslər;
- Dağlıq Qarabağ xaricində olan qeyri-rəsmi sektordakı bizneslər;
- Dağlıq Qarabağ daxilində olan rəsmi sektordakı bizneslər;
- Dağlıq Qarabağın daxilində olan qeyri-rəsmi sektordakı bizneslər.
Bu kateqoriyaların təhlili araşdırmadakı bu tədqiqat sualına cavab verəcəkdir: Müxtəlif biznes kateqoriyaları Dağlıq Qarabağ münaqişəsinin sülh quruculuğu prosesinə necə və hansı səviyyədə təsir göstərir? Mənim fərziyyəm budur ki, bizneslərin fərqli kateqoriyaları barışıq prosesinə eyni anda mənfi və ya müsbət istiqamətlərdə müxtəlif dərəcədə təsir göstərir və ya ümumiyyətlə, təsir göstərmirlər.
Ədəbiyyatın icmalı
Biznesin sülh quruculuğundakı roluna dair ümumi ədəbiyyat biznesin barışıq üçün müsbət bir oyunçu ola biləcəyi və ya vəziyyəti daha da gərginləşdirə biləcəyi mübahisələri ətrafında gedir. Zandvliet (2005) şirkətlərin münaqişə bölgələrindəki fəaliyyətlərinin münaqişə dinamikasına müsbət və ya mənfi təsirlər göstərə biləcəyini, lakin heç vaxt neytral olmayacağını iddia edir. O, xüsusilə hasilat sənayesindəki şirkətlərə fokuslanaraq şirkətlərin fəaliyyətlərinin münaqişəyə daxil olmasının müxtəlif yollarını müəyyənləşdirir və bunlardan biri də şirkət və hakimiyyət orqanları arasında yarana bilən gərginlikdir. Digər tərəfdən, Miller (2019) və başqaları isə özəl sektor şirkətlərinin həm makro, həm də yerli səviyyədə sülhə müsbət təsir göstərməsi üçün müsbət dəyişikliklər katalizatoru, konstruktiv fəaliyyətin asanlaşdırıcısı və iştirakçıların təsir edicisi kimi effektiv rol oynaya biləcəyini bildirir. Halbuki müəlliflər qeyd edir ki, əgər qarşıdurmanın mövcudluğu şirkətlərin fəaliyyət qabiliyyətini təhdid edərsə, onlar sülh quruculuğu proseslərində iştirak etməyə daha həvəsli olurlar.
Bunlardan əlavə, Peradze (2014) münaqişə səbəbi ilə bölünmüş cəmiyyətlərin üzvlərinin özəl sektor vasitəsilə qarşılıqlı mənfəət və əlaqə üçün xüsusi yollar tapa bildiklərini iddia edir. Bu cür ünsiyyət cəmiyyətlərin təsəvvürlərini dəyişdirərək onları “etimad körpüsü” yaratmağa yönəldəcək və biznes bu məsələdə vasitəçi rolu oynaya bilər. (Peradze, 2014, s. 58) Əlavə olaraq, Ganson (2014) şirkətlərin hökumətlər və digər iştirakçıların davranışlarına təsir edərək münaqişə və kövrəklik amillərinə əhəmiyyətli dərəcədə təsir göstərmək məqsədilə siyasi və iqtisadi güclərindən istifadə edə biləcəyini iddia edir. Bununla birlikdə, əməliyyatların müxtəlif mərhələlərində təsir gücünün dərəcəsi dəyişə bilər: bir şirkət hər hansı bir ölkəyə investisiya qoymadan əvvəl daha çox təsir gücünə sahibdir, lakin investisiya qoyulduqdan sonra bu güc azala bilər. (Ganson, 2014) Driffild, Cons və Krotti (2013) münaqişədən təsirlənmiş bölgələrdəki investisiya qərarları haqqında danışdıqda isə ölkələrin rəhbərliyinin və xüsusi qurumlarının bu kimi birbaşa xarici investisiyalar (BXİ) ilə bağlı qərarlarının izahında mühüm rol oynadığını irəli sürürlər. Bundan əlavə, firmaların birbaşa xarici investisiyalar cəlb etmək motivasiyası bu firmaların məkanın seçilməsi üzərində yaratdığı təsiri də müəyyənləşdirir. (Driffild, Cons, & Krotti, 2013)
Metodologiya
Bu tədqiqatı apararkən keyfiyyət metodlarını tətbiq etdim. Tədqiqat boyunca bu mövzu ilə bağlı elmi ədəbiyyat, qeyri-hökumət təşkilatlarının (QHT) hesabatları kimi ikinci dərəcəli mənbələrə və şirkətlərin bəyanatları, hökumət hesabatları kimi əsas mənbələrə istinad edilib. Elmi ədəbiyyata özəl sektorun sülh quruculuğu prosesindəki roluna dair ümumi ədəbiyyat və Dağlıq Qarabağ münaqişəsinin öyrənilməsinə dair xüsusi akademik ədəbiyyat daxildir.
Üstəlik, mən Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyi və Cenevrədəki digər beynəlxalq təşkilatlar tərəfindən 9 aprel 2019-cu ildə “Sülh Universiteti” ilə ortaq şəkildə təşkil olunan “Münaqişə Bölgələrində Qeyri-qanuni İqtisadi Fəaliyyətlərin İnsan Hüquqlarına Təsiri” adlı konfransın passiv iştirakçı müşahidəsini apardım. Konfrans Cenevrədəki Millətlər Sarayının XXIII otağında keçirildi. Konfransın mövzusu bu tədqiqatla birbaşa əlaqəli olduğundan bunu həlledici bir məlumat mənbəyi hesab edirəm. Bu konfransın Azərbaycan hökumətinə əhəmiyyətini göstərmək üçün paytaxtdan və dünyanın digər şəhərlərindən gələn yüksək vəzifəli dövlət rəsmilərinin bu tədbirdə iştirakını qeyd etmək olar. Bir neçəsinin adını çəkmək olar ki, tədbirin iştirakçıları arasında Mahmud Məmmədquliyev (Azərbaycan Respublikası Xarici İşlər nazirinin müavini), Hikmət Hacıyev (Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri), Tofiq Musayev (Azərbaycan Respublikasının BMT yanında Nyu-Yorkdakı daimi nümayəndəliyinin müşaviri), Rövşən Sadıqbəyli (Azərbaycan Respublikasının ATƏT yanında Vyanadakı Daimi Nümayəndəliyinin müşaviri) və səfir Fərid Şəfiyev (Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri) də var idilər. Bununla belə, səfir Vaqif Quliyev də (Azərbaycanın Cenevrədəki Daimi Nümayəndəliyi) özünün nümayəndə heyətini müşayiət etməklə tədbirdə iştirak etdi. Mən, həmçinin Cenevrədəki erməni nümayəndə heyətindən olan diplomatların və erməni tələbələrin də iştirakını qeyd etmişəm.
Məhdudiyyətlər
Bu araşdırmanı apararkən məlumat əldə etmək prosesində bir neçə çətinliklə üzləşdim. Bunlardan biri rus və erməni dilini bilmədiyim üçün yaşadığım dil məhdudluğunun nəticəsi idi. Nəticədə, bu münaqişə ilə bağlı rus dilindəki akademik ədəbiyyatı və media mənbələrini istifadə edə bilmədim, halbuki bunlar araşdırmaya böyük dərəcədə kömək edə bilərdi. Bundan əlavə, cəhdlərimdən biri də Dağlıq Qarabağdakı yerli şirkətlərin veb-saytlarından məlumat əldə etmək idi. Lakin bu veb-saytlar erməni dilində idi və ingilis dilinə tərcümə etmək mümkün olmurdu. Üstəlik, başqa bir məhdudiyyət isə vaxt məhdudluğu idi. Azərbaycanın Cenevrədəki diplomatik nümayəndə heyətinin rəsmilərinin birindən müsahibə almağa çalışdım. Cavab olaraq mənə dedilər ki, müsahibə üçün Azərbaycandakı Xarici İşlər Nazirliyi ilə əlaqə saxlamalı və bu sahənin mütəxəssisi olan rəsmi şəxsə yönləndirilməyimi gözləməliyəm. Lakin bu, tədqiqatın yekunlaşmalı olduğu vaxt çərçivəsindən kənar idi. Beləliklə, bununla bağlı əlavə rəsmi məlumat ala bilmədim və yuxarıda qeyd olunan konfransda passiv iştirakçı müşahidəsi aparmaqla məhdudlaşmalı oldum. Son olaraq, vətəndaşlığım isə başqa bir məhdudiyyət idi, buna görə də, bu araşdırma üçün Ermənistanın Cenevrədəki diplomatik nümayəndə heyəti ilə əlaqə qura bilmədim.
Nəticələr
Dağlıq Qarabağ münaqişəsinin sülh quruculuğu prosesinin nümunə araşdırmasına əsaslanaraq bu tədqiqatın nəticələri mənim fərziyyəmi təsdiqləyir və bizneslərin müxtəlif kateqoriyalarının eyni anda müxtəlif səviyyələrdə sülh prosesinə təsir göstərə biləcəyini və ya heç bir təsir göstərməyəcəyini aşkara çıxarır. Məqalədə göstərilən birinci kateqoriyaya Dağlıq Qarabağ xaricində olan rəsmi sektordakı bizneslər daxildir. Hal-hazırda bu kateqoriyada münaqişə tərəfləri olan dövlətlərin iştirakçılarını cəlb edən bir biznes nümunəsi yoxdur. Bununla birlikdə, biznesin ölçüsü bu kateqoriyada xüsusi əhəmiyyət kəsb edir: böyük bizneslərin hökumətlərlə sıx əlaqədə olduqları üçün müstəqil olaraq sülh quruculuğu prosesinə töhfə verə bilmək qabiliyyətində olmadıqları, kiçik və orta sahibkarlıqların (KOS) isə bu prosesə təsir etmək üçün daha çox potensiala sahib olduqları qeyd edilir. Buna baxmayaraq, bu kateqoriyaya daxil olan nə böyük bizneslərin, nə də KOS-ların sülh quruculuğu prosesinə faktiki təsiri barədə dəlil vardır. Beləliklə, tədqiqat bu biznes kateqoriyasının Dağlıq Qarabağ münaqişəsinin sülh quruculuğu prosesinə təsir göstərmədiyini bildirir.
İkinci kateqoriyaya Dağlıq Qarabağ xaricində olan qeyri-rəsmi sektordakı bizneslər daxildir. Gürcüstanda yerləşən və KOS hesab edilən Sadaxlı bazarı bu kateqoriyaya aid olan yeganə biznes nümunəsidir və burada azərbaycanlılar və ermənilərin görüşərək qaçaqmalçılıq yolu ilə qanunsuz ticarət aparırdılar. Bu bazarın təhlili göstərir ki, münaqişədə olan etnik qrupların fərdləri iqtisadi mənfəət əldə etmək məqsədi ilə eyni zamanda münaqişəsiz bir şəkildə həyatına davam edə bilər. Halbuki, belə bir KOS-un təsiri hər iki cəmiyyətin status-kvoya qarşı çıxmaq iqtidarında olmayan və ən yoxsul təbəqəsindən olan bir qrup insan arasında inam yaratmaqla məhdudlaşır. Beləliklə, bu biznes kateqoriyası sülh quruculuğu prosesinə aşağı səviyyədə müsbət təsir göstərir.
Üçüncü kateqoriyaya Dağlıq Qarabağ daxilində olan rəsmi sektordakı bizneslər daxildir. Birinci kateqoriyadan fərqli olaraq bu kateqoriyanın əsas iştirakçıları iri bizneslərdir, halbuki bu kateqoriyada olan KOS-ların sülh quruculuğu prosesinə təsirini göstərən heç bir dəlil yoxdur. Buna görə də, bu kateqoriya həm yerli şirkətlər, həm də transmilli kooperasiyalar daxil olmaqla iri bizneslərə fokuslanır. Araşdırma üçüncü kateqoriyadakı bizneslərin digərləri arasında ən yüksək təsir səviyyəsinə sahib olduğunu və bu təsirin mənfi istiqamətdə olduğunu bildirir. Azərbaycan hökuməti bu ticarət fəaliyyətlərini qeyri-qanuni hesab etdiyi üçün belə fəaliyyətlərin davam etməsi münaqişə tərəflərini uzunmüddətli sülh razılaşması əldə etmək məqsədilə kompromisə getməkdən uzaqlaşdırır.
Son kateqoriya isə Dağlıq Qarabağ daxilində qeyri-rəsmi sektordakı narkotik qaçaqmalçılığı, insan alveri və silah ticarəti kimi qeyri-qanuni fəaliyyətlərlə məşğul olan biznesləri əhatə edir. Bu kateqoriyada güclü təsir gücünə sahib iştirakçıların olması onların ölçüsünə görə böyük bizneslər olduğunu göstərir. Bu bizneslər status-kvodan faydalandıqları üçün uzunmüddətli bir sülh razılaşması əldə etmək onların maraqlarına cavab vermir. Bu səbəbdən də onların sülh quruculuğu fəaliyyəti ilə məşğul olmaq üçün heç bir stimulu yoxdur, hətta əksinə, demək olar ki, onların bu prosesə təsiri mənfi istiqamətdə olardı. Bu bizneslərin arxasındakı iştirakçılar bilinməz olaraq qalır, bununla belə, çox güman ki, Qondarma Dağlıq Qarabağ Respublikasının idarə heyətindəki bürokratlar bu fəaliyyətlərə nəzarət və ya bu fəaliyyətlərdən məsul olan şəxslərlə əməkdaşlıq edirlər. Bu kateqoriyanı araşdırmağın çətinliyi səbəbindən bu biznes kateqoriyasının sülh quruculuğu prosesinə hansı səviyyədə və hansı yollar vasitəsilə təsir göstərdiyi qaranlıq qalmaqdadır.
Beləliklə, bu araşdırma fərqli biznes kateqoriyalarını təhlil edərək hər bir biznes kateqoriyasının sülh quruculuğu prosesinə təsir göstərdiyi istiqamət və səviyyəyə görə digərindən fərqləndiyini ortaya çıxardı. Bundan əlavə, araşdırma göstərir ki, bu kateqoriyalar prosesə eyni anda təsir göstərdikləri üçün, hətta xüsusi vəziyyətin təhlilində də özəl sektorun sülh quruculuğu prosesindəki rolunu yalnız bir istiqamətdə olduğunu təklif etmək sadəlövhlükdür. Dağlıq Qarabağ münaqişəsinin sülh quruculuğu prosesini nəzərə alaraq bu tədqiqat bizneslərin ən yüksək təsir səviyyəsinin mənfi istiqamətdə olduğunu göstərir.
Müzakirə
Dağlıq Qarabağ xaricində olan bizneslər: Rəsmi sektor
Azərbaycan ilə Ermənistan arasında “vasitəçilər yolu ilə qeyri-qanuni ticarətdən başqa” birbaşa ticarət yoxdur. (Cuvarlı & Şabanov, 2004, s. 242) Buna görə də Dağlıq Qarabağ ərazisi xaricində rəsmi sektorda sülhməramlı prosesə töhfə vermək potensialına sahib, münaqişə tərəfləri olan dövlətlərin iştirakçılarını bir araya gətirəcək hər hansı biznes yoxdur. Bu həm də sahibkarların maraqlarına cavab verən “hər iki ölkənin sərhədindən qaçaqmalçılıq etməkdən fərqli olaraq yeni, müntəzəm bazarların yaradılmasına” gətirib çıxara bilər. (Ayunts və digərləri, 2016, s. 552) Bununla belə, İrəvandakı bir iş adamı müsahibə zamanı “özəl sektor təmsilçilərinin ən çox riskə sahib qruplardan biri olduğunu açıqladı: onlar mövcud düşmənçilik mühitində sülh quruculuğu prosesləri ilə məşğul olacaqları təqdirdə hökumətin təzyiq və hədə-qorxularına qarşı həssasdırlar”. (Ayunts və digərləri, 2016, s. 552) Nəticə etibarilə, “yerli bizneslər qeyri-hökumət təşkilatları (QHT) tərəfindən həyata keçirilən sülh quruculuğu təşəbbüslərinə, demək olar ki, heç bir zaman töhfə verə bilməzlər”. (Ayunts və digərləri, 2016, s. 552)
Ölçü cəhətdən iri bizneslərin və KOS-ların rolu Dağlıq Qarabağ münaqişəsinin sülh quruculuğu prosesinə təsiri baxımından fərqlənir. “İri bizneslər Cənubi Qafqazdakı status-kvoya qarşı çıxmaq iqtidarında və marağında deyillər, çünki onlar ya hökumətlə çox sıx əlaqədədirlər, ya da müharibəsizlik-barışıqsızlıq vəziyyətindən fəal şəkildə qazanc əldə edirlər”. (Mirimanova, 2006, s. 541) Bununla yanaşı, KOS-lar “Qafqazın ən perspektivli dəyişiklik təmsilçiləri” ola bilər. (Val, 2010, absaz 22) “Həqiqətən də, kiçik şəhərlərdəki və ya kəndlərdəki biznes liderləri bütün iştirakçılar tərəfindən hörmət edilən faktiki cəmiyyət liderləri ola bilərlər və bu da onlara ümumilli biznes sahiblərinə nisbətdə daha çox təsir gücü verə bilər”. (Killik, Srikanta, & Gündüz, 2005 s. 16) Siyasi təzyiqlərdən azad və maddi cəhətdən müstəqil olduqdan sonra onlar “sülh seçiciləri” vəziyyətinə gələ bilərlər. (Mirimanova, 2006, s. 541)
Bu məqsədlə növbəti cəhd 2005-ci ildə “iqtisadi qarşılıqlı asılılığın və qarşılıqlı faydalı regional əməkdaşlığın bölgədəki sabitlik və sülhün təməl daşları olduğu inamı”na əsaslanan Qafqaz Biznes və İnkişaf Şəbəkəsinin (QBİŞ) qurulması ilə edildi (QBİŞ, vaxt göstərilməyib). Bu, Gürcüstan, Ermənistan, Azərbaycan və Türkiyədəki KOS-lara, habelə Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağa yönəlmiş bir təşəbbüs idi. (QBİŞ, 2016) Məqsəd Cənubi Qafqazdakı biznes cəmiyyətlərinə dialoq və məlumat mübadiləsi platforması təmin etmək idi. (Mirimanova, 2006) QBİŞ-in həmtəsisçisi olan Cənubi Qafqaz İqtisadiyyat və Münaqişələrin Araşdırılması Qrupu (İMAQ) belə bir regional KOS şəbəkəsinin yaradılmasını “sülh quruculuğu və münaqişə transformasiyası üçün vacib vasitə” olaraq qəbul etdi. (Killik, Srikanta, & Gündüz, 2005 , s. 10) Bununla birlikdə, QBİŞ-in veb-saytında 2017-ci ildən bəri fəaliyyətlərinə dair hər hansı bir yenilənmə yoxdur, bu da fəaliyyətlərinə fasilə verdiklərini və ya fəaliyyətlərini tamamilə dayandırdıqlarını göstərə bilər. Üstəlik, bu barədə Cənubi Qafqazdakı münaqişələrlə və ya KOS-ların gücləndirilməsi ilə bağlı QBİŞ-in sülh quruculuğu prosesindəki təsiri üzərində hər hansı bir qiymətləndirmə aparılmamışdır.
Beləliklə, Dağlıq Qarabağ ərazisi xaricində rəsmi sektorda fəaliyyət göstərən iri bizneslərin və KOS-ların bu münaqişənin sülh quruculuğu prosesində rol oynadığına dair heç bir dəlil yoxdur. Buna görə də araşdırma bu kateqoriyanın bu xüsusi kontekstdə sülh quruculuğu prosesinə heç bir təsiri olmadığını irəli sürür.
Dağlıq Qarabağ xaricində olan bizneslər: Qeyri-rəsmi sektor
Münaqişənin baş verdiyi dövlətlərdən olan iştirakçılar rəsmi sektorda ticarət fəaliyyəti ilə məşğul olmasalar da, Gürcüstanda Ermənistanla sərhəddə yaşayan azərbaycanlılar iqtisadi qazanc üçün ermənilərlə qarşılıqlı əlaqə qururlar. Sadaxlı bazarı azərbaycanlılar və ermənilərin siyasətdən yayınaraq görüşdükləri və ticarət mübadiləsi apardıqları bu cür qarşılıqlı əlaqələrin nümunəsidir. (Killik, Srikanta, & Gündüz, 2005) Bazar 1990-cı illərin əvvəllərində yaradılıb və Gürcüstan-Azərbaycan və Gürcüstan-Ermənistan sərhədlərinə yaxın yerləşir. (Cuvarlı & Şabanov, 2004) Bu bazar KOS-dur və qeyri-rəsmi sektora aiddir, çünki “Sadaxlıda ticarətlə məşğul olan insanlar qaçaqmalçılıqda iştirak ediblər”. (Mirimanova, 2006, s. 539) Digər bir səbəb isə “neft məhsullarının qeyri-qanuni ticarəti”nin mövcudluğu idi, bu məsələdə əldə edilmiş vacib razılaşmalar “adətən iki ölkənin hökumətlərindəki güclü simalar tərəfindən qorunurdu”. (Cuvarlı & Şabanov, 2004, s. 229) Gürcüstanda gömrük orqanları 2006-cı ildə bazarı bağladılar və bu da ticarətdə erməni və azərbaycanlılar arasındakı birbaşa əlaqənin sona çatması ilə nəticələndi. (Mirimanova, 2006) Bununla birlikdə, bu bazarın təhlili vacibdir, çünki Sadaxlı bazarı əsas iqtisadi fəaliyyətin mürəkkəbliyinin bir təzahürüdür: bir tərəfdən bazarda ticarətdən əldə olunan gəlir münaqişə dövründə artdı, digər tərəfdən isə hətta münaqişə zamanı da iki etnik qrup bazarda qarşılıqlı iqtisadi əlaqələrə davam etdi. (Killik, Srikanta, & Gündüz, 2005)
Bu bazarın bağlanması ““kiçik” iqtisadi layihələrin münaqişənin həlli yolundakı potensial təsirinin gözlənilən qədər əhəmiyyətli olmadığını” ortaya çıxardı. (Cuvarlı & Şabanov, 2004, s. 242) Ticarətlə məşğul olan bu insanların əksəriyyəti cəmiyyətin ən imkansız hissəsindən idilər və nəticədə, onların nə yerli, nə də milli siyasətdə təsirləri oldu. (Mirimanova, 2006) Buna baxmayaraq, bazarın mövcudluğu “regionun yalnızca müharibə aparan qrup kimliklərinin deyil, həm də dinamik fərdlərin məkanı olduğunu” göstərdi. (Val, 2010, absaz 23) Gürcüstanda yaşayan sadə azərbaycanlılar və ermənilər arasında “təəccüb doğuran etimad səviyyəsi” mövcud idi, bu da münaqişədə olan etnik qruplara məxsus insanların “münaqişəsiz birgə yaşaması” halını nümayiş etdirirdi. (Mirimanova, 2006, s. 539-540) İnsanlar əksərən bir-birlərinə güvənsələr də, ortada dərin bir inamsızlığın mövcudluğu davam etdi. (Cuvarlı & Şabanov, 2004) Bu nümunədəki sülh quruculuğu elementi “müharibə edən tərəflərin üzvləri arasındakı münasibətlərin humanistləşdirilməsidir” (Mirimanova, 2006, s. 540).
Bu nəticəyə gəlmək olar ki, Dağlıq Qarabağ xaricində qeyri-rəsmi biznes sektorunda fəaliyyət göstərən bir KOS bu münaqişənin sülh quruculuğu prosesinə münaqişədə iştirak edən iki etnik qrupdan olan insanları gündəlik bir araya gətirəcəyi dərəcədə müsbət təsir göstərə bilər. Bu qarşılıqlı əlaqə sözügedən insan qrupları arasında qarşılıqlı inamın yaranması ilə nəticələnir. Halbuki, belə bir KOS-un təsiri rəsmi səviyyədə heç bir rol oynamadan məsələn iki ölkənin hökumətlərini uzunmüddətli sülh müqaviləsinə yaxınlaşdırmaq və ya insanları bu mövzuda öz hökumətlərinə qarşı bir əməliyyata yönəltmək kimi hər hansı fəaliyyət göstərmədən bu məhdud səviyyədə qalır. Beləliklə, bu kateqoriyanın Dağlıq Qarabağ münaqişəsinin sülh quruculuğu prosesinə müsbət təsirinin səviyyəsi aşağı olaraq qalır.
Dağlıq Qarabağ daxilində olan bizneslər: Rəsmi sektor
Tədqiqatın bu bölməsində bizneslərin ölçüsünə görə bölgüsü nəzərə alınmayacaq və diqqət böyük bizneslərə yönəldiləcəkdir. Bu yanaşmanın arxasındakı səbəb Dağlıq Qarabağdakı KOS-ların Sadaxlı bazarı nümunəsindəki kimi azərbaycanlıları və erməniləri bir araya gətirməməsidir. Bu səbəbdən də, aşağıdan-yuxarıya yanaşmasına əsasən onlar münaqişədə olan etnik qruplar arasında qarşılıqlı əlaqə və etimad hissi yaradaraq sülh quruculuğu prosesinə töhfə vermirlər. Üstəlik, KOS-lar Dağlıq Qarabağda yaşayan insanların gündəlik həyatlarındakı ehtiyacları təmin etmək üçün bir vasitədir və onların sülh quruculuğu prosesində iştirakına dair heç bir araşdırma yoxdur. Dağlıq Qarabağda rəsmi sektorda fəaliyyət göstərən iri bizneslərə gəldikdə isə onlar yerli və transmilli şirkətlərdir (TMŞ-lər). Dağlıq Qarabağ iqtisadiyyatı diaspora tərəfindən idarə olunur, buna görə də “investisiya qərarları maliyyə meyarlarına yox, tarix və tarixi məsuliyyət hisslərinə və şəxsi əlaqələrə əsaslanmağa meyillidir”. (Vud and Demirbağ, 2015, s. 918) “Who Else Profits” (2017) Azərbaycan hökumətinin Dağlıq Qarabağda xarici mərkəzli böyük bizneslərin fəaliyyətinə dair etirazları barədə məlumat verir və “Orange SA” (Fransa), “Credit Agricole SA” (Fransa), “Vodafone” (Böyük Britaniya), “Aurubis AG” (Almaniya) və “Vimpelcom” / “Veon” (Niderland, Rusiya) kimi bu fəaliyyətdə iştirak etmiş şirkətlərin adlarını sadalayır.
Azərbaycan hökuməti Dağlıq Qarabağ daxilindəki iri bizneslərin fəaliyyətini qeyri-qanuni hesab edir və bu fikri də həmin fəaliyyətlərin münaqişədən təsirlənmiş ərazilərin demoqrafik göstəricilərini dəyişdirməsinə və beynəlxalq cinayət hüququ çərçivəsində müharibə cinayətləri kimi nəzərdə tutulan əmlakın məhv edilməsinə və qeyri-qanuni mənimsənilməsinə əsaslanır. (Konfransın Məzmun Qeydi) Konfrans zamanı təqdim olunan məruzədə ATƏT-in Minsk Qrupu həmsədrinin “bu vəziyyətin uzun müddət davam etməsi sülh prosesini ciddi şəkildə çətinləşdirəcək “oldu-bitdi” (fait accompli) halına səbəb ola bilər” ifadəsinə istinad edilir. (s. 6) Yalnız Azərbaycan hökuməti deyil, Azərbaycanda qeydiyyatdan keçmiş iri bizneslər də böyük yerli bizneslərin fəaliyyətinə cavabdehdirlər. Məsələn, Dağlıq Qarabağdakı yerli şirkət, “Karabakh Telecom” ilə beynəlxalq şirkət, BƏƏ-nin mobil operatoru olan “Etisalat” arasındakı yeni əməkdaşlıq, “Etisalat” və Azərbaycanın mobil operatoru “Bakcell” arasındakı uzunmüddətli əməkdaşlığın dayandırılmasına səbəb oldu. (Mobil rabitə üçün qlobal sistem assosiasiyası (GSMA), 2018) “Bakcell”in veb-saytında yayımlanan bir mətbuat açıqlamasında ““Bakcell” Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bu istiqamətdə həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirir və bu problemin aradan qaldırılması üçün görülən işlərə görə nazirliyə dərin minnətdarlığını bildirir” ifadəsi də qeyd olunmuşdur. (GSMA, 2018, absaz 4) Bu açıqlama, eyni zamanda Azərbaycan hökumətinin təzyiqlərinin “Bakcell”in “Elisat” ilə əməkdaşlığını dayandırması ilə bağlı qərarında müəyyən rol oynadığına işarədir.
Konfransda Dağlıq Qarabağdakı mədənçilik fəaliyyəti vurğulandı və bunlar qeyri-qanuni fəaliyyət kimi qiymətləndirildi və bu da yuxarıda qeyd olunan hesabatda (2019) “Təbii sərvətlərin istismarı və talan edilməsi” başlığı altında yer aldı. (s. 24 – 35) Qeyri-qanuni təbii sərvət istismarı biznesin sülh quruculuğundakı mənfi təsirinin bir nümunəsidir. (Killik, Srikanta, & Gündüz, 2005) Konfransın sual-cavab sessiyası zamanı erməni tələbələr arasında nəzərəçarpacaq dərəcədə artan bir gərginlik oldu. Onlardan biri özünün verdiyi suala səfir Fərid Şəfiyevin cavab verməsini gözləmədən otaqdan çıxdı. Bu hadisə ATƏT-in Minsk qrupu həmsədrinin Dağlıq Qarabağdakı şirkətlərin iştirakının iki xalq arasındakı sülh danışıqlarını mürəkkəbləşdirəcəyinə dair yuxarıda qeyd olunan ifadəsini dəstəkləyir və bu vəziyyətlə bağlı məlumatlandırıcı konfransın otaqda artan gərginliyə səbəb olması təəccüb doğurmur.
Bu kateqoriyadakı böyük bizneslərin (istər yerli, istərsə də transmilli şirkətlər olsun) fəaliyyətləri münaqişənin sülh quruculuğu prosesinə xeyli dərəcədə mənfi təsir göstərir. Bu kateqoriyaya aid bizneslərin təsir səviyyəsi Azərbaycan hökumətinin, o cümlədən Azərbaycanda fəaliyyət göstərən digər böyük bizneslərin bu mövzuya verdiyi əhəmiyyət ilə müşahidə olunur. Bu cür fəaliyyətlər Azərbaycan hökumətinin daim nəzarətindədir və qeyri-qanuni hesab olunur. Azərbaycan hökumətinin etirazına baxmayaraq, bu cür fəaliyyətlərin davam etməsi münaqişə tərəflərini qarşı tərəflə uzunmüddətli sülh əldə etmək üçün kompromisə getməkdən daha da uzaqlaşdırır.
Dağlıq Qarabağın daxilində olan bizneslər: Qeyri-rəsmi sektor
Dağlıq Qarabağın daxilində qeyri-rəsmi biznes kateqoriyasına daxil olan başqa bir biznes fəaliyyət spektrı vardır. Dağlıq Qarabağ münaqişəsini başa düşmək və təhlil etmək üçün həlledici amillərdən biri də “Sovet irsi kontekstində qeyri-qanuni gəlir şəbəkələri yaradan blokada altındakı iqtisadiyyatlar”dır. (Özkan, 2008, s. 574) Müharibə bitdikdən sonra Qondarma Dağlıq Qarabağ Respublikasının keçmiş müdafiə naziri Samvel Babayan kimi tanınmış ordu liderləri işğal olunmuş əraziləri qarət etməklə “iqtisadi izolyasiyalar nəticəsində sərhədboyu yaradılan qara bazar ticarətindən gəlir əldə etmək üçün” cinayət şəbəkələri və mafiya təşkilatları yaratdılar. (s. 586) Beləliklə, Qondarma Dağlıq Qarabağ Respublikası “qanunsuz ticarətə meyillidir və patrimonial kapitalizminin bəzi əlamətlərini xüsusilə, dövlət orqanları tərəfindən dövlət resurslarından sui-istifadəsini” özündə nümayiş etdirir və bu müharibəsizlik-barışıqsızlıq vəziyyətinin davam etdirilməsi “narkotik, insan alveri və silah ticarəti kimi qeydiyyata alınmamış qeyri-qanuni sektorları bəsləyir”. (Lis, 2016, s. 29) “Regiondakı narkotik və ya qanunsuz silah ticarəti kimi qeyri-qanuni iqtisadi fəaliyyətlər vergitutma obyekti deyil və hasilat üçün əhəmiyyətli gəlir mənbəyidir”. (Lis, 2016, s. 26) Burada status-kvodan faydalanaraq bu cür qeyri-qanuni fəaliyyətlərlə məşğul olan və təsir gücünə sahib iştirakçılar olduğundan sülh və iki millət arasındakı münasibətlərin normallaşması onların onların iqtisadi və siyasi maraqlarına ziddir. (Özkan, 2008) Beləliklə, onlar bu vəziyyəti mümkün qədər uzun müddət qoruyub saxlamağa çalışacaqlar. (Lis, 2016) Üstəlik, bu kateqoriyada nüfuzlu iştirakçıların olması bunların ölçüsünə görə böyük bizneslər olduğunu göstərir.
Bu biznes kateqoriyası, ilk növbədə, sülh quruculuğu prosesindən qazanc əldə etmir. Nəticə etibarilə, status-kvonun qorunması qeyri-rəsmi sektordakı bizneslərin marağındadır və onların sülh quruculuğu prosesinə təsiri mənfi istiqamətdədir. “Qeyri-qanuni silah və ya narkotik ticarəti kimi cinayət işləri ilə məşğul olanlar, çox güman ki, şəxsiyyətlərini qoruyaraq naməlum qalırlar”. (Lis, 2016, s. 27) Bununla birlikdə, Sadaxlı bazarı nümunəsi hökumətlərdəki güclü fiqurların iqtisadiyyatın qeyri-rəsmi sektorundakı əhəmiyyətli sövdələşmələrdən məsul olduqlarını ortaya qoydu. Buna görə də, çox güman ki, Qondarma Dağlıq Qarabağ Respublikası hökumətindəki vəzifəli şəxslər bu fəaliyyətlərə müəyyən dərəcədə rəhbərlik və ya bu biznesləri idarə edən insanlarla əməkdaşlıq edirlər. Beləliklə, bu kateqoriya sülh quruculuğu prosesinə təsiri baxımından əhəmiyyətli dərəcədə vacib ola bilər. Bununla birlikdə, bu kateqoriyanın prosesə təsir yollarını araşdırmaq və kateqoriyanın daha yüksək təsir səviyyəsini təklif etmək üçün əlavə tədqiqatların aparılmasına ehtiyac vardır. Bu səbəbdən də, onun sülh quruculuğu prosesinə təsir səviyyəsi və ya bu tip bizneslərin prosesə təsirini göstərmə vasitələri qaranlıq qalmaqdadır.
Yekun
Bu tədqiqat keyfiyyət metodları və vəziyyət araşdırması yanaşmasından istifadə edərək fərqli biznes kateqoriyalarının Dağlıq Qarabağ münaqişəsinin sülh quruculuğu prosesinə necə və hansı səviyyədə təsir göstərməsi məsələsini təhlil etmək məqsədi daşıyırdı. Tədqiqat özəl sektora homogen bir məfhum kimi yanaşmaqdan imtina edərək özəl sektorun sülh quruculuğu prosesindəki rolu ilə bağlı olan mövcud akademik ədəbiyyata töhfə verir. Daha doğrusu, bu araşdırma özəl sektoru heterogen anlayış kimi qəbul etdi və onu biznesin ölçüsü, fəaliyyət göstərdiyi sektor və yerləşməsinə görə kateqoriyalara ayırdı. Üstəlik, bu araşdırma özəl sektorun sülh quruculuğuna təsirinə ikili yanaşmadan çəkindi. Bunun əvəzinə, tədqiqat özəl sektor nöqteyi-nəzərindən fərqli biznes kateqoriyalarının xüsusi vəziyyətə eyni anda mənfi və ya müsbət təsir göstərə biləcəyini irəli sürdü. Beləliklə, tədqiqatın əsas töhfəsi bu mövzuya biznes-konflikt dinamikasını daha yaxşı izah edən yeni yanaşma təklif etməsidir. Tədqiqatın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı elmi ədəbiyyata verdiyi töhfə özəl sektorun sülh quruculuğu prosesinə əhəmiyyətli dərəcədə laqeydliklə yanaşılan təsirini qiymətləndirməsi idi. Araşdırmanın əsas hipotezası bu kateqoriyaların eyni zamanda sülh quruculuğu prosesinə müsbət və ya mənfi istiqamətdə müxtəlif səviyyələrdə təsir göstərməsi və ya heç bir təsir göstərməməsi idi. Bu tədqiqatdan əldə olunan nəticələr həmin hipotezanı təsdiqlədi.
Əldə olunan bu nəticələr Dağlıq Qarabağ xaricində rəsmi sektorda fəaliyyət göstərən biznesləri əhatə edən birinci kateqoriyanın bu münaqişənin sülh quruculuğu prosesinə təsir göstərmədiyini bildirir. Dağlıq Qarabağ hüdudlarından kənarda qeyri-rəsmi sektorda fəaliyyət göstərən biznesləri əhatə edən ikinci kateqoriya isə bu prosesə aşağı səviyyədə müsbət təsir göstərir. Üçüncü kateqoriyaya Dağlıq Qarabağ ərazisi daxilində rəsmi sektordakı bizneslər aiddir və onlar bu münaqişənin sülh quruculuğu prosesinə ən yüksək təsiri göstərir. Bu kateqoriyanın təsiri mənfi istiqamətdədir, çünki o, Azərbaycan hökumətini Ermənistanla uzunmüddətli sülh sazişi əldə etmək üçün kompromisə getməkdən daha da çəkindirir. Son kateqoriya isə Dağlıq Qarabağ daxilində qeyri-rəsmi sektorda fəaliyyət göstərən biznesləri əhatə edir. Bu kateqoriyanın sülh quruculuğu prosesinə təsirə təsiri mənfi istiqamətdir, çünki bu müəssisələr status-kvonun davam etməsindən faydalanır. Halbuki bu təsirlərin dərəcəsi və kateqoriyaların bu prosesə təsir göstərmə vasitələri birmənalı deyildir. Nəticə etibarilə, bizneslərin dörd kateqoriyasının hamısı eyni anda sülh quruculuğu prosesə təsir göstərir və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olan bu prosesə ən yüksək təsir səviyyəsi mənfi istiqamətdədir.
İstinadlar
Annan, K. (2004, April 15). Secretary-General’s remarks at Security Council on “The Role of
Business in Conflict Prevention, Peacekeeping and Post-Conflict Peacebuilding”
Secretary-General. Retrieved from
Ayunts, A., Zolyan, M., & Zakaryan, T. (July 03, 2016). Nagorny Karabakh conflict:
prospects for conflict transformation. Nationalities Papers, 44, 4, 543-559.
“Azercosmos” OJSCo, & Ministry of Foreign Affairs of the Republic of Azerbaijan. (2019). Illegal Activities in the Territories of Azerbaijan under Armenia’s Occupation:
Evidence from Satellite Imagery (pp. 5-98, Rep.).
Bakcell has strongly objected to illegal activities in Nagorno-Karabakh. (2018, July 6).
Retrieved from
Cbdn. (2016). Business advocacy for peace. Retrieved May 07, 2019, from
Driffield, N., Jones, C., & Crotty, J. (January 01, 2013). International business research and
risky investments, an analysis of FDI in conflict zones. International Business
Review, 22, 1, 140-155.
Ganson, B. (2014), Business in Fragile Environments: Capabilities for Conflict Prevention.
Negotiation Confl Manage Res, 7: 121-139. doi:10.1111/ncmr.12028
History. (n.d.). Retrieved May 07, 2019, from http://caucasusbusiness.net/about-us-3/history/
Juvarly, T., & Shabanov, I. (2004). The potential impact of Sadakhly market on the settlement of the Armenian-Azerbaijani conflict. In From war economies to peace economies in the South Caucasus (pp. 216-244). London, United Kingdom:
International Alert.
Kemp, W. A. (January 01, 2004). The business of ethnic conflict. Security Dialogue, 43-59.
Killick, N., Srikantha, V.S., and Gündüz, C., 2005, ‘The Role of Local Business in
Peacebuilding’, in Fischer, M., Gießmann, H., and Schmelzle, B., (eds.), Berghof
Handbook for Conflict Transformation, Berghof Research Center for Constructive
Conflict Management, Berlin.
Lis, M. (2016). No Peace in Nagorno-Karabakh: Economic and Political Incentives for the
Perpetuation of the Azerbaijani-Armenian Conflict (Unpublished master’s thesis).
Leiden University. Retrieved March 29, 2019, from
Maresca, J. J. (January 01, 1996). Lost Opportunities in Negotiating the Conflict over
Nagorno Karabakh. International Negotiation, 1, 3, 471-499.
Miller, B., Ganson, B., Cechvala, S., & Miklian, J. (January 01, 2019). A Seat at the Table:
Capacities and Limitations of Private Sector Peacebuilding. Ssrn Electronic Journal.
Mirimanova, N. (2006). Between pragmatism and idealism: Businesses coping with conflict
in the South Caucasus. In Local Business, Local Peace: The Peacebuilding Potential
of the Domestic Private Sector (pp. 516-546). London, United Kingdom: International
Alert.
Ozkan, B. (July 01, 2008). Who Gains from the “No War No Peace” Situation? A Critical
Analysis of the Nagorno-Karabakh Conflict. Geopolitics, 13, 3, 572-599.
Panossian, R. (September 01, 2001). The Irony of Nagorno-Karabakh: Formal Institutions
versus Informal Politics. Regional & Federal Studies, 11, 3, 143-164.
Peradze, M. (2014). The Role of Private Sector in Peace Building Process (Unpublished doctoral dissertation). University of Dublin. Retrieved March 29, 2019, from
Waal, T. D. (2010, September 14). Call Off the Great Game. Retrieved from
Who Else Profits. (2017). The Scope of European and Multinational Business in the
Occupied Territories (Vol. 1, pp. 1-80, Rep.). Jerusalem, Israel: Kohelet Policy
Forum.
Wood, G. T., & Demirbag, M. (January 01, 2015). Business and society on the transitional
periphery: Comparative perspectives. International Business Review, 24, 6, 917-920.
Zandvliet, L. (2005). Assessing Company Behavior in Conflicting Environments: A Field
Perspective. In Profiting from Peace: The Natural Resource Dimension of Civil War
(pp. 185-208).