Millətçilik və Liberalizm: yeni yaradılmış antaqonizm
Liberalizm və millətçilik Fransız Burjua İnqilabından bir müddət sonra Avropada yaranmış iki fərqli cərəyandır. Ancaq hər ikisinin intellektual kökləri bir az da qədimə dayanır. Bu gün isə biz tez-tez şahid oluruq ki, bu iki fərqli siyasi mövqe bir-biri ilə antaqonist çərçivədə dəyərləndirilir. Yəni millətçilər liberalları, liberallar da millətçiləri düşmən kimi görürlər. Bir millətçinin liberal olması, bir liberalın isə millətçi olması qəbul edilmir.
Bəs nəzəriyyədə və praktikada necədir? Necə oldu ki, bu iki ideologiyaya inanan şəxslər bir-birinə düşmən kəsildi? Əvvəla, onu qeyd etmək lazımdır ki, xüsusilə Avropada imperiyaların zəifləməyə başladığı, dağıldığı dövrdə bu iki cərəyanın fikirləri üst-üstə düşürdü. Liberallar fərdlərə azadlıq istədiyi üçün monarx hakimiyyətlərinin dağılmasını istəyirdilər, alternativ isə xalq hakimiyyəti idi. Xalq hakimiyyətini isə yaratmağın ən rahat yolu milli dövlət anlayışından keçirdi. Nəticə etibarilə, həmin dövrdə liberalizm və millətçilik birlik içində idilər. Milli suverenlik və fərdi azadlıq ayrılmaz komponentlər idi. Bu birlik 18, 19 və 20-ci əsrin bir dönəminə qədər davam etdi.
Məsələnin intellektual zəmininə baxsaq görərik ki, liberalizm bu müddət boyunca çox dəyişib. Dəyişməsi də normaldır, ancaq bəzi dəyişikliklər bu gün onu böhrana aparıb. Məsələn, ilk liberal filosoflardan hesab olunan Lokun düşüncələrində insan təbiətinə güvən var idi. Ancaq biz sonra gördük ki, liberallar insan təbiətinə güvənmirlər, imperial addımlar atırlar. İmperial addımlar deyəndə burada həm fiziki olaraq hansısa ölkənin ərazisinə girmək və öz ideologiyasını zorla başqa ölkələrə qəbul elətdirməyə çalışmaq kimi davranışlardan söhbət gedir. Çox qəribədir, Loku unudan liberallar bu gün Azərbaycanda da var və onlar “barbar ölkələrin kolonizasiya” edilməli olduğuna inanırlar, bunu dəstəkləyirlər.
Avropa İttifaqı və ABŞ da buna inanır. Aİ öz standardlarını öz regionunda və yaxın ərazilərdə yaymağa çalışır. ABŞ da öz “dünya sistemi”ni yaymağa çalışır. Gücləri də var, əllərindən gələni edirlər. Hələ Sovet dağıldıqdan sonra qarşılarında heç bir əngəl qalmamışdı. Fukuyama demişdi ki, artıq bütün dünya liberal demokratiyanı qəbul edəcək. Sonra nə oldu? Fukuyama 2018-ci ildə çıxardığı kitabında yazdı ki, çağdaş dünyadakı böhranlar liberalizmin zəifliyindən yarandı, bu zəiflik liberalizmin insanlar arasında ortaq hörmət və emosional yaxınlıq yarada bilməməyindən qaynaqlanır. Axır ki, Fukuyama milli kimliyin yoxluğunun yaratdığı boşluğu görə bildi.
Yaxşı, Loku unudanlar çağdaş filosofları, akademikləri niyə oxumurlar? Liberal demokratiyanı allah hesab edən Fukuyamanın etiraflarından, ya da siyasi fəlsəfədə yeni yaranmış cərəyan olan liberal millətçilikdən xəbərdar deyillər? Liberalizmin 20-ci əsrdəki atalarından hesab edilən, azadlıq barədə yazılmış ən yaxşı fəlsəfi əsərlərin sahibi olan İsaya Berlini niyə oxumurlar? Niyə Berlinin və böyük liberal sosioloq Maks Veberin milli kimliyin önəmi barədə dediklərindən xəbərləri yoxdur? Düzdür, Berlin və Veber bir az da məcburiyyətdən milli kimliyin önəmini qəbul ediblər. Bir növ milli kimliyə həyatın acı həqiqəti kimi baxırdılar, amma ən azından önəmini inkar etmirdilər. İndi isə, elə liberallar var ki, bütün dünya siyasətinin təməlində milli dövlət anlayışının durduğunu göz ardı etməklə məşğuldurlar, xəyal və qərəz dünyasında yaşayırlar və nəticə etibarilə, nə dünya siyasətini, nə də fərqli-fərqli regionlarda baş verənləri obyektiv dəyərləndirə bilmirlər.
İstəyirəm, daha çağdaş dövrün filosoflarından – özü də liberal filosoflarından, liberal millətçi (!) filosoflarından da bir az yazım. Yael Tamir, Deyvid Miller, Neyl Makkormik, hətta Cosef Raz və s. Bu filosoflar liberalizm və millətçilik arasında çoxu süni şəkildə yaradılmış gərginliyi aradan qaldırmağa başladılar. Onların çağdaş nəzəriyyələri yenidən xalqın həyatındakı milli şəxsiyyətin əhəmiyyətinə diqqət çəkir. Milli kimlik anlayışını atavistik təkan və ya elit manipulyasiya yolu yox, əsas insan ehtiyaclarına xidmət edən bir dəyər kimi qəbul edirlər. Liberal millətçi nəzəriyyəçilər digər liberal dəyərlərə həssas yanaşıb, onlara necə fəlsəfi olaraq bəraət qazandırmağa çalışırlarsa, milli kimliyin gerçəkliyinə və önəminə də bir o qədər həssas yanaşırlar. Çünki onlar Berlin və Veberdən fərqli olaraq milli kimliyin qaçılmaz bir acı həqiqət yox, liberal dəyərlərin bir parçası olduğunu düşünürlər.
Ən önəmlisi, bu filosoflar düşünürlər ki, liberalizm tək başına demokratik nizam yaratmaq və ədalətli cəmiyyət formalaşdırmaq iqtidarında deyil. Liberal millətçilərin irəli sürdüyü üç əsas fikir var. Birincisi, milli mənsubiyyətin liberalizm üçün vacib olduğunu iddia edirlər, çünki fərdi həyatdakı davamlılığı və konteksti təmin etməkdə milli kimlik əsas rol oynayır; ikincisi, həm sosial, həm hüquqi, həm də iqtisadi imkanlar nöqteyi-nəzərindən insanların bərabər olduğu anlayışını cəmiyyət içərisində motivasiya etdiyi üçün; üçüncüsü, liberal dövlətin və xüsusən də demokratik qurumların işləməsi üçün sosial bir çərçivə təmin etdiyi üçün. Xüsusilə, insanların siyasi marağının azaldığı bir dövrdə, yenidən vətəndaşların siyasi aktivliyinin artması üçün milli kimliyin önəmi danılmazdır. Bu səbəbdən, biz əslində iddia edə bilərik ki, əgər insanlar qeyri-despotik siyasi sistemdə yaşamaq istəyirlərsə, həmin insanlar arasında bir kollektiv kimlik və bu kimliyin əsasında formalaşdırdığı ortaq dəyərlər, məsələn, ortaq dərdlər, bir-birinə qarşı güvən, ictimai həssaslıq və s. olmalıdır.
Nəticə: düşmənliyə davam?!
Bizim nəticə etibarilə əslində etməli olduğumuz şey bu iki ideologiya arasında çatışmanı aradan qaldırmaq olmalıdır. Daxili siyasət perspektivindən ikisinin tam olaraq uyuşduğunu demək mümkündür və əslində bu uyğunluq xalqın daha azad, daha ədalətli cəmiyyətdə yaşamağına gətirib çıxaracaq.
Lakin xarici siyasət perspektivindən baxdıqda bunu demək olmur. Çünki, liberalizm güclü dövlətlər tərəfindən öz imperial məqsədlərinə uyğun istidadə edilməyə davam edildikcə və zəif dövlətlərin zəif liberal vətəndaşları həmin ölkələrin praktikalarını müxtəlif adlarla, müxtəlif dəyərlər altında öz ölkələrinə sırımağa çalışdıqca bu gərginlik davam edəcək.
Kaş həmin liberallar o dəyərləri Qarabağ məsələsində də xatırlayardı. Amma onların dünyada baş verən hadisələrə qarşı mövqeləri Qarabağ kontekstində “müharibə barbarlıqdır”, Fransa Əl-Cəzairi müstəmləkə altında saxlayanda: “Fransız mədəniyyəti alidir, ərəblər isə barbardır, ona görə onları kolonizasiya etmək olar”, – fikirləri üzərində formalaşdığı üçün öz millətlərini sevən bütün dünya millətçiləri bu liberal faşizmi qəbul etməyəcək.