Yazını ərəb əlifbasında buradan oxuya bilərsiniz.
Dekabrın 10-da Azərbaycan Respublikası Bakıda Türkiyə ilə birgə zəfər paradı keçirdi. Mərasimin məzmunu, xüsusən də Türkiyə Prezidenti tərəfindən “Arazı ayırdılar” bayatısının oxunması mərasimin ən əhəmiyyətli və diqqətəlayiq tərəflərindən biri idi. Tehran hökuməti bu şeiri ərazi bütövlüyünə təcavüz kimi dəyərləndirdi və yaranmış fürsətdən öz mənafeləri üçün istifadə etməyə çalışdı. Tehran ilə Ankara arasında yaranan gərginliyin arxasındakı səbəbləri və ondan törənə biləcək mümkün nəticələri bu yazıda qısaca nəzərdən keçirəcəyəm.
İkinci Qarabağ müharibəsinin ilk günlərində İranın Ermənistana olan yardımları Arazın cənubundakı azərbaycanlılar tərəfindən aşkar edildi. Beləliklə Cənubi Azərbaycanın Təbriz, Zəngan, Urmu və digər şəhərlərində və hətta Tehran şəhəri daxil olmaqla İran-Ermənistan sərhəddindəki Nurduz qapısının bağlanmasını tələb edən geniş etirazlar baş verdi. Elə məhz bu etirazların nəticəsində İran hakimiyyəti bir addım geri çəkilib özünü təmiz çıxarmaq üçün diplomatik səviyyədə Ermənistana etdiyi dəstəyi danmağa çalışdı. İranın Ermənistana olan köməkləri və Rusiya hərbi silahlarının Ermənistana göndərilməsində onun vasitəçiliyi o qədər aydın qeydə alınıb sənədləşdirilmişdi ki, İran hakimiyyəti etdiklərini inkar edə bilmədi. Bunun nəticəsində Tehran həmişəki kimi cənubi azərbaycanlıları inandırmaq üçün və davamlı etirazların qarşısını almaq üçün İran-Ermənistan sərhəddində bir texnika anbarı qurub Rusiyanın hərbi yardımlarının orada saxlanılması haqqında yalan bir hesabat hazırlayıb sosial medialarda yayımladı. Digər tərəfdən, ABŞ-ın İrana qarşı iqtisadi sanksiyalarından asılı olaraq, həmçinin iki tərəf arasında atəşkəsin davamlı pozulmasının müvəqqəti olduğuna inandığı üçün İran Qarabağda aktiv şəkildə rol oynamaqdan çəkinib media və saxta xəbərlər müharibəsində aktiv olmağı üstün tutdu. Beləliklə, İranın mərkəzçi siyasətçilərinin əksəriyyəti, istər islahatçılar, istər mühafizəkarlar erməni lobbi təbliğatının təsiri altında və həqiqəti araşdırmadan təkfirçi terror qruplarının Suriyadan Qarabağa köçürülməsinə inanıb bütün 44 günlük müharibə ərzində terrorçuların Azərbaycan ordusuna yardım etmək iddiasını irəli sürdülər. Tehran siyasətçiləri bu iddia ilə Cənubi Qafqazda gələcək müdaxilələri üçün zəmin yaradıb Qarabağı Suriyaya çevirmək üçün hələlik Türkiyəyə qarşı qəti mövqelərini təkrarlamaqdan çəkinmədilər. Hətta İranın Ali dini lideri Seyid Əli Xameneyi də bu iddianı vurğuladı.
Ancaq müharibənin qalib tərəfləri olan Türkiyə siyasətçiləri və Azərbaycan Respublikasının rəhbərləri İran-Ermənistan tərəfindən yayılan saxta xəbərlər iddiası qarşısında ehtiyatlı, səbrli, ağıllı siyasətlə İkinci Qarabağ müharibəsinin sona çatmasını gözləyib İranla hər hansı bir gərginlik yaratmaqdan imtina etdilər.
Zəfər Şənliyi
44 günlük müharibə 2020-ci ilin noyabr ayının 10-da Azərbaycanın işğal olunmuş ərazilərinin ən əhəmiyyətli hissəsinin azad olunması və Azərbaycanın qələbəsi ilə başa çatdı. Bir ay sonra Bakının Azadlıq meydanında zəfər şənliyi quruldu. Bu zəfərdə Türkiyə Prezidenti, dövlət xadimləri və Türkiyə xalqının cəsarətli və ardıcıl dəstəklərinin qatqısı danılmaz olduğundan Türkiyə Prezidenti bu mərasimin yeganə rəsmi qonağı idi. Bu zəfər şənliyi ilə eyni vaxtda Arazın güneyində Azərbaycanlılar Milli hökumətin 75-ci ildönümünü qeyd etməyə hazırlaşırdılar.
Azərbaycan Respublikasının Prezidentinin dəyərli nitqindən sonra Türkiyə Cümhuriyyətinin Prezidenti öz çıxışının ortasında “Arazı ayırdılar” şerini oxuyaraq Arazın hər iki tərəfində azərbaycanlıların ayrılıq dərdlərinə işarə etdi. O əlavə etdi ki, Qarabağ azad edildikdən sonra azərbaycanlılar “Arazı ayırdılar” xalq mahnısını daha da güclü oxuyacaqlar. Türkiyə prezidentinin nitqinin bu hissəsi və onun davamında parad zamanı Araz çayının cənubundakı Savalan dağı və Təbrizin Ərk qalasının adlarının çəkilməsi sosial şəbəkələrdə geniş əks olundu və Güney Azərbaycan xalqı ilə milli-mədəni fəalları tərəfindən yüksək səviyyədə qarşılandı. İranın mərkəzçi hökmdarları bütün baş verənləri İranın azərbaycanlılara qarşı yürütdüyü 100 illik siyasətə müdaxilə kimi dəyərləndirdi.
İranın Xarici Işlər Naziri Məhəmməd Cavad Zərif Tvitter hesabında Rəcəb Tayyib Ərdoğana cavab olaraq ingilis dilində qeyri-diplomatik və təhqiramiz sözlər yazaraq oxuduğu şeirin tarixi və hekayəsi haqda onun bilgisiz olduğunu iddia etdi. Həmçinin Zərif eyni tvitdə fikirləri yayındırmaq üçün Azərbaycan Respublikasının ərazilərinin zorla İrandan ayrılmasına dair fikirlərini də bildirdi. Habelə, İranın Xarici İşlər Nazirliyi Türkiyənin Tehrandakı səfirini çağırıb etirazlar barədə Türkiyə hökumətini məlumatlandırdı. Bunlardan əlavə İran mediasının əksəriyyəti bu şeiri pantürkizm və separatizmin bir simvolu kimi qiymətləndirib bu şeirin Türkiyə prezidenti tərəfindən ifa olunmasını İranın ərazi bütövlüyünə təhdid və təcavüz elementi kimi saydılar. Digərləri isə Ərdoğanı İranın Cənubi Azərbaycana həssaslığını bilməməsi səbəbindən savadsız bir siyasətçi adlandırdılar.
Ərdoğan haqqında belə bir təhqiredici sözlərin davamında soruşmalıyıq ki, doğrudanmı Ərdoğan kimi bir siyasətçi tarixi bilmir? Türkiyə Prezidenti məlumatsızlığı nəticəsində Arazı ayırdılar şeirini belə bir əhəmiyyətli nitqinin bir hissəsi olaraq seçib? Bəs görəsən Ərdoğanın “Arazı ayırdılar” bayatısını oxumaqda məqsədi nə idi?
Maraqlarına uyğun iclas qurdular
Oturdular, danışdılar, durdular
Türkiyə Prezidentinin keçmişdə müxtəlif mərasimlərdə etdiyi çıxışlara baxdığımızda onun şeirlə fikirlərini ifadə etməyə xüsusi marağını açıq-aşkar görmək olar. Artıq ilk dəfə deyilki, o, sözlərini şeir vasitəsi ilə bəyan edir. Pakistan və Özbəkistan parlamentlərində şeir oxumaqları və dəfələrlə Cümhuriyyət Xalq Partiyasını (CHP) Boraltan körpüsü hadisəsi ilə bağlı tənqid etməsi mesajlarını şeirlə çatdırmaqda onun dərin bacarığının olduğunu göstərir. Ərdoğan şeirləri oxumaqdan əvvəl həmişə misraların arxasında gizlənmiş hekayələrə istinad edir. Bakının qurtuluşunun 100 illiyi münasibətilə olan nitqində Ərdoğan vurğulayır ki, “Lalələr” xalq mahnısında qırmızı lalələr Nuru paşanın Gəncə şəhərinə girən əsgərlərini simvolizə edir. Digər bir yerdə, İkinci Qarabağ müharibəsi zamanı Minsk qurupu haqqında olan danışığında İran şairi Firdovsinin “Oturdular, danışdılar, durdular” misrasını səsləndirib Minsk qrupunun boş və mənasız olduğunu vurğulayıb. Onun bu misranı istifadə etməsi İran mediasında və sosial şəbəkəsində geniş şəkildə əks olundu. Ancaq bu dəfə şeirin arxasında olan hekayələri açıqlamadan “Arazı ayırdılar” xalq mahnısının bir hissəsini oxuyub təfsirləri eşidənlərə buraxır. Bu göstərir ki, Ərdoğan İranın Güney Azərbaycanla əlaqəli həssaslığını yaxşı bilir və bilərəkdən bu şeiri o əhəmiyyətli nitqinin bir hissəsi olaraq seçib və məhz siyasi səbəblərdən asılı olaraq şeirin araxasında olan hekayə haqqında danışmayıb. İranın Ankaradakı səfirini Xarici Işlər Nazirliyinə çağırıb İran siyasətçilərinin qeyri-diplomatik və təhqiredici sözlərinin qəbuledilməz olması haqqında etiraz bildirmək, həmçinin Xarici Işlər Naziri Mövlud Çavuşoğlunun Məhəməd Cavad Zəriflə telefon danışığında İranın ən çətin günlərində Türkiyənin İrana yardımlarını vurğulaması bunu təsdiq edir ki, Ərdoğan tam məlumatla və güclü bir mövqedən Tehran hökümətinin qırmızı xəttini pozub.
Ancaq Ərdoğan nə demək istəyirdi?
Müəllifin fikrincə, Ərdoğanın “Arazı ayırdılar” şeirini oxumaq üçün üç əsas niyyəti var:
Bunun ən bariz səbəbini 44 günlük müharibə müddətində terror qruplaşmalarının Suriyadan Qarabağa gətirilməsi ilə bağlı İranın Türkiyəyə qarşı əsassız ittihamlarına cavab olaraq dəyərləndirmək ola bilər.
Ən önəmlisi, Ərdoğan bu şeiri oxumaqla Güney Azərbaycan xalqına mesaj vermək niyyətində də ola bilər. Bakıda keçirilən parad zamanı Arazın güneyində Azərbaycan xalqı Təbrizdə Milli Hökumətin qurulmasının 75-ci ildönümünü qeyd etmək üçün hazırlaşırdı ancaq hər zamankı kimi Tehran hökumətinin təzyiqi altında bu mərasimin açıq şəkildə keçirilməsinə icazə verilmədi. Belə bir əhəmiyyətli zamanda “Arazı ayırdılar” şeirini oxumaq heç də təsadüf deyil. Bu mərasimdə Türkiyə prezidenti Qafqazın geopolitik dəyişikliyinə işarə edib yeni gerçəkləri qəbul edib 6-tərəfli layihələrdə iştirak etmək üçün qonşu ölkələri çağırdı. Türkiyə Prezidenti bu şeiri oxuyaraq Güney azərbaycanlılara mülki və siyasi hüquqlarının reallaşması ilə bağlı dövlət olaraq dəstək verməyə hazır olduğunu bildirdi. Beləliklə, o, Tehran hökümət rəsmilərinə dolayı yolla mesaj vermək istədi. Çünki, Tehranın gizli kömək etdiyi kürd terrorçu qruplara ağır zərbələr vurduqdan sonar, habelə Qarabağ münaqişəsini bitib Zəngəzur koridoru açıldıqdan sonra Türkiyə daha böyük güclə türkdilli ölkələrin birliyini qurmağa çalışacaq. Beləliklə, Azərbaycan Respublikası və Türkiyə qarşısında Tehranın fəsad törətmə ehtimalı daha da azalacaqdır. Ərdoğanın davranışı Türkiyənin Güney Azərbaycan ilə bağlı ehtiyyatlı və passiv siyasətdən dəstəkləyici və aktiv siyasətə keçməsinin mümkünlüyünü göstərir.
Ərdoğanın şeir oxumağını İran və bölgənin siyasi sərhədlərinə hörmətsizlik kimi yozmaq çox səhv və yanlışdır. Çünki, 2017-ci ildə İraq Kürdüstanında qurulan referendumun nəticəsində İraq parçalana bilərdi. Ancaq kürdlərin İraqı parçalamaq cəhdlərindən dərhal sonra Rəcəb Tayyib Ərdoğan gözlənilməz şəkildə İrana gedib İran lideri ilə görüşündə İranın kürdlərlə bağlı siyasətinə təsir edib Kürdüstanın İraqdan ayrılma planının çökməsinə səbəb oldu. Bundan əlavə, Suriya müharibəsi dövründə Türkiyə Cümhuriyyətinin Suriya ərazisindəki türk coğrafiyası bölgələri üzərində tam hökmranlığına baxmayaraq dünya ölkələri tərəfindən Suriyanın parçalanması istiqamətində hər hansı bir hərəkətinin qarşısını almaq üçün cəhd etdi. Ancaq pərdə arxasında, fars irqçiliyinə xidmət edən cərəyanlar fars millətçiliyinə maraqlı olan Tehran siyasətçilərinin vətənpərvərlik duyğularından sui istifadə edib onları müəmmalı şəkildə təhrik edib Türkiyə Prezidentinin sözlərini İranın ərazi bütövlüyünə təcavüz kimi dəyərləndirmələrinə səbəb oldular. Onlar bu vasitə ilə Arazın cənubundakı azərbaycanlıların fikilərini yayındırıb Ərdoğanın əsas mesajının Güney Azərbaycanın milli və mədəni fəallarına çatmasının qarşısını almaq üçün çalışdılar. Ancaq İranın Xarici Işlər Naziri Məhəmməd Cavad Zərif Türkiyə Prezidentinin siyasi sərhədlərin sabitliyinə hörmət strategiyasından xəbərsiz, qeyri-diplomatik sözlərlə Türkiyənin Güney Azərbaycana olacaq ehtimali dəstəyini bir daha vurğuladı. İran-Türkiyə münasibətlərindəki gərginlik Güney Azərbaycan məsələsini gündəmə gətirdi və Zərifin ingilis dilində olan tviti ilə dünya üzrə tanınmış çoxlu mətbuat orqanlarında, o cümlədən Reuters, Al Jazeera, Washington Post, Yahoo News, Jerusalem Post, Middle East Monitor, US News kimi mətbuat orqanlarında Güney Azərbaycan məsələsi və “Arazı ayırdılar” şeiri əsas başlıqlardan oldu.
Və nəhayət son mesaj Tehranın özünü qəsd edirdi:
İran Ermənistan ilə birgə Qarabağ müharibəsinin məğlubu sayılır. Tehran siyasətçilərinin Qarabağ haqqında danışıqları və reaksiyaları İranın quzey sərhədlərindəki dəyişiklikdən onların nə qədər narahat olduqlarını aşkar edir. Ərdoğan İranın Cənubi Qafqazdakı məğlubiyyətinin əvəzini çıxmağa çalışacağını yaxşı bilir. Zərif onu Araz şeiri fəlsəfəsindən xəbərsiz olmaqda ittiham etsə də, Türkiyə Prezidenti İran hakimiyyətinin nə qədər sarsıldığını yaxşı bilir və bilərəkdən Tehranın qırmızı xəttinə toxunub Güney Azərbaycandakı milli hökumətin yaranmasının ildönümü ərəfəsində bir şeir vasitəsilə İrandakı bölgələr arasında hakimiyyətin bölünməsi ilə bağlı xüsusilə Güney Azərbaycan bölgüsü haqqında Tehrana mesaj verdi.
Ümumiyyətlə, Türkiyə Prezidentinin iki fərqli sahəyə iki top ötürdüyünü söyləmək olar. Birincisi, Tehran qapısına tərəf atılan qol pasıdır. Zərif İranın Güney Azərbaycana qarşı inkar etmə siyasətlərinə baxmayaraq diplomatik bir səhvlə Güney Azərbaycan məsələsini bütün dünyaya yaymaqla Tehran qapısına birinci qolu vurdu. Ərdoğanın ikinci ötürməsi Arazın cənubundakı hücumçu oyunçulara, yəni azərbaycanlı siyasi və mədəni fəallaradır. O, şeiri oxumaqla Cənubi Azərbaycanla bağlı Türkiyənin susqunluq siyasətinin dəyişəcəyini elan edib Tehran və Təbriz arasında güc balansı yaratmaq, həmçinin İran türklərinin hüquqlarını həyata keçirmək üçün Təbrizi dəstəkləməyə hazır olduğunu bildirdi. Belə bir halda azərbaycanlı milli, siyasi və mədəni fəallar yaranan fürsətdən son dərəcədə istifadə edib Tehranın qapısına ikinci qolu vurmaq üçün hazır olmalıdırlar.