Türkçülük türk millətini yüksəltmək deməkdir. O halda türkçülüyün mahiyyətini anlamaq üçün ilk öncə millət adı verilən topluluğun nədən ibarət olduğunu təyin etmək lazımdır. Millət haqqında çeşidli görüşləri tədqiq edək.
1) İrqi əsas götürən türkçülərə görə, millət irq deməkdir. İrq sözü əsasən zoologiyaya aid bir termindir. Hər heyvan çeşidli anatomik keyfiyyətləri cəhətdən bir sıra tiplərə ayrılır. Bu tiplərə irq deyilir. Məsələn, atın ərəb irqi, ingilis irqi, macar irqi adlarını alan bir neçə anatomik tipləri vardır.
İnsanlar arasında da çoxdan bəri ağ irq, qara irq, sarı irq, qırmızı irq adları ilə anılan dörd irq mövcuddur. Bu təsnif qaba bir təsnif olmaqla bərabər hələlik dəyərini qorumaqdadır.
Antropologiya elmi Avropadakı insanları baş quruluşlarının biçimini-formasını, saçlarını və gözlərinin rəngini nəzərə alaraq üç irqə ayırmışdır: Uzunbaşlı qumral, uzunbaşlı qarabuğdayı, yastıbaşlı.
Bununla bərabər Avropada heç bir millət bu tiplərin yalnız birindən ibarət deyildir. Hər millətin içində çeşidli nisbətlərdə olmaqla bu üç irqə mənsub fərdlər vardır. Hətta, eyni ailənin içində bir qardaş uzun başlı qumral, digər qardaşları isə uzun başlı qarabuğdayı və yastı başlı ola bilərlər.
Buna baxmayaraq, bir zamanlar bəzi antropoloqlar bu anatomik tiplər ilə sosial davranışlar arasında bir əlaqə olduğunu irəli sürürdülər. Ancaq bir çox elmi tənqidlərin və xüsusilə, antropoloqlar arasında ən yüksək mövqedə duran Manuvriye adlı alimin anatomik keyfiyyətlərin sosial xarakterlər üzərində heç bir təsiri olmadığını isbat etməsi bu çoxdankı iddianı tamam heçə çıxartdı. İrqin bu şəkildə sosial davranışlarla heç bir əlaqəsi qalmayınca, sosial xarakterlərin toplamı-məcmusu olan millətdə də heç bir münasibəti olmaması lazım gəlir. Belə olduqda, millət başqa bir sahədə aranmalıdır.
2) Qövmü (tayfanı) əsas götürən türkçülər də milləti qövm topluluğu ilə qarışdırırlar.
Qövm eyni anadan və atadan törəmiş, içinə heç yabancı qarışmamış eyni qandan olan bir topluluq deməkdir.
Əski toplumlar, ümumiyyətlə, saf və yabancılar ilə qarışmamış ayrı-ayrı qövm olduqlarını irəli sürərdilər. Halbuki, toplumlar tarixdən öncəki zamanlarda belə, bir qövmə mənsub olmaq baxımından saf deyildirlər. Müharibələrdə əsir alma, qız qaçırma, günahkarların öz toplumlarından qaçaraq başqa bir topluma girməsi, evlənmələr, köçlər, xariciləri özlərinə bənzətmə və başqa bir cəmiyyət içində ərimə kimi hadisələr daim millətləri bir-birinə qarışdırmışdı. Fransız alimlərindən Kamil Jüliyen ilə Meye ən qədim zamanlarda belə saf bir qövmün olmadığını irəli sürürlər. Tarixdən öncəki zamanlarda belə, saf bir qövm olmazsa, tarixi dövrlərdəki qövm qarışmalarından sonra artıq saf bir qövmiyyət aramaq əbəs deyilmi? Bundan başqa sosiologiya elminə görə, fərdlər dünyaya sosial keyfiyyətlərin heç birinə malik olmadan gəlirlər. Yəni sosial duyğu və düşüncələrdən heç birini yanlarınca gətirməzlər. Məsələn, dil, din, əxlaq, estetika, siyasət, hüquq və iqtisadiyyat sahələrindəki heç bir duyğu və düşüncəni, vicdanı özləri ilə birgə gətirmirlər. Bunların hamısını da sonralar tərbiyə yolu ilə cəmiyyətdən alırlar. Deməli, sosial davranışlar doğum və irsiyyət yolu ilə keçməz, yalnız tərbiyə yolu ilə keçər. Bu isə o deməkdir ki, qövmiyyətin milli xarakter baxımından da heç bir rolu yoxdur.
Qövm saflığının heç bir cəmiyyətdə olmamasına baxmayaraq, əski toplumlar qövmiyyət ülküsünü izləyirdilər. Bunun dini bir səbəbi var idi. Çünkü o toplumlarda tanrı toplumun ilk atasından ibarətdir. Bu tanrı yalnız öz dölündən (züriyyətindən) olanlara tanrılıq etmək istərdi. Bu tanrı yabancıların onun məbədinə girməsini, ona ediləcək ibadətlərdə iştirak etməsini, onun qanunlarına görə mühakimə olunmasını istəməzdi. Buna görə cəmiyyətin içində müxtəlif ovladlığa götürülmə yolları ilə girmiş bir çox fərdlər olduğu halda, bütün cəmiyyət yalnız tanrının törəməsi hesab olunurdu. Əski yunan şəhərlərində, islamdan öncəki ərəblərdə, əski türklərdə, bir sözlə hələ ilk dövrünü yaşayan bütün cəmiyyətlərdə bu yalançı qövmiyyəti görürük.
Burası da var ki, sosial inkişafın o mərhələsində yaşayan millətlər üçün qövmiyyət məfkurəsini izləmək normal bir hərəkət olduğu halda, bugün içində olduğumuz mərhələyə görə yanlışdır. Çünkü o mərhələdə olan cəmiyyətlərdə sosial həmrəylik yalnız dindaşlıq bağından ibarətdir. Dindaşlıq qandaşlığa söykəndikcə, təbiidir ki, sosial həmrəyliyin dayanağı da qandaşlıq olur.
Bugünkü ictimai mərhələmizdə isə, sosial həmrəylik kültürdəki birliyə söykənir. Kültürün nəsillərə keçmə vasitəsi tərbiyə olduğu üçün qandaşlıqla heç bir əlaqəsi yoxdur.
3) Coğrafi quruluşu əsas götürən türkçülərə görə, millət eyni ölkədə yaşayan əhalinin toplamı deməkdir. Məsələn, onlara görə, bir İran milləti, bir İsveçrə milləti, bir Belçika milləti, bir Britanya milləti vardır. Halbuki, İranda fars, kürd və türklərdən ibarət üç millət, İsveçrədə alman, fransız və italyandan ibarət yenə üç millət, Belçikada əslən fransız olan vallonlar və əslən german olan flamandlar vardır. Böyük Britanya adalarında isə anqlo-saks, şotland, qall, irland adları ilə anılan dörd millət yaşayır. Bu müxtəlif toplumların dilləri və kültürləri bir-birindən ayrı olduğu üçün hamısına bir yerdə millət adını vermək doğru deyildir.
Bəzən bir ölkədə çox sayda millətlər olduğu kimi, bəzən də bir millət çox sayda ölkələrə dağılmış olur. Məsələn, Oğuz türklərinə bugün Türkiyədə, Azərbaycanda, İranda, Xarəzm ölkəsində rast gəlirik.
Bu toplumların dilləri və kültürləri bir olduğu halda, bunları ayrı millətlər hesab etmək doğru ola bilərmi?
4) Osmanlıçılara görə millət Osmanlı imperatorluğunda yaşayan bütün vətəndaşlardır: Halbuki,bir imperatorluğun bütün əhalisini bir millət saymaq böyük səhvdir. Çünkü bu qarışımın içində müstəqil kültürlərə malik çoxlu millətlər vardır.
5) İslam birlikçilərinə görə, millət bütün müsəlmanların toplamı deməkdir.
Eyni dindən olan insanların məcmusuna ümmət adı verilir. O halda müsəlmanların məcmusu da bir ümmətdir. Yalnız dildə və kültürdə bir olan millət zümrəsi isə ümmətdən ayrı bir şeydir.
6) Fərddiyyətçilərə görə, millət bir adamın özünü içində saydığı bildiyi hər hansı bir toplumdur. Həqiqətən, bir fərd özünü görünüşdə bu və ya digər bir topluma bağlı saymaqdan azad hesab edir. Halbuki, fərdlərdə belə bir azadlıq və müstəqillik yoxdur. Çünkü insanlardakı ruh (psixologiya) duyğular və fikirlərdən ibarətdir. Yeni psixologiya alimlərinə görə, duyğu həyatımız əsasdır, düşüncə həyatımız ona aşılanmışdır. Deməli, ruhumuzun normal halda ola bilməsi üçün fikirlərimizin duyğularımıza tamamilə uyğun olması lazımdır.
Fikirləri duyğularına uyğun gəlməyən və istinad etməyən bir adam ruhən xəstədir. Belə bir adam həyatda xoşbəxt ola bilməz. Məsələn, duyğu yönündən dindar olan bir gənc özünü fikrən dinsiz hesab edərsə, ruhi bir tarazlığa malik ola bilərmi? Şübhəsiz, xeyr! Bunun kimi, hər fərd duyğuları vasitəsilə müəyyən bir millətə mənsubdur. Bir millət o fərdin içində yaşadığı və tərbiyəsini aldığı toplumdan ibarətdir. Çünki, bu fərd içində yaşadığı toplumun bütün duyğularını tərbiyə vasitəsilə almış, tamamilə ona bənzəmişdir. O halda, bu fərd ancaq bu toplumun içində yaşayarsa, xoşbəxt ola bilər. Başqa bir toplumun içinə girərsə, vətən həsrəti onu bürüyər, xəstələnər, duyğu yönündən bağlı olduğu topluma qayıtmaq üçün həsrət çəkər. Beləliklə, bir şəxsin istədiyi zaman millətini dəyişdirməsi öz əlində deyildir. Çünki, millət də tamamilə aydın olan bir gerçəklikdir. İnsan milliyətini biliksizliyi ucbatından tanıya bilməyibsə, sonradan araşdırma və soruşdurma yoluyla kəşf edə bilər. Ancaq, bir partiyaya girmək kimi, sırf iradəsiylə bu və ya digər millətə daxil ola bilməz.
Bəs, o halda millət nədir? İrqə, qövmə, coğrafiyaya, siyasətə və iradəyə aid qüvvələrə üstün gələn və onlara hakim ola bilən başqa nə kimi bir bağımız vardır?
Sosiologiya elmi isbat edir ki, bu bağ tərbiyə və kültürdə, yəni duyğularda ortaqlı olmaqdan ibarətdir. İnsan ən səmimi, ən dərin duyğularını ilk tərbiyə zamanında alır. Hələ beşikdə ikən, eşitdiyi laylalar ilə ana dilinin təsiri altında qalır. Buna görədir ki, ən çox sevdiyimiz dil ana dilimizdir. Ruhumuzu təşkil edən bütün din, əxlaq, estetik-bədii duyğularımızı bu dil vasitəsilə almışıq. Əslində ruhumuzun sosial duyğuları dinə, əxlaqa və estetikaya-bədiyyata aid duyğulardan ibarət deyilmi? Uşaq ikən bunları hansı toplumdan almışıqsa, daim o toplumda yaşamaq istəyirik. Başqa bir toplumda daha böyük bir firavanlıq içində yaşamaq imkanımız olsa da, öz cəmiyyətimizdəki yoxsulluğu o firavanlıqdan üstün tutarıq. Çünkü dostlar içində bu yoxsulluq yadlar arasındakı o firavanlıqdan bizi daha xoşbəxt edər. Zövqümüz, vicdanımız, həsrətlərimiz tamamilə içində yaşadığımız cəmiyyətindir. Bunların sədasını ancaq o cəmiyyətin içində eşidə bilərik.
Ondan ayrılıb başqa bir topluma girə bilməyimizə böyük bir maneə vardır. Bu əngəl uşaqlıq çağımızda o toplumdan-cəmiyyətdən aldığımız tərbiyəni ruhumuzdan çıxarıb atmağın mümkün olmamasından ibarətdir. Bu mümkün olmadığı üçün əski toplum içində qalmağa məcburuq.
Bu aydınlaşdırmalardan anlaşılır ki, millət nə irqə, nə qövmə, nə coğrafiyaya, nə siyasətə, nə də iradəyə bağlı bir topluluq deyildir. Millət dil, din, əxlaq və bütün gözəl sənətlər-estetika baxımından ortaq olan, yəni eyni tərbiyəni görmüş fərdlərdən ibarət bir zümrədir. Türk kəndlisi ona “dili dilimə uyğun, dini dinimə uyğun”-deyərək tərif verər. Doğrudan da, hər bir adam qanları eyni olan insanlardan daha çox dildə və dində ortaq olduğu insanlar ilə birgə yaşamaq istəyir. Çünkü insanlığımız bədənimizdə deyil, ruhumuzdadır. Maddi üstünlüklərimiz irqimizdən, mənəvi üstünlüklərimiz isə tərbiyəsini aldığımız toplumdan gəlir. Böyük İskəndər:”mənim gerçək-həqiqi atam Filipp deyil, Aristoteldir. Çünkü, birincisi maddiliyimin-maddi quruluşumun, ikincisi mənəviliyimin-mənəvi quruluşumun meydana gəlməsinə səbəb olmuşdur”-deyridi.
İnsan üçün mənəviyyat madiyyatdan öncə gəlir. Buna görə, milliyətdə şəcərə (soykötüyü) axtarılmaz. Yalnız tərbiyənin və məfkurənin milli olması aranar. Normal bir insan hansı millətin tərbiyəsini alıbsa, ancaq onun ülküsü-idealı uğrunda çalışa bilər. Çünkü məfkurə (ideya) yüksək həyəcan qaynağı olduğuna görə uğrunda mübarizə aparılır. Halbuki, tərbiyəsi ilə böyümədiyimiz bit toplumun ülküsü-məfkurəsi ruhumuza əsla böyük bir həyəcan verə bilməz. Əksinə, tərbiyəsini gördüyümüz toplumun məfkurəsi, ruhumuzu böyük coşqunluqlara qərq edərək xoşbəxt yaşamağımıza səbəb olar. Buna görədir ki, insan tərbiyəsi ilə böyüdüyü cəmiyyətin məfkurəsi uğrunda həyatını fəda edə bilir. Halbuki, ağlı ilə özünü bağlı hesab etdiyi yad bir toplum uğrunda cüzi bir mənfəətini belə fəda edə bilməz. Bir sözlə, insan tərbiyəcə ortaq olmadığı bir cəmiyyət içində yaşarsa, bədbəxt olar.
Bu düşüncələrdən çıxaracağımız əməli nəticə budur: Ölkəmizdə vaxtilə babaları Albaniya və ya Ərəbistandan gəlmiş millətdaşlarımız vardır. Bunları türk tərbiyəsi ilə böyümüş və türk məfkurəsi uğrunda çalışmağı özlərinə adət etmiş görsək, o biri millətdaşlarımızdan heç ayırmamalıyıq. Yalnız xoşbəxt günlərimizdə deyil, fəlakətli günlərimizdə də bizdən ayrılmayanları milliyətimizdən necə xaric hesab edə bilərik. Xüsusilə, bunların arasında millətimiz üçün böyük fədakarlıq edənlər, türklüyə-türk millətinə böyük xidmətlər göstərənlər varsa, necə olar ki, bu fədakar insanlara”Siz türk deyilsiniz” deyə bilərik. Doğrudan da, atlarda şəcərə aramaq lazımdır, çünkü bütün üstünlükləri instinktə söykəndiyi və irsi olduğu üçün heyvanlarda irqin böyük önəmi vardır. İnsanlarda isə irqin ictimai xarakterlərə heç bir təsiri olmadığı üçün şəcərə axtarmaq doğru deyildir. Bunun əksinə davransaq, ölkəmizdə ziyaylıların və mücahidlərin bir çoxunu fəda etmək lazım gələcəkdir. Bu hal yolverilməz olduğundan “türkəm” deyən hər bir şəxsi türk kimi tanımaqdan, yalnız türklüyə-türk millətinə xəyanəti olanlar varsa, onları cəzalandırmaqdan başqa bir çıxış yolu yoxdur.