Bəşəriyyətin bir qismi millət ola bilmək üçün ortaq rəğbət və əməkdaşlıq hissinə sahib olduqları başqa qruplarla birləşməli olur. Nəticədə tək bir dövlətə sahib olmaq təşəbbüsü irəli sürülür. Bu tərzdə millət olmaq istəyinin bir neçə səbəbi var. Bəzən irqi bənzərlik və eyni atadan törəmə amili, bəzən də dil və ya din eyniliyi birləşməyə təşviq edir. Coğrafi sərhədlər də səbəb olaraq sayıla bilər. Ən böyük səbəb isə eyni siyasi keçmişə sahib olmaqdır; ortaq milli tarix, kollektiv şərəf və utanc, keçmişdəki sevinc və peşmançılıq. Bu hallardan heç biri əvəzedilməz və ya təklikdə yetərli deyil. İsveçrə cəmiyyətinin fərqli irqlərə mənsub, fərqli dillərdə danışan və fərqli dinlərə inanan insanlara sahib olması, güclü milət hissinin varlığına mane olmur. Eyni dinə, bənzər dillərə və yetərli miqdarda ortaq tarixi keçmişə sahib olan Sicilya və Napoli əhaliləri isə daima bir biri ilə yad münasibətdə olublar.
Belçikanın Flamand və Valun əyalətləri irq və dil fərqliliyinə baxmayaraq ortaq milliyyət hissinə sahibdirlər. Flamandın Fransa ilə, Valunun isə Hollandiya ilə birləşməməsini nəzərə aldıqda yuxarıdakı fakt təəccübləndirici olur. Ümumilikdə isə, milliyyət hissi, özünün yaranmasında iştirak edən amillərin yox olması nəticəsində zəifləyə bilər. Eyni dil, ədəbiyyat, müəyyən dərəcədə eyni irq və ortaq keçmişə sahib olan almanlar güclü milliyyət sahib olublar. Lakin, daima fərqli dövlətlər içərisində yaşamış olan Almanların milliyyət hissi heç vaxt bu dövlətləri birləşdirəcək qədər güclü olmayıb. İtalyanlar arasında dil və ədəbiyyat bənzərliyi, digər ölkələr ilə kəskin coğrafi sərhədlər ilə ayrılmış olmaqları, ortaq bir ada sahib olmaq istəməkləri milliyət hissinin yaranmasına səbəb olmuşdur. İtalyan adı daşımaq, keçmiş nailiyyətləri- sənət, hərb, siyasət, din, üstünlük, elm və ədəbiyyat- sahiblənmə duyğusu yaradırdı. Bu duyğu fərqli irqlərdən mənsub olan, tarixin böyük bir qismində eyni dövlət idarəsi altında yaşamamış olan İtalyanları birləşdirməyə yetərli olmuşdu.
Millət hissi çətinliklərə baxmayaraq var olduqda ilk olaraq millətin bütün üzvlərinin eyni və özlərinə aid dövlət altında birləşmə istəyi yaranır. Yəni idarə olunanlar idarə edənləri təyin etmək istəyirlər. İnsan qruplarının ilkin azadlıq predmeti istədikləri insan qrupları ilə birləşmək iradəsinə sahib olmaqlarıdır.
Lakin insanlar azad qurum qurmaq istədikdə bəzi önəmli amilləri nəzərə almalıdırlar. Fərqli millətlərdən ibarət ölkələrdə azad qurum qurmaq demək olar ki, mümkünsüzdür. Qarşılıqlı rəğbət hissi olmayan, fərqli dillərdə danışan millətlərin olduğu ölkələrdə dövlətin var olması üçün vacib olan ortaq rəy yaradıla bilməz. Cəmiyyətin fikirlərinə və siyasi hərəkətlərə təsir edən amillər ölkənin fərqli qismlərində fərqli olur. Liderler qrupunun hər biri ölkənin sadəcə bir qisminin etimadına sahib olur. Ölkənin hər yerinə eyni kitablar, qəzetlər, broşüralar və çıxışlar gedib çatmır. Ölkənin bir qismi digərinin hansı fikrə sahib olduğunu, digərində hansı fitnəkarlıqların döndüyünü bilmirlər. Eyni hadisələr, eyni əməllər, eyni idarəetmə sistemi onlara fərqli şəkildə təsir edir; hər bir millət özlərinə dövlətdən çox digər millətdən zərər gələcəyini düşünür. Onların bir birinə olan antipatiyası idarəetmə qısqanclığından daha da güclü olur. Qanunun bir milləti incitməsi digərinin o qanunu mənimsəməsinə səbəb olur. Hətta hər iki tərəfə sərf etməyən qanunda belə tərəflərin heç biri ortaq dirənişdə digərinin sədaqətinə güvənə bilmir; təklikdə heç biri dirənmək üçün yetərli gücə sahib deyil və digər millətə qarşı dövlətin tərəfində olmanın onlara fayda verəcəyini düşünürlər.
Hər şeydən qabaq bilinməlidir ki, bu tərz hökümətlərin tiran olmasının qarşısındakı tək maneə ordudur əgər ordu ilə xalq arasında qarşılıqlı sevgi var isə. Həmyerli ilə xarici arasındakı fərq ordu üzvləri üçün ortalama bir insandan daha çoxdur. Xalq üçün xaricilər sadəcə tanımadıqları yad insanlardır. Lakin ordu üçün xaricilər bir həftə sonra ölüm dirim savaşına girə biləcəkləri düşmənlərdir. Ordu üçün dost və düşmən, həmçinin adi bir insan ilə qarşısındakı gücsüz canlı arasındakı tək keçərli qanun insanlıq duyğusudur. Yarısı və ya dörddə üçü fərqli millətlərdən ibarət olan ordular isə daxildəki düşmənləri biçməkdə vicdani narahatlıq keçirmirlər. Onların vətənpərvərliyi özlərinin tək bayrağa həsr etməkdən başqa bir şey deyil. Son bir neçə əsrdə biz bu orduları azadlıq cəlladı simasında görürük. Onlara aidiyyət hiss verən əsas vasitə onların zabitləri, xidmət etdikləri dövlətdir. Etdiklərini əsaslandırmaq üçün isə tabe olduqları əmrlərin ictimai vəzifəni təmin etdiyini bildirirlər. Dövlətlər ona görə Macar alayının İtaliyada, İtalyan alayının Macarıstanda qalmasını dəstəkləyirdi. Hər ikisində məqsəd xaricilərin dəmir çubuğu sayəsində hakimiyyətdə qalmaq idi. Əgər həmyerli ilə hər hansı bir insan arasında fərqliliklərdən bəhs etməliyiksə, deməliyəm ki, belə ayrımlar mədəni cəmiyyətə yaraşmır. Lakin fərqlilikləri göz ardı etmək də məntiqli deyil. Bir biri ilə heç bir oxşar tərəfi olmayan millətləri eyni dövlətin idarəsi altında saxlamağın mənası yoxdur. Barbar dövlətlərdə vəziyyət bir qədər fərqli ola bilər. Belə ölkələrdə, dövlət irqlərin qarşılıqlı antipatiyasını ortadan qaldırmağa çalışa və beləliklə daha asan bir şəkildə idarəetməni təmin edə bilər. Lakin bir ölkədə azad qurumlar mövcuddursa və ya azad orqanlara istək və tələb varsa, dövlət refleksi tam tərs istiqamətdə özünü göstərir. Belə vəziyyətlərdə dövlət bu qruplar arasındakı məsafəni artıraraq onların birləşməsinə mane olur. Bəzən birini digərinin əli ilə vurur, beləliklə idarəetməni asanlaşdırır. Dünya yaxşı bilir ki, Avstriya məhkəməsi belə bu prinsiplərdən Vyana üsyanı və Macar çəkişməsi zamanı məharətlə istifadə etmişdir. Yaxşı ki, hal hazırda qabaqcıl tərəqqi bu prinsiplərin istifadəsini mümkünsüz edir.
Bəzi səbəblərdən ötrü, çox vaxt azad qurumların var ola bilməsi üçün ölkələrin sərhədləri millətlərin sərhədləri ilə eyni olmalıdır. Lakin tətbiqetmə zamanı bu ümumi prinsip ilə tərs düşən məqamlar görmək mümkündür. İlk olaraq, bəzən coğrafi sərhədlər bu prinsipin tətbiqinə mane olur. Məsələn, Avropanın bəzi yerlərində millətlər o qədər iç içə yaşayıb, qaynayıb qarışıblar ki, onların hər birinin ayrı dövlət qurmaqları praktiki deyil. Macarıstanda macarlar, slovaklar, xorvatlar, serblər, rumınlar və bəzi ərazilərdə almanlar birlikdə eyni haqq və hüquqa tabe olaraq yaşayırlar. Onları bu gündən sonra ayırmaq demək olar ki, mümkünsüzdür. Macarıstan 1849-cu ildə azad olanadək köləliyin nə olduğunu yaxşı anlayan bu insanlar üçün birlikdə qurulmuş azad cəmiyyətin dəyəri böyükdür. Şərqi Prussiyadakı alman koloniyası ilə Almaniya arasında Polşa torpaqları yerləşir. Tək başına var ola bilməyəcəyini nəzərə alsaq, bu alman koloniyası ya Polşaya bağlı olacaq ya da aradakı Polşa torpağı almanlara keçəcək. Alman əsilli əhalinin çoxluq təşkil etdiyi başqa bir ərazi isə Estoniyanın Kurzeme və Livoniya əyalətləridir. Şərqi Almaniyanın özündə də böyük slavyan nüfuzu var. Bohemiya, Sileziya və bəzi başqa rayonlar slavyanların sıx məskunlaşdığı ərazilərdir. Bohemiya demək olar ki, bütövlüklə slavyanlarındır. Avropanın ən çox qarışmış ölkəsi isə Fransadır. Homogenlikdən uzaq olan Fransa dil və tarixi amilləri də nəzərə aldıqda iki hissədən ibarətdir: Qal-roman mənşəli əhalinin məskunlaşdığı hissə və frank, burqund və almanların yaşadığı hissə.
Coğrafi tələblərin təmin olunduğu hallarda mənəvi və ictimai bir mülahizə yaranır. Tarixi təcrübələr göstərir ki, bir millətin digərinə qarışması və ya digərinin içində əriməsi mümkündür və bu, nisbi olaraq geridə olan millətin xeyrinədir. Heç kəs deyə bilməz ki, bretonlar və ya basklar Fransız olmaqla nəsə itirdilər. Tam tərsinə fransız vətəndaşı olaraq yüksək mədəniyyətli və inkişaf etmiş cəmiyyətin bir parçası oldular. Tək başına var olub, yarı vəhşi şəkildə 3-cü dünya ölkəsi kimi yaşamaqdansa, fransız gücünün təmsilçilərindən biri oldular. Eyni misal britaniya millətinin bir parçası olan uelslilərə və şotlandlara da aid edilə bilər.
Millətlərin qarışmasının, onların atributlarının və xasiyyətlərinin ortaq bir məxrəcdə birləşməsinin insanlığa böyük faydası vardır. Prototipləri öldürərək yox, onların ifrat yanlarını azaldaraq uğurlu nəticələr əldə etmək mümkündür. Birləşmiş cəmiyyətlər, cins heyvanların cütləşməsində olduğu kimi (sadəcə daha yüksək dərəcədə, çünki bu proses fiziki olduğu qədər mənəvidir də) əcdadların özəl qabiliyyətlərini və üstünlüklərinə sahib olurlar. Lakin bu qarışımı əldə etmək üçün hər millətin özünəməxsus xüsusiyyətləri yaxşı bilinməlidir. Baş verənlərlə gözlənilən nəticə hər zaman eyni olmaya bilər.
Eyni dövlət altında birləşmək istəyən millətlərin sayı və gücü eyni və ya fərqli ola bilər. Fərqlidirsə, sayı çox olan millətin mədəniyyət dərəcəsi digərindən üstün və ya aşağı ola bilər. Sayı çox olan millətin mədəniyyət dərəcəsi üstündürsə, bu millət digərini üstünlük sayəsində özünə bağlaya bilər və ya qaba qüvvət işlədərək özünə tabe edə bilər. İkinci variant insanlığa qarşı bir fitnədir və hərkəs buna qarşı olmalıdır. Yunanıstanın Makedoniyanın içində sovrulub yox olması dünya tarixinin ən böyük bədbəxtçiliklərindən biridir. Bəzi Avropa ölkələrinin Rusiyanın içində əriməsi də bundan fərqli deyildir.
Əgər sayı az olan millət tərəqqidə digərindən öndərdirsə, qalib gələ bilər. Misal olaraq, yunanların gücündən də faydalanan makedonların Asiyaya və ingilis Hindistanına qalib gəlməsini göstərmək olar. Bu cür hallarda mədəniyyət önə getsə də, fatehlər ilə fəth edilənlər eyni azad cəmiyyətdə birlikdə yaşamırlar. Fatehlərin daha aşağı səviyyəli cəmiyyətin içində əriməsi fəlakət olardı. Bu cür hallarda fatehlər idarəetməni yaxşı təşkil etməli, faydalı və zərərli amilləri görə bilməli, üstünlüklərindən mədəniyyətin davamında istifadə etməlidirlər. Bu mövzu qabaqdakı paraqrafda daha dərindən incələnəcəkdir.
Əgər birləşmə zamanı qalib gələn millət həm sayıda üstün həm də tərəqqidə öndədirsə; digər millətin sayı az və öz azadlığını qazanmaq iddiası yoxdursa; idarə edənlər ləyaqətli şəkildə ədaləti təmin edirsə; üstün olan millətin üzvlərinə xüsusi imtiyazlar verilmirsə, tabe olan millət vəziyyəti ilə barışır və yavaş yavaş böyük millətin içində əriyir. Nə bas-breton, nə də elzaslıların bu gün zərrə qədər Fransadan ayrılmaq arzuları var. Əgər irlandlar üçün vəziyyət eyni deyilsə, bunun bir səbəbi də tək başına var ola biləcək saya sahib olmaqlarıdır; əsas səbəbi isə son illərə qədər saksonlar tərəfindən amansızlıqla idarə edilmənin acı xatirəsini unutmuş olmamalarıdır. İngiltərənin bu rüsvayçılığı, imperiyanın fəlakəti demək olar ki, bir nəsildir dayanıb. Bu gün heç bir İrlandiyalı hər hansı bir İngilisdən nə fərdi azadlıq, nə də imperiyanın bəxş etdiyi imtiyazlar barəsində geridə deyil. Bu gün irlandların tək şikayət kilsəyədir. Bu şikayətə “Böyük Adanın” təxminən yarısı qatılır. Bu gün isə keçmişin xatirələrindən və kilsənin davranışlarından başqa iki irq arasında demək olar heç bir problem yoxdur. Ən yaxın qonşuları olan, dünyanın ən zəngin, ən azad, mədəni və güclü millətlərindən biri olan ingilislərin təklif etdikləri qazanc və zənginlik irlandlar üçün heç bir məna kəsb etmirdi. Onların önəmsədikləri ədalət, hörmət və bərabərlik idi.
Tətbiqi problemlərin ən çox yaşandığı hal isə, birləşməkdə olan iki millətin say və güc olaraq təxmini eyni səviyyədə olduğu haldır. Belə hallarda, hər iki tərəf özünə güvənmənin verdiyi güclə qarışmağa qarşı dirənir: hər iki tərəf toplu olaraq özünəxas özəlliklərini inkişaf etdirməyə çalışır: köhnəlmiş adətlər yada salınır, gücünü itirməkdə olan dil dirçəldilməyə çalışılır; hər bir tərəf dövlət işlərində digər millətə aid olan məmurların varlığını təhkimçilik olaraq görür; tərəflərdən birinə verilən bir şeyin hər kəsin haqqından kəsildiyi zənn edilir. Dövlətin başına diktator olan biri keçdiyi təqdirdə bu şəxs hər iki millətə də yad və ədalətsiz davranırsa, millətlərin fikrini önəmsəmədən qərar verirsə, bir neçə nəsil sonrasında eyni vəziyyətin yaratdığı bənzər duyğular iki milləti bir birinə yaxınlaşdırır. Lakin azad hökumət iki millət qaynaşmadan qurulsa, onda bu millətlərin birləşmə şansı demək olar ki, yoxdur. O vaxtdan sonra əgər bu millətlər coğrafi olaraq ayrıdırlarsa, xüsusilə də onların eyni dövlət altında olmalarını tələb edən təbii şərtlər yoxdursa(fransız və ya alman boyunduruğu altındakı italyan əyaləti kimi), etik olaraq, hətta etik olmaqdan əlavə azadlıq və harmoniya varlığı davam etdirilmək istənərsə, məcburi şəkildə millətlər ayrılmalıdır. Bəzən ayrılıqdan sonra bəzi əyalətlər federal olaraq bağlılıqlarını davam etdirirlər. Lakin bu, hər iki tərəfin qismi azadlığını qurban verməsinə səbəb ola bilər. Hər bir əyalətin isə yaxın əlaqə qurmaq istədiyi, daha çox ortaq yönü olduğunu düşündüyü başqa əyalətlər ola bilər.