İlk baxışda açıq-aydınmış kimi görünsə də, bir çox təhlükəli anlaşılmazlıqlara səbəb olan bir fikri təhlil etməyi təklif edirəm. Cəmiyyətlər çox müxtəlif şəkildə formalaşır. Bunlara Çin, Misir və qədim Babil kimi böyük topluluqlar; Ərəblər və İbranilər kimi qəbilələr; Afina və Sparta kimi şəhər-dövlət modelləri; Karolinq İmperatorluğundakı kimi bir neçə ölkədən ibarət cəmiyyətlər; yəhudi və farslarda olduğu kimi dövlət olmadan dini sayəsində birləşən cəmiyyətlər; Fransa, İngiltərə və digər müasir, müstəqil hakimiyyətə sahib milliyyətlər; İsveçrə və Amerika kimi konfederasiyalar; slav və almanlarda olduğu kimi irqi və ya dil birliyi sayəsində yaranmış böyük ailələr daxildir. Bu cür cəmiyyətlər bir zamanlar var olmuş, bəziləri isə hələ də varlığını davam etdirməkdədir. Fransız İnqilabı zamanı bir çoxları Sparta və Roma kimi kiçik və müstəqil şəhər-dövlət modelinin 30-40 milyonluq böyük milliyyətlərə tətbiq oluna biləcəyini düşünürdü. Bu günlərdə isə daha böyük səhvə yol verilir, irq ilə milliyyət anlayışları qarışdırılır. Bu qarışıqlığın əsas səbəbi isə, etnoqrafik və linqvistik məlumatların düzgün tətbiq olunmamasıdır. Gəlin bu məsələyə dəqiqlik gətirək, çünki ilk addımda yarana biləcək qarışıqlıq sonda böyük səhvlərə səbəb olur. I Roma İmperiyasının və ya onun sələfi Böyük Karlın İmperiyasının çöküşündən sonra qərbi Avropa milliyyətlərə ayrıldı. Müxtəlif zamanlarda bu milliyyətlərin hər biri digəri üstündə hegemoniyaya sahib olmağa çalışdı, amma heç biri davamlı müvəffəqiyyətə nail ola bilmədi. Əgər V Karl, XIV Luis və I Napoleon yeni imperiya qura bilməmişdisə, deməli yeni Roma və ya Karl İmperiyalarının yaranmasını gözləmək mənasız idi. Hətta Avropada vəziyyət o həddə çatmışdı ki, Avropanı tək bayrağa tabe etmək istəyən hər bir milliyyətə qarşı avtomatik koalisiya qurulur və bu koalisiya hegemon milliyyət məğlub olanadək davam edirdi. Bir növ tarazlıq əldə olunmuşdu. Fransa, İngiltərə, Almaniya və Rusiya yüzillərlə var olacaqdı. Beləliklə, əsrlərcə davam edəcək şahmat oyunu başlayacaqdı. Bütün tərəflər isə əsas qalib gəlməməyə razı idi.
Belə nəticəyə gəlmək olur ki, tarix pəncərəsindən baxıldıqda milliyyət yeni bir anlayışdır. Milliyyətlər qədim dövr üçün yaddır: Misiri, Çini və ya qədim Xaldeyi milli dövlət adlandırmaq olmaz. Onlar ya Günəşin ya da Səmanın oğlu tərəfindən idarə olunan insan sürüləri idilər. Nə Misirdə, nə də Çində vətəndaşlıq anlayışı mövcud deyildi. Qədim dövrdə cümhuriyyətlər və krallıqlar var idi, yerli cümhuriyyətlərin konfederasiyaları var idi, imperiyalar var idi, amma bu gün anladığımız tərzdə milli dövlət yox idi. Afina, Sparta, Sidon və Tir heyranedici vətənsevərliyin olduğu kiçik mərkəzlər olsa da, ərazi baxımından dar bir bölgədə sıxılmışdılar. Roma İmperiyasına tabe olmamışdan əvvəl, Qalliya, İspaniya və İtaliyada mərkəzi qurum və ya xanədanlıq olmadan fərqli ittifaqlar qurulurdu. Assur, Fars və İsgəndər imperiyaları da özlərinə daimi yurd qurmamışdılar. Assurların vətənpərvərlik hiss daşıdıqlarını demək səhv olardı, Fars imperiyası isə böyük bir dəlixananı yada salırdı. Böyük İsgəndərin yürüşləri mədəniyyət tarixi üçün zəngin mənbə sayılsa belə, hər hansı bir milliyyətin yaranmasında rol oynamamışdır.
Roma İmperiyası yurd olmağa daha yaxın idi. Ölkə daxili təzyiqlər sərt olsa belə, müharibələrin kəsilməsi ilə, Roma, əhalisi və aydın təbəqəsi arasında rəğbət qazanan bir dövlət oldu. Roma İmperiyası, təməlində hüquq, sülh və sivilizasiya olan böyük bir qurum idi. Sülh anlayışı o qədər təsiredici olmuşdu ki, imperiyanın son günlərində belə aydınlar, ziyalılar və dini əyanlar Romadan üz döndərmədilər. Onlar Romanı, hədələyici xaos içində olan barbar ölkələrlə müqayisə belə etmək istəmirdilər. Lakin bugünkü Fransanın on iki qatı əraziyə malik olan imperiyanın dövlət idarəçiliyi müasir dövrdəkindən fərqlənirdi. Şərq və qərb arasındaki bölünmə qarşısı alınmaz olacaqdı. Üçüncü əsrdə Qalliya İmperiyasını quraraq Romadan ayrılmaq cəhdi müvəffəqiyyətsizliklə nəticələndi. Bundan sonra baş tutan Alman istilaları isə dünyanı yeni prinsiplə tanış edəcəkdi. Bu prinsip isə milliyyətlərin yaranmasında təməl olacaqdı.
Maraqlı olan odur ki, almanlar 5-ci əsr istilaları ilə 10-cu əsrdəki Norman fəthi arasındakı müddətdə nə ilə məşğul idilər? Almanlar özlərinə tabe olan qövmlərə çox da təsir etməsələr də, Qərb İmperiyasına xanədanlıq sistemini tətbiq edir, üst səviyyə hərbi vəzifələrə öz adamlarını gətirirdilər. Sonradan Fransa, Burqundiya, Lombardiya və Normandiya öz köklərini tapdı. Frank imperiyasının sürətli yüksəlişi qərbin birliyini bərpa etsə də, bu imperiya da 9-cu əsrin ortalarında bərpa olunmayacaq bir şəkildə parçalandı. İmzalanan Verden müqaviləsi prinsip olaraq uzunmüddətli nəticələrə gətirib çıxartdı. O gündən etibarən Fransa, Almaniya, İngiltərə, İtaliya və İspaniya uzun, macəralı və kəskin döngələri olan yola çıxacaqdı. Bu yol onları bugün çiçəklənməsinə şahid olduğumuz milliyyət olmağa aparacaqdı.
Bəs bu ölkələri bir-birindən fərqləndirən nədir? Fərq yerli sakinlərin bir-biri ilə qarışması amilidir. Sadaladığımız ölkələr arasında Türkiyəyə analoqu olan yoxdur. Çünki Türkiyədə Türklər, Slavlar, Yunanlar, Ermənilər, Ərəblər, Suryanilər və Kürdlər bir-biriylə ilk qarşılaşdıqları zaman nə qədər fərqli idilərsə, ində də o qədər fərqlidirlər . Bu vəziyyətin iki səbəbi var. Birinci səbəb odur ki, almanlar latın və yunanlarla ilk təmasdan sonra xristianlığı qəbul etmişdilər. Əgər fəth edənlə fəth olunan eyni dinə inanırsa, daha doğrusu fəth edən fəth edilənin dinini qəbul edirsə, Türkiyədə olduğu kimi din təməlli fərqliliklər ortadan qalxır. İkinci səbəb isə fəth edənlərin öz dillərini itirməsidir. Clovis, Alaric, Gondebaud, Alboin və Rollonun nəvələri artıq romanca danışırdılar. Bu fakt özü başqa bir faktın nəticəsi idi: franklar, gotlar, lombardlar və normanlar öz irqlərindən olan çox az qadına sahib idilər.Buna görə də, onların rəisləri alman qadınları ilə evlənməli oldu. Eyni zamanda, onların kənizləri, dayələri, həkimləri latınlar idi, hətta demək olar ki, bütün qəbilələri latınlarla evlənmişdi. Buna görə də, Fransız və Qot dilinin həyatı Roma sərhədləri daxilində çox yaşamadı. Eyni vəziyyət İngiltərə üçün keçərli deyil. Anqlo-sakson fəthlərində geniş sayda qadın iştirak edirdi. Nəticədə yerli Breton əhalisi köçmək məcburiyyətində qaldı. Beləliklə latın dili Britaniyada sanki heç vaxt var olmamış kimi üstünlüyünü itirdi. Clovis və sələflərinin təmsil etdiyi 5-ci əsr Qalliyası isə heç vaxt almanlara xəyanət etmədi.
Almanların əsrlərcə yeritməyə çalışdıqları qəlib isə milliyyət sözünün qəlibi oldu. Dövrü əks etdirən 10-cu əsr ədəbi yazılarında görürük ki, Fransanın demək olar ki, bütün yerliləri fransızlar idi. Fransız yazıçıların və Hugh Capet-in davamçısı olan şairlərin əsərlərində Fransa cəmiyyətində başqa irqə məxsus insanların yaşaması fikrinə rast gəlinmir. Əsilzadə ilə cani arasındakı fərq mümkün olduğunca vurğulansa da, etnik zəmində olan fərqliliklər əsla üzə çıxmırdı. Bu fərqliliklər, cəsarət və irsi adət-ənənə və təhsilin ötürülməsində yaranan fərqliliklər idi. Heç kim öz ataları kimi davranmaq ehtiyacı duymurdu. Əsilzadəlik, milliyyətə verilmiş xidmətə görə kral tərəfindən təltif olunan bir imtiyaz olaraq görülməyə başladı. Bu cür ehkamlar hələ 13-cü əsrin əvvəllərində mövcud idi. Norman fəthlərində də bənzər halların şahidi oluruq. Bir neçə nəsil sonra norman işğalçıları özlərini ümumi cəmiyyətdən fərqli görməməyə başladılar. Onlar, işğal etdikləri ərazilərin insanlarına nəciblik, hərbi ənənə və vətənpərvərlik apardılar.
Unutmaq və ya bilərəkdən üstünü örtmək bacarığı bir milliyyətin yaranması üçün ən vacib şərtlərdəndir. Ona görə də, tarix elminin tərəqqisi bəzən bir milliyyət üçün təhlükə yarada bilər. Yaxşı və ya pis nəticələnməsindən asılı olmayaraq bütün siyasi formalaşmaların kökündə vəhşilik və zorakılıq halları var və tarixi araşdırmalar bu halların üstünü aça bilər. Birlik daima güclə əldə olunur. Cənubi və şimali Fransanın birləşdirilməsi içində terror və zorakılıq halları olan bir hərəkatın nəticəsi idi. Təxminən bir əsr çəkən bu hərəkatın rəhbəri olan Fransa kralı dünyəvilik, birləşdirmə və cəmiyyəti şəkilləndirmə barəsində çox uğurlu idi. O, hərəkatın sonunda Fransanı milli birliklə təmin etmişdi. Lakin onun əməllərindəki zorakılığı bir tərəfli yozan cəmiyyət onu lənətləməyi seçdi. Bu gün belə sadəcə aydın təbəqə onun etdiklərini başa düşür və onun dəyərini anlayır.
Böyük Qərbi Avropanın qanunlarını başa düşmək üçün təzad üsulundan istifadə etmək lazımdır. Bir çox ölkə Fransa kralı kimi böyük müəssisə-böyük dövlət yaratmaqda uğursuz oldu. Uğursuzluğun səbəbi bəzən tiranlıq, bəzən də yersiz ədalət oldu. Sent Etyenin krallığı dövründə Macarlar və Slavyanlar səkkiz yüz il əvvəlki qədər məsəfəli və fərqli idilər. Bu qrupları bir-biri ilə yaxınlaşdırıb əlaqəni yaxşılaşdırmaqdansa, Habsburq krallığı onların soyuq münasibətlərinin davamını istəyirdi. Bohemiyada isə Çex və Almanlar bir-biri ilə fincana süzülmüş su və yağ qədər ayrı idilər. Türkiyənin din təməlli ayrıseçkilik siyasəti isə ağır nəticələrə – Şərqin dağılmasına səbəb olmuşdu. Məsələn, Selanik və ya İzmirə baxsaq heç bir cəhətdən ortaq mədəniyyət və ya ortaq tarixi olmayan 7 və ya 8 insan qrupu görə bilərsiniz. Lakin, bir milliyyətin özəyi hər bir fərdinin özünü cəmiyyətin bir parçası kimi hiss etməsidir. Bundan əlavə milliyyətin fərdləri bəzi şeyləri unutmağı da bacarmalıdır. Məsələn, heç bir fransız vətəndaşı özünün Burqund, Alain, Taifala və ya Vestqot olduğunu xatırlamır. Hər bir fransız vətəndaşı Müqəddəs Bartolomey gününü və 13-cü əsr Midi qətliamlarını unudub. Bu gün Fransada sadəcə 10 ailə özünün Frank kökənli olduğunu iddia edə bilər. Hətta bu iddia da qüsurlu olar. Çünki minlərlə bilinməyən cütlüklər istənilən genetik saflığı zədələyə bilər.
Beləliklə, müasir mənada milliyyət anlayışı bəzi gerçəklərin eyni istiqamətdə cəmləşməsinin tarixi nəticəsidir. Birlik bəzən Fransada olduğu kimi, xanədanlıq tərəfindən, bəzən Hollandiya, İsveçrə və Belçikada olduğu kimi, əyalətlərin birləşmə iradəsi göstərməsi sayəsində, bəzən də İtaliya və Almaniyada olduğu kimi, cəmiyyət ruhunun feodal kaprizlərə qalib gəlməsi nəticəsində qurulur. Bu formalaşmalara həmişə var olma istəyi başçılıq etmişdir. Bənzəri hallarda belə, eyni prinsiplər fərqi nəticələrə səbəb ola bilər. Tarix, İtaliyanın birləşməsinə səbəb olan məğlubiyyətlərə və Türkiyənin dağılmağına səbəb olan qələbələrə şahid olmuşdur. Hər bir məğlubiyyət İtaliyanın maraqlarını irəliyə apardı, hər bir qələbə ilə Türkiyə uduzdu. Nəticə olaraq İtaliya bir milliyyətə sahibdir, Türkiyə isə Anadolu yarımadası xaricində milliyyətə sahib deyil. Fransız inqilabında bildirildiyi kimi, milliyyətlər hürriyətə sahib olmalıdırlar. Başqalarının bizi təqlid etməsi bizi qıcıqlandırmamalıdır. Nəticə olaraq, milliyyət prinsipi bizə aiddir. Onda milliyyət nədir? Niyə Hollandiya bir milliyyət ikən, Hanover və ya Parma hersoqluğu milliyyət olaraq sayılmır? Niyə Fransa onu yaradan prinsip yox olduqdan sonra belə milliyyət olmağa davam etdi? Necə olur ki, İsveçrə kimi 3 dilə, 2 dinə və 3-4 irqə sahib bir cəmiyyət milliyyət adlanır, halbuki Toskana kimi homogen cəmiyyət milliyyət sayılmır? Milliyyət və irq prinsipləri bir-birindən hansı əsaslar ilə fərqlənirlər? Tənqidi düşüncə özü-özünə zidd olmamaq üçün bu suallara diqqət yetirməlidir. Dünya bu cür əsaslandırmalarla idarə olunmur. Lakin özünü inkişaf etdirənlər bu suallara cavab taparaq səthi beyinlər tərəfindən yaradılmış qarmaqarışıqlığa aydınlıq gətirə bilərlər.
[divider style=”solid” top=”20″ bottom=”20″]Siyasət nəzərriyəçilərini əsərlərini tədqiq etdikdə görürük ki, milliyyət sanki bir xanədanlığın məşhur fəthini təmsil edir. Sanki bu fəth bir zamanlar qəbul olunmuş, lakin kütlələr tərəfindən unudulmuşdur. Bu nəzəriyyəçilərə görə, bir xanədanlıq tərəfindən savaş, evlilik və andlaşmalar sayəsində birləşdirilmiş əyalətlər xanədanlıq dağıldıqdan sonra da bir olaraq qalırlar. Doğurdan da, müasir milliyyətlərin böyük bir qismi böyük torpaq sahələrinə sahib olan feodal mənşəli ailələr sayəsində yaranmışdır. Qeyd etmək lazımdır ki, bu ailələr həm mərkəzi hakimiyyətin nüvəsi kimi fəaliyyət göstərirdilər. Fransanın sərhəd əraziləri 1789-cu ildə təbii və lazımlı heç bir şeyə sahib deyildi. Bu torpaqların Fransaya əlavə olunması haqqında maddələr Verden müqaviləsinə Kapetinqlər ailəsinin şəxsi təşəbbüsü nəticəsində əlavə olunmuşdur. Bu birləşmələr dövründə heç kəsin təbii məhdudiyyətlər, milliyyətlərin haqqları və ya əyalətlərin iradəsi haqqında fikri yox idi. İngiltərə, İrlandiya və Şotlandiyanın da birləşməsi xanədanlıq sayəsində gerçəkləşmişdi. İtaliya isə milliyyət olmaq üçün uzun bir müddət gözləməli oldu. Çünki, son əsrə qədər səltənət sahibi olan ailələrdən heç biri ölkəni birləşdirmək missiyasını üstünə götürməmişdi. Qəribə olsa da, çox da bilinməyən və İtaliyaya çox da bağlı olmayan Sardiniya adası krallıq tituluna sahib çıxdı. Hollandiya kimi varlıq və birliyini tərifəlayiq bir qətnamə ilə yaradan bir milliyyət isə, Oranje xanədanlığı ilə gizli bir evlilik quraraq bu birliyi riskə atmışdır.Lakin, xanədanlıq prinsipi mütləq keçərlidirmi? Şüphəsiz ki, yox. İsveçrə və ABŞ, heç bir xanədanlıq amili olmadan uğurlu bir şəkildə birləşməyi bacarmışdırlar. Bu suala cavab olaraq Fransanı göstərmək olmaz, lakin deyə bilərik ki, böyük Fransa krallığı o qədər milli bir dövlət qurmuşdu ki, krallıq dağıldıqdan sonra da Fransa milliyyət olaraq qaldı. 18-ci əsr isə hər şeyi dəyişdi. Əsrlərlə əzilmək və alçalmağın təsiri ilə, xalq öz haqqlarını tələb etməyə başladı. Anayurdu və vətəndaşlıq sözləri yenidən önəmli olmağa başladı. Beləliklə tarixin ən təhlükəli əməliyyatı başladı. Bu əməlliyatın fiziologiyadakı bərabəri, beyni və ürəyi çıxardılmış bədənə həyat və kimlik vermək olardı.
İlk olaraq başa düşməliyik ki, milliyyətlər xanədanlıq prinsipi olmadan da var ola bilərlər. Əlavə olaraq bilinməlidir ki, xanədanlıqlar tərəfindən yaradılmış milliyyətlər belə xanədanlıq yox olduqdan sonra varlıqlarını davam etdirə bilərlər. Sadəcə şah və şəhzadələrə əsaslanan prinsiplər yerinə milliyyətlərin haqqlarını önəmsəyən prinsiplərdən istifadə olunmalıdır. Bəs milliyyətlərin haqqlarını hansı meyarlara əsasən dəyərləndirməliyik?
İrqlərə əsasən – əksər insanlar əminliklə verdiyi cavab.
Feodalizm, şahzadə evlilikləri və diplomatik evliliklərin səbəb olduğu süni ərazi bölgüsü etibarsız sayıla bilər. Sabit qalan isə xalqın irqi aidiyyətidir. Haqq və hüququn yaradan amil budur. Bu nəzəriyyəyə əsasən , alman ailəsi öz dağılmış fərdlərini, onlar istəməsə belə, öz ətrafında cəmləşdirə bilər. Beləliklə, almanların yaşadığı bir əyalətə “almanizm”-in o əyalətin yerli xalqından daha çox haqqı çatır. Bu şəkildə, milliyyət prinsipini etnoqrafiya prinsipi ilə əvəz edərək, kortəbii bir haqq yaradılmış olur. Bu prinsip hər tərəfli yanlışdır və əgər etibar qazansaç Avropa sivilizasiyanın məhvi ilə nəticələnə bilər. Belə ki, milliyyətlərin haqqa sahib olması adil və hüquqi olsa da, irqlərin kortəbii haqqlara sahib olması təhlükəli bir fikirdir.
Bilindiyi kimi, qədim tayfa və şəhər dövlətlərində irq amili birinci dərəcədən önəmə sahib idi. Tayfa və ya qədim şəhər bir ailənin davamı və uzantısı kimi görülürdü. Sparta və Afinada bütün əhali bir və ya ikinci dərəcədən qohum idi. Eyni vəziyyət Beni-İsrail(“İsrailoğulları”)-da da keçərli idi və bəzi ərəb tayfalarında hələ də keçərlidir. Gəlin Afina, Sparta və İsrail tayfalarından sonra Roma İmperiyasına nəzər salaq. Burada vəziyyət tamamilə fərqli idi. Başlanğıcda zorakılıqla, sonradan isə ortaq mənfəət nəticəsində bir araya gəlmiş bir birindən tamamilə fərqli şəhər və əyalətlərə irqi aidiyyət fikri tanış deyildi. Universal və mütləq xarakteri ilə xristianlıq bu şəhərlərdə daha çox önəm daşıyırdı. Sanki Roma İmperiyası və Xristianlıq gizli müttəfiq idilər. Bu müttəfiqlərin birləşdirici stimulu əsrlərcə irq sözünün Romada önəmsiz qalmasını təmin edəcəkdi.
İlk baxışda görünməsə də, Barbar istilaları da bu yolda atılmış addım idi. Barbar krallıqların konturları etnoqrafik amillərə görə yox işğalçıların güc və kaprizlərinə görə müəyyənləşdirilirdi. Onlara, idarə etdikləri əhalinin hansı irqə mənsub olmağının heç bir fərqi yox idi. Roma imperiyası kimi, Böyük Karl da bir çox irqin yaşadığı böyük bir ərazidə imperiya qurdu. Verden müqaviləsini imzalayanlar, soyuqqanlı bir şəkildə şimal-cənub xətti haqqında qərar verərkən nə şimal, nə də cənubdakı əhalinin irqi mənsubiyyətini nəzərə almamışdılar. Orta çağlarda sərhədlərin dəyişməsinin səbəbi də etnoqrafik tendensiya deyildi. Məsələn, Kapetinqlər ailəsinin qədim Qalliya torpaqlarını birləşdirmək istəməsini öz irqini birləşdirmək istəməsi kimi dəyərləndirmək olmaz. Dauphine, Bresse, Provence və Franche-Compte eyni kökdən gəlmirdi. Qalliya prinsipləri isə eramızdan sonrakı 2-ci əsrdə artıq yox olmuşdu. Bu gün sadəcə mütəxəssislər geriyə baxaraq Qalliyya xarakterinin özünəməxsus xüsusiyyətlərindən bəhs edə bilər.
Müasir milliyyətlərin təşəkkülündə etnoqrafik mülahizələrin rolu olmayıb. Fransa Seltik, iber və hermanlardan ibarətdir. Almaniya german, seltik və slavyanlardan ibarətdir. Heç bir ölkədə isə etnoqrafiya İtaliyadakı qədər mürəkkəb deyil. İtaliya qal, etrusk, pelasq, yunan və bir neçə başqa etnik qrupun qarışmasından yaranıb. Britaniya adaları isə, ümumi götürüldükdə, seltik ve german qanlarının qarışığını təmsil edir.
Nəticə olaraq demək olar ki, saf irq deyə bir anlayış mövcud deyil. Etnoqrafik təhlilə əsasən siyasət yeritmək isə xəyalpərəstlikdən başqa bir şey deyil. Ən əsil milliyyətlər- ingilis, fransız və italiyanlar- qanı ən çox qarışmışlardır. Bəs Almanlar istisna sayıla bilərmi? Almaniya tamamilə alman ölkəsidir? Bu böyük bir yanlış olar. Almaniyanın cənub qismi Qalliya olmuşdur. Elba çayının şərqi isə slavyan mənşəlidir. Bəs tamamilə saf qan olduğunu iddia edən bölgələr həqiqətən elədirmi? Fikirlərini aydınlaşdırmaq və anlaşılmazlıqlarını aradan qaldırmaq üçün bu mövzunu daha dərindən incələməliyik.
İrq sözünün təmsil etdiyi məna haqqında müzakirələr çox uzanır. Çünki bu söz tarixçi filoloqlar və fiziki antropoloqlar tərəfindən iki fərqli mənada anlaşılır. Antropoloqlar üçün irq zoologiyadakı ilə bənzər məna daşıyır: eyni atadan gəlmə və qan qohumluğu. Lakin tarix və dilçilik elmləri bu cürə tərifi qəbul etmir. “Brakisefal” və “dolikosefal” sözlərinin yeri nə tarix nə də filologiyadır. Ari irqə(Hind-Avropa) aid insanlardan həm brakisefal, həm də dolikosefal görmək mümkün idi. Eyni prinsip daha ibtidai qrup olan Sami irqi üçün də keçərli idi. Beləliklə, insanların zooloji kökənləri onların mədəni, anadili və kültür kökənləri ilə kəskin fərqlilik göstərir. Ari, Sami və Turan qruplarının fizioloji birliyi yox idi. Bu qrupların yaranması qədim dövrlərdə- təxmin 15-20 min il əvvəl- baş vermişdi. Ancaq insanlığın zooloji mənşəyi çox daha qədim dövrlərə gedib çıxır. Ona görə də, bu gün psixoloji və tarixi cəhətdən alman irqi adlandırdığımız qrup zoologiyada insan irqinin başqa bir qrupudur. Bəs bu qrup antropologiya nəzərindən baxıldıqda ailə olaraq qəbul olunurmu? Əlbəttə ki, yox. Bəhs edilən alman qruplar tarix səhnəsinə sadəcə eradan bir neçə əsr əvvəl çıxmışdırlar.
Şübhəsiz ki, almanlar bu dövrdən sonra dünyadan uçmadılar. Hətta bundan öncə İskitiyada slavyanlar ilə qarışmamışdan da əvvəl heç bir şəxsi özəllik göstərmirdilər. İngilislər daima daha az qarışmış kimi görünsələr də bu belə deyildir. Anqlo-sakson irqi dediyimiz anlayış ayrı ayrılıqda nə Sezar dövründəki Bretonlar, nə Heingst-in anqlo-saksonları, nə Knut-un danları nə də Williamın normanları idi. Əslində anqlo-saksonlar yuxarıda saydıqlarımızın qarışmasından yaranmışdı. Fransız nə qal, nə frank nə də burqund idi. Fransız, Böyük Fransa krallığı dövründə ölkəsində yaşayan bütün fərqli elementlərin qarışığından ibarət idi. Jersey və ya Guernsey yerlileri kökən olaraq sahilin digər tərəfindəki Normanlardan fərqlənmirdilər. 11-ci əsrdə ən diqqətli insan belə kanalın iki tərəfindəki sakinləri ayıra bilməzdi. Bilinməyən səbəblərdən ötəri Filip-Auqustus bu adaları Normandiyaya aid etməmişdir. 700 il ayrı qalmalı olan iki tərəf bir birinə yad olmaqdan əlavə olaraq artıq bir birinə bənzəmirdilər. Belə nəticəyə gəlmək olur ki, tarix elmində irq anlayışı yaradıla və yox edilə bilər. İnsanlıq tarixində kimin önəmli olduğunu anlamaq üçün irq anlayışı önəmlidir. Lakin eyni anlayışın siyasətdə tətbiqi mümkünsüzdür. Avropanın yaranmasında rol oynayan təbii prinsiplərdən heç biri irq anlayışı tərəfindən müəyyən olunmamışdır: tam tərsinə, Avropanın ən önəmli milliyyətləri ən çox qan qarışığının baş verdiyi milliyyətlərdir.
İrq faktoru, başlanğıcda böyük önəm daşısa da, getdikcə bu önəmini itirmişdir. Heç kimin irq faktorundan istifadə edərək bir qrupa: “sən mənim qanımı daşıyırsan, deməli bizə aidsən” deməyə haqqı yoxdur. Antropoloji xislətlərdən əlavə bütün insanları birləşdirən ədalət, gerçək və gözəllik kimi xüsusiyyətlər var. Etnoqrafik siyasət heç vaxt təktərəfli olmur: bu gün başqalarına qarşı ondan istifadə edirsən, sabah isə onlar sənə qarşı. Etnoqrafiya bayrağı altında yüksəlmiş olan almanlar gələcəkdə slavyanların eyni prinsiplərdən istifadə edərək Saxony və Lusace-dakı yer adlarını dəyişməklərindən, Wiltze və Oborite-nin izini axtarmaqlarından və Othon tərəfində atalarına edilmiş qətliam və müsadirələrin açıqlamaqların istəməklərindən qorxmurlarmı? Hər kəs üçün yaxşı olan isə unutmaqdır.
Mən özüm etnoqrafiyanı xoşlayıram. O, qeyri-adi və maraqlı elm sahəsidir. Lakin, azad yaşamağı sevdiyim qədər etnoqrafiyanın da siyasi tətbiqi olmamağını istəyərdim. Bütün sahələrdə olduğu kimi etnoqrafiyada da sistem dəyişir: nə də olsa dəyişim tərəqqinin şərtlərindən biridir. Belə olduqda isə gerçəklər və o gerçəklərə bağlı hisslər sistem ilə birlikdə dəyişmək məcburiyyətində qalır. Bir insan gəlib vətənsevər birinə: “Sən yanılmısan. Sen selt olduğuna inanaraq qanını tökmüsən amma sən əslində almansan”-dedikdən 10 il sonra həmin insanın slavyan olduğu da ortaya çıxa bilər. Belə yanılqılarla üzləşməmək üçün zamanla dəyişə bilən amillərə bağlanmamaq lazımdır. Etnoqrafiyanın diplomatiyaya töhfələrini araşdırsaq heç bir şey tapa bilmərik. Etnoqrafiyanın diplomatiyadan başqa işləri var, gerçəyi öyrənmək kimi.
İrq haqqında dediklərimizi dil üçün də deməliyik.
Dillər birləşməyə çağırsa da məcbur etmir. ABŞ və İngiltərə, Latın Amerikası və İspaniya eyni dildə danışsalar da eyni milliyyət deyillər. Tam tərsi bir vəziyyət İsveçrə üçün keçərlidir: 3-4 dilə sahib fərqli insanların birləşməsindən yaranmış İsveçrə bir milliyyətə sahibdir. Dil fərqlərinə baxmayaraq birləşmə istəyi zorakılıqla yaradılmış süni birliklərdən daha təqdirəlayiqdir.
Fransa özü də dil birliyi yaratmaq üçün heç vaxt zorakılığa əl atmamışdır. Niyə də insanlar eyni hiss və düşüncələrə fərqli dillərdə sahib olmasın? Yuxarıda beynəlxalq münasibətlərin etnoqrafiyadan asılı olacağı halda yarana biləcək pis nəticələrdən bəhs etdik. Müqayisəli filologiya da etnoqrafiyadan çox fərqlənmir. Bu mövzunu bir kənəra qoyub, işin siyasi önəmi haqqında danışaq. Dillərin siyasi vacibliyini artıran əsas amil dilin hər hansı bir irqi təmsil etdiyi düşüncəsidir. Bu, səhv yanaşmadır. Məsələn bu gün sadəcə alman dilində danışılan Prussiyada bir neçə əsr əvvəl slavyan dilində danışılırdı. Qalliya ölkələri bu gün ingilis dilində danışır. Misir Ərəbcə danışır. Saysız misal gətirmək olar. Hətta ilk yaranma dövrlərində belə, dil bənzərliyi irq bənzərliyi demək deyildi. İlk ari və sami tayfalarına nəzər yetirək. Bu tayfalarda eyni irqə mənsub olmasalar da qullar və sahibləri eyni dildə danışırdılar. Bir də təkrar edək ki, müqayisəli filologiya insan dilini Hind-Avropa, Sami və digər dil qrupları kimi bölüşdürə bilər lakin bənzəri qruplaşdırılma antropologiyada keçərsizdir. Dil, onu danışanın fərdin hansı irqə aid olması haqqında məlumat vermir. Bundan əlavə, irqi mənsubiyyət insanın hansı dildə danışmalı olduğunu da təyin edə bilməz.
Milliyyət olmanın əsas meyarı kimi dil birliyini götürməyin öz təhlükələri və pis nəticələri vardır. Bir fərd dilin önəmini olduğundan daha çox şişirdikdə özünü millilik çərçivəsinin içində həbs edir. Bu, fərdin həm düşüncəsinə, həm də mədəni inkişafına zərərdir. Hər şeydən əvvəl dərk etməliyik ki, insan məntiqlidir və mənəvi dünyaya sahibdir: istədiyi dildən istifadə edə bilər, dil onu bağlayan meyar deyildir. Hər hansı bir irqə mənsub olmadan əvvəl də insan insandır. Fərd var olmaq üçün hər hansı bir mədəniyyəti də təmsil etməyə məcbur deyil. Fransa, Almaniya və İtaliya mədəniyyəti bütün insanların mədəniyyəti sayıla bilər. Renesans dövrünün sənətkarlarına nəzər yetirsək görərik ki, onlar nə fransız, nə italyan, nə alman deyildilər. Onlar insanın mənəvi dünyasının necə inkişaf etdirmək lazım olduğunu bilir və bütün varlıqları ilə bunu tətbiq edirdilər. Haqlıydılar da!
Din artıq müasir milliyyətin yaranması üçün yetərli təmələ sahib deyil.
Başlanğıcda din sosial qrupların varlığını dəstəkləyirdi. Sosial qrup ailənin uzantısı idi və dini ayinlər ailə ayinləri idi. Afinadakı din, Afinanın ele öz təriqəti idi: Afinanın mifik qurucuları, qanunları və adətləri. Bu dinin sərt ilahi təməli yox idi. Bu din, tam mənada, dövlət dini idi: Afinalı olmayanlar bu dinə ibadətdə çətinlik çəkirdilər. Təməlində bu təriqət Alrapolisin təcəssümü idi. Aglaur-a and içmək, öz ölkən üçün ölməyə and içmək idi. Afinanın təriqətində olmamaq,yaşadığın ölkədə hərbi çağırışa getməmək kimi olardı. Bunun üçün Afina “vətəndaş”-lığından çıxmaq lazım idi. Əlavə olaraq da, bu din Afinalı olmayan biri üçün heç bir məna kəsb etmirdi. Ona görə də xariciləri zorla bu dinə inandırmağa ehtiyac olmurdu. Hətta Afinada yaşayan qullar belə bu dinə ibadət etmirdilər. Bənzəri təriqətlərə orta çağda başqa bir neçə dövlətdə də rast gəlmək mümkün idi. Venesiyalı olmaq üçün Saint Mark-a, Amalfili olmaq üçün isə Saint Andrew-a və cənnətdəki digər müqəddəslərə ibadət etmək lazım idi.
Sparta və Afinada yararlı olan din, Roma İmperiyasında keçərli olmadı. Antiochus Epiphany-nin Yupiter(Zeus) Olimpian təriqətini – Romanın rəsmi dinini – şərqdə yaymağa çalışması böyük bir səhv, cinayət hətta cəfəngiyat idi. Günümüzda vəziyyət daha aydındır. Artıq birə-bir eyni şəkildə inanan insan sürüləri yoxdur. Beləliklə, hər kəs istədiyi dinə inanır və istədiyi kimi ibadətini edir. Dövlətə məxsus din anlayışı artıq yoxdur: insanlar fransız, alman və ya ingilis olub öz din seçimini edərək katolik, protestan və ya yəhudi ola bilər, istəsə heç birinə inanmamağı da seçə bilərlər. Din artıq fərdiyyət qazanmışdır. Milliyyətlər katolik və protestan olaraq ikiyə ayrılması artıq yoxdur. 52 il əvvəl Belçikanın yaranmasında rol oynayan din, artıq sadəcə insanların içində yaşayır.
Ortaq mənfəətə sahib icmalar insanlar arasında yaxın əlaqəyə səbəb olur.
Mənfəət milliyyət yaratmaq üçün yetərlidirmi? Məncə yox. Mənfəət təməlli icmalar ticarət müqavilələri müəyyənləşdirir. Lakin, duyğular milliyyət hissinə bənzər olsa da eyni deyil. Milliyyət həm bədən həm də ruhdur. Zollverein (Alman Gömrük Birliyi) isə heç vaxt anayurd olmayacaq.
Coğrafiya və təbii sərhədlər milliyyətlərin bölünməsində önəmli rol oynayır.
Coğrafiya tarixdəki ən əsas faktorlardan biridir. Çaylar irqlərin yayılmasına, dağlar isə dayanmasına səbəb olurdu. İlki böyük tarixi hərəkatları həvəsləndirir, ikincisi isə çəkindirirdi. Lakin demək olarmi ki, milliyyətlərin limitləri təbiət xəritəsi üstündə çizilib? Nəticə olaraq, dağlar və çaylar təbii sərhəd yaradırmı? Dağların ayırıcı funksiyası təkzibedilməzdir. Lakin çaylar birləşdirici olmağa meyllidirlər. Amma yenə də, bütün dağlar ölkələr arasında sərhəd olmur. Bəziləri bu rolu oynayarkən niyə bəziləri oynamır? Biarritzdən Torneaya qədər bütün çaylar eyni dərəcədə ayırma rolu oynayırlar. Əgər tarix istəsəydi, Loire, Seine, Meuse, Elba və ya Oder çayları Rhine çayı kimi təbiətin əsas qanuna tərs gedərək təbii sərhəd olardılar. Nəticə olaraq anlayırıq ki, heç bir coğrafiya milliyyət yaratmır. Coğrafiya insanı tavan ilə təmin edir, savaşmaq və çalışmaq üçün torpaq verir. Lakin insan ruhu olmadan milliyyət yaranmır. Maddə olan heç bir şey milliyyət yaratmaq üçün yetərli deyil. Milliyyət, tarixin dərin qarmaqarışıqlığından çıxmış ruh ailəsidir- coğrafi relyefə görə müəyyənləşmiş qrup yox. Biz indi görürük ki, milliyyət yaratmaq üçün yetərli olmayan amillər çoxdur: irq, dil, mənfəət, din, qohumluq, coğrafiya, hərbi ehtiyac. Başqa nə ola bilər? İndiyə qədər dediklərimi nəzərə alaraq sözü uzatmayacağam.
[divider style=”solid” top=”20″ bottom=”20″]Milliyyət ruhdur, mənəvi prinsipdir. Bu ruhu, mənəvi prinsipi yaradan 2 amil var. Biri keçmiş, digəri isə bu gündür. Biri keçmişdən miras qalmış zəngin xatirələrə sahib olmaqdır; digəri isə bu günə razılıq, birlikdə yaşamaq istəyi, bizə qalmış olan irsi birlikdə davam etdirmək, çiçəkləndirmək məqsədidir. Cənablar, insanlar improvizə etmirlər. Milliyyət, hər hansı bir fərd kimi, uzun müddətli əmək, güzəşt və sədaqətin nəticəsidir.Bizim atalarımızın bizim bu günümüzdə əməkləri vardır. Keçmiş qəhramanlıqlar və şöhrət, milli məfkurənin mərkəz sütunudur. Milliyyət olmanın əsas şərtləri belədir: keçmişdə ortaq şöhrət və sevinc xatirələrinin olması və yeni xatirələri yaratmaq istəyi; birlikdə gözəl addımlar atmış olub, yenidən yola davam etməyi arzulamaq. İnsanlar yaşadıqları problemlər nisbətində güzəştə getməyi sevirlər. İnsan bir evi sevirsə, onu özündən sonrakına verməyi də bilir. Sparta nəğməsindəki-“Siz nə idizsə, biz indi oyuq, siz nəsizsə, biz də o olacağıq”- misralarında sadə və qısa bir şəkildə anayurdun tərifi verilir.
İnsanlar keçmişdəki şöhrətli xatirələrlə bərabər peşmançılıq hisslərini də birlikdə paylaşırlar. Birlikdə əziyyətə dözmək, sevinmək və eyni şeyə ümid etmək ortaq vergilər və sərhədlərdən daha vacib olub irqi və linqvistik mülahizələrdən də asılı deyildir. “Birlikdə əziyyətə dözmək” birlikdə sevinməkdən daha birləşdiricidir. Ümumilikdə, milli yas günləri yaddaşlara qələbə günlərindən daha çox həkk olunur, çünki yas günlərində ortaq vəzifələr və əmək daha çox olur.
Milliyyət olmaq hissi həmrəylikdən yaranır: keçmişdə qurban verdiklərimiz və gələcəkdə qurban verməyə hazır olduqlarımız. Bir milliyyətin varlığı məcazi mənada referendumdur. Tarix qanunları dediklərimdən daha qəddardır, bunu bilirəm. Lakin mənə görə, əyalət onun sakinlərinə aiddir və əyalətin gələcəyi haqqında qərarı da sakinlər verməlidir. Milliyyətlərin istəyi isə gələcək üçün yegəna qanuni meyardır.
Biz siyasətin içindən metafiziki və dini amilləri çıxartdıq. Bəs nə qaldı? Qalan insan, onun istəyi və onun ehtiyaclarıdır. Milliyyətlərin ayrılmasının və hətta dağılmasının səbəbi metafizik və din amillərini insan və onun istəklərinin önünə keçirtməsi olub. Beləliklə aydın olur ki, heç bir prinsip insandan vacib deyil. Milliyyətlər daimi deyil, onların başlanğıcı olduğu kimi sonu da var. Avropa konfederasiyası Avropadakı milliyyətləri bir gün əvəz edə bilər. Lakin bu gerçəkləşsə belə, əsrimizin qanunlarına zidd olacaq. Hal hazırda milliyyətlərin varlığı müsbət amildir və hətta demek olar ki, vacibdir. Çünki, fərqli milliyyətlərin varlığı azadlığın təminatçısıdır. Bütün milliyyətlərin tək əldən idarə olunması isə azadlığın yox sayılmasıdır.
Bir birindən fərqli, hətta bəzən tərs münasibətdə olsalar da milliyyətlər, ümumi mədəniyyətin yaranması üçün xidmət göstərirlər. Milliyyətlər tək olduqlarında acizdirlər. Lakin zəifliklər milliyyətlərin vəhdəti halında yox olur. İnsanlıq, indiyə qədər çox əzab çəkib və hələ də qarşılaşacağı sınaqlar var. Ümid edək ki, o, yolundakı təhlükələri ağıl və məntiqlə məğlub edəcəkdir.
Gəlin dediklərimizi cəmləşdirək, cənablar. İnsan nə aid olduğu irqin, nə danışdığı dilin, nə inandığı dinin, nə çayların yönünün, nə dağların istiqamətinin köləsi deyil. Ağlı başında, ürəyi yumşaq və ümumi vicdana sahib insan topluluğuna milliyyət deyilir. Bir milliyyətin mənəvi prinsipləri güclüdürsə, o milliyyət var ola bilər. Əgər sərhədlərdə problem varsa, münaqişəli əhali ilə məsləhətləşmək lazımdır. Onlar məsələ haqqında öz fikirlərini bildirmək haqqına sahibdirlər. Bəlkə də bu sözlər “üstün bilikli” siyasətçiləri güldürür. Çünki onlar həyatları boyu sadiq qaldıqları prinsiplərin yanlış olduğunu bilməyəcək qədər cahildirlər. Bizim fikirlərimiz onlara görə dərin diplomatiyanı başa düşməməyizdən irəli gəlir.Dinləyin, cənablar, və xahiş edirəm “üstün”-lüyünüzü bir kənara qoyun. Yəqin ki, təcrübələriniz və onların fəlakətli nəticələri sonda bizim fikrimizə qayıtmağınıza səbəb olacaq. Bəzən gələcəkdə haqlı çıxmaq üçün insan qarşısındakının fərqli düşüncəsini anlamalıdır.