Orxan Vəliyev[1]

On doqquzuncu əsrin sonlarında “Kəşkül” qəzetində sokratik bir dialoq dərc edilmişdi. Dialoqun məğzi “hansı millətdənsən?” sualından ibarət idi. Bu dialoq modern insana xas olan kimliyin müsəlman Azərbaycan maarifçiləri arasında da aktuallıq qazandığını göstərirdi. Azərbaycanın millət quruculuğunu millət və dövlət axtarışı kimi konsepsiyalaşdırdığımız[2] üçün fərqli bir nəzəriyyədən/modeldən hərəkət etmək lazım olduğunu əsaslandırmağa cəhd edəcəyik. Millətçilik nəzəriyyələrini modernist və entosimvolçu nəzəriyyələr kontekstində ələ aldıqdan sonra tədqiqat üçün istifadə edəcəyimiz kiçik millət modelinin nə olduğunu, Azərbaycan məsələsi üçün vacibliyini açıqlayacağıq. Son olaraq isə, Azərbaycan milli hərəkatının kiçik millət modeli çərçivəsində nə üçün millət və dövlət axtarışı olduğunu əsaslandırmağa çalışacağıq.

Millətçilik nəzəriyyələri

Millət və millətçilik istər gündəlik həyatımızda (xüsusən millət), istərsə də akademik tədqiqatlarda ən çox rastlaşdığımız anlayışlardır. Fəlsəfənin belə tarixin təhəkkümü altına girdiyi on doqquzuncu əsrdən etibarən modern insanın həyatını “işğal” edən millətçiliyə dair akademik tədqiqatlar ancaq ötən əsrin ikinci yarısından sonra artmağa başlayıb. Millətçiliklə bağlı nəzəriyyələri iki aparıcı yanaşma olan modernist və entosimvolçu nəzəriyyələr kontekstində ümumiləşdirmək mümkündür. Modernist nəzəriyyə ilə etnosimvolçular arasındakı anlaşılmazlıq maarifçilər və romantiklər arasındakı mübarizə ilə müqayisə edilə bilər. Belə ki, etnosimvolçular millətin modern bir hadisə olduğunu inkar etmirlər. Lakin etnik əsası millət üçün bir cövhər kimi qəbul edirlər. Modernistlər isə milləti modernizmin bir məhsulu olaraq ifadə edirlər.

Kiçik millət modeli/nəzəriyyəsi

Kiçik millət modelini ortaya qoyan Miroslav Hrox millətçilik çağı olan XIX əsrdə Avropada dövlətli (state nations) və aralıq millətlərin (emerging nations) olduğunu yazmaqdan əlavə, həm millət ola bilməyən, həm də dövlətləri olmayan qeyri-dominant etnik qrupların üzərində xüsusilə dayanır. Müqayisə üçün dövlətli millətləri inkişaf etmiş dilə, hakim sinfə (ruling class) və dövlətə sahib bir millətin uzun müddətli transformasiyası olaraq açıqlayır. Aralıq millətləri isə alman və italyan nümunələri kontekstində millət olan bir xalqın dövlətlərinin inteqrasiyası kimi xarakterizə edir. Hakim sinfə, inkişaf etmiş dilə və dövlətə sahib olmayan qeyri-dominant etnik qrupları isə kiçik millət və ya əzilən/məhkum (subject) millətlər olaraq adlandırmışdır. Belə olduğu halda kiçik millətlər üçün fərqli anlayış və model təklif etmişdir. Əvvəla, millət quruculuğunun fərqliliyini ortaya qoymaq üçün “millətçilik” yerinə “milli hərəkat” anlayışına üstünlük vermişdir. Digər tərəfdən “Hrox” milli hərəkatı üç mərhələyə ayırmışdır: A, B və C. A mərhələsində milli hərəkatların proqramlarında milli hədəf əsas məsələ olmadığından akademik maraq dövrü olaraq xarakterizə edilir. Belə ki, ziyalılar dini anlayış əsasında inşa edilmiş dünya görüşünü aydınlanma prinsipləri çərçivəsində tənqid edirlər. B mərhələsi isə qeyri-dominant etnik qrupların asılı olduqları imperiyaların yaşadıqları böhranlar, inqilablar və.s nəticəsində milli canlanma (national agitation) mərhələsi olaraq konsepsiyalaşdırılmışdır. Yəni B mərhələsində milli hərəkatın liderləri, ziyalılar asılı olduqları imperiyanın kimlik anlayışını sorğulamağa başladılar. Buna baxmayaraq, öz müqəddəratını təyin kontektsində bir siyasi/milli tələb ortaya çıxmadı. C mərhələsi isə siyasi tələbin milli hərəkat proqramında əsas hədəfə çevrildiyi mərhələdir.[3]

Azərbaycan milli hərəkatı

Millətçiliyin, əsasən, tarixlə və ya tarixi qavrayışla bağlı bir anlayış olduğu deyilə bilər. Epistemik olaraq insanın bilmə prosesini fəlsəfə və tarix elmləri kontekstində nəzərə almaq mümkündür. Fəlsəfi qavrayışın (tarix, hüquq, siyasi və.s fəlsəfəsi) nəticəsi bilikdir (episteme), tarixi qavrayışın (hüquq, siyasi tarixi və.s) nəticəsi isə qənaətdir (İng. Opinion; Tr. Kanı). Belə olduğu halda tarix fəlsəfəsi tarixə (qənaət) dair bilik əldə etmək prosesi kimi qiymətləndirilə bilər. Siyasi tarix isə qənəat formalaşdırmaq kimi xarakterizə edilə bilər.[4] Xülasə, istər nəzəri olaraq millətçilik, istərsə də Azərbaycan millətçiliyi adətən tarixi tədqiqatlar kontekstində ələ alınır. Ona görə də Azərbaycan millət quruculuğuna (qənəat) dair bilik sahibi olmadığımızı ifadə etmək yerində olacaqdır. Şübhəsiz, bu məqalədə Azərbaycan milli hərəkatına dair ətraflı bilik əldə etmək iddiasından çıxış etmirik. Bu girişin əsas qayəsi müvafiq sahə ilə bağlı tədqiqatlara dair tənqidi bir yanaşma ortaya qoymaqdır. Qısası, qeyri-dominant etnik qrup olan müsəlmanlar[5]/türklər öz etnik gruplarından olan hakim sinif və inkişaf etmiş milli dilə sahib olmayan və dövlətsiz bir qeyri dominant etnik grup kimi xarakterizə edilə bilər. Belə olduğu halda Azərbaycan millət quruculuğunun dövlətli millətlər və ya aralıq millətlərdən fərqli bir yanaşma ilə tədqiq edilməli olduğu aydın olur.[6]

A mərhələsi.

Milli hərəkatın A mərhələsi kolonialist modernləşdirmə kimi başladı. A mərhələsində ziyalılar dini anlayış çərçivəsində formalaşmış ənənəvi (established) anlayışı aydınlanma prinsipləri kontekstində maarifçi[7] kimi sorğulamağa başladılar. Misal üçün, Həsən Bəy Zərdabi “Əkinçi” qəzetində ənənəviliyə tam zidd məqalələr dərc edirdi. Lakin A mərhələsində əsas oyunçu M. F. Axundzadədir. Axundzadə adətən ana dilində yazdığı komediyalar və dil layihəsi çərçivəsində təhlil edilir. Halbuki komediyalar Qafqazın digər millətləri olan erməni və gürcülərlərlə bərabər Çarlığın təşviqi/sifarişi əsasında yazılıb. Ana dili layihəsi isə “Kəmalüddövlə məktubları”ndakı düşüncələrinin reallaşmağı üçün ortaya çıxıb. “Kəmalüddövlə məktublar”ı əsərindəki modernist düşüncələri müsəlmanlar ancaq asanlıqla oxuyub yaza bildikləri vaxt öyrənə bilərdilər. Məktublarda Axundzadə bir maarifçi (enlightener) kimi tərəqqinin qarşısında maneə olaraq şərh etdiyi dini anlayışı və dindarları tənqid edib. Azərbaycan milli hərəkatının A mərhələsini, əsasən, Axundzadənin ənənəviliyə qarşı tənqidi mübarizəsi çərçivəsində təhlil etmək daha doğru olar. Bununla bərabər milli hərəkatın A mərhələsində siyasi/milli tələb formalaşmayıb. Yəni Axundzadə millətçi bir düşüncəyə sahib olmadığı kimi A mərhələsində də ziyalılar arasında milli/siyasi bir hədəf formalaşmayıb.

B mərhələsi.

Kiçik millətlər üçün milli hərəkatların B mərhələsi həlledici olmuşdur. Çünki B mərhələsində milləti xəyal etmək üçün tələb olunan ana dilində mətbuat, nəşriyyat və məktəbin kütləviləşməsi gerçəkləşib. Bir anlamda B mərhələsində ziyalılar cəmiyyətlə/xalqla ünsiyyət qurmaq imkanı əldə ediblər. Ana dildə fəaliyyətin kütləviləşməsi, mətbuat və s. ziyalılar arasında “Kəşkül” qəzetinin ötən əsrdən qalan sualını aktual və kütləvi bir məsələ halına salıb. Bu isə milli canlanmanın baş verməsi deməkdir. Belə olduğu halda ziyalılar “biz kimik?” sualına cavab olan nəşrlər etməyə başlayıblar. Bu cəhətdən Ə.B. Hüseynzadənin “Türklər kimdir, kimlərdən ibarətdir?” məqaləsi əsas mətn olaraq qarşımıza çıxır. Hüseynzadənin dünyagörüşü alman romantizmindən təsirlənərək formalaşan panslavizmin və türkçülüyün/turançılığın nəticəsində formalaşmışdı. Beləliklə, Hüseynzadə “biz kimik?” sualına Azərbaycan kontekstində cavab verə bilmədi. Hüseynzadə millətin inşası üçün lazım olan dil, tarix, mədəniyyət kimi ünsürləri türkçülük mövqeyindən şərh etməkdən xilas ola bilmədi. Belə ki, Hüseynzadənin “Həyat” və “Füyuzat” qəzetinin sütunlarında osmanlıca/türkcə istifadəsinə təkid etməyi ciddi tənqidlərə də məruz qaldı. Ancaq milli hərəkatın millət və dövlət axtarışı olduğu nəzərə alındıqda Hüseynzadənin “biz kimik?” sualına türklük kontekstində də olsa, cavab verdiyi deyilə bilər. Xülasə, milli hərəkatın B mərhələsində “biz kimik?” sualı aktual bir məsələ halına gəldi və millət anlayışı formalaşdı.

C mərhələsi.

C mərhələsi siyasi hədəfin/tələbin gündəlikdəki əsas məsələ olduğu deməkdir. Belə ki, Balkan və Birinci Dünya müharibələri siyasi xəritənin millətçilik və ya millətlər prinsipləri ilə bölünəcəyini göstərmişdi. 1917-ci il inqilabı isə qeyri-dominant millətlər üçün siyasi tələblərini daha kəskin şəkildə dilə gətirməkləri üçün yeni fürsətlər yaratmışdı. Azərbaycan milli hərəkatının C mərhələsində M.Ə.Rəsulzadənin yazdığı “Milli dirilik” məqaləsi Azərbaycan millətçiliyi[8] kontekstində milli şüurun formalaşmağında həlledici olmuşdur. Belə ki, Hüseynzadədən fərqli olaraq Rəsulzadə kimliyi Azərbaycana uyğun olaraq düşünmüşdü. C mərhələsinin əsas məsələsi olan “vətən haradır?” sualına Rəsulzadə Azərbaycan çərçivəsində cavab verdiyi üçün kimliyi də bu müstəvidə daraltmışdır. Beləliklə, Rəsulzadənin türk millətçiliyindən tamamilə ayrılmayan, bayrağın ilk rənginin türklüyü simvolizə etməyi kimi,  ancaq kopyası da olmayan Azərbaycan millətçiliyinə[9] fokuslandığı deyilə bilər. Nəticə olaraq, milli hərəkatın son mərhələsinə gəlindiyində millət anlayışının ideoloji bazasının formalaşdırıldığı görülür.

Cümhuriyyətin Elanı: Tamamlanmamış Bir Milli Dövlət

C mərhələsində millət anlayışının bazası inşa edilməkdən başqa, milləti siyasi və hüquqi olaraq inşa edəcək dövlətə ehtiyac var idi. İnqilab qeyri-dominant qruplar üçün öz müqəddəratını təyin imkanını doğurdu. Qafqazdakı kiçik millətlər əvvəlcə birgə hərəkət etməyə qərar versələr də, konyuktura hər üç milləti öz milli-dövlətini yaratmağa apardı. Azərbaycan cümhuriyyəti konstitutsiya üçün baza prinsipləri ehtiva edən İstiqlal bəyənnaməsi ilə elan edildi. Bəyənnamə qurucuların həyati məsələlərdə ortaq qənəatini ehtiva edirdi. Ancaq Azərbaycan Cümhuriyyətinin millətinin kim olduğunu və ya olacağını konstitusiya müəyyən edə bilərdi. Müqayisə üçün Türkiyə Cümhuriyyəti 1923-cü ildə elan edilməyinə baxmayaraq, türk milli kimliyi konstitusiyanın qəbulu və Atatürkün 1930-cu illər ərzində elan etdiyi dil, tarix və.s inqilablar nəticəsində 1930-cu illərin sonunda tamamlana bildi.[10] Azərbaycan milləti, azərbaycanlı və ya türk milləti olmaq bir status transformasiyasını ehtiva edir. Azərbaycan cəmiyyəti bu transformasiyanı Axundzadədən etibarən intellektual müstəvidə yaşadı. Lakin Cümhuriyyət siyasi və hüquqi olaraq öz millətini yarada bilmədi. Belə olduğu üçün 1991-ci ildə müstəqilliyini elan edən Azərbaycan Respublikası özünü siyasi olaraq birinci respublikanın davamı kimi elan etsə də, milli kimliyini Sovet dövründə inşa edilən azərbaycanlılıq kontekstində yaratdı. Xülasə, milli hərəkatın müvvəffəq olduğunu, cümhuriyyətin isə tamamlanmamış bir milli-dövlət kimi qaldığı deyilə bilər.

Nəticə əvəzi

Azərbaycan millət quruculuğu kifayət qədər tədqiq edilməmiş bir sahədir. Bu səbəblə anlayışlar bəzi tədqiqatlarda yerli-yersiz istifadə edilə bilir. Ancaq son illərdə bu sahədə keyfiyyətli tədqiqatların ortaya çıxdığı deyilə bilər.


[1] Ph.D – Sakarya Universiteti, Siyasi Elmlər Fakültəsi, Siyasi Elm və Dövlət İdarəçiliyi Kafedrası – 2020

Posdoc – Trakya Universiteti, Ədəbiyyat Fakültəsi, İnsan və Toplum Bilimləri Kafedrası – 2021

[2] Orkhan Valiyev, “Milletini ve Devletini Arayan Bir Etnik Grup: Azerbaycan Örneği (1850-1920)”, Uluslarası Politik Araştırmalar Dergisi, sayı 6, № 1, 2020. ss. 1-15.

[3] Miroslav Hroch, “”; Miroslav Hroch, Avrupa’da Milli Uyanış, Tər. A. Özdemir, İletişim Yayınları, 2011.

[4] Nebi Mehdiyev, Bir Bilme Teorisi, Dergah Yayınları, 2019, s. 15-28.

[5] Müvafiq dövrdə türk anlayışı siyasi/milli kimlik baxımından bilinən bir anlayış deyildi. Eyni zamanda azərbaycanlılıq da on doqquzuncu əsrin ortalarında istifadə edilən bir anlayış olmamışdır. Müsəlman kimliyi daha çox istifadə edilib.

[6] Orkhan Valiyev, Azerbaycan’da Milliyetçilik, Türkiye Notları Yayınevi, 2020.

[7] Tinay Muştiyeva, Maarifçilik, aydınlanma və psevdo-aydınlanma haqqında https://bakuresearchinstitute.org/az/maarifcilik-aydinlanma-ve-psevdoaydinlanma-haqqinda/

[8] İfadə mənə aiddir.

[9] Adətən azərbaycançılıq olaraq ifadə edilir. Azərbaycan millətçiliyinin daha doğru olduğunu düşünürəm.

[10] Orxan Vəliyev, Azerbaycan’da Milliyetçilik, Türkiye Notları Yayınevi, 2020, s. 200.

Orxan Vəliyev

Dr. Politologiya və Beynəlxalq Münasibətlər, Qərbi Kaspi Universiteti. orxan.veliyev@wcu.edu.az

Bütün yazıları göstər