Atom andlaşmasından sonra Güney Azərbaycan və İran[1]

Bütün siyasi-ictimai hərəkatlarda olduğu kimi mövqeyə çatmaq hərəkatın gücünü göstərir və nəticə almasında təsirlidir. Azərbaycanın quzey bölümü, yəni Quzey Azərbaycan öz istiqlaliyyətini aldıqdan sonra bu hərəkatın, xüsusilə Elçibəyin təsiri nəticəsində Güney Azərbaycanda da milli məsələ təhlükəsizlik məsələsinə çevrilmişdir. Kökünə baxıldıqda Güney Azərbaycanda milli məsələ Pəhləvi dönəminin istismarçı və şovunist siyasətlərinə qarşı yaranmış və ilk dövrəsini 1945-ci il Azərbaycan Milli Hökuməti ilə nəticələndirmişdir. Bu hökumət dağıdıldıqdan sonra 1978-ci il inqilabında qısa zamanlıq közərən bu məsələ 1991-ci illərə qədər ədəbiyyatçılar, şairlər və yazıçılar arasında dünya ilə davam etmiş və Quzey Azərbaycanın istiqlalından sonra Güney Azərbaycan bölgəsində ictimai-təhlükəsizlik məsələsi halına gəlmişdir.

Öyrənci hərəkatı, Qarabağın işğalına qarşı Tehran və Təbriz universitetlərində etirazlar, Babək qalası toplantıları, müxtəlif seçkilər, özəlliklə 1995-ci il (۱۳۷۴) Təbrizdəki məclisə nümayəndəlik seçkiləri bu məsələnin var olduğunun göstəricisi oldu. Ancaq Güney Azərbaycan Milli Hərəkatının 1979-cu il (۱۳۵۷) inqilabından sonra ölkə səviyyəsində bir məsələ olaraq ortaya çıxması, bəlkə də, ilk dəfə 2005-ci il (۱۳۸۴) prezidentlik seçkilərində görüldü. Ümumi olaraq, prezidentlik namizədlərinin ortaya qoyduğu məsələlər xalqın səsini qazanmaq üçün olsa da, başqa baxışlar həmin məsələnin var və yayğın olduğunu ortaya qoyur. Əgər bir istək xalq tərəfindən geniş səviyyədə istənilirsə, o namizədlər həmin istəyi dilə gətirməklə səs qazanmaq istəyirlərsə, həmin istəklərə necə yanaşmaq müzakirə olunur və ona çözüm axtarılır, beləliklə də həmin istək hakimiyyət üçün məsələyə çevrilir. Belədir ki, bir istək çözülməsi gərəkən məsələyə çevrilməyənə qədər ona yol tapılması də imkansızdır. Ancaq bu o demək deyildir ki, həmin istək hakimiyyət tərəfindən istənilən kimi veriləcək. Bir çox amillər ilə birlikdə həmin istəyi ortaya qoyan ictimai hərəkatın gücü də həlledicidir. Hərəkatın gücü artdıqca ortaya qoyduğu məsələlərin necə həll olunmasında rolu da çoxalır. Hərəkat özü məsələ üzrə oyunçu halına gəlir və onun hər hansı addımı, münasibəti daha artıq əhəmiyyət daşıyır. Demək olar 2005-ci ildən  (۱۳۸۴) bu yana prezidentlik seçimlərinin hamısında milli məsələ irəli sürülüb. Ancaq özəlliklə 2009-cu il (۱۳۸۸) Yaşıl Hərəkatı zamanı milli hərəkat ölkə səviyyəsində qeyri-fəal ya da oynamayan oyunçu kimi özünü göstərdi. Milli Hərəkat həmin zamandan bu yana xüsusilə Tehran mərkəzli hərəkatlara qatılmamış və sakit qalmışdır. Bu isə bütünlükdə Güney Azərbaycanın sakit qalmasına gətirib çıxarmışdır. Yaşıl Hərəkatın uğursuz olmasının əsas səbəblərindən biri fars olmayan millətlərin, xüsusilə də Güney Azərbaycan Türk millətinin  bu hərəkata qatılmaması olmuşdur. Bu fakt Azərbaycanda milli hərəkatın üstün axın və hərəkat olduğunu göstərsə də, açıqca desək, bu milli hərəkatın bu tutumu bir az qərarsızlıq boyası da almışdır. Bu qərarsızlıq və oynamazlıq nəticəsində milli hərəkat bir oyunçu olaraq olaylara təsir etsə də, sonrakı illərdə həmin tutumun təkrar olması ara-sıra siyasi meydanı başqalarına vermiş və Azərbaycan bir çox hadisələrdə tamaşaçı mövqeyinə gəlmişdir. Deməli, passiv oyunçu mövqeyinin davam etməsi milli hərəkatı ölkə daxilində baş verən hadisələrdə fəal tamaşaçıya çevirmişdir. Son illərdə iqtisadi mənşəli etirazların artması və bu etirazların qısa zamanda siyasi mahiyyət qazanması, milli hərəkatın isə sakit və ya qərarsız qalması bu vəziyyəti daha da bərkidib. Bu tutum milli hərəkatı bir çoxlarının baxışında, xüsusilə də kütlə baxışında siyasilikdən çıxarıb, sadəcə Azərbaycana məxsus olan ictimai bir hərəkata çevirib. Bu yazıda bu vəziyyəti yaradan səbəblər, onun nəticələri və yeni dövrdə – nüvə andlaşması sonrasında – milli hərəkatın tuta biləcəyi yol haqqında öz düşüncələrimi paylaşacağam.

Atom andlaşmasının İran üçün başlıca nəticəsi

İran hakimiyyətinin uzun illər boyu davranışları sübut edib ki, bu rejimin xarici siyasətində vaz keçilməz prinsipi rejimin qorunmasıdır və ( حفظ نظام اوجب واجبات است – tərc.: rejimin qorunması vacibin vacibidir) tapşırığı bu prinsipin əsas təzahürüdür. Nə konstitusiyada yazılmış “müsəlmanların və məzlumların himayəsi” maddəsi, nə də hakimiyyətin hər hansı bir məqamının sözləri bu prinsipi poza bilər. Usulgəra ya da mühafizəkar axının zaman-zaman xarici siyasətdə islahatçılara qarşı istifadə etdikləri “nüvə enerjisi bizim qəti haqqımızdır” şüarı da yalnız daxili rəqabət oyunlarında anlaşıla bilər. Yoxsa əsas məsələ “siz anlaşmayın, biz anlaşaq” məsələsidir. Əgər Hatəmi dövründə nüvə anlaşmasının [danışıqların aparılmasının] səbəbi dünya ilə müsbət əlaqə yaratmaq və Əhmədinejad zamanından başlayıb Ruhani zamanında nəticələnən andlaşmanın [danışıqların aparılmasının] səbəbi xarici-hərbi müdaxilənin qarşısını almaq olmuşdusa, Rəisi dövrünün başlıca məsələsi iqtisadi böhran və onun dözülməz nəticəsi olan iqtisadi üsyanlardır. Hər halda, əsas prinsip birdir və rejimi qorumaq üçün sözdə sazişə və anlaşmaya qarşı olan Usulgəralar da sazişə getdilər.

Son prezident seçkilərində öncədən hamıya bəlli olduğu kimi hakimiyyətin bu dönəm əsas məsələsi iqtisadi çöküşün qarşısını almaqdır. Sanksiyalar daha üstü yazılı kağız parçası deyildi. 2017, 2018 və 2019-cu [۱۳۹۶، ۱۳۹۷ və ۱۳۹۸] illərdə genişmiqyaslı etirazlar göstərdi ki, ayağa qalxmış narazı xalq hər an hakimiyyətin qalasını yıxa bilər və nə nizami qüvvələr [təhlükəsizlik qüvvələri], nə də  atom quruluşları bu selin önün ala bilər.  Hakimiyyətin üzə çıxmış araşdırmalarına görə ölkədə narazılığı törədən əsas ortaq faktor iqtisadi narazılıqdır. Yoxsulluq limitinin altına düşən ailələr ölkə əhalisinin ən azı 1/3 hissəsini keçib. Ət istehlakı 40 faiz, habelə ağartı və meyvə istehlakı da azalıb. Əsas lazım olan qırx məhsulun qiyməti 100 faiz artıb. Bu məlumatlar hələ rəsmi mətbuata açıqca verilən məlumatlardır. Hakmiyyət dairələri yaxşı bilirlər ki, iqtisadi böhranı aşa bilməsələr, rejimin qalmasına heç ümid qalmayacaq. Bu böhranı aşmaq da sanksiyalar var ikən imkansızdır. İran hakimiyyəti elə bu hədəflə müzakirələrə getdi və tüpürdüklərini yalamaq da olsa, bu müzakirələrdən nəticə almalıdır. İqtisadi və idarəetmə sahəsində korrupsiya o qədər dərinləşib ki, sanksiyaların aradan qaldırılması rejim üçün yalnız qısa müddətlik bir nəfəs yolu ola bilər. Qısacası, nüvə andlaşmasının ən başlıca qazancı İran rejimi üçün iqtisadi çöküşü müvəqqəti ertələmək və onun maliyyəti də həm İran daxilində, həm də bölgədə rejimin iqtidarının aşağı düşməsi olacaq. Xalq perespektivindən baxdıqda iqtisadi narazılıq azacıq da olsa, bir müddətlik yatışa bilər, ancaq hakimiyyətin özünün yaratdığı güclülük, qorxuncluq, dönməzlik və iqtidar artıq əvvəlki kimi olmayacaq.

Güney Azərbaycan milli hərəkatının siyasi olaraq tanınmamasının səbəbləri

Vurğulandığı kimi Güney Azərbaycan milli hərəkatı mahiyyətcə daxili müstəmləkəçiliyə qarşı olan bir hərəkatdır. Bunu İran-Fars hakimiyyəti də yaxşı bilir və bizim bütün mühafizəkarlığımız da buna təsir edə bilmir. Müstəmləkəçilik bir millətin başqa bir millətə hakimiyyəti deməkdir. Üstün millətin hakimiyyəti özünü dil, din, kültür, soy və iqtisadi ayrıseçkilik də özünü göstərsə də, onun əsas özəyi siyasi üstünlükdür. Milli zülm, irqçilik və etnik ayrıseçkilik olaraq milli məsələni ortaya qoymaq, əslində əsas amil deyil və məlumları problem olaraq göstərməkdir. Bu yanaşma isə nəticədə əsas məsələni yerində saxlayır. Müstəmləkəçilik əslində siyasi məsələdir və bir millətin başqa millətə siyasi üstünlüyüdür. Ona görə də müstəmləkəçiliyə/istismara qarşı olan hərəkat da özü-özlüyündə siyasi bir hərəkatdır. Əlbəttə bir millətin siyasi hakimiyyəti o millətdən ola insanların hakimiyyət dairələrində olması mənasında deyildir. Əslində məhkum millətə mənsub olan insanları hakimiyyət postlarına qoymaq, yəni yeni müstəmləkəçiliyin istifadə etdiyi metoddur. Bu yanaşma hakimiyyətdə neçə vəzirin [nazirin] türk olması və ya prezidentin və başqa vəzifələrin türk olub-olmaması milli hərəkatın mövzusu deyildir. Milli hərəkatın mahiyyətinə uyğun olaraq onun əsas istəyi millət olaraq siyasi status qazanmaq və ya milli hakimiyyətdir. Milli hərəkatın əksəriyyəti və xüsusilə onun seçkin, aparıcı qüvvələri və təşkilatları bu məsələnin fərqindədirlər və “Azadlıq, Ədalət, Milli Hökumət” şüarı, habelə bir bayraq üzrə bir araya gəlmək bunun əsas göstəricisidir. Milli hərəkatın təkcə indiki ortaq siyasi şüarı deyil, onun hətta keçmişdə olan ixtilafları da milli hərəkatın mahiyyətini göstərirdi. İstiqlalçı və federalist olaraq neçə illik ixtilafın olması göstərir ki, hər bir halda millətçilərin istəyi milli hakimiyyətdir və bu istək əlbəttə siyasi bir istəkdir. Bütün bu ortaq qavramalara qarşı milli hərəkatın qeyri-siyasi bir hərəkat kimi təqdim olunmasının səbəblərini belə sıralamaq olar:

  • Millətçiliyin ümumi olaraq bir səviyyəsinin qeyri-siyasi olması və bu yönün Güney Azərbaycanda geniş yayılması.

Milli kimliyin və onun ünsürlərini sevib qorumaq millətçiliyin bir yönüdür. 90 ildən çox assimiliyasiya siyasətinə məruz qalmış, əzilmiş və özündən özgələşmiş bir millətin arasında yaranmış Güney Azərbaycan millətçiliyi elə bu nöqtədən başlayıb. Biz hələ bilmirdik bizim dilimizi də yazmaq olar, bizim də musiqimiz var, bizim də çox böyük tariximiz var, şəxsiyyətlərimiz və dərin kültürümüz var…biz hakim millətin verdiyi hər bir şeyi qəbul etmişdik, onlara oxşamağa çalışırdıq, biz türk və ya azərbaycanlı olduğumuzu bilmirdik, biz uşaqlarımızı hakim millətin yüklədiyi dil ilə danışdırırdıq, biz Kuruşa [Kir], Daiyuşa [Dara] və İran-e Bastanla [Qədim İrana] fəxr edirdik.

Özünü hələ itirməmiş, hissi olaraq farsçılığın önündə dirənmiş insanlar bu mövzular haqqında məlumat əldə etdikdə yanğı ürəklərində su tapar kimi öz yanğılarını söndürür, başqalarına da təqdim edirdilər. Ancaq bu ibtidai məsələlər çevrədəki insanlar üçün qeyri-adi görünür və bu fikirlərə qarşı müqavimət göstərirdilər. Beləcə, millətçiliyə başlamış hər kəs öz çevrəsinin qandırmaq üçün mübarizə apardı, üstəlik hakimiyyət də bu ilkin istəklərə qarşı gəlirdi. Hakimiyyət ona bu dildə ad qoymağa, türkcə [Azərbaycan türkcəsi] doğum kartı yazmağa, milli şəxsiyyətlərimizi anmağa və s. sərt reaksiya göstərdi. Birisi özünün haqqını qəbul etmədiyi halda ondan o haqq üçün mübarizə aparmasını istəmək də yersizdir. Beləliklə, milli oyanış adlandırdığımız bir proses başladı və hakimiyyətin ilk səngəri buraxmadığı üçün mübarizə elə ilk qaldı. Oyanış hərəkatı uzun illər sürdüyü üçün sayca türkçülüyü mənimsəyənlər çoxaldı, ancaq milli hərəkatın mahiyyəti yalnız milli kimlik məsələsi olaraq tanımlandı. Millətçilər türk olduqlarına görə fəxr edən, farsca danışmayan, Traktor azarkeşləri və Türk tarixini bilən insanlar kimi təsvir edildilər. Bu təsvir isə xalq üçün qeyri-siyasi bir axın anlamındaydı.

  • Mühafizəkarlıq və özünü senzura etmə

Ata-ana sözlərimizin dediyi kimi ilan vuran alaçatıdan qorxar. Bizim millətimizin igidlərini dönə-dönə sancdılar. Ümumi xalq tarixi olayları unutsa da, həmin olayların açdığı iz və təsir uzun illər boyu qalır. Məsəllərə keçir, söyləmlərdə yer alır. Birdəki uduzan tərəf nə qədər qəhrəmanlıq göstərsə də ümumi baxışda önəmli olan nəticədir. Ümumi millətə edilən zülmə qarşı üsyan edən igidlərimiz dəfələrlə tutuqlanıb, işğəncə olub, asılıb, güllələnib, sürgün edilib, qaçqın düşüb və s. Onlar belə nəticə ala bilmədikləri üçün qəhrəman kimi dəyərləndirilməyiblər, arxalarında dayanan olmayıb, ailələri çətinliyə düşüb və nəhayətdə özlərinin etdiyi iş emosianallıq, təcrübəsizlik və hətta məsuliyyətsizlik kimi irəli sürülüb. Onlar bədbəxt insanlar kimi unudulub və ya unutdurulublar. Bu gün Azərbaycan Milli Hökumətinin yolunu davam etdirən, şah rejiminə qarşı ilk partizan savaşı aparan və 1339-cu ildə [1960] güllələnən Əyyub Kələntəri qrupunun və onların təşkilatının mənsubu olub ağır zindanlara dirənən milli hökumətimizin əsgərlərindən olan Səfərxan Qəhrəmanianini Əcəbşəhrdə belə gənc nəsil arasında tanıyan azdır. Onlar unudulub, ancaq hakimiyyətin onların simasında verdiyi dərs alınıb, dilimizə və söyləmimizə keçib və biz ağıllı olmağı igid olmaqdan üstün bilmişik, ağıllı olmaq da mühafizəkarlıqda, özümüzü senzura etmədə, siyasətə qarışmamaqda və öz mənfəətimizi hər şeyə üstün tutmaqda görmüşük. Bu bizim yaşadığımız sistemdir və bu sistem bizim hər bir şeyimizə təsir edib. Biz millətçi olmuşuq, siyasi ideologiyamız olub, ancaq mühafizəkarlıqdan əl çəkməmişik. Biz özümüzü senzura edib hədəflərimizi qeyri-siyasi göstərməyə çalışmışıq. Sadə məntiq var burada – biz özümüzü qeyri-siyasi tanıtdırdığımız halda çevrənin bizi siyasi axın olaraq tanıması qeyri-mümkündür.

  • Mərkəzçi hərəkatların şovinist siyasətlərinin təsiri

İran-fars millətçiliyi Pəhləvi dönəmindən bəri bütün imkanlarını səfərbər edərək ölkədə kök salıb. Bu ölkədə sağçı, islamı, islahatçı, usulgəra [islamçı-fundamentalist qrup nəzərdə tutulur], demokrat, liberal, üstəlik insan haqları üçün çalışan insanlarda belə farsçılıq-irançılıq fışqırır.  Onlar İranı bölgədəki bütün ölkələrdən, farsı ölkə və bölgələrdəki bütün millətlərdən üstün görürlər. Onlar qədim İran haqqında verilən yalançı bilgiləri mənimsəyib, İranı bölgədəki bütün millətlərin hakimi bilirlər. Qonşu ölkələrin çoxunu əldən getmiş torpaqları hesab edir, qədim İranın böyüklüyünə heyran olub, Kuruşun-Dariyuşun qanlı əllərində insan haqları axtarırlar. Onlar İranı əzəli və əbədi bir ölkə kimi görür və fars dilini bu məmləkətin fəxri və kimliyi kimi təqdim edirlər. Ona görə də hər hansı  bir milli istəyin verilməsini fars dilinin zəiflədilməsi və bu ölkənin parçalanması kimi görür, ona qarşı çıxırlar. Onlar fars olmayan millətlərin, xüsusilə də türklərin müstəqil milli hərəkatını görməzdən gəlir, onların başladığı hərəkatlara türklərin qatılmasını öz hərəkətləri kimi mənimsəyirlər. Əslində İranın tamamına aid olan hər hansı hərəkat fars millətinin qazancına olan bir örtükdür. Sol, sağ, islamçı, feminist, sinfi etirazlar və insan haqları kimi hərəkatlar hamısı bizi assimiliyasiya etməyə və farsların qulluğna aparmağa yarayan bir çətirdirlər. Türklər bu hərəkatların içində ya öz milli haqlarımıza göz yumub və farslardan daha betər irançı-farsçı olurlar, ya da milli haqlarımızı müdafiə edib pantürkist olaraq uzaqlaşdırılırlar. Bütün bu kimi təcrübələr milli hərəkatı farsların və mərkəzçi axınların başında olduğu ya başlatdığı hərəkət və çağırışlara qarşı ehtiyyatlı edib. Güney Azərbaycan milli hərəkatının təsirli insanları və təşkilatları bu hərəkatlara qoşulmaqla hər halda Azərbaycanı [xalqının dəstəyini] uduzmuş görürlər. Bir yandan da bu hərəkatlara, xüsusən də iqtisadi kökü olan etirazlara qarşı gəlməyi də düzgün addım bilmirlər və beləcə son illərin siyasi olaylarında tamaşaçı mövqeyində olublar.

  • Müstəmləkə psixologiyası

Güney Azərbaycanın bir siyasi oyunçu olaraq tanınmamasının səbəblərindən biri də müstəmləkəçilikdir. Müstəmləkəçinin/İstismarçının bir millətə hakim olmaq üçün ən ilkin və önəmli silahı o millətin alçaldıb özünə inamını əlindən almaqdır. Özünə və öz varlıqlarına etibarını itirən millət hakim milləti hökumətdə layiq bilir, hakim millətin dilini rəsmi olmağa layiq bilir və özünə-məxsus milli dövlətin olmasını heç bir halda ağlına gətirə bilmir. Ağlına gətirə bilmədiyi bir fikri hətta eşitmir də, eşitsə də ciddi görmür, tez unudur. Özünə, öz millətinə güvənməyən birisini qane etmək üçün verilən açıqlamalar və məntiqlər də işə yaramayır. Müvəqqəti qane olsa da, illər sonra həmin suallarını yenə təkrar edir. Və beləcə, milli hərəkatın siyasi hərəkat kimi görməyir. Ancaq bir məsələdə var ki, əzilmiş millətdə hər hansı əməl ilə özünə güvən yaranarsa, daha heç bir məntiq onu haqqından geri oturda bilməz.

  • Bağlı-qapalı siyasi meydan və repressiyalar

İranın ümumi siyasi şəraiti və strukturunu nəzərə alarsaq, milli hərəkatın çıxış yolu yalnız mədəni mübarizədir. Ancaq xalqın bir qismi öz komandalarını rəsmi meydanldan seçirlər. Rəsmi meydanda olmayanlar onlar üçün heç sayılırlar. İranda bu rəsmi siyasi yarış meydanı isə hər kəs və hər qrup üçün açıq deyil. Bu meydanda kimin və hansı səviyyədə oynaması nəzarət altındadır. Hökumətin bir hissəsi olan islahatçılar belə bu meydana birinci seçimləri ilə girə bilməyirlər. Azərbaycan milli hərəkatı üçün bu günə qədər heç bir partiyanın yaranmasına icazə verilməyib, seçkilərdə Azərbaycanın milli siyasi istəklərini təmsil edən heç bir kəs olmayıb. Əlbəttə get-gedə bu meydanın təsiri azalır və bu oyunların tamaşasına gedənlər də azalır. Siyasi meydanın qeyri-rəsmi meydana çəkilməsini son illərdə daha açıq görmək olur. Elə bu fürsəti İranın mərkəzçi müxalifəti güdməkdədir. Rəsmi meydanı Azərbaycan milli hərəkatının siyasi nümayəndələrinə bağlayan hakimiyyət qeyri-rəsmi meydanda bu hərəkatla daha sərt yanaşır. Bunun əsas səbəbi budur ki, milli zülm olan ölkədə millətçilik ən cəlbedici xüsusiyyətlərdəndir və bu cəlbediciliyi hakimiyyət yaxşı başa düşür, dövrlərlə onun varlığını danıb. İran hakimiyyəti Güney Azərbaycanın potensial cazibəsindən qorxduğuna görə onu bütün vitrinlərdən silmək istəyib və bu siyasətini sürdürməkdədir. Hakimiyyət Güney Azərbaycan milli siyasi istəklərinin xalq arasında  tanınmasının qarşısını almaq yolunda xaricdən yayılan mətbuata belə hücum etmiş və ilk illərdə Türksatdan yayımlanan GünAz TV televiziya kanalını bu peykdən götürtdürmüşdür.  Son illərdə yayımlanan ANT televiziya kanalına da bu imkanı verməmişdir. 1398-ci il [2019] etirazlarında Güney Azərbaycanda ümumi etiraz olmasa da, meydana çıxmaq istəyən millətçilərin qabaqcadan tutulanması yalnız bu baxışla şərh oluna bilər.

  • Etnik problem və gərginliklərin təsiri

Daxili müstəmləkçiliyin özünü göstərdiyi ən önəmli yerlərdən biri iqtisadi ayrıseçkilikdir. Pəhləvi dönəmindən bu yana hakimiyyətlərin fars və şiə olmayan yerləşimli bölgələrə qarşı iqtisadi ayrıseçkilik və təhlükəsizlik siyasətləri nəicəsində bir sıra şəhərlərin əhali tərkibi dəyişib. Qərbi Azərbaycan [ostan] şəhərlərində bu əhali tərkibinin dəyişməsi sonradan köçmüş kürdlərin bu şəhərlərdə çoxalması ilə malikiyyət ədaları və hətta qondarma tarix formalaşdırmaları son illərdə gərginlik törətməkdədir.  Bir yandan kürdlərin bu şəhərlərdə elə azlıq olmalarına baxmayaraq İranda yaşayan türklərdən daha çox öz kimliklərini qoruyub millətçi olmaları və rəqəmsal dünyada bu baxışlarını yaymaları, silahlı təşkilatlara malik olmaları və başqa yandan isə son yüz ildə yaşanan Cilovluq və Simitko hadisələri Türklərdə narahatlıq və qayğı törətməkdədir. Bu haqlı qayğıdan yola çıxan millətçilər məsələni neçə ildir müxtəlif seçkilərdə də irəli sürürlər. Seçkilər müxalifətin tərəfindən, habelə milli təşkilatlar tərəfindən boykot olunduğu zaman belə Qərbi Azərbaycanda kürdlər səs qazanmasın deyə bir sıra millətçilər seçkiyə qatıldı və hakimiyyətin adamlarına səs verdi. Nəticə olaraq, hakimiyyət həm kürdlərdən, həm də türklərdən daha çox səs götürdü.

Hətta bu yolda hakimiyyətin sözlərindən istifadə edənlər də var. Hakimiyyət isə nə Azərbaycan türklərinin, nə də kürdlərinin bu barədə qarşısını alır və kürdlərə qarşı olmaq ən azı bu bölgələrdə milli hərəkatın əsas mahiyyəti kimi tanınır.   

Milli hərəkatın qeyri-siyasi [mahiyyətli] tanınmasının nəticələri

Güney Azərbaycan milli hərəkatının qeyri-siyasi hərəkat olaraq tanınması normal hallarda onun daha çox yayılmasına səbəb olub. Bu ölkədə insanlar siyasi hərəkatları və siyasi olmağı çox maliyyətli [yəni, sərfəsiz] bilirlər. Uzun illərin təcrübəsi bu qavramanı onlarda yaradıb. “Siyasətə qarışma, adamı gecəylə yox edərlər” söyləmi siyasət haqqında hər şeydən daha yayğındır. Ona görə də, Azərbaycan milli hərəkatı siyasi hərəkat kimi tanınsaydı ona qoşulan, onu təbliğ edən və onun istiqamətində açıq şəkildə çalışan az olacaqdı. Milli hərəkatın bir sıra istəklərini, o cümlədən, ana dildə yazıb oxumağı, uşaqlara ana dildə ad qoymağı, Quzey Azərbaycanı müdafiə etməyi və iqtisadi ədalət istəməyi rejimin öz qanunlarına əsaslanaraq hakimiyyətin söyləmi ilə istəmək bir çoxlarına cəsarət verirdi. Elə ona görədir ki, Şərqi Azərbaycan Qeydiyyat İdarəsinin rəisi Əhəd Cavadinin dediyinə görə, Şərqi Azərbaycanda körpələrə türkcə ad qoymaq istəyənlərin sayı 40 faizdən çoxdur. Traktor futbol klubu Azərbaycanda ən çox tamaşaçısı olan klubdur. 1374-cü ildə [2005-ci il] prezident seçkilərində 6 namizədin içində ən az tanınmış namizəd olan Möhsün Mehrəlizadənin Şərqi Azərbaycan, Qərbi Azərbaycan və Ərdəbil ostanlarında ən çox səs  toplaması milli istəklərin nə qədər yayıldığını göstərdi. Mehrəlizadə namizədlər içərisində ən az tanınmış və hökumət içində heç bir siyasi-hərbi təşkilatın dəstəyini qazanmamış namizəd olsa da, milli istəklərdən 15 maddəli bir siyahıya qol çəkib təbliğ etdiyi üçün bu səsi qazandı. Halbuki bu namizəd İran səviyyəsində bütün namizədlərdən az səs  toplamışdı. İnsanlar heç bir təhlükə duymadan bu istəkləri yazır, onlar haqqında imza toplayır və namizədin təbliğat ofislərində olurdular. Ona səs verənlər də heç bir şübhə yaşamadan gedib səs verirdilər. Səs vermək özü siyasi əməl olsa da, hökümətin sərt reaksiyası olmadığı üçün onlar bu hadisəni siyasi hərəkət kimi təqdim etmirdilər, onu sadəcə qanuni bir iş kimi görürdülər. Bu normal halda milli hərəkatın qeyri-siyasi  tanınmasının müsbət yanıdır. Əlbətdə, hakimiyyətin bu hərəkətə icazə verməsinin səbəbi haqqında yazmaq özü bir böyük yazının mövzusudur.

Normal hallarda milli hərəkatın qeyri-siyasi tanınması onun xalq arasında geniş yayılmamasına və tərəfdar qazanmamasına səbəb olsa da, ölkədə siyasi təndirin qızışdığı zaman əhalinin geniş səviyyədə hakimiyyətdən narazı olduğunda və ümumi siyasi-iqtisadi etirazların başladığı an bu təsir tam tərsinədir. İnsanlar nə qədər özlərinin qeyri-siyasi tanıtsalar və tanısalar da, əslində daha geniş perspektivdən baxdıqda hər kəsin siyasi yanaşması var. İnsanlarn ya indiki vəziyyətdan razıdırlar və onun davam etməyini istəyirlər, ya indiki vəziyyətdən narazıdılar və onun dəyişməsini istəyirlər, bu barədə bir işlər görürlər ya da indiki vəziyyətdən narazı olsalar da, onu dəyişdirmək üçün bir iş görmürlər. Normal halda vəziyyəti dəyişdirməyə çalışaların sayı çox az olsa da, hakimiyyətin legitimliyi sual altına düşdüyü və ümumi etirazların başladığı an insanlar meydana girməsələr də, meydandakıların arasında özlərinə komanda seçirlər. Siyasi [mahiyyətli] olaraq və get-gedə meydana girənlərin sayı çoxalır və bir an böyük bir sel yaranır. Belə vəziyyətdə qeyri-siyasi olaraq tanınan axımlar əlbəttə ki, seçilməyəcəklər. Bu reallıq təkcə əvvəllər milli hərəkatı tanımayanlar üçün deyil, üstəlik normal halda milli hərəkata tərəfdar olan insanlar üçün də keçərlidir. Onlar uşaqlarına türkcə ad qoysalar da, Traktorun azarkeşi olsalar da, siyasi meydanda müəyyən bir siyasi komandaya üstünlük verəcəklər.. Özlərinin məhəllərində və ya kəndlərində sevdikləri komanda olsa da, liqa oyunlarında siyahıda olanların birini seçirlər. İran futbol komandası neçə illərdir dünya çempionatlarında olmasa da, çoxları bu oyunları izləyir və çoxlarının sevib seçdikləri komandalar olur. Hansı komanda yaxşı oynasa, ya yaxşı bir qol vuran oyunçusu olsa, ya o ölkədən yaxşı görünüş olarsa o komandanın tərəfdarı çox olur. Acı gerçək budur ki, siyasi oyun da buna bənzəməkdədir.

Bu bölümdə son olaraq bunu da vurğulamaq lazımdır:

Birincisi, bir hərəkatın cəlbedici olması üçün o hərəkatın siyasi mahiyyətli olması gərəkli deyil, yalnız ümumi xalqın narazılığı və dəyişim istədiyi zaman siyasi hədəflərin cəlbediciliyi çox olur.

İkincisi, bir sıra qeyri-siyasi, hüquqi və ya ictimai istəklər belə özəl zamanlarda xalq tərəfindən siyasi olaraq qəbul edilə bilər. Ancaq bunun gələcəkdə də təkrar olacağına ümid bəsləmək olmaz. Örnək üçün İran konstitutsiyasında 15-ci maddə 1374-cü il [1995-1996] Məclis seçkilərində Çöhrəqani tərəfindən irəli sürüldüyü zaman çəkici bir siyasi istək sayılırdı, həmin maddə 1384-cü il [2005-2006] Mehrəlizadə tərəfindən istənildiyində normal haqq və qanuni istək kimi dəyərləndi və 1400-cü ildə [2021-2022] artıq bu istəyin cazibəsi qalmamışdı.

Üçüncüsü, siyasi bir hədəf mütləq olaraq indiki rejimin dəyişməsi anlamında deyil. Ancaq rejimin legitimliyini itirdiyi və xalqın çox narazı olduğu zaman, rejimi saxlamaq istəyən heç bir hərəkat xalq tərəfindən siyasi hərəkat kimi dəyərləndirilə bilməz. 1376-cı [1997-1998] ildə rejim içində islahatlar aparmaq istəyən Məhəmməd Xatəminin başçılığında yaranan islahat hərəkatı siyasi hərəkat sayılırdı. Əlbəttə ki, yuxarıda vurğulanan kimi 1398-ci ildə [2019-2020] artıq nə islahatlar, nə də üsulçular xalqın axtardığı deyildi, onlar meydana girsə də, ümumxalq onları oyunçu saymaz.

Dördüncüsü, Güney Azərbaycan milli hərəkatı mahiyyətcə daxili istismara qarşı olduğu üçün, özlüyündə siyasi hərəkatdır və sıraladığımız səbəblərə görə bu hərəkat bəzən qeyri-siyasi hərəkat kimi tanınır. Bu isə azərbaycanlılar tərəfindən aparılan milli-mədəni çalışmaları aşağılamamaq və dəyərdən salmaq anlamında deyil. Hətta hakimiyyətin Azərbaycan milli-siyasi aktivistlərini (elmçi və nəzəriyyəçilərini) həbs edib, mədəni-kültürəl çalışanlara az da olsa göz yumması bu kimi çalışmaları bəyənməsi anlamına gəlməz. Sadəcə məsələ üstünlük vermə məsələsidir. Hakimiyyət Azərbaycan millətçiliyinin var olmasını əsla istəmir, sadəcə bu hərəkatın qeyri-siyasi yönünü siyasi yönünə üstün tutur.

Nüvə andlaşması sonrası Azərbaycan Milli Hərəkatı

Nüvə andlaşması sonrası iqtisadi sanksiyaların götürüləcəyinə görə bügünkü iqtisadi böhranın bir müddətlik yatışacağı gözlənilir. Bu böhranın  müvəqqəti də olsa yatışması, boğulmaqda olan hakimiyyət üçün bir nəfəs yolu sayılır. Əksinə, qarşı tərəfdə olan müxalifətin manevra meydanı darala bilər. Deməli, İran İslam rejimi və müxalifətin arasındakı oyun-savaş bir müddətlik öz tamaşaçısını və iştirakçısını itirəcək. Bu yeni ortam və bir baxışla bu giruh (fürsət), Güney Azərbaycan milli hərəkatı üçün önəmli olacaq. Əlbəttə vurğulamaq lazımdır ki, bu vəziyyət sadəcə müvəqqəti ola bilər. İqtisadi və idarəvi fəsad bütün məmləkəti əhatə edib. Bu yolsuzluq (fəsad və əxlaqsızlıq) uzun sürəli bir inkişafa imkan verməz.

İqtisadi böhran və narazılıqdan istifadə edərək İran əhalisini hakimiyyətə qarşı səfərbər etməyə çalışan müxalifət və xüsusilə səltənətçilər, Azərbaycanı meydana çəkə bilməsə də, özlərini gələcək üçün bir alternativ kimi tanıtmağı bacardılar. Pəhləvi dönəmini nostaljik duyğularla xatırlayan (anan) insanların sayı azərbaycanlılar içində az olsa da, hər halda var. Birdəki istər azərbaycanlılar səltənətçiləri bəyənsinlər, istər bəyənməsinlər, bu gün Rza Pəhləvi gələcək İran üçün xüsusən kütlə arasında bir alternativ sayılır. Bu durum və baxışı yaradan üç amil var. Birincisi indiki hakimiyyətdən geniş narazılıq və onun nəticəsində hakimiyyətin legitimliyinin itməsi, ikincisi İran müxalifətinin, səltənətçilərin bu vəziyyətdən yararlanıb, öz geniş media imkanlarına dayanaraq özlərini bir alternativ kimi irəli sürmələri, üçüncüsü, milli hərəkatın bir siyasi oyunçu kimi xalqa tanınmaması.

Bu vəziyyət Güney Azərbaycan üçün istənilən bir şey deyil. Güney Azərbaycan milli hərəkatı bir siyasi oyunçu potensialında olduğu və xüsusilə Azərbaycanda birinci oyunçu olduğu halda, bu nəticə bu hərəkata qəbul olunmazdır. Özəlliklə Qarabağ məsələsində  güclü bir ictimai-siyasi oyunçu olaraq hakimiyyəti geri oturdan və hakimiyyətin Qarabağ haqqında öz siyasətlərini dəyişməyə məcbur edən milli hərəkət öz layiqli yerini almalı, indiki və ya gələcək hər hansı vəziyyətdə söz sahibi olmalıdır. Bunun üçün də indiki ortamdan və fürsətdən (girəvəni) yararlanaraq özünü olduğu kimi irəli sürüb, olduğu kimi xalqa tanıtmalıdır. Milli hərəkət öz siyasi istəyini, yəni milli hökumət qurmaq istəyini üzərinə mərkəzləşib və bütün gücünü bu istəyinə yönəldərsə, həm Güney Azərbaycan millətini bu hədəf uğrunda səfərbər edə bilər, həm də indiki və ya gələcək hər hansı bir durumda təyinedici bir qüvvə ola bilər. Bunun üçün:

1 – Dağınıq, çoxsaylı və qeyri-siyasi hədəflər yerinə, bir siyasi hədəf üzərinə mərkəzləşmək gərəklidir. Milli aktivistlər tərəfindən o qədər istəklər ortaya qoyulur ki, bəzi hallarda millətçilər özləri belə nə istədiklərini kamil açıqlamırlar. Urmiya gölünün qurumasının qabağını almaq, ana dildə təhsil, Azərbaycan iqtisadiyyatı və iqtisadi ayrıseçkiliyinin qaldırılması, Urmiya və Qərbi Azərbaycanda kürd məsələsi və bununla bağlı seçki hədəfləri, Azərbaycan meşələrinin qorunması, dövlət nazirlərinin neçəsinin azərbaycanlı olması, İran dövlət televiziyası və başqa medialarda türklərə qarşı təhqir və alçaltmaların qaldırılması, türk dil qurumunun yaranması, türk dilinin rəsmi olması… kimi milli istəklər İran içində açıq və rəsmi meydanda ortaya qoyulan istəklərdir. (Əlbəttə milli duyğulardan irəli gələn, nasyonalisti boyası və mahiyyəti olan ancaq birbaşa bir istək daşımayan şüarlar da azərbaycanlıların toplantılarında səslənir, o cümlədən, Azərbaycan var olsun istəməyən kor olsun, Azərbaycan oyaqdır öz dilinə dayaqdır, haray haray mən türkəm, Azərbaycan qızları göylərin ulduzları, Azərbaycan yurdumuz Tıraxtur bozqurdumuz, Təbriz Bakı Ankara biz hara farslar hara, yaşasın Azərbaycan, ölüm olsun şovinistə, rus fars erməni bütün türkün düşməni… Hakimiyyət də zamanında bu istəklərlə milli hərəkat tərəfdarlarını aldada bilər. Ruhaninin Urmiya gölünü diriltmək və dil qurumu qurmaq vədi ilə bir sıralarını aldatması, bunun açıq örnəyidir.

1357-ci ilin inqilabından [1979-cu il İslam inqilabı] sonra kürdlər bir siyasi istəyi öz hədəfləri kimi irəli sürdülər və bir qısa şüar  ilə onu xalq arasında yaydılar. Bu hədəf, yəni “İran üçün demokratiya və Kürdüstana muxtariyyət” kürd millətçiliyinin əsas xəttini təyin etdi və kürdlərin çoxu bu hədəfi kürd millətinin əsas hədəfi kimi qəbul etdilər. 40 il keçdikdən sonra, hələ də onlar o hədəf və şüarı unutmayıblar. Quzey Azərbaycanda sərhəd hərakatı və bütövlük hərakatı zamanı Azərbaycanın müstəqilliyi və bütövlüyü o hərakatın əsas hədəfi idi. “Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun” isə bu hərakatın xalq arasında yayılmış şüarı idi. Uzun illər sonra, milli siyasi istəyimizi özündə daşıyan “Azadlıq, Ədalət, Milli Hökumət” şüarı artıq milli təşkilatlar tərəfindən mənimsənib. Bu istək, hədəf və şüar ortaq hədəfdirsə, geniş səviyyədə yayılmalıdır və bütün toplantılarda, qurultaylarda, siyasi bildirişlərdə və şəxsi internet səhifələrində bu hədəfə fokuslanmaq ən önəmli taktika ola bilər. Bu hədəf bütün yan və balaca hədəflərdən üstün tutulmalı və yayılmalıdır. “Milli hərakat və ya azərbaycanlılar nə istəyir?” sualının cavabı isə hər şeydən öncə bu istək olmalıdır.

2 – Açıq və aşkar şəkildə bu hədəfi irəli sürmək gərəkdir. Gizli hərakatlar nəticəsiz qalır, bu hədəfin ümum millətin açıq hədəfinə çevrilməsi istənilirsə, gərək millətin içində çəkinmədən açıq irəli sürülə yoxsa bu hədəf balaca qruplar arasında sıxılıb qalar. Əgər bir hədəfi daşıyanlar onu açıqca müdafiə etmirlərsə, ya milləti aldadırlar, ya özlərini.  Hakimiyyətin bu günə qədər reaksiyaları göstərir ki, hakimiyyət aldanmayıb.

3 – Əgər millətçilər “Milli hökuməti olmayan bir millətin heç nəyi yoxdur” deyirlərsə və “Bir millətin milli hökuməti yoxdursa, milli dil və milli torpaqlarının qorunmasına güvəncə yoxdur” sözünə inanırlarsa, o zaman milli hökumət istəyi bütün anlaşmalar, müzakirələr və birliklərin səbəbi və mövzusu olmalıdır. Milli hökumətin istəyi “öz milli müqəddəratını təyin etmə” haqqına dayanan bir istəkdir və sadəcə müstəqil dövlət mənasında deyil, federal sistemə də şamil olunur. Bugün dünyada bir çox ölkələr bu sistem ilə idarə olunur. İstər İran hakimiyyəti, istərsə də fars müxalifəti bu istəyi qəbul etməlidir. Onların bölücülük ithamlarından çəkinməmək gərəkdir. Onlar bilməlidirlər ki, istismar və irqçiliyin davam etməsidir ki, bir millətin ayrılıb müstəqil olmasına şərait yaradır və ona haqq qazandırır.

4 – Baxmayaraq ki, millətçilik sosializm və liberalizm kimi bütöv bir ideologiya deyil, zaman-zaman müxtəlif yerlərdə ayrı-ayrı ideologiyalarla qovuşaraq formalaşıb və çeşidli formalar alıb. Onların iqtisadi baxışları fərqli olsa da, milli məsələnin aradan qaldırılmasına yollar irəli sürür və bunu öz ideologiyaları ilə şərh edirlər. Farslar-İrançılar öz aralarında sol millətçiliyə, liberal millətçiliyə və məzhəbi-dini millətçiliyə bölündüyü kimi, bu gün Azərbaycanda da millətçi mövqedə olub liberal demokratiya və sosial demokratiya ideologiyalarını mənimsəyən təşkilatlar mövcuddur. Ölkənin bugünkü iqtisadi durumunda, bu təşkilatların və onların nəzəriyyəçilərinin varlığı milli səfərbərlikdə önəmli rol oynaya bilər. Habelə, bu ideologiyaların heç birini mənimsəməyən və ya bu gün yalnız milli məsələnin vacibliyini düşünən yoldaşlar isə, gərək milli hərəkatın əsas istəyi olan milli hökumətin yoxluğu ilə bugünkü iqtisadi fəlakət arasındakı əlaqəni millətə çatdıralar. Bu günə qədər Azərbaycana qarşı edilən iqtisadi ayrıseçkilik haqda çox saylı yazılar yazılıb, sadəcə günlük məsələləri, yəni, bahalıq, işsizlik, sosial korrupsiya və… kimi məsələlərin aradan qaldırılması üçün ortaya qoyulan yol və istək önəmlidir. Bir sözlə, milli hərəkat bütün sosial, sinfi və iqtisadi etirazları dəstəkləməli, onların yanında olmalı və bu hərəkətləri milliləşdirməlidir. Müəllimlər, işçilər, qadınlar və əməkçilər fars kimi yox türk kimi danışmalıdırlar. Onların fars müəllim, işçi və qadınlarla ortaq dərdləri olsa da, oxşar dərdləri yoxdur. Onların istədikləri dərman da fərqli olmalıdır. Lazım deyil Azərbaycan müəllimi, yalnız fars müəlliminin dediyi dərdini desin, o, müəllim olaraq öz dərdini də deməlidir, Azərbaycan müəllimlərinin bir müəllim kimi farslardan fərqli dərdləri də var, bu dərdlər həm də müəllimliklə əlaqəlidir də. Əgər fars müəllimləri pulsuz təhsil deyirlərsə, azərbaycanlı müəllimlər, bu istəklə yanaşı ana dildə təhsil də deməlidirlər.

5 – Mədəni hərəkatlar və mübarizələrdə xərc önəmlidir. Hakimiyyət isə çalışır bu xərcini artırmaqla xalqı bu hərəkətə qoşulmaqdan çəkindirsin. Ancaq bu hərəkətlərə qoşulanların sayı çoxaldıqca, bu xərc azalacaq. 1990-cı il 20 yanvar gecəsi Rus-Sovetlər Birliyi ordusu Bakıya girib xalqı gülləyə basdı. Yüzlərlə insan o gecə yaralanıb ya həyatlarını itirdilər, ertəsi gün milyondan artıq azərbaycanlı o gecə şəhid olanların cənazəsini çiynində götürüb, onlarla vidalaşdılar. Bir rus politoloqunun dediyinə görə, Sovetlər Birliyi 1991-ci il yox, elə 1990-cı il 22 yanvarda Bakıda dağıldı.

Bu yük ona dir verənlərin[2] hamısının yüküdür. İgidlərimizi bu yük altında tək qoymasaq, mütləq qazanacağıq.

1401/1/1 – 2022/3/21


[1] Müəllifi güney azərbaycanlı məşhur milli fəal olan Yürüş Mehrəlibəyli olan bu yazının orijinalı  “Birlik.se” portalında 2022-ci il 14 aprel tarixində dərc edilmişdir.  Yazının orijinalı ərəb əlifbasında və Azərbaycan türkcəsində yazılmış, Qulamhüseyn Məmmədov tərəfindən latın əlifbasına transliterasiya edilmişdir. Transliterasiya zamanı tarixlər Qriqoriyan təqviminə uyğunlaşdırılmış, bəzi sözlər daha rahat anlaşılsın deyə Şimali Azərbaycanda daha işlək olan versiyaları ilə əvəz edilmişdir. Bu zaman mənanın və mətnin axıcılığının pozulmamasına və ya dəyişməməsinə diqqət göstərilmişdir.

[2] Yəni, bu yük, bu yüklə əlaqəsi olan, bu yükün altına girən hər kəsin yüküdür

Yürüş Mehrəlibəyli

Bütün yazıları göstər

Şərh yaz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir