Keçmişdən Günümüzə Ərəb Kimliyi

Bu cür təntənəli günlərdə toplaşanda belə bir sual verirəm: Danışığın dəyəri nədir? Tariximiz boyunca danışığın indiki qədər bol olduğunu görməmişik. Bu hədsiz ritorikanın bolluğuna baxmayaraq bizlər tarix boyunca ən az məhsuldar və dinamik olduğumuz bir zamanın şahidləriyik. Belədirsə, bunu demək mümkündürmü ki, bizim daha çox iş görməyimiz və özümüzü inkişaf elətdirməyimiz üçün nəzərdə tutulmuş bütün bu danışıqlar bizi iflic edib və bütün fəallığımızı əlimizdən alıb?

Deməli insanın mahiyyətini əks etdirən, onun həyatdakı yerini göstərən və həyat dolu bir insanın ifadəsi olan danışıq ilə sadəcə danışmaq xatirinə danışan həyatdan yoxsun bir insanın danışığı arasında əsaslı fərq var.

Sözlər tarix boyunca ərəbləri cəzb edib. Çünki onların işlətdikləri sözlər həyatın nəbzindəki faktlarla dolu olub, onların dinlədikləri sözlər qulaqla yox, ürəklə dinlənməli olan sözlər olub. Bu da sadəcə dildən gələn bir cavabı yox, insanın bütünündən gələn bir cavabı doğurub. Bu səbəblə, hər zaman ərəblər üçün sözlər ilahi bir dəyər daşıyıb: vədlər kimi həyatı –bir fərdin və yaxud bir qrupun həyatını- və fəaliyyəti birləşdirib.

Bir zamanlar sözlər qızıl kimi müəyyən ekvivalent dəyəri bildirən məzənnə vahidi qədər idilər. Bu gün işlədilən sözlər heç bir dəyərə sahib olmayan boş kağız parçasına dönüblər. Bunun nəticəsində bizi dəyəri olmayan boş ritorika dənizində üzdürən müflis ruhlara şahidlik edirik və heç kim deyilən sözləri sorğulamır. Təəccüblü deyil ki, biz inamımızı itirmişik, bu kimi aldadıcı və manipulyasiya vasitəsinə çevrilmiş şeylər qarşısında çaşbaş qalmışıq və nəticə olaraq müflislik və rüsvayçılıq baş verib.

Bu gün biz şanlı keçmişimiz və utanc qaynağı olan “indi”-miz arasındakı ziddiyyətə şahidlik edirik. Ərəb kimliyi keçmişimizdə tək bədəndə birləşmişdi: onun ruhu və intellekti, ritorikası və praktikası, şəxsiliyi və ictimai prinsipləri arasında heç bir ayrım yox idi. O, intellekt, ruh və praktikanın güclü instinktlərə sahib bir harmoniyada birgə işlədiyi dolğun və zəngin bir həyat idi.

Əks tərəfdə, günümüzdə, biz parçalanmış kimliyə, yarım və fağır bir həyata şahidlik edirik. İntellekt üstələsə, ruh itir, və hislər girərsə, intellekt yoxa çıxır. Bu qəti intellektual və ya praqmatik bir səpkidir. Nəticə olaraq o vacib və həyatı qüvvələrdən yoxsundur. Bu ziddiyəti azaltmaq, bir və tək ərəb kimliyinə dönmək və ərəb həyatını yenidən canlandırmaq zamanıdır. İnancımız ağlımızla, aydın zehnimizlə və güclü yumruğumuzla birləşməlidir, beləcə, bütün bu faktorlar anlaşıqlı, möhkəm, güclü və əsaslı insan fəaliyyətinə aparıb çıxaracaq.

Bu zamana qədər əcdadımıza bağlılığımız sadəcə formal xarakter daşıyırdı və tariximizə bağlılığmız süni bir bağlılıq idi. Bu gün biz keçmişə bağlılığımızı legitimləşdirən xarakteristikaları yenidən canlandırmalı və bu bağlılığı yaşatmalıyıq. Durğunluq və tənəzzül kimi əngəlləri aradan götürməliyik ki, saf qan bağımız yenidən damarlarımızda axsın. Yeri və göyü saflaşdırmalıyıq ki, əcdadımızın ruhu yenidən ensin və bizimlə birgə olsun.

Biz uzun müddətdir, bu kirli mühitdə yaşayırıq. Bu mühit bizə əzab verir, çünki o yalanlarla doludur. O ağlımız və fəaliyyətimiz, dilimiz və ürəyimiz arasındakı uyğunsuzluğun göstəricisidir. Söylədiyimiz hər bir söz boş fincandan çıxan taqqıltı səsidir, ruhumuz və qulağımız arasındakı uyuşmazlıqdır. Çünki sözlərimiz mənadan yoxsundurlar. Oxuduğumuz hər bir söz içimizdə bir titrəmə yaradır, çünki sözlər bizə artıq ünsiyyətdə olmadığımız şeyləri xatırladan qarabasmalara və kölgələrə oxşayır. O, bizdə insanların uzun zaman öncə tərk etdiyi qarabasmalar şəhərinə ayaq basanda hiss etdiyimiz nostalgiya kimi kədər hissini yaradır.

Sözlərə onların güclərini və mənalarını, müqəddəsləşmiş nüfuzlarını və hörmətlərini qaytarmaq üçün çalışmalıyıq. İşlətdiyimiz hər bir sözə həyatımızda tutduğumuz mövqeyə uyğun məna verməliyik.

Sözlər  müvəffəq ola bilmədiyimiz işlərə yox, həyata keçirdiyimiz əməllərə şahidlik etməlidir.

Biz ancaq həyata keçirə biləcəyimiz şeyləri deməliyik ki, onlar üzərində çalışa bilək.

 

Təcrübə və Hazırlıq Olaraq İslam

Əziz iştirakçılar, peyğəmbərin həyatından gördüyümüz kimi İslam hərəkatı ərəblər üçün ötəri bir tarixi hadisə deyil. O nə zaman və məkan ilə, nə də yaratdığı səbəb və nəticələr ilə açıqlana biləcək bir hərəkatdır. Onun əsas dəyəri, dərinliyi və geniş təbiəti birbaşa ərəb həyatının saf xarakteristika ilə bağlıdır. O ərəb insanının potensialının, fitri zənginliyinin və onun təbii məcrasının göstəricisidir. Bu səbəblə onun sadəcə forma və ritorika baxımından səthi dirçəlişini deyil, ruhun və xarakterin yenidən canlanması üçün göstərdiyi davamlı cəhdləri açıqlamaq doğru olar.

İslam ərəblər üçün onların daxili potensialını oyadan dinamik və inqilabi bir hərəkat tərtib edib, onu həyat ilə doldurub və saxtakarlıq kimi bir əngəldən və islahatın zəncirlərindən azad edib. Onun kainatın dərkinə bağlılığnı yenidən qurub. Maraq və həyəcandan  ilhamlanaraq yeni sözlərə və şərəfli işləri başlatmış və sadəcə özünə saxlamadan digər millətlərə genişləndirərək bunu tamamlamışdır.

Ərəblər bu gərgin mənəvi təcrübə vasitəsilə necə üsyan ediləcəyini anlamış, fərd mərhələsindən üstün birlik mərhələsinə keçmək, öz potensiallarını kəşf etmək və mənəvi xarakterlərini gücləndirmək üçün köklü reallıqlarını yarmağı öyrənmişlər. Belə ki, İslamın yeni yerlərə genişləndirilməsi və onların sivilizasiyalarının inkişafındakı bütün nailiyyətlər İslam dalğasının ilk 20 ilində atılmış təməllərə dayanır. Deməli, yeni torpaqlar fəth etmədən öncə onlar özlərindən başlamalı, özlərini fəth etməli və özlərində nə axtardıqlarını bilməli idilər. Digər insanlara hökm etmədən öncə özlərinə hökm etməli, tamahlarına necə nəzarət edəcəklərini və öz iradələrinin məsuliyyətini necə üstlənəcəklərini dərk etməli idilər.

Nəticədə, onların yaratdığı elm, incəsənət və memarlıq, bütün inamlarını və hislərini verdikləri güclü və əhatəedici yuxunun maddi təzahürləri idi. Həmin nailiyyətlər sadəcə göydən eşitdikləri səsin aydın olmayan exosu və mələklərin onlarla yanaşı savaşdığı, səmanın öz parlaq parıltısını onların qılınclarına bəxş etdiyi zaman gördükləri sehrli təxəyyülün dumanlı kölgəsi idi.

Bu təcrübə öyünmək üçün deyilmiş bir tarixi hadisə deyildi. Bu materializmin mənəviyyatı, səthiliyin mahiyyəti üstələdiyi zamanlarda ərəbləri irəliyə getməyə təşvik edən, ərəb millətinə xas tam və daimi zirəkliyin praktikası idi. Bu baş verəndə ərəb xarakteri üstün birliyi yenidən qurmaq və harmoniyaya nail olmaq üçün bir daha özünə parçalanır. Beləliklə, bu, mənəvi xarakter zəiflədiyi zaman onu gücləndirən və səthiliyin aliliyə hökm etdiyi zamanlarda xarakterə dərinlik qazandıran bir praktikadır. Bu yolla, İslamın epikliyi sonda iman və həqiqətin yekun qələbəsi ilə nəticələnəcək olan əsarət, sürgün və müharibə, qələbə və məğlubiyyət mərhələləri ilə öz missioner başlanğıcını təkrar edir.

 

Peyğəmbərin Həyatı Ərəb Xalqının Həyatının Xülasəsidir

Ərəb xarakterinin ən saf formada təzahürü olan peyğəmbərin həyatına ağıl ilə deyil, həyat təcrübəsi ilə çatmaq mümkündür. Bu təcrübə bir başlanğıc ola bilməz, bu təcrübə bir nəticədir. Yüzlərlə il bundan əvvəl (həyatın onlardan uzaqlaşdığı bir zamanda) ərəblər peyğəmbərin həyatını oxuyublar, onun haqqında danışıblar, ancaq onu dərk edə bilməyiblər Bunun səbəbi onların ruhlarının ən yüksək nöqtəsinə, dərin vicdani hislərinə və  insanı öz taleyi ilə üzbəüz qoyan ekzistensialist mövqeyə çatmadan məsələni anlamağa çalışmalarıdır.

Qəhrəmanlarımızın ruhları bizi uzun müddət öncə tərk ediblər və bizə çox uzaqdırlar, çünki qəhrəmanlıq artıq ərəb xarakterinin ümumi bir parçası deyil. Bəlkə də, peyğəmbərin ucaldılması onun dahiliyindən çox bizim iqtidarsızlığımızın və çatışmazlıqlarımızın ifadəsidir. Biz qəhrəmanlıqdan o qədər uzaqlaşmışıq ki, artıq qəhrəmanlığı və cəsarəti uzaqdan qorxu və narahatlıq ilə baxılan bir şey olaraq dərk edirik, sanki o bizim dünyamızdan ayrılmış bir planetə aid anlayışdır. Halbuki qəhrəmanlığın şöhrəti yalnız bütün çətinliklərə baxmayaraq onun təcrübəsi, təqdisi və mənimsənməsi ilə gəlir. Həyatı boyunca qismən də olsa, qəhrəmanlıq etməmiş bir adamı heç kəs qəhrəman olaraq tanımaz.

Bu nöqtəyə qədər peyğəmbərin həyatının qavranılması bizi valeh edən və müqəddəs ehtiramla yanaşacağımız gözəl bir şəkil kimi olmuşdur. Lakin, biz onu öz içimizdə dərk etməliyik, beləcə, biz onu yaşaya bilərik. Bu günün ərəb xalqının hər bir fərdi, bir çınqıl daşının dağa, bir damlanın dənizə olan mütənasibliyi qədər kiçik bir hissəsi olsa belə, peyğəmbərin həyatını yaşaya bilər.

Təbii olaraq heç kəs hər nə qədər dahi olsa da, Məhəmmədin nail olduqlarına nail ola bilməz. Ancaq Məhəmmədin vətənində doğulmuş və onun millətinin üzvü olan hər bir kəs Məhəmməddən miras qalan həyat nümunəsini özünə uyğun şəkildə yaşaya bilər.

Keçmişdə, bir insanın həyatı bütün millətin həyatını təmsil edirdi. İndi isə millət öz dahi insanının həyatını özündə təzahür etdirməlidir. O dövrdə Məhəmməd bütün ərəbləri təmsil edirdi. Qoy indi də, ərəb milləti Məhəmmədi təzahür etdirsin.

 

İslam Ərəbçiliyi Yeniləyir Və Mükəmməlləşdirir

Məhəmməd insanlara ilahi bir mesaj çatdırdı və onları bu yola səslədi. Ətrafındakıların hamısı ərəblər idi və onların çox az hissəsi onun bu çağırışına səs verdi. Əksəriyyət ona qarşı mövqe aldı və o inananlar ilə bərabər oranı tərk elədi, inanmayanlarla qələbə qazananacan haqq yolunda mübarizə apardı və sonrasında hər kəs onun yoluna qoşuldu və ona inandı.

İslam özünü öz təbii mərhələsində –ərəblərin vətənindən-  ayrı tutmur və onu ərsəyə gətirən işçilərdən və qəhrəmanlardan yəni ümumilikdə ərəb millətindən ayrı düşünülə bilməz. İslama müvəffəq olmaq yolunda Qüreyş qövmünün inanmayanları da inananları qədər vacib idi. İslamın qələbəsi üçün peyğəmbərə qarşı vuruşanlar da İslama dəstək çıxıb onu gücləndirənlər qədər önəm daşıyır. Ancaq bu bütün bu cəhdlərin uğur qazanması 20 ildən bir qədər çox müddətə başa gəldi. Allah Quranın Məhəmmədə çatdırılmasını bir gündə etməyə qadir idi ancaq buna baxmayaraq bu missiyanı yerinə yetirmək 20 il çəkdi. Allah bütün insanları bir gündə dinə istiqamətləndirməyə də qadir idi ancaq bu da 20 il çəkdi. Eyni zamanda, O, İslamı əsrlər öncəsindən hər hansı bir zamanda və yaratdığı hər hansısa bir millətə gətirə bilərdi. Ancaq o, bunu müəyyən vaxtda etməyi seçdi və onun çatdırılması missiyasını ərəb millətinə və onun qəhrəman peyğəmbərinə, Məhəmməd Peyğəmbərə verdi. Bunun arxasında böyük hikmət var.

Heç kim inkar edə bilməz ki, ərəblərin seçilməsinin səbəbi onların bu missiyanı yerinə yetirə biləcək xarakterə və keyfiyyətlərə sahib olmasıdır. Seçilən əsr isə ərəblərin artıq püxtələşmiş olduğu və özlərini bu missiyanı götürüb bütün insanlığa çatdıracaq qədər mükəmməlləşdirdikləri dövr idi. Ərəblər üçün bu elə bir vaxt kəsiyi idi ki, onlar bütün çətinliklərdən və əzablardan keçib bu prosesdə qarşılaşacaqları çarəsizlik və ümid, uğursuzluq və müvəffəqiyyət çəmbərlərini atlayaraq öz zəhmətləri ilə bu nəticəyə çatmalı idilər. Beləliklə iman onların ruhlarının dərinliklərindən çıxmalı, və bu yolla da həqiqi iman praktik təcrübə ilə və həyatın özü ilə birləşməli olacaqdı.

Buna görə də İslam bir ərəb hərəkatı idi. Onun mənası ərəblərin yenidən oyanışı və mükəmməlliyi idi. Belə ki, İslamın endiyi dil ərəbcə idi. Onun qavranışı ərəb zehninə uyğun idi. Onun təşviq etdiyi keyfiyyətlər açıq və ya gizli ərəb dəyərləri idi və ünvanladığı çatışmazlıqlar ərəblərin öhdəsindən gələcəyi çatışmazlıqlar idi. O dövrdə müsəlman ərəb insanından başqa bir şey deyildi. Ancaq o yeni ərəb idi, daha müasir və inkişaf etmiş, mükəmməlləşmiş ərəb. Baxmayaraq ki, bu gün millətimizin tamamı millətçidir, biz millətimizin sadəcə müəyyən bir qismini patriot və millətçi adlandırırıq.  Əlbəttə ki, biz bu konseptləri xüsusiləşdiririk və müəyyən şəxslərə aid edirik, o şəxslərə ki, onlar millətin əsaslarına inanırlar, onlar ki, millətlərinə dərin bağlılıqlarının fərqində olaraq və bu üzvlüyün yükünü daşıyaraq müəyyən xarakterləri və vəziyyətləri özlərində toplayıblar.

Müsəlman o ərəb idi ki, onu anlayacaq keyfiyyətlərə sahib olduğu üçün özündə ərəbçiliyin birliyini, gücünü və mədəni inkişafını birləşdirən bu yeni dinə inanıbdır.

 

İslamın Humanizmi

Bütün bunlar İslamın sadəcə ərəblərə məxsus olmaq üçün yaradıldığı mənasını daşıyır? Əgər biz bu nəticəyə gəldiksə, deməli biz həqiqətdən çox uzağıq. Əbədi həqiqətlərə dərindən bağlı olan hər bir millət bir sıra vacib dəyərlərin axtarışındadır. İslam ərəb millətinin əbədi və universal dəyər axtarışının bir ifadəsi idi. İslam reallıqda ərəblər üçün, idealları və hədəfləri baxımından isə bütün dünya üçün idi. Ərəbləri fərqləndirən odur ki, onların milli oyanışı dini vəhy ilə əlaqəli oldu. Başqa cür ifadə etsək, bu dini mesaj onların milli oyanışlarının təzahürü idi.

Onlar öz təsirlərini maddi inkişaf üçün yaymadılar. Onlar fəthləri iqtisadi ehtiyacları üçün, şovinist səbəblərdən və ya yeni yerlər fəth etmək, nəzarəti əlinə alıb insanları qullaşdırmaq arzusundan etmədilər. Onlar bütün bunları həqiqət, mərhəmət, ədalət və yol göstərmə dəyərləri ilə dolu olan dini vəzifələri üçün etdilər. Bunun üçün onlar öz qanlarını axıtdılar və vəzifələrini səmimiyyət ilə qəbul etdilər.

Buna görə də İslam və ərəbçilik arasındakı əlaqə güclü qaldığı müddətcə, biz hər zaman ərəbçiliyin İslam ruhunu daşımasına şahidlik edəcəyik. Biz ərəblərin millətçilikdə ekremistləşəcəyindən qorxmalı deyilik. Biz heç zaman ədalətsiz və zülmkar müstəmləkəçilər kimi olmayacağıq. Təbiidir ki, ərəblər belə bir vəzifəni yüksələn, bərpa olunmuş güclü millət olmadan yerinə yetirə bilməzlər. İslam düzgünlüyü, humanistliyi və yaradıcı dahiliyi ərəb millətində təzahür etdirməlidir. İslamın humanist öhdəliklərindən ilki ərəblərin güclü olmaları və öz vətənlərinin ustadları olmalarıdır.

İslam canlı bir orqanizm kimi öz xarakterində və ölçülərində unikaldır. İslam sadəcə tək bir şey ola bilər, onun  tək mənası ola bilər və bu mənanın əleyhinə olan hər hansı mənaya İslam qarşıdır.

İslam universallığında əbədidir, ancaq bu o demək deyil ki, o məna baxımından spesifik deyil. O, fərqli istiqamətlərdə çoxlu mənaları əhatə edir. Ancaq bu düzdür ki, millətimizin tarixi inkişafının hər bir təhlükəli dövründə, o, həlledici idi və başlanğıcdan bəri əbədi mənalarından birini təzahür etdirmişdir.

Ancaq bu daimilik heç də dəyişməyən və inkişaf edə bilməyən durğunluq mənasını vermir. Mütəmadi dəyişməsinə və zamanla birlikdə zahirindəki fərqlənmələrə baxmayaraq onun kökləri eyni və sabit qalır.

İslamın yaratmaq, yetişdirmək və yaradıcı olmaq qabiliyyəti spesifik bir zaman və məkanda əksilməmiş olaraq qalır. Bu çərçivədə İslam, bu spesifik zaman və məkanın inşasında məna və fəaliyyət baxımından mütləqdir.

İslamı hər şeyi saxlaya bilən tək ölçülü bir konteynerə və ya bütün xəstəlikləri müalicə edə biləcək hər cür resepti və dərmanı hazırlayan bir fabrikə çevirmək istəyənlər əslində onun ruhunu və xarakterini məhv edirlər. Onlar İslamın həyatiliyini, müstəqilliyini və müəyyənləşmiş hədəfini oğurlayırlar: Eyni yolla onlar, İslamın zülmkar və ədalətsiz düşmənlərini gücləndirir, İslama öz silahı ilə zərbə vurmaq istəyirlər və bu prosesdə ərəb millətinə də zərbə vurmaq niyyətindədirlər.

Nəticədə, bu təhlükəli tarixi periodda və inkişafın həlledici anında İslamın mesajının mahiyyəti bütün zəhmətləri ərəbləri gücləndirməyə və onların dirçəlişinə imkan yaratmağa yönəltmək və bu zəhmətləri ərəb millətçiliyinin hökmranlığına sərf etməkdir.

 

Ərəblər və Qərb

Bir əsr yarım əvvəl Bonapartın Misirə səfərləri ilə Qərb ərəblərlə əlaqəsini yenidən qurdu. Bonapart məharətlə Quranın ayələrini öz insan haqları kodeksinə yerləşdirdi. Bu o zaman idi ki, ərəblər müasir dirçəlişlərini səhv istiqamətə yönləndirməyə başladılar. Tarixi mətnləri və Quranı işlədərək göstərməyə çalışdılar ki, onların mədəniyyətinin ehkamları və ideologiyaları Qərbinkilərdən fərqlənməyib və bu cür hüquqların elan edilməsində və təcrübəsində onlar Qərbi qabaqlayıb. Bu yalnız bir məna verə bilər: Onlar özlərini Qərblilərdən əksik hiss etdi və onların əleyhdarlığının üstünlüyünü tanıdılar və beləliklə bu əleyhdarlığın haqlı olduğunu təsdiqlədilər. Açıq aşkar deyilə bilər ki, Qərb mədəniyyətinin ərəblərin şüurunu işğalı bu şüurun quruyub boş bir qaba çevrildiyi zamana təsadüf edir. Bu boşluq xarici mədəniyyətlərin onu öz inancları və əqidələri ilə doldurmasına şərait yaratdı.

Çox keçmədən ərəblər başa düşdü ki, onların avropalılarla üstündə müzakirə apardıqları şeylər çox da fərqlənmir və hər iki tərəf eyni şeyi deyir. Onlarla avropalılar arasındakı yeganə fərq avropalıların elədiklərindən daha az şey etmələri idi, bu da öz növbəsində ərəbləri geri saldı. Ərəblər bu cür düşünməyin Avropa mədəniyyətinin öz mədəniyyətlərini əvəzləməsinə inanmaları ilə nəticələnəciyini anladılar

Avropa müstəmləkəçiliyinin məharəti ərəbləri əbədi dəyərlərə və ərəblər ilə geri qalan hər kəsin lap əvvəldən bir-birilərini tanıdıqları, bir-biriləri ilə anlaşdıqları kimi bir iddiaya inandırmağında deyildi. Onun məharəti ərəblərin intellektual və yaradıcı durğunluq zamanında avropa modelini mənimsəyəcəkləri faktından faydalanmaqlarında idi. Misal üçün, biz avropalılarla azadlıq konseptində fərqli düşüncələri paylaşmırıq, ancaq biz onlarla azadlıq konseptinin şərhində eyni fikirdə deyilik.

Avropa keçmişdə olduğu kimi bu gün də İslamdan qorxur. Ancaq o anlayır ki, İslamın gücü (hansı ki keçmişdə ərəb xalqının gücünün ifadəsi idi) ərəb millətçiliyinin yeni formasında yenidən doğulub. Buna görə də Avropa bütün silahlarını ərəb millətçiliyi adlandırılan yeni qüvvəyə yönəldir və İslamın köhnə formasını dəstəkləyir.

İbadət rituallarına və ötəri bir dini razılıqla məhdudlaşmış beynəlmiləlçi İslam qərbləşdirilir. Bunun nəticəsində elə bir gün gələcək ki, İslamı müdafiə edənlər ancaq millətçilər olacaq və ona yeni bir məna verəcəklər, əlbəttə, əgər onlar ərəb millətinin mövcudluğunu istəyirlərsə.

 

Ərəbçilik Şərəfi

Çox təhlükəli və yanlış olan iki Avropa ideyası var idi, hansılar ki millətçiliyə və humanizmə bağlı olaraq ərəb şüurunu işğal etdilər.

Bunlardan ilki, Avropanın millətçilik və din ayrımı anlayışıdır. Bu anlayış Avropa şərtlərində tamamilə başa düşüləndir, çünki din Avropaya xaricdən girə bilmişdi, yəni onun təbiətinə və tarixinə yad idi. Avropaya daxil olan axirətlə bağlı ideyalar və bir sıra əxlaqi normalar, onlara Avropanın öz dili ilə gəlməmişdi və Avropanın mühitini açıqlamırdı, Avropa tarixi ilə əlaqəsiz idi. Ancaq İslam və ərəblər nümunəsində din nə sadəcə axirətlə bağlı ideyalar bütünü, nə də saf əxlaqi tədris deyildi. Bu, universal əqidənin və dünyagörüşünün ifadəsidir. Bu, onların şəxsiyyətlərinin birliyinin ifadəsidir, harada ki sözlər emosional və intellektual xüsusiyyətləri birləşdirir, harada ki düşüncə əməl ilə, qəlb fələk ilə birgədir, və ən vacibi bu onların dillərinin və ictimai davranışlarının təzahürüdür. Bu onların milli tarixlərinin böyük hissəsidir, yəni biz ərəb qəhrəmanlarını yalnız onların müsəlman olmaları faktını gözardı etmədən, gizlətmədən tərənnüm edə bilərik.

Bizim millətçiliyimiz hissələri bir-birinə hörülmüş orqanizmdir və bu hissələrdən birini çıxartmaq cəhdi onu ölümlə təhdid etmək kimidir. İslam və ərəbçilik arasındakı əlaqə, digər millətçiliklər və dinlər arasındakı əlaqədən fərqlənir. Ərəb xristianlar bunu onların millətçiliklərinin tam oyandığı və öz mahiyyətlərini yenidən qazandıqları vaxt dərk edə biləcəklər. İslam onların milli mədəniyyətləridir və onlar özlərini İslam ilə doldurmalıdırlar ki, onu başa düşüb sevə bilsinlər. Beləliklə, onlar İslamı ərəb kimliyinin ən dəyərli komponentini qoruduqları kimi qoruyacaqlar.

Əgər bu günki gerçəklik bizim arzuladığımızdan çox uzaqdadırsa, bu arzunu gerçəkləşdirmək yeni nəsil xristian ərəblərə həvalə edilmişdir ki, onlar bunu cəsarətli və obyektiv bir şəkildə, eqoizm hislərindən və şəxsi zənginləşmə istəklərindən uzaq duraraq yerinə yetirsinlər. Çünki heç bir şey, Ərəbçiliyə  onun dəyəri və ona üzv olmağın şərəfliliyi baxımından bərabər deyil.

 

Mütləq Humanizm

Avropadan gələn təhlükəli ideyalardan ikincisi mütləq humanizmdir. İlk mənasında mütləq humanizm millətləri durğun və yekcins hesab edir. Belə ki, bu ideyaya görə bir millətin ehtiyaclarına və hazırlığına uyğun olan üsyanların və islahatların təcrübələrini digər bir millətə də köçürmək, bu yolla da onu dəyişmək olar.

Deməli, bu ağlabatandır ki, qurumuş ağacın budağına vaks meyvələri yerləşdirmək istəyən inqilabi sosial və iqtisadi nəzəriyyəçilər inanırlar ki, bu yolla onlar quru ağaca ruhunu geri verəcəklər və onu yenidən həyata gətirəcəklər?

Bu nəzəriyyələrin və islahatların öz mücərrəd hallarında düzgün olmaları kifayət deyil. Onlar həmçinin üzvi bir şəkildə, daha universal olan və köklərə, mənşəyə sahib olan bir ruhdan şaxələnməlidirlər.  Bəziləri düşünür ki, bu islahatları ərəblərə yeritmək dirçəlişi başlatmaq üçün kifayətdir. Bu addımda biz deqradasiya müşahidə edirik, çünki onlar budağı kökdən, nəticəni səbəbdən ayrı tutaraq yanlış bir dünyagörüşünə əsaslanırlar. Reallıqda bu islahatlar ağacdan törəyən güllər kimi bir mənbəyə ehtiyacı olan budaqlardır. Bəhs etdiyimiz bu başlanğıc nöqtəsi millətin daxili hökmünə və onun övladlarının inanclarına əsaslanan psixoloji bir nöqtədir.

İslamda tək Allaha olan inanc başlanğıc nöqtəsi idi və ərəb millətinə tətbiq edilən və onu dəyişdirən bütün islahatlar ondan əmələ gəlib. Məkkədəki ilk müsəlmanlar Allaha və qiyamət gününə inanmağa ilkin razılıqlarının onları sonradan İslamın gətirdiyi bütün ehkamlara əməl etməklərinə aparacağını bilmirdilər. Ancaq buna baxmayaraq onlar İslamın ehkamlarına instinktiv, könüllü və məntiqli bir şəkildə əməl edirdilər. Çünki onların sarsılmaz müqavilələri tək Allahı tanımaq və Onun idarə etdiyi hər şeyin doğru və ədalətli olması şərtinə bağlı idi.

Qüreyş qəbiləsinin İslamla mübarizə aparmasının siyasi və iqtisadi səbəbləri haqqında nə deyilsə də, ən əsas faktor intellektual və ideoloji elementləri bildirən dini faktor olaraq qalmaqdadır. Dini faktoru maddi yolla dəyişdirməyə çalışanlar əslində tarixi reallıqların və insan təbiətinin əksinə gedir və ərəblərə onların ən dəyərli ayırdedici xarakteristikalarına, idealistliklərinə zərbə vurur:. Bunun dəqiq sübutu Hudaybeyah sazişindəki maddi maraqlar səbəbi ilə Qüreyşlilərin peyğəmbərlə atəşkəs müqaviləsi imzaladıqları zaman peyğəmbərin peyğəmbərliyini və onun yeni dinini danmağa davam etmələridir.

Biz dərin millətçi hisləri təşviq etməyə bu qədər önəm verməkdə israrlı olmağımızın səbəbi bunun çıxış nöqtəsi olduğunu düşünməyimizdir. O, sosial islahatların effektiv olacağının və qüvvədə qalacağının yeganə zəmanətidir. O, insanların ruhu və ehtiyacları ilə harmoniyadadır və insanlar onlara müvəffəq olacaqlar, çünki onlara inanırlar.

 

Müasir Ərəb Nəsli

Əziz iştirakçılar, bu gün biz ərəblərin və İslamın qəhrəmanının xatirəsini qeyd edirik. O İslam ki, sancılanaraq doğulub və bu sancılar Cahiliyyə dövrü ərəblərinin bildiyindən çox daha şiddətli və dərin bir şəkildə yenidən ərəblərin vətəninə qayıdıb. Belə ki, bu bizi tarixdə İslam bayrağının daşıdığı qədər saflaşdırıcı və islahedici inqilaba ilhamlandırmalıdır. Müasir ərəb nəslindən başqa heç kəs buna müvəffəq ola bilməz, yalnız onlar bunun tələbatını anlaya bilər və bunu həyata keçirməyə qadirdirlər. Çünki bu günün sancıları bu nəsli öz vətənlərinə və tarixlərinə sevgilərindən irəli gələn bu inqilabı öz öhdəliklərinə götürməyə, onun ruhunu və istiqamətini kəşf etməyə hazırlayıb.

Müasir ərəb nəslinin üzvü olaraq biz nəzəriyyə və ritorikaya deyil, inanca və ideologiyaya əsaslanan qeyri-siyasi mesajı daşıyırıq. Biz ərəbçiliyə duyduqları şovinist nifrət səbəbi ilə əcnəbilərin silahlarını daşıyan təriqətçi qruplardan qorxmuruq, çünki Allah, təbiət və tarix bizim tərəfimizdədir. Onlar bizi anlamırlar, çünki onlar bizə yaddırlar. Onlar həqiqət, mahiyyət və qəhrəmanlıq anlayışlarına yaddırlar və kiçik, əhəmiyyətsiz, ötəri saxtakarlıqla məşğuldurlar.

Bizi anlayacaq olanlar Məhəmmədin həyatını onun mənəvi təcrübələrindən və tarixi aqibətindən anlayan həyat təcrübəli olanlardır. Yalnız möhkəm əqidəli olanlar, hansılar ki yalanı, ikiüzlülüyü, arxadan bıçaqlamağı və qeybəti hər addımlarında rədd edirlər, bu çətinliklərin öhdəsindən gələcəklər və irəliləyişlərini davam etdirəcəklər.

Bizi ancaq əziyyət çəkənlər anlayacaq, kimlər ki sancılarının ağrısı və yaralarının qanı ilə dolublar və gələcəkdəki ərəb həyatının bizim olmasını arzuladığımız kimi xoşbəxt, məmnun, güclü, parıltı və saflıqla dolu pozitiv ssenarini görə bilirlər.

Bizi ancaq inananlar, Allaha həqiqətən iman gətirənlər anlayacaq. Biz dua edənlərlə dua edərək, oruc tutanlarla oruc tutaraq şou yaradanda görünməyə bilərik, ancaq biz Allaha inanırıq, çünki Onun rəhbərliyinə ehtiyacımız var. Bizim yükümüz ağırdır, yolumuz məşəqqətlidir və hədəflərimiz uzaqdadır. Biz bu inanca gəlmişik, onunla başlamamışıq. Biz onu çətinliklərdən və sancılardan keçərək qazanmışıq, onu ənənəvi şəkildə miras olaraq almamışıq. Bu səbəblərə görə, bu əqidə, bu inanc bizim üçün çox qiymətlidir, çünki biz onun sahibləriyik və o, ağır əməyimizin meyvəsidir.

Mən elə bir ərəb gənci təsəvvür edə bilmərəm ki, millətinin qəlbini yaralayan, gələcəyini təhdid edən təhlükələri anlasın, ancaq ərəb millətinin hələ tamamlamadığı mesajı yerinə yetirmək üçün həyatına davam etməli olduğunu başa düşməsin, millətin hələ tamamlamadığı potensialını görməsin, ərəblərin deməli olduqlarının hamısını hələ demədiklərini, etməyə güclərinin çatacacağı şeyləri hələ etmədiklərini dərk etməsin.

Mən təsəvvür edə bilmərəm ki, elə bir gənc həqiqətə və həqiqətin mütləq qələbəsinə olan inancı- Tanrıya inancı tərk edəcək və özünü həqiqətin qələbəsini təmin edən yola həsr edə bilməyəcək.