Bilindiyi kimi, dövlətin üç ünsürü vardır. “millət”, “ölkə” və “suverenlik”. Burada dövlətin bir ünsürü olan “millət” təhlil ediləcək.

  1. ÜMUMİ OLARAQ

Bir dövlətin qurula bilməsi üçün lazım olan ilk şey “insan topluluğu”dur. İnsanlar olmadan bir dövlətin qurulması mümkün deyildir. İnsansız dövlət olmaz. İnsan topluluğu dövlətin bəşəri ünsürüdür. “İnsan topluluğu” ünsürünü ifadə etmək üçün “əhali”, “camaat”, “təbəə”, “xalq” kimi fərqli terminlər işlədilsə də, biz “millət” terminini işlədəcəyik.

İnsan Topluluğunun Kəmiyyət Problemi. Bir nəfərin tək başına bir dövlət qurması mümkün deyildir. Deməli, bir dövlətin qurula bilməsi üçün birdən çox insana ehtiyac vardır. Bəs bir dövlətin qurulması üçün ən az neçə insan lazımdır? Bu gün bu suala bir cavab vermək mümkün deyildir. Bir tərəfdə on – on beş min əhalisi olan Andorra, San-Marino, Kiribati, Nauru, Tuvalu kimi kiçik dövlətlər, digər tərəfdə əhalisi yüz milyonlarla olan Çin və Hindistan kimi dövlətlər vardır. Önəmli olan müəyyən bir torpaq parçasının üzərində bəlli bir insan topluluğunun hakim olmasıdır. On min nəfərlik bir topluluq bəlli bir torpaq parçası üzərində hakim olub, bu hakimliyi davam etdirə bilirsə, orada dövlət vardır. Amma on milyon nəfərlik bir insan topluluğu müəyyən bir torpaq parçasının üzərində hakim ola bilmirsə, onlar dövlət qura bilməzlər.

Bir tərəfdən bu sual da soruşula bilər: İnsan ünsüründə üstün hədd varmı? Yəni, yer üzündəki bütün insanları əhatə edən bir dövlət – “Dünya Dövləti” qurula bilərmi? Bu suala nəzəri olaraq müsbət cavab vermək olar, ancaq bunun tətbiqinin mümkünsüz dərəcədə çətin olduğu aydındır. Çünki, bütün insanları hakimiyyəti altına ala biləcək bir gücün olması zəif bir ehtimaldır. Digər yandan, bu cür bir “Dünya dövləti”nin varlığı yer üzünün bütövlüklə bir dövlətin ölkəsi olması mənasına gəlir və bütün yer üzünün bir dövlət tərəfindən idarə edilməsi kiçik bir ehtimaldır. Burada bunu da bildirmək lazımdır ki, tək bir insan topluluğu tək bir ölkə və eyni zamanda tək bir suverenlik deməkdir. Suverenlik isə, ən birinci, dövlətin heç bir xarici gücdən asılı olmaması deməkdir. Bu cür bir Dünya dövlətində başqa bir dövlət olmayacağı üçün, dövlətin xarici müstəqilliyi mənasız olacaqdır. Bu səbəbdən, bugünkü anlayışımıza görə belə bir dövlətin qurulması mümkün deyildir. Həmçinin, belə bir sistemdə başqa dövlətlər ilə əlaqələr olmayacağı üçün, beynəlxalq hüquq da olmayacaqdır. Belə bir dövlətin xəyali olaraq ancaq “yadplanetli düşmənlər”in ortaya çıxması nəticəsində mümkün və mənalı olması düşünülə bilər.

İnsan Topluluğunun Kəmiyyət Problemi. Dövlətin bəşəri ünsürü insan topluluğudur. İnsan topluluğu da əslində bir yerdə olan insanlar deməkdir. Ancaq insanların bir yerdə olması onların avtomatik olaraq dövlət quracaqları və ya dövlətin bir ünsürünü əmələ gətirəcəkləri mənasına gəlməz. Çünki, insanlar hər yerdə və hər dövrdə, adətən, öz həmcinsləri ilə birlikdə yaşayıblar. Ancaq bu insanlar hər yerdə və hər dövrdə bir dövlət qura bilməyiblər. Yalnız bəlli bir səciyyəyə sahib olan insan topluluqları dövlət qurmağı bacara bilmişdir. Bu səciyyə insan topluluğunu meydana çıxaran fərdlərin bir-birinə bağlı olmasıdır.

Başqa bir ifadə ilə, bir yerdə yaşayan insanların bir dövlət qura bilməsi üçün bu insanların bəzi əlaqələr ilə bir-birinə bağlı olması gərəkdir. Əks halda, bu insan topluluğu bir dövlət qura bilməz, uzağı bir “sürü” əmələ gətirər. Tarixdə və indiki dövrdə bir dövlət qura bilməyib, “sürü” halında qalmış insan topluluqları hər zaman olmuşdur. Bir insan topluluğunun sürü halından çıxıb bir dövlət qura bilməsi üçün, bu insanların bir-birinə bağlı olması lazımdır. Burada biz, bir-birinə bir sıra əlaqələr ilə bağlı olan insanlardan yaranmış topluluğa millət deyirik. Elə isə, bəlli bir insan topluluğunun bir dövlət qura bilməsi üçün “millət” səciyyəsində olmalı olduğunu söyləyə bilərik. Başqa sözlə, yalnız millət səciyyəsinə sahib olan insan topluluqları bir dövlət qura bilərlər. Bir insan topluluğu millət səciyyəsini hələ əldə etməyibsə, o insan topluluğunun dövlət qurmasından söhbət gedə bilməz. Həmçinin, mövcud bir dövlətin insanları arasındakı əlaqələr zaman keçdikcə laxlayar və bu insan topluluğu millət səciyyəsini itirməyə başlayarsa, bu dövlətin yaxın zamanda yıxıla biləcəyini və ya parçalana biləcəyini demək olar. Deməli, dövlətin bir ünsürü olan insan topluluğunun millət səciyyəsinə sahib olması və bu səciyyəni zaman keçdikcə qoruması həddindən artıq vacibdir. Bu səbəbdən, “millət” anlayışına xüsusi bir əhəmiyyət vermək lazımdır.

 

  1. MİLLƏT ANLAYIŞI

Yuxarıda “millət”ə bir-birlərinə bir sıra əlaqələr ilə bağlanmış insanlardan əmələ gələn bir topluluq olaraq tərif vermişdik. İndi bu əlaqələrin nə cür əlaqələr olduğuna baxaq. Başqa sözlə, vahid bir insan topluluğunu millət halına gətirən faktorların nələr olduğunu araşdıraq. Bu faktorlar obyektiv və subyektiv səciyyədə ola bilər. İnsanları bir-birinə bağlayan əlaqələrin, yəni, milləti formalaşdıran faktorların səciyyəsinə görə iki fərqli millət məfhumu vardır: obyektiv millət anlayışı və subyektiv millət anlayışı. Obyektiv millət anlayışına görə, milləti əmələ gətirən insanlar bir-birinə obyektiv, yəni əldə tutulan, gözlə görülən səciyyədə əlaqələr ilə bağlanır. Ancaq subyektiv millət anlayışına görə, milləti əmələ gətirən insanlar bir-birinə subyektiv səciyyədə olan əlaqələrlə də bağlı ola bilir. Obyektiv millət anlayışına görə, insan topluluğu millət halına bir sıra obyektiv faktorların təsiri ilə çevrilir. Subyektiv millət anlayışına görə isə, bu çevrilmə subyektiv faktorların təsirindən də ola bilər.

 

  1. OBYEKTİV MİLLƏT ANLAYIŞI

Obyektiv anlayışa görə millət, bir sıra obyektiv əlaqələr ilə bir-birinə bağlanmış insanlardan yaranan bir topluluqdur. Bu əlaqələr maddi, yəni əldə tutulan, gözlə görülən, bir sözlə, beş duyğu orqanı ilə hiss edilən əlaqələrdir. İrqi əlaqələr bu səciyyədədir. Belə ki, irq insanların gözlə görülə bilən obyektiv bir xüsusiyyətidir. Dil əlaqəsi də obyektiv səciyyədə bir əlaqədir. Çünki, dil insan səslərindən əmələ gəlir. Bu səslər xarici dünyada qəbul edilir, yəni maddi (obyektiv) bir şeydir. Din isə inanc və ibadətdən ibarətdir. Sözsüz ki, insanların inancı obyektiv bir şey deyildir. İnanc psixik bir ünsürdür. Ona görə ki, hər hansı bir insanın özü açıq şəkildə hansı inanca mənsub olduğunu bəyan etmədikdə, inanc beş duyğu sistemimiz tərəfindən qavranılan bir şey deyildir. Ancaq dinin ikinci aspekti olan ibadət tamamilə obyektiv bir ünsürdür. İbadət, adətən, gözlə görülə bilən bir insan hərəkətidir. İbadət edən insanlara baxdıqda, ibadətin formasına görə kimin hansı dindən və hətta yerinə görə kimin hansı məzhəbdən olduğunu demək olar. Əgər milləti formalaşdıran, insanları bir-birinə bağlayan əlaqə din birliyi və ya bəlli bir din içində məzhəb birliyidirsə, ortada obyektiv bir millət anlayışı vardır. İndi isə insanları bir-birinə bağlayan obyektiv əlaqələr olan irq, dil və din birliyinə baxaq.

  1. İrq Birliyi

İrq birliyini əsas alan baxışa görə, insan topluluğunu millət halına gətirən şey bu insanlar arasındakı irq birliyidir. Başqa sözlə, millət, aralarında irq birliyi olan insanlardan yaranan bir topluluqdur. Bu səbəbdən, insanların bir “millət” formalaşdırması və ardınca bir dövlət qura bilməsi üçün eyni irqdən olmaları lazımdır. Bu fikirə görə, “damarlarında keçmiş zamanların qaranlıqlarına gömülmüş müştərək əcdadların qanı axan və eyni soy kökündən gələn insanlar, harda doğulmağından və yaşamağından asılı olmayaraq, eyni bir milləti təşkil edərlər”.

Bu fikirdə böyük bir həqiqət vardır. Keçmişdə və indiki zamanımızda dövlətlərin böyük qismində grosso modo adlanan irq birliyi vardır. İrq baxımından homogen bir toplumun üzərində qurulmuş bir dövlətin daha möhkəm təməllər üzərində qurulduğunu düşünmək olar. Bəşəri ünsürü fərqli irqlərdən təşkil olunmuş dövlətlərin daha az davamlı olduğu, bir böhranla üzləşdikdə irqi bütövlüyə sahib olan dövlətlərə nisbətən bu böhranı çox çətin üstələdikləri və hətta parçalandıqları müşahidə edilir.

İrq birliyi nəzəriyyəsinə görə, bir dövlət başqa bir dövlətin hakimiyyəti altında yaşayan soydaşlarını o dövlətin hakimiyyətindən xilas etməli və nəhayət, soydaşlarının yaşadığı bütün torpaqları zəbt etməlidir. Bu düşüncə xaricə qarşı qəsbkar, imperialist bir dövlət anlayışına gətirib çıxarır. Digər tərəfdən, irq birliyi nəzəriyyəsinə görə, dövlətin vətəndaşı olan, amma o irqə mənsub olmayan insanlardan dövlət qurtulmalıdır. Bu düşüncə isə daxildə deportasiya və soyqırım siyasətinin tətbiqinə gətirib çıxarar. Nasist Almaniya zamanında hər iki düşüncə də tətbiq edilmişdir. Alman irqindən olanların yaşadığı və o dövrdə Almaniya sərhədlərindən kənarda qalan ərazilər zəbt edilmiş və bütün almanları birləşdirən bir dövlətin qurulmasına çalışılmışdır. Digər yandan, Almaniyada yaşayan və alman vətəndaşı olmaqla birlikdə alman irqindən olmayan yəhudi və qaraçılardan soyqırım daxil olmaqla müxtəlif üsullarla qurtulmağa çalışılmışdı.

İrq birliyi fikrinin bir çox təhlükəli nəticələrindən əlavə, bu fikrin yüzdə yüz doğru olduğunu söyləmək olmaz. İlk olaraq, irq baxımından homogen olmayan bir çox dövlət vardır. Digər tərəfdən, indiki zamanda Orta Şərq və Avropa ölkələrində saf irqlərdən çox qarışıq irqlər vardır. Bu coğrafiyada iki qonşu dövlətin bəşəri ünsürü arasında gözlə görülən açıq irq fərqliliklərini tapmaq adətən çox çətindir. Bir türk ilə bir yunan, bir yunan ilə makedon, bir makedon ilə bir bolqar, bir bolqar ilə rumın, bir rumın ilə serb, bir serb ilə macar, bir macar ilə çex, bir çex ilə alman arasında gözlə görülə bilən açıq-aşkar irq fərqliliklərinin olduğunu demək çətindir. Bu coğrafiyada yüz illər boyunca irqlər bir-birləri ilə qarışmışdır. Bu ölkələrdə önəmli olan bioloji cəhətdən bir fərdin hansı irqdən olduğu deyil, fərdin özünü hansı irqdən hiss etdiyidir. Bioloji olaraq X irqinə aid olan bir insan özünü Y irqindən görə bilər və Y irqinin ayrı bir dövlət qurması üçün çalışa bilər.

Bununla birgə, aşkar irq fərqlərinin olduğu ölkələrdə, məsələn, köhnə ingilis və fransız müstəmləkələrində yeni dövlətlərin qurulmasında irq fərqliliklərinin böyük rolu var idi. Ona görə ki, çoxirqli ölkələrdə siyasi mübarizələrin bir qismi də irqi fərqliliklər üzərində qurulmuşdu. Bu cür ölkələrdə irq fərqliliyi dövlətin parçalanmasına səbəb ola bilər.

Sonda qeyd edək ki, açıq irq fərqliliklərinin olduğu dövlətlərdə qanuni olaraq olmasa da, fərqli irqlərdən olan insanların evlənməsi yaxşı qarşılanmırdı. Beləcə, irqlər günümüzə qədər az-çox irqi özəlliklərini qoruya biliblər. Belə ki, müasir dövrdə artıq bu mövzuda düşüncə dəyişir, irqlər arası evliliklər daha az reaksiyaya səbəb olur və ya verilən reaksiyalara baxmayaraq, bu evliliklərin sayı artır.

  1. Dil Birliyi

Dil birliyi fikrinə görə, insan topluluğunu bir millət edən faktor insanların eyni ortaq dildə danışmasıdır. Bu baxışa görə, millət eyni dili danışan insranlardan yaranmış bir topluluqdur.

Şübhəsiz ki, bu fikirdə böyük həqiqət payı vardır. Eyni dildə danışmayan insanlar arasında əlaqə necə yarana bilər? Bu insanlar arasında bir əlaqənin yaranması, dolayı yolla, bunların bir millət əmələ gətirməsi və dövlət qura bilməsi üçün ilk öncə onların bir-birləri ilə danışıb anlaşması gərəkdir.

Ancaq dil birliyi baxışı da yüzdə yüz doğru deyildir. Zira, İsveçrə, Belçika, Kanada kimi birdən çox dilin danışıldığı dövlətlər də vardır. Digər tərəfdən, eyni dilin danışıldığı müxtəlif dövlətlər də mövcuddur. İngiltərə, Amerika Birləşmiş Ştatları və İrlandiyada ingilis dili işlədilir. Cənubi Amerika dövlətlərinin bir çoxu ispanca danışır. Ərəb dövlətlərinin hamısı ortaq dil olan ərəbcə danışır, ancaq ayrı-ayrı dövlətlər qurublar. Eyni şəkildə, Türkiyə və Azərbaycanda ləhcə fərqlilikləri olsa da, eyni dil danışılır. Buna baxmayaraq, bu ikisi fərqli iki dövlətdir.

Digər tərəfdən, dil birliyi fikri ifrata vararsa, təhlükəli olar. Çünki, ayrı dildə danışan hər insan topluluğunun ayrı bir millət təşkil etdiyini və dolayı yolla, öz dövlətini qurma haqqına sahib olduğunu deyə bilmərik. Ona görə ki, yer üzündə 8 minə yaxın dil olduğuna görə, bunların hər biri ayrı dövlət qurarsa, yer üzündə nizam qalmaz. Dil sayı dövlət sayından qat-qat çox olduğuna görə, bəzi dövlətlərdə birdən çox dilin danışılması qaçınılmazdır. Örnək olaraq, Türkiyədə türkcədən əlavə Bosniya dili, pomak dili, albanca, çərkəzcə, kürdcə və ərəbcə kimi dillər də danışılır. Bununla birlikdə, bir neçə dilin danışıldığı dövlətlərdə dövlət işlərinin görülməsi üçün bu dillərdən birinin rəsmi dil olması labüddür. Bu rəsmi dil də Türkiyədəki dillərin içində ən yayğın və bu torpaqlar üzərində ən çox inkişaf etmiş dil olan türk dilidir.

Dil birliyi fikrinə görə, eyni dildə danışan insanların eyni dövlətin hakimiyyəti altında toplanması lazımdır. Bu düşüncə təhlükəlidir. Çünki, insan topluluqları tarix boyunca köç etmişdir. Bu səbəbdən, eyni dildə danışan insanların fərqli ərazilərə yayılmış olması mümkündür. Misal üçün, türk dili fasiləsiz olmasa belə, Balkan yarımadasından Çinə qədər danışılan bir dildir. Fərqli ərazilərə yayılmış eyni dili danışan insanları eyni dövlətin hakimiyyəti altında toplamaq düşüncəsi qəsbkar, imperialist siyasətlərə gətirib çıxarar.

Sözsüz ki, əski zamanlarda dil müstəsna bir milli ünsür idi. Bir dil ana dili olaraq sırf bəlli bir millət tərəfindən danışılırdı. Ancaq II Dünya Müharibəsindən sonra xalqlar arasındakı hərəkətlənmələr bu faktoru aradan qaldırdı. Bu gün Qərbi Avropaya Afrikadan köç edənlərin övladları öz ata-analarının dilindən ziyadə yaşadıqları ölkənin dilində danışırlar. Məsəlçün, Fransada yaşayan ərəb uşaqlarının böyük hissəsi ərəb dilindən çox fransızca danışır. Almaniyadakı türk uşaqları üçün də daha az ölçüdə olmaqla oxşar bir durum müşahidə edilir. Buna rəğmən, ərəbcədən çox fransızca danışan, türk dilindən çox alman dilini üstün tutan bu insanlar özlərini fransız və alman millətinə deyil, ərəb və ya türk millətinə aid hiss edirlər. Bu, ana dilinin əski dövrlərdə olduğu kimi tək başına milli kimliyi təyin edən bir ünsür olmadığını göstərir. Bir dil götürülüb bir millətə aid edilə bilməz.

  1. Din Birliyi

Din birliyi nəzəriyyəsinə görə, bir yerdə yaşayan insanlar bir millət təşkil etmək və dolayı yolla bir dövlət qura bilmək üçün eyni dinə mənsub olmalıdırlar. Başqa sözlə, millət eyni dinə aid insanlardan əmələ gələn bir topluluqdur.

Bu arqumentdə də böyük bir həqiqət var. Çünki, dini fərqliliklərin olduğu bölgələrdə, açıq olaraq, fərqli dinlərdən olan insanların yaşadığı bölgələrdə və xüsusən də, Orta Şərq və Balkan yarımadasında din birliyi və ayrılığı millət anlayışı baxımından çox vacib bir faktordur. Bunun ən tipik örnəyi bosniyalılar, xorvatlar və serblər arasındakı ayrılıqdır. Bu millətlər eyni irqdən olsalar və eyni ortaq dili danışsalar da, üç ayrı milləti təşkil edirlər. Bunların ayrı millət təşkil etmələrindaki amil, şübhəsiz, dindir. Bosniyalılar müsəlman, xorvatlar katolik, serblər isə ortodoksdur. Digər tərəfdən, uc bölgələrdəki dövlətlərin çoxu varlığını birbaşa dinə borcludur. Məsəlçün, Pakistan və İndoneziya indiyə kimi varlığını qoruya bilmişsə, bunu müsəlmanlığa borcludurlar. Eyni şəkildə, türklər də müsəlman yox, xristian olsaydı, böyük ehtimal, xristian dənizinin içində assimilyasiya olub itərdilər.

Bəzən millət anlayışına daha da dərindən baxıldıqda, məzhəb fərqləri də mühüm rol oynayır. Misalçün, xorvatlarla serblər arasındakı ayrılıq məzhəb fərqinə görədir. Yuxarıda da qeyd olunduğu kimi, xorvatlar katolik, serblər ortodoksdur. Tarixdə də Osmanlı İmperiyası ilə İran arasındakı fərq və mübarizə daha çox məzhəb fərqinə əsaslanırdı. Osmanlılar sünni (hənəfi), iranlılar isə şiə idi. Çaldıran döyüşü arasında irq və dil fərqliliyi olan iki tərəf arasında yox, arasında məzhəb fərqliliyi olan iki tərəf arasında baş vermişdi. Bilindiyi kimi, Şah İsmayıl da türk əsilli idi.

Ancaq millətin yaranmsında din faktorunu bir o qədər də qabartmaq lazım deyil. Çünki, yer üzündə yüzlərlə dövlət olsa da, bir neçə din var. Bu səbəbdən, bir çox dövlətin eyni dindən və eyni məzhəbdən olması qaçınılmazdır. Eyni dindən və eyni məzhəbdən olan insanlar belə çeşidli səbəblərə görə ayrı millətlər təşkil etdiklərini düşünür və ayrı dövlət qururlar. Məsələn, türklər və ərəblər eyni dindən və hətta eyni məzhəbdən olsalar da, özlərini eyni millətə mənsub saymayıblar və ayrı dövlətlər qurublar. Buna görə, göründüyü kimi, din ayrılığının millətlərin və dolayı yolla, dövlətlərin ayrılmasına yol açması yüksək bir ehtimal ikən, din birliyinin dövlət birliyinə gətirib çıxarması zəif bir ehtimaldır.

Sonda bildirək ki, dini fərqliliklərin olduğu dövlətlərdə, qanunla olmasa da, müxtəlif dinlərə və hətta məzhəblərə aid olan insanların evlənməsi müsbət qarşılanmır. Bununla da, dini fərqliliklər sayəsində millətlər indiyədək az-çox fərqləndirici özəlliklərini qoruyub saxlaya biliblər. Buna baxmayaraq, indiki dövrdə artıq bu anlayış dəyişməkdə, dinlər arası evliliklər daha az ictimai qınağa səbəb olmaqdadır.

Dəyərləndirmə.- Mənə görə, irq, din, dil kimi obyektiv faktorlar ortaqlıqdan daha çox, fərqliliklər yaradır. Yəni, irq birliyi milət birliyi yaratmır, ancaq irqi ayrılıq millət ayrılığına səbəb ola bilər. Eyni şəkildə, dil birliyi həmişə milli birliyi yaratmır, amma dil ayrılığı milli ayrılığa gətirib çıxara bilir. Dini birlik də milli birlik yaratmır, lakin din və ya məzhəb ayrılığı millət ayrılığını yarada bilər.

 

Bu üç faktordan hansı daha önəmlidir? Doğrudan da, irq birliyi önəmlidir, amma tək başına millət anlayışını izah etmək üçün yetərli deyil. Eyni irqə mənsub olduğu halda, fərqli millətlər təşkil etmiş və dolayı yolla, fərqli dövlətlər qurmuş insan topluluqları var. Dil insanları bir-birinə bağlayan ən önəmli faktorlardan biridir. Ancaq eyni dildə danışıb, müxtəlif dövlətlər qurmuş insan topluluqları var. Digər tərəfdən, din də insanların bir millət formalaşdırmasında çox vacib bir faktordur. Fərqli dindən, məzhəbdən olan insanlar çox vaxt fərqli millətləri təşkil edirlər, fərqli dövlətlər qururlar. Buna əsaslanaraq eyni dindən olanların mütləq eyni millət təşkil edəcəklərini də demək olmaz. Çünki, eyni dinə və hətta eyni məzhəbə mənsub olub, fərqli dövlət quran bir çox millət var. Göründüyü kimi, bu faktorların təsirləri ilə bağlı öncədən bir şey deyə bilmərik. Bu faktorların hər biri yerinə və zamanına görə digərinə nisbətən daha təsirli olub.

Məsələn, bosniyalılar, xorvatlar və serblərdə əsas faktor irq və dil deyil, dindir. Bunun qarşılığında, albanlar üçün həlledici faktor dildir. Çünki, albanların bir qismi (çoxu) müsəlman, digər bir qismi xristian olsa da, bu fərq milləti iki yerə bölməmiş, müsəlman və xtistian albanlar özlərini alban millətinə aid hiss etmiş və qonşuları olan xristian yunan, makedon, serb və müsəlman bosniyalı və türk millətlərindən ayrı hiss etmişlər.

Aralarında irq, din və dil birliyi olduğu halda, özlərini ayrı millətə aid hiss edən insan topluluqları da var. Misalçün, ərəblər belədir. Eyni irqdən, eyni dindən olmalarına və eyni dildə danışmalarına baxmayaraq, ərəblər bir dövlət altında birləşməyə razı olmayıblar. Buna zidd olaraq, aralarında irq və dil baxımından birlik olmasa da, özlərini eyni millətdən hiss edən, eyni dövlətin himayəsində toplanmış insan topluluqları da var. Məsələn, türk milləti belədir. Türkcədən başqa dildə danışsalar da, bosniyalılar, pomaklar, albanlar, çərkəzlər özlərini türk millətinin bir parçası kimi qəbul edib, türk dövlətinin himayəsində yaşamağı qəbul ediblər.

Bu da onu göstərir ki, bir millətin yaranmasında obyektiv faktorlardan əlavə, subyektiv faktorlar da rol oynayır. Yəni, bəzən irq, din, dil kimi obyektiv ünsürlər baxımından aralarında birlik olan insan topluluqları özlərini ayrı millətdən sayarkən, digər tərəfdə aralarında irq, din, dil kimi obyektiv ünsürlərdə fərqliliklər olan bəzi insan topluluqları özlərini eyni millət saymışlar və eyni ortaq dövlətin himayəsində yaşamağı qəbul etmişlər. Bu cür durumlarda önəmli olan bu insan topluluqlarının obyektiv olaraq hansı irqi, dini və dil xüsusiyyətlərini daşıdığı yox, subyektiv olaraq özlərini necə gördükləri və hansı millətdən hiss etdikləridir. Bu halda, aralarında bir sıra fərqlər olsa da, özlərini bir millətə aid hiss edən insanları o millətdən qəbul etmək lazımdır. Budur, bu anlayış subyektiv millət anlayışıdır. İndi bu anlayışa bir az yaxından baxaq.

  1. SUBYEKTİV MİLLƏT ANLAYIŞI

Subyektiv anlayışa görə, millət bir-birinnə bir sıra subyektiv əlaqələr ilə bağlanmış insanlardan yaranan bir topluluqdur. Bu əlaqələr mənəvi səciyyə daşıyır, bir sıra duyğu və düşüncələrdən ibarətdir. Subyektiv millət anlayışı ilk dəfə Ernest Renan (1823-1892) tərəfindən 1882-ci ildə dərc edilən “Millət Nədir” (Qu’est-ce qu’une nation) əsərində irəli sürülmüş və müdafiə olunmuşdur.

Milləti təşkil edən insanları bir-birinə bağlayan bu subyektiv əlaqələr arasında keçmiş, xatirə, məqsəd, ideal, istiqbal, ülkü birliyi kimi məsələlər yer alır. Keçmişdə yaşanan ortaq ağrılar və ya birlikdə qazanılan uğurlar, ortaq hədəfə varmaq üçün mübarizələr, ortaq təhlükələrlə birlikdə mübarizə aparma istəyi kimi faktorlar insanları bir-birinə bağlayır və milləti formalaşdırır.

Ernest Renan millətin obyektiv faktorlardan əmələ gəldiyi arqumenti ilə razılaşmır. Ona görə,

“İnsan nə irqinin, nə dilinin, nə dininin, nə də çayların getdiyi yolun, nə də sıra dağların yönünün əsəridir. Sağlam duyğulu və isti ürəkli insanların bir yerə gəlməsi mənəvi bir şüur yaradır ki, buna da millət deyilir”.

Ernest Renan milləti açıq şəkildə “bir ruh, bir mənəvi prinsip” olaraq tərif edir. Bu “ruh” yaxud “mənəvi prinsip” biri keçmişdə, o biri isə içində yaşanılan zamanda olan iki ünsürün birləşməsi ilə yaranır. Bu ünsürlərin birincisi “zəngin bir xatirə mirasına sahib olmaq”dır. Bu ünsürlə Renanın nəzərdə tutduğu şey, tarixdən ziyadə, milli bir mifologiya, yəni keçmişin ululuqlarını qeyd edəcək və keçmişdə yaşanan çətinlikləri təqdis edəcək bir baxış bucağıdır. Keçmişdə çəkilən ortaq əzablar və ya birlikdə əldə edilən uğurlar insanları bir-birinə bağlayır. Bu ünsürlərdən ikincisi isə birlikdə yaşama və mümkün olduqca çox ortaq miras yaratma istəyidir. Bu ikinci ünsürdə məqsəd, məfkurə, istiqbal, ülkü birliyi kimi maddələr yer alır.

Qısaca, Renana görə, milləti təşkil edən şey “birlikdə əzab çəkmək, sevinmək və birlikdə ümid etmək”dir. Elə isə, Renanın fikrinə görə, milləti ortaq bir keçmişə sahib olan və gələcəkdə də birlikdə yaşamaq arzusuna sahib olan insanlar topluluğu olaraq izah etmək olar.

 

  • TÜRK MİLLƏTİNİN İZAHINDA HANSI ANLAYIŞ KEÇƏRLİDİR?

Beləcə, obyektiv və subyektiv olmaqla iki müxtəlif millət anlayışını analiz etdik. Obyektiv millət anlayışına görə millət, bəlli bir irqə mənsub olan və ya bəlli bir dildə danışan və yaxud bəlli bir dinə və ya məzhəbə inanan insanlardan əmələ gələn bir topluluqdur. Subyektiv millət anlayışına görə isə, millət ortaq bir keçmişə sahib olduqlarını düşünən və gələcəkdə də bir yerdə yaşama arzusu olan insanların yaratdığı bir topluluqdur. Ancaq Türkiyə Dövlətinin bəşəri ünsürünün tərifində hansı millət anlayışı keçərlidir? Açıq olaraq, türk milləti hansı faktorlarla təyin edilmişdir? Başqa sözlə, Türkiyədəki insan topluluğu hansı faktorlarla bir “millət” adını alıb? İndi buna baxaq.

Atatürk Milliyyətçiliyi.– İlk olaraq, Türkiyə Konstitusiyasının 2-ci maddəsində “Atatürk milliyyətçiliyi” anlayışının qəbul edildiyini qeyd edək. Bəs görəsən, Atatürk milliyyətçiliyi obyektiv millət anlayışınamı, yoxsa subyektiv millət anlayışınamı əsaslanır? Bu suala Atatürkün yazıları, Konstitusiya və Konstitusiya Məhkəməsi qərarlarına görə cavab vermək olar.

Atatürkün Yazıları.- Ergun Özbuduna görə, “Atatürk subyektiv millət anlayışı”nı mənimsəmişdir. Özbudun bu fikrini sübut etmək üçün Atatürkdən iki istinad edir. Atatürk millət məfhumunu belə izah edir:

 

“Bir əkindən (kültürdən) olan insanlardan mürəkkəb olan cəmiyyət millət adlanır, desək, millətin ən qısa tərifini vermiş olarıq”.

Atatürk millət mövzusunda daha geniş şəkildə bu tərifi vermişdir:

“a) Zəngin bir xatirə mirasına sahib olan;

  1. b) Birlikdə yaşamaq məsələsində müştərək arzu və razılıqda səmimi olan;
  2. c) Və sahib olunan mirasın mühafizəsinə bərabər davam məsələsində iradələri müştərək olan insanların birləşməsindən meydana gələn cəmiyyətə millət adı verilir”.

Həqiqətən də, bu tərif tamamilə subyektiv ünsürlərdən ibarətdir. Bu tərif subyektiv millət anlayışının qurucusu olan Ernest Renanın tərifinə çox oxşayır. Atatürkün millətin izahı məsələsində Ernest Renanı nümunə götürdüyü bu izahından açıq görünür.

“Keçmişdən qalan müştərək zəfər və ümidsizlik mirası, istiqbalda həyata keçiriləcək eyni proqram, bərabər sevinmiş olmaq, bərabər eyni ümidləri bəsləmiş olmaq…”

Atatürkün yuxarıdakı tərifi və bu cümlələri tamamilə Ernest Renandan ilhamlanmışdır. Elə isə, açıqca deyə bilərik ki, Atatürk Ernest Renanın müdafiə etdiyi subyektiv millət anlayışını mənimsəyib.

Konstitusiya.– Ergun Özbudunun müşahidə etdiyi kimi, Atatürkün milliyyətçilik anlayışı 1982 Konstitusiyasının Başlanğıc bölümündə çeşidli ifadələrlə öz əksini tapmışdır. Başlanğıcın ikinci paraqrafına görə, türk milləti “Dünya millətləri ailəsinin bərabər haqlara sahib şərəfli bir üzvü”dür. Dolayı yolla, türk milliyyətçiliyi başqa millətləri düşmən və aşağı görən şovinist və təcavüzkar bir milliyyətçilik anlayışı deyildir. Başlanğıcın yeddinci paraqrafında eyni şəkildə “yurdda sülh, dünyada sülh” prinsipinə də yer verilmişdir.

Başlanğıcın yeddinci paraqrafında

“Toplu şəkildə türk vətəndaşlarının milli qürur və iftixarlarda, milli sevinc və kədərlərdə, milli varlığa qarşı haqq və öhdəliklərdə, nemət və külfətlərdə və milli həyatın hər cür təcəllisində ortaq olduğu”

elan edilərək, Renançı millət anlayışının yuxarıda verdiyimiz subyektiv ünsürləri (milli qürur və iftixarlarda, milli sevinc və kədərlərdə və s. ortaqlıq) təkrar edilmişdir. Ergun Özbudunun ifadə etdiyi kimi, bu izahdan Konstitusiyamızın mənimsədiyi milliyyətçilik anlayışının irq, din və dil kimi obyektiv ünsürlərə yox, sevinc və kədərlərdə ortaqlığa və birlikdə yaşama arzusuna əsaslanan subyektiv bir milliyyətçilik anlayışı olduğu açıq-aydın görünür.

Nəhayət, Konstitusiyamız bu anlayışın təbii bir nəticəsi olaraq, türklüyü, obyektiv ünsürlərə heç bir şəkildə toxunmayaraq, “vətəndaşlıq əlaqəsi” ilə açıqlamışdır. Konstitusiyamızın 66-cı maddəsinə görə, “türk dövlətinə vətəndaşlıq əlaqəsi ilə bağlanan hər kəs türkdür”.

            Konstitusiya Məhkəməsi Qərarları.– 1961 Konstitusiyası dönəmində Konstitusiya Məhkəməsi 11-14 fevral 1975 tarixli və K.1975/23 saylı Qərarında milliyyətçiliklə bağlı subyektiv milliyyətçilik anlayışını açıqlamışdır:

“Milliyyətçilik… Konstitusiyanın [1961] Başlanğıc hissəsində qısa açıqlaması olan, ‘bütün fərdlərini kədərdə, iftixarda və qayğıda ortaq bölünməz bir bütün olaraq, milli şüur və ülkülərin ətrafında toplayan və millətimizi dünya millətləri ailəsinin bərabər haqlara sahib şərəfli bir üzvü olaraq, milli birlik ruhu içində daim yüksətlməyi hədəf bilən Türk Milliyyətçiliyindən başqa bir məna kəsb etmir. İrqçilik, turançılıq və ya bir din və ya məzhəb yolunda bütünləşməyi hədəfləyən inanışlar… ‘Türk Milliyyətçiliyi’ anlayışından kənardadır və… Cümhuriyyətin təməllərinə tamamilə zidd, sosial və hüquqi baxımdan keçərli heç bir dəyər qazana bilməmiş məfhumlardır”.

Konstitusiya Məhkəməsi 1982-ci il Konstitusiyası dövründə verdiyi qərarlarla da subyektiv milliyyətçilik anlayışını qoruyub saxlamışdır. Konstitusiya Məhkəməsi 18 fevral 1985 tarixli və K.1985/4 saylı Qərarında belə deyilir:

“Atatürk Milliyyətçiliyi Türk Dövlətinə vətəndaşlıq əlaqəsi ilə bağlı olan hər kəsi türk sayan, dil, irq və din kimi düşüncələrlə ediləcək hər növ ayrı-seçkiliyi rədd edən, birləşdirici və bütünləşdirici bir anlayışı təmsil edir”.

Konstitusiya Məhkəməsi 7 mart 1989 tarixli və K.1989/12 saylı Qərarında Atatürk milliyyətçiliyini “türk milliyyətçiliyinin türk olma xoşbəxtliyini yaşayan hər kəsi əhatə edən bir formasının adıdır” deyərək tərif vermişdir.

Konstitusiya Məhkəməsi Sosialist Partiyanın bağlanmasına aid verdiyi 10 iyul 1992 tarixli və E.1992/2 (Partiya Bağlama), K.1992/1 saylı Qərarında Atatürk milliyyətçiliyi ilə bağlı bunu demişdir:

“Atatürk milliyyətçiliyi… ayırıcı və irqçi bir məfhum deyil, Türkiyə Cümhuriyyətini quran türk xalqının, mənşəyi nə olursa olsun, dövlət idarəsində şübhəsiz bərabərliyi, səmimi birliyi və birlikdə yaşama istəyini təşkil edən çağdaş bir düşüncədir… Türk dövlətinin vətəndaşları arasında etnik və ya digər hər hansı bir səbəblə siyasi və ya hüquqi ayrı-seçkilikdən söhbət gedə bilməz… Türkiyədə… Milli birliyin təməli ortaq kültürə, dünyəvilik prinsipi ilə ağıla, məntiqli düşüncəyə, ehtiyata, ədalətə əsaslanan ‘Atatürk milliyyətçiliyi’dir. Konstitusiya Türk Dövlətinə vətəndaşlıqla bağlı olan hər kəsi rəsmiyyətdə türk adı ilə tanıdan birləşdirici və bütünləşdirici bir milliyyətçilik anlayışına sahibdir”.

Konstitusiya Məhkəməsi başqa bir qərarında da eyni yöndə bu ifadələri işlətmişdir:

“1982-ci il Konstitusiyasının Başlanğıcında “Atatürkün təyin etdiyi milliyyətçilik anlayışı”, 2-ci maddəsində “Atatürk milliyyətçiliyi”, 42-ci maddəsində “Atatürk prinsipləri” və 134-cü maddəsində “Atatürkçü düşüncə” sözləri işlədilərək çağdaş milliyyətçilik anlayışı yer almaqdadır. Bu anlayış ayırıcı və irqçi deyil, Türkiyə Cümhuriyyətini quran türk millətini əmələ gətirən fərdlərin mənşəyi nə olursa olsun, Dövlət yönündən müzakirəsiz bərabərliyi, səmimi birliyi və birlikdə yaşama istəyini, başqa ulusların əleyhinə deyil, dostluq əlaqələrini içdə və dışda sülhlə yaxşı ənənələri qoruyub gücləndirmə səylərini, hər kəsi sığındıran torpaqlara birgə sahib çıxma şüurunu təşkil edən çağdaş bir düşüncədir. Mənşəyi nə olursa olsun, ulus içində hər kəs fərqsiz şəkildə yer almaqda, ulusun birliyi bu cür konkretləşməkdədir. Ulus tarixi və sosial irəliləyişin yaratdığı birlikdə yaşama ünsürüdür. İrq kimi antropoloji və filoloji təməllərə əsaslanan dar bir məfhum da deyildir”.

Bu şəkildə, Atatürkün yazılarından, Konstitusiya hökmlərindən və Konstitusiya Məhkəməsinin qərarlarından yola çıxaraq, Atatürk milliyyətçiliyi anlayışının subyektiv millət məfhumu üzərində qurulduğunu görürük.

 

  1. TÜRK MİLLƏTİNİ FORMALAŞDIRAN FAKTORLAR NƏLƏRDİR?

Yuxarıda hüquqi olaraq türk millətinin tərifində subyektiv millət anlayışının keçərli olduğunu gördük. Elə isə, hüquqi olaraq türk millətinin subyektiv faktorlardan təşkil olunmalı olduğunu deyə bilərik.

Hüququmuzdakı Obyektiv Milliyyətçilik Ünsürləri.– Ancaq hüququmuzda obyektiv milliyyətçilik ünsürləri də var. Məsələn, Konstitusiyanın üçüncü maddəsinə görə, Dövlətin dili türk dilidir. Ancaq bir dövlətdə bir və ya bir neçə rəsmi dilin qəbul edilməsi zəruridir. Bu baxımdan bu hökmü subyektiv milliyyətçilik prinsipinə zidd görmək lazım deyil. Siyasi Partiyalar Qanununda və Dərnəklər Qanununda türk dilinin məcburi istifadəsinə aid hökmlər vardır. Çünki, Konstitusiyanın 26-cı maddəsinin üçüncü bəndinə görə, “düşüncələrin açıqlanmasında və yayılmasında qanunla qadağan edilmiş hər hansı bir dil istifadə edilə bilməz”. Dolayı yolla, düşüncənin müəyyən bir dildə açıqlanması və ya müəyyən bir dildə qəzet nəşr edilməsi, televiziya yayımı edilməsi qanunla qadağan edilə bilər. Konstitusiyamızın 42-ci maddəsinə görə, “türk dilindən başqa heç bir dil təhsil və tədris qurumlarında türk vətəndaşlarına ana dilləri olaraq oxudula və öyrədilə bilməz”. Dolayısı ilə, Konstitusiyamıza görə, türk dili sadəcə dövlət işlərində işlədilməli olan “rəsmi dil” deyil, eyni zamanda təhsil və tədris baxımından bir növ “rəsmi ana dili”dir. Bu hökmü subyektiv milliyyətçilik anlayışı ilə əlaqələndirmək çətindir. Nəhayət, Konstitusiyamız 134-cü maddəsində “Atatürkçü düşüncəni, Atatürk prinsip və inqilablarını, türk kültürünü, türk tarixini və türk dilini elmi yoldan araşdırmaq, tanıtmaq və yaymaq və nəşrlər etmək məqsədi ilə” Atatürk Kültür, Dil və Tarix Yüksək Komitəsini qurmuşdur. İtaliklə verdiyimiz bu ünsürlərin subyektiv millət anlayışının ünsürləri olduğu bir az şübhəlidir.

“Türk Soyu”.– Nəhayət, 11 fevral 1964 tarixli və 403 saylı Türk Vətəndaşlığı Qanununun 7-ci maddəsinin c bəndi də “türk soyundan olanlarla həyat yoldaşları və yetkin uşaqları”nın ümumi olaraq vətəndaşlığa alınma şərtləri axtarılmadan, istəklərinə görə Daxili İşlər Nazirliyinin təklifi və Nazirlər Kabinetinin qərarı ilə türk vətəndaşlığına alına biləcəklərini nəzərdə tutur. Maddədə adı keçən “türk soyu” ibarəsi, şübhəsiz, subyektiv yox, obyektiv millət anlayışına daxil olan ünsürdür.

Həmçinin, “türk soyu” ibarəsi 14 iyun 1934 tarixli və 2510 saylı İskan* Qanununda (*İskan – Osmanlıların fəth etdikləri yerlərə İslamı yaymaq, bölgəni türkləşdirmək və dövlətin möhkəmliyini təmin etmək üçün türkləri yerləşdirməsi) da keçir. Bu qanunun 3-cü maddəsinə görə,

 

 

 

“Türkiyəyə yerləşmək məqsədilə xaricdən tək olaraq gəlmək istəyən, türk soyundan məskun və ya köçəri fərdlər Səhhət və İctimai Müavinət Vəkilliyinin mütaliəsi alınmaq şərti ilə, Daxiliyyə Vəkilliyinin əmri ilə və toplu şəkildə gəlmək istəyən türk soyundan məskun və ya köçəri fərdlər və aşirətlər… bu qanunun hökmlərinə görə Daxiliyyə Vəkilliyinin mütaliəsi alınmaq şərti ilə, Səhhət və İctimai Müavinət Vəkilliyinin əmrləri ilə qəbul edilirlər. Bunlara mühacir deyilir”.

Bununla birlikdə, “türk soyu”nun nə olduğu nə Türk Vətəndaşlığı Qanununda, nə də İskan Qanununda açıqlanmışdır. Bu halda, “türk soyu” ifadəsindən nə anlamalı olduğumuza tətbiqinə baxaraq qərar verməliyik. Hansı topluluqlar mühacir olaraq Türkiyəyə qəbul edilmiş və iskan edilmişdir? Buna qarşı olaraq, hansı topluluqlara Türkiyəyə mühacir olaraq gəlmə izni verilməyib? Həmçinin, Nazirlər Kabineti kimləri türk soyundan qəbul edib vətəndaşlığa alma qərarı verdiyi halda, kimləri türk soyundan saymayaraq vətəndaşlığa almayıb?

“Türk Kültürünə Bağlı Məskun Kimsələr”.– Başqa tərəfdən, 14 iyun 1934 tarixli və 2510 saylı İskan Qanununda “türk soyu” təbirindən başqa bir də “türk kültürünə bağlı məskun kimsələr” təbiri də qeyd edilib. Bu qanunun 3-cü maddəsinə görə,

“Türkiyəyə yerləşmək məqsədi ilə kənardan… gəlmək istəyən… türk kültürünə bağlı məskun kimsələr bu qanunun hökmlərinə görə, Daxiliyyə Vəkilliyinin mütaliəsi alınmaq şərtilə Səhhət və İctimai Müavinət Vəkilliyinin əmrləri ilə qəbul olunurlar”.

Qanun kimlərin “türk kültürünə bağlı məskun kimsələr” olduğunu bildirməməklə birlikdə, eyni maddənin ikinci bəndi “kimlərin və hansı məmləkətlərin xalqlarının türk kültürünə bağlı sayılacağı İcra Vəkilləri Heyəti qərarı ilə təsbit edilir” deyir. Yəni, “türk kültürünə bağlı olma”nın nə demək olduğunu Nazirlər Kabineti təyin edəcəkdir. Digər tərəfdən, 16 iyun 1989 tarixli və 2383 saylı Qanun ilə İskan Qanununa əlavə edilən əlavə-33-cü maddəyə görə, “Bolqarıstandan köçməyə məcbur edilərək 01/01/1984 tarixindən sonra Türkiyəyə gələrək yerləşmək istəyən türk soylu insanlar, 14/06/1934 tarixli və 2510 saylı Qanun hökmlərinə görə, türk kültürünə bağlı sərbəst və ya iskanlı köçkün sayılır” deyilir.

Tətbiq.– “Türk soyu”ndan nə başa düşməli olduğumuz mövzusunda vətəndaşlığa alınma, mühacir olaraq qəbul edilmə və iskan tətbiqlərinə baxmaq lazımdır. Osmanlının son dövrlərindən bu yana, kimlərin mühacir olaraq ölkəyə qəbul edildiyini və iskana tabe tutulduğunu, bundan əlavə, kimlərin, hansı qrupların köçmə istəklərinin rədd edildiyini araşdırmaq və bundan sonra bir sıra nəticələrə gəlmək lazımdır.

Bizim bu mövzudakı səthi müşahidələrimiz belədir:

İlk olaraq, həm Osmanlı, həm də Cümhuriyyət dövründə Balkan yarımadasında yaşayan türkcə danışan və müsəlman (sünni-hənəfi) olan türklər hər zaman türk soyundan qəbul edilmiş və Türkiyəyə köçmələrinə hər zaman icazə verilmiş və türk vətəndaşlığına alınmış və iskanları üçün səy göstərilmişdir. Digər yandan, həm Osmanlı, həm də Cümhuriyyət dövründə Türkiyənin şimal və qərb qonşularından Türkiyəyə köçmək istəyənlərə, müsəlman olmaları şərti ilə, türkcə bilib-bilmədiklərinə baxılmadan köç izni verilmiş, bu insanlar iskana tabe tutulmuş və onlara türk vətəndaşlığı verilmişdir. Məsələn, çərkəzlər belədir. Ana dili olaraq çərkəzcə danışan və din olaraq müsəlman (sünni-hənəfi) olan bu insanlara Osmanlıdan bəri hər zaman köç izni verilmiş və türk vətəndaşlığına alınmışlardır. Bosniyalılar da belədir. Ana dili olaraq Bosniya dilində danışan və din olaraq müsəlman (sünni-hənəfi) olan bu insanlara Osmanlıdan bəri hər zaman köç izni verilmiş və türk vətəndaşlığına alınmışlardır. Pomaklar da eyni vəziyyətdədir. Ana dili olaraq pomakca danışan və din olaraq müsəlman (sünni-hənəfi) olan bu insanlara Osmanlıdan bəri hər zaman köç izni verilmiş və türk vətəndaşlığına alınmışlardır. Həm çərkəzlər, həm bosniyalılar, həm də pomaklar özlərini türk millətinin bir parçası hiss etmişlər, dövlətə sədaqət göstərmişlər, türk dövlətinin bəşəri ünsürünün ayrılmaz bir parçası olmuşlar. Bu qruplar bütün tarixləri boyunca türk dövləti ilə birlikdə hərəkət edib, savaşlarda birlikdə çarpışıb, birlikdə zəfərlər qazanıb, birlikdə məğlub olub, birlikdə ortaq əzablar çəkiblər. Bu ortaq keçmişin yanında, bu qruplar türk milləti ilə eyni istiqbal və ülkü birliyini paylaşırlar. Budur, bu şəkildə bu qruplar türk millətinə bağlanıblar, onun bir parçası halına gəliblər. Bu qrupları türk millətinə bağlayan obyektiv ünsür dil və ya irq birliyi yox, din birliyidir (sünni-hənəfi). Bu obyektiv ünsürdən başqa, bu qruplar tarix birliyi, ülkü birliyi kimi subyektiv ünsürlərlə də türk millətinə bağlıdır. Göründüyü kimi, bu qrupları türk millətinə bağlayan qruplar bir yandan obyektiv ünsür olaraq din, digər yandan da subyektiv ünsür olaraq keçmiş və ülkü birliyidir.

Cümhuriyyətin ilk dövrlərində türk millətinin təyinedici ünsürləri olaraq irq və dil ünsürlərinin önə çıxdığı müşahidə edilir. Çünki, bu dövrdə türklərin Orta Asiyadan gəldikləri xüsusi vurğulanmış, öztürkcəçilik axımı ilə türk dilinə özəl bir əhəmiyyət verilmişdir. Eyni dönəmdə dünyəvi siyasət aparılmış, dini ünsürlər ikinci plana atılmışdır. Ancaq köç və vətəndaşlıq siyasətlərində bunun tərsi edilmişdir. Türk millətini formalaşdıran ünsür olaraq, qərb və şimalda dil ya da irq yox, din əsas götürülmüşdür. Yuxarıda göründüyü kimi, ana dili türkcə olmayan bosniyalı və pomaklara köç izni və vətəndaşlıq verilərkən, Kamal Karpatın müşahidə etdiyi kimi, irq olaraq türk olan və ana dili olaraq türkcə danışan, lakin xristian olan qaqauzlara köç izni verilməmişdir. Kamal Karpatın dediyinə görə:

“İzzəddin Keykavusdan gələn və ana dilləri türkcə olan qaqauzlar 13-cü əsrdə Qara Dəniz sahillərinə yerləşərək xristianlığı qəbul edib, daha sonra Bessarabiyaya köçmüşdülər. Bu qaqauzlar Türkiyəyə köçmək istəsələr də, hökumət onlara icazə verməmişdi… Digər yandan, heç türkcə bilməyən, irq baxımından da türk olmayan bosniyalılar və pomaklar müsəlman olduqları üçün və müsəlman albanlardan fərqli olaraq, Osmanlı İmperiyasına sadiq olduqları üçün sərbəst olaraq Türkiyəyə köçdülər”.

Bosniyalı və pomaklara köç izni verilərkən, qaqauzlara bu iznin verilməməsi türk millətini əmələ gətirən faktorun dil və irq birliyi yox, din birliyi olduğunu göstərir.

Osmanlı İmperiyasını klassik dönəmdə qərb və şimal qonşularından ayıran ünsür din ünsürü idi. Osmanlı İmperiyasının bu qonşuları xristian idi. Osmanlı İmperiyasını şərq qonşusu İrandan ayıran cəhət isə məzhəb fərqi idi.

Osmanlı İmperiyasının dağılma dönəmində Osmanlı təbəəsindəki bəzi qruplarda, zaman keçdikcə, ayrı bir millət olduqları düşüncəsi yaranmış və bu qruplar Osmanlıya qarşı qiyam qaldırmışdı. Bu qruplardan rumlar, serblər və bolqarlar uğurlu olsa da, ermənilər uğursuzluğa uğramışdı. Fikrimizcə, bu qrupları öz aralarında ayıran ünsür dil ünsürü olsa da, bunları Osmanlıdan ayıran ünsür, yəni bunları Osmanlıdan ayrı bir millət halına gətirən ünsür dil yox, din ünsürü idi. Çünki, serblərlə eyni dildə danışan müsəlman bosniyalılar Osmanlı İmperiyasına qarşı üsyan etməmişdilər; ayrı bir millət olduqlarını iddia etməmişdilər. Həmçinin, bolqarlarla eyni dildə danışan müsəlman pomaklar da Osmanlı Dövlətinə qarşı üsyan etmədilər. Bosniyalılar və pomaklar başqa dildə danışsalar da, özlərini osmanlı olaraq görürdülər. Bosniyalıları və pomakları Osmanlı Dövlətinə bağlayan ünsür, şübhəsiz ki, din birliyi idi.

1923 Əhali Mübadiləsi Sözləşməsi.– Türk millətinin dil və irq ünsürü ilə yox, din ünsürü ilə təyin edildiyinin bir sübutu da Türkiyə ilə Yunanıstan arasında 30 yanvar 1923 tarixində imzalanan Lozanna Sülh Müqaviləsinin bir hissəsi olan Əhali Mübadiləsi Sözləşməsidir (Mübadilə-i Əhaliyyə Mütədair Lozanna Müahidənaməsi). Bu sözləşmənin 1-ci maddəsi “türk torpaqlarına yerləşmiş rum ortodoks dinindən olan türklərlə, yunan torpalarına yerləşmiş müsəlman dinindən olan yunanların” məcburi mübadiləsini nəzərdə tuturdu. Yəni, Türkiyədəki “rum ortodoks dini”nə mənsub olanlar yunan olaraq qəbul edilib Yunanıstana, Yunanıstandakı “müsəlman dini”ndə olanlar isə türk qəbul edilib Türkiyəyə göndərilmişdir.

Orta Anadoludan (Kappadokiya) Yunanıstana məcburi köçürülən “qaramanlı” olaraq adlandırılan ortodoks məzhəbinə mənsub insanlar rum dilini bilmir, ana dili olaraq özlərinin “qaramanlıca” dedikləri və əslində türk dilindən heç bir fərqi olmayan bir dildə danışırdılar. Bu insanlar yunan hərfləri ilə türk dilini yazır, ibadətlərini belə türkcə edirdilər. Qaramanlı ortodokslarının Yunanıstana göndərilməsi türk milləti anlayışının dil üzərində qurulmadığının gözəl bir sübutudur. Türkiyə öz torpaqlarında əski zamanlardan bəri yaşayan və ana dilləri türk dili olan, amma müsəlman olmayan bu insanları türk millətinə mənsub saymamışdır. Digər yandan, 30 yanvar 1923 tarixli Əhali Mübadiləsi Sözləşməsinə görə, Kritdən Türkiyəyə göndərilən müsəlmanlar da ana dili olaraq türkcə yox, rumca danışırdılar. Türkiyə ana dili rumca olan bu insanları öz torpaqlarına qəbul edib, onlara vətəndaşlıq verməyə tərəddüd etmədi. Ona görə ki, bu insanlar müsəlman idilər. Kritdən gələn rumca danışan müsəlmanların Türkiyəyə qəbul edilməsi də eyni şeyi göstərir. Türk milləti məfhumu dil üzərində yox, din üzərində qurulub.

Ancaq qərb və şimal qonşularına bu cür davranan Türkiyə şərq və cənub qonşularına başqa cür davranmışdır. Türkiyə şiə olan Azərbaycan və İran türklərini qəbul etməkdə tərəddüdlü davranmışdır. Türkiyənin şərq sərhədinə görə, türk – türk olmayan ayrılığı məzhəb fərqi üzərində qurulub. Cənubda isə millət anlayışı dinə yox, dilə və irqə görə təyin edilir. Türk milləti ilə ərəb milləti arasındakı ayrılıq dilə və irqə görədir.

Konkret olaraq türk milləti anlayışına görə, bu fərqləri söyləyə bilərik: şimal və qərbdə türk ilə türk olmayanı ayıran şey dil yox, dindir. Şərqdə türk ilə türk olmayan bir-birindən ayıran şey məzhəb fərqidir. Cənubda türklə türk olmayanı bir-birindən ayıran şey isə din və məzhəb yox, dil və irqdir. Türk türkcə danışar. Türk olmayan isə ərəbcə danışar.

  1. MİLLİ BÜTÖVLÜK

 

  1. MİLLİ BÜTÖVLÜYÜN ÖNƏMİ

Dövlətin bəşəri ünsüründə birnövlülük, başqa sözlə “milli bütövlük (homogénéité nationale)” dövlətin möhkəmliyi baxımından çox önəmlidir. Milli bütövlüyə sahib olan dövlətlər üzləşdikləri böhranları çox daha rahat həll edə bilirlər. Bunun əksinə, milli bütövlükdən məhrum olan dövlətlər bu cür böhranlardan sonra parçalanma təhlükəsi ilə üz-üzə olurlar. Osmanlı İmperiyasının dağılması buna nümunədir. Milli bütövlükdən böyük ölçüdə məhrum olan Osmanlı İmperiyasına tabeliyində olan azlıqlar xəyanət etmişdi. Örnək olaraq, Osmanlı vətəndaşı olan bir çox rum Qurtuluş Savaşı dönəmində yunan ordusuna yazılaraq vətəndaşı olduqları dövlətə qarşı silah tutmuşdular. Sovet İttifaqı 1980-ci illərin sonunda üzləşdiyi böhrandan çıxa bilməmiş, tərkibində olan etnik qruplar müstəqilliklərini elan etməkdən çəkinməmişdilər. Milli bütövlüyü olmayan Yuqoslaviyanın 1990-cu illərdə demokratiyaya keçidi çox çətin olmuş, qanlı bir vətəndaş müharibəsi ortaya çıxmış və sonda Yuqoslaviya parçalanmışdı. Halbuki, eyni dönəmdə milli bütövlüyə nisbətən daha çox sahib olan Polşa, Macarıstan və Rumıniya kimi ölkələrdə demokratiyaya keçid daha asan olmuş, bu ölkələr varlığını qoruya bilmişdi.

  1. MİLLİ BÜTÖVLÜYÜ TƏMİN ETMƏYİN YOLLARI

Bu səbədən, hər dövlət öz təməllərini möhkəmləndirmək üçün milli bütövlüyünü təmin etməyə çalışır. Hər dövlət öz bəşəri ünsürünü bəlli bir ölçüdə də olsa, homogenləşdirmək məcburiyyətindədir. Bunun üçün dövlətlər bəşəri ünsürü içindəki yekcins olmayan topluluqları, etnik azlıqları əritmək, milli bütövlüklərini təmin etmək üçün müxtəlif üsullara əl atırlar. Bu üsullar bunlardır:

  1. Bu üsulların başında assimilyasiya üsulu gəlir. Assimilyasiya sülhsevər bir üsuldur. Əksər hallarda zorakılığa əl atılmır. Amma uzun zaman tələb edir. Tam bir assimilyasiya yalnız bir neçə nəsil sonra olur. Din və dil baxımından fərqli olan qruplar assimilyasiya edilə bilər. Ancaq irqi baxımdan fərqli olan qruplar assimilyasiya edilməsi bu işin mahiyyəti baxımdan mümkün deyil. İnsan dilini, dinini dəyişdirə bilər. Amma rəngini dəyişdirə bilməz.

 

  1. Digər üsullar assimilyasiya kimi sülhsevər deyil. Zorakılığa əsaslanır. Ona görə, bunlar arzuedilən yox, əxlaqi baxımdan məhkum ediləcək üsullardır. Bunlardan biri deportasiya, yəni məcburi köçürmədir. Bunun ən tipik nümunəsi yuxarıda qeyd etdiyimiz Türkiyə ilə Yunanıstan arasında 30 yanvar 1923 tarixində Lozannada imzalanan Əhali Mübadiləsi Sözləşməsidir (Mübadilə-i Əhaliyyə Mütədair Lozanna Müahidənaməsi). Bu sözləşməyə görə, Türkiyə öz torpaqlarında yaşayan rumları Yunanıstana məcburi köçürərək, öz insan ünsürünü homogenləşdirmiş, milli bütövlüyünü böyük ölçüdə təmin etmişdi. Eyni şəkildə, Yunanıstan da öz torpaqlarında yaşayan müsəlmanları məcburi şəkildə Türkiyəyə köçürərək, öz milli bütövlüyünü qorumuşdu. Məcburi əhali mübadiləsinin bir çox mənfi sosial, iqtisadi, kültürəl nəticəsi, şübhəsiz ki, olmuşdu. Amma hər iki dövlət milli bütövlüklərini böyük ölçüdə təmin edərək, daha möhkəm təməllər qurmuş, bölgədə nisbətən sabitlik yaratmışdı. Bu mübadilədə istisna olan İstanbul rumları və Qərbi Frakiya müsəlmanları ilə bağlı yaranan problemlər xatırlanarsa, aparılan mübadilənin hər iki ölkənin milli bütövlüyü baxımından verdiyi fayda aydın görünür.

 

  1. Deportasiyadan daha ağrılı və insanlıq baxımından məhkum ediləcək bir üsul isə genosid, yəni soyqırımdır. Bu üsula Almaniyada nasistlər yəhudilərə və qaraçılara qarşı əl atmışdılar. Nasistlər adı çəkilən insanları həbs düşərgələrinə yığmış, bunları müxtəlif yollarla öldürmüş ya da ölümlərinə aparacaq şəraitlərdə işlətmişdilər.

Şübhəsiz, assimilyasiyanı bir kənara qoysaq, deportasiya və genosid kimi milli bütövlüyü təmin etməyin yolları ən azı bir əxlaq və insanlıq düşüncəsinə sığmır. Milli bütövlük pozulduqdan sonra təmin etmək elə də asan deyil. Elə isə, milli bütövlüyün qorunması, yəni pozulmasının qarşısının alınması daha sülhsevər və insanidir.

  1. MİLLİ BÜTÖVLÜYÜN  POZULMASINA  APARAN  FAKTORLAR

Milli bütövlükdən məhrum olan dövlətlər müxtəlif üsullarla milli bütövlüklərini, az da olsa, təmin etməyə çalışırlar. Ancaq bir dövlət milli bütövlüyünü təmin etdikdən sonra işi bitmir. Milli bütövlüyə sahib olan dövlətlər də zaman keçdikcə milli bütövlüklərini itirə bilirlər. Milli bütövlüyün pozulmasına gətirib çıxaran başlıca amillər bunlardır:

  1. İdeoloji Amillər

Başqa dövlətin bəşəri ünsürü ilə bütünləşmiş olan, özünü o millətin bir hissəsi olaraq qəbul edən bir etnik qrup, zaman keçdikcə bir sıra ayırıcı etnik ideologiyaların təsiri altında özünü ayrı bir millət olaraq görməyə başlayır və milli bütövlük bu şəkildə pozulur. Misal üçün, Türkiyədə kürdlərin bir qisminin ümumi durumu bu cürdür. Qurtuluş Savaşı dövründə özlərini bu dövlətin bəşəri ünsürünə aid görüb, türklərlə birlikdə işğalçı qüvvələrə qarşı döyüşən kürdlərin nəvələrinin bəziləri 1980-ci illərdən sonra bir sıra ideologiyaların təsirinə düşərək, özlərini ayrı bir millət olaraq görməyə başladılar və bu da, bilindiyi kimi, ölkəmizin 1980 və 1990-cı illərdə çox ağır problemlərlə üzləşməsinə səbəb oldu. Bu səbəbdən, hər dövlət bəşəri ünsürünü təşkil edən etnik qrupların milli kimlik mövzusunda bilikli olmasına qarşı çıxmağa çalışır. Tərsinə, onları öz millətindən olduğu yönündə propoqandaya məruz qoyur. Bu, milli bütövlük baxımından zəruri bir şeydir.

  1. Demoqrafik Amillər: Əhali Artımı

Digər tərəfdən, bəzən dövlətin bəşəri ünsürünün içində olan bir azlıq, sayları az olduğu üçün ilk zamanlarda milli bütövlük üçün təhlükə sayılmaz. Çünki, sayları azdır. Bu fərqli qrupun varlığı milli bütövlük dənizinin içində görünməyə bilər. Ancaq əhali nisbətləri sabit bir şey deyil. Zaman keçdikcə bu balans dəyişə bilər. Say baxımından əhəmiyyət verilməyən bir azlıq durumunda olan bir etnik qrup vaxt keçdikcə sayını artıra bilər, çoxluq vəziyyətində olan qrup da, buna baxmayaraq, sayını qorumaqda çətinlik çəkə bilər. Buna Osmanlı tarixindən örnəklər verilə bilər.

Makiel Kielin araşdırmaları bunu göstərmişdir: Şimali Bolqarıstanın Sevlievo şəhərində (şəhər mərkəzi və bu şəhərə bağlı kəndlərdə) 1751-ci ildə ümumi əhalinin 59%-i müsəlman ikən, müsəlmanların faiz nisbəti 1845-ci ildə 46%-ə, 1873-cü ildə də 37%-ə düşmüşdü. 1845 və 1873-cü illər arasında Sevlievo və kəndlərində xristian əhali ildə ortalama 1,87% nisbətində artdığı halda, eyni yerdəki müsəlman əhali 0,76% nisbətində artmışdı. Sevlievoda azlıq durumunda olan xristian bolqarlar çoxluq durumuna keçmişdilər. Bu durum qarşısında Makiel Kiel “Müsəlmanlar xristianlar tərəfindən demoqrafik olaraq yenildilər, ‘yataqda yenildilər’” demişdi. Əlavə edək: xristianlar müsəlmanları bu bölgədə dörd il sonra hərbi olaraq da məğlub etmişdilər. 1878-ci ildə Sevlievo və kəndləri Bolqarıstan sərhədləri içində qalmışdı. Bolqarlar osmanlıların təmin edə bilmədiyi milli bütövlüyü öz xeyirlərinə, müsəlman əhalini köçürərək, qısa zamanda təmin etmişdi. 1873-cü ildə Sevlievo əhalisinin 37%-ni təşkil edən müsəlmanların faizi 1887-ci ildə 12-yə, 1990-cı ildə isə 8-ə düşmüşdü. İndi isə vaxtilə əhalisinin yarısından çoxu müsəlman olan Sevlievoda bir neçə müsəlman ailə qalıb.

Başqa bir örnək Bursadan verilə bilər. Bursada 1487-ci ildə müsəlman olmayanların faizi 1,44 idi. 1521-ci ildə bu faiz 3,01 oldu. 1573-cü ildə müsəlman olmayanların faizi 6,07 idi. 258 il sonra 1831-ci ildə Bursada müsəlman olmayanların faizi ümumi əhalinin 34,69%-nə çatmışdı. 1870-ci ildə müsəlman olmayanların faizi 36,08-ə yüksəlmişdi. Bilindiyi kimi, Qurtuluş Savaşı əsnasında Bursa yunan ordusu tərəfindən işğal edilmişdi.

Daha bir tipik örnək Biqadan verilə bilər. 1530-cu ildə Biqanın bütün əhalisi müsəlman idi. Şəhərdə bir dənə də rum və ya erməni yox idi. Halbuki, 1876-cı ildə Biqada 2557 müsəlman evindən başqa 1015 rum və 60 erməni evi var idi. Biqa 4 iyun 1920-ci ildə yunan ordusu tərəfindən işğal edildi.

Osmanlı İmperiyasında, nədənsə, xristian (rum, bolqar, serb, erməni və s.) ailələr müsəlman ailələrdən çox uşaq sahibi olurdu. Kamal Karpatın göstərdiyi kimi, 1830-cu illərdə Osmanlı İmperiyasında müsəlman olmayan əhali ildə 2% artdığı halda, müsəlman əhali heç artmayıb və ya azalıb. Osmanlı İmperiyasının sosial, iqtisadi və hərbi şəraitləri əhali artımı baxımından müsəlman olmayanlara rahatlıq gətirdiyi halda, müsəlman əhalini bir növ cəzalandırmışdır. Türk kişiləri ən verimli illərini orduda keçirmiş, bir çoxu  da savaşlarda ölmüşdü. Buna qarşı olaraq, müsəlman olmayanlar əsgərliyə getməmiş, döyüşlərdə iştirak etməmiş, ticarət və iqtisadi fəaliyyətlərlə zənginləşmişdilər.

Oxşar əhali dəyişmələri başqa ölkələrdə də görülürdü. Belçikada 1900-cü illərin əvvəlində flamandca danışanlar azlıq, fransızca danışanlar çoxluq durumunda ikən, 1900-cü illərin sonunda bunun tərsi olmuşdu. Kanadada fransızca danışanların sayı iyirminci əsrin əvvəlində olduqca az ikən, iyirminci əsrin sonlarında fransızca danışanlar saylarını çox artırmışdılar.

  1. Köç

Milli bütövlüyə sahib olan bir ölkənin milli bütövlüyü köç alması səbəbindən də pozula bilər. Xarici ölkələrdən köç alan ölkələrdə hər köçkün bəşəri ünsürün homogenliyini bir ölçüdə azaldır. Buna görə, köç qəbul edən ölkələr immiqrant qəbul etmə mövzusunda çox həssas davranırlar. Hər ölkə köçlə mübarizə aparır. Köçlə mübarizə aparmağın bilinən siyasəti viza tətbiq etməkdir. Bir dövlət istəmədiyi dövlətin vətəndaşlarının ölkəsinə girə bilməsinə viza şərtini qoyar və arzu etmədiyi insanlara ya açıq şəkildə viza verməz, ya da viza alınmasını az qala mümkünsüz şərtlərə tabe tutar.

Köç siyasəti baxımından Qərbi Avropa ölkələri tamamilə uğursuz olmuşlar. Bu ölkələr həyat şəraitlərinin yüksəkliyi səbəbilə cazibə mərkəzi olublar, inkişaf etməkdə olan ölkələrdən bir çox insan da bu ölkələrə bir şəkildə köç edib və orada qalmağı bacarıb. Bir əcnəbinin bir ölkəyə keçici olaraq getməsi, bir-iki il orada işləyib geri dönməsi o ölkənin millət ünsürünün bircinsliliyini, sözsüz ki, pozmaz. Ancaq Qərbi Avropaya Afrikadan gələn ərəblər və qaradərililər oraya yerləşmək üçün gediblər və yerləşiblər və bir çoxu da o ölkənin vətəndaşlığını bir yolla əldə edib. Almaniyadakı vətəndaşlarımızın vəziyyəti də buna bir az oxşayır. Almaniyaya işçi olaraq gedənlərin böyük bir qismi ölkəmizə qayıtmışdır. Ancaq qayıtmayan bir qismi və onların övladlarının artıq Almaniyada yaşamağa qərarlı olduqları görünür. Alman vətəndaşlıq qanunları əcnəbilərə vətəndaşlıq verilməsi mövzusunda nə qədər qatı olsa da, bu vətəndaşlarımız da zamanla alman vətəndaşlığını əldə edə bilirlər. Ancaq böyük ehtimalla özlərini heç vaxt alman olaraq görməyəcəklər və həmişə türk hiss edəcəklər. Bu səbəbdən, bir dövlətin ölkəsinə önəmli sayda əcnəbi qəbul etməsi uzun vədədə milli bütövlüyün pozulmasına yol aça bilər.

Köç mövzusunda Türkiyənin uğurlu olduğunu söyləyə bilərik. Türkiyə öz milli ünsürü ilə yekcins olan insanlara, adətən, Türkiyəyə yerləşmək və türk vətəndaşlığına keçmək üçün köç izni vermiş, yekcins olmayan insanlara isə bu icazə verilməmişdir. Türkiyə ekonomik bir cazibə mərkəzi olmadığından, böyük ölçüdə əcnəbi immiqrant axınına məruz qalmamışdır. Türkiyəyə gələn xaricilərin çoxu turistdir və ya Türkiyədə müvəqqəti olaraq işləməyə gəlirlər. Türkiyəyə yerləşmək məqsədi ilə gələn əcnəbi sayı milli bütövlük baxımından təhlükəli deyil. Bundan əlavə, Türkiyə ekonomik olaraq inkişaf edər və ekonomik cazibə mərkəzi olarsa, köç təhlükəsi ilə üzləşə bilər. Çünki, Türkiyə yoxsul ölkələrlə əhatə olunub. Türkiyədə həyat şəraiti yüksələrsə, ətrafındakı ölkələrdən köç axınına məruz qala bilər. Türkiyə bu ehtimalda xüsusən ərəb və Afrika ölkələrindən gəlmək istəyənlərə qarşı çox ehtiyatlı davranmalıdır. Çünki, bu insanlar turist olaraq və ya keçici müddətə işləməyə yox, yerləşmək niyyəti ilə gələcəklər. Və bu insanlar türk milləti ilə heç bir ortaq özəlliyə sahib deyillər. Türk Vətəndaşlığı Qanununa görə, türk vətəndaşlığı qazanmaq bəzi hallarda çox asandır. Məsələn, evlilik yolu ilə türk vətəndaşlığını əldə etmək çox rahat, hətta avtomatikdir. Qərbi Avropa ölkələrində olduğu kimi, evlilik yolu ilə türk vətəndaşlığının alınmasına bir sıra çətin şərtlər qoyulmalıdır.

İlmar Məmmədli

Bütün yazıları göstər