Nitsşenin Fövqəlinsanı: Bizim Zamanın Qəhrəmanı?
İnsan heyvan və fövqəlinsan arasında bərkidilmiş kəndirdir – uçurum üzərində asılmış bir kəndir.
Çox zaman super-insan (superman) və fövqəlinsan (ali insan) kimi tərcümə edilən “Übermensch” termini Nitsşe tərəfindən ixtira edilməmişdir. “Hyperanthropos” anlamına qədim yunan yazıçısı Lukianın əsərlərində rast gəlinə bilər. Alman dilində isə sözügedən ifadə Nitsşedən öncə Müller, Herder, Novalis, Hayne (Heine) və xüsusən Göte tərəfindən Faust əsərində istifadə edilmişdir. Amerikada Ralf Valdo Emerson (Ralph Waldo Emerson) ali ruh (oversoul) barədə yazmış və ehtimal ki, onun zadəgan xarakterli, özünə inamlı “Üst-insan” obrazı (“Beyond-man”) Nitsşenin fövqəlinsan ideyasına ən böyük (Götenin Faustu istisna olmaqla) təsiri göstərmişdir. Nitsşe isə öz növbəsində, yuxarıda göstərilmiş bütün mənbələr ilə olduqca yaxşı tanış idi.
Nitsşenin Fövqəlinsanının ictimaiyyətə ilk çıxışı onun “Zərdüşt Belə Söyləmişdir” (Also sprach Zarathustra) kitabında olmuşdur. Yeniyetmə zamanında Nitsşe artıq fövqəlinsan sözünü Bayronun poemasında Alp dağlarında gəzib dolaşan və hansısa bir sirli günahı işləmiş tənha Faust tipli obraz olan Manfredə qarşı istifadə etmişdir. Bütün nüfuzlu (authoritative) güclərə qarşı meydan oxuyaraq o (Manfred), günahların bağışlanılmasına aparan dini yola etiraz edərək ölür. Nitsşenin Manfredə bağlılığının kulminasiyası onun Manfred Meditasiyası adlı piano duetini bəstələməkdə öz əksini tapmışdır. Daha sonra o, bəstələdiyi parçanı özünün musiqi qəhrəmanı hesab etdiyi dirijor Hans von Bülova göndərmişdir. Maestronun Nitsşenin “şahəsəri” barəsində “ən qıcıqlandırıcı musiqi israfı” verdikti sonuncunun musiqi bəstəkarı karyerasına son qoydu.
Nitsşe üçün fövqəlinsan ideyası nəzəriyyədən daha çox təsvir/röya (vision) olmuşdur. Sözügedən anlam onun şüurunda qəflətən 1881-ci ildə Sils-Maria (İsveçrə Alpları) yayında, “Əbədi Dönüş”, “Zərdüşt” və “Allah ölmüşdür” fikirləri ilə yanaşı, keçirilmiş vəhy hissi nəticəsində üzə çıxmışdır. Bu, fəlsəfəçi üçün şüurluluq və şüursuzluq, keçmiş və indi, acı və zövq arasındakı sərhəddə tükənməyən ekstaz anı idi. Nitsşe öz şəxsi cəhənnəminə, atasının ölüm xatirəsi ilə təqib olunan və həyatında ən vacib münasibət hesab etdiyi Vaqner (Rixard) ilə dağılmış dostluğu zamanında, “ölüm ilə çevrələnmiş həyatının ortasında” daxil olmuşdur. O, heç bir zaman fövqəlinsan anlamı ilə nəyi nəzərdə tutduğunu izah etməmiş, yalnızca bəyan etmişdir:
“Fövqəlinsan yer üzünün (earth) mənası olacaqdır!…
Mən sizə səslənirəm yoldaşlar, yerə sadiq qalın və yer üzündən olmayan (supra-terrestrial) ümidlər barədə sizə danışanlara inanmayın!…
Baxın, mən sizə Fövqəlinsanı öyrədirəm: o, həmin bu ildırımdır, o, həmin bu dəlilikdir!..
Baxın, mən qara buluddan olan ildırımın və ağır damcının peyğəmbəriyəm: lakin bu ildırım Fövqəlinsan adlanır.”
Zərdüşt belə söyləmişdir.
Nitsşenin nəyi dəqiq olaraq nəzərdə tutduğunu bildirməyi istəməməsi ikinci mərhələ ədəbiyyatında (secondary literature) saysız şərhlər və təfsirlər yaratmışdır. Hollingdeyl fövqəlinsan obrazında daxildən xaos yaradan bir şəxs görürdü, Kaufmann onda öz dəyərlərini yaratmış bir insan simvolu və Karl Yunq isə yeni bir “Tanrı”. Haydegger üçün bu, özünü ötüb keçmiş insanlığı təmsil edirdi, halbuki nasistlər üçün bu, ali irqin embleminə çevrilmişdir.
Bununla belə, Übermensch (fövqəlinsan) sözünün tərcüməsində əvvəllər problemlər olmuşdur. Bu söz “Yuxarı-insan” (Beyond-man, Tille, 1896), “Super-insan” (Superman, G.B.Shaw, 1903) və “Üst-insan” (Overman, Kaufmann, 1954) kimi təqdim edilmişdir. Əsas çətinliyi ümumi sözün tərcüməsini mümkünsüz edən alman dilindəki “über” (yuxarı, üst, super) prefiksi doğurur. Qeyd olunmuş sözün cinsi neytrallığına baxmayaraq, rahatlıq xatirinə həmin söz kişi cinsi kontekstindən istifadə olunacaqdır.
Fövqəlinsan nə deyildir
“Hər şeydən öncə məni olmadığım ilə qarışdırmayın!”
Ecce Homo
Fövqəlinsan bir nasist deyildir. Nitsşenin anti-semit bacısı Elizabet Hitleri 1934-cü ildə qardaşının Veimardakı ziyarətgahına dəvət etmiş və mahiyyətcə onun fəlsəfəsini təklif etmişdir. Nitsşenin işlərini daha öncə heç bir zaman oxumayan Fürer Elizabet tərəfindən təqdim edilmiş, fəlsəfəçinin atalar sözlərinə bənzəyəcək tərzdə seçilmiş parçalarını alaraq, Fövqəlinsanı ali irqin simvoluna uyğunlaşdırdı. Hitler Nitsşenin “bütün anti-semitlər güllələnməlidir” sözlərini yazdığını, habelə onun güclü anti-milliyyətçi və pan-avropalı meyllərini bilmirdi. Eyni zamanda o, özü barədə “sonuncu anti-siyasi alman” kimi də bildirmişdir. (Ecce Homo, Niyə mən belə müdrikəm)
Bəzi anarxistlər Fövqəlinsanı onun güc və fərdlilik (individualism) aspektlərinə görə öz məqsədlərinə bağlamışdırlar. Lakin, Nitsşe heç vaxt eqoist hədəflər üçün dövlətin və ya qanunvericiliyin ləğv olunmasının tərəfdarı deyildi. Tam əksinə: o, yaxşı nizamlanmış ruh və yaxşı nizamlanmış cəmiyyətin tərəfdarı kimi çıxış edirdi.
Fövqəlinsan tiran deyildir. Hər bir halda, həmin şəxs tiraniyaya qadir olan, eyni zamanda bu hisslərin və niyyətlərin öhdəsindən gəlməyə və onları lazımi istiqamətdə yönləndirməyi bacaran şəxsdir. Onun böyüklüyü zəiflik və iradəsizlik vəziyyətindən deyil, tam əksinə onun güclü hisslərinin qüdrətindən qaynaqlanır. O, daha çox özünü bütünlüyə intizamlaşdırmış, dəyər yaradan və dəyər dağıdan azad ruhdur, “İsa ruhlu Roma Sezarı” (Will to Power, İradə Əzmi). Onu da qeyd etmək olduqca vacibdir ki, hələlik bu günə qədər heç bir zaman Fövqəlinsan olmamışdır və o bir ideal olaraq qalmaqdadır.
Qəhrəmanın Bütünlük Axtarışı
“O, qayıdır, son olaraq mənə, evə qayıdan mənim “Öz”üm və mən“dən” olan artıq uzun müddətdir yad torpaqlardadır və bütün əşyalar və bədbəxt təsadüflər arasında səpələnmişdir.”
Zərdüşt belə söyləmişdir
On dördüncü əsr İngiltərəsində istifadə edilmiş “hero” (qəhrəman) sözü yunan dilindəki Ἥρως (iros) sözündən gəlmədir. Nitsşenin ruhunda dərin bir qəhrəmanlıq xüsusiyyəti var idi və bir qəhrəman arxetipi onun həyatında və fəlsəfəsində aparıcı gücə çevrilmişdir. “Ecce Homo” əsərində fəlsəfəçi etiraf edir: “Mən təbiətən savaşqanam. Hücum mənim instiktlərimdən biridir… Mən yalnız qalib gələn səbəblərə hücum edirəm… hardakı mən tək olaraq dururam…” Çox böyük ehtimal ilə onun gənclik vaxtlarında oxuduğu Homerin “İliada” və “Odissey”, eyni zamanda Şekspirin tragediyalarındakı məhz qeyri-adi şəxslərin qəhrəmanlığı onu bu kontekstdə cəlb etmişdir. Daha sonra o, Vaqnerin musiqili dramlarında qəhrəmanın mifik səyahətini özü üçün bir daha kəşf etmiş oldu.
Yunq (C.G.Jung) qəhrəman arxetipinin bütün arxetiplər arasında ən qədim və güclü olduğuna inanır, həmçinin Budda, Məsih və ya Məhəmməd kimi din fiqurlarının onun fərqli təcəssümü (personification) olaraq hesab edirdi (The Archetypes and the Collective Unconscious). Qəhrəmanın yolu nəticə etibarilə özünə-inteqrasiya yoludur. Yunqun “individuasiya” (individuation) adlandırdığı son təyinat nöqtəsi bütövlük və tamlıq vəziyyətidir ki, bu isə öz növbəsində “əks”lərin (opposites) birləşdirilməsini əhatə edir. Həqiqətən, Heraklitusdan götürülmüş coincidentia oppositorum (əkslərin təsadüfü) konsepsiyası Fövqəlinsan olmaq istiqamətində əsas aparıcı qüvvədir. Daxili münaqişənin daimi gərginliyi və enerjisi nəticə olaraq ilham və yaradıcılıq mənbəyinə çevrilir; mübarizə “yeni və daha güclü yaradılışlara” səbəb olur. İstənilən bir qüvvənin artıqlığı qaçılmaz olaraq onun əksini yaradır və daxili tarazlıq sözügedən əkslərin birləşdirilməsi (və ya Nitsşenin istifadə etdiyi öhdəsindən gəlmək terminini istifadə etsək) yolu ilə əldə edilə bilər. Tarazlığın bərpası – sağalmanın mahiyyətidir. Fövqəlinsan “bütün əkslərin qarışdırıldığı birlik” ifadəsini əks etdirən və hər şeyi əhatə edən bütövlük anlamının bərabəri olan yeni “daha böyük sağlamlıq” anlamının tərəfdarı kimi çıxış edir (Şən Elm). Şüurluluq və şüursuzluq, xeyir və şər, dünyəvi və ruhsal anlamlar müxtəlifliyini əhatə edən bir harmoniyada sinxronlaşır. Əsil (noble) bir ruh artıq bölünmüş deyildir: Nitsşenin dediyi kimi, o, daxilən parçalanmış bir şəxs yox, bütöv bir “fərd” olmuşdur. Çevrilmənin (və ya dirilmənin) elementi qəhrəmanın mesajının mərkəzində dayanır. Böyük qəhrəman (der Überheld) öz üzərində qalib olaraq, öz daxili impuls və ehtiraslarını toparlayaraq istiqamətləndirir və heç kimə, hətta Tanrıya belə borclu olmur. “Olmalı gərəkən şəxsə dönüşmək” prosesində Fövqəlinsan dərrakə və ehtirası, nizam və xaosu, intizam və ekstazı birləşdirir. Lakin, “təmamən bir” və azad olmaq öz həyatının tam olaraq cavabdehliyini daşıyaraq nəticədə yalnız olmaq deməkdir. Öz uğursuz bəxtinə görə günahı üstünə atılacaq günah keçisi yoxdur; nə yəhudilər, nə xristianlar, nə müsəlmanlar və hətta nə də şeytan. Hər bir kəs öz azadlıq və təkliyinə məhkum edilmişdir:
“İnsan keçmişinin ən uzun müddəti ərzində bir şəxsin yalnız olduğunu hiss etməsi kimi dəhşətli heç nə yox idi. Yalnız olmaq, hər şeyi tək başına yaşamaq, nə itaət etmək, nə də hökmranlıq etmək, fərd (individual) olmaq – bu zövq deyil, cəza idi; şəxs “fərdiliyə” məhkum edilmişdir; fikir azadlığı özü özlüyündə bir narahatlıq hesab olunurdu.”
Şən Elm
İlahiliyin Geri Qaytarılması
“Fövqəlinsanın gözəlliyi mənə kölgə kimi gəlmişdi: indi mənimçün tanrılar nədir ki!”
Zərdüşt belə söyləmişdir
Nitsşe Allah sui-qəsdçilərinin ən cəsarətlisi nüfuzunu qazanmışdır. Onun Şən Elm kitabında bir dəli “Allah ölmüşdür. Allah ölü olaraq qalır. Və biz onu öldürdük.” deyə bəyan edir. Daha sonra o, sual verir: “sadəcə olaraq buna layiq olmağa görsənmək üçün biz özümüz tanrılar olmamalıyıqmı?”. “Ölən tanrı” obrazının minillik yaşı var: Misir Osirisi, Yunan Dionisi, habelə İsa Məsih ölüm və daha sonra bir formada dirilmə yaşamışlar. Bəlkə də insanlığın tanrılar yaratmağa can atması onları məhv etmək istəyi ilə sıx olaraq bağlı olmuşdur?
Ruhun Fenomenologiyası əsərində Hegel insan mahiyyətinin ilahilik kimi ayrılması və onun sonradan yenidən mənimsənilməsinin dinlərin yaranmasına və tənəzzülünə səbəb olduğu fikrini irəli sürmüşdür. Lüdviq Feyerbax və Karl Marks kimi şəxslərin də daxil olduğu “Gənc Hegelçilər” mövzunu davam etdirmişlər. Feyerbax Allahın yaradıcılığını insanın tam olaraq öz potensialını anlamamasının yansıması kimi, Allahın qüdrətliliyini isə insanın sonluq və zəiflik hisslərinin yansıması kimi görürdü. Feyerbax Xristianlığın Mahiyyəti kitabında “Ateizm – dinin sirridir” deyərək belə bir iddia irəli sürmüşdür. İnsanlığın yetişmiş özünüdərkliyə nail olduğu zaman bu cür yansımalara ehtiyac olmayacaqdır. Nitsşenin özünün Xristian dinindən uzaqlaşması zamanı onun Feyerbaxı oxumasına təsadüf etmiş, eyni zamanda sonradan onun Şopenhauerin işləri ilə dərindən tanış olması ilə davam etmişdir. Onun vəzifəsi insanlığın tanrıya bənzər hissəsini geri qaytarmaq olmuşdur və Fövqəlinsanı buna bir cəhd kimi görmək mümkündür. Bütövlüyün axtarışı kosmik birliyin axtarışıdır; bu eyni zamanda Tanrının axtarışıdır. Yunq “Öz”lük arxetipinin üzə çıxmasını dini təbiətin açıqlanması olduğuna inanırdı; Tanrının və insanın açıqlanması. “Öz”lüyün açıqlanması onun “Daxildəki Tanrı” adlandırdığı şəxsiyyət keçidi (transpersonal) gücü formasında yaşanır və bu, “mərkəzi hər yerdə və ətrafı heç bir yerdə olmayan bir aydın sahədir” (C.G. Jung Mysterium Coniunctionis). Fövqəlinsan məhz “fərqli olmaq üçün heç bir şey, nə arxaya, nə irəli, nə dəki bütün əbədiyyatda” anlamına can atır. Əbədi Dönüş tam özünüqəbulun son sınağına çevrilir; bu eyni zamanda Nitsşenin son həyat formulasının olduğu taleh sevgisinin (amor fati) bəyanatıdır. Kazantzakisin “Yunan Zorba” əsərindəki Zorbanın Krit çimərliyindəki “Dionis”cəsinə dikbaş rəqsi bu fikrin ən inandırıcı təcəssümüdür. Fövqəlinsan əsl “öz həyatının şairi”dir. O, daha Allah və ya tanrıların əlində bir oyuncaq deyil, öz taleyinin yaradıcısıdır. Özünü yaratma və özünü məhv etmə prosesində o, “kimdirsə ona çevrilir” (becomes what he is), “yaradanın və yaradılmışın birləşdiyi” simvol (Xeyir və Şərin kənarında). Nitsşenin əxlaqi kainatında şər öhdəsindən gəlməli gərəkən bir zəruriyyətdir. “İradə Əzmi” şəxsin öz instinktlərini, şərini və küskünlüyünü idarə etmək iradəsidir və digərlərini tabe etmək ilə heç bir ortaqlığı yoxdur. Əbədi özünü aşma prosesində Fövqəlinsan insan varlığının hüdudlarını aşır; insan öz üzərində hökmdar olur. “Mən sizə Fövqəlinsanı öyrədirəm. İnsan – aşılması gərəkən bir şeydir. Sən onu aşmaq üçün nə etmisən?” (Zərdüşt belə söyləmişdir). Mükəmməl Allahı qüsurlu insandan ayıran “əzəli günah” (original sin) kimi təqdim edilmiş Xristian doktrininə qarşı Nitsşe birləşmənin simvolu olan Fövqəlinsanı irəli sürmüşdür. Mükəmməllik deyil, məhz bütünlük qəhrəmanın yolunun son Müqəddəs Qədəhidir (Holy Grail).
Dənizin Qaranlıq Dibinə Səyahət
“Hələ də dənizimin dibi: kim onun şən canavarları sığındırırdığını güman edərdi”
Zərdüşt belə söyləmişdir.
“O, yazdığı kimi yaşamışdır… O, əllərini elə qaldırmış və ayaqlarını elə yerləşdirmişdir ki, sanki bu mövcudluq onun qəhrəman rolunu oynamaq üçün doğulduğu bir faciə dramıdır”
Yunanların Faciəvi Əsrindəki Fəlsəfə
Əgər Heraklit əkslərin təsadüfü (coincidentia oppositorum) barəsində danışırdısa, Nitsşe onu yaşamışdır. Güclü duyğuların adamı və Dionis (Dionysian) mövcudluğunun bir tərəfdarı kimi o, tərki-dünyalıq həyatı yaşamışdır; dərin dini təbiətli bir insan olaraq o, Allahın ən tanınmış sui-qəsdçilərindən bir olmuşdur. Yazılarında onun hücumlarının hiperbolası yalnız onun mənəvi yüksəlişlərinin əzəmətli tonuna uyğun gəlirdi. Nitsşenin faciəvi qüsuru “qəlbinin ən dərin dərinliklərində səcdəgahlar düzəltmək və onları müqəddəsləşdirmək” istəyinin onları məhv etmək hədəfi ilə eyni gücdə olması idi. Onun psixikasının bir-birinə əks iki gücü – əksləri ayıran və birləşdirən – sanki əsl qladiator döyüşünə girmişlər. Heraklit devizi ilə yaşayaraq “bütün anlamlar münaqişə nəticəsində var olurlar”, o, özünün ən sevdiyi idealları (xristianlıq kimi) məğlub edilməsi gərəkən canavarlara çevirdi. “Özünə qarşı əks mövqe tutaraq”, o, özünə qarşı hərtərəfli müharibəyə başladı; onun fəlsəfəsi yalnız “müəllif tərəfindən bir etiraf və bir növ qeyri-ixtiyari və şüursuz memuar” kimi deyil, daha çox müharibə gündəliyi olmuşdur! O, özünün məhvinə təyin olunmuş faciəvi mifik qəhrəmana tədricən dönmüşdür.
Edip ruhu tərzində Nitsşe insanlığın mahiyyətini axtarırdı, hansı ki öz növbəsində onun bütünlüklə “ekzistinsial tənhalığı” çərçivəsində azadlığa məhkum olunmuşdur. Faciəvi bir qəhrəmana xas olan tərzdə, o, bu cür işlərə başlamağın təhlükəsini tam anlayaraq məhv oldu. Onun Kolumb tərzində insan ruhunun kəşf olunmamış bölgələrinə macərası dənizin qaranlıq dibinə səyahətə çevrildi. Bununla belə, o, bizə bu Dioniscəsinə qeydi buraxdı:
“Mən geri dönəcəm, bu günəş ilə, bu torpaq ilə, bu qartal ilə, bu ilan ilə – yeni və ya daha yaxşı və ya eyni həyata deyil:
Mən əbədi olaraq bu identik və özü olan həyata geri dönəcəm, ən böyük və ən kiçik şeylərdə (things), bütün şeylərin əbədi təkrarlandığını bir daha öyrətmək üçün, möhtəşəm zivədə olan yer və insan barədə biliyi (teaching) bir daha danışmaq üçün, Fövqəlinsan barədə bir daha söyləmək üçün.
Zərdüşt belə söyləmişdir.
Qeyd:
Məqalənin müəllifi Dr.Eva Cybulskadır.