Orta əsr İslam fəlsəfəsi fəlsəfə tarixinə bir çox böyük şəxsiyyətlər bəxş edib. İbn Ərəbi, Fəxrəddin Razi, İbn Sina, İbn Rüşd, Əbunəsr Fərabi, İbn Xəldun və sairə kimi şəxslər buna misal ola bilər. Bu mütəfəkkirlər içərisində İbn Xəldunun özünəməxsus yeri vardır. İstər həyat fəaliyyəti, istərsə də elmə verdiyi töhvə baxımından İbn Xəldun hər zaman diqqət mərkəzində olub.

        Tam adı Əbu Zeyd Əbdürrəhman ibn Məhəmməd ibn əl Hədrami olan filosof 27 may 1332-ci ildə indiki Tunis ərazisində anadan olub. Həyatının böyük hissəsi Şimali Afrikada keçdiyi üçün “əl-Məğribi”, Tunisdə doğulduğu üçün isə “əl-Tunisi” ləqəbləri ilə tanınmışdır.

        O, fərqli zamanlarda Əndəlüs, Tunis, Misir və Mərakəş kimi ölkələrin ərazisində o zamanlar mövcud olan dövlətlərdə yüksək vəzifələr tutmuş, uzun illər siyasətlə məşğul olmuşdur. Babası öz nəvəsinin saray vəzifələrində çalışmasına qarşı olub. O, İbn Xəldunun da atası kimi müəllimliklə məşğul olmasını arzu edirdi. Çünki sarayda müəyyən vəzifə tutmağın nə qədər təhlükəli olduğunu öz təcrübəsinə əsasən müəyyən etmişdi. Buna baxmayaraq, İbn Xəldun təhsilini tamamladıqdan sonra Həfsi sarayında Sultan Əbu İshaq İbrahim    əl-Müstənsirin mirzəsi oldu.

        Kiçik detallar nəzərə alınmasa, 1406-cı ildə Qahirədə vəfat edən filosofun həyatı iki hissədə tədqiq edilə bilər və bu iki hissə bir-birindən tam mənası ilə fərqlənir. Qırx beş yaşında İbn Salam qalasına yerləşənə qədər həyatı siyasət və idarəçilik qayğıları içərisində keçən İbn Xəldun, həyatının ikinci mərhələsində siyasi hərc-mərclikdən uzaqlaşaraq özünü elm-irfana həsr etmişdi. Bəzi mənbələrə görə, İbn Xəldun siyasət sahəsində fürsətcil, etibarsız, hiyləgər insan olub. O, dəfələrlə saray (dövlət) çevrilişlərinə qarışmış, bəzən isə bu çevrilişlərin əsas təşkilatçısı olmuşdu. Lakin elm və irfan sahəsində ortaya çıxardığı mükəmməl əsərləri və fikirləri ilə fəlsəfə tarixində, həmçinin insanların yaddaşında dərin izlər qoydu.

        Orta əsrlərdə Qərbdə hökm sürən kilsə hakimiyyəti fəlsəfənin inkişafına ciddi təsir göstərirdi. Belə bir dövrdə xristian mütəfəkkirlərin əksəriyyəti fəlsəfi mövzulara dini baxımdan nəzər yetirdikləri halda, İbn Xəldun, demək olar ki, materialist düşüncə tərzi ilə hadisələri dəyərləndirmişdi [5]. O, islam elmləri ilə yanaşı, təbii və ictimai elmlər barəsində də dövrünə çatan hər mövzuda əhəmiyyətli təhlillər aparmışdı.

        İbn  Xəldunun elmi-fəlsəfi fikirlərinin cəm olduğu “Müqəddimə”  əsəri yeddi cilddən ibarət olan “Kitab əl-İbar” və ya “İbar” adlanan tarixi əsərinin giriş hissəsi və birinci cildidir. Bu əsərdə islam elmlərinin inkişafının yekunları, həmçinin özünün tarixə dair nəzəri yanaşması şərh edilir. İbn Xəldun bəşəriyyət tarixinin hadisələrinin ardıcıllığını sosioloji baxımdan nəzərdən keçirir, köçəri və oturaq həyat tərzləri arasındakı ziddiyyəti göstərir, qidaya, evə və təhlükəsizliyə olan sosial və siyasi tələbatın mənşəyini və inkişafını açıqlayır, dövlətlərin əmələ gəlməsi və inkişafının əsasında duran irqi və milli hərəkətverici qüvvələri təhlil edir, müxtəlif növ siyasi institutları diqqətlə müəyyənləşdirərək onların inkişafının, süqutunun və məhv olmasının səbəblərini aydınlaşdırırdı [4].

        İbn Xəldunun məşhur “Müqəddimə” (“Giriş”) əsərində dövlət və siyasət haqqında nəzəriyyəsinin fərqləndirici xüsusiyyəti ondan ibarət idi ki, ümumi tarixi-sosioloji təhlilin vasitəsilə dövlətlə bağlı fəlsəfi və hüquqi yanaşmaları birləşdirmişdi. İbn Xəlduna görə, hər bir dövlətin ömrü var. Bütün dövlətlər həyatlarını tamamladıqdan sonra mütləq süqut edəcəklər. İbn Xəlduna görə, bu həyat müddət 120 ildən ibarətdir, lakin bəzi dövlətlər bu müddətdən tez, yaxud gec süquta uğraya bilərlər. İbn Xəldun bu müddəti insan ömrü ilə izah edir və dövlətin ömrünün də insan ömründən fərqli olmayacağını iddia edir. Dövlətin ömrünün üç nəsildən ibarət olduğunu deyən mütəfəkkir hər nəsildə 40 il zaman kəsiyinin olduğunu irəli sürür. Buradan İbn Xəldun belə bir fikrə gəlir ki, istər idareedənlər, istərsə də təbəələr təbii olan dövlətin bu ömrünün sonunda onun süqutunu əngəlləyə bilməzlər.

        Təbii olaraq, biz bir dövlətin süqut səbəblərini digər dövlətlərin də süqutuna səbəb kimi göstərə bilmərik. Bir dövləti məhvə aparan səbəblər başqa dövlət üçün keçərli olmaya bilər. İbn Xalduna görə, biz sadəcə dövlətləri süquta aparan bəzi ortaq cəhətləri göstərə bilərik.

        İlkin olaraq, İbn Xəldun süqutun səbəbi kimi “əsəbiyyə”nin – həmrəyliyin zəifləməsini göstərir. Onun fikrincə, dövlətin qurulmasında əsəbiyyə nə qədər mühüm rol oynayırsa, süquta uğramasında da eyni dərəcədə önəmlidir. Süqut anına yaxınlaşan dövlətdə əsəbiyyə zəifləmiş olur. Əsəbiyyənin zəifləməsi ilkin olaraq hökmdarla təbəə arasında olan münasibətdə ortaya çıxır. Hökmdar-təbəə əlaqəsində hökmdar təbəəsini “düşmən” olaraq görməyə başlayır, ondan qaçır, çünki yanlış davranışlara yol vermişdir. Təbəəsi ilə münasibəti bu şəkildə korlanan hökmdar yalnızlığa düçar olur və güvənəcək başqa yeri qalmadığı üçün orduya yönəlir. Ordu onu pul qarşılığında qoruya bilər. Lakin bu qorunma da uzun müddət davam etmir. Bir gün ordu da əmrlərə itaet etməməyə və qarışıqlıq yaratmağa başlayır. Ordu ona verilən səlahiyyətlərdən sui-istifadə etməyə başlayır, bu fəaliyyətə təbəədən də qoşulanlar olur. Maddi mənfəətini fikirləşən bir çox insan da bu fəaliyyətə qoşulur. İbn Xəldunn qeyd edir ki, ordunun bu vəziyyətə gəlməsinə təəccüb etməməliyik. Ordunu yalnız maddi cəhətdən təmin edən hökmdar ordunun ruhunu doyurmadığına görə ordunun da əsəbiyyəsi itmiş olur. Hətta hökmdar bilməyərəkdən əsəbiyyənin zəifləməsinə səbəb ola bilər. Əsəbiyyə zəiflədikdə isə dövlət yavaş-yavaş cöküşə gedir, onun ardınca isə süquta uğrayır.

        Dövləti süquta aparan digər əsas səbəb kimi İbn Xəldun dövlət adamlarının zülmünü göstərir. Hökmdar ilə təbəə arasındakı uçurum dərinləşdikcə, üstəlik, idarəçilərin zülmü də artdıqda dövlətin süqutunun ilk işartıları görünməyə başlayır.

Dövlətin hər yerində saxta idarəçilərin mövcud olduğunu söyləyən İbn Xəldun hökmdarın ətrafına saxta dostlar topladığını iddia edir. Bu saxta insanlar isə təkcə maddiyyatı düşündüklərindən dövlət xəzinəsi boşalanda təbəəyə yüklənirlər. Bunun üçün vergilər bir neçə dəfə artırılır, lakin artım qərarı verilən vaxt təbəənin fikri nəzərə alınmır. Yüksək vergilərin altında əzilən təbəə heç vaxt etiraz edə bilmir, çünki təbəənin etiraz etməsi cinayət hesab olunur. Dövlətin hər yerində zülm davam etdiyi vaxt təbəələrdən zorla, yaxud digər yollarla əldə edilən gəlirlərə görə məmurlar arasında qısqanclıq hissi və çəkişmələr yaranır. Hətta bu çəkişmələr hökmdara şikayət həddinə qədər qalxır. Şikayətlərin çoxalması məmurların sərvətlərinin əllərindən alınması ilə nəticələnir, lakin bu vəziyyətdə kimin haqlı, kimin haqsız olduğunu müəyyən etmək çətinləşir. Belə olduğu halda, dövlətin heç bir qurumu sağlam şəkildə işləyə bilməz. Təbəə isə dövlətə qarşı olan inamını və sevgisini itirmiş olur. Belə bir vəziyyətə düçar olan dövlət içdən və yaxud kənardan gələn ən xırda təhlükə qarşısında müqavimət göstərə bilməz.

        İbn Xəlduna görə, dövlətin süqutunun əsas səbəblərindən biri də maliyyə sisteminin pozulmasıdır. O, maliyyə sisteminin pozulmasına səbəb kimi də idarəçilərin məsuliyyətsizliyini, savadsızlığını göstərir. İbn Xəldun bildirir ki,  əgər maliyyə sisteminin pozulmasına qarşı vaxtında düzgün tədbirlər görülməsə, dövlətin süqutunda ən önəmli məsələyə çevrilər. Dövlət qurumlarının davamlı olması və ordunun birliyinin qorunması üçün maliyyə önəmlidir. Maliyyə isə döyüşlərdən və təbəələrdən alınan vergilər sayəsində təmin olunur. Dövlət son çağlarını yaşadıqda isə döyüşlərdən qənimət əldə edə bilmir, hətta öz qənimətini itirir. Düşmən dövlət qəniməti qazandıqda isə dövlət büdcəsini təbəədən alınan vergi sayəsində formaşlaşdırır. Təbəələrin verdiyi bu vergilər məmurlar tərəfindən mənimsənildikdə isə dövlət təbəələrin üzərinə daha ağır vergilər qoymağa başlayır. “Dövlət çökməyə başlayanda bazarda satılan hər şeydən vergi alınır” [7]. Vergilərin ağırlaşması təbəənin yaşayışına ciddi təsir göstərir və iqtisadi sistemin inkişafını ləngidir. Halbuki dövlətin ilk dönəmlərində hökmdar təbəəsinin mal, yaxud sərvətinə göz dikmir.

        İqtisadi sistemin pozulmağa başlamasından etibarən dövlət daxildən və xaricdən zəifləyir. Hətta digər dövlətlərdən borc almağa başlayır. Bu da təbəələr üzərində mənfi təsir yaradır. Digər tərəfdən, idarəedənlərin, daha dəqiq desək, məmurların vəziyyətdən sui-istifadə etməsi təbəədə dövlətə qarşı olan güvəni sarsıdır. Dövlətin nəzarət aparatının zəifləməsi pis niyyətli müəyyən insanlar üçün münbit şərait yaradır. Belə bir zamanda sələmçilər, dəllallar və başqaları ortaya çıxaraq dövlət xəzinəsinə göz dikirlər. Üstəlik, bu insanların çoxu dövlətin yüksək vəzifələrində yer tutmuş olurlar.

        Dövlət xəzinəsinə göz dikən bu şəxslər getdikcə ordunun maliyyəsinə də göz dikməyə başlayırlar. “Orduya ayrılan maliyyəni öz arzu və şəhvətlərinə sərf edirlər” [2].  Ordu isə maliyyəsiz işləməz, çünki zaman-zaman uğrunda vuruşduğu ali dəyərləri də itirmişdir. Başıboş qalan ordu da gücünü, qüvvətini təbəə üzərində sınayır, onlara işgəncə verir, öldürür və sərvətini talayır. Bu vəziyyətdən narazı qalan əhali də etiraz etməyin mənasız olduğunu görüb, orduya qarşı gəlir və zorakı vəziyyət yaranır. Çətin vəziyyətdə qalan təbəənin iki çıxış yolu vardır: ya öləcək ya da öldürmək məcburiyyətində qalacaq.

        Belə bir vəziyyətdə ictimai həyatın nizamı pozulmuş olacaq. İctimai həyat isə dövlət ilə sıx bağlıdır. “ Dövlət ilə ictimai həyat bir-birindən ayrılmayan bir varlıq olduğu üçün birinin nizamı pozulduqda digərinin də nizamı pozulduğu kimi, birinin yox olması digərinin də yox olmasına səbəb olur” [7].

        Gördüyümüz kimi maliyyə sisteminin pozulmağı dövlətin digər qurumlarına da ciddi təsir göstərir. İbn Xəldunun fikrincə, əslində, bunların ortaya çıxma səbəbi əsəbiyyənin pozulmağıdır. Əsəbiyyə qüvvətli olduqda bütün dövlət qurumları sağlam şəkildə fəaliyyət göstərir. Deməli, bu qurumlar əsabiyyənin zəifləməsində ortaya çıxaraq, dövlətin süqutunda böyük rol oynayırlar.

        Bu gün bir çox müəlliflər İbn Xəldunun “Dövlət nəzəriyyəsi”nə qarşı çıxırlar. Dövlətlərin ömürlərinin dəqiq şəkildə söylənilməsinin mümkün olmadığını irəli sürürlər. Halbuki İbn Xəldun dövlətin ömrünün 120 il olduğunu, bu müddətdən daha uzun yaşayacaq dövlətin olmayacağını iddia edirdi. İbn Xəldunun israrla 120 ilin üzərində dayanmasının səbəbi onun yaşadığı dövrdə dövlətlərin məhz bu müddət ərzində yaşadıqları ola bilər.

        Dövləti quran gücün əsəbiyyə olduğunu söyləyən İbn Xəldun onun dağılmasında da əsəbiyyənin vacib rol oynadığını qeyd edir. Bu fikrini davam etdirən mütəfəkkir onu da qeyd edir ki, dövlətlər heç vaxt əsəbiyyənin canlı və diri qalmasını təmin edə bilməyəcəklər. İbn Xəldun əsəbiyyənin zəifləməsində mədəniləşmənin böyük rol oynadığını söyləyərək buna qarşı görülən tədbirlərin süqutun qarşısını almayacağını, lakin müəyyən müddətə kimi gecikdirə biləcəyini iddia edir.

                                         ƏDƏBİYYAT

  1. Rüstəmov Yusif. Siyasi-hüquqi təlimlər tarixi. Bakı: Azərbaycan Universiteti, Bakı, 2000
  2. Фомина Д.В. Власть и государство в философии Ибн Халдуна. Автореферат на соискание ученой степени кандидата философских наук. М.: Мысль, 2003
  3. İbn Xəldun- “Müqəddimə”. (A.Şəddadinin redaksiyası) Kasablanka, 2005
  4. İbn Haldun- “Mukaddime” (Süleyman Uludağ tərcüməsində) İstanbul, 2007
  5. Prof. Dr. Recep Şentürk. “İbn Haldun Güncel okumalar”. İstanbul, 2017
  6. https://az.wikipedia.org/wiki/%C4%B0bn_X%C9%99ldun
  7. http://dergipark.gov.tr/download/articlefile/29775http://dergipark.gov.tr/download/article-file/29775

Murad Həsənov

Bütün yazıları göstər