Giriş

Bir çox siyasi nəzəriyyəçi cəmiyyətdə sadəcə nemətlərin və imkanların bölüşdürülməsi məsələsinə diqqət ayırmağın ədalətli və ya bərabər cəmiyyət yaratmaq üçün kifayət etdiyini deyirlər (Wolff and de-Shalit, 2007: s.167). Onların əsas diqqət ayırdığı məsələ “insanların şəxsi məhsulları, mülkləri və eləcə də onlara dövlət tərəfindən edilən sosial rifah yardımlarıdır” (Anderson, 1999: s.288). Bu tip yardımlar insanlara şanssız vəziyyətlərin yaratdığı qeyri-bərabərlikdən qurtarmaq üçün edilir, yəni, bir növ bu tip yardımlar həyatda baş verən müəyyən şanssızlıqların kompensasiyasıdır.

 

Ancaq bu məsələdə əks fikirdə olan akademiklər də mövcuddur. Bu akademiklər düşünürlər ki, cəmiyyətdəki ədalət məsələsinə bu qədər iqtisadi mərkəzçi yanaşmaq dar baxış sərgiləməkdir və ədalətin iqtisadi məsələlərdən başqa mövcud olan komponentlərini göz ardı etməkdir (Young, 1990: s.30). Sadəcə nemətlərin və imkanların bölüşdürülməsi məsələsinə fokuslanmaq əvəzinə, ədalət konsepsiyası öz gündəliyini cəmiyyət tərəfindən inşa edilmiş (socially constructed) digər problemlərə də, məsələn, irq, gender, siniflə bağlı olan ədalətsizliklərə qədər genişlətməlidir (Anderson, 1999: p.288). Burdan o məna çıxır ki, ədalət və bərabərlik məsələsinin əsas hədəfi bütün insanlara və ya vətəndaşlara bərabər şəkildə davranılması kimi daha əxlaqi və siyasi ideallar olmalıdır. Bu hədəfə çatmaq üçün isə cəmiyyətdəki əsarəti, istismarı, dominantlığı, diskriminasiyanı və iyerarxik problemləri aradan qaldırmaq lazımdır. Ancaq bunu da qeyd etmək lazımdır ki, bu akademiklər ədalət məsələsinə bu qədər sosial perspektivdən yanaşmaqlarına baxmayaraq, həm də iqtisadi ədalət məsələsinə də önəm verir, yəni onlar üçün də məhsulların və imkanların bərabər şəkildə paylanılması ədalətin bərqərar olması üçün önəmli hesab edilir.

 

Bu yazıda ədalət anlayışı barədə olan bu iki nəzəriyyə müzakirə ediləcək və əsasən, qeyri-maddi nemətlərin bölüşdürülməsi məsələsi daha çox müdafiə ediləcək. Ancaq kapitalizm dövründə cəmiyyətdəki bütün bərabərlik və bərabərsizliklərin birbaşa və ya dolayı yolla maddi nemətlərlə əlaqəsi olduğu fikrini irəli sürərək iqtisadi mərkəzçilikdən də çox uzaqlaşmayacağıq. Belə ki, bu yazı iddia edir ki, ədalətə tam çata bilmək üçün bu iki ədalət konsepsiyasını, sosial və iqtisadi ədaləti ayrı-ayrı yox, birlikdə analiz etmək vacibdir.

 

Şans Bərabərçiliyi (Luck Egalitarianism)

Bəzi insanlar digər insanlara nisbətdə sıfr şanslarından dolayı daha əlverişsiz və ya daha kasıb vəziyyətdədirlər. Con Rolz ədalət mövzusuyla bağlı dəfələrlə yazdığı üçün şans məsələsindən də yazmağı unutmayıb. O qeyd edir ki, şans konsepsiyası son 30 ildə ədalətlə bağlı olan müzakirələrin hamısında ən mərkəzdə dayanır. Rolz sosial lotereyatəbii lotoreya adlı iki termindən yazır. Rolz qeyd edir ki, bir insanın cəmiyyətdə həyata başladığı nöqtə onun sosial lotereyasının nəticəsidir (yəni, bir insanın doğulduğu siyasi, sosial və iqtisadi vəziyyətin nəticəsi). İkincisi isə təbii lotereyadır (insanın doğulanda mövcud olan bioloji potensialının nəticəsidir). Hər ikisi də normal lotereyalara bənzəyir, yəni pis tale və ya şansla əlaqəlidir.

 

Şans bərabərçiliyi adı verilən nəzəriyyə isə bu problemləri talesizlik adlandırır və istər sosial lotereyadan, istərsə də təbii lotereyadan gəlmiş olsun, bunların yaratdığı ədalətsiz vəziyyəti kompensasiya etməyə çalışır. Sırf bu səbəbdən şans bərabərçiliyi ilə maddi nemətlərin və imkanların bölüşdürülməsi prinsipi arasında əlaqə yaranmış olur. Məsələn, şans bərabərçiliyini dəstəkləyənlər fikirləşirlər ki, əgər bir insan əlində olmayan səbəblərdən dolayı iş tapa bilmirsə, ona yardım etmək lazımdır (sosial lotereya). Eləcə də əlil insanlara da yardım etmək vacib məsələdir (təbii lotereya). Ancaq şans bərabərçiliyi öz seçimlərindən dolayı kasıb qalmış bir insana yardım etməyin tərəfdarı deyildir. Lakin şans bərabərçiliyi bu məsələdə bir şeyi nəzərə almır ki, hətta insanların ən müstəqil şəkildə verdikləri qərarlar belə xarici təsirlərdən, sosial və siyasi faktorlardan asılı ola bilər (Scheffler, 2003: s.32-3). Bu da o deməkdir ki, şans bərabərçiliyi cəmiyyət tərəfindən yaradılmış və ya cəmiyyətdə siyasi faktorlara görə yaranmış bütün ədalətlsizliklərlə maraqlanmır.

 

Şans bərabərçiliyi nəzəriyyəsi ədalət məsələsi ilə bağlı yetərsiz olub iki problemi üzə çıxardır. Birinci problem maddi nemətlərin və qeyri-maddi nemətlərin bölüşdürülməsindən çıxan ziddiyətdir.

 

Bir nümunə ilə birinci problemi aydınlaşdırmağa çalışaq. Məsələn, düşünək ki, əlil bir vətəndaş işdən sırf maddi əskikliklərinə görə, məsələn, nəqliyyat çətinliyindən uzaqlaşdırılmaq istənir. Belə olduqda bu əlil insan digər insanların çoxuyla müqayisə etdikdə şanssız vəziyyətdə olmuş olur. Bu halda hökümət hərəkətə keçməlidir. Hökümət ya həmin əlil insanın işləmək üçün problem yaradan maddi əskikliklərini tamamlamılıdır, ya da ona maddi kompensasiya ödəməlidir. İndi düşünək ki, əlil insan ikincini, yəni maddi kompensasiyanı seçir və bu hal da hökümət üçün də daha ucuz olacağı mənasına gəlir (Wolff and de-Shalit, 2007: s.27). Belə olduqda hökümət nə etməlidir? Hansı seçim ədalət anlayışı cəhətdən daha doğru olandır? Belə olduqda şans bərabərçiliyinə inanan bir hökümət üçün hansı seçimi etməyin heç bir fərqi yoxdur. Çünki hər iki seçimdə əlil insanların şanssızlığından doğan problem aradan qalxmış olacaq. Ancaq şansdan başqa da bəzi sosial məsələlərə önəm verən hökümətlər bu situasiyada fərqli davranacaqlar. Çünki hökümət maddi kompensasiya ödəmək qərarına gəlsə, əlil insanlar hər zaman maddi, həm də mənəvi olaraq dövlətdən asılı hala gələcəklər, bu da onların heç vaxt tam azad ola bilməyəcəkləri mənasına gəlir, çünki onlar öz pullarını qazanmırlar. Buna görə də hökümət əslində daha bərabər, daha ədalətli cəmiyyət yaratmaq üçün birinci seçimi etməlidir və həm işdə, həm də nəqliyyatda əlil insanlar üçün rahat şərait yaratmalıdır ki, onlar da istehsal prosesində iştirak edə bilsin, yaradıcılıq qabiliyyətləri korlanmasın və azad şəkildə öz arzularının arxasınca getsin.

 

İkinci problem isə cəmiyyət tərəfindən yaradılmış ədalətsizliklərlə bağlıdır. Şans bərabərçiliyi bu növdən olan problemlərin bəzilərini də həll edə bilmir. Məsələn, sosial sinif məsələləri buna ən böyük nümunə hesab edilir. Bir insan öz seçimiylə işçi olmağı qəbul etmiş ola bilər və bununla belə iş yerində bir çox istismar hadisələrinə məruz qala bilər. Anderson qeyd edir ki, bu bir fakt olsa belə ki, bir insan öz seçimiylə cəmiyyətdə öz mövqeyini müəyyənləşdirir, bu onun sosial iyerarxiya tərəfindən əzilməsinə, ədalətsizliyə uğramasına bəraət qazandıra bilməz (Anderson, 2015).

 

Qeyri-maddi nemətlərin bölüşdürülməsi

Yaşadığımız dövrdə, yəni, kapitalist azad bazar iqtisadiyyatında maddi nemətlərin bölüşdürülməsi məsələsinə xüsusi diqqət ayırmaq heç də qeyri-adi deyil. Hal-hazırda bir fərdin inkişafı üçün lazım olan bir çox məsələ maddi resurslarla bağlı olduğu üçün və maddi nemətlərin yaratdığı qeyri-bərabərlik və ədalətsizlik digər ədalətsizliklərə nisbətdə daha rahat ölçülə bildiyi üçün də bir çox araşdırmalar bu mövzu ilə əlaqəli olur (Wolff and de-Shalit, 2007: s.4-5). Ancaq bu da bir həqiqətdir ki, cəmiyyətdə mövcud olan bəzi ədalətsizliklər hətta ən ədalətli maddi bölüşdürmə həyata keçsə belə, həll oluna bilmir. Məsələn, biz bu gün Qərb mediasına nəzər yetirsək, görərik ki, hələ də onların paylaşdıqları xəbərlərdə, göstərilən film və seriallarda, televizor proqramlarında və s. bəzi irqlərdən olan insanları (xüsusilə, qaradərililəri) və bəzi dinlərdən olan insanları marginallaşdırma siyasəti mövcuddur. Və ya onlarla bağlı xəbərləri gün üzünə çıxartmamaq da yayğın bir haldır. Əgər ki bu kimi hallar dünyanın azad mediasi olan, demokratik ölkələrində belə baş verirsə, heç şübhəsiz ki, qeyri-demokratik ölkələrdə bunun daha sərt nümunələrinə rast gəlmək mümkündür. Məsələn, Young qeyd edir ki, “əksər hallarda biz mediada qara dərililəri cinayətkar, oğru, qulluqçu, narkotik işiylə məşğul olan insanlar kimi görürük. Çox nadir hallarda mediada bir qara dərilinin hakim qüvvə olduğunu və ya elit sinifdən olduğunu görmək mümkün olur. Digər tərəfdən ərəbləri isə çox vaxt ya terrorist kimi, ya terrorizmə yardım edən biri kimi, ya da çox varlı, ancaq əqidəsiz insanlar kimi görürük. Və ya tam əksinə terrorist obrazların hamısı hər zaman ərəb olur” (Young, 1990: p.27).

 

Bu kimi hallar bərabər imkanların paylanılması məsələsində də baş verir. Əslində burda qarışdırılmaması lazım olan məsələ odur ki, bərabər imkanların çox vaxt bölüşdürülmə imkanı olmur, bunlar təbii olaraq sosial quruluşa görə özü formalaşır. Yəni, bu o deməkdir ki, bölüşdürülə bilən maddi nemətlər çox vaxt bərabər imkanın yaranmasına gətirib çıxarmaya bilir. Bu dəfə Young təhsil barədə bir nümunə verir: “Yaxşı təhsil vermək, heç şübhəsiz ki, bəzi maddi resurslardan asılıdır, məsələn, maddi güc, binalar, kitab vəsaitləri, elektron vasitələr və s. Yaxşı maddi resurslara sahib olan təhsil ocaqlarının həm də yaxşı təhsil vermək imkanı olduğunu düşünmək üçün kifayət qədər səbəb var. Ancaq təhsil ilkin olaraq sosial münasibətlərin yaratdığı bir fenomendir. Məsələn, məsələyə kültürəl kontekstdən baxsaq, Amerikada oğlan uşağıyla qız uşağının, işçi sinifinin nümayəndəsi olan valideynin uşağıyla orta sinfin nümayəndəsinin uşağının, qara dərili uşaqla ağ dərili uşağın, maddi nemətlər bərabər olsa belə, çox vaxt aldıqları təhsil eyni səviyyədə ola bilmir (Young, 1990: s.32). Burdan aydın olur ki, bu kimi qeyri-bərabərlik halları bəzən maddi nemətlərin bərabər paylanılması ilə də əlaqəli olmaya bilir, ona görə də ədalət konsepsiyasını daha geniş perspektivdən analiz etmək lazımdır.

 

Biz aydınlaşdırdıq ki, maddi nemətlərin ədalətli şəkildə paylanılması ədalətli cəmiyyəti formalaşdırmaq üçün kifayət etmir. Demək ki, indi biz qeyri-maddi nemətlərin necə bölüşdürülməsi gərəkdiyini tapmalıyıq. Maddi nemətlərin və bərabər imkanın paylanılmasından öncə qeyri-maddi nemətlərlə bağlı bəzi prioritet məsələləri həll etmək lazımdır. Bəs bu prioritet məsələlər nələrdir? Bu prioritet şərtlər bərabərlik, azadlıq, fərdi azadlıq, hər kəsə bərabər hörmət, tolerantlıq və digər insani dəyərlərlə bağlıdır (Wolff, 1998: p.97). Bu sayılan şərtlərin hamısını bir başlıq altında toplamağa çalışan bir çox akademik bunlara demokratik bərabərlik adını verir. Bu termin altında bütün vətəndaşlar eyni hüquqlara və hörmətə sahib olurlar, eləcə də ölkələrinin sosial-siyasi həyatlarında iştirak edə bilirlər (Anderson, 1999: s.289), (Young, 1990: s.29, 38), (Kolodny, 2014: s.287-8). Yəni, bu prioritet şərtlər bizə deyir ki, bütün fərdlərin seçkidə bərabər sayda səsi olmalıdır, hüququn üstünlüyü mövcud olmalıdır, bütün fərdlər və demokratik qruplar dövlət və media tərəfindən hörmət görməlidirlər, hər kəsin azad məhkəmə prossesi haqqı olmalıdır, hər kəs cəmiyyətdə bir-birinə tolerant şəkildə yanaşmalıdır və heç kim hər hansısa bir kimliyinə görə sıxışdırılmamalıdır. Demokratik bərabərliyin əsas hədəfi insanların azadlığını qorumaq, onları hər cür dominantlıq tendensiyasından (bölüşdürülmə nümunələrinin yaratdığı dominantlıqlar da daxil olmaqla) müdafiə etməkdir (Anderson, 1999: s.289). Yəni, burdan o nəticəyə gələ bilərik ki, əgər siyasi hakimiyyətlər cəmiyyətdə ədaləti bərqərar etməyə çalışırsa, qeyri-maddi olan bu tip nemətlərin da bərabər şəkildə bölüşdürüldüyünə xüsusi diqqət ayırmalıdır.

 

Gəlin fərziyyədə bir nümunəylə bu məsələni tam aydınlaşdırmağa çalışaq. Amerikada yaşayan qara dərili müsəlman bir qadın haqqında düşünüb analizlər apararaq yuxarıda qeyd edilən öncəlikli şərtlərin önəmi haqda danışaq. Böyük bir ehtimalla bu qadın öz ailəsində, iş yerində, cəmiyyətin çox olduğu yerlərdə, siyasətdə və digər yerlərdə sırf qaradərili və ya müsəlman olduğu üçün müxtəlif növ ədalətsizliklərlə qarşılaşacaq. Əlavə olaraq, sırf qadın kimliyinə görə belə ədalətsizliyə məruz qalması ehtimal daxilindədir. Bütün bu sayılan faktorlar isə göründüyü kimi iqtisadi xarakter daşımırlar. Göründüyü kimi bu qadının əlverişsiz situasiyalarda olması cəm xarakter daşıyır, yəni əlverişsiz olmasının birdən çox səbəbi var. Ona görə də məsələnin həll yolu da cəm xarakter daşımalıdır. Təbii ki, bu qadını daha çox maddi nemətlərlə və imkanla təmin etdikdə onun daha yaxşı həyat standardı ola bilər. Məsələn, bu yolla o daha yaxşı təhsil ala bilər, işə girə bilər və ya öz işini quraq bilər. Ancaq daha yaxşı maddi nemətlər və imkanlarla təmin edilməsi bu qadının bunlardan istifadə edib yuxarıda yazılanlara çata biləcəyi mənasına gəlmir. Çünki bu qadın mühafizəkar ailəsi tərəfindən universitetə göndərilməyə də bilər və ya sırf qaradərili olduğu üçün məhkəmə ona qarşı hər hansısa bir işdə səhv mühakimə həyata keçirib ədalətsiz davrana bilər. Bu nümunələr çox insana qəribə gələ bilər, ancaq yaşadığımız dövrdə belə qaradərililərə qarşı statistik diskriminasiyaların olduğu sübutdur. Bu səbəblərə görə maddi nemətlərin və imkanların ədalətli bölüşdürülməsindən əlavə hökümətlər həm də bu qadının evdə, cəmiyyət daxilində, iş yerində və dövlət institutlarında qarşılaşa biləcəyi irqi, dini və cinsi ədalətsizliklərin qarşısını almalıdır. Bunun da tək yolu yuxarıda qeyd edilən, demokratik bərabərliyin tələbi olan öncəlikli şərtlərin işlək vəziyyətdə olduğundan əmin olmaqdan keçir.

 

Qeyri-maddi nemətlərdən asılılıq

Bu yazı indiyə qədər qeyri-maddi nemətlərin bölüşdürülməsinin önəmini müdafiə etdi və iddia etdi ki, sadəcə maddi nemətlərin və imkan bərabərliyinin bölüşdürülməsi ədalət üçün kifayət edə bilməz. Anca yuxarıda da qeyd edildiyi kimi qeyri-maddi nemətlərin önəmindən yazan akademiklər də maddi nemətlərin bölüşdürülməsinə diqqət ayırır. Ancaq onlar çox vaxt bu iki nəzəriyyəni birlikdə analiz etmirlər. Maddi nemətlərin bölüşdürülməsinin effektini ayrı, qeyri-maddi nemətlərin bölüşdürülməsinin effektini isə ayrı təhlil edirlər. Ancaq bz bu yazıda ən azından daha ədalətli bir sistem və cəmiyyətə çatmaq üçün bu iki nəzəriyyənin ayrı-ayrı yox, birlikdə analiz edilməsi gərəkdiyini iddia edəcəyik.

 

Bəs nə üçün bu iki fenomen birlikdə analiz edilməlidir? Fraserin də qeyd etdiyi kimi “bu iki ədalətsizlik arasındakı fərq analitikdir, əslində praktikada onlar bir-birinə sıx şəkildə bağlıdırlar (Fraser, 1995: p. 72-3). Məsələn, irqi, etnik, dini və ya cinsi səbəblərdən dolayı bir insan və ya qrupa ədalətsizlik edilirsə, bu onun iqtisadi potensialını artırmasına maneə olacaq. Təbii olaraq, bu fərdlərin və qrupların kapitalist iqtisadi sistemin yayğın olduğu dünyada iqtisadi yetərsizliklə üzləşməsi onların siyasdəki iştirak dərəcəsinə də mənfi təsir göstərəcək. McCleskeynin sözü ilə desək “siyasi güc iqtisadi və sosial gücə həm təsir edir, həm də onlardan təsirlənir. Çünki bir sahədə olan güc başqa sahədə də güclənməyə yardım edir” (McCleskey, 1989).  Ölkənin sosial və siyasi həyatında iştirak edə bilmək üçün fərdlərin yemək, sığınacaq, təhsil, səhiyyə, təməl ehtiyacları, eləcə də yuxarıda sayılan digər haqları, məsələn, azad toplaşma hüququ, söz azadlığı, azad məhkəmə, hüququn üstünlüyü kimi anlayışlar təmin edilməlidir və qorunmalıdır.

 

Cinsi ədalətsizliklərə nəzər yetirərək bu məsələni aydınlaşdırmağa çalışaq. Dünyanın, demək olar ki, hər yerində az, ya da çox qadınlara qarşı müxtəlif növ ayrıseçkiliklər, sui-istifadə halları, marginallaşdırma prosesinə və s. hallara rast gəlmək olar. Bu da bir həqiqətdir ki, ümumi statistikalara baxdığımız zaman görürük ki, dünyanın əksər ölkələrində kişilər iqtisadi olaraq qadınlardan daha güclü vəziyyətdə olurlar. Biz bunun əksini gündəlik həyatda qadınlara qarşı baş tutan zorakılıq hallarında, kişilər tərəfindən əsarət halında saxlanma cəhdlərində görə bilirik. Eləcə də siyasətdə də qadınların kişilərə nisbətdə daha az olduqlarını, daha az gücləri olduqlarını da bilirik. İndi isə gəlin daha spesifik bir nümunə ilə yuxarıda qeyd edilən iki nəzəriyyənin bir-birinə necə sıx bağlı olduqlarınə göstərməyə çalışaq. Düşünək ki, bir qadınla bir kişinin uşağı olur, bir çox hallarda qadın evdə qalır, işləmir və uşağına baxır. Belə olduqda isə (hətta bir çox dövlətlər bu hallarda anaya maddi vəsait ayırsalar belə) evdə tək pul qazanan və ya daha çox pul qazanan tərəf kişi olur. Bu isə qadını kişidən maddi olaraq asılı hala gətirir. Bu iqtisadi güc kişiyə ailədə xüsusi bir güc verir, artıq ailəylə bağlı bir çox mühüm məsələdə kişi təkbaşına qərar verə bilər, hətta bəzən qadının fərdi həyatına belə qarışa bilər. Bu halda biz görürük ki, iqtisadi asılılıq qadını sosial olaraq da kişidən asılı hala gətirmiş olur. Şans bərabərçiliyinə inanan akademiklər bu halda hərəkətsiz qalaraq bunu qadının öz seçimi adlandıra bilər. Ancaq həqiqətdə iqtisadi ədalətsizlik sosial ədalətsizliyi də özüylə birlikdə gətirmiş olur (Anderson, 1999: s.298), (Robeyns, 2003: s.544-5).

 

Nəticə

Bu yazı maddi nemətlərin bölüşdürülməsi və imkan bərabərliyi nəzəriyyələrini analiz etdi və bu iki nəzəriyyənin ədalətli sistem və cəmiyyətə çatmaq üçün kifayət etmədiyini, bunlardan başqa da faktorların ədalətə təsir etdiyini iddia etdi. Bu faktorlar daha çox irqi, etnik, dini, sinfi və cinsi səbəblərdən iyerarxik vəziyyətdə buraxılmaqla bağlıdır. İddia edildi ki, kapitalist dünyada maddi nemətlərin və qeyri- maddi nemətlərin bölüşdürülməsi bir-biri ilə sıx bağlıdır və buna görə də birlikdə təhlil edilməlidirlər. Bu səbəbdən “demokratik bərabərlik” adı altında olan dəyərlərin köməyi ilə, məsələn, təməl iqtisadi ehtiyacların qarşılanması, fərdi və qrup azadlıqları və s. kimi iqtisadi və sosial məsələlər birlikdə həll olunub ədalətə daha geniş perspektivdən yanaşılmalıdır.

 

  İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT

Anderson, E.S. (1999). What Is the Point of Equality?. Ethics. 109 (2), pp. 287-337.

Anderson, E.S. (2015). What’s Wrong With Inequality?. Available: https://opinionator.blogs.nytimes.com/2015/04/23/inequalities-we-can-live-with/?ref=opinion&_r=0. Last accessed 16th Apr 2018.

Feldman, C.L. (2002). Redistribution, Recognition, and the State: The Irreducibly Political Dimension of Injustice. Political Theory. 30 (3), pp. 410-440

Fraser, N. (2012). From Redistribution to Recognition? Dilemmas of Justice in a ‘Post-socialist’ age. New Left Review. 1 (1), pp. 68-93

Hemmings, A. (2010). Youth culture of hostility: Discourses of money, respect, and difference. International Journal of Qualitative Studies in Education. 15 (3), pp. 291-307.

Jaeggi, R. (2016). What (If anything) is wrong With Capitalism? Dysfuncionality, Exploitation and Alienation: Three Approaches to the Critique Of Capitalism. The Southern Journal of Philosophy. 54 (1), pp. 44–65.

Kolodny, N. (2014). Rule Over None II: Social Equality and the Justification of Democracy. Philosophy & Public Affairs. 42 (4), pp. 287-336.

McCleskey, C. (1989) Political Power and American Democracy. California: Brooks/Cole Publishing Co. chapter 12.

Miller, D. (1995). Complex Equality. In: Miller, D and Walzer, M Pluralism, Justice, and Equality. Oxford: Oxford University Press. pp. 196-225.

Rasmussen-Lippert, K. (2005). Justice and Bad Luck. Available: https://plato.stanford.edu/entries/justice-bad-luck/#DistJust. Last accessed 16th Apr 2018.

Robeyns, I. (2003). Is Nancy Fraser’s Critique of Theories of Distributive Justice Justified?. Constellations. 10 (4), pp. 538-553.

Scheffler, S. (2003). What is Egalitarianism? . Philosophy & Public Affairs. 31 (1), pp. 5-39.

Scheffler, S. (2005). Choice, circumstance, and the value of equality. politics,philosophy & economics. 4 (1), pp. 5–28.

Tully, J. (2004) Recognition and dialogue: the emergence of a new field, CRISPP, 7(3), pp. 84–106.

Young, I (2011). Justice and the Politics of Difference. New York: Princeton University Press.

Wolff, J. (1998). Fairness, Respect, and the Egalitarian Ethos. Philosophy & Public Affairs. 27 (2), pp. 97-122.

Wolff, J and de-Shalit, A (2007). Disadvantage. Oxford: Oxford University Press.