Con Stüart Millin Utilitarianizm fəlsəfəsinin təməli “ən böyük xoşbəxtlik” prinsipidir. Gördüyümüz işlər o zaman doğru sayıla bilər ki, onlar bizi sonda xoşbəxtliyə çatdırsın. O zaman səhv sayılmalıdır ki, bizə xoşbəxtlik qazandırmasın.  Xoşbəxtlik deyəndə həzzin varlığı və ağrının yoxluğu, bədbəxtlik deyəndə isə ağrının varlığı və həzlərin yoxluğu nəzərdə tutulur. Millin arzuladığı sonluq, sadəcə həzzlərin olduğu və ağrıların olmadığı sonluqdur. (Qeyd etmək lazımdır ki, Millin utilitarianizm fəlsəfəsi, Bentham, Yum və atası Ceyms Millin utilitarianizm fəlsəfəsindən fərqlənirdi. O, Aristotel və Sokratdan təsirlənərək həzlərin təkcə kəmiyyəti ilə yox, keyfiyyəti ilə də maraqlanırdı. Yəni, o çox dadlı bir yemək yeməyin verdiyi həzlə, Siseronun bir əsərini oxumağın verdiyi həzzin arasında fərq görürdü. Ən böyük fərqi isə onun eqoist yararları rədd etməsidir. Xoşbəxtliyə çatmaq üçün digər insanlara mənfi təsir edəcək hər hansı bir işin ortağı olmaq qəbul edilməzdir. Və Mill digərlərindən fərqli olaraq, təkcə fərdi xoşbəxtliklə yox, kollektiv xoşbəxtliklə də maraqlanmışdır – hazırlayan). Millin utilitarianizm fəlsəfəsi onun “Azadlıq haqqında” (On liberty) kitabında irəli sürdüyü fikirlərə də təsir edib.  O, azadlığın ayrı-ayrılıqda bütün fərdlərə və ümumilikdə cəmiyyətə verəcəyi xeyirlərdən, xoşbəxtlikdən danışır.

Mill, ilk olaraq, azadlıq anlayışının tarixi inkişafından qısaca məlumat verir. Qədim Roma və Yunanıstanda azadlıq “siyasi hakimin tiraniyasında olmamaq” kimi anlaşılmışdır. Buna görə də insanlar və hökmdarlar bir-birinə zidd olan qütblər kimi görülürdü. Hökmdarların varlığı zəruri hesab edilsə də, onların həddindən artıq çox gücə sahib olması istənilmirdi. Zaman keçdikcə, insanlar siyasi azadlıqlar və hüquqular əldə etdilər. Bunlarla birlikdə, bu azadlığa və hüquqlara zidd hərəkət edən hökmdarı iqtidardan endirmək hüququnu da əldə etdilər. Daha sonra konstitusiyalar yazıldı, insanlar hökmdarın konstitusiyaya zidd olan bir şey etmədiyindən əmin olmaq üçün ya birbaşa, ya da nümayəndələri vasitəsilə hesabat almağa başladılar. Hətta, demokratiyanın qurulması ilə insanlar iqtidarda olan şəxslərə hakimləri kimi yox, xidmətçiləri kimi baxmağa başladılar, çünki o, xalqın səs çoxluğu ilə seçilirdi, buna görə də xalq qarşısında məsuliyyət daşıyırdı. (Mill demokratiyanı da Tokvil kimi çoxluğun tiraniyası adlandırır və detallı şəkildə tənqid edir –  hazırlayan).

Fikir azadlığı

Mill insanların düşüncəsinin həm hökümət tərəfindən, həm də cəmiyyət tərəfindən sıxışdırılmağını tənqid edir və bunun legitim olmadığını yazır. Fikirləri sıxışdırmaq, susdurmaq, onları həm indi yaşayan insanlardan, həm də gələcək nəsillərdən oğurlamaq deməkdir. Bu isə insanlığa qarşı zərbədir, çünki bu fikirlər doğru ola bilər və insanlara yarar verə bilər. İnsanlar qüsursuz və səhvsiz olmadıqları üçün güc sahibi olmaqları onlara bütün insanlar adından qərar vermək haqqını qazandırmamalıdır, yəni fərdlər yeni fikirlərə olan münasibətlərində azad buraxılmalıdır. Deyək ki, həqiqətən ortaya çıxan yeni fikri sıxışdıranlar haqlı tərəfdir. Əgər ki, bu insanlar öz düşüncələrinin düzgün olduğuna əmindilərsə, onlara əks olan fikirlərin ortaya çıxması onları narahat etməməlidir. Çünki bir düşüncənin doğru və ya səhv olduğuna qərar verməyin ən yaxşı yolu onu əks düşüncələrlə müqayisə etməkdən keçir. Azad müzakirələr baş tutmalı və kimin haqlı, kimin haqsız olması seçimində dinləyicilər və oxucular sərbəst buraxılmalıdır. Çünki insanlar ancaq öz əziyyətiylə axtarıb tapdığı düşüncəylə, yəni öz həqiqəti ilə xoşbəxt ola bilər.

Bəzi insanlar öz düşüncələrini məntiqli şəkildə əsaslandıra bilirlər. Bu halda həqiqəti tapmaq üçün bu fikirlərə (hətta məntiqli şəkildə əsaslanmış olmaqlarına baxmayaraq) əks olan düşüncələri də incələmək lazımdır. Əgər insan əks düşüncələri təhlil edib, səhv olduğunu sübut edə bilmirsə, bu onun öz düşüncəsini tam dərk etmədiyi mənasına gəlir. Əlavə olaraq, o bu əks düşüncələri sadəcə onlara inananlar tərəfindən eşitməlidir. Çünki düşüncələrin qarşılıqlı şəkildə müdafiəsi hansının doğru olduğunu tapmaqda asanlıqlar yaradır. Hətta əgər bir düşüncəni inkar edən və onun əksinə arqument bildirən heç kəs yoxdursa belə, insan özü əks arqumentlər tapmalı və öz düşüncəsinin doğruluğundan əmin olmalıdır. Əgər doğru düşüncələr müzakirə olunmasa, əvvəlki təsirini itirəcəklər. Bu halı, xüsusilə din tarixində görmək mümkündür. Məsələn, xristianlıq insanların müzakirə obyekti olmaqdan çıxıb “toxunulmaz bir müqəddəs” halına gəldikdən sonra öz gücünü itirməyə başladı.

Hökümətlər yeni çıxan fikirlərdən hər zaman narahat olurlar. Çünki illərdir, əsrlərdir, var olan və artıq cəmiyyətdə adət halını almış düşüncələrin çoxu onların gücünə xidmət edir. Buna görə də  iqtidarların öz hökmranlıqlarına qarşı təhdid hesab etdiyi yeni və həqiqəti əks etdirən fikirlər, hər zaman zülmə uğraya bilər. Həqiqət elə bir məhfumdur ki, hər zaman zülmə uğrayıb və hər zaman da uğrayacaq. Ancaq həqiqəti araşdırıb cəmiyyətə çatdırmaq istəyənlər insanlıq üçün yararlı iş görürlər. Onların gördüyü işin və düşüncələrinin dəyərini anlamayanlar isə onlara qarşı edilən zülmlərə səssiz qalırlar. “Hər zaman həqiqət zülmə qalib gəlir” ifadəsi, əfsuslar olsun ki, hər zaman həyatda öz əksini tapmır. Məsələn, Katolik kilsəsinin reform olunması fikri Martin Lüterdən öncə ən az 20 dəfə irəli sürülmüş, ancaq qalib gələ bilməmişdi. Buna görə də həqiqətin yanlışdan hər zaman güclü olduğunu demək, sentimentallıqdan başqa bir şey olmaz. Fəqət bunu demək mümkündür ki, həqiqət nə qədər zülmə uğrayır uğrasın, hər zaman araşdırılacaq və onun yolunda çalışanlar çıxacaqdır.

John Stuart Mill, “Utilitarianism”

John Stuart Mill, “On Liberty”

Hampsher Monk, “Modern Political Thought”