Volf iddia edir ki, dövlətin müəyyən bir ərazidə öz gücünü formalaşdırması və bundan istifadə etməsi onun bir əhali üzərində hakimiyyət qurduğu, səlahiyyət qazandığı mənasına gəlir (Wolff, 1998: s.3-4). Ən məşhur kitablarından biri olan “Anarxizmin müdafiəsi” adlı kitabının hələ ilk səhifələrində Volf siyasi hakimiyyətin varlığına qarşı çıxaraq iddia edir ki, bütün insanlar metafizika olaraq azaddırlar və onların mənəvi muxtariyyətləri vardır. Bu səbəbdən onların düşünmə bacarığı var, onların necə davranacaqlarına özləri qərar verə bilərlər (Wolff, 1998: s.3-4). Bu arqumentə baxmayaraq, o, kitabın sonrakı hissələrində “yekdil birbaşa demokratiya” adlı ifadə işlədir və onun vasitəsilə qurulacaq siyasi hakimiyyətin varlığını legitim hesab edir. Bu ziddiyyət həm Volfun sözükeçən kitabının, həm də ümumən anarxist siyasi nəzəriyyənin əsas müzakirə mövzularından biridir. Bu yazıda kitabın içində olan bu ziddiyyət təhlil olunur.
İlkin olaraq, Volf iddia edir ki, dövlətin əsas funksiyası onun idarəetmə hüququna sahib olmasındadır. O, həmçinin Kantın mənəvi muxtariyyət anlayışını seçir və “insanın əsas vəzifəsi əxlaqi muxtariyyət, idarə olunmaqdan imtina” anlayışlarıdır deyə qeyd edir (Wolff, 1998: s.12, 18). Bu iki arqument arasında ziddiyyət olduğuna görə, de-yure dövlətin olma ehtimalı yoxdur, bu səbəbdən Volf yazır ki, “fəlsəfi anarxizm aydınlanmış insan üçün yeganə ağlabatan siyasi fikirdir” (Wolff, 1998: s.19).
Bununla belə, bəzi vəziyyətlər var ki, məsələn, batan gəmidə kapitanın əmrlərini dinləmək, insanlar üçün muxtariyyətdən məhrum olmaqdan daha yaxşıdır (Wolff, 1998: s.15-6). Bu ssenari gündəlik həyatdan nümunələr verilərək genişləndirilə bilər. Bəzi hallar var ki, insanlar daha çox qazanmaq üçün könüllü olaraq muxtariyyətlərini əldən verə bilərlər. Məsələn, təsəvvür edək ki, “X” bəy “Y” xanımla bir anlaşma həyata keçirir və müqavilə bağlayır. Bu müqavilənin şərtləri ondan ibarətdir ki, “Y” xanım həftənin birinci günü “X” bəyin maşınını təmir etdirəcək və bunun qarşılığında “X” bəy “Y” xanımın həftənin ikinci günü üçün evdə olan bütün təmizlik işlərini görəcək. Burdan o nəticəyə gəlmək mümkündür ki, əgər “Y” xanım avtomobili düzəltdirsə, onda ikinci gün üçün “X” bəyin nələr edəcəyinə qərar vermə haqqı var. Bəs bu haqq “X” bəyin haqlarının pozulduğu mənasına gəlirmi? Əlbəttə yox. Bu müqavilədən doğan haqlara siyasi nəzəriyədə “vədlərə əməl etmək vəzifəsi” (duty to keep promises) deyilir (Perkins, 1972: s.118).
Volf da kitabında bu növdə olan bir müqaviləyə qarşı çıxmır. Əksinə, o, gizli və ya aşkar şəkildə verilən sözlər nəticəsində kiminsə sözlərinə, hətta əmrlərinə belə itaət etməyi düzgün hesab edir (Frankfurt, 1973: p.406). Ancaq bu onu sübut edirmi ki, insanların dövlətin qanunlarına riayət etmək öhdəlikləri var? Yəqin ki, Volf iki yetişkin arasında olan müqavilədən doğan münasibət ilə dövlət və insan arasındakı münasibətlərin çox fərqli olduğunu iddia edərdi. Dövlət əsas icbari gücə sahib olduğu üçün sizi hər spesifik situasiyada müqavilə imzalamağa dəvət etmir, əksinə sizin mənəvi muxtariyyətinizi boğur, sizi nəsə etməyə məcbur edir, etmədikdə cəzalandırır. Burada əsas məsələ odur ki, fəlsəfi anarxizm haqlı olaraq dövlət və insanlar arasında həqiqi bir ictimai müqavilənin olmadığını iddia edir, bu səbəbdən də insanların da qanunlara riayət etməklə bağlı əxlaqi bir öhdəliklərinin olmadığı nəticəsinə gəlir.
Volf iddia edir ki, “müasir ABŞ vətəndaşı öz fərdi muxtariyyətini tam olaraq qorumaq istəyirsə, dövlətin çıxarmaq istədiyi qanunlar haqqında məlumatlı olmalıdır. Məsələn, nüvə siyasəti haqda kifayət qədər məlumatlanmaq üçün vətəndaşlar bir neçə müasir elmlə bağlı ciddi biliyə sahib olmalı, hətta mütəxəssis olmalıdırlar (Wolff, 1998: s.17). Volfun kitabının bu hissəsi də müəyyən tənqidlərə məruz qalıb. Frankfurt iddia edir ki, nüvə silahı ilə bağlı dövlətin qəbul edəcəyi qərarlar və siyasət bütün vətəndaşların məsələsi ola bilməz. Bu qərarlar sadəcə bu prossesin içində birbaşa iştirak edəcək insanları maraqlandırır. Yəni, Frankfurt izah etməyə çalışır ki, Volfun əsas problemi olan fərdin muxtariyyətinin nüvə siyasətinə heç bir dəxli yoxdur, başqa sözlə desək, bu mövzuda alınacaq qərarlar fərdlərin muxtariyyətini pozmur (Frankfurt, 1973: s.407-9). Doğrudur, insanların çoxu birbaşa bu nüvə siyasətinin bir hissəsi olmayacaq, bir çoxu bəlkə də nüvə silahından istifadə ediləcəyi təqdirdə bundan heç təsirlənməyəcəklər, ancaq dolayı yolla da olsa bu siyasətin və potensial nüvə silahından istifadənin onların həyatlarına və müvafiq olaraq muxtariyyətlərinə təsir göstərəcəyini iddia edə bilərik. Çünki bir dövlətin nüvə siyasətindəki dəyişikliklər, alınan radikal qərarlar onun beynəlxalq aləmdəki yerinə də təsir edir. Bu da onun iqtisadi vəziyyətinin də dəyişməsi deməkdir. Təkcə bu səbəb belə birbaşa olmayan yollarla demək olar ki, bütün vətəndaşların həyatına, muxtariyyətinə təsir göstərəcək. Volfun muxtariyyət haqqındakı tərifində deyilir ki, “insan fərdi məsələlərində necə davranacağına ən sonda özü qərar verirsə, həmin insan öz həqiqi fərdi muxtariyyətinə sahib olan insandır” (Wolff, 1998: s.15-6). Yuxarıda nüvə siyasəti ilə bağlı arqumentə əsaslanaraq, biz isə onu deyə bilərik ki, sadəcə fərdi həyatla bağlı seçimlərə nəzər yetirərək insanın həqiqi muxtariyyətə sahib olması mümkün deyil. İnsan birlikdə yaşadığı insanların (hərəkətlərindən təsirləndiyi halda) və eləcə də, qanunları tabeçiliyində yaşadığı və bu qanunlardan təsirləndiyi dövlətin də aktlarının qərar vermə prosessində iştirak etməlidir.
Maraqlıdır ki, kitabının sonunda Volf, həmin kitabın əvvəlində ortaya atdığı əsas problem olan siyasi hakimiyyət və fərdi muxtariyyət arasındakı ziddiyyəti yekdil birbaşa demokratiya ilə həll edə biləcəyini iddia edir. O qeyd edir ki, əgər bütün insanlar bütün dövlət məsələləri ilə bağlı səs versələr, onda bu dövləti legitim hesab etmək olar (Wolff, 1998: s.23). Belə bir iddianın özünə fəlsəfi anarxist deyən və kitabının əvvəlində hər hansısa bir şəkildə de-yure dövlətin varlığını qəbul etməyən Volfdan gəlməsi qəribədir və ziddiyyət təşkil edir. Əlavə olaraq, bəzi akademiklər Volfun bu idarə etmə formasını “real ehtimal yox, ideal hədd” hesab edir (Ballestrem, 1972: s.31). Əvvəlki hissələrdə biz qeyd etdik ki, siyasi hakimiyyət və fərdin muxtariyyəti arasında olan ziddiyyəti aradan qaldırmaq mümkün deyil. Yenə maraqlıdır ki, Volf özü də sonda belə bir idarəetmə formasını təklif etməsinə baxmayaraq, bir daha öz fikrinin əksinə gedir və bildirir ki, “yekdil birbaşa demokratiya vasitəsilə qurulan dövlətlər legitim olacaqlar, ancaq onların legitimliyi fərdlərin öz muxtariyyətlərini qurban verməsi nəticəsində baş tutacaq” (Simmons, 1996: s.37). Burdan bir daha o nəticəyə gəlmək mümkündür ki, legitim sayıla biləcək dövlətləri formalaşdırmaq üçün fərdlərin öz muxtariyyətlərini qurban verməsi qaçınılmaz haldır. Volf bir fəlsəfi anarxist olaraq bu qaçınılmazlığı qəbul etdikdən sonra yeni bir idarə etmə forması meydana gətirmək əvəzinə fəlsəfi anarxizmi daha da genişləndirərək siyasi anarxist bir proqrama çevrilməliydi. Çünki bu təklif etdiyi idarə etmə forması anarxism fəlsəfəsinə, nəzəriyyəsinə ziddir. Volfun fəlsəfi anarxizminin və sözügedən kitabının ən böyük əksikliyi bu proqramın olmamasıdır. Çünki müasir siyasi nəzəriyyədə anarxist olmayan bir çox başqa akademik də siyasi hakimiyyətlə fərdi muxtariyyətin ziddiyyət təşkil etdiyini iddia edir, Volf bir fəlsəfi anarxist kimi bu proqramı qurmuş olsaydı öz mövqeyini dərinləşdirərək, bir anarxist kimi digər akademiklərdən fərqlənmiş olacaqdı. Ancaq istənilən halda Volfun fəlsəfi anarxizminin nəzəriyyədə qalması belə anarxist olmayan başqa nəzəriyyəçilərə, eləcə də müasir siyasi elmlərə və siyasi partiyalara hər zamankından daha çox dövlətin varlığına, icbari gücünə, xüsusilə qeyri-demokratik dövlətlərdəki hökümətlərin ədalətsiz davranışlarına qarşı skeptik yanaşma şansı vermişdir və bir çox qruplaşmanın mübarizəsinin mərkəz ideyalarından birinə çevrilmişdir.
İstifadə olunmuş ədəbiyyat:
Ballestrem, K.g. (1972). The Radicalism of Robert Paul Wolff. The Review of Politics. 34 (1), pp. 16-39.
Frankfurt, H.G. (1973). The Anarchism of Robert Paul Wolff. Political Theory. 1 (4), pp. 405-414.
Horton, J (1992). Political Obligations. London: The Macmillan Press Ltd.
Perkins, L.H. (1972). On Reconciling Autonomy and Authority. Ethics. 82 (2), pp. 114-123.
Reiman, J.H (1972). In Defense of Political Philosphy. Toronto: Harper Torchbooks.
Simmons, J. (1996). Philosophical Anarchism. In: Sanders, J.T and Narveson, J For and Against the State. London: Rowman and Littlefield Publishers, Inc.
Wolff, R.P (1998). In Defense of Anarchism. 2nd ed. London: University of California Press Ltd.