Tarix nədir ?

Tarixin ən yaxşı təriflərindən birini sözsüz ki, Zəki Vəlidi Toğan vermişdir:

 Hadisələrin seyrindən, hətta maddə və əşyanın keçmişi və halından bəhs edən hər yazı və hər hekayə tarixdir.(1)

Hegel ilə Marks arasındakı ən kəskin sistemli uyğunsuzluq onların tarix fəlsəfələrində görülməkdədir. Hegelə görə, tarix zarafatın azadlığa doğru yürüyüşüdür. Azadlıq ancaq öz şüuruna çatmaqla əldə edilir, öz şüuruna çatmağın mütləq halı isə Tanrıdadır. Tarix Tanrının bioqrafiyası mahiyyətindədir. Bu halda tarix azadlıq fikrinin inkişafı formasında görülə bilər, lakin buradakı azadlıq sizin və ya mənim azadlıq anlayışımız deyildir, burada yalnız cəmiyyətin obyektiv ruhu və onun adətləri, qanunlar, əxlaqi normaları baxımından azadlıqdan bəhs edilir (2).   Marks bu tezisə, əsas etibarilə qarşı çıxmışdır. Onun əsl etirazı tarixi qeyri-insani qüvvələrin deyil, insanların yaratdığı nöqtəsində idi.  Karl Marks: ”Tarix hədəflərinin ardınca qaçan insanın fəaliyyətindən başqa bir şey deyildir” –  deyə tərif vermişdir. Lakin Marks burada insan deyərkən təkbaşına insanı yox, sosial sinfi nəzərdə tutmuşdur. Ona görə, tarix davamlı olaraq azadlığa doğru deyil,  istehsal vasitələrinin sosiallaşmasına doğru getməkdədir. Ona görə, onsuz bu sosiallaşma olmayınca azadlıqdan da bəhs edilə bilməz (3). Lakin bu məqalədə bizim üçün tarix daha çox insaniyyətin və yaxud millətlərin tarixidir.  Bu əsasla, tarix  ictimai quruluşun əzası olmaqla insanlığın hərəkət və fikirlərinin inkişafını izləyən elmdir. Tarix bəşəriyyətin ictimai və siyasi strukturlar quraraq tərəqqi və təkamül etməsində fərdlər və insanlar tərəfindən edilən hərəkətləri və ortaya atılan fikirləri, bunların nəticəsi olan hadisələri tədqiq edir. Tarix bu hadisələrin maddi və mənəvi səbəblərini, səbəblər ilə hadisələr arasındakı münasibətləri araşdırıb təyin edər. Buna görədir ki, yunanca “istoria” sözü  araşdırmaq, məlumatlanmaq deməkdir (4).

Tarixin tədqiqi ilə məşğul olan cərəyanların millətlərin formalaşması prosesi ilə birlikdə inkişaf etməsi öz-özlüyündə bu iki nəsnənin bir-biri ilə sıx əlaqədə olmasının sübutudur. Biz bu məqaləmizdə tarix və cəmiyyət arasında olan əlaqəni, millət ilə tarix arasındakı əlaqənin millətçilik üçün obyektiv və subyektiv əhəmiyyətini, ondan, əsasən, millətçilər tərəfindən çıxarılan “milli tarix şüuru”nu, bu şüurun millətin formalaşmasına və onun gələcəyinə təsirini araşdıracağıq.

Tarix və cəmiyyət

Sosioloq Karl Manheim demişdir:

 İnsan cəmiyyətin sosial və tarixi quruluşu haqqındakı ən ətraflı bilgiyə ya o cəmiyyət içində yüksələrkən, ya da düşərkən çatır (5).

Həqiqətən də, tarixlə əlaqənin artdığı zamanlar çox vaxt cəmiyyətin sürətli dəyişiklik içinə girdiyi, yəni eniş və yoxuşların çoxaldığı zamanlardır. Tarixçilər və sosioloqlar bu marağı məntiqi şərhə bağlayaraq əsaslandırırlar və bu günü anlamaq üçün dünəndən necə düzləndiyini görməyimizin lazım olduğunu bildirirlər. Tarixçilərin məqsədi keçmişdə baş vermiş hadisələri incələyərək bu hadisələr arasında ümumiləşdirmə edə biləcək səbəb-nəticə bağlantısı qurmaqdır, ya da ən azından belə olmalıdır. Lakin insanların tarixə göstərdiyi maraq daha çox bu elmi marağın xaricindədir. Xüsusilə, sosial dəyişikliyin mühüm əziyyətlərə səbəb olduğu dövrlərdə tarix yeni cəmiyyət tipinin qaynağı halına gəlir, insanlar o günkü böhrandan çıxış yolunu tarix içində axtarırlar və tarixdən tapılacaq modelə görə hal-hazırki narahat sosial gedişatdan qurtulmağa ümid edirlər.

Tarixdə bu iki cür əlaqə bir-birindən olduqca fərqli xarakterdədir: tarixə qarşı duyulan obyektiv  maraq orada yatan həqiqətləri ortaya çıxarmağa kömək etdiyi halda, tarixin yaşadılması üçün göstərilən cəhd həqiqətlərin olduğu kimi görülməsinə mane olacaq “hissi sədd” meydana gətirir.

İndiki zamana aid sosial və siyasi sıxıntıların həlli, əlbəttə ki, sadəcə keçmişdə axtarılmamalıdır. Böhran dövrlərində bəzi qruplar keçmişdə qalmış qızıl dövrə vurğu edərkən digər bir qrup da irəlidə çatılması xəyal edilən bir başqa cəmiyyət tipi sayəsində qurtuluşa çatılacağını düşünür.

Keçmişə və ya tarixə həsrətlə baxmanın əsl səbəbi insanların qaçıb sığınacaq yer axtarmaq ehtiyacı deyil, daha yaxşı dünya qurmaq istəmələridir. “Daha yaxşı dünya” anlamı da müxtəlif mənalarda yozula bilər. Bəzən “daha yaxşı dünya” bütün dünya millətləri üçün, bəzən sadəcə bir və ya bir neçə millət üçün, bəzən isə sadəcə bir qrup üçün istənilə bilər.

Buna görədir ki, kültür və mədəniyyətin insan səadətini pozduğunu deyən Russo və Freyd daxil heç kim keçmişin səfalət və ədalətsizliklərindən və ya insan bədəninin dözə bilməyəcəyi əziyyətlərin olduğu ibtidai həyatdan ötrü darıxmamışdır. Özünün keçmişini həsrətlə yad edən qoca ilə keçmişi yaşamadığı halda, onu arzulayan bir gənci müqayisə etsək, görərik ki, gənc irəlidə yaxşı günlər görmək arzusu ilə yaşayır, yəni onun keçmişə baxışı aktivdir. Yaddaşımızda darıxdığımız şeylər bizim bugünkü həyatımızda məhrum qaldığımız şeylərdir. Keçmişin hansı dövründə o qiymətlər ən yüksək mövqedədirsə, o dövrə həsrətlə baxılır. Yəni, millətçilər yaşadıqları dövrdə millətlərinin hər hansısa sahədə problemləri varsa, o problemlərinin olmadığı və çox zaman da hər baxımdan güclü olduqları dövrün həsrəti ilə yaşayırlar. Bu həsrətin əsas səbəbi göstərilən problemin millətin “bu günündə” və ya  “sabahında” yaratdığı çətinliklər və ya yarada biləcəyi çətinliklərdir.

Millət-tarix əlaqəsinin millətçilik üçün obyektiv və subyektiv əhəmiyyəti  və “Tarix şüuru”

Bəzilərinə görə, millətçilik əsas etibarilə tarix haqqında şərh və bu şərhə bağlı olaraq proqnozlaşdırılan praktikalardan ibarətdir. Millətçilər millət deyilən topluluğun müəyyən tarixi proses içində formalaşdığını iddia edirlər. Bu topluluğun sahib olduğu, onu başqalarından ayırd edən xüsusiyyətlər uzun tarixi proses içində formalaşmış və yerləşmişdir. Başqa millətlərin həyatı fərqli olduğu üçün onların həyat təcrübəsi də fərqli olacaqdır. Millət üçün həyat deyincə tarixi, həyat təcrübəsi deyincə isə kültürü nəzərdə tuturuq.

Millət ilə tarix arasındakı əlaqə millətçilik üçün iki baxımdan əhəmiyyət daşıyır. Birincisi, tarixin millətin həyatında obyektiv əhəmiyyəti vardır. Biz çox xüsusiyyətimizlə birlikdə qədimdən bu günə gəlmişik. Bu reallığı hər zaman hər kəsə göstərmək, sübut etmək mümkündür. Məsələn, türk dilinin ən az göytürklər qədər qədim olduğunu bütün dünya bilməkdədir. Belə bir dilin mövcudluğu türkcənin göytürklərdən də çox əvvəllər var olduğunu sübut etməyə yetərlidir.  Bu gün dilimiz və dinimizlə bərabər sosial həyatımızı idarə edən çox şeylərin: adətlər, ənənələr, mərasimlər, oyunlar, dastanlar və s.-in bizə çox qədimdən miras qaldığını göstərə bilərik. Qısası, millətin tarix ilə daim obyektiv münasibət içində olduğu mübahisə predmeti deyil. Başqa millətlərin həyatında da hamısı eyni dərəcədə qədim olmasa da, həmişə belə bir keçmiş vardır.

Tarixin millət üçün əsl böyük əhəmiyyəti subyektivdir. Bir millətin insanları çox qədimlərə dayanan ortaq tarix içindən gəlmiş olmasalar belə, özlərini ortaq tarixə sahib görə bilərlər və ya həqiqətən də, qədim dövrlərdə birlikdə yaşamış topluluqlar özlərini bir-birilərindən ayrı saya bilərlər. Biz bu ikinci mənada millət-tarix əlaqəsinə “tarix şüuru” deyirik. İnsan tarixi hadisələri mənalı bir bütün içindəki hissələr halında gördüyü anda tarix şüuru qazanmış olur. Bu baxımdan, marksistlərin sinif şüuru qavramı ilə “tarix şüuru” bir-birinə çox yaxın şeylərdir. Marksistlərə görə, “tarix şüuru” proletariyanın sinif olaraq keçmişi və buna bağlı olaraq gələcəyi haqqında Marksın verdiyi fikri mənimsəmək mənasına gəlir. Manca görə, isə tarix mənfəətləri bir-birinə zidd olan siniflərin mübarizəsindən ibarətdir. Milli dövlətlərdə isə milli tarix şüuru üzərində dayanılır. Milli tarix şüuru millətə aid tarixin adi hadisələrinin toplusu kimi deyil, bugünkü vəziyyəti formalaşdıran mənalı zəncirin halqaları halında anlaşılması deməkdir. Hər iki halda da tarix şüuru həm hal-hazırda, həm də gələcək üçün bəzi nəticələr yaratması baxımından önəmlidir. Mancın iddiasına görə, sinif şüuru qazanan proletariya öz sinfinin mənfəəti ilə digər siniflərin arasındakı təməl ziddiyyəti görəcək və tarixin bu ziddiyyəti öz zəfəri istiqamətində həllə doğru getdiyinə inanacaqdır. Digər tərəfdən millətçilərin müdafiə etdiyi milli tarix şüuru o millətin insanlarını müəyyən bir milli mənliyə sahib kimsələr halına gətirəcək, bu da onlarda ortaq tarixə sahib insanların yenə ortaq çalışma ilə yüksək rifaha və xoşbəxtliyə çatacaqları fikrini qüvvətləndirəcəkdir.

 “Tarix şüuru” həmçinin, millətin fərdlərinin öz tarixləri haqqındakı düşüncələridir. Bu düşüncə bəzən həqiqi tarixlə üst-üstə, bəzən isə tərs düşə bilər. Lakin millət fərdlərinin “milli şüur” sahibi olmaları həqiqi tarix ortaqlığından daha çox bu “tarix şüuru”nun hər kəsdə və ya böyük çoxluqda olmasına bağlıdır. Buna görədir ki, biz “tarix şüuru”nu tarixi birlikdən və qədimlikdən daha əhəmiyyətli hesab edirik.

Millətçi siyasətçilər, elm adamları və filosoflar öz cəmiyyətlərinə tarixi şüur verməyi vəzifə hesab edirlər. Çünki bir insan topluluğunu bir millət halına gətirmək hər şeydən əvvəl onları bir millət olduqlarına inandırmaqla mümkündür. Qədimliyin subyektiv tarix baxımından önəmi buradadır: Hər cürə adət, inanc, praktika və hər cür müəssisə çox zaman “qanuniliy”ini qədimliyindən alır. Yəni, bir şey nə qədər qədimə aiddirsə, o qədər haqlı, o qədər güclü mənasına gəlir.  Daha qədim olmaq o dərəcə yoxlanmış olmaq deməkdir. İnsanlar çox yoxladıqları və açıq formada zərəri görülməyən və ya yerinə daha yaxşısı tapılmayan şeylərə etibarla sarılırlar. Qədimin, yəni qədimdən bəri yoxlanan şeyin necə nəticə verəcəyi müəyyəndir. Yeninin ən zəif tərəfi isə nəticəsi haqqında daima şübhələrin olmasıdır. Bundan əlavə, hər cür şəxsi bağlantılardan arındırılmış olması onu qüvvətləndirən amillərdəndir. Yeni bir şeyi sevmədiyiniz və ya özünə heç güvənmədiyiniz kimsələr ortaya atmış ola bilər, halbuki köhnənin kimlər tərəfindən hansı məqsədlə ortaya atıldığı ya heç bilinməz, ya da qaynağı haqqında bizi qane edəcək hekayə uydurular. Bununla da, millətin həyatında olan inanc və ya praktikanın qədim keçmişə əsaslandırılması, o inanc və ya praktikaya ortaq sahib olan kimsələri bir-birilərinə tamamilə kilidləyəcək, aralarında qohumluğa bənzər qaynaq birliyi yaradacaqdır.

Ortaq tarix şüurunun doğması sadəcə bu gün mövcud olan şeylərə güc qatmaqla qalmaz, yeniliklərə də təməl qurmaqda faydalı ola bilər. Bugünkü həyatımızda var olmayan bir şeyin qaynağı çox qədim keçmişimizdə olduğu və ya göstərildiyi təqdirdə o da bir növ “qanunilik” qazanır, yerli və milli olur. Lakin hər hansısa yeniliyə qədimdən kök taparaq “qanunilik” qazandırmaq o qədimin tanınmış və mənimsənmiş olması ilə mümkündür. Keçmişdən kök tapmaq, yeni hala gətirməklə eyni mənaya gəlir. Bu halda, keçmişin heç olmasa “sosial yaddaş” halında bugünkü həyatımızda olması şərt olur.

Bəzi millətlərin çox qədim tarixi olmaqla bərabər millətin fərdlərində, hətta ziyalılarında belə tarixin reallığı ilə tarix şüuru bir-birinə uyğun gəlməyə bilər. Məsələn, bizim obyektiv tariximiz Miladdan çox qədimlərə getdiyi halda, yaxın keçmişə qədər tariximizin başlanğıcı İslam tarixinin başlanğıcı ilə eyni sayılırdı. Böyük şəxsiyyətlərin soy şəcərələri İslamın ilk illərindəki böyük adamlara dayandırılırdı. Başqa millətlər də yenə yaxın keçmişə qədər indiki tarix anlayışına sahib deyildilər. Avropanın ən davamlı milləti deyə bilinən almanların müxtəlif qrupları özlərini başqa-başqa adlar altında tanıyırdılar. Bugünkü mənada milli tarix anlayışı millətçilik düşüncəsinin yaranması və inkişafı ilə birlikdə, yəni XVIII əsrdən etibarən ortaya çıxmışdır. Dinin yanında dil və soy birliyi, xüsusilə dil birliyi mühüm sayıldığı ölçüdə milli tarix həm zaman, həm məkan içində genişlənmişdir.  Millətin kökləri həm daha əvvələ dayandığı, həm də yaşadığı halda eyni dili danışanların soy birliyinə  sahib olduqları üzərində durmuşdur.  Millətçilik cərəyanlarının dil və tarix araşdırmaları ilə eyni vaxtda inkişafının başlıca səbəbi budur. Bizdə də türkçülüklə türkologiya birlikdə irəliləmişdir. Tarixi və dili həm qədim, həm zəngin olan millətlərdə millətçilər hər şeydən əvvəl bu varlığı millətin önünə sərməyə, onu bu xəzinədən xəbərdar etməyə çalışmışdılar.

Nəticə

Milli tarix şüuru görüldüyü kimi adi tarix bilgisindən ibarət deyildir. Buradakı şüur sözü bilgi ilə birlikdə və bəlkə ondan da çox duyğu mənasında anlaşılmalıdır. Eyni insanın öz həyatına aid hadisələrdə olduğu kimi insanla tarix arasında da hissi bağlılıq qurulduğu təqdirdə insan-tarix identifikasiyası mümkün olur. Bir millətin fərdləri o millətə aid tarixin böyük hadisələrini öz xüsusi keçmişlərinin hadisələri halında görməyə başlayınca bu identifikasiya reallaşır. Öz keçmişimiz necə bizim şəxsiyyətimizin təməlini təşkil edirsə, millətimizin keçmişi də millətimizlə birlikdə hamımızındır.

Milli tarix cərəyanlarının millətçilik hərəkatları ilə birlikdə inkişaf etməsinin başlıca səbəbi budur ki, insan necə ailə kökünü tapdığı zaman özünü müəyyən və müstəqil kimliyə (mahiyyətə) sahib olaraq görürsə, millətlər də milli tarixlərinin əsəri olaraq özlərinin müstəqil, milli xüsusiyyətlərə sahib varlıq olduqlarını qavrayırlar. Millətçiliyin yaranmasi bir növ milli tarixin yaranması deməkdir; bu tarix obyektiv reallıqlardan çox əfsanələrdən və arzulu düşüncələrdən ibarət olsa belə, daima eyni funksiyanı yerinə yetirir: insanları millət deyilən sosial bütünün parçaları olduqlarına inandırmaq, beləcə onlar arasında birlik və bütünlüyü təmin etmək. Heç şübhəsiz, bu tarixlər “milli” sosial nizamı qanuni və haqlı göstərmək kimi məqsədlərə də xidmət edə bilər. Hegel öz dövründəki Prussiya dövlətinin son mərhələsi olduğunu deyirdi. İndi də imperiya artığı, müstəmləkə sonrası milli dövlətlərdə də hal-hazırda çatılan mərhələnin mümkün olan ən yüksək səviyyə olduğunu, daha əvvəlki dövrlərin qüsurlu və qaranlıq olduğu bildirilir.

Milli tarix şüuru millətçiliyin təməlini təşkil etdiyi üçün ona ən çox düşmən olanlar da millətçilik əleyhdarlarıdır. Bu münasibətin tipik misalı Sovetlər Birliyidir. Orada milli varlığın dil, sənət, ədəbiyyat, vətən və s. meydana gəlişi mənasında tarix anlayışı qadağan edilmiş, bunun yerinə proletariyanın sosial mübarizələri mövqeyindən yeni tarix öyrədilmişdir. Sovet tarix tezisinin əsası Sovet İttifaqında yaşayan müxtəlif millətlərin müstəqil şəxsiyyət olaraq varlıqlarını davam etdirmələrinə yaraya biləcək işarələri ortadan qaldırmaq, bunların yerinə bütün Sovet cəmiyyətini ortaq proletariya parantezində toplamaqdır. Bu qayədə müəyyən qədər uğur qazanmış ola bilərlər, ancaq Bolşevik inqilabının həyəcanlı və qarmaqarışıq günləri, Stalinin despotizmi geridə qaldıqca küllərin altındakı atəşlərin təkrar parıldadığına şahid oluruq.

İstinadlar

  1. Zeki Validi Toğan: Tarihte Usul. Türkiye İş Bankası kültür Yayınları.
  2. Sidney Hook: From Hegel to Man. From Hegel to Marx: Studies in the Intellectual Development of Karl Marx
  3. Stanley Aronowitz: Crisis In Historical Materialism: Class, Politics, and Culture in Marxist Theory. Univ Of Minnesota Press
  4. David Lowenthal: Dilemmas and Delights of Learning History. New York: New York University Press
  5. K. Manheim: Essays in Sociology and Social Psychology.Oxford University Press.

Qulamhüseyn Məmmədov

Bütün yazıları göstər