Öncə qeyd etmək lazımdır ki, XVI-XVII əsrin əvvəllərinə aid tarixi mənbələrdə və həmçinin müasir dövr dünya tarixşünaslığında bizim bəhs edəcəyimiz dil daha çox “Türk dili” adlandırılsa da, hal-hazırda rəsmi şəkildə Azərbaycan dili adlandırılır [1]. Buna görə də məqalənin adı “Səfəvilər dövründə Azərbaycan dili dövlətlərarası yazışmada” kimi qeyd edilmişdir.
Bu yazıda Azərbaycan dilinin dövlətlərarası yazışma tarixindən (XVI-XVII əsrin əvvəlləri), dövlətlərarası yazışma nümunələrinin üzə çıxarılması və araşdırılması tarixindən bəhs ediləcəkdir. Qeyd etmək lazımdır ki, bu yazı Azərbaycan dilinin XVI-XVII əsrin əvvəllərində dövlətlərarası yazışmada istifadəsi tarixindən bəhs etdiyinə görə, hökmdarların bu qəbildən olmayan, lakin Azərbaycan dilində yazılmış fərmanları haqqında məlumat verilməyəcəkdir.
Azərbaycan dilindən dövlətlərarası yazışmada istifadə olunmasının hələ ki, aşkar edilən ən qədim nümunəsi birinci Səfəvi hökmdarı Şah İsmayılın hakimiyyəti dövrünə aiddir [2].Səfəvilər dövlətindən əvvəl Ağqoyunlu və Qaraqoyunlu dövlətləri zamanı sarayda Azərbaycan dilindən istifadə olunsa da, bu dövrdə sarayda yaşamış şairlərin (belə şairlərə misal olaraq Qaraqoyunlu hökmdarı Cahanşahı, Kişvərini, Həbibini və s. göstərmək olar) bir çoxunun azərbaycanca şerlər yazmasına baxmayaraq, Azərbaycan dilinin diplomatik sahədə istifadə olunmasını göstərən faktlar yoxdur və yaxud hələ aşkar edilməmişdir [3][4].Ənənəyə əsasən bu dövrdə, dövlət dili fars dili idi [5]. Dövlət fərmanları da məhz bu dildə elan edilirdi. Uzun Həsənin hazırladığı və uzun müddət Şərqi Anadoluda belə istifadə olunmuş “Qanunnamə” də fars dilində idi [6]. O dövrdə məşhur olan Nəsriyyə və Məqsudiyyə mədrəsələrində tədris ərəb və fars dillərində aparılırdı [2].
Azərbaycan dilinin əcnəbi dövlətlər ilə rəsmi yazışmada işləndiyini göstərən ilk iki qaynağın tapılması macar türkoloq Fakete Layoşun adı ilə bağlıdır. Buna görədə onun haqqında bir qədər məlumat verməyi lazım bilirik.
Fekete Layoş 1891-ci ildə Budapeştdə anadan olmuşdur. Birinci dünya müharibəsi başlayan zaman zabit kimi Avstriya-Macarıstan ordusunda xidmətə başlamış və bir müddət keçdikdən sonra rus ordusuna əsir düşmüşdür. 1915-ci ildə əsir düşən Fekete, ruslara əsir düşmüş Osmanlı hərbçiləri ilə birlikdə 6 il Krasnoyarskda saxlanılmışdır. Bu müddət ərzində Fekete buradakı Osmanlı hərbçilərindən mükəmməl türkcə öyrənmişdir.
Əsrlikdən azad edildikdən sonra (1921) Budapeşt, Vyana və Berlində türk filologiyası üzrə təhsil almışdır. Daha sonra ərəbcə və farsca öyrənərək, paleoqrafiya və Osmanlı-İran diplomatiyası sahəsi üzrə mütəxəsisləşmişdir[8].
İstanbuldakı Baş Nazirlik arxivindəki sənədlər onun layihəsi əsasında qruplaşdırılmışdır. Xüsusən, Osmanlı dövlətinin Macarıstandakı hakimiyyəti dövrünü araşdırmışdır (arxiv sənədləri əsasında).
Fakete Layoş Avropa şəhərlərinin arxivlərində (Vyana və Drezden arxivlərində) saxlanılan və Osmanlı dövlətinə aid olan arxiv sənədlərini araşdırarkən iki məktub tapmışdır. Bu məktubları tədqiq etdikdən sonra Osmanlı dövlətinə deyil, Səfəvi dövlətinə aid olduğunu aşkar etmişdir. Lakin özünün də bildirdiyi kimi, məktublar Azərbaycan dilində (müəllif özü “Türk dili” deyir) olduğuna görə, bu iki məktubu daha da araşdıraraq, 1936-cı ildə bununla bağlı məqaləsini İstanbul Universiteti Ədəbiyyat fakültəsinin «Türkiyyət məcmuəsi»ndə çap etdirmişdir [2].
Onlardan biri VI Səfəvi hökmdarı I Şah Səfinin (1629-1642) Müqəddəs Roma imperatoru II Ferdinanda (1619-1637), ikincisi isə IX Səfəvi hökmdarı Şah Sultan Hüseynin (1694-1722) Sakson şahzadəsi və Polşa kralı Fridrix Avqusta (1694-1733) göndərdiyi məktubdur [9].
I Şah Səfinin məktubu onun taxta çıxması münasibətilə yazılsa da, Şah Sultan Hüseynin məktubu Fridrix Avqustun göndərdiyi elçiyə cavab məqsədi ilə qələmə alınmışdı. Belə ki, Varşavada Polşa kralı taxtına oturan Fridrix Avqust Osmanlı tərəfindən təzyiqlərə məruz qalırdı. Ehtimal olunan müharibəyə qarşı Səfəvilərlə ittifaq qurmaq ümidilə Yakob Norgiyus adlı elçisini Səfəvi sarayına göndərmişdir. Lakin, özünün vəziyyəti çox pis olan Şah Sultan Hüseyn, elçi vasitəsilə göndərdiyi cavab məktubunda salamından və məmnuniyyətindən sonra elçinin sağ-salamat, fəqət boş əl ilə məmləkətinə doğru yola salındığını bildirirdi.
İlk sənədlərin aşkar edilməsindən keçən 30 illik fasilədən sonra Azərbaycan dilinin dövlətlərarası yazışmada işlədilməsinə dair növbəti sənəd 1964-cü ildə filologiya elmləri doktoru Əzizağa Məmmədov tərəfindən aşkar edilmişdir. Şah İsmayıl ədəbi irsinin araşdırmaçısı olan alim Ə.Məmmədov Bakı Dövlət Universitetinin “Elm xəbərləri”ində nəşr etdirdiyi “Şah Təhmasibin Azərbaycan dilində bir məktubu” adlı məqaləsində Səfəvilərin ikinci hökmdarı Şah Təhmasibin Osmanlı hökmdarı Sultan Süleyman Qanuninin oğlu Şahzadə Səlimə (II Səlim (1566-1574)) yazdığı məktub haqqında məlumat vermişdir. Müəllif məktubu Əli Mustafa Çələbinin “Münşaat” əsərindən götürdüyünü bildirmişdir [10]. Bu əsərin üzü 1666-cı ildə İbrahim adlı Osmanlı katibi tərəfindən köçürülmüşdür. Həmçinin Şah Təhmasibin bu məktubuna ixtisarla İbrahim Paşa Peçəvinin əsərində də rast gəlinir [11].
Məktub Şah Təhmasib tərəfindən Şahzadə Səlimin göndərdiyi məktuba cavab olaraq yazılmışdır (Şahzadə Səlimin məktubu da “Münşaat” əsərində verilmiş və Şah Təhmasibin məktubu “Şah tərəfindən gələn cavabdır” başlığı ilə yazılmışdır) və vəliəhdlik mübarizəsində Şahzadə Səlimə məğlub olaraq Səfəvilərə sığınan Şahzadə Bəyazidin təslim edilməsi məsələsinin müzakirəsindən ibarətdir.
Hal-hazırda bəhs edəcəyimiz sənəd yuxarıda danışdığımız sənədlərdən fərqli olaraq Səfəvi hökmdarlarına aid deyildir. Lakin Azərbaycan dövlətlərindən biri hesab edilən Qaraqoyunlu dövlətinin varislərindən birinə aid olduğu güman edildiyinə və siyasi motivli olduğuna görə bu məktubdan da bəhs etməyi lazım bilirik.
Bu sənəd Cahanşahın nəvəsi olduğunu iddia edən Sultan Hüseyn adlı şəxsin Osmanlı sultanı I Səlimə yazdığı məktubdur.
Bu məktubdan ilk dəfə Azərbaycan tarixşünaslığında 1977-ci ildə S.Onullahi və A. Həsənov bəhs etmişdirlər. Onlar Azərbaycan SSR Ali və Orta İxtisas Təhsil Nazirliyinin “Elmi əsərlər” jurnalında dərc etdirdikləri məqalədə Səfəvilər dövrünə aid 5 sənədi nəşr etdirmişdirlər [12]. Bu sənədlərdən ikisinin (Cahanşahın nəvəsi Sultan Hüseynin I Səlimə məktubu və Şah İsmayılın Musa Turqut oğluna fərmanını) orijinalı hal-hazırda İstanbuldakı Topqapı sarayı muzeyinin arxivində saxlanılır (ərizənin əsli 9658 nömrə altında, fərmanın əsli 5460 nömrə altında). Bu iki sənədi ilk dəfə Şəhabəddin Təkindağ “Yeni kaynak ve vesikaların altında Sultan Selimin İran seferi” məqaləsində arxivdən aşkar edərək yayımlamışdır.
Sultan Hüseyn Baraniyə aid olan məktub Azərbaycanda ilk nəşr edildiyi zaman müəlliflər yazıda sadəcə məktubun surətini verməklə kifayətlənmişdilər. Ehtimal edilir ki, onlar Sultan Hüseynin kim olduğunu müəyyən edə bilməmişdilər. Lakin sonradan Zeynalabdin Əli Əbdi bəyin əsərinin araşdırılması nəticəsində bəlli olmuşdur ki, Şah İsmayıl 1500-cu ildə Anadoluya keçərkən Göyçə ətrafında dayanmış, bu zaman orada hakimiyyətdə olan və özünü Cahanşahın nəvəsi adlandırılan Sultan Hüseyn adlı şəxs tərəfindən “xain fikir ilə qarşılanmışdır” [13]. Görünür Şah İsmayıl Şah olduqdan sonra bunu unutmamışdır və Sultan Hüseyni 1501-ci ildə Şirvanşah Fərrux Yasarın oğlu Şeyxşahın sarayına sığınmağa məcbur etmişdir. Məktubda da qeyd edildiyi kimi, Şah İsmayıl Şirvanşahdan onun təhvil verilməsini tələb etsə də, müxtəlif bəhanələrlə şahın əmri yerinə yetirilməmişdir. I Səlimin yürüşü zamanı isə Sultan Hüseyn Barani bunu fürsət bilmiş və Sultanın qəbuluna düşməyə çalışmışdır. Əlavə olaraq qeyd edək ki, Sultan Hüseyn Baraninin sui-qəsdi haqqında materiallara Oqtay Əfəndiyevin “Azərbaycan Səfəvilər dövləti” və Faruk Sümerin “Səfəvilər dövlətinin quruluşu” əsərlərində də rast gəlinir və hal-hazırda bir çox tarixçi tərəfindən onun doğurdan da Cahanşahın nəvəsi olduğuna şübhə edilmir.
S. Onullahinin və A. Həsənovun məqaləsində qeyd edilən digər 4 sənəd aşağıdakılardır:
- Şah İsmayılın Musa Turqut oğluna fərmanı;
- Səfəvi hökmdarı Məhəmməd Xudabəndənin Osmanlı sərkərdəsi Fərhad paşaya məktubu;
- Adını çəkdiyimiz sənədlərdən fərqli olaraq digər iki sənəd Azərbaycan ərazisində hökmdarlıq edən şəxslər tərəfindən qələmə alınmamışdır. Belə ki, bu iki sənəd Osmanlı sultanları Sultan Süleyman Qanuninin və Sultan III Muradın müvafiq olaraq Şah Təhmasibə və Şirvanşahlar sülaləsindən olan Əbubəkr Mirzəyə ünvanladığı məktublardır.
Şah İsmayılın fərmanı 23 iyun 1512-ci il tarixinə aiddir. Bu fərmanı Azərbaycan və Azərbaycan dili tarixində müstəsna edən odur ki, fərman Azərbaycan dilində verilmiş ilk dövlət fərmanıdır [14].
Fərman Musa Turqut oğlu adlı şəxsə yazılmışdır. Musa Turqut oğlunun Qaramanlı bəylərindən olması ehtimal edilir. Məktubda Əhməd ağa Qaramanlının Şah İsmayıl tərəfdən oraya hakim təyin edildiyindən bəhs edilir. Fərman bəhs edilən dövrdə Şah İsmayılın Şərqi Anadoluda böyük nüfuza sahib olmasını sübut edir.
Məhəmməd Xudabəndənin Fərhad paşaya məktubu və Osmanlı sultanlarının məktubları Qazi Əhməd Quminin “Xülasət ət-təvarix” adlı əsərinin Berlin nüsxəsindən götürülmüşdür.
1585-ci ildə Osmanlı ordusu İrəvanı tutmuş və Təbrizə gedən yol onlar üçün açılmışdı. Bu zaman Osmanlı ordusunun komandanı Fərhad paşa İsmayıl adlı qasidini Məhəmməd Xudabəndənin yanına göndərərək işğal etdiyi torpaqların əlində qalması şərtilə sülh təklif etmişdir [15]. Xudabəndə isə Azərbaycan dilində yazıb göndərdiyi bu məktubda yalnız Amasiya sülhünün şərtlərini saxlamaqla sülhə razı olduğunu bildirmişdir.
Osmanlı sultanlarının məktubları o dövrki Səfəvi hökmdarlarının Azərbaycan dilində olan fərman və ya məktublarının dili ilə çox yaxındır. Buna görədir ki, S. Onullahi, A. Həsənov, Süleyman Əliyarlı kimi tarixçilər bu məktubların dilini Azərbaycan dili kimi göstərmişdir. Həmçinin o dövrdə, Anadoluda və Azərbaycan ərazisində danışılan dil bir-biri ilə çox yaxın idi və Fekete Layoşun da bildirdiyi kimi, Osmanlı dövlətində rəsmi sənədlərin yazılmasında istifadə olunan üslub o dövrdə Azərbaycanda istifadə olunan üslubdan xeyli təsirlənmişdir [9].
Sultan Süleyman Qanuninin məktubunda yenə də Şah Təhmasibə sığınmış Şahzadə Bəyazidin Osmanlıya təhvil verilməsindən bəhs edilir. 1562-ci ilin aprel ayının 23-də Qəzvində Şah Təhmasibə verilən məktub xalq dilinə çox yaxındır və sadə üslubda yazılmışdır. Sultan III Muradın məktubu isə Şirvanşahlar sülaləsindən olan Bürhan Mirzənin oğlu Əbu Bəkir Mirzəyə ünvanlanmışdır. Belə ki, Sultan Əbu Bəkr Mirzənin Şirvana yürüş təklifini bildirdiyi məktubuna cavab vermişdir. Qeyd edək ki, III Murad Əbu Bəkr Mirzənin farsca yazılmış məktubuna Azərbaycan dilində və yaxud da Türk dilində cavab vermişdir [7].
S. Onullahi və A. Həsənov həmçinin Səfəvi hökmdarı I Şah Səfinin Rusiya çarı Mixail Romanova ünvanlanmış məktubunu da üzə çıxara biliblər. Bu məktub XVII əsrdə yaşamış şair, xəttat və tarixçi Heydər bəy Evoğlunun “Məcmueye-murasilat” əsərindən aşkar edilmişdir. Qeyd etmək lazımdır ki, məktubun başlığı farsca yazılmışdır və buradan məlum olur ki, məktub Şah I Səfi Mazandaranda olarkən yazılmışdır. Məktubda şah kazakların Rusiyaya gedib-gələn tacirləri qarət etmələrindən, dinc əhaliyə basqınlar təşkil etməsindən gileylənir. Məktubdan sonra Çar qızılbaş tacirlərinə toxunulmaması barədə kazaklara göstəriş vermişdir [16].
Səfəvilər dövrünə aid tapılmış digər iki sənəd isə VII Səfəvi hökmdarı II Şah Abbasın Şirvan bəylərbəyi Hacı Mənücöhr xana məktubu və II Səfəvi hökmdarı Şah Təhmasibin Zeynalabidin Əli Əbdi bəyin “Təkmilatül–əxbar” əsərinin yazılması haqqında fərmanından ibarətdir. Lakin bu iki sənəd Azərbaycan dilində dövlətlərarası yazışma mövzusuna aid olmadığı üçün bu yazımızda onlardan bəhs etməyəcəyik.
Günümüzə qədər Səfəvilər dövrünə aid edilən Azərbaycanca yazılmış 11 sənəd aşkar edilmişdir. Xronoloji baxımdan bu sənədlərin ən qədimi birinci Səfəvi hökmdarı Şah İsmayıla, sonuncusu isə əlində faktiki olaraq hakimiyyət olan sonuncu Səfəvi hökmdarı Şah Sultan Hüseynə aiddir. Bu da Səfəvilər dövlətinin bütün hakimiyyəti boyunca Azərbaycan dilinin dövlətlərarası yazışmada fars dili ilə yanaşı işlənməsini sübut edir [17].
Azərbaycan dilində yazılmış bir çox sənədin hələ üzə çıxarılmadığı güman edilir. Aşkar edilən sənədlərin xarici ölkə arxivlərindən və ya xarici ölkələrdəki muzey, şəxsi kitabxana və s. kimi yerlərdən tapılması yeni sənədlərin aşkar edilməsi prosesini xeyli ləngidir və çətinləşdirir.
Bu dövrə aid dövlət fərmanlarının və digər yazı nümunələrinin bir çoxu fars dilindədir. Azərbaycandilli tarixşünaslıqda bu sənədlərin bir çoxu T. Musəvinin “Orta əsrlər Azərbaycan tarixinə dair farsdilli sənədlər” və “Bakı tarixinə aid orta əsr sənədləri” adlı əsərlərində tərcümələri ilə birgə yerləşdirilmişdir. Həmçinin Azərbaycan tarixi üzrə qaynaqlar kitabında bir sıra farsdilli sənədlərin tərcüməsi verilmişdir.
Qeyd etmək lazımdır ki, o dövrdə müsəlman şərqindəki dövlətlərin demək olar ki, hamısında dövlət dili ya yalnız fars dili olmuş, ya da dövlət dillərindən biri fars dili olmuşdur [18]. Bu adət halını almış və uzun müddət davam etmişdir. Səfəvilər dövləti ilə eyni zamanda, mövcud olmuş Böyük Muğal imperiyasında, Buxara xanlığında fars dili rəsmi dövlət dili olmuş [19] [20], Osmanlı imperiyasında rəsmi dövlət dili olan Osmanlı dilinin (fars, ərəb və türk dillərinin qarşığından süni şəkildə yaradılmışdır) 90 faizi ərəb və fars sözlərindən ibarət olmuşdur [21].
Qaynaqlar
- Willem Floor Hasan Javadi? The Role of Azerbaijani Turkish in Safavid Iran
- Azərbaycan tarixi üzrə qaynaqlar, Bakı, Çıraq, 2007
- Minorsky, V. (1954) “Jihān-Shāh Qara-Qoyunlu and His Poetry (Turkmenica)
- Javadi, H.; Burrill, K. (May 24, 2012) – Azeri Turkish Literature in Iran.
- Fakete Layoş, György Hazai, Fars palaeoqrafiyasına giriş
- L. Barkan, Osmanlı devrinde hükümdarı Uzun Ḥasan beye ait kanunlar
- Xaqan Balayev, Azərbaycan dilinin dövlət dili kimi təşəkkül tarixindən
- https://encyclopedia2.thefreedictionary.com/Lajos+Fekete
- Fekete Layoş, İran şahlarının iki türkcə mektubu, İstanbul Universiteti, Türkiyyat mecmuəsi, 1936
- V.Piriyev, “Azərbaycan dili islahatı nə vaxtdan bəllidir?” Ədəbiyyat qəzeti, 1992
- Ə. Məmmədov, “Şah Təhmasibin Azərbaycan dilində bir məktubu”
- S. Onullahi və A. Həsənov, Qaraqoyunluların, Səfəvi hökmdarları və türk sultanlarının Azərbaycanca beş yeni sənədi haqqında, 1977
- Zeynalabdin Əli Əbdi bəy, “Təkmilətül–əxbar”, Əbülfəz Rəhimlinin tərcüməsi, Elm nəşriyyatı, 1996
- N.M.Xudiyev, Azərbaycan ədəbi dilinin tarixi, 1995
- Oqtay Əfəndiyev, “Azərbaycan Səfəvilər dövləti”
- S.M. Onullahi, A.Q. Həsənov, “Azərbaycan hökmdarlarının daha iki naməlum məktubu haqqında”, Azərbaycan SSR-nın “Elmi əsərlər”i, 1974
- Ə.M. Dəmirçizadə, Azərbaycan ədəbi dilinin tarixi, 1979
- Schmitt, Rüdiger (1989). Compendium linguarum Iranicarum.
- Michel Conan Middle East Garden Traditions: Unity and Diversity: Questions, Methods and Resources in a Multicultural Perspective
- Robert L. Canfield, Turko-Persia in Historical Perspective
- Bertold Spuler, Persian Historiography & Geography , Encyclopedia of Arabic Language and Linguistics, Volume 4