Gəncə üsyan özünün gərginliyi və verdiyi qurbanlar etibarı ilə ən böyük üsyanlardan biridir. Daima öz namusu və istiqlalı uğrunda çarpışan Azərbaycan xalqının xarakteri bu üsyanın başlıca səbəblərindən biri olmuşdur. 1920-ci ilin 27 aprelində bolşeviklər riyakar yollarla Azərbaycanı tutduqdan sonra xalqın xüsusiyyətləri ilə hesablaşmadan ən ağır terror və təzyiqlər hesabına ənənə, din və sairəni aradan qaldıraraq birdən-birə Azərbaycanı sovetləşdirməyə başladılar. Bolşeviklərin Azərbaycanda sinfi mübarizə yaratmaq cəhdləri müvəffəqiyyətlə bitmədi. Çünki Azərbaycandakı zümrələr arasında gözə çarpacaq böyük bir fərq yox idi. Xalq ümumiyyətlə birləşmişdi ki, bu da bolşeviklərin maraqlarına müvafiq deyildi. Buna görə də bolşeviklər özləri üçün qorxulu hesab etdikləri ziyalı elementləri – bəy, xan, ağa nüfuzlu kəndliləri isə qolçomaq adı altında ləğvə başladılar.

Əsl həqiqətdə “çar hakimiyyətindən azad olunmuş xalqlara eyni zamanda millətimizə, bərabər hüquq və istiqlal şüarına istiqamət almaq üçün tək bir ay vaxt kifayət idi. 1920-ci il may ayının siyasi vəziyyəti bolşeviklərlə müvəffəqiyyətli mübarizə, hətta Azərbaycanı onlardan təmizləmək üçün olduqca əlverişli idi.

Məlum olduğu kimi bolşeviklər Bakını tutan kimi Sovet Azərbaycanı adından Gürcüstana müharibə elan etdilər. Azərbaycanın hərbi komissarı “İldırım məni telefona çağıraraq, xəbər verdi ki, o, məni köhnə bir zabit və patriot kimi Gürcüstan cəbhəsinə komandan təyin edir. Bu təyinatla mən təcili Qazaxa getməli və Qızıl Ordunun oraya gəlməsinə qədər oradakı orduları müdafiə və hücuma hazırlamalıydım.

Gürcüstanla olan bu müharibənin səbəbini o, aşağıdakı tərzdə izah etdi: Bolşeviklər Azərbaycana düşmən deyil, dost kimi gəlmişlər. Qızıl Ordu Azərbaycandan keçərək ingilis, fransız və İtaliya birləşmiş qüvvələrilə çarpışan Mustafa Kamal paşaya yardım edəcəkdir. Azərbaycan orduları nəinki yalnız bizə qohum olan Türkiyəni, həm də bütün müsəlman aləmini müdafiə etmək üçün XI ordu tərkibinə daxil olunur. Gürcüstan buna əngəl törətdiyi üçün silahı yerə qoymağa məcbur edilməlidir.

Belə bir əmri aldıqdan sonra mən, Zaqatala alayının birinci, yenicə təşkil olunmuş və Şamaxı alayının birinci taburları yerləşən Qazax şəhərinə getdim. Sərhədlərimizi nəzərdən keçirdikdən sonra inandım ki, Azərbaycanla qarşılıqlı ittifaqda bulanan Gürcüstan belə bir təsadüfü gözləmədiyi üçün hərbi əməliyyatlara hazır deyildir.

Müdafiə xətlərini təşkil və düzəltdikdən sonra növbəti hadisələri izləməyə başladım. Bununla əlaqədar olaraq bolşeviklərin Azərbaycan əhalisinə qarşı əclaf hərəkətləri haqqında müxtəlif iyrənc xəbərlər alırdıq. Buna tam inanmaq üçün iki nəfər zabiti yerlərə göndərərək, orada olan vəziyyəti öyrənmək vəzifəsini onlara tapşırdım. Bu zabitlər bir neçə gündən sonra biri Bakıdan, digəri isə Gəncədən geri dönərək, yerlərdəki əhval-ruhiyyəni dən sonra biri Bakıdan, digəri isə Gəncədən geri dönərək, yerlərdəki əhval-ruhiyyənin qayət pis olduğunu bəyan etdilər. Bütün ölkədə terror hökm sürür. İctimai və siyasi xadimlərin həbsi və qətli, axtarışlar, əhalinin  əmlakının müsadirə edilməsi adi hal almışdır. Əhali moral, həm də psixoloji cəhətdən boğulmuş və vəziyyəti çıxılmaz bir hala düşmüşdür.

Azərbaycan tərəfindən təhlükə hiss edən Gürcüstan öz qüvvələrini sərhəddə toplayıb, vurula biləcək zərbəni əks elətdirmək üçün inadla müdafiə işlərinə hazırlaşır. Bununla birlikdə sovet qoşunlarının artıq Bakıdan çıxaraq Gürcüstan sərhədlərinə hərəkət etməsi haqqında məlumatlar alırıq. Həqiqətən 12 mayda tərkibində birinci Göyçay Azərbaycan alayının birinci taburu olmaq üzrə birinci sovet diviziyası  Qazax şəhərinə gətirilərək, ilk növbədə Poylu körpüsünün qarşısındakı gürcü istehkamları əleyhinə cəbhəyə buraxıldı. Bu taburun üçdə iki hissəsi qurğu istehkamlarından atılan müxtəlif növlü atəşlərdən məhv oldu. Mən diviziya komandanının sərəncamı üzrə Gəncəyə qayıdaraq indiyə qədər müavinimin komandanlıq etdiyi 3-cü Gəncə piyada alayımın komandanlığını təhvil aldım.

Təxminən may ayının ortalarında Bakıdan bir məlumat alırıq ki, XI sovet ordusunun müfəttişi səhv etmirəmsə Melnikov 3-cü Gəncə piyada alayını nəzərdən keçirmək üçün Gəncəyə gəlir. Təyin olunan günün səhəri alayı şəhərin erməni hissəsində sıraya düzərək, alayın rəsmi keçidə hazır olduğunu bildirmək üçün başda yavərim olmaqla ekipajımı inspektora göndərdim.

Səhər saat 8-ə yaxın müfəttiş alaya gəlir. Bir alay komandanı olaraq mən onu hərbi qanunun tələb etdiyi kimi qarşılayır və düzülmüş taburun yanınadək müşayiət edirəm. Müfəttiş alay orkestrinin marş sədaları altında bütün alayı nəzərdən keçirdikdən sonra bir sıra bölüklərə önə çıxmağı əmr edir. Ayrı-ayrı sıravi əsgər və kiçik zabitləri nəzərdən keçirir, onların əsgəri biliklərini yoxlayırdı. Baxış 3 saata qədər davam etdi. Yoxlanış qurtararkən müfəttiş alayı yenə marş sədaları altında buraxdı.  Əlavə etmək lazımdır ki, alay öz əla geyimi, təlimi və nizam-intizamı ilə ona həddindən artıq xoş təsir bağışladı. Müfəttiş bunu qeyd etməkdən çəkinmədi.

Bununla bərabər şəhərdə gərgin vəziyyət davam etməkdə idi. Heç kəs sabahkı günə arxayın deyildi.  Bolşeviklər “Şəriət alayı” düzəltdilər. Bu alayın başında Zülfüqar adında hazırlıqsız və tamamilə savadsız bir adam dururdu. Alay macəraçılardan təşkil edilməklə bərabər xalis müsəlman “şəriət” adını daşıyır və müsəlmanlar arasında provokasiya yaymaq məqsədini güdürdü. O öz vəzifəsini yerinə yetirdi. Alayımın əsgərləri həyəcan içində idilər. Xeyli çalışıb onları sakitləşdirə bildim.

Üçüncü alayın və Gəncə alayının daxil olduğu Birinci Azərbaycan diviziyasının generalı Cavad bəy Şıxlinski vəzifəsindən kənar edilərək yerinə Şepelev adlı bir rus təyin edildi. Rus vəzifə başına gələr-gəlməz hər bir imkandan istifadə edərək, alayın mənəvi və döyüş ruhunu zəiflətməyə çalışdı. Digər alaylara yardım üçün alayımdan tüfəng, güllə, araba və s. göndərilməsini əmr etdi. Gəncə alayına bir sıra siyasi komissarlar təyin edildi ki, bunlar da zabit və kiçik zabitləri terrorizə etməyə başladılar. Diviziya komandiri müxtəlif bəhanələrlə məni Gəncədən Bakıya sürgün etməyə təşəbbüs etdi. Bu mənim üçün edamdan da pis idi. Lakin o, buna müvəffəq ola bilmədi.  Çünki mən müxtəlif bəhanələrlə bu təkliflərdən boyun qaçırırdım.

Bu zaman Gürcüstanla Sovet Azərbaycanı arasında hərbi əməliyyat davam edirdi. Əhali və əsas hissəsi Qarabağda yerləşmiş olan Azərbaycan qoşunları arasında bolşeviklərə qarşı narazılıqlar artırdı. Hətta Ağdam və Tərtərdə qızıl əsgərlərlə əhali arasında ayrı-ayrı silahlı toqquşmalar baş verirdi. Sovet qoşunlarının Qafqazdakı vəziyyətini o qədər də qənaətbəxş hesab etmək olmazdı. Bir tərəfdən Gürcüstan cəbhəsi, digər tərəfdən arxalarında hər dəqiqə silaha sarılmağa hazır olan əhali. Bu vəziyyət məndə bolşeviklərə qarşı aktiv olaraq çıxış etmək fikrini, gürcü ordusu ilə rabitə yaratmaq, Gəncədə olan qırmızı diviziyanı tərk-silah etdirmək və Qarabağdakı qoşunlarımızla birləşmək, Gürcüstan ordusu ilə birlikdə (Azərbaycan silahlı qüvvələri üsyan etmiş ermənilərə qarşı mübarizə üçün Qarabağda toplaşmışdı) ölkəni bolşeviklərdən təmizləmək və əvvəlki vəziyyəti bərpa etmək fikirlərini oyatdı. XI sovet ordusunun pis silahlanmasını, pis geyindirilməsini və sıralarını tamamlamaq sahəsindəki fövqəladə çətinliklərini nəzərə aldıqda, bu fikirləri həyata keçirmək tamamilə mümkün idi. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, Qızıl Ordu hissələrində şəxsi heyətin 50 faizdən çoxu çatışmırdı. Onlara gərək olan silahları qızıl komandanlıq təcili surətdə Azərbaycan ordusunun ehtiyyatından təmin etməyə çalışırdı.

Çatışmazlıq təkcə silahlanmada hiss edilmirdi. Pis geyindirilmiş, bəzən cır-cındırda, ayaqyalın, ac qızıl əsgərlər dəstə-dəstə və tək-tək, ev-ev gəzərək dilənirdilər. Zənn edirəm ki, xalqı aldadaraq, Azərbaycanı mübarizəsiz işğal etmiş olan Qızıl Ordunun döyüş qabiliyyətini göstərmək üçün bu faktlar kifayət edər.

Bu zamanlar, yəni 1920-ci il may ayının ortalarında Gəncədə vəziyyət o qədər gərginləşmişdi ki, xalqla bolşeviklərin toqquşmasını hər dəqiqə gözləmək olardı. Əhalini və əsgərləri uyğun olmayan addımlar atmaqdan çəkindirmək üçün çox iş görmək gərək idi. Demək lazımdır ki, mən Qazaxdan qayıtdıqdan dərhal sonra yerli əhalidən bir çoxu ilə fikir mübadiləsi etdim. Yaranmış vəziyyəti müzakirə üçün yanıma gəlmişdilər. Mənzilimin nəzarət altına alındığını nəzərə alaraq, bu cür müzakirələri Gəncənin kənarında – Bağmanlarda və bəzən şəhərdən uzaqlarda Kür kənarındakı kəndlərdə, əhalinin bolşeviklərdən gizlənmiş olduqları yerlərdə edirdik.

Təşəbbüsü əlimizdə saxlamaq və fikirlərimi həyata keçirmək üçün aktiv mübarizədən ötrü işi 24 maya təyin etdim. Gürcüstan ordusu ilə əlaqə yaratmaq və planlarımızı onlarla uyğunlaşdırmaq məqsədilə, gizli şəkildə Gəncəyə gəlmiş 3 gürcü zabitini Tiflisə göndərdim. Bunlar: Miralay Eristov, Sumbatov və Qayımməqam İsrafil Yedigarovdan ibarət idi. Bunları öz planımla müfəssəl surətdə tanış etdim.  Qarabağ dəstələri ilə də əlaqə saxlamaq məqsədi ilə  iki zabit göndərildi. Onlara da lazımi təlimat verildi. Və Ağdamla Tərtərdə yerləşən III süvari Şəki alayının yanına göndərildi. Bu alayın yerləşmiş olduğu məhəllələrdə bolşeviklərlə əhali arasında artıq toqquşma başlamış olduğundan, bu alayın lazım gəldikdə öz-özünə Gəncə alayına qoşulacağını gözləmək olardı.

Yuxarıda xatırlanan məqsədlər üçün zabitlər göndərərək, mən diqqəti yayındırmaq üçün alayda məşğələni artırır və hər gün hərbi təlim təyin edirəm. Daimi gərgin vəziyyətdəyik. Günlər bir-birinin arxasınca keçir. Şəxsən özüm bütün gün və gecələrimi taburlarda, bölüklərdə keçirir və getdikcə bu fikrə gəlirəm ki, əsgərlərin milli ruh və özlərini qurban verməyə hazır olmalarının hüdudu yoxdur. 24 may günü xüsusilə gözəl oldu. 3 gün bütün xalqın sevincdən çırpınan ürəklərə 28 Mayı – İstiqlalın 2 illiyini bayram etməyə hazırladıqları gün, 1919-cu il yada düşdü. Azərbaycan qoşunlarının rəsmi keçidi, ölkədə bütün xalq bayramı yada düşür. İndi isə bizi əhatə edən hərc-mərcliyə inanmaq istənilmir. Necə oldu ki, biz azərbaycanlılar belə asancasına, müqavimət göstərmədən, protest etmədən öz zəngin və çiçəklənən ölkəmizi bu barbarlara güzəştə gedir, özümüz isə onların köləsi oluruq? Necə olur ki, üzərimizdən bu mənfur ləkəni silmək üçün heç bir iş görmürük? Qürurumuz harda qaldı, Şərəfimizə nə oldu? Budur, hər bir azəri türkünün, hər bir türk əsgər və zabitinin üzündə oxunan əzablı suallar.

24 may saat 4 radələrində Bağmanlarda partizan döyüşlərinə girəcək şəxslərlə bir müşavirə çağırdım. Bunların içərisində bolşeviklərin gəlişindən bəri sona qədər onlara qarşı əks cəbhədə dayanan Sarı Ələkbər və Qəmbəri xüsusilə qeyd etmək lazımdır. Bu müşavirədə döyüş hərəkətlərinin yeri və metodu müəyyən edildi. Xüsusi siqnal vaxtı onların hər birinin ayırılıqda Bağmanlar tərəfdən hücum edərək, Gəncə çayını keçmələri, alay qərargahı ilə əlaqə saxlamaq şərtilə Gəncə çayının o biri kənarındakı erməni hissəsində yerləşən qızıl əsgər bölüyünə hücum etmələri və gələcək hərbi məqsəd üçün şərait  təxmini qərarlaşdırıldı. Təxminən gündüz saat 6 radələrində hərəkatın ümumi planını müəyyənləşdirmək üçün tabur və bölük komandanları ilə müşavirəyə başlanıldı. Bir tabur partizanların yardımı ilə qırmızı diviziyanın yerləşdiyi sahəni mühasirə edərək, qəflətən həlledici bir qüvvə ilə qırmızıları tərk-silah etmək və təslim olmaq məcburiyyətinə gətirmək tapşırığı verildi. Digər bir tabura isə şəhərin poçt teleqraf və hərbi anbarlarının yerləşdiyi əsas hissəsini ələ keçirmək və “Şəriət alayını” tərk-silah etdirmək əmri verildi.

Qarşıdakı döyüşlərlə əlaqədar olanbütün məsələləri müzakirə edərək və hücum üçün ümumi siqnal şərtini təyin etdikdən sonra zabitləri buraxdım. Tam axşam saat 8-dir. Taburlar öz nahiyələri daxilindəki komissarları həbs edərək, tam bir döyüş hazırlığı ilə sürətli marşla qabaqcadan təyin olunan sahələri tutur və öz vəzifələrinə başlayırlar, ilk atəşlə bərabər əhali, hər kəs əlinə keçən silahla küçələrə çıxır. Qırmızı diviziyanın hissələrilə döyüşə girərək, bir sıra yerlərdəki kiçik hissələri və komanda hissələrini tərk-silah edən alayın yardımına çatmağa tələsirdilər.

Axşam saat 11-ə kimi bütün komandanları artilleriyası ilə birlikdə qırmızı diviziya və “Şəriət alayı” tərk-silah edilərək şəhər həbsxanasına dolduruldu. Beləliklə şəhər 24 maydan 25 maya keçən gecə üsyançıların əlində qaldı. İkinci mərhələ isə, təcili olaraq milli dövlət təşkilinə keçmək, bolşeviklərlə döyüşən gürcü ordusu ilə əlaqə yaratmaq, partizan hərəkatını təşkil etmək və şəhərin müdafiəsini möhkəmləndirməkdən ibarət idi.

25 may səhər saat 6-da birgə hərəkatın gələcək planını müəyyənləşdirmək məqsədilə “N” şəhərinə gəlmiş olan Birinci Azərbaycan diviziyasının generalı Cavad bəy Şıxlinskini, Azərbaycan ordusunun baş intendantı general Məhəmməd Mirzə Qacar və atlı diviziya komandanı general Teymur bəy Novruzovu müşavirəyə dəvət edirəm. Birinci və ikinci general arxalarınca göndərilmiş olan alay yavərlərinin müşayiətilə gəldilər. General Novruzov isə evdə yoxmuş. Küçələri doldurmuş əhalinin şadlığını ayrıca qeyd etmək lazım gəlir.  Əhali alay qərargahına gəlmiş generalları “Yaşasın” səslərilə qarşılayır, hər ikisini əlləri üstdə qərargaha gətirirlər. Uzun zaman küçələrdə sevinc səsləri kəsilmədi, yalnız mənim xahişimdən sonra əhali dağıldı və hər kəs öz evinə çəkildi.

Bu müşavirədə yerli hakimiyyət orqanlarını təşkil etmək üçün general Məhəmməd Mirzə Qacar ümumi rəhbər seçildi.  Topçu olan general Şıxlinskiyə isə həm bolşeviklərdən alınmış, həm də Azərbaycan ordusunda olan artilleriyanı bərpa edib, artilleriyaçılara rəhbərlik etmək tapşırığı verildi. Mən də öz alayımın və partizan dəstələrinin hərəkatına rəhbərlik edirəm.

25 may ikinci mərhələnin həyata tətbiq edilməsilə əlaqədar işlərlə keçir. Eyni zamanda daha təhlükəli istiqamətlərə kəşfiyyat göndərilir və şəhərin təhlükəsizliyini qorumaq üçün lazım olan tədbirlər görülür. 26 may səhər saat 10 radələrində Yelenendorf koloniyası tərəfindən erməni-bolşevik hücumlarının başladığı xəbəri alay qərargahına çatır. Bu istiqamətdə yerləşən alayın birinci taburu topçu qüvvələrilə möhkəmləndirilmiş olduğundan hücumu dayandırır, sonra da özü əks-hücuma keçərək, düşmənə ağır tələfat verdirir.

Bu vaxt hərbi nizamla irəliləyən piyada hissələrinin Şamxor tərəfindən şəhərə doğru gəlməkdə olduğu xəbəri alay qərargahına çatır. İki mərmiatan bölüyü ilə şəhərdən kənardakı təpələrdə müdafiə mövqeləri tutmuş olan ikinci tabur düşməni top və mərmi atanların atəşləri ilə qarşılayır, düşmən qoşunlarını ağır tələfat verərək başı pozuq surətdə geri çəkilməyə məcbur edir.

Axşam saat 5 radələrində düşmən şəhəri və ikinci taburun mövqelərini güclü top atəşinə tutur. Topçularımız sərrast cavab atəşi ilə bolşevik artilleriyasını susmağa məcbur edir. Axşam saat 7-yə yaxın hər tərəfdə atəş susur. Həmin gün general Məhəmməd Mirzə xəstələnir.

27 may günü bolşeviklər şəfəqlə bərabər bir sıra hücumlara başladılar və döyüş meydanında çoxlu ölü və yaralı buraxaraq geri çəkildilər. Bu gün içində üsyançılar bolşeviklərin 7 inadlı hücumlarını dəf etdilər.

27 may şəhərin güclü top atəşinə tutulması ilə başlayır və bütün gün davam edir. Bununla bərabər Gürcüstandan və Qarabağ dəstələrindən gözlənilən yardım hələ gəlib çıxmır. Bolşeviklərin fəaliyyəti get-gedə artır, üsyançıların vəziyyətin isə günü-gündən pisləşir. Bütün bunlarla əlaqədar olaraq, əhali və əsgərlər arasında bir az ruh düşkünlüyü hiss olunur. Necə olur olsun üsyançıların ruhunu qaldırmaq, onları gələcək mübarizəyə hazırlamaq lazım idi. Bu məqsədlə mən əhaliyə və əsgərlərə müraciət edir və atdan düşmədən günümü daha təhlükəli olan mövqelərdə keçirirəm.

28 may günü xüsusilə gözəl oldu. Elə bil ki, təbiət özü də bu günə sevinir və bərabər olmayan döyüşlərdə üsyançı xalqa hüsn-rəğbət bəsləyirdi. Müxtəlif cəbhələrdə şəfəqlə top, pulemyot və silah səsləri guruldamağa başlayır, zaman-zaman fah burada, gah orada mərmilər partlayır.

Bu gün Azərbaycan istiqlalının elan olunması münasibətilə vilayət məhkəməsinə başda Şeyxülislam olmaq üzrə səhər saat 8-də mötəbər adamlar toplanırdı. Ümumi vəziyyətlə tanış olduqdan sonra yığılanlardan hər biri öz fikrini söylədi. Hamı mübarizəyə çağırırdı. Qoy, biz məğlub olaq, lakin düşmən də öz qələbəsinə doğru yüzlər və minlərlə ölüsünün meyitləri üzərindən yerisin. Qoy 28 May təkcə istiqlal elanı günü kimi deyil, həm də tarixmizə vətən uğrunda şəhidlər verdiyimiz gün olaraq daxil olsun. Qoy 28 may günündə düşmən həyat və ölüm mübarizəsi ilə qarşılaşsın. 28 May günündə düşmənə cavabımız ruhumuzun böyüklüyünün, mənəvi qabiliyyətimizin simvolu olacaqdır.

Səhər saat 10 radələrində ikinci taburun komandanından alay qərargahına xəbər gəldi ki, şəhərin 6-7 kilometrliyində, yəni Şamxor tərəfdən şəhərə gəlməkdə olan çoxsaylı süvari dəstələr görünməkdədir. Mən ikinci taburun tutduğu mövqelərə gəlir, tabur komandanı kapitan Mirizadə ilə birlikdə müşahidə aparır və bizim atəşin tutduğu yerlərdə yerləşən böğyük süvari dəstəsi görürük. Müşahidələr düşmən süvarilərinin hücum üçün hazırlandığını müəyyən edir. Mən dərhal atəşi kəsmək, mövqelərdə səssizliyə riayət etmək, əlimizdə olan mərmiləri düşmən üzərinə yağdırmaq əmrini verirəm. Həqiqətən də səhər saat 11 radələrində mövqelərimizə tərəf gəlməkdə olan təqribən hərəsi iki eskadrondan ibarət 4 düşmən dəstəsi göründü. Mövqelərimizdə öldürücü sükut davam edir. Mən, köməkçi miralay Hauzen və kapitan Mirizadə ilə əsgərləri bölük batareyalar üzrə bölürük. Hər kəs həyəcan içində atəş əmri gözləyir.

Düşmən dəstələri getdikcə yaxınlaşmaqdadır. Budur, 800 metrlikdədirlər, budur, artıq 600-700 metrlikdədirlər. Atəş səsi bütün mövqe boyu əks-səda kimi yayılır.

6 top və 22 pulemyotdan yağmur kimi yağan atəş, cinahdan nişançı tabur və partizanların atəşi düşmən süvarisi sıralarında elə müdhiş bir boşluq əmlə gətirdi ki, bunu tam məğlubiyyət hesab etmək olardı. Övqelərimiz qarşısındakı sahə düşmənin saysız-hesabsız ölü və yaralıları ilə dolmuşdu. Atəşimizdən yaxasını qurtarmış tək-tək atıcılar geri dönür və hara gəldi qaçırdılar. Sonrada məlum oldu ki, gündüz saat 12-yə yaxın süvari diviziyanın hücumu dəf edilmiş və tələfatları nəzərə alaraq demək olar ki, diviziya məhv edilmişdi.

Gündüz saat 2 radələrində bolşeviklərin Yelenendorf koloniyası tərəfdən şəhərə doğru hücum xəbəri bizə çatır. Şəhərin ermənilrə yaşayan hissəsində tabur və partizanlara yardım üçün birinci pulemyot bölüyü bu istiqamətə göndərildi. Taburun və partizanların ümumi, birgə əməliyyatları nəticəsində bu istiqamətdəki bolşevik hücumları düşmənə ağır tələfat verdirməklə dəf edilir.

Gündüz saat 4-ə yaxın acıqlanmış bolşeviklər şəhəri ağır və yüngül toplardan atəşə tuturlar. Bizim sayca olan artilleriyamız düşmən atəşinə cavab versə də, mərmilərə qənaət etməyə çalışırıq. Axşam saat səkkizə yaxın nisbi sakitlik yorulmuş, üzülmüş əsgərlərin istirahət etmələrinə imkan yaradır.

Provokatorlar, telefon xətlərini kəsən və proklamasiyalar yayan bir neçə şəxs bu gün ərzində güllələndilər. 28 May belə qanlı olaraq keçdi.

Bütün üsyan müddətində bu günü, ən ağır günlərdən biri hesab etmək olar. Gəncə istiqlal və azadlıq keşiyində sarsılmaz dayandığını sübut etməklə, əski ənənəsini yenidən göstərdi.

Şəhər ətrafını dolduran düşmən meyitləri, bu tarixi gündə axıdılan saysız-hesabsız qan, müharibə necə qurtarırsa-qurtarsın, qəhrəman müdafiəçilərin daimi mənəvi qələbə simvolu olacaqdır.

Bununla bərabər nə Gürcüstan cəbhəsindən, nə də Azərbaycan qoşunlarından heç bir məlumat yoxdur. Mərmi və güllələr getdikcə azalır. Bolşeviklərin fəaliyyəti gün-gündən artır. Onlara yeni-yeni ehtiyat qüvvələr gəlir. Bolşeviklərin çoxsaylı hücumları üsyançılar tərəfindən dəf olunsa da, aydındır ki, onlar yeni qüvvələrlə hücumlarını təzələyəcəklər. Biz isə yardım almasaq, uzun zaman müqavimət göstərə bilməyəcəyik.

28 maydan 29 maya keçən gecədə ilk məlumataldıq ki, artıq bir neçə gündən bəri Gürcüstan bolşeviklərlə sülh müqaviləsi bağlamış olduğundan Gürcüstan cəbhəsində bir nəfər də olsa qızıl əsgər qalmamışdır. Bu xəbər üsyançılara çox pis təsir etdi. Zira bütün ümidlər Azərbaycanın Gürcüstanla birgə əməliyyatına bağlanmışdı

Gürcüstanla Azərbaycan arasında bağlanmış müdafiə-hücum sazişi hər iki ölkəni qarşılıqlı yardıma məcbur edirdi.

Gəncə üsyanının məqsədi hər şeydən əvvəl Azərbaycan xalqının qırmızı işğalçılara qarşı mübarizədə gürcü xalqının yardımına çatmaq təəhhüdünü yerinə yetirməkdən ibarət idi.

28 mayı 29 maya bağlayan gecə vağzal yanında süngü hücumları ilə keçdi. 29 may şəfəqlə bərabər şəhər üzərinə top atəşləri yağmağa və səhər saat 8 radələrində isə Yelenendorf koloniyası tərəfindən 1-ci taburun mövqelərinə güclü hücum başlayır.

Topçu qüvvələrimizin yardımı ilə, 2 pulemyot bölüyü və partizanlardan ibarət olan bu tabur bütün gün ərzində düşmənin bir sıra inadlı hücumlarını dəf edir. Tabur komandanı kapitan Mirizadə bu döyüşlərdə qəhrəmancasına şəhid oldu.

Gecə yaxınlaşır. Hər tərəf sakitdir. Əsgərlər nəfəs almağa imkan tapır.

Ara verməyən 7 günlük müharibələr adamların canını sıxmış və hər bir əsgərin, hər partizanın üzündə dərin izlər buraxmışdı.

Mən həm cismən, həm də mənəvi yorulsam da, bütün gün və gecə daha təhlükəli yerləri gəzib, qarşıdakı döyüşlər üçün döyüşçüləri ruhlandırıram. Mənim məqsədim bəlkə artıq qələbə də deyildi. Gəncə altında toplaşmış və daimi surətdə yeni-yeni yardım qüvvələri almaqda olan XI ordunu məğlub etmək quru xəyal ola bilərdi. Mənim yeganə məqsədim – məğlubiyyətimizi düşmənə mümkün qədər “baha satmaq” və bu yolda son imkana qədər çarpışmaq idi.

30 mayda bolşeviklərin üstün qüvvələri qarşısında birinci tabur və partizanlar geri çəkilir, bolşeviklər də şəhərin qalan erməni hissəsini işğal edirlər.

Sovet qoşunları eyni zamanda Şamxor və vağzalyanı tərəflərdən 2-ci taburun mövqelərinə qarşı hücuma keçir. Bütün hücumlar bolşeviklər üçün ağır tələfatla nəticələnir.

31 may və 1 iyunda düşmənin qızğın hücumları şəhərin qəhrəman müdafiəçiləri tərəfindən bir neçə dəfə dəf edilir. Bu günlər xüsusilə ağır oldu. Şəhəri hər tərəfdən mühasirəyə almış və getdikcə çəmbəri daraltmaqda olan düşmənin kütləvi hücumları, hər tərəfdən gurlamaqda olan pulemyot və tüfəng atəşləri, bölük və partizanların bir cəbhədən digərinə, daha təhlükəli olanına göndərilməsi, səngərlərdə qadınların görünməsi, müqavimət göstərmək üçün yorğun döyüşçüləri ruhlandırmağa çalışmaları – bütün bunlar güclü, unudulmaz təəsüratlar idi.

Boşeviklər 2 iyunda şəfəqlə bərabər şəhəri hər cür çapdan olan toplarla atəşə tutmağa başlayırlar. Eyni zamanda , vağzal yanından şəhərə doğru zirehli avtomaşınlar hərəkət edir. Şəhərin erməni hissəsindən dəxi sovet hissələrinin irəliləməkdə olduğu gözə çarpır.

Bizim hissələr Gəncə çayının sol sahilində möhkəmləndilər. Gündüz saat 12-də vəziyyət bizim üçün daha fəlakətli olmağa başlamışdır. Çəkilmək lazım. Lakin geri çəkilmək üçün şəhəri mühasirəyə almış düşmənin çəmbərini yarmaq lazım. Tam olmayan taburların qeyrətli hücumları ilə çəmbər 3 iyun səhər tezdən qırıldı. Şəhərdən şimal-qərbə tərəf yüksəkliklərdə mövqe tutmuş bir tabur, düşmənə cinahdan atəş açır. Şəhəri tərk edən əhalinin yarılmış istiqamətdə hərəkəti başlanır.

3 iyunda 4 iyuna keçən gecədə mən 3-cü Gəncə alayının olub-qalanını buraxdım. Partizanlar da dağıldılar. Azərbaycan xalqının silahlı protestosu beləliklə qurtardı.

Azərbaycan xalqının böyük ruhu, Azərbaycan xalqı və milli qoşunları tərəfindən vətənin azadlığı xatirinə axıdılan bol qan, verilən qurbanlar, xalqın böyük ruhlu olduğuna sübut olan bu qəhrəman mübarizələr tarix tərəfindən heç zaman unudumayacaq və Milli Azərbaycanın bünövrəsini möhkəmləndirəcək.

Keçmiş 3-cü Gəncə piyada alayının  komandiri C.Kazımbəy

Milliyyət Araşdırmalar Mərkəzi

Bütün yazıları göstər