Dörd gün əvvəl bütün Türkiyə böyük bir canfəşanlıqla 23 apreli qeyd etdi. 23 aprel gününün dəyərini və əhəmiyyətini təqdir etmək üçün çıxış edən natiqlərdən biri qabarıq hissiyyatını atəşin dili ilə ifadə etmək üçün İzmirin qara gününü xatırlatmışdı. Natiq 23 aprel gününün dəyərini dərk edən xalqın qara günlərdə aldığı zərbənin təsiri ilə möcüzələr yaratdığını bu zəfərin ən böyük amillərindən biri kimi göstərmişdir.
23 aprel tarixi ilə başlayan milli mübarizənin nəticəsini göstərən zəfər o qədər geniş və o qədər dərindir ki, tarixini yaşadığımız bu möcüzənin həqiqi qiymətini haqqı ilə təqdir etməkdən acizik. Bu gündən etibarən zəfərdən zəfərə addımlayan Türkiyə, İslam və xüsusilə Türk aləmi azadlıqpərəstliyinin ideal bir bayraqdarı olmuşdur.
Bu şanlı bayraq altında məsud olaraq yaşayan türkiyəlilər, ehtimal ki, bu məsud günlərə öncüllük edən qara günləri unudur; İzmir faciəsi, İstanbulun işğalı və Sevr müqaviləsinin acı günlər yaşatdığı bir çox yaddaşdan silinir.
Fəqət 23 aprel zəfərində, Şərq azadpərəstliyinin bu böyük bayramında Türklüyün bu möhtəşəm günündə qara günlərin acısını zərrə qədər unuda bilməyən yaralı bir mühit vardır: Azərbaycan!
Türkiyəli bir türk qədər 23 aprel gününü qeyd edən bir azəri, istər-istəməz 27 apreli xatırlayır.
Bu gün 27 apreldir. Bakıdakı bolşevik hökuməti bu günə xüsusən şənliklər tərtib edib və bunu qeyd edir. Bu gün Azərbaycan milli hökuməti devrilərək yerinə bolşevik idarəsi keçmişdir.
Fəqət məsələnin həqiqi cəhəti bu formanın ifadə elədiyi mənaya müvafiq olsa idi, biz nə bu günün uğursuzluğunu bilərdik, nə də azərilər bu günü matəm tutarlardı.
Hökumətin bir firqədən digər firqəyə keçməsi və idarənin bir formadan digər bir formaya inqilab etməsi, hakimiyyət və milli azadlığı inkar etmədikcə qəbul edilə bilər.
Fəqət 27 aprel Azərbaycan üçün heç də belə olmadı. Necə olduğunu Yeni Qafqasyanın kamil insanları bilirlər.
Rusiya bolşevizmi dəyişdirilən hökumət formasında Azərbaycan Türk Cümhuriyyətini, sözün əsl mənası ilə, işğal elədi. Türk dostluğu və müstəqillik şüarının olduğu hər yeri, hüquq və insanlıq qanunlarını kirli çəkmələri altında çeynəyən bu bəd qüvvə məmləkətdə nə milli, nə iqtisadi, nə idari, nə də siyasi bir müstəqillik buraxdı. Belə zalım və qəddar bir müdaxiləyə qarşı başlayan üsyanlar qəddarcasına yatırıldı. Üləmasının, müəllimlərinin, əsgəri komandirlərinin, fəhlə və kəndçilərinin, milli adət və dini müqəddəs ənənələrinə sadiq qalan günahsız xalqının al qanlarına boyandı.
Nəticədə, kommunist olsa da, heç olmasa müstəqil Azərbaycan qalsaydı, şükürlü olardı.
Qazi Mustafa Kamal paşa həzrətləri vaxtı ilə trabzonlulara xitabən söylədiyi bir bəyannaməsində qara gündəki təhlükələri sayarkən bir də şərqdən gələn “dini və milli əqidələrimizlə qəbul edilməyən fikir dalğalarından” bəhs açmışdı. İştə, Azərbaycan türklüyü bu “dalğalar” içində boğulur!…
Bu səfalət dəryası içində çırpınan yazıq azəri türklüyü! Nə bədbəxt bir hal keçirir. Müstəqilliyini əlindən almışlar, hələ bir də onlara müstəqillik bayramı qeyd etdirirlər. Azadlığını oğurlamışlar, özünə isə “Yaşasın Azadlıq!” deyə qışqırdırlar. Şaumyanın məzarı başında rəsmi keçid edən qüvvələri məcburi şəkildə alqışlatdırırlar.
Fəqət əmin olsunlar ki, aldanırlar. Maddən oğurladıqları azadlıq mənən qazanılmış, milli ruh əvvəlkindən daha çox qabarmışdır. Bu ruhu öldürmək üçün bolşevizm belə yetərli deyil.
Bəli, Sevr müqaviləsinin qara günlərini Türkiyə türklərinə unutduran 23 aprel kimi bir gün Azərbaycan türklərinə də 27 apreli unutdurar!

Azad Azərbaycan üçün

Bu gün Söz jurnalına bir məqalə yazarkən, bilavasitə müstəqil Azərbaycandan söz açarkən “Mərhum müstəqil Azərbaycan Cümhuriyyəti” kəlmələrini yazmışdım. Anlaşılmaz və qeyri-şüuri bir qüvvət içimdən məni məcbur etdi: “Sil bu mərhum kəlməsini! Mərhum ölü deməkdir. Müstəqil Azərbaycan Cümhuriyyəti bir fikirdir. Fikir ölərmi? Fikri öldürmək kimin həddinə? Sil bu mərhum kəlməsini! Yaz, mərhum yerinə sabiq kəlməsini” dedi. Vicdanım pərişan olduğu halda mərhum kəlməsininin üç-dörd qələm hərəkəti ilə üstünü qaraladım və üzərinə sabiq kəlməsini yazdım. Bu gün nəzərimdə Azərbaycan hüququ talan olunmuş, zülm görmüş bir mövcudiyyətdir. Mövqeyini qüvvət almış bir haqqdır. Fəqət haqqın mövqeyi alına bilər, lakin özünü həqiqi surətdə almaq mümkün deyildir.
Üç böyük dövlətin üç parça əsiri və növbənöv düşmənliklərin məqsədi olan Polşa Rusiya üçünmü, Almaniya üçünmü, Avstriya-Macarıstan üçünmü bir qüvvət oldu? Rusiya altında heç bir çəmənliyin yaşıllanması mümkün olmayan bir daş kimi Polşanın üzərinə çökmüşdü. Almaniya dəli filosofları Nitsşenin müdhiş qüvvət ayinini tətbiq etmək üçün Polşanın Almaniya hissəsini bir tətbiq sahəsi etmişdi.
Polşa üzərilərinə çəkilən məzar daşlarını başları ilə qıraraq diri-diri basdırdıqları məzardan qalxan yaralanmış qəhrəmanlar kimi qalxdı. Eh, bu nə möhtəşəm və əsrarəngiz kıyam (namazda ayaq üstə durmaq) oldu.

Qeyd

Məqalə “Yeni kafkasya” dərgisində yayınlanıb. Müəllifi dəqiq olaraq bilinməsə belə, M.Ə.Rəsulzadənin olması ehtimalı çox yüksəkdir.

Ziya Kazımzadə

Bütün yazıları göstər