Anri Berqson 1859-1941-ci illər arasında yaşamış fransız filosofdur. 1927-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatı laueratı adına layiq görülmüşdür. Zaman, duyğu və yaddaş kimi fəlsəfi problemlər haqqında yaratdığı yeni fikirləri ilə XX əsr fəlsəfəsinə ciddi təsir göstərmişdir. Berqsonun fəlsəfəsi həm də kinomatoqrafiya, ədəbiyyat və psixologiya kimi sahələrdə də maraqla qarşılanmışdı. Bəzi önəmli əsərləri: Maddə və yaddaş, Gülmək, Əxlaq və Dinin iki qaynağı, Yaradıcı Təkamül.

Bu yazı Anri Berqsonun Etika və Siyasət dərsləri adlı kitabının ilk dərsidir və öhdəlik duyğusuna giriş verir. Fransız filosof 1891-1893-cü illər arasında Parisin məşhur Anri-IV liseyində etika və siyasətlə bağlı şagirdlərə dərslər keçmişdir. Məhz bu kitab da həmin dərslərdəki mövzulardan ibarətdir. Berqson bu dərslərdə şagirdlərini “Ecole Normale Superieure” imtahanlarına, yəni, Jan Pol Sartr, Mişel Fuko və Jak Derrida kimi dünyaca məşhur olan olan bir çox filosofun yetişdiyi universitetin imtahanlarına hazırlaşdırırdı. Berqson bu dərslərdə təkcə fəlsəfi təlimlərin tarixi haqda məlumat vermirdi, həm də müasir fəlsəfədə müzakirə olunan məsələləri də şagirdlərinə öyrədirdi.

Bütün aktlarımızın özlərini bizə hər zaman eyni şəkildə təqdim etmədiklərini bilmək üçün əxlaq anlayışını elmi olaraq analiz etməyə ehtiyacımız yoxdur.

İnsanların aktları üç yerə bölünür: etinasız (edilib edilməməsinin fərqi olmayan), yerinə gətirməyə öhdəlik daşıdığımız və son olaraq da, uzaq durmalı olduğumuz aktlar. Daha dərin bir müzakirəyə keçməzdən əvvəl öhdəlik duyğusunu və bu duyğuya dair meydana gətirəcəyimiz fikri analiz edək.

1 – Öhdəlik zərurətdirmi? Əksi qeyri-mümkün olan ya da qavranması mümkün olmayan hər şeyə zərurət deyilir. Məsələn, riyaziyyat elmindəki bir mülahizə də, yuxarı bir yerdən öz hallarına buraxılan cisimlərin yerə düşməsi də zəruridir, çünki ikinci fenomendə cismin yerə düşməməsi, yəni, bu aktın əksi qeyri-mümkündür, birinci mülahizənin isə əksini qavramaq mümkün deyil. Ancaq öhdəlik daşıdığımız akt elə bir təbiətə sahibdir ki, istəsək ondan uzaqlaşa bilərik, yəni, onu həyata keçirmək kimi bir zərurətimiz yoxdur. Bunu da qeyd etmək lazımdır ki, zəruri olaraq meydana gələn hər fenomen bizə sadəcə fiziki bir qanun səbəbiylə zəruri görünür və bu fenomenin həyata keçməsi, bir akta çevrilməsi bu fiziki qanunun təsis edilməsinə görədir. Yəni, bir daşın yerə düşməsinin bizə zəruri görünməsinin səbəbi bu aktlar bağlı fiziki bir qanunun olmasına görədir. Ancaq bu qanun da praktiki təcrübədən sonra əldə edilmişdir. Yəni, yuxarıdan atılan cisim yerə düşdükdən sonra, bu akt təcrübə edildikdən sonra bu qanun təşkil edilmişdir. Necə ki qanuna tabe olmayan bir fenomenin varlığı ziddiyət, hətta axmaqlıq təşkil edərdi və bu vəziyyətdə qanun yanlış olardı və fenomenin tabe olacağı başqa bir zəruri qanun axtarmaq lazım olardı.

Digər tərəfdən bizim tərəfimizdən həyata keçirilən aktları müzakirə etsək görərik ki, bu aktları müəyyən edən qanun və ya qanunlar bu aktlardan əvvəl gəlmir və bu qanun da onların hayata keçməsinə səbəb olmur.

Məsələn, belə bir qanunu müzakirə edək: “Başqasının mülkiyyətinə hörmət etməlisən”. Bu qanun hər zaman baş verən bir şeyin qısa ifadəsi deyil, həyata keçməsi gərəkən, baş tutması lazım olan şeyin ifadəsidir.

Heç bir həqiqi fakta uyğun olmasa da bu qanun ya doğrudur, ya da doğru görünür. Yəni, bir ifadə kimi faktlara və aktlara zəruri bir səbəb olmaq yerinə, onlara başlıca bir ideal olur. Zərurət yerinə öhdəlik sözünün istifadə edilməsi də bu səbəbdəndir.

Bu da o deməkdir ki, öhdəlik azadlığı tələb edir. Çünki müəyyən bir istiqamətdə akt həyata keçirməyə öhdəlik daşıyan bir varlıq, bu şəkildə akt həyata keçirməli olan, ancaq başqa cür də akt həyata keçirə bilən bir varlıqdır.

Demək ki, öhdəlik anlayışı ziddiyətlərin nəticəsində meydana gələ biləcək prossesləri özündən uzaqda tutmayaraq, əksinə öz içində barındıraraq zərurət anlayışından fərqlənir. Həm də öhdəlik olanı yox, olması gərəkən idealı da öz içində barındırdığı üçün zərurət ayrılır.

2- Öhdəlik məcburiyyətdirmi? Deyildir, çünki məcburiyyətin olduğu hər yerdə fiziki və ya maddi bir qüvvənin müdaxiləsi olur. Məsələn, əgər biri məni həbsə atsa, bu o deməkdir ki, məni ora məcburi şəkildə aparıb. Öhdəliyin isə bir qüvvə olduğu düşünülsə də, bu qüvvə fiziki və ya maddi bir qüvvə yox, fikri bir qüvvədir. Məsələn, Sokrat həbsdən qaça blərdir, ancaq onun orda qalmaq kimi bir öhdəliyi olduğunu bilirdir, onu orada tutan şey bir fikrin, düşüncənin qüvvəsi idi, öz yaşadığı şəhərin qanunlarına tabe olmasını ona deyən fikirin verdiyi öhdəlik idi.

Bu halda biz anlayırıq ki, öhdəlik anlayışı yer kürəsini və ümumilikdə qalaktikanı özünə tabe edən fiziki bir qüvvəni özündə barındırmadığı üçün, hətta öz xaricində buraxdığı üçün məcburiyyətdən fərqlənir.

3 – Öhdəlik duyğusu qorxu duyğusuyla eynidirmi? Bir çox əlxaq filosofunun qorxuyla öhdəliyi eyniləşdirdiyini bilirk.

Bəzi erikürçülər (Qədim yunan filosofu Epikürün təlimini davam etdirənlər) üçün öhdəlik duyğusu xüsusilə bir peşmanlıq çəkmək qorxusudur. Biz isə iddia edirik ki, öhdəlik duyğusu ilə qorxu arasında müəyyən oxşarlıqlar olsa da, bunlar bir-birindən fərqli anlayışlardır.

Əslində hər qorxunun müəyyən bir obyekti olduğu halda öhdəlik duyğusunun içərisində olan qorxunun müəyyən bir obyekti yoxdur. Hətta obyekt müəyyən olduğu anda öhdəlik itib gedir.

Polis tərəfindən axtarılan bir cinayətkarı nümunə kimi götürək: qorxusu dəqiq bir hal almağa başladığı andan etibarən, hakim qarşısına çıxması gərəkdiyi andan etibarən hiss etdiyi peşimanlıq keçici olaraq yoxa çıxır və itib gedir.

Müasir bir Rus yazıçısının yazdığı romanda (tər: Dostoyevskinin Cinayət və Cəza əsəri nəzərdə tutulur) təsvir etdiyi hal da budur. Deməli, əxlaq duyğusunda qorxuya oxşayan bir şey axtarıla bilər, hətta fərqli növdə olan qorxular tapıla da bilər ancaq aralarından biri və ya bir neçəsi öz xətləri içərisində müəyyənlik, dəqiqlik qazandıqları andan etibarən öhdəlik duyğusu xüsusi mənasıyla öz yerini başqa bir şeyə (qorxuya) buraxır və itib gedir.

4 – Öhdəlik duyğusu sevgi ilə eynidirmi?

Bir çox filosof əxlaqi olaraq yaxşı olanın bir cazibəsi olduğuna inanmışdır, bu cazibədən aldığımız duyğuya da öhdəlik demişdir. Həqiqətən də öhdəlik duyğusunda şəxsi bir cazibəyə oxşar nəsə olduğu müzakirə edilə bilməz.

Fəqət yardımsevərliyin özünün bu olduğu təxmin edilsə belə, ədalətin özü, təməli bu deyil.

Bu filosoflar ümumilikdə ədalətin yardımsevərliklə müqayisədə daha rahat tətbiq oluna biləcəyinə inanır və yardımsevərliyin içərisində də ədalət duyğusunun barındığını da vurğulayaraq bildirirlər ki, ədalət həm daha praktikidir, həm də daha geniş mənaya sahibdir, yəni, daha önəmlidir.

Ancaq müşahidələrdən görürük ki, bu düşüncəni təsdiq etməyimiz mümkün deyil. Mədəniyyətdən uzaq qalan cəmiyətlərin və əxlaq kültüründən pay almamış insanların özünü qurban etməsi, ədalət aktından daha asan başa gəlir. Baxmayaraq ki, özünü qurban etmək özü də böyük bir aktdır, ancaq yenə də bunu edərək hər zaman ədalətli bir akt həyata keçirmiş olmuruq. Çünki ədalətli olmaq üçün bəzi aktlardan uzaq olmağı, özümüzə sahib çıxmağı da bacarmalıyıq.

Demək ki, öhdəlik duyğusu qorxudan olduğu kimi sevgidən də pay alır, ancaq yenə qorxudan olduğu kimi sevgidən də məna etibarilə ayrılır.

Nəticə – Bilavasitə olaraq şüurda bizə verildiyi halıyla öhdəlik bir özünə çəkmə və eyni zamanda bir özündən uzağa itələmə qüvvəsidir. Hərəkətə salma və hərəkəti dayandırma gücüdür, tamamilə əxlaqi bir qüvvədir, təmiz bir fikrin gücüdür.

İndiyə qədər öhdəlik duyğusunun nə olduğu və nə olmadığına dair, hansı digər hisslərin bu duyğuya təsir etdiyindən danışdıq. İndi isə, başqa bir mövzuya keçirik. Öhdəliyin yaranmasındakı və bu öhdəlikdən doğan aktların həyata keçirilməsindəki səbəbin universal bir dəyər olduğu deyilir. Əxlaqi olaraq yaxşı olan bir şey universal qanunlara görə tənzimlənir. Filosoflar da minillərdir əxlaq yasasının universallığını müzakirə etmişlərdir.

Minillərdir davam edən bu müzakirələri nəzərə alanda görürük ki, çox fərqli əxlaq anlayışları mövcud olmuşdur. Bəlkə də dünya fəlsəfə tarixinə ən çox təsir etmiş filosof olan Aristotel günümüzdə qətiyyən qəbul edilməyən köləliyə bəraət qazanadırmağa çalışırdı və bunun əxlaqlı olduğuna inanırdı. Müxtəlif dinlərin də təsiri ilə hələ də günümüzdə tam olaraq əxlaqlı olub-olmadığı müzakirə edilən intihar mövzusu Epikürün zamanından universal bir nəticəyə gəlinməyən bir mövzu olaraq qalır.

Əxlaqi olaraq yaxşı və ya pisin nə olduğuna dair düşüncələrin fərqli olmasını biz təkcə cəmiyyətlərin tarixlərinə və ya filosofların əsərlərinə baxdıqda yox, eləcə də hal-hazırda mövcud olan fərqli kültürlərə, hətta fərdlərə belə baxdığımızda qavraya bilirik. Yəni, əxlaqi yaxşı və pis təkcə zamana görə yox, həm də kültürə və fərdə görə də dəyişkən xarakter daşıyır.

Ona görə də biz bu məsələdə Dekartla bənzər düşüncədəyik: hər kəsin və hər cəmiyyətin müvəqqəti bir əxlaqı vardır. Şübhəsiz ki, mənliyimizin davamlı mövcud olan təkamülü, şəxsi xarakterimizin dəyişkənliyi və yuxarıda saydığımız digər bütün faktorlar bizi bu düşüncəyə gətirmişdir.

Ancaq təbii ki, ümumiyyətlə əxlaq yasasını qəbul etməyən insanlar da mövcuddur. Onlar heç bir zaman nəyin doğru, nəyin yanlış olduğunu düşünməmişlər və əxlaq, yaxşı, pislik kimi minillərdir istifadə edilən ifadələri insanlar üçün bir “tutuquşuluq” hesab etmişlərdir. Yəni, əslində insanlar bu sözlərin mənasını bilmədən və ya heç vaxt tam dərk etməkdən sadəcə təkrar etməklə məşğuldurlar.

Ancaq biz iddia edirik ki, əxlaqa qarşı bu formada düşüncəyə sahib olmaq yuxarıda saydığımız faktorları analiz etməkdən qaçmaq və universal əxlaqı yaratmağa tənbəllik etməkdir.

Bəs biz əxlaqın bu qədər dəyişkən olduğunu qəbul etdiyimiz halda eyni zamanda onun universal olduğunu niyə iddia edirik? İlkin növbədə onu qeyd etmək lazımdır ki, uzanıb gedən bu insanlıq yolunda müəyyən nəzəriyyələrin və bu bunun nəticəsində müəyyən praktikaların dəyişməsi ümumi əxlaqın var olmaması gərəkdiyi mənasına gəlmir. Bunu iddia etmək səfsətədir. Bəli, əxlaqi yaxşı və pis dəyişə bilər ancaq əgər biz insanlar birlikdə yaşamağa davam ediriksə, bu yaxşı və pis universal dəyər qazanmalıdır. Əks təqdirdə hər kəsin öz əxlaqı, öz yaxşısı və pisi mövcud olacaq və universal olmayan əxlaqi dəyərlər bir-birləri ilə savaşacaqlar. Nəticə etibarilə, əxlaq subyektiv olaraq universallığa sahibdir, sadəcə onun universallığının nə şəkildə olacağı haqda daim düşünmək və zamanı gəldiyində dəyişikliklər etmək lazımdır.

Burdan da o nəticəyə gələ bilərik ki, aktlarımız artıq sadəcə onların özünə görə öhdəlik daşıdığımız məsələlər yox, həm də universal bir qanuna tabe olan aktlar olmalıdırlar.

Axtarmağımız gərəkən şey isə, bu əlaqənin tam olaraq nə olduğudur. Bir akt yaxşı olduğu üçün mü ona görə öhdəlik daşıyırıq? Yaxşı olan şey öhdəliyin təməlidirmi? Ya da ona görə öhdəlik daşıdığımız qanunlar mövcud olduğu üçünmü aktlarımız yaxşı və pis olmaqla iki sinifə bölünüb? Bu müzakirələri daha da dərinləşdirmədən, hələlik yaxşı bir akta qarşı sadəcə yaxşı bir akt olduğu üçün öhdəlik daşıdığımızı qəbul edərək müzakirəmizə davam edəcəyik.

Bunu qəbul etdikdən sonra da əxlaq problemini bu şəkildə ifadə edəcəyik: Bəzi aktlara qarşı öhdəlik daşımağımızın və bəzilərinə qarşı da diqqətsiz və ya hərəkətsiz qalmağımızın səbəbi nədir? Niyə bəzilərinə yaxşı və bəzilərinə pis deyirik? Əxlaqi öhdəliyin təməli nəyə əsaslanır? Yaxşı düşüncəsi hansı ünsürlərdən meydana gəlmişdir və öz içərisində nələri ehtiva edir?

Bu problemin bir çox həll yolu ola bilər, ancaq ən yaxşı yolu bizi hərəkətə keçirən hiss, duyğular və dürtüləri analiz etməkdən ibarətdir.

Bu dürtülər hansılardır?

  1. Hedonist növə bağlı olan meyilliliklər, həzz sevgisi, yarar ya da xoşbəxtlik axtarışı. Bir məsələ də qeyd edilməlidir ki, əslində həzz axtarışı və xoşbəxtlik ya da yarar axtarışı arasında əslində heç bir fərq yoxdur. Sadəcə yarar daha yaxşı anlaşılan və daha yaxşı hesablanan bir rahatlıqdır, xoşbəxtlik isə, daimi bir həzdir.
  2. Altruist ya da Sempatizan meyilliliklər.
  3. Fikirlər, yəni, hər cür duyğusal nüansdan azad, psixolojik faktlar

Bu ilk üç dürtüdən də üç yeni əxlaq təlimi meydana çıxır:

  1. Yarar əxlaqı
  2. Duyğu əxlaqı
  3. Ağılçı əxlaq

Kitabın birinci dərsi burda bitir. Bundan sonra Berqson saydığı bu altı dürtünü ayrı-ayrılıqda analiz edərək öhdəlik duyğusunu, əxlaqi olaraq yaxşının nə demək olduğunu daha da aydınlaşdırmağa çalışır. Etika və əxlaq məsələsindən birinci bölmədə danışdıqdan sonra Berqson kitabının ikinci hisəsində siyasətlə bağlı dərslərə keçir və cəmiyyət, insan haqları, cəzalandırma mexanizmalar və s. haqda danışır.