Ətrafımda boşluq genişlənir, dərinləşir. 29 illik yoldaşlarım bir-bir gedirlər. Ziya Gökalp, Rəşid Qalib, Yusuf Akçura! Neçəsi qaldı? Onsuz da yola çıxarkən neçə idik ki? Toplasan 10-u keçməz!

Fəqət həyatın bu nə qəribə, nə anlaşılmaz cilvəsidir ki, hamısından ixtiyar və hamısından çox yaşlı olduğum halda onlar gedir, mən qalıram! Bu da talenin mənə qarşı göstərdiyi mərhəmətsizliklərdən birimi?

Daha bir neçə gün əvvəl zavallı Yusuf, Sadri Maksudi ilə bərabər məni görməyə gəlmişdilər. Altı aydır görüşə bilmirdik. İlk baxışımda zavallının üzündə ölüm pəncəsinin nişanəsini gördüm və qeyri-ixtiyari “Yusuf! Bu nə haldır? Sən çox yaşlandın, çox çökdün! Özünə baxmırsan” deyə çığırdım. Zavallı ağır-ağır nəfəs alaraq belini kresloya söykədi və həzin bir səslə dedi: “Xanım əfəndinin (ötən il eyni xəstəlikdən vəfat edən bədbəxt xanımımı nəzərdə tuturdu) son günlərini yaşayıram, eyni hallar, eyni əlamətlər!

Həqiqətən, ağappaq və pərişan saqqalı ilə örtülmüş boz rəngli üzü can çəkişər halda olan birisini andırırdı.

“Bir az istirahət etsən, işlərdən çəkilsən, çox yaxşı olar” dedim.

“Bəli, mən də düşünürəm. Ankaraya gedib məzuniyyət istəyəcəyəm!” dedi.

Qədər fürsət vermədi.

Yusuf 40 ildən bəri Türk vətəninin irfan və siyasət həyatına yaxından qarışmış bir şəxsiyyətdir. Yazıldığı kimi o nə azərbaycanlı, nə də dağıstanlı idi. Şimal türklərindən, kazanlı idi. Bütün İdil çayı boyunca tanınmış qədim Akçura ocağındandı. Atasının və əmilərinin böyük çuxa fabrikləri vardı. Atasının vəfatından sonra əmisinin varisi oldu. Hətta bir zamanlar fabriklərin idarəçiliyi ona verilmişdi. Fəqət Yusufun uca qəlbi fabriklərdəki fəhlələrə qarşı rəva görülən qeyri-insani rəftarlara dözə bilmədi, işdən vaz keçdi, qəzetçiliklə dolanmağı seçdi.

Ta ilk yaşlarında atası ilə bərabər İstanbula gələrək Aksaray civarında aldıqları bir evə yerləşdilər və Yusuf təhsilini İstanbulda türk məktəblərində aldı. İbtidai məktəbi bitirdikdən sonra onu o zamankı hərbi məktəbə verdilər və Yusuf hərbi təhsilinə ta ərkani-hərbiyyə məktəbinin birinci sinfinədək davam etdi. Fəqət bu ərəfədə Əbdülhəmid onu bir çox dostları ilə bərabər və xüsusilə, sonralar bacanağı olan bugünkü Lehistan (Polşa – D.Ə) səfirimiz Fəridlə birlikdə Trablusqərbə sürgün etdi. Orada bir müddət qaldıqdan sonra Fəridlə birlikdə yolunu taparaq qaçdılar və Parisə gələrək hər ikisi də Parisin məşhur Academie des Sciences Morales et Politiques ali məktəbinə girdilər və uğurla başa vurdular.

Yusuf Fransadan Rusiyaya qayıtdı. Bu, yaşadığımız əsrin başlanğıcında idi. Bizdə hələ istibdad bütün şiddəti ilə davam edirdi. Fəqət Rusiyada istibdadın kökləri bir tərəfdən inqilabçıların daxildəki fəaliyyətləri və digər tərəfdən də Yaponiyanın vurduğu şiddətli zərbələrin təsirləri ilə zədələnmiş və sarsılmaqda idi. Bu aciz də (özünü nəzərdə tutur – D.Ə) o zaman Avropadan qayıdaraq Bakıda Hüseynzadə Əli bəy ilə bərabər ilk gündəlik türk qəzetini qurmağa müvəffəq olmuşdu.

Yusuf yuxarıda qeyd etdiyimiz kimi əmisinin fabriklərini tərk edərək Kazanda çıxan “Vaxt” qəzeti ilə Baxçasarayda çıxan və əqrəbası mərhum Qaspıralı tərəfindən nəşr edilən “Tərcüman” qəzetinə yazılar yazırdı. Bizim ilk tanışlığımız bu surətlə qəzet vasitəsilə və qiyabi olmuşdu. Fəqət 1908-ci ildə Türkiyədə inqilab olur, Rusiyada isə dəhşətli bir irtica peyda olur. İkimiz də Rusiyanı tərk etmək məcburiyyətində qalırıq, İstanbula gələrək burada yerləşirik və o gündən bu günə qədər ayrılmaz yoldaş oluruq.

Yusuf öz yolunu hələ o zamanlar nəşr etdiyi kiçik, fəqət çox mühüm bir risalə ilə təyin edir. Bu risalə “Üç siyasət: türkçülük, islamçılıq və osmanlıçılıq” başlığını daşıyırdı. Yusuf idealının türkçülük olduğunu və Türk dövləti üçün türkçülük siyasətindən başqa bir yolun xəta olduğunu açıq şəkildə izah edir.

Yusuf Akçura

Bu surətlə müştərək ideal başda Ziya Gökalp olmaqla bir neçə dostu birləşdirir.

Millət şairi Mehmet Eminin təşəbbüsü və Ziya Gökalpın da yardımı ilə daha o zamanlar Salonikdə olan İttihad və Tərəqqinin Ümumi-mərkəzi “Türk Yurdu” məcmuəsinin qurulmasına qərar verir. Ümumi-mərkəz tərəfindən göndərilən nümayəndə yanıma gəldi və məcmuənin mənim evimdəki ilk quruluşunda Yusuf da başlıca olaraq iştirak etdi.

Məcmuənin idarəçiliyi Yusufa verildi. Eyni zamanda Cəlal Sahir, Fuad Köprülüzadə və Həmdullah Sübhi də məcmuə ətrafında toplandılar. Nəcib Asım, Fuad Baylar kimi əvvəldən türk tarixi ilə məşğul olanlar da təbiətilə məcmuənin söz sahibləri arasında idilər. Salonikdə çıxan və Ziya Gökalp tərəfindən ilhamlandırılan “Gənc Qələmlər” ətrafında toplanmış mərhum Ömər Seyfəddin, Əli Canib kimi gənc mühərrirlər də çox keçmədən “Türk Yurdu”na gəldilər

Bu surətlə “Türk Yurdu” ətrafında xeyli səmimi və qüvvətli bir ideal ocağı quruldu. Məcmuənin idarəçiliyini üzərinə götürən Yusufa bu ocaqda və ocağın apardığı qiymətli mücadilədə təbiətilə çox şərəfli bir yer ayrılmışdı.

Cəsarətlə deyə bilərəm ki, Yusuf bu vəzifəsini kimsənin edə bilməyəcəyi bir fədakarlıq və bağlılıqla etdi. Onsuz da o, bütün həyatını vəzifə adamı olaraq keçirdi. Üzərinə götürdüyü hər işə bütün ruhu və canı ilə bağlanırdı. Özündən sonra “Yurd” bir çox əllərə keçdi. Fəqət kimsə o və Cəlal Sahir qədər müvəffəq ola bilmədi!

Yusuf İttihad və Tərəqqi Cəmiyyətinə girmədi. Fəqət ideal onu ittihadçılarla çalışmağa sövq etdi. Belə ki, ittihadçı olmadan xalq arasında ittihadçı kimi tanınmışdı.

Yusuf eyni zamanda universitetdə tarix professoru idi. Sonra bu ünvanını Ankarada mühafizə etdi və Ankara Hüquq fakultəsində verdiyi “yaxın dövr” dərslərinə dair qeydləri məmləkətimizdə indiyədək bənzəri yazılmamış mühüm və qiymətli bir əsərdir!

Fəqət bu vəzifələrin xaricində bir çox digər ictimai işlərdə də Yusuf özünü göstərdi. I Dünya müharibəsi əsnasında Hilali-Əhmər Cəmiyyəti onu Rusiyaya, Rusiyadakı türk əsirlərinə yardım üçün göndərdi. Bu vəzifəni də Yusuf min bir təhlükə içində böyük bir uğurla və məharətlə həyata keçirdi.

Mütarəkə (I Dünya müharibəsində Türkiyənin işğal və Qurtuluş savaşı arasındakı dönəmi – D.Ə) əsnasında tərəddüd etmədən Anadoluya getdi və Qurtuluş mücadiləsində iştirak etdi. Maltadan qayıdışımda Ankaraya gedərək onu ilk gördüyüm zaman tanımadım. Gözəl bir ata minmiş, hündürboylu, ağ saqqallı, hərbi geyimdə və general sandığım biri atını üstümə sürdü. Mən ürkərək bir yana çəkildim. Yusuf qəhqəhə çəkərək:

“Gördün mü! Biz əsgərlər başıpozuqlara belə edərik!” dedi və atdan endi. Məgər yenidən əsgəri xidmətə alınmış və kuryerlik edirmiş!

Bir müddət sonra xariciyyə vəkalətində işə götürüldü və orada da ona verilən vəzifələri böyük bir ustalıq və ləyaqətlə yerinə yetirdi.

Qurtuluş savaşının sonunda İstanbul məbusu (millət vəkili – D.Ə) oldu. İştirak etdiyi müxtəlif komitələrdə dərin bir məsuliyyət duyğusu ilə çalışdığı kimi məclis müzakirələrində də bilgisiylə seçildi. Məclis fəaliyyətində onu xüsusilə türk fəhlə həyatı maraqlandırırdı və onun verdiyi bir deklarasiyaya görədir ki, bugünkü iş qanunu layihəsi hazırlanır.

Və bütün bunları etməklə bərabər Yusuf Ankara fakultəsindəki dərslərinə müntəzəm davam edir, bir çox qəzetlərə və məcmuələrə məqalələr yazır, bir çox cəmiyyətlərdə iştirak edirdi.

Son iki ildən bəri özünü xüsusilə “Türk Tarixini Tədqiq Cəmiyyəti”nə vermişdi. Bu cəmiyyətin ikinci rəisi ünvanı ilə gecə-gündüz çalışmaq lazım gəlirdi. Mərhum cəmiyyətin uğurlu olmasını özü üçün bir şərəf və heysiyyət məsələsi etmişdi. Mən elə zamanlar bilirəm ki, iki gün gecə və gündüz yatmadan çalışmış və nəhayət bayılmışdır.

Yusuf vəzifəyə bu qədər bağlı idi!

Onun geniş və dərin bilgiləri, vəzifəyə bağlılığı, ali və təmiz ruhu, həssas və nəcib qəlbi və xüsusilə, ləkəsiz əxlaqı onu tanıyan dostlarının, yaxınlarının qəlbində yıxılmaz bir abidə etmişdir!

O, qırx il dayanmadan Türk ölkələrinin hər tərəfində türk gəncliyini tərəqqiyə, təkamülə, hürriyyətə və insani ucalığa çağırmışdır və şübhəsiz ki, onun ölüm xəbəri bütün bu ölkələrin hamısında üzüntü ilə qarşılanacaqdır!

Arxasında qoyduğu və haqlarında daim narahat olduğu yoldaşı ilə iki uşağına Allahdan təsəlli və səbir diləyirik.

“Cümhuriyyət” qəzeti, 3889-cu say

13 Mart, 1935

Dilimizə uyğunlaşdıran Dilqəm Əhməd.

Milliyyət Araşdırmalar Mərkəzi

Bütün yazıları göstər