Önsöz

Ernest Gellner, uşaqlıq illərini keçirdiyi, daha sonralar isə 1992-ci ildə geri dönərək Milliyyətçiliyin Tədqiqi Mərkəzini yaratdığı Praqa şəhərində 5 noyabr 1995-ci ildə vəfat etdi. Bu ilin (2011) sentyabrında mərkəz özünün dokturantura üzrə ilk sinif tələbələrini qəbul etdi və həmin tələbələrdən biri öz müəllimlərini bu cür xatırlayırdı:

“Biz heç vaxt professor Gellnerə öz adıyla müraciət etməyə cürət etmirdik. ‘Zəhmət olmasa, məni Ernest çağırın’, – deyə təkid etsə də, biz şok olmuş şəkildə sakit qalırdıq. Bizim yazı işlərimizə iradları həmişə bu cür olardı: ‘Bu və digər hissələr maraqlı səslənir, amma…’ Professor Gellner öz “amma”sı ilə məşhur olmuşdu. Mərkəzi və Şərqi avropadan olan və akademik karyeralarını yenicə başlamış olan biz məzunlara o, tolerantlığın və ilhamvericiliyin simvolu idi. Bizim nə ideyalarımızdan, nə də ki xırda problemlərimizdən heç vaxt sıxılmazdı və hər zaman da əlindən gələni edərdi ki, biz özümüzü mühüm hiss edək. Onunla axrıncı dəfə qatıldığımız konfransda hər birimizin və öz beyninin ixtirası olan Mərkəzi Avropa Universitetindəki Milliyyətçiliyin Tədqiqi Mərkəzininin adını eşitmək istədiyindən bizə daha ucadan və aydın səslə danışmağımızı deyirdi. Qəti hərdəmxəyal adam deyildi və tələbkar müəllim ola bilməsinə baxmayaraq, həmişə üzümüzə gülümsəyirdi və bizi gülüşə boğurdu. Yığıncaqlarda həmişə bizi diqqətində saxlıyardı ki, qədəhlərimiz ağzına kimi dolu olsun. Nə vaxt ki Prokopova küçəsində tələbə yurdunda onunla qarşılaşardıq, həyəcandan əlimiz ayağımıza dolaşardı. Bizimlə elə o da burada yaşayırdı və heç vaxt səs-küylü şənliklərimizdən, ya da telefonla danışmaq üçün bizimlə sırada durmaqdan şikayətlənməzdi. Praqanın küçələrindən kənarda olanda geyindiyi qeyri-adi papaqlardan o saat onu tanıyardıq. Professor Gellner bizə öyrənmənin verdiyi o xoş həyəcanı və akademik debatın prinsiplərini öyrətdi. Biz nə bunları, nə də ki məhz elə onun özünü heç vaxt unutmayacağıq”.2

Mənim üçün çox böyük qürur mənbəyidir ki, tələbəm Antoni Smit (Anthony Smith) milliyyətçilik üzrə ən öncül mütəxəssislərdən biri olmaqdadır. Biz çoxdandır ki, bir-birimizlə debatlaşırıq və debatda məhz faydalı olan odur ki, hər birimiz öz döyüş hissələrimizi ayıra bilək. O və mən, belə görünür ki, bir-birimizə qarşı fərqli cəbhələrdən bilgimizi test edirik – milliyyətçiliyin tədqiqi üzrə mənim adlandırmış olduğum bir-birilə qarşı-qarşıya dayanan primordialist və modernist cəbhələrdən çıxış edirik. Primordialistlər deyirlər ki, millətlər (və ya bəzi millətlər, tutaq ki) həmişə var idi və keçmiş çox mühüm rola malikdir. Modernistlər, yəni mənim özüm də həmçinin isə inanırıq ki, dünya (millətlərlə bağlı)  təqribən 18-ci əsrin sonlarında qurulmağa başladı və bu tarixdən əvvəl baş verən heç bir şeyin inidiki zamanda üzləşdiyimiz məsələlərə cüzi də belə təsiri yoxdur.

Sual yaranır ki, bəs bu ikisinin arasında necə qərar veririk? Keçmişin reallığını yarada bilməkdən ötrü hansı sübutdan istifadə edə bilərik? Bertrand Russell bir dəfə zarafatyana soruşdu ki, nə bilirik, bəlkə, dünya elə beş dəqiqə öncə tamamilə xatirələrdən yaradıldı? Yəni, bilə bilərsinizmi? Bəlkə də, məhz belə olub. Sübut varmı və nədir? Bu debatın başqa bir forması da yaradılışçılar və təkamülçülər arasındakı savaşda gedir. İnsanoğlu Adəm ilə yaradıldı yoxsa yavaş-yavaş təkamülmü etdi? Bu barədə sübutlar üzərində debat gedəndə, çox maraqlı bir sual ortaya çıxdı: Adəmin göbəyi var idi mi yoxsa yox? Çox əsaslı bir sualdır. Gülməkdən ölə bilərsiniz, ancaq əgər Adəm Allah tərəfindən yaradılmış idisə, müəyyən bir tarixdə, məsələn deyək ki, bizim eradan əvvəl 4003-cü il, ilk təbii reaksiyamız o olar ki, Adəmin göbəyi olmayıb, çünki sonrakı insanların keçmiş olduğu təbii-bioloji prosesdən keçməyib və daha dəqiq desək, keçmək ehtiyacında olmayıb aşkar səbəbə görə. Bu qədər sadə. Dünya çox qədimdir və insanlıq təkamül etmişdir ya da dünya təqribən 6000 il əvvəl yaradılmışdır məsələləri üzrə qərar verəcək sualı əslində bilirik. Buna görə də təkcə aşkarlamalı olduğumuz odur ki, Adəmin göbəyi var idi, yoxsa yox.

Mənim qaldırmaq üzrə olduğum sual isə budur: millətlərin göbəyi var, ya yox? Modernizmin əsas fikri budur ki, etnik, kültürlü və milli icma nisbətən göbək kimidir. Bəzi millətlərin göbəyi var, bəzilərinin isə yoxdur. Hər iki hal da önəm kəsb etmir. Digər tərəfdən Antoninin dediyi odur ki, onun özü anti-yaradılışçıdır. O inanır ki, bizim çoxlu sayda artıqlamasıyla göbəyimiz var və onların hamısı mahiyyət kəsb edir. O, deyir – və məncə məsələnin məhz çözməyə çalışdığımız məsələnin düyüm nöqtəsi budur – ki, modernizm yalnızca məsələnin, hekayənin bir qismini vurğulayır. Əgər yarısını deyirsə belə, bu mənə kifayət edir.

Ernest Gellner

Modernizmim haqlı olduğu bəzi çox aydın hallar vardır. Götürək elə estoniyalıları. 19-cu əsrin başlanğıcında özlərinə məxsus bir adları belə yox idi. Alman və ya isveç vətəndaşlarına və aristokratlara və rus administratorlarına əks ərazilərdə yaşayan bir insanlar kimi istinad olunurdu. Özlərindən etnik baxımdan heç bir xəbəri olmayan sadəcə bir kateqoriya idilər. Buna baxmayaraq, o vaxtdan bəri Tartu etnoqrafiya muzeyində belə canlı görünən parlaq, enerji dolu bir kültür formalaşdırmağa müvəffəq olmuşdular. Bu muzeydə hər bir estoniyalı üçün bir eksponatı var və bir milyon estoniyalı hal-hazırda mövcuddur. Estonlar Sovet sistemindən qəbul etdikləri rus milli azlığı barəsində səs-küy qaldırsalar da, bəllidir ki, Estoniyanın kültürü heç bir təhlükə altında deyildir. Estonların çox güclü və yaşadıcı bir kültürləri var, ancaq bu özü də mənim milliyyətçiliyə və ümumilikdə millətlərə tətbiq etdiyim modernist prosesinin bir növü tərəfindən yaradılmışdır. Əgər bu cür izah bəzi millətlər üçün tutarlı və keçərlidirsə, onda, deməli, başqa millətlərə tətbiq olunan istisnalar gərəksizdir.

Modern dünyanın əsas faktı budur ki, kültürün insan həyatındakı rolu 17-ci əsrdən bəri iqtisadi və elmi dəyişikliklər tərəfindən bütöv bir transformasiyaya məruz qalmışdır. Aqrar cəmiyyətdə kültürün əsas rolu bir xalqın statusunu və kimliyinə zamin durmaq oldu, bu onların mövqeyini mürəkkəb, adətən iyerarxik, həmçinin nisbətən stabil bir strukturda möhkəmləndirmək məqsədilə baş tutdu. Bugünkü gündə dünya xalqlarının struktur daxilində stabil bir mövqeləri yoxdur. Onlar daxillərində mənimsəyə bilmədikləri ötəri peşəkar bürokratiyaların üzvləri olmuşlar. Onlar olduqca zəif bağları olan ailə assosiyasiyalarına aiddirlər. Və ən çox əhəmiyyət kəsb edən də odur ki, onlar yüksək kültürə necə qarışa və yiyələnə bilirlər. Yüksək kültür dedikdə, savadlı, kodifikasiya edilmiş (yəni, sistemləşdirilmiş) kontekstdən azad ünsiyyətə, icma üzvlüyünə və qəbullanmağa icazə verən bir kültürü nəzərdə tuturam və bütün bunlar da elə milləti yaradır. Bu, müasir cəmiyyətin çevikliliyinin və anonimliyinin və həm də işimizin adının və qeyri-fiziki təbiətinin nəticəsidir. Bunlar kültürün sahiblənilməsini və daxilindəki qəbullanmanı mümkün edir. Bütün bunların özü bir fərdin malik ola biləcəyi ən dəyərli mülkdür. Cəmiyyətdə iştirak etmək və digər bütün imtiyazlar üçün ön şərtdir. Məhz elə bu insanları milliyyətçilərə çevirən elementdir, çünki əgər içində fəaliyyət göstərdikləri kültür ilə əhatələndikləri iqtisadi, siyasi, və təhsil bürokratiyalar bir-birinə uymursa, onda başları bəladadır.  Həm özləri, həm də övladları daimi olaraq alçaldılmaya məruz qalacaqlar. Bundan əlavə, cəmiyyətin daxilində fəaliyyət göstərmiş olduğu mühit olan yüksək kültürün qorunması belə siyasi cəhətdən davamlı təhlükə altındadır və baha da başa gəlir. İnsanları bu yüksək kültürün nümayəndəsi etməkdən ötrü olan təhsil prosesinin başında qoruyucu kimi dövlət durur və adətən, bunu maliyyələşdirir də, ən azından keyfiyyətinə belə nəzarət edir. Bu yaradılışın bir prosesidir, başqa sözlə desək, eramızdan əvvəl 6000-ci ildə insanoğlunu birdən-birə yaradılışa gətirən həmin hadisənin mənim üçün olan ekvivalentidir.

            Antoni Smitin qaldırdığı bir neçə məsələlər var ki, mən heç bir şəkildə razılaşmaya bilmərəm. Kültür və ya ən azından kommunikasiya və simvolların ortaq bir forması sənayeləşmə dövründən əvvəl belə mühüm əhəmiyyət kəsb edirdi. Buna heç şübhə yoxdur, beləliklə, “bir-göbəkli” kültürə malik olmaq o zamanlar cəmiyyətlərin əsas mərkəzi xüsusiyyəti olmuşdur. Kültür özü çox böyük bir emosional yük daşıyır və onun üzvləri kültürdəki iştirakları barəsində çox ayıq-sayıqdırlar. Qədim yunanlar Homeri oxuyanlar ilə oxumayanlar arasındakı fərqi bilirdilər. Qədim yunanlar Olimpiya oyunlarında iştiraklarına icazə verilənləri ilə verilməyənlər arasındakı fərqi də bilirdilər. Yunanların aşağı sinfə mənsub olan barbarlara qarşı dərin nifrət hissi bəsləyirdilər. Məhz elə bu baxış açısından, onlar açıq-aşkar kültür şovinisti idilər.

            Beləliklə, onu deyə bilərik ki, kültürlər bəzən şüurlu və istəklidirlər və bəzən də gözə-görünməz olur və gözardı edilirlər. Bu ehtimal çox tez-tez baş verməsə də, bəzən özlərinə bağlı siyasi institutları (birlikləri) olur. Lakin ümumi götürdükdə, aqrar dünyanın şərti onda idi ki, yerli, bir-birinə sıx olan icmalardan ibarət olan siyasi birliklərə istək daha çox idi. Həmin icmalar özləri isə ya hər hansı bir “kültür”dən balaca olurdular ya da böyük imperiyalar kimi daha geniş birliklərdən ibarət olurdular. Kültürün sərhədlərinə doğru yayılmaqdan ötrü hərəkətə gətirilmiş siyasi birliklərin heç bir məntiqi qalmırdı. Kültürlər ya daha kiçik olurdu, ya da daha böyük. Bəzən də hər hansı bir kültür özünü siyasi cəhətdən ifadə edirdi, ancaq bu elə də tez-tez baş verən bir seçim deyildi. Bəzən sənayeləşmə dövründən əvvəl sevilən kültürlər arasında davamlılıq olurdu, bəzən də bu davamlılıq pozulurdu.

            Misal üçün, mən deməzdim ki, müasir Yunanıstanda ya tam orijinal bir xalq yaddaşı ya da Periklin afinalılar3 barəsində düşünmək aludəçiliyi var. Bizansdan gələn bir az davamlılıq var, ya da istənilən halda Bizansın miras qoyduğu idraetmə sisteminə söykənən davamlılıq mövcuddur. Məhz elə buna görə deyərdim ki, hər nümunədə olmasa da və bütövlükdə elə də həyati əhəmiyyət daşımasa da, müəyyən qədər göbək məsələsi işin içində var. Ancaq, bu göbək məsələsi Adəmin yaradılış anında ehtiyac duymuş ola biləcəyi tənəffüs dövranı, qan dövranı və qida həzmi kimi deyil. Uydurma bir keçmişə ehtiyac duya bilərdin və bu keçmişin özü də həmçinin real həqiqi olmaq məcburiyyətində olardı. Məhz elə buna görə də mən inanıram ki, kültür davamlılığı şərti və eləcə də mahiyyətsizdir.

            Sonda, bu bizi nə ilə baş-başa qoyur? Məncə təkamülçülər öz fikirlərində bir az ədalətsizdirlər ki, mən millətlərin necə davranması barəsində yox, ancaq necə meydana gəlməsi ilə maraqlanıram. Hansı millətlər öz sözlərini deyəcəklər və potensial millətlər məsələsində hansı kültür kateqoriyalarına öz sözlərini deyə biləcək, hansılar bacarmayacaq. Bütün bunları proqnozlaşdırmaq aydındır ki, əhəmiyyət kəsb edir. Ancaq bu hər hansı situasiyanın özünə məxsus bir şeydir və dəqiq bir proqnozu verə bilmərik, təkcə bəzi faktorları diqqət mərkəzinə çəkə bilərik. Ölçü açıq-aydın bir faktordur, çünki balaca kültür qrupları adətən təslim olurlar. Davamlılıq daha başqa bir faktordur, lakin elə də mühüm biri deyil; bəzi diaspora icmaları öz sözlərini çox effektiv şəkildə deyə bilmişdir. Ölçü, davamlılıq və simvolun mövcudluğu,  bunlar hamısı mühümdür, ancaq estonlar 19-cu əsr boyunca milliyyətçiliyi heç nədən yarada bildilər.

            Aqrar dünya kültür nüanslarıyla olduqca zəngin idi; müasir dünyaya yalnız iki və ya üç yüz milli dövlət sığa bilər. Potensial millətlərin heç da hər biri həqiqi millərlərə çevrilə bilməyəcək və çoxları heç cəhd belə etmir. Düşünmürəm ki, əlimizdə hər hansı bir formula ola bilər ki, biz də onu tətbiq edə bilək və tapaq ki, hansıları həqiqi milli dövlətə çevrilə biləcək. Və sonda nəticə çıxara bilərik ki, modernistlər millətlərin öz göbəklərini necə miraslanmağından daha çox, onları necə ixtira etməkləri ilə bağlı təsəvvürə malikdirlər.

Qeydlər

  1. Hal-hazırda dünyasını dəyişmiş Ernest Gellner professor idi və həm də Praqadakı Mərkəzi Avropa Universitetində Milliyyətçiliyin Tədqiqi Mərkəzinin qurucusu olmuşdur. Dünyadan 1995-ci il noyabr ayında köçmüşdür; 24 oktyabr 1995-ci il tarixində Uorvik Debatlarında (“the Warwick Debates”) iştirakından təqribən 11 gün sonra. Bu məqalə onun Professor Antoni Smit ilə həmin debatlaşmasının yazılı formasıdır. Ernest Gellner Millətlər və Milliyyətçilik (‘Nations and Nationalism’ Oxford: Basil Blackwell, 1990);  Səbəb və Kültür (‘Reason and Culture’ Oxford: Blackwell, 1992); Milliyyətçilik ilə Üz-Üzə Gəlmə (‘Encounters with Nationalism’ Oxford: Blackwell, 1994); Azadlığın Şərtləri (‘Conditions of Liberty’ London: Hamish Hamilton, 1994)  və s. kimilər də daxil olmaqla bir çox görkəmli əsərlərin müəllifi olmuşdur.
  2. Prospect, Dekabr 1995 – dən yenidən dərc olunmuşdur
  3. Periklin afinalılar dedikdə qədim Yunanıstanın əfsanəvi dövlət adamı hesab edilən, ictimai natiqlik və generallıq incəsənət və siyasətini fəth edən hökmdar Periklın (b.e.ə 495 – 429) idarəçiliyi dövründə yaşamış olan afinalılar nəzərdə tutulur. Periklın idarəçiliyi dövrü qədim Yunanıstanın qızıl əsri kimi də hesab olunur.

Tərcüməçinin Qeydləri

  • Məqalənin baş fonuna əlavə edilmiş əsər Renesans dövrünün (14 – 16-cı əsrlər) məşhur İtalyan rəssam, heykəltəraş, arxitekt və poeziya yazarı Mikelancelo tərəfindən yaradılmışdır. Əsər “Adəmin Yaradılışı” kimi adlanır və Tanrının yer üzündəki ilk insana həyat bəxş etməsini təşviq edən İncildəki hekayəni vizual olaraq sərgiləyir

Ülvi Şirəliyev

Bütün yazıları göstər