“1 Xordad hadisələri”   və  ya “Milli Qiyam günü”  etirazları Azərbaycan türkləri tərəfindən İran hakimiyyətinə qarşı təşkil edilmiş ən böyük və səs-küylü etirazlardandır. Cənubi Azərbaycanlı bir çox aktivist bu etirazları Milli Oyanış Günü kimi qəbul edir və onlara görə etirazlara səbəb olan hadisə və etirazların gedişatı İranda Azərbaycan türkləri və farslar arasında müəyyən sərhədlər çəkmişdir.

Qeyd edək ki, Cənubi Azərbaycanı və Tehranı  bürüyən etiraz dalğasına İran İslam Respublikasının Xəbər Agentliyinə aid olan  Iran-e-jomee qəzetində (hadisələr zamanı İranın ən reytinqli 3 qəzetindən biri idi) 2006-ci ilin may ayının 12-də çıxan karikatura səbəb olmuşdu. Karikaturanın müəllifi Mana Neyestani və qəzetin baş redaktoru Mehrdad Qasımfar hadisələr zamanı həbs edilmişdi. Mana Neyestani ölkədəki etnik varlıqları alçaltma, ictimaiyyəti narahat edən və reallığa zidd yayım etməkdə günahkar bilinmiş və həbs edilərək Tehranın məşhur Evin həbsxanasına göndərilmişdi. Lakin naməlum səbəblərdən 3 aydan sonra həbsdən müvəqqəti olaraq azad edilmiş və həyat yoldaşı ilə birlikdə Fransaya qaçmışdır. 3 aylıq həbs həyatına aid “İran metamarfozu” adlı kitab yazmışdır.

Bu yazının yazılmasında məqsəd İrandakı Azərbaycan türklərinin belə qəzəbinə səbəb olmuş karikatura və ya hekayəni sizlərlə paylaşmaq istəyidir.

Yuxarıda adı qeyd edilən qəzetin 12 may 2006-cı il tarixli həftəlik cümə əlavəsinin uşaq və yeniyetmələrə aid bölməsində Həşəratların bizləri həşəratlaşdırmaması üçün nə edək ? başlıqlı karikatura yayımlanmışdı. Karikaturanın əvvəlində olan ilk şəkildə bir oğlan guya həşərat (tarakan) dilində həşəratdən soruşur: soosoo soosking sisko sooski sooskung (susk sözü farscada həşərat deməkdir). Cavabında isə həşərat belə cavab verir: Nəmənə ? (nəmənə Cənubi Azərbaycanda və Azərbaycan Respublikasının bir sıra yerlərində   anlamına gəlir). Oğlan həşəratın danışığından heç nə başa düşmür və karikatura və ya hekayə belə davam edir:

İsti yay günləri yaxınlaşır. Yenə də həşəratlar ətrafımızı saracaqlar. Həşəratlar qorxulacaq heyvanlar deyillər. Amma məsələ onların üzsüz olmalarıdır, insan onlarla nə edəcəyini bilə bilmir. Bunun üçün sizə həşəratlar qarşısında həşəratlaşmamanız üçün bəzi taktikalar öyrətməliyəm. Məsələ həşəratların insan dilindən anlamamalarıdır. Həşərat dilinin dilbilgisi çətin olduğuna görə, özlərinin 80 faizi öz dillərində danışmaq yerinə başqa dillərdə danışmağı seçərlər.Həşəratlar öz dillərini özləri belə anlaya bilmədikləri halda, siz necə anlayasınız ?! Bu səbəblə onlarla sözlü müzakirə etmə yolları mümkün olmur və zorakılığı özündə ehtiva edən şirin üsullar qaçınılmaz olur.

Cənubi_Azərbaycanda_2006-ci_il_etirazları

Şəkil 1: Hekayənin başlandığı birinci karikatura

 

Bu məzmuna görə “həşəratlarla sözlü müzakirə”, yəni birinci üsul mənasız hesab edilir və hekayənin davamında növbə “zorakılığı özündə ehtiva edən şirin üsullar qaçınılmaz olur” hissəsinə gəlir. Bu hekayəyə görə bu şirin üsullar bunlardır:

İkinci üsul: Həşəratların əsas bəslənmə qaynağı insan nəcisləri olduğuna görə onlar kanalizasiyalarda yaşayır və insan nəcisi ilə bəslənirlər. Bir müddətllik təbii ehtiyaclarınızı tualetlərdə deyil, bağçalarda ya da ağacların altında təmin edin. Beləliklə, həm bağçalarınızdakı ağac və çiçəkləriniz daha yaxşı yetişər, həm də həşəratların bəslənmə qaynaqları kəsilər və aclıqdan “ölərək soyları tükənər”.

Üçüncü üsul: Həşəratlar bizim məhsulumuzu (nəcisimizi) yeyirlər.Bəzi heyvanlar da misal üçün toyuq, qarğa, qurbağa və kərtənkələlər də həşəratları yeyirlər. Həşəratların soyunu qurutmaq üçün bu heyvanlardan hər hansısa birini yaşadığı tualetlərinizdə saxlaya bilərsiniz. İki ay sonra bu həşəratların soyu tükənmiş olacaqdır.

Dördüncü üsul: Həşəratların qorxulu yuxularına girən şeylərdən biri ayaqaltı başmağıdır. Milyonlarca il öncəsində “ibtidai insanlar” həşəratlardan qurtulmaq üçün bu silahı işlətmişdirlər. Həşəratlar ayaqaltı başmağının zərbəsini aldıqdan sonra kürəkləri üstünə yıxılar və qalxmağa çalışarlar. Bu vəziyyətdə bir toyuq tükü ilə onları qıdıqlayınız. Onlar qıdıqlanmağı sevər və gülməkdən keçinərlər. Elə o anda suları çıxacaq qədər başlarına bərk bir zərbə endirin.

1_Xordad_hadisələri

Şəkil 2: Hekayədə adı keçən dördüncü üsul.

 

Beşinci üsul: Həşəratlardan qurtulmaq üçün həşərat dərmanları da işlədilə bilər. Bu dərmanlar qaz və maye formasında olmaqla iki növdədirlər. Maye olanlarını tualet yoluna axıda bilərsiniz. Qaz formasında olanları isə tualetinizə püskürdün. Xəmir formasında olanları isə yeyə biləcəkləri formada işlədin.

Altıncı üsul:Ayaqaltı başmağı ya da həşərat öldürücü dərmanlardan faydalanacaq vəziyyətdə deyilsinizsə, yaxa-paça olub onlarla güləşməkdən başqa çarə yoxdur. Güləşmə texnikalarından istifadə edərək onları yıxıb işlərinə son verə bilərsiniz. Bu üsuldan gözlənilən nəticəni ala bilmədikdə təəccüb etməyin, çünki son illərdə güləşimiz geriləmiş və həşəratlar bu sahədə üstünlük qazanmışdırlar.

Yeddinci üsul:Həşəratların ən güclüsünü (ən hörmətlisini) tapıb, hər kəsin önündə rüsvay edib alçaldın. Misal üçün su ilə dolu bir aftafa verin əlinə və 4 ayağını da – təbii dörd ayaq, çünki onlar 4 ayaqdırlar (4 ayaqlı fars dilində məcaz olaraq heyvan anlamında işlənilir) – qaldırmasını əmr edin. Sonra ibrət olsun deyə o biri həşəratları onu izləmək üçün çağırın. Kimilərinə görə bu üsul həşəratın kompleksə qapılmasına və daha da azğınlamasına yol aça biləcəyi üçün gözlənilməz nəticələr verə bilər. Ən yaxşısı işi uzatmadan və hər kəsin rahatlaması üçün elə işin əvvəlindəykən ayaqaltı başmağını başına endirib işinə son verin.

Səkkizinci üsul: Həşəratlar bığ yerləri tərləməyə başlayan kimi evlənib, bir sürü uşaq doğuzdurarlar. Bu səbəblə də sayları sürətlə artır. Həşəratlarla mübarizə etmənin yollarından biri də evlənmə şərtlərini onlar üçün çətinləşdirməkdir. Tualetlərdə otura bilmələri üçün depozit və kirayə xərcini normalın beş qatına artırsanız, bu üst-başı yırtıq yeniyetmə həşəratlara kimsə qızını verməz. Ordu da yardım edib bunları sərbazlığa (əsgərliyə) alsa, əla olar, çünki əsgərlik müddətini (İranda 2 il) bitirənə qədər ölərlər.

Doqquzuncu üsul: Bütün bu üsulları sınadıqdan sonra yox etmə cəhdləriniz yenə uğursuz qaldısa, sülhsevər formada bir yerdə yaşamaqdan başqa çarəniz qalmamışdır. Ama üzlərini görməyə dayanmaya bilərsiniz. Bu halda onları plastik cərraha aparıb bülbül və sərçə kimi görünmələrini təmin edə bilərsiniz.

Rəsmi hakimiyyət  etirazlar zamanı 330 nəfərin həbs edildiyini, 4 etirazçının isə öldüyünü açıqlamışdır.

Amnesty International təşkilatının bildirdiyinə görə isə yüzlərlə yox, minlərlə etirazçı İran hakimiyyəti tərəfindən həbs edilmiş, onlarla azərbaycanlı isə öldürülmüşdür.

Cənubi Azərbaycanlı etirazçıların bildirdiyinə görə isə 5 mindən artıq etirazçı həbs edilərək işgəncə görmüş, 150 nəfər öldürülmüş (itkin düşmüş), bir çox şəxs isə şikəst qalmışdır. Cənubi Azərbaycanlı aktivistlərin bildirdiyinə görə İran hakimiyyəti etirazçıların bir qismini diri-diri ya yandırmış ya da Urmiya gölünə atmışdır. Buna görə də hökümət qüvvələri tərəfindən öldürülənlərin tam siyahısını tərtib etmək mümkün olmur.

 

Qulamhüseyn Məmmədov

Bütün yazıları göstər