Hüquq və əxlaq arasında bir-birinə birbaşa təsir göstərən bir əlaqə mövcuddur. Bu iki fenomenin əlaqəsi qanunların təşkil olunmasından məhkəmələrdə çıxan qərarlara qədər geniş bir təsir gücünə malik olduğu üçün akademiklər, hüquqşünaslar və hətta sıravi vətəndaşlar (qanunlar və qərarlar birbaşa və ya dolayı yolla onların həyatına təsir edir) üçün belə tez-tez müzakirə mövzusuna çevrilir (Moss and Hughes, 2011: s.68). Tarixə nəzər salsaq, bizə aydın olur ki, hər ikisi qarşılıqlı olaraq bir-birinin formalaşmasına təsir göstərib (Hart, 1963: s.1). Ancaq hər ikisinin dəyişkən xarakterə sahib olduğunu nəzərə aldıqda mövzunun təkrar-təkrar müzakirə edilməsi zəruri hala çevrilir. Cəmiyyətdə bəzi hallar var ki, həm hüquqi həm də əxlaqi baxımdan yolverilməz hesab olunur. Bunlara insan öldürmək, yaralamaq, oğruluq kimi yayğın örnəklər vermək olar (Hart, 1994: s.7-8)(Mill, 1995: s.14-5). Yəni, istisna halları çıxmaqla istənilən əxlaqi sistemin və istənilən “yaxşı” hüquq sisteminin bu cinayətləri cəzalandıracağı aydındır (Greenwalt, 2010: s.468) (Raz, 2009: s.245). Digər tərəfdən, cəmiyyətdə bəzi nizamlayıcı normalar mövcuddur ki, əxlaqi cəhətdən müzakirəsi mümkün deyil. Yol hərəkəti qaydalarını buna nümunə kimi götürə bilərik, ancaq cəmiyyətdə bəzi mövzular da var ki, əxlaq və qanunlar arasında ziddiyyətə səbəb ola bilir. Fahişəliyin leqallaşdırılması, uşaqsaldırma, homoseksual münasibət və evlilik də bu ziddiyyətli halların ən çox bilinən nümunələridir. 1957-ci ildə homoseksuallıq və fahişəlik haqqında dövlət komitəsi bəyannaməsi, digər adı ilə Volfenden raportu Britaniya parlamentində bəyan edildi. Raportun məğzi iki razılaşmış yetişkin arasında baş verən bu hallara hüququn müdaxilə etməməsinin təklifindən ibarət idi. Bu bəyanəmməyə görə, homoseksuallıq şəxslər arasında keçən fərdi məsələlərdir və şəxsi həyat toxunulmaz olmalıdır (Hart, 1963: s.14-5). Bu bəyannamə ingilis hakim Lord Devlin və ingilis hüquq filosofu H. L. A Hart arasında müzakirələrə səbəb olur və müasir anqlo-sakson hüquq fəlsəfəsində əxlaq-hüquq münasibəti ilə bağlı ilk geniş elmi bəhs hesab edilir (təbii ki, daha əvvəllər də bu mövzu fərqli perspektivlərdən fikir adamları tərəfindən müzakirə edilmişdi. Məsələn, Con Stüart Millin “zərər prinsipindən” də bu məsələ ilə bağlı fikirlər çıxartmaq mümkündür). Bu yazıda Lord Devlinlə Hart arasında keçən müzakirəni analiz etməyə çalışacağam. Əlavə olaraq, əxlaqın qaynağı barədə bəzi suallara cavab tapmağa çalışacağam.

 

Hart – Devlin müzakirəsi

 

Volfenden komitəsinin bəyannəməsi bir çox müzakirələrin meydana çıxmasına səbəb oldu. Nə vaxt hüququn insanların aktlarını cəzalandırma haqqı var? İctimai əxlaq cəmiyyətin var olması üçün zəruridirmi? Hüququn müdaxilə etməməsi lazım olan xüsusi hallar mövcud olmalıdırmı? Bu hissədə Hart-Devlin debatını nümunə götürərək bu suallara cavab tapmağa çalışılacaq.

 

Mill “Azadlıq barədə” adlı kitabında bir hərəkətin qarşısının hüquq və ya cəmiyyət tərəfindən alınmasının sadəcə bu hərəkət nəticəsində başqa insanlara zərər dəyməsi halında qəbul edir. Bundan başqa nə qanunlar, nə də ictimai fikir şəxsi azadlıqlara müdaxilə etməməlidir. Hətta bu müdaxilə şəxsin öz yararına olsa belə, Mill yenə də buna qarşıdır. “Özü, öz bədəni və ağlı üzərində fərd suverendir”, Mill yazır (Mill, 1995: s.13-4-5) (Riley, 1998: s.46). Deməli, əgər ki, bir akt digər insanlara birbaşa zərər vermirsə, bu, fərdin azad şəkildə hərəkət edəcəyi aktlar regionuna daxildir (Riley, 1998: s.48-50). Bu nəzəriyyə “zərər prinsipi” adlanır. Hart və Devlin, hər ikisi bu prinsiplə razılaşırlar. Ancaq bu nəzəriyyəyə verdikləri mənalar bir-birindən fərqlənir (Hart, 1963: s.4-5).

 

İlkin olaraq bu nəticəyə gəldik ki, hər iki fikir adamı aktların hansı halda cəzalandırılması mövzusunda həmfikirdirlər. Onlar üçün də birbaşa veriləcək zərər mütləq şəkildə cəzasız qalmamalıdır. Tomas Hobbsun təbiət halı nəzəriyyəsinə də həmfikir olan yazıçılar, hüququn yoxluğunda meydana gələcək açıq şiddətdən qaçmaq tərəfdarıdırlar (Hart, 1983: p.258). Buna baxmayaraq onların fikirləri Volfenden raportunun çıxmasından sonra bir-birinə zidlik təşkil etməyə başlayır. Lord Devlin “dağılma” tezisini irəli sürür və deyir ki, “qəbul edilmiş ortaq əxlaq cəmiyyətin bünövrəsini təşkil edir və ən az dövlət qədər cəmiyyətin varlığı üçün zəruridir (Devlin, 1965: p.36-7).  Buna görə də, iki yetişkin arasındakı homoseksual əlaqə də daxil olmaqla istənilən əxlaqsızlıq dövlətə xəyanət qədər cəmiyyətə qarşı təhdiddir (Hart, 1963: p.18-9) (Dworkin, 1997: p.292). Burada nəzərə alınması vacib olan bir məsələ var ki, Devlin əxlaqı ümumilikdə dəyərləndirir, yəni, əxlaqı predmetlərdən hər hansısa birinin zəifləməsi ümumi olaraq da ortaq əxlaqı kökündən sarsıdacaq. Buna görə də, əgər sıravi vətəndaşlar hər hansısa bir akta qarşı “dözülməzlik, hiddətlənmə və ikrah” hissinə sahibdirsə, şəxsi azadlıq məsələsinin limitlərini yenidən sorğulamaq lazımdır. Məsələn, sıravi vətəndaşlar homoseksuallığı ayıb və nifrətdoğuran iyrənc bir hərəkət olaraq qəbul edirsə, hüquq bu məsələyə digər kriminal məsələlərdə olduğu kimi müdaxilə etməlidir (Hart, 1963: s.48-9) (Ten, 1980: s.87-8).

 

Aydındır ki, Devlin cinsi oriyentasiya məsələsini əxlaqi cəhətdən ələ almağa çalışır və homoseksuallığı ortaq əxlaqi dəyərlərə təhdid kimi qəbul edir. Bəs onun fikrinin dayanağı nədir? Hart qeyd edir ki, Devlinin bu fikri hər hansısa bir təcrübəyə əsaslanmır. Yəni, onun bu fikrinin emprik bir dayanağı yoxdur. Bunu əsaslandırmaq üçün Devlin sadəcə “tarix göstərir ki, əxlaqi dəyərlərin zəifləməsi cəmiyyətin dağılmasının ilkin mərhələsidir” kimi cümlələrdən istifadə edir (Hart, 1963: s.50) (Dworkin, 1997: s.295) (Devlin, 1965: s.36-7). Yəni, Hart inanır ki, Devlinin homoseksuallığın əxlaqsız olduğunu sübut edəcək məntiqli və əsaslı bir dəlili yoxdur. Yenə Hart qeyd edir ki, Devlinin bu fikri ilə Bizans İmperatoru I Yustinianın bütün zəlzələlərin səbəbi olaraq homoseksuallığı göstərməsinin arasında hər hansısa bir fərq yoxdur (Hart, 1963: s.52). Hart həmin illərdə homoseksual aktları cinayət olmaqdan çıxaran qanunlar qəbul etmiş bəzi Skandinaviya ölkələrini misal göstərərək deyir ki, onlar Devlinin iddia etdiyi kimi dağılmağa üz tutmayıblar. Əlavə olaraq, bu gün biz asanlıqla iddia edə bilərik ki, dünyada homoseksual və hətta LGBT haqlarını tanıyan dövlətlər çoxalıb və hər gün də çoxalmağa davam edir (ən son nümunə kimi Avstraliyanı göstərmək olar) və onlar da hələ də dağılmayıblar (Donner, 2009: s.157). Hart Volfenden komitəsinin bəyannəməsini başqa yolla da müdafiə etməyə çalışır. O yazır ki, hətta bu aktlar çoxluq tərəfindən əxlaqsızlıq kimi qəbul edilsələr belə, bu onların cəzalandırılması və ya qadağan edilməsi üçün kifayət edəcək bir səbəb deyil. Çünki, bu hallar əsasən fərdi xarakter daşıdıqları üçün, cəmiyyətə hər hansısa bir zərərləri yoxdur (Hart, burda Millin zərər prinsipindən istifadə edir). Əslində Volfenden komitəsi də homoseksuallığı bu şəkildə, yəni, zərərsiz əxlaqsızlıq kimi qəbul edib müdafiə etmişdi (Cane, 2012: s.65-6). Burada bir məqam var ki, Hartın və raportun arqumentini müzakirəli hala çevirir. Azlıqların hüquqlarını “zərərsiz əxlaqsızlıq” adı altında müdafiə etmək azlıqlar üçün əslində qəbuledilməzdir. Daha aydın desək, əxlaqsızlıq olaraq qəbul edilən bu aktlar, o aktları həyata keçirən insanlar tərəfindən əxlaqsızlıq olaraq qəbul edilməyə bilər. Ola bilər ki, Hart öz məqsədi üçün o günün İngiltərəsində, (hansı ki, çoxluq hələ də homoseksuallığa qarşı idi) düzgün mövqe tutmuşdu. Ancaq homoseksuallığın əxlaqsız olduğunu məntiqi əsaslarla sübut etmək mümkün deyil dedikdən sonra, onu zərərsiz əxlaqsızlıq adı altında müdafiə etmək Hartın düşüncələrinin ziddiyyətli olduğunu göstərir.

 

Bundan başqa Devlinin bu məsələ ilə bağlı hansı iddiaları var və bu iddialar nə qədər əsaslıdır? Devlin yazır ki, əxlaqi dəyərlərin dəyişməsinə qarşı deyil, ancaq bu dəyişmə yavaş-yavaş baş verməlidir, çünki, radikal dəyişikliklər olduğu zaman cəmiyyətin ortaq əxlaqi inancları boş qalır (Ten, 1980: s.89). O, bu period da cəmiyyətin varlığı üçün təhdid hesab edir. Bu iddia onun homoseksual aktların qadağan edilməsinə dair ikinci arqumentidir. Üçüncü arqumentini isə, demokratiya ilə əlaqələndirir. O inanır ki, demokratik cəmiyyətdə, “sonda sadəcə insanların istəkləri qalib gəlməlidir”. Əgər ki, hüquq sıravi vətəndaşların yox, təhsil almış bir qrup elitin fikirlərini yansıdacaqsa, bu qanunların demokratik şəkildə əldə edilmədiyi mənasına gəlir (Ten, 1980: s.101-2). Başqa sözlə, qanunverici orqan qərar vermə prosessində legitim sayılacaq qanunlar meydana gətirmək üçün çoxluğun düşüncəsini nəzərə almalıdır. Demokratiya arqumenti bizi iki məsələni analiz etməyə vadar edir. Birincisi, əgər Devlinin dediyi kimi cəmiyyət homoseksuallıq kimi aktlara kifayət qədər nifrət edirsə, onun bu aktları qeyr-qanuni etməyə haqqı olmalıdır, çünki, bu aktlar onların əxlaqi dəyərlərinə ziddir (Dworkin, 1997: s.295). Bu, tamamilə fərdi azadlıqların korlanmasına bərabərdir. Sadəcə ona görə yox ki, bu halda insanların aktlarına müdaxilə ediləcək, bunu qeyri-qanuni hala saldıqda, hüququn caydırıcı xarakteri də işə düşmüş olur (Feinberg, 1985: s.1). Yəni, homoseksual aktları qadağa etmək və ya homoseksual aktın içində olmuş insanları cəzalandırmaq, bu aktları hal-hazırda həyata keçirən (ancaq tutulmamış olan) və ya həyata keçirmək istəyində olan digər fərdlərin də şəxsi azadlıqlarını sərhədləmək deməkdir. Bu da insanların gələcəkləri ilə bağlı qərar vermək və seçim etmək haqlarının alınması deməkdir. Əslində, bir çox insanın bu aktlara qarşı olan nifrətini provakasiya edən Devlinin dediyi kimi cəmiyyətin varlığına olan təhdid deyil, bu, insanların əvvəlcədən bu aktlarla bağlı olan inancları və qərəzli fikirləri ilə bağlıdır, ancaq bunu nəzərə almaq lazımdır ki, bir fikrə və ya akta qarşı bir gün tolerantlıq göstərilməməsi, o fikrin və ya aktın o tolerantlığa layiq olmadığı mənasına gəlmir (Arneson, 2013: s.437). Bu sadəcə homoseksuallıqla bağlı məsələlərə aid deyil, Devlinin bu arqumentindən istifadə edilərək, asanlıqla istənilən qarşı fikri müxtəlif vaxtlarda əxlaqi dəyərlərə zidd olaraq görüb qeyri-qanuni hala gətirmək olar. Məsələn, dini, irqi, etnik azlıqların haqları bu yolla əllərindən alına bilər (alınır da) (Ten, 1980: s.89).

 

Bu həm də Dvorkinin ifadəsi ilə “diksriminativ duyğuda olan əxlaq”a da səbəb ola bilər. Məsələn, əgər bir insan digəri insanı seçkidə homoseksual olan namizədə sırf homoseksual olduğu üçün səs verməməyə çağırırsa, bu, “diskriminativ duyğuda olan əxlaqdır” (Dworkin, 1997: s.303). Əgər ki ədalət prinsipi əxlaqi dəyər kimi qəbul edilirsə (Hart, 1994: p.167-8), bu verdiyimiz nümunədə ziddiyyət yaranır. Çünki, bu namizəd seçiləcəyi halda cəmiyyət üçün rəqibindən daha yararlı işlər görəcəyi aydındırsa (və ya görmə ehtimalı varsa), ancaq sırf homoseksual olduğu üçün diskriminativ bir hisslə ona səs verilməməsi ədalətli hal kimi görsənmir. Nümunəni bir az daha genişlədək, məsələn, homoseksual namizədin rəqibinin əvvəlcə aktiv siyasətdə olmuş, millət vəkili olduğunu nəzərə alaq. Bu insan millət vəkili olduğu dövrlərdə müxtəlif korrupsiya hallarında adı keçmiş olsun, ancaq siyasi səbəblərdən hər hansısa bir cəza almamış və ya kiçik cəzalarla həbsdən qaçınmış olsun. Bu halda homoseksuala, sırf cinsi oriyentasiyasına görə səs verməmək, onun yerinə korrupsionerə səs vermək nə qədər ədalətlidir? Nə qədər əxlaqi dəyərlərə uyğundur?

 

Devlinin demokratiya arqumentinə qayıdaq. Görünür ki, Devlin demokratiyanı çoxluğun fikrinin yansıması kimi dəyərləndirir. Yuxarıda da qeyd edildiyi kimi, o, bir qrup elitə gücün verilməsinə qarşıdır, çünki bunu demokratik hesab etmir, ancaq biz demokratiyaya sadəcə Devlinin yanaşdığı perspektivdən yanaşsaq, demokratiya “çoxluğun dəstəklədiyi diktaturaya” və ya Takviellə Millin ifadələri ilə “çoxluğun tiraniyasına” çevriləcək (Mill, 1995: s.7-8-9). Xalqın çoxluğunun əxlaqi dəyərlərinin nəzərə alındığı qanunların sayı çoxdur, bundan sonra da olmağa davam edəcək, ancaq, demokratiyada qanunverici orqan ümumi əxlaqi dəyərlərə hər zaman tabe olmağa məcbur deyil (Ten, 1980: s.101-2). Çünki, demokratik dövlət və qanunlar, çoxluğun düşüncəsini nəzərə aldığı qədər azlıqlarını qorumaqla da mükəlləfdir. Bu ideya Con Rolsun “Ədalət nəzəriyyəsi” adlı kitabında da öz əksini tapır. Rols inanır ki, “əsaslandırılmış pluralism demokratik cəmiyyətlərin ayrılmaz hissəsidir”. Devlinin əksinə, Rols pluralizmi bir bəxtsizlik və ya təhdid olaraq görmür. Əksinə, o, bu halın insanın düşünmək qabiliyyətinə əsaslanaraq təbii olduğuna inanır (Donner, 2009: s.157-8). Yəni, bu nəticəyə varmaq olar ki, xüsusilə, azlıqlarla bağlı veriləcək qərarlar zamanı çoxluğun düşüncəsi və ya əxlaqi dəyərlərinə görə hərəkət etmək siyasi pluralizmin məhvinə və ədalətsizliyə səbəb olacaq. Hətta bu kimi hallar xüsusilə, etnik azlıqlara qarşı edildikdə, uzun müddətdə vətəndaş müharibəsinə belə səbəb ola bilər.

 

Əxlaqın qaynağı

 

Yazının indiki hissəsinə qədər əvvəlcədən qoyduğumuz sualın cavabını tapmaq üçün Hart-Devlin debatını analiz etməyə çalışdıq. Ümumilikdə o qərara gəldik ki, əxlaqi dəyərlər hər zaman, xüsusilə, azlıqlarla bağlı məsələlərdə qanuna yansımamalıdır, təsir etməməlidir. Ancaq mən inanıram ki, yazının sualına tam cavab tapa bilməyimiz üçün əxlaqın haradan gəldiyinə dair bəzi suallara da cavab tapmalıyıq. Yazının bu hissəsində əxlaqi dəyərlərin əsasən dini inanclardan gəldiyini sübut etməyə çalışacağıq. Belə olduğu halda isə, dini inanclardan qaynaqlanan əxlaqi dəyərlərin qanunlara yansıması məsələsinin nə qədər düzgün olub olmadığı sualına bir daha cavab axtaracağıq.

 

Dünyəviləşmə prosesindən qabaq din təkcə dövlətlərin yox, həm də insanların da gündəlik həyatının önəmli bir hissəsi idi (Riley, 1998: s.53). İnsanların çoxu təbiəti və sosial həyatı dini çərçivədən dəyərləndirirdi. Ona görə də, həmin vaxtda din və dini ictimai fiqurlar insanların sosial, fərdi və əxlaqi dəyərlərinin formalaşmasında mühüm rol oynayırdılar (Halman and Ingen, 2013: s.87). Dinin dövlətdən ayrı sayılmaması qanunların formalaşmasına da təsir edirdi. Bir çox ölkə də təbii hüquqlar və insanların formalaşdırdığı qanunlar mövcud olduğu halda əlavə olaraq dini qanunlar da nəzərə alınırdı. Bunu dəstəkləyən fikir adamlarından biri həm də keşiş olan italiyan Akvinalı Fomadır. Buna birinci səbəb olaraq insanların gedəcəyi son nöqtəni göstərir. O inanır ki, insanlar tərəfindən qoyulan qanunlar onları nə bu həyatda, nə də ölümdən sonra tam mənası ilə xoşbəxt edə bilməz. Bu halda insanlar üçün ən yaxşısını düşünən ilahi qüvvənin qanunlarına riayət edilməlidir. İkincisi, insan ağlının yanılmaz olmaması məsələsidir. Akvinalı Foma inanır ki, sadəcə yanılmaqdan azad olan ilahi qanunlar ədalətli ola bilər. Üçüncüsü, mövcud qanunların sadəcə xarici məsələlərlə əlaqəsi olmasıdır. Akvinalı Foma yazır ki, ilahi qanunlar insanların ruhi inkişafına səbəb ola biləcək yeganə qüvvədir və bu insanın qurtuluşu deməkdir. Sonuncu olaraq, o inanır ki, insanların yazdıqları qanunlar bütün şər olan aktları cəzalandırmaq üçün kifayət deyil. Ona görə də, bu kimi şər aktların cəzasız qalmaması üçün ilahi hüququn varlığı zəruridir (Aquinas, 1948: s.115-7). Akvinalı Foma və onun kimi bir çox təbii hüququ dəstəkləyən şəxslər dini qanunların dövlətin qanunverici orqanında istifadə olunmasının tərəfdarı idilər. Onlar bu qanunların cəmiyyətin əxlaqının formalaşmasında ciddi rolu olacağını düşünürdülər. Akvinalı Fomanın ilahi qanunların zəruriliyə ilə bağlı arqumentlərindən də göründüyü kimi o və eləcə də digər onun kimi təbii hüquqçular cəmiyyətin əxlaqi dəyərlərinin qaynağı olaraq dini görür (Hinde, 2004: p. 1693). Hətta Lord Devlin özü də yazır ki, əgər ki bir dövlət dini məsələləri fərdin şəxsi həyatına buraxırsa, o, həm də əxlaqi dəyər məsələsini də fərdlərin şəxsi həyatı ilə çərçivələyir (Devlin, 1965: s.28). Buradan görünür ki, Devlin əxlaqi dəyərlərlə dini dəyərləri hətta eyni olaraq görür.

 

Bu fikirlərdən o nəticəyə gəlmək olar ki, təbii hüququ dəstəkləyənlər birbaşa olmasa da dolayı yolla qanunların formalaşması prosessində dini inancların rolunu dəstəkləyirlər (əxlaqın qaynağı olaraq din, qanunun qaynağı olaraq əxlaq). Keçmişdə Avropanın bir çox ölkəsində dini qanunlara zidd olan aktlar dövlət tərəfindən hüquqi şəkildə cəzalandırılırdı. Təbii ki, bu, İslam dünyası üçün də keçərli idi. (Səudiyyə Ərəbistanı, İran kimi İslam dövlətlərinin hələ də var olması, bu halların davam etməsi deməkdir). Ancaq, artıq sekulyar cəmiyyətlərdə bir akt sadəcə hər hansısa bir dinə və ya dini icmaya qarşı nifrət tutumu daşıyırsa, cəzalandırıla bilər (Hart, 1963: s.44). Əvvəlcə verdiyimiz homoseksuallıq nümunəsinə geri qayıdaq. Bir insan homoseksuallığın əxlaqsız bir hərəkət olduğunu dini qanunlara əsaslanmadan iddia edə bilərmi? Homoseksuallıq, fahişəlik, zina və ya digər aktlar, hansı ki, keçmişdə dini qanunlar tərəfindən cəzalandırılırdı, hal-hazırda da sadəcə dini qanunlar tərəfindən cəzalandırıla bilər (Hinde, 2004: s.1690) (Greenwalt, 2010: s.476). Dünyəvi qanunlarla bu hərəkətləri cəzalandımağı təklif edəndə Devlinin arqumentləri kimi bu arqument də dayanaqsız qalır. Milli adət-ənənə sferasından da bu hərəkətlərin əxlaqsızlıq olduğunu iddia edənlər var. Burda bir neçə məsələ ortaya çıxır. Milli adət-ənənələrin bu hərəkətlərə əxlaqsızlıq kimi baxmasının qaynağı da bir zamanlar bu millətin kültüründə önəmli paya sahib olan dinlər deyilmi? Mənə elə gəlir ki, çoxluqla belədir. İkinci bir məsələ, əgər hər hansısa bir cəmiyyətdə bu aktlar əxlaqsızlıq kimi qəbul edilmirsə, yəni, o millətin adətləri bunu əxlaqsızlıq kimi dəyərləndirmirsə, onda ümumilikdə də bu hərəkət əxlaq daxilində sayıla bilərmi? İkinci məsələdə əxlaq anlayışının kültürdən kültürə dəyişməsi məsələsinin təzahürünü görürük.

 

Əvvəlki hissə başqa sualların yaranmasına da səbəb olur. Biz o nəticəyə gəldik ki, nümunə olaraq verdiyimiz aktların əxlaqsızlıq kimi qəbul edilməsini ancaq dini dəyərlərlə müdafiə etmək mümkündür. Əgər ki, bir insan dini özünə dayanaq qəbul edərək bu aktların əxlaqsız olduğunu deyirsə və qanunların da bunu yansıtmasının tərəfdarıdırsa, sekulyar dövlətlərin qanunlarında dini dəyərlərə görə bir məsələyə şərh vermək nə qədər düzgündür?

 

Sekulyarizm kilsə ilə (dinlə) dövlətin ayrılması deməkdir. Dinin dövlətdən ayrılması tədricən onun cəmiyyətdəki sosial və əxlaqi dominantlığını da azaltdı. Bu proses nəticəsində daha çox insan hər hansısa bir dini inancı nəzərə almadan öz həyatları ilə bağlı yeganə qərar verici olmağa başladılar (Halman and Ingen, 2013: s.88-90). Əvvəlki hissə ilə əlaqəndirdiyimiz zaman bu nəticəyə gələ bilərik ki, tarixən cəmiyyətdə güclü rola malik dini inanclardan qaynaqlanan ortaq əxlaqı qanunlara yansıtdığımız zaman, biz sekulyarizm prinsipinə zidd hərəkət etmiş oluruq. Sekulyarizmi müdafiə edənlər bunun digər dini inanclar üçün də təhdid olduğunu düşünür. Yəni, onlar iddia edir ki, bütün dini inancların sülh şəraitində birlikdə yaşamaqları üçün ən əlverişli sistem sekulyarizmdir. Bu sistemdə hər hansısa bir dini inancın dominantlığı yaranmır və beləcə də, digər dini azlıqların fərdi azadlıqları da qorunmuş olur (Ten, 1980: s.96) (Ripstein, 2006: s.215).

 

Nəticə

 

Öldürmək, fiziki zorakılıq və s. kimi aktlar var ki, bunlar həm hüquqi, həm də əxlaqi cəhətdən qəbuledilməzdir. Buradan o nəticəyə gəlmək olar ki, “hüquq qətiyyən qeyri-əxlaqi bir fenomen deyil” (Kramer, 2004: s.225) və biz qanunları hazırlayarkən cəmiyyətin reallıqlarını kənara atmamalıyıq. Buna baxmayaraq, əxlaqın qeyri-müəyyən, müzakirəli və dəyişkən (zaman, kültür, coğrafiyasına və s. görə) təbiəti olduğu üçün ayrı-ayrılıqda hansı əxlaqi normanın nədən qaynaqlandığını yaxşı araşdırmalı və hər hansısa əxlaqi bir tutumu bir qanuna tətbiq etdikdə onun potensial nəticələrini yaxşı hesablamalıyıq. Yenə buna baxmayaraq, biz bu nəticəyə gəldik ki, cəmiyyət tərəfindən hər əxlaqsız qəbul edilən hərəkət illeqal sayılmamalıdır. Yazının əvvəlində Volvended bəyannaməsini nümunə götürərək, azlıqların haqlarının qorunması ilə bağlı müzakirə apardıq. Bu nəticəyə gəldik ki, homoseksuallıq və ona oxşar hərəkətlərin əxlaqsız olduğunu sübut etməyin tək yolu dini inanca dayanmaqdan keçir. Sekulyar dövlətlərdə dindən qaynaqlanan əxlaqi prinsiplərlə qanun yaratmağın da mümkün olmadığını yazdıq. Yazının nəticələrini qeyd etməyimizə baxmayaraq, bir neçə əlavələr etməyin uyğun olduğunu düşünürük.

 

Əlavə qeydlər

 

İlkin növbədə onu qeyd etmək istəyirəm ki, homoseksuallıq və ona oxşar həssas hesab edilən mövzuların nəticəsindən asılı olmayaraq müzakirəsi vacibdir. Çünki, dövlətin, qanunların, digər siyasi partiyaların, ictimai fiqurların və s. bu məsələlərlə bağlı fikir bildirməkdən qaçması, bu aktların həyata keçmədiyi mənasına gəlmir. Məsələn, müxtəlif səbəblərdən uşaqsaldırma halları tez-tez baş verir. Bunun problemli yanlarını həll etmək məcburiyyətində olan (və ya olmaq potensialında olan və ya olmaq iddiasında olan), yəni siyasi bir hədəfi olan istənilən qurum və şəxsin bu məsələ ilə bağlı mövqeyi olmaq məcburiyyətindədir.

 

İkinci olaraq onu yazmaq istəyirəm ki, bu yazı da tam olaraq dəqiq bir mövqeyə sahib deyil. Yəni, biz nəticə qismində homoseksuallıq, fahişəlik və ya abort leqallaşdırılmalıdır və ya qadağa edilməlidir nəticəsinə gəlmədik, ancaq bu yazının hədəfi də bu deyildi. Yazıda bu kimi aktlara yanaşma metodologiyası qoyulub. Bundan başqa da yanaşma şəkillər, bu aktları müdafiə edən və ya qarşı çıxan arqumentlər həddindən artıq çoxdur. Məsələn, artım məsələsi arqumenti aktualdır. Məsələn, sağlamlıqla bağlı arqumentlər gətirənlər də var, ancaq bu yazı məsələyə daha çox hüquq, siyasət və əxlaq fəlsəfəsi cəhətdən yanaşmağa çalışdığı üçün bu hallar qeyd edilməyib. Yazıçının tibbi arqumentləri irəli sürüb analiz edəcək potensialı da yoxdur, yəqin ki, heç vaxt da olmayacaq. Bu məsələnin tibbi tərəfini ixtisası olan şəxslərin analiz edib müzakirəyə çıxartması bu yazının gələ bilmədiyi nəticələrə yardım etmiş olar.

 

Üçüncü olaraq da dinin bu hallardakı rolunu şişirtməyimiz məsələsi var. Biz şişirtdiyimizi düşünmürük. Dostoyevskinin “Tanrı yoxdursa, hər şey mübahdır” fikrinin doğru olduğunu düşünürəm. Homoseksuallığın ən bəsit şəkildə müdafiəsi “iki yetişkin fərdin öz aralarında istədiklərini etmək azadlıqlarından” ibarətdir. Əgər bu müdafiəyə sadiq qalınılsa, yaxın qohumlar arasındakı cinsi əlaqəni (insest)  də bu şəkildə müdafiə etmək olar. Hər hansısa dini bir inanca dayanmadan insestə qarşı çıxmaq olarmı? Və ya hər hansısa bir dini inanca dayanmadan insestin əxlaqsız olduğuna dair əsaslı bir dəlil gətirmək olarmı? Məncə, olmaz. Yazı müddətində bu mövzu haqqında heç yazmasam da, ağlımda hər zaman bu müqayisə mövcud idi və ikinci hissədə yazdığım din arqumentinin də əsas səbəbkarı bu məsələdir.

 

 

 

İstifadə edilmiş qaynaqlar

 

Aquinas, T (1948). Thomas Aquinas – Selected Political Writings. Oxford: Basic Blackwell

 

Aquinas, T (1988). On Law, Morality and Politics. Indianapolis: Avatar Books of Cambridge

 

Arneson, R.J. (2013). The Enforcement of Morals Revisited. Criminal Law and Philosophy. 7 (1), pp. 435-454.

 

Cane, P. (2012). Morality, Law and Conflicting Reasons for Action. Cambridge Law Journal. 71 (1), pp. 59-85.

 

Devlin, Lord P., 1965. The Enforcement of Morals (Oxford: Oxford University Press).

 

Donner, W. (2009). Autonomy, tradition, and the enforcement of morality. In: Ten, C.L Mill’s on Liberty: A Critical Guide. Cambridge: Cambridge University Press

 

Dworkin, R (1997). Taking Rights Seriously. 2nd ed. London: Bloomsbury Academic.

 

Dworkin, R (1986). Law’s Empire. London: Fontana Press.

 

Feinberg, J (1985). The Moral Limits of the Criminal Law: Volume two: Offense to Others. New York: Oxford University Press.

 

Green, L. (2008). Positivism and the Inseparability of Law and Morals. New York University law review. 83 (1), pp. 1035-1058.

 

Greenwalt, K. (2010). Legal Enforcement of Morality. In: Patterson, D A Companion to Philosophy of Law and Legal Theory. 2nd ed. London: Blakwell Publishing Ltd.

 

Halman, L and Ingen, E. (2013). Secularization and the Sources of Morality: Religion and Morality in Contemporary Europe . In: Hart, J, Dekker, P and Halman, L Religion and Civil Society in Europe. London: Springer.

 

Hart, H.L.A. (1963). Law, Liberty and Morality. London: Oxford University Press.

 

Hart, H.L.A. (1994). The Concept of Law. 2nd ed. New York: Oxford University Press.

 

Hinde, R.A. (2004). Law and the Sources of Morality. Philosophical Transactions: Biological Sciences,. 359 (1451), pp. 1685-1695.

 

Kramer, H.M (2004). Where Law and Morality Meet. New York: Oxford University Press.

 

Mill, J.S (1995). On Liberty and other writings. 12th ed. Cambridge: Cambridge University Press.

 

Moss, K and Hughes, R. (2011). Hart-Devlin revisited: law, morality and consent in parenthood. Medical Science and Law. 51 (1), pp. 68-75.

 

Posner, A.R (1999). The Problematics of Moral and Legal Theory. London: The Belkap Press of Harvard University Press.

 

Raz, J (2009). The Authority of Law: Essays on Law and Morality. 2nd ed. New York: Oxford University Press.

 

Ripstein, A. (2006). Beyond the Harm Principle. Philosophy and Public Affairs. 34 (3), pp. 215-245.

 

Ten, C.L (1980). Mill on Liberty. New York: Oxford University Press.