Nədir milliyyətçilik? Milliyyətçilik milli dövləti şəxsiyyətin ən böyük sərvəti hesab edən bir düşüncə tərzidir. Doğma torpağa, yerli ənənələrə, nüfuzlu şəxslərə dərin bağlılıq tarix boyu müxtəlif səviyyədə özünü biruzə verirdi. 18-ci əsrin sonlarından dirçələn müasir milliyyətçilik insanların şəxsi həyatını və cəmiyyətini formalaşdırmağa başladı. Hər millətin bütün millətini əhatə edəcək şəkildə milli dövlətə sahib olması fikirləri bu yaxınlarda yaranmışdır. Əvvəllər insanın vəzifəsi milli dövlətə deyil, tayfa və ya klanlara, şəhər dövlətlərə və ya feodal dərəbəyilərə, sülalə dövlətlərinə, kilsə və ya dindar qruplara sadiq olmaq idi. Əsrlər boyu milli dövlət siyasi cəhətdən ideal sayılmırdı. Bunun əvəzinə özündə fərqli millətləri və etnik qrupları cəmləyən ümumi mədəniyyətə sahib əsas hədəfi ümumi daxili sülhü bərpa etmək olan imperiyalar daha ideal sayılırdı.

Millət canlı tarixin məhsuludur, bu anlayış daima dəyişir. Millət anlayışı çox mürəkkəb anlayışdır və dəqiq açıqlamaya malik deyil. Millətləri digər millətlərdən fərqləndirən bəzi amillər vardır. Bu amillər ümumi mənşə, dil, ərazi, siyasi ümumilik, adət ənənə və dindir. Lakin millətin müəyyən edilməsi üçün bu amillərin heç biri həlledici deyil və ya onun mövcudluğu üçün mütləq şərt deyil. Belə ki, Birləşmiş Ştatların əhalisi ümumi mənşəyə malik deyil, İsveçrə əhalisi isə üç-dörd dildə danışan insanlardan ibarətdir, bununla belə, hər iki misalda ordakı əhali özlüyündə millət formalaşdırıb, yəni bu insanlar amerikalı və isveçrəli millətini yaradıblar. Obyektiv amillər də millətin formalaşmasında çox böyük rol oynayır, ən mühüm element isə canlı və fəal kollektiv olan iradədir. Bunu biz millətçilik adlandırırıq. Məhz millətçilik xalqın əksəriyyətini ruhlandırır və  iddia edir ki, millətin bütün nümayəndələrini ruhlandıracaq. Burdan əminlik yaranır ki, milli dövlət  idealdır və siyasi təşkilatın tək qanuni formasıdır. Millət  isə mədəni yaradıcılığın və iqtisadi rifahın enerji mənbəyidir.
   Müasir millətçilik. Millətçilik dövrü başlamamışdan öncə bəzi natiqlər millətçiliyə yaxın olan hisslər ifadə ediblər. Lakin o zaman bu ayrı-ayrı şəxslərin çıxışı idi. Kütlə hələ də hiss edə bilmirdi ki, onların mədəni, siyasi və maddi rifahı milli birliklərindən asılıdır. Xarici təhlükə qədim Yunanıstanda yunan-fars müharibələri dövründə və ya yüz illik müharibə dövründə Fransada olduğu kimi milli hissləri aşırı dərəcədə artıra bilər. Ancaq, baş verən bütün müharibələr bir qayda olaraq Fransa inqilabına qədər dərin milli hisslər yaratmadılar.
Peloponnes müharibəsi(1) zamanı yunanlar yunanlara qarşı vəhşicəsinə müharibə aparırdılar. Almanlar yeni dövrə qədər bir-biriləri ilə dini və sülalə müharibələrində üz-üzə gəldilər. O cümlədən də italyanlar qardaş qırğınının mahiyyətini dərk etməyərək müharibələr ediblər. Hələ 18-ci əsrdə avropanın əsgər və mülki şəxsləri “xarici” hökmdarların tabeliyində xidmət ediblər. Və yad hökmdarlara sədaqət və loyallıqla xidmət edərək milli hisslərə bağlı olmadıqlarını sübut ediblər. Bu yaxınlara qədər millətə mədəni həyatın mənbəyi kimi baxılmırdı. Təhsil və təlim, insan fikrinin və xasiyyətinin formalaşması demək olar ki, bütün tarix boyu heç bir milli sərhəddə sığmayıb. Əsrlər boyu mədəni və mənəvi həyatın mənbəyi din olmuşdur.  Avropada İntibah dövründə və sonralar təhsilin kökü klassik sivilizasiyanın ümumi ənənələrinə dayanırdı. Avropanın orta əsr Cəngavər idealları və fransız saray həyatı 17-18-ci əsrlərdə bütün milli sərhədləri keçərək dünyaya yayılmışdır. Ancaq 19-cu əsrdə Avropa və Amerikada, 20-ci əsrdə isə Asiya və Afrikada xalqlar millətlərə görə müəyyən edilməyə başlandı. Mədəniyyətlər milli mədəniyyətlə, insanın öz həyatı və sağ qalması isə millətin həyatı və sağ qalması ilə eyniləşdirildi. Həmin dövrdən millətçilik kütlənin hisslərində və hadisələrə qiymət verməsində dominant rol oynamağa başladı. Bununla yanaşı bu həm də hökümətlərin əlində bəhanə oldu, belə ki, bu yolla onlar xarici düşmənlərlə yanaşı daxildə olan vətəndaşlara qarşı da öz güclərindən istifadə etməyə bəraət qazanmış oldular.
Qədim yəhudilər və yunanlar. Millətçiliyin xüsusiyyətlərinin müasirliyinə baxmayaraq bəzi əsas əlamətləri hələ qədimdən özünü göstərib. Millətçiliyin kökləri qərb sivilizasiyasının cücərdiyi torpaqlara gedib çıxır – qədim yəhudilərə  və  qədim yunanlara. Hər iki xalq özlərinin digərlərindən fərqlərini çox aydın şəkildə ifadə edə bilir: yəhudilər başqa inanc sahiblərindən, yunanlar isə barbarlardan. Hər iki qrupu eyni şüurda saxlayan hökmdarlar və ya ruhanilər deyildi, bu özlüyündə hər yəhudi və hər yunan idi. Antik dövrün digər xalqlarında yalnız hökmdarlar və imperiyalar tarixdə iz qoyublar. Yəhudilərdə və yunanlarda milli şüur və ruhun gücü daha möhkəm və davamlı oldu. Məhz ona görə ki, onların mədəni ənənələri irqi, siyasi və coğrafi amillərdən güclü olub, bu millətlər indi də yaşayırlar. Onlara milli dövlət anlayışı bəlli deyildi, lakin öz mədəni missiyalarını daşıyan çox güclü şüura malik idilər.
Müasir millətçiliyin üç əsas cəhəti öz əsasını yəhudilərdən götürür: xalqın seçilmişliyi ideyası, keçmiş haqqında ümumi yaddaşı xüsusi vurğulamaqla gələcəyə inam və nəhayət milli messianizm.(2) Yəhudi tarixinin kökündə tanrı və yəhudi xalqı arasındakı andlaşma dayanır(Əhdi Ətiq). Peyğəmbərlərin dövründən başlayaraq yəhudilər bütün tarixə vahid bir proses kimi mənbədən hədəfə gedən yol kimi baxırlar. Və bu prosesdə yəhudilər üçün xüsusi, əla və mərkəzi rol hazırlanıb. Allah qatında bu dramatik tarix öz ədalətli sonluğuna çatmalı və andlaşma yerinə yetirilməlidir. Messianizm Allahın yolunda  əziyyət çəkən bir adamın əziyyətinə haqq qazandıran tarixi fəlsəfə idi. Lakin təkcə  məzlum xalqlar messianizmdə sığınacaq tapmadılar; bu milli qürurun simvoluna çevrildi və tez-tez təhlükəli hər şeyə qadirlik və böyüklük iddialarına da səbəb oldu; bu həmdə azğın təriqətlərin və məzlum siniflərin öz arzu və istəklərinə çatmaq uğrunda mübarizələrinə də rəhbərlik etdi. Bu tarixi prosesin dünyəvi ideyası kimi isə messianizm bu günədək dini canfəşanlığın bəzi elementlərini özündə daşıyır.
Yunanlar  yəhudilərlə digər millətlər üzərində mədəni və mənəvi üstünlük hisslərini bölüşürdülər.  Lakin yunanlar bu hissləri daha səmimi şəkildə ifadə edirdilər. Bundan əlavə yunanlar siyasi icmaya sədaqət anlayışını inkişaf elətdirmişdilər, yəni, şəhər dövlətlərə sədaqət. Hər bir vətəndaş özünü polisin(3) siyasətinə uyğunlaşdırmalı idi və siyasiləşməli idi. Qədim Yunanıstanda Sparta və “Dövlət” əsərində Platon dövləti şəxsdən üstün tutaraq qapalı avtoritar dövləti ideallaşdırırdılar. Lakin eramızdan əvvəl IV əsrin sonunda Makedoniyalı İsgəndərin dünyəvi imperiya arzusu və onun yunan mənşəlli olmaması yunanlarla barbarlar arasındakı kəskin fərqləndirmənin məhv olmasına, bunun universializmlə əvəz olunmasına, etnik fərqləri və sərhəddləri qırmasına səbəb olmuşdur. İsgəndərin arzusu yunan stoaçı  filosoflarının fikirlərində də öz əksini tapmışdır. Onlar bütün dünyanı özlərinin vətəni sayır və insanların millətə yox, insanlığa aid olduğunu irəli sürürdülər.
Roma imperiyasında universalizm. Stoaçı fəlsəfə roma düşüncəsində eramıza qədərki son iki əsrdə meydana gəlmişdi.Məhz bu dövrdə Roma məlum olan bütün əraziləri ortaq qanun və mədəniyyət əsasında birləşdirib şəhər dövlətdən böyüyüb imperiyaya çevrilmişdi. İmperiyanın universializmi öz kökünü ellinistik mədəniyyətdən götürürdü, lakin buna rəğmən, imperiya yalnız yunanlara məxsusluq hissindən məhrum olduğuna görə bu universialist xristianlığın yaranmasına zəmin hazırladı. Universialist xristianlıq da öz növbəsində kökünü iudaizmdən götürürdü, lakin burada da İsrailə etnik bağdan söz gedə bilməzdi. Sonradan Roma imperiyasının mərkəzi Konstantinopola köçdü və xristian kilsəsi birləşdi. Kilsənin və imperiyanın birlikdə təsirinin nəticəsi olaraq orta əsrlərdə siyasi mədəni düşüncələr insanlığın birliyinin və onların birlikdə bir icma təşkil etmələrinin üzərində qətiləşdi. Yeni dövrə qədər istər xristian, istərsə də müsəlman ölkələrində din özünün birləşdirici mövqeyi ilə düşüncələrdə, davranışlarda, ictimai və hətta şəxsi həyatda belə təsirini saxlayırdı. Dante universializmi və Roma imperiyasının birləşdirici missiyalarının davamlılığını elə təntənə ilə təqdim edirdi ki heç bir fikir və hədəf bu günə qədər belə təmtəraqla təqdim edilməyib. İtaliyanın siyasi birliyi və ya almanların imperial ləyaqətin daşıyıcısı olmaq istəklərinin rədd edilməsi onun ağlının ucundan belə keçmirdi.

İntibah dövrü və Reformasiya. XV əsrdə bəlli oldu ki, Dantenin arzuladığı kimi imperatorun hökmranlığı altında birləşmək mümkün ola bilməz. Eyni zamanda universializmin ümid yerlərindən olan papalıq Avinyonda əsirlikdə idi. İnteqrasiya üçün yeni güc və hakim qüvvələrin axtarışlarına başlanılırdı. Qərb xristianlığının Orta əsrlərdən Yeni dövrə keçidi zaman onun formalaşmasına iki böyük mənəvi inqilab təsir etdi: bu İntibah(Renesans) və Reformasiya(4) idi. Qədim klassiklər və Əhdi-Ətiq artıq yeni dünyada oxunulub dərk edilmişdir. Hər iki mənbədə onlar artan milli ruhun toxumlarını aşkar etmişdilər. Klassik dövr yunanlarının polisə bağlılıqları və respublikaçı romalıların vətənə bağlılıqları kimi anlayışlar yenidən gündəmə gəldilər. Antik tarixə yaranmış maraq italyan ziyalılarında qədim romalılarla eyni kökdən olduqları fikirlərinin yaranmasına səbəb olmuşdur. Orta əsr müəllifləri kilsəyə və Allaha xidmət naminə yazırdılar. İntibah dövrünün humanistlərini isə daha çox özlərini tərif etmələri üçün şəhərlər və hökmdarlar cəlb edirdilər. Ancaq intibah dövrü uzun müddətli fenomen olmadığından, yalnız savadlı insanların dar çevrəsini əhatə etdiyindən hansısa millətçi ideyanın inkişafına da səbəb olmadı. Reformasiya İntibah dövrünün dünyəvi interlyudiyasına son qoydu. Xristianlıq və dini müzakirələr yenidən bütün maraqların və əməllərin mərkəzinə çevrildi. Avropa millətləri  XVI-XVII əsrlərdə milli dəyərlər, maraqlar uğrunda yox, doqmatik həqiqətlər uğrunda döyüşürdülər. Millətlər etnik və linqvistik fərqlərinə görə yox, dini fərqliliklərinə və ya dinsizliklərinə görə təqib olunub cəzalandırılırdılar.

İntibah dövründə millətçilik üçün səsini yüksəldən yalnız Nikkolo Makkiavelli olmuşdu. Dante kimi florensiyalı olmasına baxmayaraq Dantenin həyatında hakim olan iki böyük gücdə, universializmdə və dində heç bir xeyir görmürdü.  Özünün məşhur “Hökmdar” əsərinin son hissəsində Makiavelli İtaliyanı barbarlardan azad edəcək güclü insana çağırış edirdi. Lakin bu çağırış səhrada ağlayan bir səs kimi idi. Bir italiyan belə İtaliyanın işləri ilə maraqlanmırdı və hətta bunun necə vacib olduğunu belə başa düşülmürdü. Amma nə olsa belə, Makiavelli millətçilik üçün zəmin yaratmaqda böyük rol oynadı. “Hökmdar” əsərində o heç bir dini, mənəvi sanksiyalardan asılı olmayan, əsas hədəfi hakimiyyət olan və bu yolda edilən hər şeyə haqq qazandıran bir dünyəvi dövləti təsvir edirdi. Gələcəyi görərək o yazırdı: «Ölkəmizin rifahı ilə bağlı həlledici bir sual varsa, biz ədalət və ya ədalətsizlik, mərhəmət və ya qəddarlıq,  kiminsə tərifi və ya alçaldılması ilə bağlı problemləri müzakirə etməli deyilik, bütün bunları bir kənara qoyub elə bir istiqamət götürməliyik ki, ölkənin varlığı və azadlığı təmin olunsun.».

Reformasiya və millətçilik arasında olan birbaşa bağlar millətçilik və intibah dövrünün arasındakı bağlar qədər azdır. Başlanğıcda protestantlıq da katoliklik kimi dünyəvi bir hərəkat idi. Amma onun yaranması orta əsr xristianlığının dini dünyəviliyini məhv etdi. Protestantlığın fərdiyyətçi şüura çağırışı müxtəlif dini axın və sektaların dəfələrlə çoxalmasını asanlaşdırdı.  Protestantlığın İncilin oxunmasına və xütbələrə xüsusi diqqəti nəticəsində yerli dillər möhkəmlənməyə başlamışdır. İncilin yerli dillərə tərcümə olunması çox yerdə milli dillərin və ədəbiyyatın inkişafına səbəb oldu. Bu məhz kitab çapının daha rahat və ucuz olduğu zamanla üst üstə düşdü.

Reformasiyanın Yeni dövrün dini və linqvistik plüralizminə səbəb olması ilə bərabər İntibah dövründə inkişaf etmiş  dövlət və knyazlıq hakimiyyəti konsepsiyası yeni mərkəzləşdirilmiş sülalə dövlətlərinin yaranmasına əsas oldu. Sonradan bu dövlətlərin əsasında milli dövlətlər quruldu. Mütləq monarxiyalar  fərqli feodal və yerli asılılıqları məhv etdilər. Və beləcə bütün mövcud olacaq asılılıqları bir mərkəzdə cəmləşdirdilər. Artan iqtisadi əlaqələr daha böyük ərazi birliklərini tələb edirdi. Artıq keçmiş dövrdəki kimi bir şəhərlə, malikanə ilə, knyazlıqla, qraflıqla kifayətlənmək mümkün deyildi. Yalnız belə böyük ərazi vahidləri yüksələn orta sinfin dinamik ruhu və kapitalist təşəbbüsləri üçün lazımı imkanlar yaradırdı. Lakin bu yeni mərkəzləşdirilmiş dövlətlər, misal üçün, İngiltərədə Tüdorların və Fransada XIII Lüdovikin yaratdığı dövlətlər hələ milli dövlətlər deyildilər. Burada dövlət kral idi. Ancaq XVII əsrdən etibarən İngiltərə, daha sonra isə 1789-cu il inqilabı dövründən etibarən Fransa artıq kral dövlətləri olmaqdan əl çəkib xalqların dövləti- millət-dövlət və Vətən olmağa başladılar. Artıq kral yox, millət dövlətin taleyinin onlardan asılı olduğunu anladı. O dövrdən bu günə qədər Qərbi Avropada millət və dövlət eyniləşdirilməyə başladı ,mədəniyyət isə milli mədəniyyət kimi müəyyən edilməyə başladı. Roma imperiyasının qurulmağından orta əsrlərə qədər insanlar ortaq universal cəhətləri xüsusən qabardıb imperiya daxili birliyi arzulanan hədəf kimi görürdülər.

Keçmişin universialist dəyərlərinə qarşı olaraq yeni millətçilik xüsusiliyi və yerliliyi tərifləyib, milli fərqlilikləri, milli individuallığı qabardırdı. XIX-XX əsrlərdə millətçilik yeni inkişaf xəttinə qədəm qoyduğuna görə bu tendensiyalar daha da çox gözə çarpmağa davam etdi. XVII-XVIII əsrlərdə  qərbdə millətçiliyin yeni yeni inkişaf etdiyi zamanlarda, qərb sivilizasiyalarının ümumi standartları, xristianlığın və stoaçılığın qorunmuş adətləri, universal humanizmə hörmət, ağıl və sağlam düşüncəyə universal inanc- bütün bunlar hələ çox güclü idilər məhz buna görə də millətçilik tam inkişaf edib bu cəmiyyətləri dağıda bilməmişdir. Məhz buna görə də Qərbdəki millətçilik ilk mərhələlərdə kosmopolit düşüncələrlə uyğunluğunu və bütün insanlığa sevgisinin olduğunun görüntüsünü yaratmalı idi.

 

 

Tərcümə Hans Kohnun “Milliyyətçilik:onun mənası və tarixi” kitabındandır.

 

 

Tərcüməçinin qeydləri:

  • ə. 431 – e.ə. 404 Qədim Yunanıstanda bir tərəfdən Afinanın başçılıq etdiyi Delos İttifaqının, digər tərəfdən isə, Spartanın başçılıq etdiyi Peloponnes İttifaqının iştirak etdiyi hərbi münaqişə
  • İudaizmdə inanırlar ki, Davud peyğəmbərin varisi dünyaya gələcək və yəhudiləri digər xalqların əlindən qurtarıb dünyada haqq ədaləti bərpa edəcək. Bu inanc xristianlarda İsanın yenidən doğulacağı ilə və islamda Mehdinin zühuru ilə oxşardır
  • şəhər-dövlət
  • XV-XVI əsrlərdə Katolik kilsəsinə qarşı başlanan dini etirazlar

Rəcəb Həsənbəyov

Bütün yazıları göstər