Mən burada danışan yoldaşların sözlərinə bir-iki şərh vermək üçün sözü aldım. Sultan Qaliyev probleminin prinsiplərini 2-ci rübdəki məruzəmdə düzəltməyə çalışacam.

İlk olaraq, konfransın mahiyyətini diqqətə alaraq, kimsə (kim olduğunu tam xatırlamıram) bu konfransın fövqəladə toplandığını vurğuladı. Heç də belə deyil. Bu cür konfranslar bizim Partiya üçün yenilik deyil. İndiki konfrans Sovetlər yarandıqdan sonra keçirilən 4-cü bu tip konfransdır. 1919-cu ilin başlanğıcına qədər buna bənzər 3 konfrans keçirilib. O dövrdəki vəziyyət bizə bu cür konfranslar çağırmağa imkan verirdi. Lakin daha sonra, 1919-cu ildən bəri 1920 və 1921-ci illərdə tamamilə vətəndaş müharibəsiylə başımızın qarışdığı dövrdə bu cür konfranslar keçirməyə vaxtımız olmadı. Və yalnız indi vətəndaş müharibəsi bitdikdən sonra, indi iqtisadi quruluş üzərində daha dərindən işləyə bilirik, indi Partiya işləri əsasən də milli regionlar və respublikalarda daha konkret hal alıb və artıq biz bu cür konfranslar çağırmaq üçün şans əldə etmişik. Mən düşünürəm ki, Mərkəzi Komitə bundan sonra ətraf bölgələrdə qanunları tətbiq edənlər və o qanunları yazanlar arasında qarşılıqlı bir-birini anlamanı təmin etmək üçün bu metoda müraciət edəcəkdir. Mənim fikrimcə, bu cür konfranslar daha konkret qərarlar vermək üçün yalnız bütün respublikalar və regionlardan deyil, həmçinin fərdi regionlar və respublikalar tərəfindən də çağırılmalıdır. Yalnız bu belə həm Mərkəzi Komitəni, həm də ətraf bölgələrdəki məsuliyyətli işçiləri qane edəcəkdir.

Bəzi yoldaşlar Sultan Qaliyevin ilk gizli məktubu ilə tanış olan kimi ona xəbərdarlıq etdiklərini dedilər, səhv etmirəmsə, Adiqamova yazılmışdı bu məktub, ki özü buraya ilk çıxıb və ən çox danışmalı olduğu halda bilinməyən səbəbdən sakitdir və heç bir söz dilə gətirməyib. Sultan Qaliyevi lazım olandan artıq müdafiə etdiyim barədə bəzi yoldaşlar məni tənbeh etdi. Doğurdan da mən onu bacardığım qədər müdafiə etdim və düşünürdüm ki, və hələ də düşünürəm ki, bu mənim borcum idi. Ancaq mən onu müəyyən bir nöqtəyə qədər müdafiə etdim. Və nə vaxt ki, Sultan Qaliyev o nöqtədən o tərəfə keçdi mən ona üz döndərdim. Onun ilk gizli məktubu göstərir ki, artıq o Partiya ilə yollarını ayırıbmış, onun yazı tonu sanki ağ-mühafizəçilər tonunda idi, Mərkəzi Komitə üzvləri haqqında yazdıqları isə yalnız bir insanın düşməni haqqında yazacağı şeylər idi. Mən onunla təsadüfən  Politbüroda görüşdüm, həmin vaxt o, Tatar Respublikasının Kənd Təsərrüfatı Xalq Komissarlığı ilə əlaqədar tələblərini müdafiə edirdi. Mən ona göndərdiyim notada onu anti-Partiya tipli məktub yazmaqda və Validov tipli təşkilat yaratmaqda ittiham etdim. Mən ona dedim ki, illeqal, anti-partiya işlərini davam etdirdiyi müddətcə onu pis sonluq gözləyir və mənim tərəfdən heç bir dəstək ala bilməyəcəkdir. Böyük utanc hissi ilə o mənə cavab yazdı ki, mən səhv başa düşmüşəm, Adiqamova yazdığı məktub əslində iddia edilən kimi deyil, başqa cürdür, o hər zaman Partiya adamı olub və şərəf sözü verdi ki, gələcəkdə də Partiya adamı olacaqdır. Lakin, 1 həftə sonra o, Adiqamova Basmaçı və onların lideri Validovla əlaqə yaratması haqqında ikinci bir məktub göndərdi və sonda məktubu yandırmağını tapşırdı. Bütün bu hadisələr çox əclafcaydı, bir aldatmaca idi və bu məni məcbur etdi ki, Sultan Qaliyevlə olan bütün əlaqələrimi kəsim. O andan etibarən, Sultan Qaliyev mənim üçün Partiya sərhədlərindən, Sovetlərdən uzaq biri idi və bir neçə dəfə mənlə danışmağa cəhd etsə də, onla danışmağı gözdən keçirtməyim belə imkansız idi. Uzun müddət öncə, 1919-cu ilin əvvəllərində, solçu yoldaşlar mənə yaxınlaşıb, bir gün Qaliyevin milliyyətçi olmaqdan imtina edib marksist olması ümidi ilə, Qaliyevi bir müddətə qorumağın mənim borcum olduğunu bildirdilər. Şərq respublikalarında və regionlarında çox az sayda, barmaqla sayılacaq qədər intelektual, düşünən insan var. Bir insan onların nazı ilə necə oynayar? Şərqin insanlarını korrupsiyadan qorumaq və gələcəyə Partiya üçün yetişdirməkdən ötrü əldən gələn bütün ölçüləri götürməmək cinayət olardı. Ancaq hər şeyin bir sərhəddi var. Bu mövzuda sərhəd Sultan Qaliyevin kommunist tərəfdən Basmaçı tərəfə keçməyi oldu. O andan sonra o Partiyadan kənarlaşdırıldı. Buna görədir ki, o türk səfirini Partiyanın Mərkəzi Komitəsindən daha yaxın bildi.

Mən eyni münasibəti Şamiqulovdan da eşitdim ki, biz Validovu bir zərbədə məhv etməliyik, lakin mən onda da Validovu müdafiə edib onu Partiya üçün saxlamağı düşündüm. Əslində mən Validovu bir gün dəyişəcək ümidi ilə müdafiə etdim. Siyasi partiyaların tarixindən bildiyimiz qədəri ilə, daha pis insanlar belə dəyişib. Mən Şamiqulovun həll yolunu çox sadə gördüm və onun təklifinə qulaq asmadım. 1 il sonra Şamiqulovun proqnozu düzgün çıxdı: Validov dəyişmədi və Basmaçı tərəfə getdi. Lakin, Partiya bu faktı da bilməlidir ki, biz Validovun Partiyadan uzaqlaşdırılmasını 1 il gecikdirdik. Validovla bağlı qərarımızı 1918-ci ildə versək, mən əminəm ki, Murtazin, Adiqamov, Xalikov və digər yoldaşlar bizim sıralarımızda qalmazdılar. (yerdən səs: Xalikov qalardı) Bəlkə də Xalikov bizlə qalardı, ancaq bizimlə işləyən digər yoldaşlar Validovla birgə bizim sıralarımızdan ayrılardılar. Bax bu bizim səbr və uzaqgörənliyimiz sayəsində qazandığımızdır.

Mən Rıskulova qulaq asdım, deməliyəm ki, onun çıxışı səmimi deyildi, yarı-diplomatik idi (yerdən səs: olduqca düzgündü!), və ümumilikdə onun çıxışı pis təəssürat yaratdı. Mən ondan daha çox açıqlıq və səmimiyyət gözləyirdim. Rıskulovun nə deməsinə baxmayaraq, aydındır ki, onun evində Sultan Qaliyevin 2 gizli məktubu var və onlar ideoloji olaraq işbirliyi edirlər. Rıskulovun özünü Sultan Qaliyev işinin kriminal tərəfindən ayrı tutması və Qaliyevlə birgə Basmaçizmə yönəlmədiyini iddia etməsinin heç bir önəmi yoxdur. Bu məsələ bu konfransda bizi narahat edən məsələlərdən biri deyil. Bizi narahat edən Sultan Qaliyevizmlə bağlı olan intelektual və ideoloji bağlardır. Ki, bu cür bağlar Rıskulov və Sultan Qaliyev arasında olub yoldaşlar: Rıskulov özü də bunu inkar edə bilməz. İndi onun üçün buradan, bu kürsüdən Sultan Qaliyevizmlə olan bağlarını qopartdığını çəkinmədən və vurğulayaraq bildirməyin vaxtı deyil mi? Buna görə də Rıskulovun çıxışı yarı-diplomatik və qeyr qənaetbəxş idi.

Enbayev də həmçinin yarı-diplomatik və qeyri-səmimi bir çıxış etdi. Hamıya məlum deyilmi ki, Sultan Qaliyevin həbsindən sonra Enbayev və bir qrup Tatar məsul işçiləri, ki mən onları ideoloji dəyişkənliklərinə baxmayaraq görkəmli şəxslər kimi qəbul edirəm, Mərkəzi Komitədən Qaliyevin ən tez müddətdə sərbəst buraxılmağını tələb etdilər, ona tamamilə kəfil oldular və Sultan Qaliyevin üstündən tapılan sənədlərin gerçək olmadığını iddia etdilər? Bu fakt deyil? Bəs istintaq nə göstərdi? Göstərdi ki, bütün sənədlər gerçək idi. Onların gerçəkliyi hətta Sultan Qaliyev tərəfindən də təsdiq edildi və o, sənədlərdə yazılandan daha çox günahı olduğunu da boynuna aldı, bundan sonra isə peşman oldu. Aydın deyil mi ki, bütün bu olanlardan sonra Enbayev Sultan Qaliyevlə olan bütün əlaqələrini çəkinmədən və vurğulayaraq bitirməlidir? Lakin, Enbayev bunu etmədi. O, solçulara lağ etməyə imkan tapdı, ancaq o, bir kommunistin edəcəyi kimi, Sultan Qaliyevizmlə, Qaliyevin düşdüyü uçurumla, olan bütün əlaqələrini bitirdiyini vurğulamadı. Görünür ki, o, diplomatiyanın onu qoruyacağını düşündü.

Firdevsin çıxışı isə başdan ayağa diplomatiya idi. İdeologiya lideri Qaliyev idi yoxsa Firdevs, mənim üçün qaranlıq qaldı, hərçənd ki, məncə Sultan Qaliyevi ideolojik olaraq idarə edən Firdevs idi, nəinki əksinə. Mən Sultan Qaliyevin teoriyadakı əməllərində heç bir xüsusi qəbahət iş görmürəm. Əgər Sultan Qaliyev özünü oan-türkist və pan-İslamist ideyalarla məhdudlaşdırsaydı bu heç də pis olmazdı və mən, Onuncu Partiya Konqresinin milli məsələlərlə bağlı çıxardığı qərara baxmayaraq, bu ideyanın tolerantlıqla qarşılana biləcəyini deyə bilərdim və biz bu məsələni Partiya sıralarında tənqid edilməklə məhdudlaşdıra bilərdik. Lakin ideoloji əməllər Basmaçı liderlərlə, Validovla və digərləri ilə əlaqə qurmaqla sonlandıqda artıq Firdevsin bu kürsüdə etdiyi kimi Basmaçı hərəkata haqq qazandırıb ideologiyanın günahsız olduğunu bildirmək tamamilə imkansızdır. Siz Sultan Qaliyevin bu hərəkətlərinə haqq qazandırmaqla heç kimi aldada bilməzsiniz. Ona qaldıqda, biz həm imperializmə, həm də çarizmə haqq qazandıra bilərik çünki, onların da özlərinə görə ideologiyaları varıydı və müəyyən nöqtədə onlar da olduqca günahsız görünürdülər. Bir insan bu cür mühakimə yürütməməlidir. Siz tribunala çıxarılmırsız, ancaq məsuliyyətli işçilərin konfransı sizdən düzgünlük və səmimilik gözləyir, diplomatiya yox.

Mənim fikrimcə, Xocanov yaxşı danışdı. Və İkramov da pis danışmadı. Lakin mən bu yoldaşların çıxışlarında düşünməli olduğumuz bir hissəni vurğulamaq istəyirəm. Hər ikisi dedi ki, bugünkü Türküstan və Çar dövrünün Türküstanı arasında heç bir fərq yoxdur, yalnız adlar dəyişilib ancaq Türküstan çar rejimin altında necə idisə, indi də elədir. Yoldaşlar, əgər bu bir dil sürüşməsi deyilsə, düşünülmüş bir bəyandırsa, onda bu mövzuda Basmaçılar düzdürlər, biz yanlışıq. Əgər Türkistan, çarizmdə olduğu kimi indi də bir müstəmləkədirsə, onda Basmaçılar düzdürlər və Sultan Qaliyev üçün çalışanlar biz deyilik, Sovet rejimi daxilində müstəmləkə olduğunu bilərək bizim üçün çalışan Sultan Qaliyevdir. Əgər bu doğrudursa, mən başa düşmürəm niyə siz özünüz də Basmaçizmə qoşulmamısınız. Aydındır ki, Xocanov və İkramov öz çıxışlarında düşünmədən bu fikirləri səsləndirdilər, onlara bugünkü Türküstanın Çar Türküstanından kəskin şəkildə fərqləndiyini bilmək də kömək etmədi. Mən sadəcə bildirmək istədim ki, gəlin bu yoldaşların çıxışlarındakı bu fikirləri görməzdən gələk ki, onlar bu haqda düşünə bilsinlər və öz səhvlərini düzəltsinlər.

Mən İkramovun Mərkəzi Komitə haqqında bizim Şərq ölkələri və regionlarındakı praktiki məsələlər haqqında çox diqqətli olmadığımız və haqqında məsələ qaldırmamağımız ittihamlarını öz üzərimə götürürəm. Əlbəttə ki, Mərkəzi Komitə həddindən artıq yüklənib və hər yerdəki məsələlərlə maraqlanmağı imkansızdır. Mərkəzi Komitənin hər işlə maraqlana biləcəyini düşünmək gülünc olardı. Əlbəttə, Türküstanda bir neçə məktəb var. Yerli dillər hələ ki, dövlət institutlarında işlək hala gələ bilməyib, institutlar milli xarakteri mənimsəməyib. Ümumilikdə, mədəniyyət çox aşağı səviyyədədir. Bunların hamısı doğrudur. Ancaq, kimsə ciddi şəkildə Mərkəzi Komitənin və ya ümumilikdə Partiyanın Türküstandakı mədəni səviyyəni 2-3 ildə yüksəldə biləcəyini düşünə bilir mi? Biz hamımız rus mədəniyyətinin, digər İttifaq Respublikaların xalqlarının mədəniyyət səviyyəsindən yüksək olan Rusiya xalqının mədəniyyətinin, aşağı səviyyədə olduğu haqqında danışırıq və şikayətlənirik. İlyiç davamlı olaraq bildirdi ki, bizim kiçik mədəniyyətimiz var və Rusiya mədəniyyətini 2-3 ilə, hətta 10 ilə nəzərə çarpacaq dərəcədə yüksəltmək imkansızdır. Və əgər Rusiya mədəniyyətini 2-3, hətta 10 ilə yüksəltmək imkansızdırsa, biz necə kiçik savadlılıq dərəcəsi olan rus olmayan geridə qalmış bölgələrin sürətli mədəni inkişafından danışa bilərik? Aydın deyil mi ki, günahların 10-da 9-u şəraitin, geridə qalmışlığın üzərinə düşür, ancaq siz bunu nəzərə ala bilmirsiz?

 

 

10 iyun, 1923-cü il

Tərlan Əliyev

Bütün yazıları göstər