20-ci yüzilliyin əvvəlləri Azərbaycan tarixinin dönüş nöqtəsi kimi bir millətin formalaşaraq öz dövlətini qurmasına şahidlik etmişdir. Bu milli özünüdərkin gedişində yazıçılarımızın xüsusi rolu olmuşdur. Bir millətin varlığını davam etdirə bilməsi onun milli mənliyinə və dilinə sahib çıxması ilə yaxından bağlıdır. Millətin milli kimliyindən uzaqlaşması və dilimizin arxa plana atılması dövrün əksər yazıçıları kimi Üzeyir Hacıbəylini də narahat edirdi. Bu haqda o, “Dil” məqaləsində yazıdı:

“Bir ərəbdən soruşursan ki, sən kimsən?
Deyir: — Ərəb!
— Sən nə dindəsən?
— İslam.
— Nə dildə danışırsan?
— Ərəb.
İslam olmayan ərəbdən də bu sualları etsən, cavabında deyər ki, mən ərəbəm, dinim xristian dinidir, dilim ərəb dilidir.
Bir farsdan da bu əhvalatı soruşsan, deyər ki, mən farsam, dinim islam dinidir, dilim fars dilidir. Bir ləzgidən də bunu soruşsan, deyər ki, özüm ləzgiyəm, dinim əlhəmdölüllah, islamdır, dilim də ya alaz, ya əmdi, ya qumuk, ya çərkəz və s. dilidir. Həmçinin rus, erməni və sairə. Amma bizim bir nəfərimizdən sor ki,
— Sən kimsən? Deyər müsəlmanam.
— Hankı millətdənsən?
— Müsəlman millətindən.
— Nə dinindəsən?
— Müsəlman dinindən.
— Nə dili danışırsan?
— Müsəlman dili.
Halbuki özü türkdür, dini islam dinidir, dili də türk dilidir. Daha burasını düşünən yoxdur ki, müsəlman adında millət yoxdur, müsəlman adında dil yoxdur, müsələman— yəni islam dinini qəbul etmiş bir adam deməkdir. Din başqa, dil başqa. Din başqa, milliyyət başqa. Dində dil yoxdur, dində milliyyət də yoxdur.
Əgər bu gün yaponlar islam dinini qəbul etsələr, onlar ancaq din cəhətincə müsəlman olarlar, amma dil və milliyyətcə yapon qalırlar”. … (1)

Düşüncəsini davam etdirən Üzeyir Hacıbəyli dilimizin öz varlığını qoruması və islahatı üçün çalışmağın lazım olduğunu qeyd edirdi. O, bu düşüncələrini əsaslandıraraq yazırdı:

… “əgər biz öz ana dilimizə indiyə qədər baxdığımız nəzərlə baxmaqda davam edərsək, yəni heç bir əhəmiyyət verməsək, ola bilər ki, günlərin bir günü dilimiz itər, batar, yox olar və bir millətin də ki, dili batdı, onda o millət özü də batar, çünki bir millətin varlığına, isbati vücud etməsinə səbəb onun dilidir”. … (1)

Milli düşüncələrə və burada qarşılıqlı köməkləşmənin önəminə toxunan Üzeyir Hacıbəyli “Öz halımızdan” məqaləsində yazırdı:

Millətpərəst olmaq, yəni millətin xeyirxahı olmaq, millətin xeyirxahı isə millətin hər bir barədə tərəqqisini arzu edər; o tərəqqi ki, onun sayəsində Yevropa əhli dünyanın hər bir maddi, mənəvi, ruhani nemətlərinə naildirlər. Bundan başqa, həmişə biz kimilərə də ağa və sahibdirlər. Millətin tərəqqisini arzu edən şəxs, şübhəsizdir ki, yalnız bir arzu ilə kifayətlənməyib etməyib, bu yolda iş görməlidir. İş isə cürbəcürdür və bu işi bir adam da görə bilər, bir cəmiyyət də görə bilər.

   Götürək bir adamı. Bu adam millətə hər nə cür xidmət edəcəksə etsin, o adam bir köməyə, bir dayağa möhtacdır. Fərz edəlim ki, birisi millət yolunda can fədakarlığında bulundu, yəni öz canını millətin xeyri yolunda fəda etdi. O halda millət üzvlərinə borcdur ki, bu adamın əhli-əyali varsa, ona himayə etsin, qeydinə qalsın. Bir ayrısı millət xeyri üçün mal fədakarlığında bulunur. Millət əfradı buna da bir kömək göstərməlidir. Yəni fəda etdiyi malı düz və dürüst yoluna sərf edib də bundan naşı millətə görməkli bir xeyir olduğunu bildirməkdir. Bir qeyrisi məlum bir istedad və qabiliyyət sahibidir, məsələn ədibdir, yaxşı müəllimdir, istedadlı bir rəssamdır, alimdir, bəs bunların millətə etdiyi fədakarlıq və xidmət nə ola bilər? Əlbəttə, sənətlərindəki məharət!” … (2)

Bu yazıdan da göründüyü kimi Üzeyir Hacıbəyli yalnız özünü düşünməklə fərdiyyətçi yaşamağa qarşı çıxmış, qarşılıqlı köməkləşmə olmadan irəliləməyin çətin olacağını göstərmişdir. Qarşılıqlı köməkləşmə məsələsində Üzeyir Hacıbəyli tələbələrə kömək olunmasının önəmini xüsusi vurğulamışdır. Üzeyir Hacıbəyli elm, təhsil və maarifin önəmini vurğulamaq üçün yazırdı:

… “Biz öz millətimizi həmişəlik saxlamaq, rahatlığımızı təmin etmək üçün var qüvvəmizi elm, maarif yolunda sərf etməliyik ki, biz də mədəniyyətlilər cərgəsində girməklə özümüzü mədəniyyətlilərin hər bir növ təcüvüzlərindən müsəvvən saxlaya bilək”. … (3)

Təbii ki, bu mədəniləşmənin öncüsü kimi gördüyü tələbələrə oxumalarını davam etdirə bilmələri üçün köməklərin olunmasını vacib sayırdı. Bu baxımdan o, “Tələbələr məsələs” məqaləsində yazırdı:

… bizim nə qədər təhsili-ali görmüş adamlarımız olsa, bir o qədər millətimizdən ötrü yaxşıdır. Əks surətdə, camaatımızın halı yaman olar, ayaqlar altında qalarıq, məhv və nabud olarıq. Bu sözlər boş söz deyildir, acı həqiqətdir. Bu əsrdə elmsiz yaşamaq mümkün deyildir, ona binaən, indidən çarə axtarmalıdır ki, tələbələrimizin oxumaq şərtləri təmin edilsin ki, onların da ədədləri də ildən-ilə artsın.

   Tələbələr «sandığı» çox gözəl bir şeydir, əlbəttə, əgər camaatımızın maddi və mənəvi iştirakı ilə belə bir sandıq təşkil olunub, doğru əllərə verilsə və o sandığın mədaxil və mənbələri təmin edilsə, tələbələrimizin də ikmali-təhsil işləri təmin edilmiş olar. İkmali-təhsil etmiş olan tələbələrimizin hamısı da olmasa, bir çoxu həkim, mühəndis və s. olmaqla, yaxşı maaş sahibi olarlar; ondan ötrü, haman tələbələr özlərinə «sandıq» tərəfindən sərf olunan məbləği qism-qism «sandığa» qaytara edə bilərlər və bununla «sandığın» pulu da azalmaz, «sandıqdan» sərf edilən pullar itib-batmaz, yenə haman sandığa qayıdar.

   Söz yoxdur ki, öz dolanacaqlarına kifayət edən puldan başqa, artıq pulu olan adamlarımız əgər o puldan cüzi bir şey çıxıb sandığa daxil edərlərsə, haman sandıqda külli pul əmələ gələr ki, onunla bütün layiqli tələbələrimizə kömək etmək mümkün olar”. … (4)

Bunlardan başqa qarşılıqlı köməkləşmə və həmrəyliklə bağlı yazmış olduğu və iqtisadi düşüncə baxımından da xüsusi önəmə sahib olan “Təəssüflər olsun” məqaləsində fərdin yaxşı yaşamasının toplumun yaxşı yaşamasından asılı olduğunu qeyd edirdi. Üzeyir Hacıbəyli yazırdı:

  “Biz bunu anlamırıq ki, hər bir fərdin rifah və səadətlə ömür sürüb yaşaması, üzvü olduğu camaatın rifah və səadətinə bağlıdır. Odur ki, heç bir vaxt ümumi camaatın mənafeyini nəzərə almayıb ancaq öz xüsusi mənfəətimizi gözləyirik. Biz elə güman edirik ki, birimizin səadət və xoşbəxtliyi digərimizin zillət və bədbəxtliyindən asılıdır. O səbəbdəndir ki, öz xüsusi mənfəətimizi arayan zaman yoldaşımızın zərər və ziyanını özümüz üçün böyük bir vasitə bilirik. Ola bilsin ki, bu kimi vasitələr ilə biz özümüzə bir şey qazanırıq.  Özümüzü xoşbəxt və məsud görürük. Lakin həqiqətdə biz öz-özümüzü böyük bir bədbəxtliyə sövq edirik. Çünki bizim səadətimiz ilə yoldaşımızın səadəti arasında böyük bir bağlılıq vardır. O bağlılıq qırıldıqda, heç birimizin səadəti həmişəlik qala bilməz. Heç bir cəmiyyət olmaz ki, orada ümumi üzvlərin mənafeyi nəzərə alınmadığı halda, işin axırı hər bir üzvdən ötrü möhlik olmasın”. … (5)

Üzeyir Hacıbəyli işlərin doğru-düzgün görülməsini, ardıcıllığın gözlənilməsinin önəmini vurğulayırdı. Məlum olduğu kimi iqtisadi həyatda irəliləyiş işin düzgün qurulmasından və davam etdirilməsindən asılıdır. Qonşularımızdan bu baxımdan geri qaldığımızı ədəbi dillə başa salmağa çalışan Üzeyir Hacıbəyli “Biz neçə iş görürük?” sualına “Ordan-burdan” başlıqlı yazısında cavab verirdi:

 “Biz iş görmək istədikdə bir şeyi yadımızdan çıxardırıq.

   O şey nədir?

   O şey nərdivandır! — Necə yəni nərdivan? Nərdivan nədir?

   Nərdivan bir alətdir ki, onun vasitəsilə adam tədriclə yuxarı çıxa bilər. Hər kəs nərdivansız yuxarı çıxmaq istəsə, elə yıxılar ki, təpəsi dağılar.

   Bu belə. Bundan başqa, bir də biz həmişə başımızdan yekə iş görürük.

   Amma bunun səbəbi var. Səbəbi də budur.

   Qonşularımız siçan boyda iş gördükdə biz yatmışdıq. Sonra onların işi böyüyüb, keçi boyda olanda da biz yatmışdıq. Sonra onlar eşşək boyda işlər görməyə üz qoydular, biz yenə yatmışdıq. Qonşularımızın eşşək boyda olan işi, irəliləyib camış yekəlikdə oldu. Amma biz yatmışdıq. Və camış dönüb dəvə olanda da biz yatmışdıq. Biz ancaq o vaxt oyandıq, nə vaxt ki, qonşularımız fil boyda iş görməyə başladılar.

   Qərəz, gözümüzü ovçalayıb dedik ki, nə var? Biz də o boyda işlər görə bilərik və başladıq fil boyda işlər görməyə.

   Axırı nə oldu?

   Axırı belə oldu:

   Filin bir ayağını qayırmamış yoruluruq və durub qaçırıq. Sonra utanırıq, deyirik, gəlin təzədən başlayaq, ancaq burasını iqrar eləyim ki, filə gücümüz çatmır. Deyirik ki, ondan balacasını qayıraq. Fildən balaca nədir? Əlbəttə dəvə, qərar qoyuruq ki, dəvə boyda qayıraq, başlayırıq. Amma yenə dəvənin ayağı tamam olmamış yorulub qaçırıq. Sonra yenə yığılırıq deyirik ki, dəvə iridir, ondan balacasını başlayaq, ondan balaca nədir?

— Camışdır. Başlayırıq camış boyda iş görməyə, lakin camışa da gücümüz çatmır. Aşağa enirik (halbuki, qonşular fildən yuxarı çıxırlar) deyirik ki, eşşək boyda iş görmək, amma eşşək də bizə güc eləyir. Tuturuq keçini görürük yox! Keçiyə də tab gətirə bilmirik. Onda məsləhəti qoyuruq, siçan üstünə.

Amma onda da görürsən ki, içimizdən bir pişik çıxdı və siçanı yedi…

Biz belə iş görürük”. (6)

 

29 avqust 2015

 

İstifadə olunan ədəbiyyat

  • Üzeyir Hacıbəylinin Seçilmiş əsərləri. I cild. “Şərq-Qərb”. Bakı 2005
  • Üzeyir Hacıbəylinin Seçilmiş əsərləri. II cild. “Şərq-Qərb”. Bakı 2005
  • “uzeyir.musigi-dunya.az” – saytı

 

Qaynaqlar

  • «Həqiqət» qəzetinin 1910-cu il 24 yanvar tarixli 18 və 25 yanvar tarixli 19-cu nömrələrinin 1—2-ci səhifələrində «Üzeyir» imzası ilə dərc edilmişdir.
  • Öz halımızdan. «Həqiqət» qəzetinin 1910-cu il 14 aprel tarixli 82-ci nömrəsinin 1-2-ci səhifələrində «Üzeyir» imzası ilə dərc edilmişdir.
  • Xəbərdarlıq. «Tərəqqi» qəzeti. 1909-cu il 20 avqust. 187-cü nömrəsinin 2-cü səhifəsində «Üzeyir» imzası ilə çap olunmuşdur.
  • Tələbələr məsələsi. «Tərəqqi» qəzetinin 1909-cu il 17 sentyabr tarixli 211-ci nömrəsinin 2-ci səhifəsində «Üzeyir» imzası ilə dərc olunmuşdur. 
  • Təəssüflər olsun. “İrşad” qəzetinin 1907-ci il 23 fevral tarixli 32-ci nömrəsinin 2-ci səhifəsində “Üzeyir” imzası ilə çap olunmuşdur.
  • Ordan-Burdan. «Tərəqqi» qəzetinin 1908-ci il 10 noyabr tarixli 98-ci nömrəsinin 3-cü səhifəsində «Filankəs» təxəllüsü ilə dərc edilmişdir.

 

 

 

Milliyyət Araşdırmalar Mərkəzi

Bütün yazıları göstər