[dropcap]T[/dropcap]ürkçülük siyasi bir partiya deyildir, elmi, fəlsəfi, estetik bir məktəbdir, başqa bir deyimlə kültürlə bağlı bir çalışma və yeniləşmə yoludur. Bu səbəbdəndir ki, türkçülük bu günə qədər partiya şəklində siyasi meydana atılmadı, bundan sonra da şübhəsiz atılmayacaq.

Bununla bərabər, türkçülük büsbütün siyasi ülükülərə ( məfkurələrə) biganə də qalmır. Ona görə ki, türk kültürü digər ülkülər ilə birlikdə siyasi ülkülərə də malikdir. Məsələn, türkçülük heç bir vaxt klerikalizm, teokratiya və zülm rejimi ilə sazişə girə bilməz. Türkçülük çağdaş (müasir) bir axımdır ( cərəyandır) və ancaq çağdaş mahiyyət daşıyan axımlar və ülkülərlə sazişə girə bilər. Bax bu səbəbdəndir ki, bu gün türkçülük xalq partiyasına köməkçidir. Xalq partiyası hökmranlığı millətə, yəni türk xalqına verdi. Dövlətimizə Türkiyə və xalqımıza isə türk milləti adını bəxş etdi. Halbuki, Anadolu inqilablarına qədər dövlətimizin, millətimizin, hətta dilimizin adları Osmanlı sözündən ibarət idi. Türk sözü ağıza alınmazdı, heç kim “mən türkəm” deməyə cəsarət edə bilməzdi. Son zamanlar türkçülər belə bir fikri səsləndirməyə cürət etdikləri üçün sarayın və köhnə fikirli adamların nifrətini qazandılar. Xalq Partiyasının anası olan Müdafaayi Hüquq Cəmiyyəti böyük xilaskarımız Qazi Mustafa Kamal paşa həzrətlərinin doğru yolu göstərməsi və rəhbərliyi ilə bir yandan Türkiyəni düşmən istilalarından qurtardı, o biri yandan isə dövlətimizə, millətimizə və dilimizə həqiqi adlarını verdi və siyasətimizi düşmənlərin, yad ünsürlərin yeritdiyi siyasətin son izlərindən də azad etdi. Hətta deyə bilərik ki, Müdafaayi Hüquq Cəmiyyəti heç xəbəri olmadan türkçülüyün siyasi proqramını həyata keçirdi. Çünki həqiqət birdir, iki ola bilməz. Həqiqəti axtaranlar ayrı-ayrı yollarla hərəkət etsələr də, ən sonda eyni hədəfə çatırlar. Türkçülük və xalqçılığın nəhayət eyni proqramda birləşmələri ikisinində qarşıda duran məsələnin mahiyyətinə və gerçəkliyinə uyğun olmalarının bir nəticəsidir. İkisi də tam həqiqəti tapdıqlarına görə bir-birinə uyğunlaşdılar. Bu bənzərliyin bir nəticəsi də budur bütün türkçülərin- bir nəfəri də olsun kənarda qalmamaqla- Qurtuluş Savaşında iştirak etmələri və onun ən alovlu müdafiəçiləri olmalarıdır. Türkiyədə Allahın qılıncı xalqçıların pəncəsində və Allahın qələmi isə türkçülərin əlində idi. Türk vətəni təhlükə qarşısında qaldıqda bu qılınca bu qələm evləndilər. Bu evlənmədən bir toplum, bir cəmiyyət doğdu ki, bunun da adı türk millətidir.

Gələcəkdə də xalqçılıq ilə türkçülük daim əl-ələ verərək, ülkülər( məfkurələr) aləminə doğru birgə addımlayacaqlar. Hər türkçü siyasət sahəsində xalqçı, hər xalqçı isə kültür sahəsində türkçü olacaqdır. Dini qaydalar kitabı bizə “inamda məzhəbimiz maturidilik və fiqhdə məzhəbimiz hənəfilik” olduğunu öyrədir. Biz də bu bəznətmə ilə bu düsturu ortaya ata bilərik: “Siyasətdə məsləkimiz xalqçılıq və kültürdə məsləkimiz türkçülükdür”.

Milliyyət Araşdırmalar Mərkəzi

Bütün yazıları göstər