Dövlət – V kitab. Sokrat və Adeimantosun dialoqundan bir hissə:

Sokrat: – Biz bu insanların ölərkən Hesiodun dediyi kimi “Torpağın altında müqəddəs bir varlıq olaraq məskən salıb insanları bəladan qoruyacaqlar” sözünə inanmayacağıqmı?

Adeimantos: –  Əlbəttə ki, inanacağıq.

S: – Daha sonra Apollondan bu insandan daha üstün ilahi varlıqları necə dəfn etməli olduğumuzu soruşacağıq və nə edəcəyiksə, onun cavabına uyğun olacaq.

A: – Başqa necə etmək olar ki?

S: – Daha sonra isə onların qəbirlərinə baxacağıq və bu ilahi ruhlara sitayiş edəcəyik. Və eyni diqqəti yaşadığı müddətdə yaxşı biri kimi tanınıb qocalıqdan öz əcəli ilə ölənlərə də göstərəcəyik.

A: – Sözsüz ki, bu da çox doğru olacaq.

S: – Bəs bizim əsgərlərimiz düşmənlərinə qarşı necə davranmalı olacaqlar?

A: – Nə mənada?

S: – İlk növbədə məğlub olanların kölələşdirilməsini düşünək. Səncə yunan şəhərlərinin bir-birini qul etməsi nə qədər doğrudur? Həm də yadellilərin əlində qul olma təhlükəsini gördüyümüz üçün bunun digər dövlətlər tərəfindən də baş verməsinin qarşısını almaq və yunanlara ehtiram göstərilməsi üçün çalışmaq lazımdır.

A: – Tam olaraq ən doğrusu yunan xalqını qorumaqdır.

S: – Beləliklə yunanları qul etməyəcəyik və bunun doğru olduğunu digər yunan dövlətlərinə də öyrədəcəyik.

A: – Məncə də artıq belə olduqdan sonra onlar bir-birlərindən əl çəkib yadellilərə qarşı döyüşməyə başlayacaqlar.

S: – Bəs qələbələrdən sonra düşmən döyüşçüləri soymaq, misalçün silahlarını almaq səncə yaxşı bir şeydir? Bu önəmli bir iş görürmüş kimi ölülərin ətrafında keşik çəkən qorxaqları ucatlmaq, onlara avans vermək olardı. Düşmənləri belə soymaq ordularımızı bərbad bir hala gətirər.

A: – Doğrudur.

S: – Səncə də ölən adamı qarət etmək biabırçı dərəcədə bir acgözlük deyil mi, ölmüş düşmənə qarşı belə etmək cılızlıq və arvadxasiyyətlilik deyil mi? Artıq qarşısındakı onun düşməni yox döyüşdüyü şəxsin cəsədidir, öldükdən sonra düşməni səmaya qalxmışdır. Bununla ona daş atana yox, daşa cuman itlərin etdiyi arasında necə bir fərq vardır?

A: – Əlbəttə ki, fərq yoxdur.

S: – Beləliklə ölüləri qarət etməyəcək və düşmənlərə cəsədlərini aparmağa icazə verəcəyik.

A: – Düz olan da elə budur.

S: – Aldığımız silahları götürüb məbədlərdən asmayacağıq və əgər digər yunanlarla dostcasına münasibət saxlamaq istəyiriksə, xüsusilə də yunanların silahlarına qarşı bunu etməyəcəyik. Burada yaxınlarımızdan birinin də silahı ola biləcəyinə görə çalışacağıq ki, günaha girməyək amma Tanrı əksini istəsə başqa məsələ.

A: –  Haqlısan.

S: – Yunanların evlərini yandırmaq, torpaqlarını talan etmək məsələsində əsgərlərimiz necə davranmalıdır səncə?

A: – Yaxşı olardı ki, sən deyəsən biz dinləyək.

S: – Mən düşünürəm ki, bunların heç birini etməli deyillər. Sadəcə illik məhsulu götürməklə, kifayətlənsələr yaxşı olar. İcazə ver, səbəbini deyim?

A: – Buyur.

S: – Münaqişə və müharibə deyə iki söz olduğu kimi insanlar arasında da iki cür ixtilaf var: biri yaxınlar və qohumlarımızla olan, digəri isə yadellilərlə olan sayıla bilər. Yaxın bildiklərimizlə olana münaqişə, yadellilərlə olana isə müharibə deyəcəyik.

A: – Doğru fikirdir.

S: – Yaxınlar və qohumlar dediklərimiz eyni soydan olan yunanlar, yadelli dediklərimiz isə barbarlar sayıla bilərlər.

A: – Əlbəttə!

S: – Əgər yunanlarla barbarlar döyüşərlərsə, buna müharibə deyəcəyik, çünki bunlar təbii düşməndirlər və bir-birlərinə nifrət edirlər. Yox əgər yunanlar arasında ixtilaf olarsa, deməli ölkədə ikiyə bölünmə, çatışmazlıq var çünki  bütün yunanlar əslində bir-birlərinə yaxındırlar. Bu ixtilaflara isə münaqişə deyəcəyik.

A: – Mən də tam olaraq eyni düşünürəm bu mövzuda.

S: – İndi ölkədə bölünmə olanda, münaqişələr başlayanda hər bölünən tərəf bir-birinin torpaqlarını talan etsə, evini yandırsa, sonda necə bir vəziyyət olacağını düşün. Bu tərəflərin heç birində əsl vətən sevgisi yoxdur. Olsaydı onları bəsləyən analarına qarşı belə özbaşınalıqların olmasına dözə bilməzdilər. Ancaq ağıllı və məntiqli olan isə budur ki, qələbə qazananlar sonda barışıq əldə edəcəklərini bildiklərinə görə məğlubların yalnız illik məhsulunu götürsünlər.

A: – Bu fikir digərlərindən daha az qəddar səslənir.

S: – Quracağımız dövlət yunan dövləti olmayacaq mı?

A: – Sözsüz ki, yunan dövlət olacaq.

S: – Yunanları sevib, bütün yunanlara özləri kimi, bütün Yunanıstana öz torpaqları kimi baxmayacaqlar mı? Müqəddəs yerləri bütün yunanlara aid olaraq görməyəcəklər mi?

A: – Bu cür görməlidirlər!

S: – Və aralarında ixtilaf olarsa, buna müharibə yox, münaqişə deyəcəyik.

A: – Bəli.

S: – Beləliklə də ixtilaf olduqda da bir-birləri ilə barışacaqları günü nəzərə alıb münaqişəyə girəcəklər. Çalışacaqlar barışsınlar. Kölə etməyə, məhv etməyə cəhd göstərməyəcəklər, çünki onları düşmənləri kimi yox, doğrunu göstərmək istədikləri yaxınları olaraq görəcəklər.

A: – Çox gözəl olardı.

S: – Yunan olduqları üçün yunanları qarət etməyəcək, evlərini yandırmayacaqlar. Bir ölkənin bütün qadın, uşaq və kişilərini yox, sadəcə kiçik bir hissəni təşkil edən, münaqişəyə səbəb olan ara vuranları cəzalandıracaqlar. Əksərən dostlarının məskunlaşdığı torpaqlara, evlərə ziyan verməyəcəklər və bu münaqişəyə günahkarlar cəzalanandan, günahsızlar qisas alandan sonra birdəfəlik son veriləcək.

A: – Məncə də vətəndaşlarımız yunanlara qarşı belə davranmalıdırlar. Hal-hazırda bir-birlərinə qarşı etdiklərini yadelli barbarlara qarşı etməlidirlər.

S: – Elədirsə, əsgərlərimizin yunan torpaqlarını talan etmək və evlərini yandırmaq qadağasını da qanunlarımıza əlavə edəcəyik.

İsmayıl Zeynallı

Bütün yazıları göstər